Klassik satiradan doğan yumoristik təravət
Qəni Camalzadənin yaradıcılıq
yolu barədə
Həqiqətdir
ki, sənətdə, xüsusən də söz sənətində
tarixən müxtəlif nəsillər mövcud
olmuşdur və onlar zaman-zaman ədəbi mühiti
formalaşdırmış, zənginləşdirmiş və
canlandırmışlar. Ancaq onilliklərin, əlliilliklərin,
yüzilliklərin bütün nümayəndələri
yaradıcılığın ağır əzablarına
dözə bilməmiş, ya erkən cavanlığında qələmi
yerə qoymuşlar, ya da nələrisə analiz edib başqa
sənətin qulpundan yapışmışlar. Fərdlər və təklər üçün isə
yazı yazmaq xoş vərdişdir, yaşamaqdır,
düşüncələrinin yükündən bir müddət
azad olmaq, qurtulmaqdır.
Ötən əsrin 70-ci illərinin
ortalarından Bakının ədəbi dərnəklərindən
(Mərkəzi şəhər və Sabir adına
kitabxanaların adlarını ehtiramla çəkirəm -
müəllif) tanıdığım Qəni Camalzadə ilk
vaxtlardan ümumi axında bir nasir kimi fərqlənməsə
də, sonra istedadı və zəhməti sayəsində həqiqətən
qələmini püxtələşdirdi, seçildi,
inkişaf yolu keçdi. Söhrab Tahir, Seyfəddin
Dağlı, Nəriman Həsənzadə, Ağacavad
Əlizadə kimi görkəmli sənətkarlar (onların
hamısı həmin illərdə ədəbi dərnəklərin
rəhbərləri idilər - müəllif) Qəninin
yığcam, kiçik, duzlu-məzəli hekayələrini təqdir
edib bəyənirdilər. Beləliklə, gənc yazar
"Ədəbiyyat və incəsənət" (indiki
"Ədəbiyyat qəzeti"), "Kirpi", "Azərbaycan",
"Ulduz", "Azərbaycan gəncləri" kimi
nüfuzlu ədəbi və publisistik orqanlara yol tapdı,
imzası tədricən tanındı, özünə oxucu
auditoriyası qazandı.
Qəni Camalzadə mənim yaxşı tanıdığım o müəlliflərdəndir
ki, həmişə, necə deyərlər, "gücü
çatdığı daşdan yapışıb", ona
görə, nəyəsə nail olub, "zora düşməyib". Digər tərəfdən,
olduqca ağır təbiətli, təmkinli bu şəxs hələ
Sovet dönəmində "Yaxşı oğlanın
dayısı" adlı hekayələr, novellalar kitabı
çap etdirsə də, qətiyyən redaksiyaların
qapılarını tələm-tələsik, yerli-yersiz
döyməyib, özündən razı halda "mən də
varam" söyləməyib. Görünür, bu ciddilik onun
xarakterini formalaşdırıb, sonra dalbadal "Qohumların əsiri"
və "Sonuncu yeznə" topluları, "Vaxtsız
qonaq", "İdarə zarafatları", "Məzənnə",
"Xəbərçi", "Fərasətli məmur"
kimi hekayə və novellalarında ədib cəmiyyətin
tör-töküntülərini, işbazları,
fırıldaqçıları, yalançıları
ifşa edir, onların obrazlarını yaradır, kəskin
satira atəşi ilə yaramazları susdurur. Ağsaqqal Qədim
kişi, idarədə qarıyıb qalmış Rəfiqə
xanım, sadəlövh Rəvan, Bağır müəllim,
mühəndis Gülşən ("İdarə
zarafatları"), Hürü xanım, Qılman bəy,
Ələsgər ("Məzənnə"), xadimə Aliyə,
Validə, Əli ("Yapışqan"), maşın
ustası Əbi, arvadı Heyran ("Namərd zəmanə"),
Cəmil müəllim, Məlik müəllim, Fərasət
("Fərasətli məmur") kimi maraqlı obrazlar silsiləsi
yaradan yazıçı hər bir qəhrəmanın da
daxili aləmini açır, onu mükəmməl surətdə
təqdim etməyə çalışır. Doğrudur,
adlarını sadaladığım və
sadalamadığım bu nümunələrdə klassik rus ədiblərinin
- Qoqolun, Turgenevin, Çexovun az-çox təsiri duyulur.
