Koroğlu
üsyançıdırmı?
Sovetlər
dönəmində "Koroğlu" dastanına
düşüncəli şəkildə yabançı don
geyindirilmiş, əsər "kəndli üsyanının,
Cəlalilər hərəkatının bədii
inikası" adlandırılmış, Koroğluya
"üsyan başçısı" damğası
vurulmuş, eposun yaranması XVI-XVII əsrlərlə
bağlanmış və bunların hamısında məqsəd
Azərbaycan xalqının qəlbində "türk
işğalçılarına" qarşı nifrət
oyatmaq olmuşdur. Təəssüflər olsun
ki, sovet ideologiyasının təsiri bu gün də beyinlərdən
silinməmişdir. Koroğlu yenə Cəlalilər hərəkatı
ilə bağlanır, üsyan başçısı kimi qələmə
verilir: "Koroğlunu həm tarixi şəxsiyyət, Cəlalilər
hərəkatının iştirakçısı, həm də
nəğmələri oxunan aşıq kimi təqdim edən
A. Təbrizli dastanın fəal
iştirakçılarından olan Giziroğlu Mustafabəyin də
adını çəkmiş, bu qiyamların baş
qaldırdığı yerləri də
xatırlatmışdır".
Bu
sözləri söyləyənlər, sovet dönəmində
olduğu kimi, indi də yalnız A.Təbrizlinin "Tarix
kitabı"na söykənirlər. Bu kitabı isə diqqətlə
oxumadıqları hiss olunur, çünki orada tarixlər kobud
şəkildə saxtalaşdırılmışdır. Məsələn, Çaldıran
döyüşünün 1515-ci ildə baş verdiyi, Şah
İsmayılın 1576-cı ildə öldüyü
yazılır. Kitabı çapa
hazırlayan L.A.Xanlaryan yazır ki, "A.Təbrizlinin
kitabında bir çox erməni
xronikaçılarının səhvləri təkrar olunmuşdur".
O, daha sonra deyir: "Kitabda müəllif hadisələrə
öz münasibətini və Orta əsr mənbələri
üçün səciyyəvi olan manerada birbaşa öz
hisslərini-özü də tamamilə kobud formada qələmə
almışdır".
Burada iki
məsələyə münasibət bildirməyin çox
böyük əhəmiyyəti var. Birincisi, A.Təbrizli Cəlalilərin
adam əti yediklərini söyləmişdir.
Bəs adam əti yeyənləri də
xalq bu qədər sevib, onların adlarına belə bir
möhtəşəm epos yaradardımı?! Müəllif
bununla türkün bütün milli-mənəvi keyfiyyətlərinin
daşıyıcısı olan Koroğlu kimi mükəmməl
bir obrazın dahiliyi üzərinə kölgə salmaq məqsədi
güdməmişdirmi?! İkincisi, Cəlalilər
hərəkatının əsas başçısı
Qarayazıçıoğlu olmuşdur. Bəs
onda niyə Qarayazıçıoğlu yox, Koroğlu daha
çox şöhrət qazanmış, eposun qəhrəmanı
səviyyəsinə məhz Koroğlu yüksəlmişdir?
Hətta "Koroğlu" eposunun heç bir
variantında Qarayazıçıoğlunun adı da çəkilmir.
Nə Türkiyə, nə də Azərbaycan folklorunda
Qarayazıçıoğlunun haqqında bir atalar
sözü, məsəl, lətifə və s.
yaradılmamışdır. Əgər xalq Cəlalilər
üsyanı haqqında epos yaratsaydı, onun qəhrəmanı
Koroğlu yox, mütləq Qarayazıçıoğlu
olmalıydı. Heç vaxt ola bilməzdi
ki, o böyüklükdə bir üsyanın
başçısı unudulsun, onun dəstəsində əllinci-yüzüncü
adam olan Koroğlu epos qəhrəmanına çevrilsin. Bunun özü də eposun yaranma prinsiplərinə
yaddır. Deməli, A.Təbrizlinin
kitabındakı bilgilər çox elə də etibarlı
deyil və Koroğlunu Cəlalilər üsyanı ilə
bağlamaq üçün onlara güvənmək olmaz.
