Dağlar yıxıldığı
zaman...
...Bu
dünya yaranandan üzü bəri "dağların
yıxıldığı zaman" olubmu? Bəs
görəsən ədəbiyyat aləminin korifeylərindən
olan Çingiz Aytmatov niyə son romanını "Dağlar
yıxıldığı zaman (Əbədi Gəlin)"
adlandırıb? 2005-ci ildə Bürüsseldə rus
dilində yazıb-tamamladığı bu əsər -
"Koqda padayut qorı (Veçnaya nevesta)"- 2006-cı ildən
başlayaraq Moskvada üç -dörd il
dalbadal yüksək tirajla nəşr olundu. Sonra
qırğızcaya, türkcəyə və başqa dillərə
çevrildi! Bu son romanı ilə ədib sanki
yer aləminə vida ismarıcı verir. Çünki əsərin
baş qəhərmanı, müstəqil jurnalist, həqiqət
aşiqi Arsen Samançin hardasa Çingiz Aytmatovun
özüdür elə...
Son
müsahibələrinin birində bu əsər haqqında o,
belə deyib: "Dağlar yıxıldığı zaman
(Əbədi Gəlin)" romanında yenidənqurmadan
sonrakı qloballaşmanın konkret insanların həyatına
necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə
cəhd etmişəm..."
Fəlsəfi-publisistik, bədii-etnoqrafik üslubda qələmə
alınmış romanın əsas süjet xəttini Əbədi
Gəlin haqqında qədim qırğız əfsanəsi təşkil
edir.
Çingiz Aytmatov bu əfsanənin məğzini özü
belə izah edirdi: "...Əbədi Gəlin sırf mifoloji qəhrəmandır.
200-300 il keçməsinə baxmayaraq,
iftira atılmış qız hələ də dağlarda
dolaşır və sevgilisinin həsrəti ilə yanır. Ona olan sədqətini anlatmağa və sübut etməyə
çalışır. Mənə görə bu əfsanənin
simvollaşdırdığı tək bir dəyər var:
Eşq - insanın sahib olduğu ən uca dəyər..."
Çingiz Aytmatovun fikrincə, mif
öz-özlüyündə xalq düşüncəsinin
gücünü əks etdirir və hər dəfə ona
müraciət etdikdə, biz elə bil ki, müasir insanın
daşıdığı hər hansı bir keyfiyyətin
tarixi kökünə qayıdırıq. Manqurtu
yadınıza salın. İndi bu obraz
öz-özünü tərk etmiş minlərlə
insanın ümumiləşdirilmiş adına
çevrilib. Fəqət, ədib bu fikri də
xüsusilə vurğulayır ki, miflərə nə qədər
meyil etsək də, bilməliyik ki, ədəbiyyatın əsas
predmeti insandır.
Əsərdə Arsen Samançin və Əbədi Gəlin
obrazı ilə yanaşı öz sürüsündən
qovulmuş Jabbars adlı Qar Bəbirinin hekayəti də diqqəti
cəlb edir.
Jabbars - ovunun üstünə ox kimi
şığıdığına görə "Ox-bəbir"
mənasındadır. Fəqət, dişisi əlindən
alınmış bu qar bəbiri öz sürüsündən
qovulandan sonra dağların zirvəsinə çəkilir...
Müəllif yenidənqurmanın "azmış
durnası" kimi təqdim etdiyi Arseni də Jabbarsla (cəmiyyətlə
təbiəti, insanla heyvan həyatını) paralel təsvir
edir. Arsen nə vaxtsa Qorbaçovla eyni "durna
qatarında" uçmuşdu,
çalışdığı "Ruhaniyyət" qəzetində
hamını sosializmin mənən yeniləməsinə
çağırmışdı.
Amma
artıq nə Qorbaçov vardı, nə o durna qatarı, "azmış durna" da mənəvi
azadlıqdan dəm vurur, meloman kimi musiqini bəşərin
ali azadlığı və gözəlliyi sayır. Və Aydana adlı opera müğənnisinə
aşıq olan Arsen Samançinin ən böyük arzusu
Əbədi Gəlin əfsanəsini opera səhnəsinə
qoymaq və Aydananı bu operada əsas rolda görməkdən
ibarətdir.
