Səhnə atəşinin magik hipnozu – PAQANİNİ...
Paqanini
musiqisinin fərqliliyi onu dinləyən şəxslərə
hər şeyi unutdururdu. Hətta çalğı zamanı huşunu itirənlər
də olurdu...
Onu İblis adlandırırdılar. Xarici
görünüşünün qəribəliyi,
çalğısının möhtəşəmliyi hələ
sağlığında onun haqqında mifik əfsanələrin
yaranmasına səbəb olmuşdu. Bəli,
hamı üçün Paqanini qəlbini şeytana
satmış, okkultiv elmlərlə məşğul olan cadugər
idi. Çünki bu nəhənglikdə qabiliyyət,
bacarıq, istedad yer adamına məxsus ola
bilməzdi. Buna görə fövqəl gücə,
fövqəl istedada malik olmaq gərəkirdi. Elə o səbəbdən də Nikkola hamı
üçün sirr olaraq qalırdı.
Dövrünün tənqidçiləri bu genişlikdə
papulyarlığı sadəcə şişirdilmiş, şouya
çevrilmiş kimi qələmə verirdilər. Halbuki, bu sözləri dilinə
alan şəxslər bir dəfə onun
çalğısını eşitməklə məftun
olurdular. Sonra isə bu heyranlıqdan,
qulaqların ilk dəfə eşitdiyi bu möhtəşəm
ifadan qorxuya da düşürdülər. İblisin toruna ilişməkdən, Tanrıdan
uzaqlaşmaqdan həyəcanlanırdılar. Elə bu səbəbdən də bacardıqları
qədər onun istedadının üzərinə qara
yaxmaqdan çəkinmirdilər.
Adi, sadə ailədə dünyaya göz
açmışdı gələcəyin ulduzu. Sayca ailənin
üçüncü övladı idi. Olduqca
zəif immunitetə malik idi.
Kiçik yaşlarında atasının məharətlə
ifa etdiyi gitaranı, mandolinanı əlinə götürər,
simləri heyranlıqla dilləndirərdi. O vaxtar ata bütün
gücünü böyük oğlu Karlonun ifasına kökləmişdi.
Karloda xüsusi istedad görməyən ata
onların ifası zamanı yanlarında əyləşən,
həssaslıqla çalğıya qulaq asan Nikkolaya diqqət
kəsilir. İlk dəfə beş
yaşında ona mandolinada çalmağı öyrədir.
Deyilənə görə, məharətli ifadan vəcdə
gələn ata onu çalğı alətləri satılan
mağazaya aparır. Mağazanın sahibi 97 yaşı
haqlamış qraf Koziom idi. O, çəlimsiz, olduqca eybəcər
uşağı görüb, istehza ilə, aləti bu balaca
küçük üçün istəyirsən,
sualını ataya verir. "Axı o, ən
balaca amatidən də kiçikdir. Azyaşlılar
üçün nəzərdə tutulmuş gitaranı
ötən həftə satmışam. İndi o, nədə
ifa edəcək ki?".
Altı
yaşlı Paqanini atasına məhəl qoymadan - Qraf nədə
çalmağı əmr edərsə! sözlərini
dilə gətirir. Qoca o dəqiqə pərdənin
yanına yaxınlaşaraq onu açır. Fərqli rəngli,
fərqli biçimli simli alətlər - gitaralar, mandolinalar,
skripkalar, violançellər Nikolonun gözü
qarşısında sərgilənir. Alətlərə
acgözlüklə nəzər salan azyaşlı onların
arasında ən kobuduna, ən eybəcərinə nəzər
salır. Koziom bu
baxışları hiss edərək tozlu skripkanı əlinə
götürür, mənim 97 yaşım var, mən
ömrümün 80 ilini bu alətlərin toplanılmasına
sərf etmişəm, buyur, çal görüm necə
çalırsan, söyləyir. Ata
ağzını sözlə doldurub, biz bura gitara almağa gəlmişik,
fikrini dilə gətirməmiş Nikkola kobud skripkanı
çiyni və çənəsi arasında sıxaraq əminliklə
simləri yerindən oynadır. Əlbəttə,
ata bilmirdi ki, evdə olmadığı zamanlarda anası
Paqaninini gizli olaraq skripka dərslərinə göndərirdi.
