Mifologiya məktəbi -
Mirəli Seyidov -
Azərbaycanşünaslıqda
dərin və zəngin irs qoyan alim-etimoloq AMEA-nın
müxbir üzvü əməkdar elm xadimi, Mirəli Mirələkbər
oğlu Seyidov 40 illik elmi fəaliyyəti ərzində çətinliklə
də olsa böyük cəsarətlə sovet
dövrünün ideoloji təzyiqi, məhrumiyyətlər və
qadağalar şəraitində öz sözünü deyə
bilmişdir.
Ali təhsilini
Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində
(1938-1944) və (1941-1945) Ermənistan Dövlət
Universitetinin Şərq şöbəsində təhsil
almış Mirəli Seyidov təhsilini başa vuran kimi
Bakıya gəlmiş, Azərbaycan Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Orta əsrlər
Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri
vəzifəsində işləmişdir (1945-1953). Sonralar
Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər
şöbəsində baş elmi işçi (1953-1960) və,
nəhayət, 1960-1970-ci illər ərzində, yəni 20 il
müddətində Ədəbi Əlaqələr şöbəsində
işlədiyi zaman mən onunla birlikdə bu şöbədə
çalışmışam.
...Mirəli
müəllim əsl elm fədaisi idi. O, tez-tez öz
apardığı tədqiqat işlərindən bizi, yəni,
şöbə əməkdaşlarını agah edərdi,
böyük həvəslə, xüsusi ruh yüksəkliyi ilə
öz kəşflərindən danışırdı, hətta
şöbənin rusistlərini (rus ədəbiyyatı
mütəxəssislərini) məqalələrinin rus dilinə
tərcümə edilməsinə cəlb edərdi.
1983-cü
ildə fədakar alimin gərgin və ağır zəhmətinin
bəhrəsi olan "Azərbaycan mifik təfəkkürünün
qaynaqları" adlı ilk elmi monoqrafiyasının nəşri
bizim üçün sevindirici bir hadisəyə çevrildi.
Bu kitab Azərbaycan xalqının
soykökünün öyrənilməsində, yəqin ki,
başlanğıc sayıla bilər.
Əsərdə Oğuz və onunla bağlı mifoloji
inamlar, onların dünya mifoloji sistemləri ilə (ən
çox yunan mifologiyası ilə) bağlılığı
və yeri gəldikcə, müqayisələr və paralellərin
üzə çıxarılması, varsaq-qam sənəti və
onun mifologiya ilə əlaqəsi öz əksini tapır.
Mirəli
Seyidovun elmə gətirdiyi yenilik ondan ibarətdir ki, o, qəbilə
birləşmələrinin xalqın mifoloji inamları ilə
sıx bağlı olan "oğuz",
"xaylantürk", "Öləng", "varsaq", bə
b. sözlərin etimoloji təhlilini verir və nəticə
etibarilə həmən leksik vahidlər, etnik adlar müəyyən
bir silsilə mifoloji anlayışların zəmini olur,
onların əsası kimi götürülür.
1989-cu ildə
isə daha geniş elmi dairələrdə böyük hadisə
kimi qəbul olunmuş "Azərbaycan xalqının
soykökünü düşünərkən" daha
sanballı monoqrafiya Mirəli Seyidovu soykökümüzün
"qeyrətkeşi" kimi məşhurlaşdırdı.
Sovet xofunun insanların qəlbində kök
saldığı bir vaxtda alimin fikirləri xalqın
yaddaşına köçürülmüşdü. Mirəli
Seyidov artıq bir çox sözlərin etimologiyası məsələsində
rus alimlərinə qarşı çıxır, inkarolunmaz
faktlarla fikirlərini sübuta yetirirdi.
Orta əsrlər erməni mənbələrində, ərəb
mənbələrində tarixi həqiqət baxımından
nə qədər böyük dolaşıqlıqlar
olduğu məlumdur. Alimin fikrincə daha etibarlı mənbələrə
müraciət edilməli, yaxud da adları çəkilən
mənbələrə daha ayıq yanaşmalıdır.
Ən etibarlı mənbəni də alim məhz
Azərbaycanda tapmış olur. Bu
baxımdan toponimlər, ümumiyyətlə, onomastika, dil,
arxeologiya, türk dilinin yayılma və təsir
coğrafiyası və, nəhayət, Söz,
sözşünaslıq böyük imkanlar açır.