Burada A.Təbrizlinin "Tarix" kitabındakı digər
saxtakarlıqları və təhrifləri də mütləq
nəzərə almaq lazımdır. Əvvəla, bəzi
erməni tarixçiləri kitabdakı bölmələrdən
5-nin A.Təbrizli tərəfindən
yazılmadığını söyləyirlər. Bu fikri bir fakt da təsdiqləyir ki, A.Təbrizli
1662-ci ildə ölmüşdür, onun kitabında isə
1662-ci ildən sonrakı hadisələrdən də danışılır.
Erməni alimləri gizlətmirlər ki,
kitabın müəyyən fəsilləri A.Təbrizli öləndən
sonra kilsə rahibləri tərəfindən yazılıb ora
əlavə edilmişdir. Bu zaman onlar A.Təbrizlinin
əlyazmasını da ciddi şəkildə yenidən
işləmişlər. Bütün bunlar
kitabın erməni marağına
uyğunlaşdırılmasına xidmət etmişdir.
Məncə,
deyilənlərdən sonra A. Təbrizlinin kitabına istinad
etməyin nəticəsi bundan yaxşı ola
bilməzdi, çünki əyri ağaca söykənib
düz durmaq olmaz. Ona görə bütün
araşdırmalarda ən etibarlı mənbə eposun
özü olmalıdır. Dastanın
özündə isə nə "üsyan" var, nə də
"qiyam". "Koroğlu" eposunun Cəlalilər
üsyanı, ümumiyyətlə, hər hansı kəndli
üsyanı ilə heç bir əlaqəsi yoxdur. Koroğlu həqiqətən Cəlalilər
üsyanının başçilarindan biri olsaydı belə,
dastanı həmin hərəkatla bağlamaq mümkün
deyil. Üsyan "köhnə ictimai
quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim
siniflərə qarşı kütləvi silahlı
çıxışlara" deyilir. Koroğlu
dastanında isə heç bir ictimai quruluşu yıxıb,
yenisini qurmaq barədə söhbət getmir. Nə
Koroğlunun, nə də dəlilərin, ümumiyyətlə,
yeni quruluş yaratmaq məqsədlərinin olmadığı
dastandan aydın görünür. Koroğlunun
və dəlilərin döyüşlərinin məqsədi
heç vaxt kimisə öldürüb, onun taxt-tacına yiyələnmək
olmamışdır. Əgər tədqiqatçılar
Koroğlunun paşalarla, bəy və xanlarla silahlı
vuruşlarını üsyan adlandırırlarsa, bu da səhv
fikirdir. Əvvəla ona görə ki, bu
silahlı vuruşmaların hamısını paşalar,
xanlar və bəylər başlayırlar. İkincisi,
Koroğlu həmin döyüşlərdə qalib gəlir,
paşaları, xanları və bəyləri ya
öldürür, ya əsir alır, ya qaçıb aradan
çıxırlar, ancaq onların yerinə göz dikmir, adam qoymur, deməli könlündən
paşalıq, xanlıq, bəylik keçmir. Bu
da o deməkdir ki, Koroğlu heç vaxt heç kimə
qarşı üsyan etməmişdir. Bütün
səfərlərdə Koroğlu ya öz dəlilərini
qurtarmaq, ya da öz atını almaq üçün dava eləməli
olur. Özü də həmişə istəyir
ki, işi davasız yoluna qoysun. Ancaq xanların,
paşaların, bəylərin günahı üzündən
iş davasız düzəlmir və o da məcbur olub
qılınca əl atır.
