Qadınların hissiyatı ilə oynayan yazıçılar
Onların əsərləri
dünya məktəblərinin
dərsliklərinə salınıb. Onları bizə nümunə göstəriblər.
Onlar yalnız böyük əsərlər
yazmaqda nümunəvidir. Elə ölkə var ki, təkcə
bir yazıçısı ilə tanınır. Ancaq belə ədiblər şəxsi həyatlarında
nümunəvi sayılmayıblar. Bəzən
yarlarını düzgün seçməyiblər. Çoxları da birinci - alınmayan sevgilərinin
heyfini ikincidən çıxıblar. Biz
onları müdrik və ciddi görməyə adət
etmişik. Doğmaları ilə
münasibətlərdə isə əsl xislətləri cəmiyyətdən
gizlin saxlanılıb. Daha doğrusu,
"ev bizim, sirr bizim" prinsipinə əməl edilib. Ancaq bəzi yazıçıların ailə
dramları ictimayyət qarşısında baş verdiyindən
cidanı çuvalda gizlətmək alınmayıb. Əlbəttə, belə xislətlər sonrakı
araşdırmalar zamanı üzə çıxıb.
Onlardan yalnız üçü - Antuan de Sent Ekzüperi, Frans
Kafka, Ernest Heminqueydən söz açacağıq.
Ekzüperinin aldatdığı
qadın
Gözəl qadın, jurnalist Konsuelo Sunsin Antuan de Sent
Ekzüperiyə görə Argentinanın siyasi elitası ilə
dostluğundan əl çəkib. O, buna görə böyük təqaüdü,
güzəştləri itirib, mülkiyyətdən məhrum
edilib. Əvəzində nə alıb? Konsuelo ilə Ekzüperi Buenos-Ayresdə
görüşüblər. Nəhayət,
qərara alıblar ki, nikah bağlasınlar. Onların nikah mərasimi hələ də
müzakirə mövzusudur. Mərasim
Ekzüperinin göz yaşları ilə yadda qalıb.
O, ağlayaraq deyib ki, "mən doğmalarımdan uzaqda nikah
bağlaya bilmərəm". Əlbəttə,
argentinalı xanım üçün də çətin
anlar yaşanıb. Çünki sevgilisi
ilə Fransaya getsəydi, o da valideynlərindən uzaq yerdə
nikah bağlamağa məcbur qalacaqdı. Bu,
argentinalı qızı aşağılamaq idi. Qız həyatındakı birinci nikahına kölgə
salmağı özünə dərd edirdi. Amma sevgi xatirinə razılaşıb. Təki istədiyinə qovuşsun. Fransaya gedərək nikah bağlayıblar. Konsuelonun özünü dünyanın xoşbəxti
sayması bir-iki ay çəkib. Sonrakı
hadisələr həyatını zəhərə döndərib.
İlk xəyanəti evlərinə qonaq gələnlərin
biri ilə ərinin əylənməsi zamanı ifşa edib.
Lakin yazıçı deyib ki, burada ayıb heç nə
yoxdur: "Sən yaxşı bilirdin ki, kimə ərə gəlmisən".
Bu xəyanət içini qovurub. Belə xəyanəti birtəhər unutmağa
çalışdığı aylarda, növbəti hadisələr
yaşanıb. Məşuqələri
artıq çərçivəni aşaraq evə zəng etməyə
başlayıblar. Hər gün
dava-dalaş, üstəlik, Argentinadan doğmaların onu Vətənə
çağırmaları qadının psixi durumunu pisləşdirib.
Onu iki dəfə psixiatriya klinikasına yerləşdiriblər:
birinci dəfə, Ekzüperinin Saxarada təyyarəsinin qəzaya
uğramasından sonra. İkinci
dəfə, onunla gecə məclislərinin birində
mübahisə zamanı. Yaxın
adamlarının sonrakı xatirələrində oxuyuruq ki, həmin
mübahisə səs-küylü olub. Söyüş
və qarşılıqlı ittihamları hamı eşidib.
Artıq sevilmədiyini görən qadın
boşanmaq istəyini dilə gətirib. Nəhayət,
günlərin birində Argentinaya qayıdıb. Ancaq Antuan de Sent Ekzüperi onun ardınca gedib,
söz verib ki, daha əvvəlki səhvlərini təkrarlamayacaq.