Mirəli Seyidovun araşdırmaları
çoxsahəli olsa da, daha çox bu sahələri əhatə
edir. Alim-tədqiqatçı Azərbaycan
mifologiyasını, dilimizin tarixi coğrafiyasını,
sözlərimizin Kiçik Asiya xalqlarının ən qədim
mənbə və yazılarında yaşayan izlərini əsas
tutaraq xalqımızın ən qədim köklərini,
yaranma və inkişaf yollarını düşünür.
Mirəli
müəllimin tədqiqatlarından məlum olur ki, o, qədim
erməni dili-qrabardakı türk dilindən alınma sözləri
öyrənən bir sıra erməni dilçilərinin
etirafları ilə yaxından tanış olandan sonra, belə
bir məntiqli və haqlı qənaətə gəlir ki, əgər
türk dili hələ V və VI əsrlərdə erməni
dilinə təsir göstərirdisə, deməli, bu dövrdən
də çox əvvəl Qafqazda bu dil geniş
yayılmış və siyasi, ictimai və mənəvi
durumuna görə daha nüfuzlu bir dil olmuşdur. Beləliklə, bu yolla alim bizim tariximizlə
bağlı bir sıra uydurmaları rədd edir.
Təsadüfi deyil ki, hələ
sağlığında Mirəli Seyidovu fenomen şəxsiyyət
adlandırırdılar. Onun elmi fəaliyyəti tarix, etnoqrafiya,
toponimika, mifologiya, folklor, linqvistika, ədəbiyyat tarixi və
digər sahələri əhatə edirdi.
Alimin elmi maraq dairəsi genişdir. Azərbaycan
xalqının tarixini öyrənərkən o, sözün
tarixini araşdırır. Yorulmaz tədqiqatçının
çoxsaylı məqalələrində daim axtarışda
olan müəllifin ilkin və maraqlı məlumatları,
öyrənilən məsələyə yeni baxış və
münasibət hərtərəfli və dolğun ərsini
tapır. Diqqəti çəkən mühakimələr,
ardıcıl və təmkinli təhlillər və sübuta
yetirilən söz açımları tədqiqatçının
uğurlu və gərəkli tapıntılarından
, öz təbirincə desək, "kəşflərindən"
xəbər verir. Qeyd etmək istərdim ki, Mirəli müəllim
özünəməxsus yazı üslubu, bəzən arxaik
elmi sözlərlə bir qədər yüklənmiş ifadə
tərzi ilə seçilsədə, bütün
yazılarında, araşdırmalarında fikir və
düşüncələri açıq, aydın və səmimidir,
hətta duyğularını da bəzən o,
açıq-aşkar bildirirdi - sübhə, tərəddüd,
ehtimalını və s. Misal üçün, Aran toponimi
haqqında araşdırmaları, "Dədə Qorqud"
boylarında günortac və ortac sözlərini, həmçinin
Qorqud sözünün etimoloji təhlilinə həsr
olunmuş məqalələrini qeyd etsək olar.
Alim-etimoloqun dəyərli əsərlərindən biri
"Qızıl döyüşçü"nün taleyidir". 1970-ci ildə
Alma-Ata ətrafında (İssık kurqanda) eramızdan əvvəl
VI-V əsrlərə aid olan bu döyüşçüyə
"sahib durmaq" iddiası ilə yazılan məqalə və
kitablarda onu skif şahzadəsi kimi hind-Avropa dilli xalqlara
bağlayanlar özlərinə görə müəyyən əsaslar
tapırdılar. Lakin Mirəli Seyidovun
kitabı həmin əsasların nə qədər əsassız
olduğunu açıq göstərir. Alimin qəti qərarına
görə, "unudulmuş, aradan çıxmış və
ya az da olsa dövrümüzə qədər
gələn görüşləri, inamları bilmədən
"Qızıl döyüşçü"nün sirri
açılmaz". O, nəzərə almışdır ki,
kurqan-qəbirdən tapılan qızıl, gümüş, bərək
əşyaları", fiqurlar, köynək və
papaqdakı heykəlciklər, barelyeflər, saxsı qablar, cam
üzərindəki yazı və s., yalnız tarix elmi
üçün deyil, bunlar həm də o dövrün mədəniyyətini,
ictimai-fəlsəfi, mifoloji təfəkkürünü,
inamlarını, bir sözlə zehniyyatını, bədii-estetik
zövqünü öyrənmək üçün gərəklidir.