Məncə, Koroğlunun bir üsyançı kimi
kitabdan-kitaba düşməsi ilkin mənbələrə
kor-korana yanaşmağın, onları saf-çürük eləməməyin,
əldə olan qaynaqlara, bu qaynaqlardakı fikirlərə tənqidi
yanaşmamağın nəticəsidir. Arakel
"Tarix" kitabında Koroğlunun Cəlalilər
üsyanının başçılarından biri olduğunu
yazmışdır. Məhz onun məlumatının
bu cəhətini nəzərə alaraq düşünmək
olar ki, Arakel Təbrizlinin kitabında adı çəkilən
Koroğlu xalq qəhrəmanı Koroğlu deyil.
Məhz
bu fikri söyləyəndən sonra belə bir sual ortaya
çıxır - bəs Cəlalilər üsyanının
başçılarından biri sayılan Koroğlu kim olub?
Bu suala düzgün cavab vermək üçün
XVI-XVII əsrlərin tarixi hadisələrindən bəhs edən
qaynaqlara tamam yeni gözlə baxmaq, onları indiyə qədərki
açıqlamalardan fərqli olaraq yalnız güclü təfəkkür
prizmasından keçirmək lazımdır. İndi əlimdə
olan faktlara söykənərək deyə bilərəm ki, Cəlalilər
üsyanı başçılarından kimsə
özünü Koroğlu adlandırmış və bu adla səlnamələrə
düşmüşdür. Əslində
Koroğlu onun öz adı olmamışdır. Həmin dövrün səlnamələrində rast
gəlinən Kosa Səfər, Bəlli Əhməd,
Tanrıtanımaz, Dəli Həsən adları haqqında da
eyni sözləri demək olar. Onların
da adları heç Səfər, Əhməd, Həsən
olmayıb. Qarabağ döyüşlərində
kimlərinsə Qatır Məmməd və b.
adlandırılmasını yada salmaq kifayətdir. Bu gün də Azərbaycanda atalar öz
övladlarına şairlərin, qəhrəmanların
adlarını verirlər.
İ.P.Petruşevski
də Arakel Təbrizlinin kitabına söykənərək əvvəllər
Koroğlunu Cəlalilər üsyanı ilə
bağlamış, lakin sonralar bu fikirdən dönmüş,
daha doğrusu, onu bir qədər dürüstləşdirərək
yazmışdır: "Ola bilər ki, Cəlalilər hərəkatının
başçılarından biri daha qədim əfsanələrlə
şöhrətlənmiş olan Koroğlu adını
sonralar öz üstünə
götürmüşdür". Buradakı
"daha qədim əfsanələrlə şöhrətlənmiş
Koroğlu" fikri daha doğrudur.
Yeri olmasa da, burada bir fikiri vurğulamaq istəyirəm. İ.P.Petruşevskinin
əsərinin ilk adı "XV əsrdə və XIX əsrin
əvvəllərində Azərbaycanda feodal münasibətlərinin
tarixinə dair oçerklər"dir. Təbii ki, burada Ermənistandan
söhbət getmir və gedə də bilməzdi. Lakin İ.P.Petruşevski bu əsəri yenidən
işləyib adını da "XV əsrdə və XIX əsrin
əvvəllərində Azərbaycanda və Ermənistanda
feodal münasibətlərinin tarixinə dair oçerklər"
qoymuşdur. Artıq burada alim Ermənistandan
ayrıca dövlət kimi danışır, halbuki
bütün tarixi qaynaqlardan məlumdur ki, 1920-ci ilə qədər
tarixdə heç vaxt Ermənistan adlı dövlət
olmayıb. Deməli, İ.P.Petruşevski
araşdırdığı dövrdə Azərbaycanın
olmuş, 1920-ci ildə Ermənistan yaradılarkən ona
verilmiş İrəvanı, Zəngəzuru, Göyçəni
Ermənistan kimi qələmə verir ki, bu da ən azı
tarixi saxtakarlıqdır.