Amma
müğənni qız asan şöhrət yolunu seçir
və səsli-küylü restoranda, stadionda oxumaqla pop ulduzu
olur. Beləliklə, sevgilisi Arsenin arzusunu -
Əbədi Gəlini roka, yüngül estradaya qurban verir.
Üstəlik meylini pul qazanmağın yolunu bilən
Ertaş Kurçalova salır.
Arsen Aya
dediyi Aydanadan və onu yoldan çıxaran Ertaş adlı
pop-prodüserindən intiqam almaq üçün
çıxış yolu axtarır: "Sevmək və
öldürmək! Bu necə olur? Məzarda
belə unutmayacağam, bağışlamayacağam!". Bu fikirlər sevgisi və
nifrəti içini didib-dağıdan Arsenə rahatlıq
verməsə də, humanistliyi son anda onu qan tökməkdən,
qisas almaqdan çəkindirir. Arsen
üçün mənəvi dəyərlərini itirmiş
Ertaş və Aydana kimiləri zatən ölü hesab
olunurdu.
Əmisi Bektur Ağanın ingilis dilini bildiyinə
görə Arsenə Tyan-şan dağlarına bəbir ovuna gələn
iki ərəb şahzadəsinə tərcüməçilik
etmək təklifi ona şəhər mühütindən,
"daxili tənhalıq"dan azca da olsa, uzaqlaşmaq
şansı verir. Lakin müəllifin öncədən qeyd
etdiyi kimi, "Taleyin sirr olması özü bir taledir".
Əmisi ilə söhbət zamanı pəncərədən
içəri soxulan qaranquşlar sanki onu irəlidə
gözləyən uğursuzluqdan xəbərdar etmək istəyirlər. Beləliklə,
əsərin qəhrəmanı kapitalist mühitinin, bazar
münasibətlərinin sərt qaydaları ilə üzləşir.
Əslində
müəllif oxucunu 90-cı illərə - Sovet
İttifaqı süqut edəndən sonra dağlar qoynundakı kənddə,
aulda baş verən əxlaqi deformasiyalarla tanış edir. Burada qloballaşma varlılar və kasıblar
üçün fərqli anlam daşıyır.
"Təbiətdən
ayrılmış sivilizasiya ana döşündən
qoparılmış südəmər kimidir" (Rahid Ulusel)
Amma bu romanda sivilizasiyanın, qloballaşmanın təbiətlə
də, cəmiyyətlə də ziddiyyətini
görürük. Sanki zəngin ərəb neft
maqnatları təbiətə - onun qoynunda yaşayan vəhşi
heyvanlara meydan oxumaqdan həzz alırlar.
Sərvət hərisliyinə düçar olmuş
insanların arasında Arsenin sinif yoldaşı Taştanəfqan
da var. O əfqan müharibəsində iştirak etdiyinə
görə bu ləqəbi almışdır. Əslində
daşürəkli bu adamın niyyəti Arsenin vasitəsilə
ərəb şahzadələrini mağaraya salıb girov
götürmək, azadlıqları üçün 20 milyon
dollar pul tələb etməkdir.
Məktəbə
göndərmək üçün övladlarına
ayaqqabı ala bilməyən bu adam Arseni ərəb
milyonçularını tələyə salmaqdan imtina etdiyi
şəkildə öldürməyə belə
hazırdır. Burada müəllif qloballaşan
dünyada insanlığın faciəsini oxucunun gözü
önündə dolğunluqla canlandırır, "Hər
şeyi satışa çıxaran" cəmiyyətin ta bu
günlərəcən davam edən dramını ustalıqla
qələmə alır.
Əslində, Arsen də asan yolla pul qazanmağı
düşünürdü. Niyə?
Çünki Aydananı onun əlindən alan
prodüseri öldürmək üçün ona tapança
lazım idi. Ov üçün ərəb
ölkələrindən gələn iki şahzadəyə tərcüməçilik
etsəydi qazanacağı pullar tapança almağa bəs edərdi.
Lakin ərəb milyonçularına tərcüməçilik
etmək məqsədilə kəndə-aula gələn
Arsenin Eleslə görüşü ona yaşamaq-yaratmaq, həyata
bağlanmaq həvəsi verir.
