Qonaq
Hekayə
Taksi
sürücüsü sorğu-sual edib onun məşğuliyyətini,
Moskvaya gəlməkdə məqsədini artıq öyrənmişdi.
Biləndə ki, Fuad elmi iş hazırlayır, burada arxivlərdə
işləyəcək, indi də bir tanış akademiklə
görüşə gedir, söhbətin yönünü dəyişdi:
- Bizim bu
ilimiz, yəni 1977-ci il, yaddaşlardan silinən deyil...
Bayaqdan
onu səbirlə dinləyən Fuad düşündü ki,
sürücünün araya körpü salmaq cəhdinə
ürəklə ayaq verməməsi nəzakətdən deyil.
Ona görə də dedi:
- Yəqin
bir həftə əvvəl yeni - dördüncü konstitusiya
qəbulunu, ondan əvvəlki aylarda möhtəşəm
idman yarışlarını nəzərdə tutursuz?
- O da var.
Amma ermənilərin metroda törətdikləri
partlayışlar...yeddi günahsız insanın
ölümü... otuz yeddi nəfərin yaralanması... yəni
deyirsiz bunlar unudulandır?
- Əlbəttə,
yox. Dinc sakinlərə qarşı terror ən iyrənc xəyanətdir.
Bəs onda niyə akademik Saxarov terrorçuların müdafiəsinə
qalxır?
- Andrey
Saxarov arvadağızdır. İkinci xanımı
Bonner-Əlixanyan ögey atası Gevork Əlixanyanın tərbiyəsini
götürmüş xəbis qadındır, Andreyin də
başını xarab eləyib... Həə, belə...
İndi vağzallarda Moskvaya gələnlərin
üst-başını az qala mikroskopla yoxlayırlar. Yəqin
sizi də əməlli silkələyiblər...
- Elədir.
Hətta ayaqqabımın dabanına da baxdılar, - deyə
Fuad üzünü "Volqa"nın şüşəsinə
çevirib şəhərin payız mənzərəsini,
yarpaqları hələ tamam saralmamış ağacları,
maşın karvanlarını seyr etməyə başladı
və sanki bununla siyasi söhbətlərə marağı
olmadığını bildirdi.
Taksi
Moskva çayının üzərindəki
körpünü keçib ikimərtəbəli "Motivlər"
restoranının qarşısında dayandı. Dil-boğaza
qoymayan sürücü çıxıb maşının
arxa qapısını açdı. Mer-meyvə ilə dolu
yastı səbətin altından ikiəlli yapışıb
ehtiyatla kənara çəkildi, maşının
qapısını diziylə tez örtdü. Səbətdəki
alma, heyva, armud, nar, feyxoa, sapsarı limon və
portağalları bir də süzüb gülümsədi,
sonra əmanəti sahibinə verdi:
-
Qapını tez örtdüm ki, meyvələrin ətri
maşından çıxmasın.
Fuad
taksinin qapısını yenidən açdı, hər meyvədən
götürüb arxa oturacağa qoydu və pul
çıxarıb sürücüyə uzatdı. O isə
pula baxıb ciblərini eşələdi, qalıq verməyə
hazırlaşarkən Fuad əli ilə "yox" - deyib
sağollaşdı və restoranın girişinə doğru
getdi. Qapıda onu ortaboylu, uzun,
sarışınsaçlı, mavigözlü, təxminən
qırx yaşında, gülərüz bir kişi
qarşıladı.
- Siz Fuad
Bəşirlisiz? Mən Sergey Pavloviçin oğluyam. Adım
Nikitadır. Buyurun içəri, - deyə o, qonağı
xudmani bir otağa gətirdi. Bura ortarütbəli rəisin
kabinetini xatırladırdı.
Pəncərədən
Moskva çayının üzərindəki körpü və
şəhərin boz mənzərəsi aydın
görünürdü. Bir qədər aralıda daha bir
qapı vardı. Nikita həmin qapıya işarə ilə:
- Bura
atamın kabinetidir, - dedi. - Daha doğrusu, onun qonaq
otağı, görüş yeri, şəxsi muzeyidir.
Özü yaradıb.
Nikita
otağın qapısını açdı, içəri
keçdilər.
- Anam
öləndən sonra atam gəlib mənim ailəmlə
qalmaq istəmədi. Öz evinə də yalnız yatmağa
gedir, səhər qulluqçu qadının
hazırladığı yeməyi yeyir, onun səliqəyə
saldığı paltarı geyinir və düzəllənir
universitetə, işdən sonra yenə bura...