Bir sıra tarixi dəlillər Koroğlunun XVI-XVII əsrlərdə
deyil, ən azı XIV-XV əsrlərdə
yaşadığını göstərməkdədir. Bunlardan ən
birincisi tüfəng məsələsidir. Biz tüfəngi ilk dəfə "Koroğlunun
qocalığı" qolunda görürük. Tüfəngin çıxması Koroğlunun
qocalığına təsadüf edir. Koroğlu "Mənmi
qocalmışam, ya zəmanəmi?" qoşmasının
dördüncü bəndində tüfəngin
çıxmağı ilə mərdliyin getdiyini bildirir:
Axır əcəl
gəldi yetdi, ay haray!
Çəkdiyim
qovğalar bitdi, ay haray!
Tüfəng
çıxdı, mərdlik getdi, ay haray!
Mənmi qocalmışam,
ya zamanəmi!
Deməli,
Koroğlu bir ömür igidliklər eləmiş, qəhrəmanlıqlar
göstərmiş, bir ucu Bağdad, bir ucu İstanbul arası
dünyanın yarısını gəzmiş, ancaq hələ
tüfəngin nə adını eşitmişdi, nə də
üzünü görmüşdü. Halbuki,
cox uzağa getməsək, Çaldıran
döyüşündə - 1514-cü ildə Osmanlı
sultanı Sultan Səlim Şah İsmayılın
üstünə tüfənglə yox, toplarla gəlmişdi.
Deməli, 1514-cü ildə tüfəng
artıq topun kölgəsində qalmışdı.
Tüfəngin təxminən XIV əsrdə meydana
çıxdığı məlumdur. Şah İsmayıl Xətainin
hakimiyyəti illərinə aid "Bakı qalası"
miniatüründə isə əllərində tüfəng
tutmuş döyüşçülərin təsviri
vardır. Deməli, rəssam tüfəngin
özünü görmüşdü ki, onun mükəmməl
rəsmini çəkmişdir. Mirzə
Abbaslının yazdığına görə, tüfəng
Azərbaycanda XV əsrdə məlum olmuşdur. Əsasən XV əsrin sonu, XVI əsr hadisələrindən
bəhs edən "Cahanarayi-Şah İsmayıl Səfəvi"
adlı salnamədə də tüfəngdən söhbət
açılır. Təxminən 1444-1481-ci illərdə
Osmanlı sultanı olmuş (1446-1951-ci illərdə hakimiyyəti
II Murad ələ almışdır) və Fateh adı ilə
tanınmış II Sultan Mehmedin vaxtında Türk ordusunun
odlu silahla silahlandığı, hətta top, qumbara və bomba
kimi güclü partladıcı silahlara malik olduğu mənbələrdə
göstərilir.
Göründüyü kimi, burada tüfəngin adı
da çəkilmir, söhbət topdan, bombadan, qumbaradan gedir. Deməli, həmin
dövrdə, yəni II Sultan Mehmet Fatehin hakimiyyəti
dövründə (1444-1481-ci illər) Osmanlı ordusu
üçün tüfəng artıq ikinci dərəcəli
silah sayılırmış. Belə
çıxır ki, tüfəng lap əvvəldən, bəlkə
də XIV əsrin ortalarından məlum olub. Bu da Koroğlunun ən geci I Murad dövründə
yaşadığını göstərir.
"Koroğlu" eposunu dövrün hərbi-siyasi
durumundan təcrid edilmiş halda öyrənmək olmaz. Ona görə
də həm XVI-XVII, həm də XIV-XV əsrlərdə
Türkiyədə və Azərbaycanda mövcud olmuş hərbi-siyasi
durumu nəzərdən keçirmək lazımdır.
XVI əsrdə Osmanlı dövlətinin kifayət qədər
güclü nizami ordusu vardı, ölkə mərkəzləşmiş
qaydada idarə olunurdu. 1593-cü ildə Azərbaycanın
böyük bir hissəsi Osmanlı dövlətinin
tabeçiliyinə keçmişdi, Çənlibel də
daxil olmaqla həmin ərazilərdə əhali adbaad
siyahıya alınmışdı. Bir
çox Avropa dövlətləri Osmanlı dövlətinin
qüdrətindən qorxuya düşmüşdü.
