Dünyayla oyna
Oyna, dünyayla oyna
Uzunu-eni sevəcək.
Sən heç özünə baxma
bu filmin sonu sevəcək.
Boş ver, burax başın
getsin,
Arxasınca daşın getsin,
elə et ki, işin getsin,
bax onda hamı sevəcək.
Belə
baxma naşı-naşı,
kimdi ki ömür yoldaşı,
axırda hamı
yadlaşır,
sonda başdaşı
sevəcək.
Məktubun sonu
"Təyyarə bileti almışıq
gəl" deyirdilər
Görsəl danışırdılar
Osa, Osa
Məktub
gözləyirdi
Qocalan, kədərli, tənha itiylə
Dayanıb yola baxırdı.
Kimi gözləyir ki
bilmirdi ancaq.
Yolda adam yoxdu,
Bakı da bomboş,
Gündüzlər əsəbi, gecələr
sərxoş.
Göydə çox dayanma,
Allah, yerə düş
Mənə məktub gətir, bilim ki varsan.
O qədər sevdim ki
Mən səni o qədər sevdim ki
Vallahi, cıqqana sevdim
Qolum açıldığı qədər
Yolum Məbədə uzanınca
Yanan ulduzlar sönüncə
sönən ulduzlar Qütb ulduzuna
dönüncə sevdim
Səni
o qədər sevdim ki,
"Sevirəm" deyə bilməyənə qədər
sevdim
Sevgi nədi
bilməyənə qədər.
Qocalmışdı O
O, qocalmışdı
özü bilmirdi amma
elə bilirdi bir uşaq
yenə dəliqanlıdı.
Fərqində deyildi
məhrəm yerində
ağ tükü görüncə
O, qocalmışdı,
qocalmışdı O.
Həmişə, hər yerdə
xatirə danışmağından
bildim,
Bildim ki, qocalıbdı.
Qurumuş ağacları sulamazlar
O, anadan olanda
atası əkmişdi
onun adına.
Budaqlarından asılan yelləncəkdə
Gündoğanla Günbatanın arasında
yellənmişdi balaları
Kölgəsində şellənmişdi
imisti yay havaları.
O da qocalmışdı, indi ağac da
qurumuşdu ağac,
qocalmışdı o
Göz yaşı ovcunda
sozalmışdı o.
Eynən
atası kimi
o da ağac əkmişdi
balasının adına.
Fidanlarla
birgə
sulayırdı quruyan ağacı.
Quruyan ağac
indi ata-anaydı, övladdı, qardaş-bacı.
"Quruyan ağacları sulamazlar"
pıçıldadı ahıl
qonşu
"Qocaldıqca ağlın çaşıb
yaman xəfifləmisən".
Düşündü ki, düz deyir
baltaya bülöv çəkdi.
- səhər kəsərəm, - düşündü.
Açıldı sabah,
əlində balta
yeridi quruyan ağaca sarı
elə yeriyirdi ki
axşama çatardı
on addım yolu.
gözündən yaş
baltadan qan damcılayırdı -
balta qan ağlayırdı.
Sevdiciyim
Sən hardan biləsən eşq nədi
Dünyaya gəlişim-gedişim
səni görmək üçün bir bəhanədi
gəl bu eşqin şərəfinə
içəyim
Sevdiciyim, sevdiciyim.
Dilimiz, dinimiz yox
biri-birimizi görmədən
anlaşdıq
zamanları, sərhədləri
zibilqabına atdıq
"ox hay" - deyib bu havanı udduq
solmaz çiçəyim,
Sevdiciyim, sevdiciyim.
Hər şey keçəridi
eşq qalır ancaq
Hər şey əvvəl-axır
eşq olur ancaq
zaman-zaman
sənə verdiyim çiçəklər solacaq
Gedirəm, yenə gələcəyəm
heç hara getmə
Sevdiciyim, sevdiciyim.
Şeytanə
Bilirsənmi, Şeytancığım,
ağ yaylıqlı sərçə qanadı
əlsən
elə hey mən gedərgi...
nə mən yoruldum
tərk olunub, tərk etməkdən,
nə də sən yoruldun
ağ yaylıq yelləməkdən.
...Bütün yollar limanlara çıxırsa
arxamızca ağ yaylıqlar yağırsa
adına həyat
dediyin
Bazar-məzar arası yolsa
hayıf ki,
ağ yaylıqlı sərçə qanadı
əlsən,
Şeytanəm, Şeytancığım.
Yağış gözlüm
yağış içdim,
dəli olmadım
göz yaşını
içdim, sonra
Mənə elə baxma, yağış gözlüm.
Yağış gözlüm,
Hərdən yağ
nə olur
səbrimin, qəbrimin
üstünə yağ.
Buludlarımız toqquşsun
ikimiz bir yağış olaq,
yağış gözlüm.
Çayxana
I
Ev-çayxana marşrutuyla
işləyər ayaqları.
Əlləri işləyər nərdin
üstündə
taleyi zərə bağlı
çayxana eksponatları.
Burada
əl-ayağa dolaşan
vaxtı yığıb
neçə-neçə adama
ömür düzəltmək
olar.
