Uzaqdakı doğma adam

 

Sizə Mehmet Ömer Kazancıdan danışmaq istəyirəm. Çox maraqlı insandır.  Onunla Kastamonuda tanış oldum. IX Dünya Türklərinin Ədəbi dərgilərinin konqresi 2018-ci ilin Mədəniyyət paytaxtı seçilmiş bu qədim şəhərdə keçirilirdi. 28 türk ölkəsində çap olunan ədəbi dərgilərin nümayəndələri sözün istisinə yığışmışdı.  Kərkükdən gələn iki nəfərlə elə oteldə tanış olduq.   Söhbəti, sözü duzlu-məzəli Sabah Abdullah Kərküklü və Mehmet Ömer Kazancı. Həmişə mənə elə gəlir ki, Kərkük bir ananın qəriblikdə yaşayan övladıdır. Uzaqdadır, hər vaxt əl çatmır, yanına tez-tez getmək olmur, dara düşəndə əlini tuta bilmirsən, bəzən başına nə gəlir - xəbərin olmur, amma onun yeri həmişə ürəyindədir, o ağrıyanda canın ağrıyır, narahat olanda yuxunu qarışdırırsan,  burnunun ucu göynəyir. Anasından ayrı düşmüş bala kimidi Kərkük.

 

Sen benim gözlerimde bin yıllık bir rüyasın

Gözlerimden, Kerkük'üm, seni çalan mı olur?

Adım adına bağlı, kaderim kaderine,

Uğrunda baş veririm desem, yalan mı olur?

 

Mehmet Ömer Kazancı şivəsilə, söhbətilə, münasibətilə doğmalığını hiss etdirirdi. Mənə elə gəlirdi ki, bu dəyərli professoru ilk dəfə deyil görürəm, uzun illər onun mühazirələrini dinləmişəm, həmişə Azərbaycandan, Kərkükdən danışmışıq və təkcə Kastamonuda deyil, hər yerdə bir süfrəni, süfrədəki çörəyi paylaşmışıq.

Bir axşam Kastamonu küçələrini dolaşırdıq. Mehmet Ömer Kazancı  bizi yaxınlıqdakı kafedə qəhfə içməyə dəvət etdi. Oturduq, hərə gah  bir-birilə, gah da ümumi söhbət edir, deyib-gülürdük. Bir-birimizi daha yaxından tanıyırdıq. Onda bildim ki, şair Mehmet Ömer Kazancı 1952-ci ildə Kərkükdə doğulub.  İlk-orta və lisey təhsilini   orada bitirib. Sonra gəlib çıxıb 1971-ci ilə. Bu il   Bağdad Universitetinin Ziraat fakültəsinin məzunu olub. Deyirdi ki, 1978-ci ildə bizim magistr dediyimiz  Yüksək Lisansı bitirib. Yəni heç oxumaqdan əl çəkməyib. Bu yol onu aparıb çıxarıb təhsil ocaqlarına, bir müddət Süleymaniyyədə, Erbil Universitetində işləyib, sonra təyinat alıb Bağdad Universitetinə. Elə orada da doktorluq dissertasiyası müdafiə edib, elmi dərəcə alıb. Hazırda Bağdad Ziraat fakültəsinin Biotexnoloji və Genetik Mühəndislik auditoriyasına Bağdadın ən ünlü, ən hörmətli  prsofessorlarından biri kimi daxil oldu. İngiliscə, ərəbcə bir  çox elmi məqalələrin, dərsliklərin müəllfidir, qısası, ömrünü boşuna yaşayan adam deyil.

Mehmet Ömer Kazancının oteldə mənə bağışladığı şeir kitabını açıb qarşıma çıxan ilk şeiri oxudum. Sözlər not dəftərinə yazılmış kimiydi, oxuduqca  həzin, kövrək Kərkük nəğməsi beynində səslənirdi:

 

Çocukluğumda annemdin,

Gençliğimde sevgilim.

Ergin oldum,  eşim oldun,

Eşim, yoldaşım oldun.