Bu baxımdan kurqandakı soy mədəniyyəti
(etnokultura) cəmiyyətin ictimai-iqtisadi inkişafının
qatını göstərməklə bərabər, onun mədəniyyətinin
bir çox sahələrinin yüksək səviyyəsini də
təsəvvürdə canlandırır.
Azərbaycan alimi sübutə yetirir ki, "Qızıl
döyüşçü" mədəniyyəti əsasən
türkdilli qəbilə birləşmələrinin mifoloji təfəkkürü,
həyatı dərk etməsi ilə sıx
bağlıdır. Əski insanda ən güclü və uzunömürlü
inam təbiətlə bağlı olmuşdur. Xalqların təbiətə inamında ortaq,
oxşar cəhətlərin olması təbiidir.
Xalqların yaşayış tərzindəki
oxşarlıq, ortaqlıq onların təfəkküründə,
təbiəti dərk etmələrində və
düşünmə tərzlərində, mifologiyasında, həyatı
bədii baxımdan qavramalarında oxşarlıq, bənzəyiş
yaradır. Ancaq bununla belə unutmaq olmaz ki, hər qəbilə
birləşməsinin xalqın təfəkküründə,
sənətində, istər mifik görüşlərində,
istərsə də sırf həyatla səslənən
obrazlar sistemində özünəməxsusluq, fərdilik də
olmuşdur.
Etimoloji təhlillər nəticəsində alim belə
qənaətə gəlmişdir ki, "Qızıl
döyüşçü" mədəniyyəti ilə
bir çox türkdilli xalqların Dünya Ağacına,
Dağa, quşa inamının ifadəsində təqdim
olunmasında yaxınlıq, doğmalıq, hətta eynilik
vardır.
Əgər
Mirəli Seyidovun 30 illik elmi axtarışlarının, gərgin
yaradıcılıq əməyinin məhsulu olan "Azərbaycan
xalqının soykökünü düşünərkən"
adlı irihəcmli monoqrafiyası Azərbaycan
mifologiyasının tədqiqində, müəllifin öz
yaradıcılığında və ümumilikdə elmi-ədəbi mühitində bir
hadisə kimi qəbul edilibsə, vəfatından sonra nəşr
olunan "Qam-şaman və onun qaynaqlarına ümumi
baxış" (1994) kitabı müəllif tərəfindən
"yaradıcılığının zirvəsi"
adlandırılmışdır.
Kitabın
redaktoru və ön sözün müəllifi f.e.n. Vəli Həbiboğlu
yazır ki, "Mirəli müəllim bu kitab üzərində,
özünün dediyi kimi, təqribən on beş
il işləmişdir. Lakin bu əsəri vahid
bir kompozisiya ətrafında işləyib ortaya
çıxarmağa, kitab şəklinə salmağa 1990-ci
ilin Qara Yanvar günlərində başlamışdı.
O, həmin günlərdə Şəhidlər xiyabanından
bir qədər yuxarıda yerləşən xəstəxanada
ürəyindən infarkt vəziyyətində yatırdı.
Mirəli müəllim xəstəxanadan
çıxdıqdan sonra da kitab üzərində öz gərgin
işini davam etdirdi. Çox böyük sürətlə,
rahatlıq bilmədn yazıb nəşriyyata təqdim etdiyi
bu əsər dərhal tematik plana salındı və üzərində
redaktə işi aparıldı. Çox təəssüf
ki, bu böyük alim əsərin nəşrini görə
bilmədi".
Təbii
ki, bu böyük vətəndaş-alim öz önəmli tədqiqat
əsərini unudulmaz Şəhidlərimizə
ünvanladı:
"Yazım
1990-cı il yanvar ayının 19-20-də
kökünün-vətənin
baxımsızlığı-müstəqilliyi uğrunda
qurban olmuş igidlərin uduq-müqəddəs ruhuna həsr
edirəm" Bu sözləri o, axirət dünyasına
qovuşduğu ərəfədə yazmışdır.