Nikita
sonra Fuadın əlindəki səbəti alıb kiçik
jurnal stolunun üstünə qoydu və yaşıl
yarpaqları saplağının üstündə olan meyvələrə
heyranlıqla baxdı:
- Bəh-bəh,
nə gözəl nemətlərdir, əsl natürmortdur elə
bil, çox sağ olun, - dedi və heyvalardan birini
götürüb iyini ciyərlərinə çəkdi.
Uzunsov
otaq muzeyi xatırladırdı. Qədimi divar saatı, bəzəkli
neft lampaları, milli Şərq geyimləri, saxsı və
mis qablar, kəlağayılar, cildi saralmış kitablar,
vallar, patefon... Qapı ilə üzbəüz divarda əlvan
naxışlı "Zili" xalçası, üzərində
də xəncər asılmışdı. Yanda nimdaş
namazlıq diqqəti çəkirdi. Fuad baxdıqca heyrətə
gəlirdi: "Xalça, üzərindəki xəncər,
namazlıq eynilə bizim qonaq otağımızdakı kimidir.
İşə bax e!"
Xalçanın
sağ tərəfində üzərində xeyli orden və
medal olan polkovnik mundiri, yanında rəssam Vasili
Vereşşaginin 1865-ci ildə Şuşada Məhərrəmlik
mərasimində çəkdiyi "Şəbihçilər"
və "Əzadarlar" rəsmləri
asılmışdı. Bu əsərlər yəqin ki,
orijinalın surətləri idi.
"Zili"nin
sol tərəfində isə çox yaraşıqlı
çərçivəyə salınmış bir rəsm
asılmışdı. Çadralı qadın
"Yusif-Züleyxa" xalçasının ucundan tutub
qarşısında durmuş milli geyimdə olan kişiyə
qəzəblə nəsə deyirdi. Kişinin arxasında
Avropa geyimində bir nəfər bərəlmiş gözlərini
qadına zilləmişdi.
Nikita
Fuadın rəsmə maraqla baxdığını
görüb izah elədi:
- Atam
Şərq ölkələrinə, İrana, Azərbaycana
elmi ekspedisiyadan qayıtdıqdan sonra rəssam dostuna bir əhvalat
danışıb. Daha doğrusu, sizin bir
yazıçınız var... Mir... Paşayev...
- Mir Cəlal
Paşayev.
- Hə,
dəqiq, Mir Cəlal Paşayev! Bax, heç otuz yaşı
tamam olmamış o şəxsin yazdığı bir əsəri
mən dünyaya gələn il - 1939-da "Revolyusiya i
kultura" jurnalında oxuyub və əsərdən bir
parçanı rəssam dostuna danışıb. Sonralar
atamın o müəlliflə görüşləri də
olub. Yazıçıların qurultayında. Yox, deyəsən,
sizin respublikanızın burada keçirilən Ədəbiyyat
günlərində. Hə, sonra atamın rəssam dostu onun
sözləri əsasında gördüyünüz bu rəsmi
çəkib. Təəssüf ki, rəsmin altındakı
yazını oxuya bilmirəm.
- Ərəb
əlifbası ilə, amma Azərbaycan dilində
yazılıb: "İtə ataram, yada satmaram", - Fuad dedi
və mənasını tərcümə elədi.
- Əllərinin
şəkərdən əsməsi elə bil az imiş, atam
indi də bu rəsmin üstündə elə əsir ki... -
deyə Nikita gülümsəyərək əlavə etdi.
- Mənim
əllərim hələ ki əsmir, amma şəkərin necə
məkrli xəstəlik olduğunu özümdən bilirəm.
Nikita
yaşıdından bunu eşitcək ciddiləşdi və
qonağının qoluna girib öz kabinetinə apardı:
- Bax e,
necə diqqətsizəm, yol gəlmisiz, yorğunsuz. Şəkər
xəstələri tez acıyırlar axı, atamdan bilirəm.
Çay, kofe? Bəlkə əvvəlcə bir
yüngülvari qəlyanaltı edəsiz, atam indilərdə
gələr, onda əməlli bir süfrə açarıq.
Bilirsiz, atam piyada gəzməyi xoşlayır.
Sürücüsünü evə üç-dörd kilometr
qalmış buraxır, qalan yolu piyada gedir.