"Əbədi Gəlin" əfsanəsi Eleslə
Arsenin simasında tamamlanır. Sanki dağlar da onların məhəbbətini
gözləyirmiş... "Əbədi gəlin onların
xoşbəxtliyini qəlbi ilə hiss edərək bir
dağdan digərinə uçub onlara doğru gəlir, Elesin
gitaranın müşaiyəti ilə oxuduğu mahnını
duyur, dağın zirvəsində dayanaraq dinləyir: "Mən
də bunu arzulayırdım. Hardasan, hardasan mənim
ovçum? Səni nə zaman tapacağam", - deyərək
ağlayırdı.."
Amma insanın ümidlərinin də dağlar kimi
yıxıldığı zaman olur.
Bəzən
adama elə gəlir ki, müəllif əsərin
adını "Dağlar yıxıldığı
zaman" qoyanda SSRİ-nin süqutununu nəzərdə tutub,
xalqların bitib-tükənməyən qayğılarını öz
sevgilisini axtaran Əbədi Gəlinin iztirablarına bənzədir...
Sosializmdən
kapitalizmə "dönüş" və ya
"eniş" sovet cəmiyyətində yaşayan xalqlara nə
verdi? Əsərdə
yazıldığı kimi, hər şeyin
alınıb-satıldığı bazar münasibətlərini,
biznes dünyasının acımasızlığını,
qəddarlığını... Hər yerdə - o cümlədən
qırğızlarda da "könüllü şəkildə
öz ruhunu satan", işsizlikdən əziyyət
çəkən adamların pul qazanmaq,
kasıbçılığdan yaxa qurtarmaq naminə cinayət
etməyə, terror törətməyə hazır
olmalarını... "Zənginlərin
var-dövləti okeanlara sığmaz, kasıbların
yoxsulluğu okeanda yer tapmaz!" Zamanə
dəyişmişdi. Əgər keçmiş vaxtlarda
gözəl qadını atın yəhərinə oturdub
qaçırırdılarsa, indi belə qadınların
başına dollar səpmək kifayət edirdi ki, özləri
qoşulub istədiyin yerə getsin...
Müstəqil jurnalist Arsen Samançin bütün
bunları görür, duyur, dərk edir. Amma təkbaşına
cəmiyyətdə baş verən naqisliklərə
qarşı mübarizə aparmaq iqtidarında deyil.
Üzəngili dağlarda məskən salan qar bəbirlərinin
ərəb şahzadələri tərəfindən
ovlanmasını da öz vicdanına
sığışdırmır... Arsen - baş verəcək
fəlakətlər qarşısında təkbaşına
qalan insan obrazıdır...
O, yolunu
azmış insanları düz yola, həqiqətə
çağırır. Ancaq harın ərəb şahzadələrinə
meqafonla: "Qar bəbirlərindən əl çəkin!.. Mən sizə bizim heyvanları məhv etməyə
imkan vermərəm.." deyə səslənməsi
Arsenin həm yaxınları, həm də gəlmələr
tərəfindən fiziki ölümünə səbəb
olur... Beləliklə o, ərəb şahzadələrinin
ovlamaq istədiyi Jabbars adlı bəbirlə eyni mağarada
can verir.
Hər iki
canlının Molotaş mağarasında can vermələrini
müəllif belə təsvir edir: "Bu vəhşi heyvan həyatının
son günlərində taleyini bir insanla
paylaşacağını isə təxmin belə edə bilməzdi...
Halbuki bu qarşılaşma onun alın
yazısı idi. Yenə taleyin oyunu... Can verən iki
canlı: insan və vəhşi heyvan. Hər ikisi də bu
dünyada yolunu eyni şəkildə başa vururdu...
Onları yaralayan silahların təsadüfən, ya da nişan alınaraq
atıldığını, güllənin nə
üçün və kim tərəfindən
atıldığını kim araşdıracaqdı ki?
İndi, əbədiyyətə qovuşduqları vaxt
bunların heç bir önəmi yox idi..."