Və Nikolo gitarada çaldığı
möhtəşəm ifa qədər skripkanı da eyni
möhtəşəmliklə dilləndirə bilirdi. Çalğını görən ata susur. Koziom Paqaniniyə yaxınlaşaraq onun körpə əlini
gözünün üstünə qoyur. "Bu,
amati skripkasıdır. Çalış
onu böyük konsert salonlarında çalma. O, elə
də güclü deyil", söyləyir. Amma
Paqanini dünya səhnələrini məhz həmin
gücsüz skripka ilə fəth edir.
Onun ifaları hipper emosional idi. O, səhnəyə qəflətən
daxil olardı. Səhnənin gözlənilməz
yönündən çalğısı eşidilərdi.
Onun kobud, eybəcər siması musiqinin cazibəsindən
tamamən fərqli görkəm alardı. O,
bütün ehtirasını,
çılğınlığını musiqi diliylə bəyan
edərdi. Onun uzun burnu, hündür boyu,
üzünə tökülən uzun saçları - hər
şey musiqinin sədaları altında tamamən ayrı
görkəm alırdı. Emosional
çalğı xarici görünüşünün üzərinə
pərdə salaraq onu, ona tamaşa edən milyonların
gözündə cazibədar göstərirdi. Sənət Paqaniniyə parıltı, əbədiyyət,
möhtəşəmlik verirdi.
Musiqinin fərqliliyi onu dinləyən şəxslərə
hər şeyi unutdururdu. Hətta çalğı zamanı
huşunu itirənlər də olurdu. Təsadüfi deyil
ki, Borqeze Feliçe Blancini xatirələrində onun
haqqında belə yazırdı: "Paqanininin möhtəşəmliyini
sözlə ifadə etmək mümkün deyil. Heç kim bu cür ifanı xəyalına belə gətirə
bilməzdi. Ona baxarkən həm gülür, həm
ağlayır, həm də insanlardan üst olan nəsnələr
haqqında düşünməyə başlayırsan. Və bütün bunlar insanın özündən
asılı olmadan baş verir. Başqa
skripka ifaçıları ilə onun bir oxşar cəhəti
- yalnız skripka alətidir".
Əlbəttə, uğurun arxasında həmişə
əziyyət və zəhmət dayanır. Yaradanın sənə
əta etdiyi bacarığa vergi, istedad adı qoyub da kölgəyə
çəkilmək olmaz. Uğurun yolu
yuxusuz gecələrdən, çalışqanlıqdan
keçir. Onun təhsil aldığı
müddətdə necə oxuması haqqında məlumat
yoxdur. Sadəcə məktublaşmalarında
qrammatik, məna səhvlərini görmək mümkün
olur. Amma Paqanini mifologiyanı, dünya
tarixini və ədəbiyyatı mükəmməl bilirdi.
Həm də gələcəyin parlaq ulduzu əslində
doğru-dürüst uşaqlıq da
yaşamamışdı. Demək olar ki,
onun atası eynilə Motsartın atası kimi dahi yetişdirmək
fikrində idi. Saatlarla məşq etmək
Paqanininin həyat tərzinə çevrilmişdi. Düzgün ifa etmədikdə isə
atasının çubuğu onun başının
üstünü alırdı.
Uşaqlıqdan Nikkolanın gözəl musiqi duyumu
qabiliyyəti var idi. O, eşitdiyi bütün səsləri skripkanın
yardımıyla səsləndirmək istəyirdi. Ondan öncəki musiqi ifaçılarının
texnikalarını mənimsəyərək skripkaya yeni
çalarlar, akkordlar, dissonanslar gətirirdi.
Paqanininin ən uğurlu konserti Lukkoda olur. Deyilənə
görə onun ecazkar ifası dinləyiciləri hipnostik duruma
salmışdı. Çalğı
zamanı skripka gah quş səsi, gah fleyta səsi, gah da qəhqəhə
səsini canlandırırdı. Konsert birnəfərlik
ifadan ibarət olsa da dinləyicilər rəngarəng musiqi
çalarlarının burulğanında sanki
ifaçını orkestr müşayiət edirmiş kimi
düşünürdülər. Livornada
isə konsert öncəsi ayağını sındıran
ifaçı səhnəyə axsayaraq gəlir. Bu hərəkət ən çox da onu sevməyənlərdə,
paxıllıq edənlərdə gülüş yaradır.