Nikita
qalınüzlüklü menyunu Fuada uzatdı, o da gözucu
baxıb, asta səslə "yalnız "Paytaxt"
salatı, vəssalam" - dedi.
Nikita
telefon dəstəyini götürüb kiməsə göstəriş
verdi. Tezliklə sinini bir ovucu üzərində
saxlamış, o biri əlini belinə qoymuş ofisiant
oğlan peyda oldu. Salamlaşdı, salatı, iki tikə qara
çörəyi, duzu, üyüdülmüş qara istiotu,
bir stəkan şirəni, çəngəli ehmalca
qonağın, bir fincan yaşıl çayı, limon dilimlərini
isə Nikitanın qarşısına qoydu, sonra dikəlib
gözlərini restoran sahibinə zillədi. Tünd-qəhvəyi
rəngli önlüyünün ətəyi dizlərindən
də aşağı düşmüş, dümağ
köynəyinin yaxasını qara "kəpənək"
bəzəyən ofisiant Nikitadan "get" işarəsi
alan kimi qapıya yönəldi.
Fuad
çörəkdən bir tikə qopartdı, duza
batırıb yeməyə başlayanda Nikita da
çayından bir qurtum içdi, qonağının
üzünə təbəssümlə baxıb soruşdu:
-
Hazırda nə üzərində işləyirsiz?
-
Qısası, azərbaycanlılar başqa ölkə alimlərinin,
yaradıcı şəxslərinin nəzərində...
- Hə,
maraqlıdır. Mən atamın yolu ilə getməsəm də,
öz sahəmdə mükəmməl təhsil
almışam, iaşə işindən yaxşı baş
açıram. Amma akademik atamın qonaqları, tələbələri,
dissertantları ilə söhbətlərini o qədər
eşitmişəm ki, yeri gələndə məni də
öz adamınız hesab edə bilərsiz, - Nikita
zarafatından qalmadı. Sonra çayından içə-içə
danışmağa başladı:
- Atam
olduğu üçün demirəm, Sergey Çkalin nadir
insanlardandır. Əqidəsini heç nəyə dəyişən
deyil. Bronu olsa da, müharibəyə könüllü gedib,
bir neçə dəfə yaralanıb, orden-medallarını
da gördünüz - o, əlini muzeyin açıq
qapısına uzatdı.
- Amma o,
müharibədən söz açmağı xoşlamır.
Həmsöhbətlərilə gəzib-dolaşdığı,
görüb-götürdüyü müsəlman Şərqindən,
İrandan, Azərbaycandan danışmaqdan isə yorulmur.
Fuadı
maraq götürdü, səbrini basa bilməyib soruşdu:
- Məsələn,
nə danışır?
- Əsasən,
milli-mənəvi dəyərlərdən, yüksək sənətkarlıqdan.
Dəfələrlə eşitmişəm deyib: "Bu
insanların verdikləri söz möhürü, iltizamı əvəz
edir. Namusa, qeyrətə görə başlarından keçərlər,
heç uf da deməzlər. Hələ sənətkarlıqları"...
Fuadın
qulağı Nikitada olsa da, baxışları açıq
qapıdan görünən əşyalara zillənmişdi.
- Deyir, Təbriz
şəhərində Qərbdə, Avropa ölkələrində
olmayan rəssamlıq ənənəsi var. Miniatür məktəbi.
İşıq-kölgəsiz, hər şeyin yastı təsvir
edildiyi bu miniatürlərdə qəribə, al-əlvan, əfsanəvi
rənglərə mat qalırsan. Rəssamlar boyaları da,
nazik fırçaları da, hər ölçüdə
qamış qələmləri də özləri
hazırlayırlar. Fırçanı pişiyin
üçgünlük, inəyin isə yeni doğulmuş
balasının qulaq tüklərindən düzəldirlər.
Nikita
qonağın maraqla qulaq asdığını görüb
bir az da həvəsləndi:
- Deyir,
kağızın, təbii otlardan, meyvələrdən
hazırlanmış boyaların sirri yalnız özlərinə
məlumdur. Deyir, miniatürü və ya digər rəsmi
hansı müsəlman ayının neçəsində
çəkmək də şərtdir. Həə... Belə
vaxtlarda həmsöhbətlərindən kimsə bu sənətkarlığa
yuxarıdan-aşağı baxıb dodaq büzəndə
atam tez sözlərini kəsib deyir: "Sən bu işlərə
məntiq, indiki texnika gözü ilə yox, ruh baxımından
nəzər sal". Eh, atamın ürəyində lay-lay elə
mətləblər yatır ki... Görüşəndə
özünüz də şahidi olarsız.