Arsen
ölüm ayağında Əbədi Gəlinin uzaqdan gələn
səsini duyur: "Hardasan, hardasan, ovçum mənim?" O
da güclə pıçıldadı: "Əlvida, biz bir
daha görüşməyəcəyik..."
Əsərin əsas hissəsi tragik sonluqla bitsə də,
Çingiz Aytmatov "Əbədi Gəlin"i nikbin ruhda qələmə
alıb. İnsan Yaradanın sonsuz naxışlarla xəlq elədiyi
varlıqdır. Müəllif gerçəkliyin
mayasından yaranan Taleyin ədalətinə inanır.
Onun qənaətinə görə, dünya harmoniya üzərində
bərqərardı, burada təsadüfü heç nə
olmur. Əsərdə etnoqrafik, epik boyalarla
verilmiş təsvirlərdə, dünyanın öz yerində
olmasının vacibliyi vurğulanır.
Dağ obrazı Çingiz Aytmatovun bu romanında həm
də taleyin rəmzi kimi təsvir olunur. Tyan-şan - qədim
türk dilində Tanrı dağları deməkdir. Əsərdə dağların zirvəsi əbədiliyin,
ucalığın, Əbədi Gəlin haqqında əfsanə
isə saflığın, sədaqətin,
dürüstlüyün simvoludur. "Taleyin nələr edə biləcəyini
bilmək çətindir, belə olub, əbədiyyətə
qədər belə olacaq və bunu dəyişdirmək
mümkün deyil..." Romanda qloballaşma
çağının problemləri, cəmiyyətin və təbiətin
dərd-səri adamın yadına istər-istəməz
"Dərdimi dağa desəm, dağ əriyər"
fikrini salır.
Bir
çoxları elə düşünürdü ki, bu əsəri
qələmə almaqla Aytmatov Nobel mükafatı
almağı qarşısına məqsəd qoyub, amma bu əsərdə
o, sövet dönəmində yaxşı yaşamış
bütün müasirləri kimi, sanki "dağ boyda"
SSRİ-nin
çöküşünə təəssüf edir.
Totalitarizmdə köləlik əleyinə mübarizə
aparan mətbuatın sonra bazar iqtisadiyyatının köləsinə
çevrilməsini emosionallıqla qələmə alan müəllif oxucu ilə dərdləşir:
"Yayda səmadakı ulduzlar, insana, daha çoxmuş kimi
görünür. Keşkə, həyat da belə
olsaydı, "İşıq saç və başqa dərdin
olmasın."
Romana
epiloq əvəzi yazılmış "Öldürməli…
Ölməli…" hekayəsi Arsen Samançinin
ölümündən sonra onun adından təqdim olunur. İkinci Dünya müharibəsində bir əsgərin
başına gələn əhvalat sanki əsərə aid
deyil. Amma insanın çevrəsində
baş verənlərə münasibəti, həyat həqiqətləri
bütün detalları ilə təsvir olunur.
Aytmatov
Elis Jabbasovanın dili ilə epiloqda "Əsərin nəşrini
görmədiyi üçün məyus olduğunu"
bildirir: "Oxucular isə hər zaman var, yazıçı həyatda
ikən də, o öldükdən sonra da..."
Bəli, Aytmatovun son kitabınında - "Dağlar
yıxıldığı zaman (Əbədi Gəlin)"
romanında yazdığı yekun fikir budur. Bu fikri elə Çingiz
Ayıtmatovun özünə şamil etmək olar! Çünki sağlığında olduğu kimi,
ölümündən sonra da ona ən çox oxunan
yazıçı xoşbəxtliyi nəsib olmuşdur.
On il bundan əvvəl 80 illiyinin qeyd olunduğu
Bakıya son səfərində Çingiz Aytmatov demişdi:
"Mənim burada təkcə oxucularım yox, həm də
yaxın dostlarım yaşayıb fəaliyyət göstərirlər..."
Sonda əminliklə
bildirmək istəyirəm ki, istər sovet dönəmində,
istər müstəqilliyini bərpa edəndən sonra Azərbaycanın
dostu olan Çingiz Aytmatovun qarşıdan gələn 90 illik
yubileyi ölkəmizdə təntənə ilə qeyd
olunacaqdır...
05.07.2018
Nurəddin ƏDİLOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.7.