Bədbəxtlikdən emosional çalğı
zamanı Paqanininin skripkasının simləri də
qırılır. Özünü itirməyən
dahi, musiqini bir sim vasitəsilə ifa etməyə
başlayır. Bu, uğurun zirvəsi idi.
Və Paqaniniyə qədər heç kim
bu zirvəni fəth etməmişdi.
Nikkolanun ilk konserti 11 yaşında olur. Vundurkind
Nokkola məşhur italyan, dünya musiqisi üzərində
öz variasiyalarını ifa edərək ondan yaşca
böyük şəxslərin etimadını qazana bilir.
Virtuoz musiqiçini bir çox imkanlı şəxslər
maliyyələşdirir, təhsil alması üçün vəsait
ayırır. Məsələn, italyan zadəganı
Cankarlo de Neqro Nikkolanı məşhur violançelist
Qirettenin yanına göndərir. Paqanini
ondan musiqini öz beynində canlandıraraq
çalmağı və alətin yardımı olmadan musiqi bəstələməyi
öyrənir. Beləcə, əldən-ələ,
müəllimdən-müəllimə ötürülən
Paqanini istedadının pik nöqtəsinə qədəm
qoyur. Hətta istedadının
texnikasının sirrini karyerası bitdikdən sonra geniş
ictimaiyyətə çatdırmasını da söyləyir.
Bu isə kütlədə ona qarşı daha
çox maraq yaradır.
Yeniyetmə çağlarından böyük salonlarda konsert
verərək yaxşı pul qazanmağı da bacarır. Altı il
ərzində o, dünya səhnələrində yüzlərlə
konsert verir. Bəstələrini yol gedəndə,
xəstəsi olduğu maniakal oyunların gedişatında,
yüngül həyat tərzində bəstələyərdi.
Olduqca dəyişkən xarakterə malik idi.
Həm çox sadə, həm də çox qəliz
idi.
Dünyanı fəth edən Paqanini doğma
İtalyasına vərəmə yaxalandıqdan sonra
qayıdır.
Aramsız öskürək, tez-tez müşayiət olunan
pristuplar onu haldan-hala
salırdı. O, bu ağrılarla üç il
yaşaya bilir.
Musiqiçi
Nitsşedə 27 may 1840-cı ildə dünyasını dəyişir.
Kilsə Paqanininin yüngül həyat tərzinə
görə İtaliyada dəfn edilməsinə yasaq qoyur.
Onun balzamlanmış cəsədi iki ay evinin
zirzəmisində qalır.
Onu dəfələrlə yerdən-yerə
köçürərək dəfn etmişdilər. Yalnız 36
ildən sonra musiqiçinin ruhu rahatlıq tapır. 36 ildən sonra cəsədi Parmada dəfn edilir.
Musiqiçidən bu günümüzə 24 kaprisi, bir
çox variasiyaları, opera və balet mövzuları, skripka
və orkestr üçün yazılmış altı
konserti, gitara və skripka üçün yazılmış
sonataları qalıb.
Ömür harmoniyada olduğun müddətdə öz
həyati anlamına yetişə bilir. Daxilində
özüylə çabası olan, özüylə
döyüş edən insan zahirən də sakit simada
görünə bilmir. Biz belə
insanları tez-tez vurnuxmalarından, narahatlıqlarından hiss
edə bilərik. Bəzən belələri
ölkələri ölkə ardıycan sıralayır.
Kolumb kimi dünya səyyahına çevrilirlər.
Amma daxili harmoniyanın olmaması onlara heç
yerdə rahatlıq vermir. Çünki belələri
özləriylə hesabat aparmaqdan, özləriylə
danışmaqdan qorxurlar.
Ölümündən öncə Paqanini istedadının
sirrini də açmağı unutmur. Söz verdiyi kimi.
Əlində alətin varsa onu yalnız özünü onda
hiss etdikdən sonra istədiyin kimi dilləndirə bilərsən,
söyləyir. Sən
qarşındakının sənə bənzəməsi
üçün ona çevrilməlisən. Ağacı anlamaq üçün ağac
olmalısan, məsələn. Yəni
Paqanini kimi musiqi alətini dilə gətirmək
üçün taxta parçasına özünü
gömüb skripkanın üzərindəki simlərə
çevrilməlisən. O zaman o, sənin istədiyin
dildə danışa biləcək.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.22.