Kitabda Azərbaycan
mifoloji təfəkkürünün öyrənilməmiş
sahələri - türk xalqlarının soykökündə
duran qəbilələrin, qəbiləbirləşmələlərin
ilkin mifoloji-fəlsəfi, ictimai görüşləri, qam-şamanizmin
kökləri, onu yaradan ictimai dünya ümumtürk
kontekstində işıqlandırılır.
Türk xalqları arasında tarixən kök
salmış qədim ənənələri,
baxışları üzə çıxarmaqla bu xalqın
yer üzərində yaşayan başqa xalqlardan daha qədim,
daha bütöv, ulu xalq olduğunu göstərmək
üçün o, bütün qüvvəsini,
imkanlarını səfərbərliyə alır, yalnız
bu məqsədə xidmət edirdi.
Görkəmli mifoloqun tədqiqindən aydın olur ki,
türk xalqlarının mif dünyası vahid dünya
baxışına əsaslanır. Vaxtilə onların
düşünmə tərzi, dünyanı dərk edilməsi,
bədii təfəkkürü bir-birinə çox yaxın
olmuşdur. İbtidai insan özünü
təbiətin ayrılmaz bir hissəsi hesab edirdi və təbiət
hadisələrini öz təsəvvüründə
canlandırır, onların hər birinə canlı varlıq
kimi yanaşırdı.
Qam-şaman
ilkin görüşlırinin mərkəzində Günəş,
Ay, ulduzlar, bir sözlə, kosmik cisimlər, onqonlar arasında
kök, gen yaxınlığı görürdü.
Mirəli
müəllimin düşüncələrindən: "Mif hər
bir xalqda ayrı-ayrı vaxtlarda müəyyən bir
çağın baxışıdır. Mifə
kimi və yaranmasının ilk çağları onu yaradan
soy, qəbilə üzvlərindən fərqlənən təbii
bilgilər, müdriklər çıxmış, onların
ilk adları, təəssüf ki, bizə gəlib
çatmamışdır. Deyəsən, lap qabaqlarda belələri
qam-şaman adlanmışlar... Qam-şaman soyun,
qəbilənin fikir aləminin başçısı,
düşüncə dünyası idi. Əskidə
türk xalqlarında azarlını yalnız dərman bitkiləri
deyil, sözlə, seirlə, xoş səslə, sonralar musiqi
ilə də müəlicə edirmişlər".
Qamlar-baqşılar, şamanlar musiqi və şeirdən
daha çox istifadə edirmişlər. Musiqinin təsiredici,
müalicəedici suyumu heyvanlara da aid edilirmiş.
Misal üçün, "Koroğlu"
dastanındakı atın (Qıratın) tez-tez dəliliyi
tutur. Nə qədər dava-dərman eləyirlər - bir
şey çıxmır. Yaxına adam
qoymur ki, qoymur, girinə kim keçirsə şil-kut eləyir.
Axırda Koroğlunun bir kimyagər həkim dostu deyir ki, bəs
bu atın cini var. Gərək bunun yanında üç
gün, üç gecə saz çalına, söz oxuna ki, bəlkə
bunun cini yata... Xəstə ata çarə
qılındıqdan sonra, at sağalır.
Əski insan sözün, musiqinin sehrli gücünə
inanırmış. Türk xalqlarında və onların ulu
babalarında musiqiyə, sözə (xüsusi ilə bədii
sözə) ehtiram o qədər güclü imiş ki, hətta
yaman, pisin də onların yardımı ilə qovulduğuna
inanırmışlar. Söz-musiqi sənətinin
yardım etməsi inamına və onlara ehtiramın əlaməti
olaraq azərbaycanlıların ulu babaları - Oğuzlar
savaş-müharibə meydanına qopuz apararmışlar.
Xaqanlar rəsmi qəbullarında yanlarında ya özləri
silah və qopuz saxlar, ya da silahlı
döyüşçü və qopuzçu olarmış.