Nikita bunu
deyəndə çəngəli havada saxlayıb donmuş
Fuada diqqətlə baxdı. Bir ucu çəngələ
ilişmiş sarımtıl uzun tükün digər ucundan
salatdan kiçik bir hissəcik sallanmışdı.
Nikitanın pərtliyini görməzliyə vuran Fuad çəngəli
tez boşqaba qoydu və:
-
Çox maraqlıdır, bəs sonra? - deyə soruşdu.
Nikitanın
telefon dəstəyini qamarlayıb qulağına
tutmağı ilə əlində boş sini olan bayaqkı
ofisiantın içəri girməyi bir oldu. Rəhbərin
qızaran sifətini görüb anladı ki, nəsə
xoşagəlməz hadisə baş verib.
-
Salatı kim hazırlayıb?
Ofisiantın
rəngi ağardı, dili topuq vurdu:
- Deyəsən,
Sa... Saşa.
-
Bunları yığışdır, get ona de ki, elə bu dəqiqə
mühasibin yanına getsin!
Oğlan
tez çıxdı, Nikita isə dəstəkdə kiməsə
yenə göstəriş verdi: "Saşa gələcək,
onu birdəfəlik yola salın".
Bir anda dəyişən
vəziyyəti götür-qoy edən Fuad gülümsəyib
üzünü Nikitaya tutdu, qohumuna, tanışına görə
hansısa rəisdən xahiş edirmiş kimi:
- O
oğlan yəqin cavandır, təcrübəsizdır, - dedi.
- İndi harada, neçə günə, neçə aya
iş tapacaq?
Nikita dərhal:
-
Heç darıxmayın, Saşa dediyimiz o adam qızdır,
özünə tezliklə çox yerdə iş tapa biləcək
birisidir, - dedi.
Fuad yenə
də gərginliyi aradan qaldırmağa çalışdı:
-
Çox hadisələrin
ağır-yüngüllüyünü insanın onlara fərdi
münasibəti müəyyən edir...
- Sizinlə
razıyam. Amma Saşa artıq bizdə işləmir, biz onun
haqqında yalnız keçmiş zamanda danışa bilərik,
- Nikita pərtliyini gizlətmək üçün
gülümsədi.
Akademik
oğlu sonra da yeməkdən tükçıxma ilə
bağlı inanclardan danışmağa başladı və əmin
etdi ki, indi deyəcəkləri qonağına elmi işində
nə vaxtsa lazım ola bilər.
- Biz
rusların inancına görə, yemək zamanı
boşqabında tük görmüş adamı şad xəbər,
yaxşılıq gözləyir. Hətta deyirlər ki,
tük nə qədər uzundursa, hadisə də bir o qədər
ürəkaçan olar. Digər bir yozuma görə, yemək
zamanı ağızda tük tapılması çox
nüfuzlu adamla görüşə işarədir. Əlbəttə,
çoxları bunu estetik baxımdan qəbul etmir və
dediyiniz kimi, baş vermiş hadisənin ağır-yüngüllüyünü
insanın ona münasibətilə ölçür. Daha bir
yozuma görə isə yeməkdən tükçıxma
hadisəsi adamın yuxusunda baş versə, onda
qanqaraldıcı işlər gözlənilir...
Fuadın
gözü Nikitada olsa da, düşüncələriylə
indi tamam başqa aləmdə qərar tutmuşdu.
Açıq qapıdan görünən "Zili"
xalçasının üzərindəki xəncər
vücudunu titrətməyə başlamışdı.
Tük və tüklə bağlı rus inancları da bu tərəfdən.
"Babam
qonağını oğluna etibar edib yas yerinə getdiyi kimi,
akademik Sergey Çkalin də görüş təyin etdiyi
qonağını oğluna tapşırıb. Qırx ildən
sonra eyni vəziyyət... Bu qədər təsadüf
olar"? - deyə Fuad ürəyindən keçirtdi.
- Nikita,
Sergey Pavloviç gələnə kimi mən bir az gəzişim,
gedim körpüyə. Atanız piyada gəzməklə bilir
neyləyir.