Unutmayaq ki, bu yazıçılar Mirzə Cəlil
və Əbdürrəhim bəy Haqverdiyev kimi bizim milli ruhlu,
nəhəng söz adamlarımızın yaradıcılıqlarına
da təsirsiz ötüşməmişlər. Deməli, Qəniyə haqq qazandırmaq olar.
Yazıçının "Usta İbişin Məmiş
dostu" novellası isə birbaşa ustadına -
"Zırrama" hekayəsinin müəllifini yada
salaq", kiçik başlıq altında Cəlil Məmmədquluzadəyə
ünvanlanıb. Əlbəttə, zamanın,
dövrün fərqi yoxdur, şeyx nəsrullahlar, kefli iskəndərlər,
şeyx əhmədlər, yalançı hacılar, məşədilər
hər əsrdə mövcud olmuş, xalqımızın
avamlığından, savadsızlığından istifadə
etmiş, sadə adamları barmağına dolamış,
aldatmışlar. "Usta İbişin Məmiş
dostu" əsərində zırrama rolunu, əsl adı Məmməd
olan Məmiş oynayır. O, özünü ayaqqabı
köşkündə işləyən, zəhmətiylə
dolanan, namuslu həyat sürən usta İbişin nəzərində
yüksəltmək üçün dəridən-qabıqdan
çıxır. Məqsədli surətdə
tez-tez köşkə yolunu salır, İbişin ərəb
əsilli Hidan tanışının qılığına
girir, içki aludəçisi qəzetçi Əliqulunun
vasitəsilə ərəbin böyük biznesindən xəbər
tutur. Dalbadal həm Hidanı, həm
çəkəməçi İbişi, həm də
Əliqulunu restoranlara dəvət edir, yeyib-içib, keflənirlər.
Axırda məlum olur ki, Məmiş nəhayət,
Hidanı tora salıb ondan iri məbləğdə borc
adıyla pul qoparıb. Bu dələduz
kasıb, ürəyiaçıq İbişi də
aldadır. Xeyli miqdarda parasını əlindən
alıb, gözdən itir. Onlar bir də
onda xəbər tuturlar ki, yalançı dil pəhləvanı,
yəni "zırrama Məmiş" yaşadığı
məhlədə evini satıb, oradan çıxıb -
"it də gedib, ip də".
"Bastar ulduza hürürdü" bəlkə
də yazıçının ən yığcam, lakonik əsərlərindən
biridir. Hekayənin adı zahirən Səməd Vurğunun
məşhur "ağılsız köpəklər ulduza
hürər" misarsını xatırladır. Ancaq
müəllifin təsvirinə və "bəraətinə"
görə Bastar o qədər də ağılsız it
deyil, əməlli-başlı adam kimi dil bilir, söz
qanır. Lazım gələndə sahibinə
yaltaqlanıb küçüklənir, ayağına
dolaşır, evin həndəvərində vurnuxan
"yad" köpəklərə gücünü göstərir.
Axı Bastar "hürə-hürə it
olmuşdu", təsadüfən bu mərtəbəyə
qalxmamışdı. "Başqa itlərlə
müqayisədə, demə, Bastar tamaşa imiş. Boyu bir yaşar cöngə boyu, rəngi yanar alov,
ağzı qazan ağzı, biləkləri çəpər
payası. İt pəncələrini
asta-asta atır, pələng kimi ətrafa laqeyd
baxırdı. Çox qəribə də
olsa, bu gün nə həmcinslərinə, nə adamlılara
hücum çəkirdi. Ölmüşə deyəndə
ki:
- Dayan,
Bastar!
İt dərhal
dayanırdı.
- Get, Bastar!
Gedirdi.
- Otur!
Otururdu.
- Hoppan!
Hoppanırdı.
Qərəz tamaşa idi...