Ey vaxtı çatmayanlar,
Üzürük süd içində
-
vaxt bolluğunda
Çayxanaya girincə
dayanar saat
Qapalı
bir zonadı
fəsillər də yan keçir.
Çay
içirdim dostlarla
çağırdılar... təcili...
getdim,
3 ay sonra qayıtdım
Gəlib
nə görsəm yaxşıdı;
Yenə
də həmin dostlar
mənim də stulum boş
boş stulun qabağında
buğlanan çay
məni gözləyir.
II
Çayxanada 3 nəfər
Yağışa-qara baxmaz
nərd çığırar,
zər mələr
Şaxta
babaya dönərlər
Vallahi-billahi,
şişirdib eləmirəm.
Özləri gəlmək istəməz
ayaqları gətirər
nə üzlə evə getsinlər? -
Ayaqları aparar.
Əllərinin qorxduğu ciblərindən
hərdən qəpik-quruş
(nə isə
çıxar)
Kəfənini yırtarlar çayxanənin
gedərlər meyxanəyə.
Amma bizim dostlardan
nə alkoqolik,
nə də ki,
əməlli-başlı "Bomj"
çıxar.
Bizdən
olsa-olsa
Çaykolik olar ancaq.
2005
Kirayənişin köçü
Dur gedək, daha vaxtdı,
(Hər divarda bir təqvim).
Əzabından qurtulaq,
Məscidin yanında kirayə evin.
Qayğılar tökülübdü
Otağın hər küncünə.
Onu da götür, gedək,
Avtobusa gecikmə.
Turanın, Nurayın da
Saçlarını hör, gedək.
Elnurun pişiyinə,
Bir az çörək
ver, gedək.
Dur gedək,
sərgərdanım.
1985
Özü qərib, qəbri
qərib
Vidadi Məmmədov adlı birisinə
"Volçıy-vorot" məzarlığı,
kasıb bir qəbir...
qəbir üstə
gül əvəzi
üç badə
var
qara çörək,
acı bibər,
bir tikə pendir...
Aralıda məzarçı
elə şövqlə
qəbir qazır
Buğlanan torpağa baxıb
adamın ölməyi
gəlir.
Üç badə var,
Sağlıq deyir bir nəfər
"Vəsiyyət eləmişdi:
- Qəbrimin üstündə
yeyib-içərsiz
Bəlkə ruhum dincələ".
Qaldı
qəbir üstündə
Üç badə üç
gül kimi,
bomboş araq şüşəsi
balaca baş daşıydı.
Gələndə üç nəfərdilər
Gedəndə dörd oldular.
1997
Şəhər kənarında
Gölməçələr...
Rəngi
bilinməyən itlər...
İtlərin ölü ulartısı.
Xəzərin şəkli vardı
Yüz yaşlı bakılının
qocalan gözlərində.
Bir də ki, elə
hey pıçıldayırdı:
"Torpağımı torba ilə daşıdılar".
O qoca
adamdan çox
Burada yem axtaran
böyük qarğaya
oxşayırdı.
Bu hansı quşdu belə
hisə-pasa bulaşan
nəğmələr oxumada...
Yaddaşım bu gölməçə
Oyanmır bir ləpə də.
Şəklini çəkim, Xəzər,
Şəklini çəkim, külək,
Şəklini çəkim, öləziyən
duyğular,
Göndərim sabahlara,
Bir də
robot Allahlara.
1986
İşsiz
Bir gün işdən çıxdı
"öz xahişilə",
İtirdi
dostlarını
üz tutub gedə-gedə.
Üzünə tutduğu gecələrdə
-
Bakının küçələrində
küləklər girdi qoluna.
Umudunun xarabasında
Qulaq asdı
bayquşların səsinə
solan çiçəkləri
ağ, bəyaz əllər
atdı zibil yeşiyinə.
Ülgüc-ülgüc duyğuları
içindəcə pas atdı.
Öncə arvadı getdi...
Əlləri və sözləri
uzanmadı gedənlərin
dalınca.
Köhnə evin içində
sınıq-salxaq bir
divan,
dairəvi miz qaldı,
Fikrini cəmləməyə,
Ötənləri anmağa.
Əzik-üzük bir şəklə
baxırdı hər gün:
Yaz içində dayanmışdı
atası
əlində atın
cilovu,
O da atın üstündə.
"Tarqovı"da
hürkə-hürkə
gəzən adam
Bakının ən xoşbəxt
küçəsidi bu,
Burda nə Qarabağ, işsizlik nədi?
Bir dəfə gəlib keç bu "Tarqovı"dan,
Tüpürüb gedərsən öz həyatına.
Hamısı ayrıca materialdan,
Sən də ki, bir ayrı
əşyasan, nəsən?
Harada düşmüsən "cənnətməkana"
Bir də bu küçəyə çətin dönəsən.
Görürsən utanır əyin-başından
Rəssamlar, şairlər çıxır
qarşına.
Araq pulu verir onlara
küçə,
Deyir həqarətlə "yeri,
araq iç".
Həsəd apararsan burda itə də,
Hamı bir-birinə özün göstərir.
Sehrli küçədi... bir kimsə bilmir
Haradan başlayıb
harda qurtarır.
Kəramət
Ədəbiyyat qəzeti.- 2018.- 14
iyul.- S.4-5.