Bunları düşündükcə belə suallar
çıxır ortaya: Koroğlu təpədən-dırnağa
odlu silahla silahlanmış Osmanlı ordusunun qabağına
qılıncla çıxıb Nigarı qaçırda bilərdimi?
Bürcü Sultan öz ordusu odlu silahla
silahlandığı halda, Koroğlu ilə döyüşə
qılıncla gedərdimi? Əlbəttə,
bu suallara müsbət cavab vermək mümkün deyil.
Ancaq bir sualın cavabı artıq aydındır ki,
Koroğlu tüfəng çıxmamışdan əvvəlki
dövrdə yaşamışdır. Sonra görəcəyik
ki, başqa faktlar da bu fikrləri təsdiqləyir.
XVI əsrdə Azərbaycanda da qüdrətli Səfəvilər
dövləti vardı. Onun da ordusu odlu silahla
silahlanmışdı. Deməli,
Koroğlunun iki qüdrətli imperiyanın qabağında bu
cür at oynatmağı üçün şərait yoxuydu.
İndi gəlin XIV-XV əsrlərin tarixinə qısa nəzər
salaq. Həmin dövrdə Ağqoyunlu və Qaraqoyunlu
tayfaları hakimiyyət uğrunda daim mübarizə
aparırdılar. Osmanlı dövləti
də təzə yarandığından yetərincə
möhkəmlənməmişdi. 1402-ci ildə
Ağqoyunlu qoşunu Ankara yaxınlığında I Sultan
Bayazidlə vuruşmuşdur. Diyarbəkir
bir müddət Uzun Həsənin paytaxtı olmuşdur.
Bəlkə "Koroğlu"
dastanındakı Bürcü Sultan Sultan Bayaziddir, bu adı
aşıq asan olsun deyə Bürcü Sultan kimi tələffüz
edə bilərdi. 1472-ci ildə
Ağqoyunlu ordusu Toqatı da almışdır. Bütün bunlar da həmin dövrdə
Koroğlunun Çənlibeldə dövran qurması
üçün nə qədər gözəl şərait
olduğunu aydın göstərir.
Burada bir faktı da gözdən qaçırmaq olmaz ki,
Koroğlu hər halda 150 ildən çox yaşayıb və
tüfəng onun qocalığı illərində bəlli
olur. Koroğlu özü bir şeirində deyir ki,
"Yüz il lotuluq işlətdin, Axır oldun xam,
Koroğlu". Yüz il vurub-tutan,
lotuluq işlədən, haqqı nahaqdan, düzü əyridən,
yaxşını pisdən seçən və qoruyan
Koroğlunun cavanlıq və qocalıq illərini də nəzərə
alsaq, onun yüz əlli il yaşadığı şübhə
doğurmur. Əgər Koroğlunun qocalığı Sultan
Mehmet Fateh dövrünə düşsə belə,
cavanlığı ən azı 100 il əvvələ, Orxan
Qazi dövrünə (1324-1360) gedir. Bu tarix Bolu
bəyin yaşadığı dövrlə də
üst-üstə düşür (1335-1336).
Şah
İsmayıl Xətai dövrünü yaxşı öyrənmiş
Mirzə Abbaslı da rastlaşdığı faktlara söykənərək
Koroğlunun XVI-XVII əsrlərlə, o cümlədən, Cəlalilər
üsyanı ilə bağlanmağının heç bir əsası
olmadığını söyləmişdir:
"..."Koroğlu" eposunun son əsrlərlə
bağlanılması da demək olar ki, elmi dəlillərlə
əsaslandırılmamış, ötəri mülahizələr
halındadır. Həmin dastanlar və eposda XVI-XVII və
XVIII əsrlərin müəyyən ictimai hadisələri ilə
uyğun gələn səsləşmələr isə
onların şifahi yolla ağızdan-ağıza dolaşdığı
tarixi şəraitlə əlaqədar dəyişikliklərə
uğraması, bir qədər "yeniləşdirilməsi",
qədəm basdığı hər bir əsrin "yeni rəngini"
alması ilə izah edilərsə, daha düzgün
olardı".