Nikita
gülümsəyib başı ilə "bəli"
işarəsi verdi, sonra da nə fikirləşdisə
soruşdu:
-
İşçilərimizdən bir nəfər də gəlsin
sizinlə?
- Ehtiyac
yoxdur, Nikita.
Fuad
restorandan körpüyə gedən cığıra
çıxdı. Hava soyumuşdu, ətraf seyrək dumana
bürünmüşdü. Payızın təslim olmaq istəməməsini,
qışın isə inadla gəlişini xatırladan bu
cür hava ona həmişə nisgillik gətirirdi. Bu cür
qışqabağı havalar vətəndə bir ay sonra
olacaqdı. Vaxtsız qocalmış anası belə günlərdə
həmişə ağır bir faciəni kədərlə
xatırlayırdı.
Rayonun
tanınmış ziyalılarından olan babası moskvalı
qonağını evdə oğluna tapşırıb
demişdi ki, bölgənin nüfuzlu şairinin dəfninə
gedir. Qonağı yedizdirsin, darıxmağa qoymasın,
qulluğunda yaxşı dursun...
Atası
da süfrə salıb, yan otaqda hazırlanmış ləzzətli
xörəkləri gətirib süfrəyə düzüb.
Onun rusca sərbəst danışığı qonağa
çox xoş gəlib. İllah da ona "Sergey
Pavloviç" deyəndə cavan kişinin çiçəyi
çırtlayırmış. Süfrəyə zəfəranlı
plov, şabalıd, ərik, soğanla qovrulmuş ət, sonra
qatıq, göy-göyərti, şərbət də gəlir.
Qonaq yeməyi qaşıqla, atası isə əllə yeyir.
Atası bir az keçmiş qonağına gözucu baxanda
görür ki, onun qaşığından tük sallanıb,
ucunda da düyü yellənir. Donub qalmış atası pərt
olur, nə edəcəyini bilmir, sonra qonağın
qaşığını götürüb cəld qalxır.
"Zili" xalçasının üzərindəki xəncəri
dəlisov tərzdə qamarlayıb "ubyu!" deyib nərə
çəkir. Yan otaqda "hanı gəlinin?" - deyə
qışqırıb, az qala hədəqəsindən
çıxan gözlərini anasına dikir. Anası
oğlunun halına, əlindəki qaşığa baxan kimi məsələnin
nə yerdə olduğunu başa düşür. Hamilə gəlinin
müdafiəsində durur: "Yadından çıxıb
ki, arvadın hamilədir, bu gün-sabahdadır, xörək
iyi ürəyini bulandırır? Biş-düşü ancaq
özüm edirəm, o yazığın nə günahı,
hə?"
Atam bəlkə
də bu sözlərdən sakitləşib xəncəri yerə
qoyacaqdı. Amma qonağın yanında şir kimi durub tələsik,
hirsli başla "ubyu" nidasının əsirinə
çevrilib. Kişi də tüpürdüyünü
heç yalayar? Geri yol görməyən, amma anasını da
canından çox sevən atası iti xəncəri zərblə,
ikiəlli qarnına soxub, özünü qanına qəltan
edib... Yəqin belə yerdə deyiblər ki, insanın taleyi
bir tükdən asılıdır.
Həmin
gün özgə dəfnindən qayıdan babam öz
doğmaca oğlunun dəfninə hazırlaşıb. Mən
də bir aydan sonra belə bir nisgilli havada doğulmuşam.
Çox keçməyib ki, nənəm, ardınca babam
dünyalarını dəyişiblər. Mən isə
atamın qonağını heç vaxt görməmişəm.
İndi o kişinin baxışlarında atama aid bir şey
tapa bilərəm, görəsən?
Bu
düşüncələrlə körpünün məhəccərinə
söykənib gözlərini Moskva çayının lal
axan, civə kimi ağır, tutqun sularına zilləmiş
Fuad Bəşirli hənirtiyə geri boylandı, restoran səmtindən
ona tərəf ortaboylu, arıq, çalsaqqal bir kişi gəlirdi,
dalınca da Nikita. Qoca Fuada on-on beş addım qalmış
qollarını geniş açaraq titrək səslə
"Xoş gəlmisən, oğlum!" deyib kövrəldi...
Şirməmməd Nəzərli
Ədəbiyyat qəzeti.- 2018.- 14
iyul.- S.6.-7.