Yarın ölsem - her ölüm bir kaderdir -

Kara bağlar ve ağlarsın.

Eksik olma,

Berhudar ol, berhudar ol.

 

Mehmet Ömer Kazancının lirikası onun ruhunun səsidir. İlk baxışdan şair olduğu bütün üz cizgilərində görünür. Yaxşı bir sözümüz var: "Adam təpədən-dırnağa şairdir!" Mehmet Ömer Kazancıya bu söz tam uyur. Dalğın baxışı da, üzünün qırışları da, siqareti  barmaqlarının arasında ehmal tutuşu da, təbəssümü də misradır, şeirdir. Onu, demək olar ki, bütün türk dünyası tanıyır, şeirlərini sevir. Türkiyədə, Türkmənistanda, Kıbrısda, Qazaxıstanda  digər ölkələrin ədəbi dərgilərində müntəzəm çap olunur. Türkiyədə Mehmet Ömer Kazancının  həyat və yaradıcılığından doktorluk dissertasiyası yazılır, onun haqqında kitablar nəşr olunub.

Mehmet Ömer Kazancı yorulmadan yazan-yaradan müəlliflərdəndir. Deyir bu günə qədər iyirmidən çox kitabım həm Bağdadda, həm də sərhəddən kənarda oxuculara təqdim olunub. 79-cu ildə Bağdadda doğulan "Sana doğru" ilk şeirlər kitabına qədər yerli dərgilərdə, qəzetlərdə bir çox şeirləri, esseləri, hekayələri çap olunub.

İlk kitabı Mehmet Ömer Kazancının  ədəbi yolunda lokomotivinə çevrilib, sonralar "Şarkıca konuşmak" adlı şeirlər, "Cam ardından bir öpüş" hekayələr, "İnci üstüne inci" şeirlərin təhlil və tənqidi,  Nusret Merdan ve İsmet Özcan ilə ortak olduğu "Şafak", "Türkmen öykücülüğü" adlı çıxışlar və nümunələr toplusu, "Bir ömür yetmiyor ki"   şeirlər, "Ölüme, zaman erken",  İsmet Özcanın həyat və yaradıcılığı haqqında bioqrafik kitabları çap olunub. Mehmet hocanın hekayələrində də bir başqa ləzzət var. "Nasrettin hoca Kerkük'te" adlı kitabında cəmlənib. Bu kitablar, heç şübhəsiz türk ədəbiyyatının ən gözəl nümunələri sırasındadır. 

Onu da bildim ki, Mehmet Ömer Kazancı yaradıcılıqla kifayətlənmir. Məsələn, "Türkmen Kardaşlık Ocağı" idarə heyətinin sədridir. 1961-ci ildən bu günəcən çap olunan və İraq türklərinin ən əziz jurnalına çevrilmiş "Kardeşlik" dərgisinin əvvəllər nəşriyyat müdiri işləsə də, bu gün həmin dərginin fəxri sədri seçilib. İraq Universitet Hocaları Dərnəyi idarə heyətinin, Türkmən Ədəbiyatçıları, İraq Ədəbiyatçılar və Avrasiya Ədəbiyatçılar Birliklərinin üzvüdür. Bütün bunlardan əvvəl, o, sadə, səmimi və yüksək insani keyfiyyətləri özündə cəmləşdirə bilmiş mübarək şəxsiyyətdir. Odur ki, yazdığı əsərləri də özünə bənzəyir. Əvvəl Mehmet Ömer Kazancının şeirlərinin öz şivəmizə uyğunlaşdırmaq istədim, sonra bu fikirdən daşındım. Bir halda kı bir-birimizi tərcümansız anlayırıq və eyni dili danışırıq, uyğunlaşdırmağa ehtiyac görmədim. İstəmədim misraların arxasındakı Kərkük nəğməsi itsin. Mehmet Ömer Kazancını öz şivəsində, öz səsində, öz nəğməsində təqdim edirəm.

 

Vüsal Nuru

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.28.