Bu kiçicik parçanın özündən də
göründüyü kimi Qəni Camalzadə ustalıqla yenə
klassik ənənəyə söykənməyi
bacarmışdır. Seyid Əzim Şirvaninin:
İt
deyil, o da dəxi bizdən birimiz,
Belə ölmüşlərə fəda
dirimiz. -
misraları yazıçının
duzlu-şirin təhkiyəsi
ilə tamamilə üst-üstə
düşmüşdür. Klassik irsə bağlılıq
onu kor-koranə təqlid eləmək deyil, ondan
yaradıcı surətdə bəhrələnməkdədir.
Yazıçı əgər dil materiallarından
yaxşı istifadə eləməyi bacarırsa, bu məharətidir.
Qəninin yazı dili şirəli, düzgün və
sözlərin yerli-yerində işlənməsi
baxımından maraqlıdır. Düzdür, o, hərdən
müəyyən bölgədə işlənən (məsələn,
Bakı - Abşeron şivəsində - müəllif) dialekt
sözlərdən istifadə edr. Bunlar isə qondarma təsir
bağışlamır, mətnin canına-qanına rəng
qatır, ruhuna hopur, cümlənin təsirini artırır.
İlk baxışdan,
yazıçı sanki
mövzunu qabaqcadan tapır və mətni adi, sadə cümlələrlə
başlayır. Dəqiq müşahidə bütün yazarlar
üçün başlıca şərtdir. Sonrakı əsas
məsələ, tapdığın mətnin içini
doldurmaqdır. Uzun illərin təcrübəsi göstərir
ki, haqqında danışdığımız hekayənin
süjetini qurmaqda, onu söz-söz, kərpic-kərpic qurub
tikməkdə çətinliklə üzləşmir. Məsələn,
"Sabah pul günüdür" hekayəsində müəllifin
girişinə diqqət yetirək: "Onların üç
uşağı var. Xronoloji ardıcıllıqla desək,
birinci qız, iki sonrakı oğlandır. Qərarları bu
olub ki, kifayətdir, həvəsdi-bəsdi, nöqtə qoymaq
lazımdır, elə atalar da üçəcən
deyib". Hekayədə kiçik bir ailədə, ərlə-arvad
arasında münaqisə zəmnində baş verən, cəmiyyətin
həmişə üzləşdiyi bir problem
köklü-köməcli çözələnir.
Çıxış yolu axtarılır.
"Daş" novellası
həcmcə nə qədər
kiçik olsa da, məzmunca bir o qədər doludur. Müəllif yenə Amerika
kəşf eləmək niyyəti güdmür, küçədə
görüşdüyü adi bir "daş fanatı",
arxeoloq-memar mövzusunun qəhrəmanına çevrilir. Məlum
olur ki, məmləkəti qarış-qarış dolaşan,
ömrünü-gününü arxeoloji qazıntılarda
keçirən, iki mindən çox daş növü
toplayan bu təqaüdçü-alimin bircə arzusu var:
yaşadığı şəhərdə memarlar onun
topladığı daş nümunələrindən istifadə
edib yeni tikilmiş binaları gözəlləşdirsinlər.
Həyatda yeganə amalı, əqidəsi budur. Görəndə
ki, şəhərin əksər binaları bir-birinə
oxşayır, yeknəsəqdir, arxeoloqu od götürür,
hara şikayət edir, hansı bir məmurun
qapısını döyür, laqeydliklə, biganəliklə
qarşılanır. Axırda görürlər ki, daş
sevgisini qocaman alimin qəlbindən çıxara bilmirlər,
psixoloji durumunun yerində olmadığını yəqin
edib, onu əsəb xəstəlikləri müalicəxanasına
göndərmək istəyirlər. Zorla sağlam olduğunu
sübut edən arxeoloqdan doğma övladları da bezib.
Çünki dördotaqlı mənzilinin üç
otağında topladığı daş nümunələri
rəflərə səliqə ilə düzüb. Bax, Sabir
demişkən, daş qəlbli insanlar bəzən nadir
adamları bu cür çərrədib axırına
çıxırlar.
Qəni
Camalzadənin ilk irihəcmli
əsərinə isə 11 il öncə
"Azərbaycan" dərgisində rast gəldim.