Çox maraqlıdır ki, "Koroğlu" eposunda
Babək hərəkatının da, Çaldıran
döyüşünün də, sonrakı hadisələrin
də (M.H.Təhmasib bunlar barədə yazmışdır)
izlərini görmək mümkün olduğu halda, Cəlalilər
üsyanının izlərini görmək mümkün deyil.
"Koroğlu"dan danışarkən Misri
qılınca toxunmadan keçinmək olmaz. Bildiyimiz kimi,
Misri qılınc və Qırat yalnız Koroğluya məxsusdur
və onun adı ilə bağlıdır. Əgər bu faktı qəbul eləsək onda Misri
qılınc sözünə XV əsrdə aid mənbələrdə
rast gəlinməsi də Koroğlunun XVI-XVII əsrlərdə
yaşadığını şübhə altına alır.
Hələ XIV əsrdə yaşamış
böyük Azərbaycan şairi Nəsiminin XV əsrin
ortalarında üzü köçürülmüş ən
qədim əlyazmalarından birindən
götürülmüş "Zülfünü ənbərfəşan
etmək dilərsən, etməgil" misrası ilə
başlayan qəzəlində "Misri qılınc" ifadəsinə
rast gəlirik. Bu şeirdə gözəlin qəmzə
oxu Misri qılıncla tutuşdurulmuş, Misri qılınc bənzətmə
yerində işlədilmişdir:
Qəmzədən
Misri qılınc vermişsən əsrük türkə kim,
Qan bəhasız
necə qan etmək dilərsən, etməgil!
"Koroğlu" dastanında adı daha çox
hallanan, hətta bütün Osmanlı paşalarından,
xanlarından və bəylərindən cəsarətli
çıxaraq ilk dəfə Çənlibel üzərinə
hücum edən Bolu bəy olmuşdur. Türk mənbələrində
Bolu bəyin təxminən Orxan Qazi dövründə, yəni
XIV əsrin ortalarında yaşadığı və Anadolu bəyi
olduğu göstərilir: "Elxan Əbu Səidin vəfatı
sıralarında (1335-1336) Uclarda hökmranlıq edən bəyliklər
və onların dayandığı ordunun miqdarı
haqqında İbn Fədlullah Əl-Ömərinin biri Anadolu və
digəri Cənəvizli olmaqla iki ravidən nəql etdiyi nəlumatdan:
"Qaraman məntəqəsindəkilərini bir yerə
qarışdıraraq verildiyi görünən Toğruloğlu
və İbn Bəttutənin də ziyarət etmiş
olduğu Bolu bəyi və yerləri yaxşı təyin
olunmayan Toğancıq və Yaqub bəylər də
vardır".
Məncə, bu faktın üzərində ətraflı
dayanmağa dəyər. Burada söhbət Bolu bəyin
yaşadığı yerin və dövrün dəqiqliyindən
gedir. Deməli, Bolu bəy 1335-1336-cı
illərdə Anadolu bəylərindən biriymiş. Bu, hələ o dövr idi ki, Osmanlı dövləti
təzəcə yaranmışdır, bütün bəyliklər
bir dövlət halında birləşməmişdir. "Koroğlu" eposundan isə bütün
Osmanlı dövlətinin Xotkarın hökmü altında
olduğunu bilirik. Deməli, Osmanlı
dövləti həmin dövrdə möhkəmlənmişdi,
bütün bəylərbəyiliklər Orxan Qazinin tabeliyinə
keçmişdir. Halbuki, ondan bir qədər öncə
Orxan Qazinin özünün Təbrizdə Çobanlılara
və Ənuşirvana vergi verdiyi mənbələrdə
göstərilir: "Yəni Orxan Qazi də Təbrizdə
Elxanlı hökumətinin davamını təşkil edən
Çobanlılara və onların xanı Ənuşirvana
vergi verən bəylər arasında zikr edilmişdir".