İkinci Dünya müharibəsi zamanı Konsuelo Ekzüperiyə
qışqırıb ki, əl çəksin: "Məni
sevən, anlayan adam lazımdır. Mən tək qalmaq istəmirəm". Konsuelo hər şeyi danışıb. Məlum olub ki, bir mayor onu sevir. Qadın
onunla nikaha razılaşıb. Ekzüperi
Konsuelonu anlayıb, yeni xoşbəxtlik arzulayıb. Ancaq dodağını gəmirib. Kiçik qisas almaq pis olmazdı. Söhbət Fransada baş tutubmuş. Yazıçı onu mehmanxanaya dəvət edib.
Oradan mayora zəng vurub ki, Konsuelo azacıq gecikir, bir az gözləsin. Konsuelo xatirələrində
yazıb: "Antuan həmin mayora zəng etməyə getdi. Mən onu 1 saat gözlədim. Mehmanxana
sahibi məni dadlı likyora qonaq etdi. Nəhayət, Tonio
adlı oğlan gəlib dedi:
- Mayor məni göndərdi
sizə xəbər verim ki, daha sizi gözləmək fikri
yoxdur. O, sizdən inciyib. Mənə qulaq
asın, Konsuelo. Niyə mənə ərə
gəlməyəsiz? Mayordan inciməyin.
Bütün kişilər eynidir.
"Mən heç
nə deyə bilmədim. Tezliklə
onunla nikaha girdik. Ertəsi gün bildim ki,
Antuan heç mayora zəng etməyibmiş". Antuan onun mayorla əlaqəsini qırmaq
üçün qadını aldadıbmış.
Sevdiyi qadının rəfiqəsinə
sevgi məktubları yazan
Kafka
Frans Kafka Berlindən olan 25 yaşlı yəhudi əsilli
Felitsiya Bauerlə ümumi dostu Maks Brodun evində
görüşüb. Onda yazıçının 29
yaşı vardı. Xəstəhal vəziyyəti
ilə adamlarda kədər oyadırdı. Özünə əminlik sıfır dərəcəsində
olub. Ancaq buna baxmayaraq, Felitsiya Bauerlə sevgi romanı 5 il çəkib. Yox, elə düşünməyək
ki, 5 il ərzində yüzlərlə
görüşləri olub. Hər ikisi
yalnız 3-4 dəfə görüşüblər, qalan
vaxtlarda məktubla əlaqə saxlayıblar. Yalnız 6 aydan sonra - 1913-cü ildə Berlindəki
rastlaşma zamanı Kafkanın qəlbi odlanıb. Görüş təsadüfən alınıb,
yarım saat çəkib. Qrunevald
parkında gəzişib ayrılıblar. İki
aydan sonra Kafka təklif edib ki, məktublaşmağa son
qoyulsun. 16 iyun 1913-cü ildə qəflətən
20 səhifəlik məktubu ilə Felitsiyaya evlənmək təklifi
irəli sürüb. Lakin əvvəlcə bildirib ki, həkimlə
məsləhətləşməlidir: "Bilməliyəm
ki, ailə həyatına hazıram, ya yox". Daha sonra məktubda
yazılıb: "Felitsiya, indi özün fikirləş,
nikah hər birimizə hansı dəyişiklik bəxş edəcək.
Səni şadlandıran Berlini və işini
itirəcəksən. Sən həm də
ömür boyu arzuladığın - sağlam kişiyə ərə
getməyi, sağlam uşaqlar dünyaya gətirmək xəyallarını
itirəcəksən. Əvəzində xəstə,
zəif, ünsiyyət qurmağı bacarmayan, susqun, tərs,
itmiş insanı qazanacaqsan". Təəccüb
doğuran məqam burasındadır ki, Felitsiya yenə də
"hə" deyib, nikah bağlamağa qətiyyət
nümayiş etdirib. Ümumiyyətlə,
Frans Kafkanın məktubları Felitsiyada qəribə hisslər
oyadıb. Hər şeyi
aydınlaşdırmağa çalışıb, 21
yaşlı rəfiqəsi Qret Bloxu onun yanına göndərib.