Düzü, bu dəfə yazıçıdan başqa səpkidə
nəsr gözləyirdim. Ancaq əsərin adının
"Fosforlu əkizlər" (jurnal vapriantı - müəllif)
olduğunu, gözəl yazıçı Məmməd Orucun
kiçik, mənalı təqdimatını oxuyan kimi elə
köhnə fikrimdə qaldım. Deməli, qələm
dostumuz əvvəlki ənənəsinə sadiq qalıb. Yeni
romanına satirik don biçib. Məmməd Orucun ilk xeyir-duası da mükəmməl
idi: "Ən səmimi duyğularımla qeyd eləmək istəyirəm
ki, roman Azərbaycan ədəbiyyatında analoqu-bənzəri
olmayan əsərdir. "Qızıl xotuğ",
("Fosforlu əkizlər") ədəbi mühitə yeni
ab-hava gətirdi. Bu yazını əbədi-sınaq, təcrübə
kimi də qələmə vermək olar. O ki, qaldı bu təcrübənin
nə qədər uğurlu olmasına, nə deyim, mayası məzhəkə,
məsxərə ilə yoğrulmuş, duzlu-məzəli təhkiyə
ilə qələmə alınmış bu romanı birnəfəsə
oxudum…"
Məmməd Orucun sözlərinə rəğmən "Qızıl
xotuğ" alleqorik, satirik, ironik romandır. Ona kino-komediya da söyləmək
mümkündü. Əgər müəllif yaxşı bir
rejissor tapsa, həmin sənətkar romanın nəbzini və
ruhunu tuta bilsə, həqiqətən bu əsəri bitkin bir
ssenriyə çevirə bilər. "Qızıl
xotuğ"da elə parçalar, epizodlar var ki, şaqqanaq
çəkib öz-özünə gülürsən. Elə
qəribə hadisələrlə rastlaşırsan ki,
uğunmaqdan zorla özünü saxlayırsan. Ədəbi təcrübədən
məlumdur ki, lap 15-20 səhifədən ibarət yumorlu
novella yazmaq olar. Ancaq 280-300 səhifəlik romanı tamamilə
satirik planda işləmək, fərqli obrazlar silsiləsi
yaratmaq, bu surətlərin xeyli qismini gülüş hədəfinə
çevirmək, doğrudan da hünər istəyir. Müəllif
heç bir "xalturaya" yol vermədən ləyaqətlə
işinin öhdəsindən gəlmişdir.
"Qızıl xotuğ"da
ən çox
xoşuma gələn cəhətlərdən biri də surətlər,
tiplər bolluğudur və nasirin roman qəhrəmanlarının
hamısını bir-birindən fərqləndirməyi
bacarmağıdır. Əzrayılla çilingağac oynayan 130 yaşlı
Ehsan baba, ömür-gün dostu Gilə nənə,
çoxbilmiş Qardi əmi, əfəl və maymaq Əbi,
rözəxan Balamirzə (Molla Bala), Cəmo, Cümü (Ehsan
babanın, Gilə nənənin oğlanları), gopçu
Pişan, Xudu kişi, Nəzər, Əfsər, Gülər,
professor Moreli (Fransa), Ataxan müəllim, Qəmər,
Gülbahar, Müsyö Jan, Madmazel Janet, Fərhad kimi müxtəlif
dünyagörüşlü insanların hər birinin
iç dünyası detallarla verilmişdir. Kəndlə
şəhər arasında baş verən çoxşaxəli
hadisələr zəncir halqalarıtək bir-birilə
bağlıdır, bir-birini tamamlayır.
"Karxana" romanına
da eyni üslub
xasdır və 2016-cı ildə əsər "Azərbaycan"
jurnalında çap olunmuşdur. Müharibə veteranı Qəni
Camalzadə "Karxana"da Sani Abşeronski adlı bir şəxsin
surətini yaratmışdır. Özünəməxsus
yazı tərzinə, gözəl keyfiyyətlərə malik
Qəni müəllim demək olar, həyatın hər
üzünü görmüşdür. Məncə, o, hələ
ömrünün və yaradıcılığının
kamillik çağlarını yaşamağa başlayır.
Yaşı və təcrübəsi diktə edəcək ki,
nəsrin ən dərin qatlarına baş vursun, yeni-yeni əsərlər
ortaya qoysun.
Ağacəfər HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2018.-
14 iyul.- S.29.