Qam-şaman mədəniyyətin kökündə duran
mifik baxışlarda, ayrı-ayrı törənlərdə
naturfəlsəfə ünsürləri də mövcuddur. Bu cəhətdən
türk xalqlarının, o cümlədən Azərbaycan
ictimai fikir tarixində naturfəlsəfə ünsürlərinin
Avropada olduğundan daha qədimlərə gedib
çıxması göz qabağındadır. Məlumdur ki, fəlsəfənin ilk tarixi forması
kimi naturfəlsəfənın yaradılması antik dövrə
aid edilir. Lakin
görkəmli alimin tədqiqatında bu təbiət fəlsəfəsinin
kökləri qədim köklərə gedib
çıxır.
Azərbaycan xalqının soykökünün öyrənilməsində
mifik təfəkkürün və ilk növbədə
mifoloji inamların araşdırılmasının önəmli
və mühüm rolu vardır.
Müəllif türk xalqlarının oda, suya, ağaca,
ayrı-ayrı heyvanlara, təbiətə inamlarına diqqət
yetirir, eyni zamanda qam-şaman görüşlərində bu
inamların tutduğu mövqeyi açıb göstərir. O, bir çox dastan və
nağıllardan, əfsanə və mifoloji baxışlardan
tədqiqat obyekti kimi geniş istifadə edir. Yeri
gəlmişkən qeyd edək ki, Mirəli müəllimin
elmi və ədəbi bədii mənbələri olduqca zəngin
və maraqlıdır, xüsusilə özünün istinad
etdiyi məqalələrində rus və Avropa türk alimlərinin
(türkoloqların) saysız-hesabsız publikasiyaları.
Maraqlıdır ki, Mirəli müəllim dual təfəkkür
məsələsinə əvvəlki əsərlərində
də toxunmuşdur və maraqlı fikirlər irəli
sürmüşdür. Lakin bu əsərdə dual təfəkkür
tərzi daha dərindən öyrənilir.
Tədqiqatçı əski insanın inamlarında
öz əksini tapan onların dünyabaxışını,
düşünmə tərzini, insan şüurunun tutumunu
müəyyənləşdirməyə daha çox diqqət
yetirir.
O, belə
qənaətə gəlir ki, təbiətə inamın mahiyyətinin
aydın dərk edilməsində yada daşı inamın
böyük əhəmiyyəti vardır. Bu
inam diqqətlə araşdırıldıqda əski türk
qəbilə birləşmələrində insanın
yaşayış tərzi, ibtidai təsərrüfatı,
şüur səviyyəsi barədə dolğun təsəvvür
əldə etmək mümkündür.
Alim-mifoloqun fikrincə, yada inamı şaman
görüşlərindən də çox-çox qabaq
yaranmışdır. Bu inam əski türk adamının ilkin
təsərrüfat fəaliyyətinə
başladığı çağın məhsuludur. Bu tədqiqatda əski türkdilli xalqlarda suya,
dağa, daşa, ağaca olan iamlarla əlaqədar bir sıra
əfsanələr, rəvayətlər, mifoloji təsəvvürlər
ilə qarşılaşırıq. Müəllif
bunların yada inamı ilə
bağlılığını da göstərir.
Kitabda, həmçinin, şaman görüşlərində
mühüm yer tutan bəzi inamlar ilə yanaşı oba
inamına xüsusi diqqət yetirilir. "Oba" sözünü
müqayisəli şəkildə araşdıran müəllif
belə bir qənaətə gəlir ki, "oba" türk
ruhunu, türk təfəkkürünü özündə cəmləşdirir.
Oba inamı bir daha sübut edir ki, əski
türklərdə təbiətə inam, təbiətlə
bağlı görüşdlər, naturfəlsəfə
güclü olmuşdur.
Obaya inam, eləcə də bir çox mifik
görüşlər, ictimai fikir və düşüncə
dünyasının saysız-hesabsız misalları göstərir
ki, vaxtı ilə türk xalqlarının təfəkkür
sistemi yaxın olmuş, ümumtürk mədəniyyətindən
xəbər vermişdir.
Əski
ümumtürk mədəniyyəti kontekstində Azərbaycan
xalqının soykökünün öyrənilməsində
böyük xidmətləri olan görkəmli türkoloq Mirəli
Seyidov, bütün varlığı, ruhu ilə mənsub
olduğu xalqa bağlı olan bu nadir şəxsiyyət
öz zəngin elmi irsi, və əsasını qoyduğu Azərbaycan
mifologiyası məktəbi ilə özünə əbədilik
qazanmışdır.
Aida Feyzullayeva
Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.26.-27