Bəs, əvəzində yazıçı nə
edib? Qret onun xoşuna gəlib. Bununla da Kafka hər ikisi ilə məktublaşmağa
başlayıb. Qretə yazıb ki, "səndən
xoşum gəlir", ancaq başqa məktubunda Felitsiyaya yenə
evlilik təklifi edirmiş. Felitsiya yenə
nikaha razılaşıb. Kafkanın Qretə növbəti
məktubu hələ də təəccüb doğurur:
"Mən istərdim ki, toydan sonra üçümüz bir
yerdə yaşayaq: "Biz gözəl həyat sürərik.
Siz mənim əlimdən tutardız, mən də
sizə təşəkkür əlaməti olaraq əlinizdən
tutardım". Qret Kafkanın məktublarının
həmin hissələrini qırmızı qələmlə
halqaya alırmış. Və onları
Felitsiyaya göstərib. "Don
Juan"ı Berlinə çağırıblar. Hər iki qadın onlara yazılan məktubları
yazıçının gözlərinin qarşısına
tutublar. Kafka pərt halda çıxıb
gedib. Nikah yenidən alınmayıb. Üç ildən sonra 1917-ci ildə Kafka yenidən
Felitsiyaya evlilik təklifi edib. Yenə
alınmayıb. Həmin vaxt Kafkanın
boğazından qan gəlirmiş. O, bunu Felitsiya ilə
evlənməyin arzuolunmaz halı kimi anlayıb. Bir daha evlilik təklifini ona yazmayıb.
Üç dəfə boşanan və
arvadlarını ittiham edən
Heminquey
Ernest Heminquey dörd dəfə evli olub. Birinci
arvadı Hedli Riçardsonla ayrılıb, rəfiqəsi
Paulina Pfayferin yanına gedib. Sonra ailənin
dağılmasında Hedlini günahkar sayıb. Bir müddətdən sonra hər iki qadınla məhəbbət
macərası yaşamağa qərar verib. Hətta birinci arvadı ilə Cənubi Fransada yenidən
görüşüb. Ancaq
yazıçının belə hərəkəti hər iki
qadını depressiyaya salıb. Hedli belə
görüşlərə, belə sevgiyə dözməyib,
anlayıb ki, Heminquey, sadəcə, onların hissi ilə
oynayır. Paulina Pfayfer isə qatı
katolik idi. O, nikah bağlamamış Heminqueylə sevgi
macərasının uzun çəkməsini istəmirdi. Onlar nikah bağladılar. Qadın
yazıçıya iki oğlan bəxş etdi. Heminquey
çətin adam olduğundan ikinci ailəsi
də dağıldı. Yazıçının
jurnalist Marta Hellhornla macərası başlamışdı.
Bir müddətdən sonra nikah
bağlanıldı. Yazıçının
çətinliyi bu dəfə də özünü göstərdi.
Onların birgə həyatı uzun sürmədi.
Çünki mübahisə elə ilk gündən
başlamışdı. Üçüncü
arvadı onu biganəlikdə və sərxoşluqda
qınayırdı. Heminquey isə onun işdən evə
gec gəlməsinə əsəbləşirmiş:
"Əgər qadın mənim qayğıma qalmırsa, o mənə
dünəndən lazım deyil". Heminquey
üçüncü arvadı ilə olan nikahı axmaq
zarafat hesab etmişdi. Nobel mükafatı
laueratı dördüncü arvadına qarşı da aqressiv
oldu. Hətta bir dəfə mərasim
zamanı həyat yoldaşına fiziki təzyiq göstərməkdən
çəkinməyib. Hətta Kubaya
köçəndə də mübahisələr səngiməyib.
Ernest spirtli içkilər qəbul edərək
boşqabları sındırır, hətta qonaqların
yanında Merini təhqir etməkdən çəkinmirdi.
Meri ona çox dözdü. Ernest Heminquey intihar edənə qədər onun
qanuni arvadı sayıldı.
Bu da qadınların
hissiyatı ilə oynayan, bütün
günahları daim onların üstünə atan kişilər. Məşhur
yazıçılardan yalnız üçündən
söz açdıq. Belə baxanda digərlərinin
də şəxsi həyatı sakit keçməyib. Əsərləri kimi daim qaynayıblar.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2018.-
14 iyul.- S.23.