"Koroğlu" dastanı bütövlükdə
tarixi hadisələrin bədii ifadəsi olsa da, Çənlibel
zülmün, zalımlığın, qəddarlığın
əli çatmayan, xotkarların, paşaların ünü
yetməyən, insan arzularının yolunub ayaqlar altına
atılmış çiçəklər kimi
solmadığı bir ideal dünyadır.
Koroğlunun
Cəlalilər üsyanı ilə
bağlanmadığını aşağıdakı tezislər
şəklində ümumiləşdirmək olar:
1.
"Koroğlu" dastanında bir dənə də üsyan
motivi yoxdur.
2.
Koroğlu və dəlilər hakimiyyət uğrunda
vuruşmur, kimisə taxtından salıb yerində oturmaq istəmirlər.
3. Cəlalilər
hərəkatının başçısı
Qarayazıçıoğlu haqqında nə Türtkiyədə,
nə də Azərbaycanda iki-üç sözdən ibarət
ən xırda bir folklor örnəyi yoxdur. Xalq
heç vaxt Cəlalilər üsyanının
başçısını qoyub, onun əllinci-yüzüncü
adamını epik qəhrəman seçib, haqqında bu boyda
epos yaratmazdı.
4. Tüfəngi Koroğlu ilk dəfə
qocalığında görür. XV əsrin
ortalarında Azərbaycanda tüfəng olmuşdur. Deməli, Koroğlunun qocalığı XV əsrin
ortalarına düşür. Bu da o deməkdir
ki, Koroğlu XIV-XV əsrlərdə yaşamışdır.
5. Cəlalilər
hərəkatı zamanı bütün Azərbaycan
Osmanlı dövlətinin tərkibindəydi. Çənlibel
də daxil olmaqla vergi ödəyicilərini saymaq məqsədilə
əhali adbaad siyahıya alınmışdır.
6. Cəlalilər
üsyanı dövründə Osmanlı ordusu topla-tüfənglə
tam silahlandığı halda, Koroğlunun səfərlərində
bircə dəfə də top-tüfəng görünmür.
7.
Dastanın əsas iştirakçılarından biri olan Bolu
bəyin adı 1335-1336-cı illərdə Anadolu bəyi kimi
çəkilir. Hasan paşa, Həsən xan adlarından fərqli
olaraq Bolu bəy nadir addır və Türkiyə tarixində
onun adına bir dəfə rast gəlinir.
Deyilənlərdən belə çıxır ki,
Koroğlu XIV əsrdə yaşamışdır. Onun yalnız
qocalığı XV əsrin əvvəllərnə və ya
ortalarına düşmüşdür. Bu
fikri söyləmək üçün yuxarıda
toxunulmuş tarixi faktlar kifayətdir. Əldə olan
faktlar Koroğlunun XIV-XV əsrlərdə
yaşadığını təsdiqlədiyi halda, onun Cəlalilər
üsyanına bağlanması ilə nə cür
razılaşmaq olar! Burada oxşarlıqlar
axtarmağın heç bir mənası yoxur.
Çünki Koroğlu milli qəhrəmandır: onun qəhrəmanlıqlarını
xalq öz yaddaşında yaşatmış, onun hər səfəri
danışıla-danışıla dastanın bir qoluna
çevrilmişdir ki, bunlar da dastan söyləyən
aşıq və şairlərin artırmalarından, təhriflərindən
qoruna bilməzdi. "Koroğlu" eposuna həmişə
zamanın, əsrin donu geydirilmişdir. Onun
bir sıra tarixi hadisələrlə səsləşməsi
də bundan irəli gəlir. Ancaq
"Koroğlu" eposundan XVI-XVII-XVIII əsrlərin
donlarını soyundurduqda, onların altında XIV-XV əsrlərin
rəngləri və çalarları görünür ki,
"Koroğlu"nun ilkinliyini yalnız bu rəng və
çalarlarda axtarmaq və görmək lazımdır.
İslam SADIQ
Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.24-25.