Niyə Bodler həmişə heyran edir?
Görkəmli fransız alimi, Sorbonn
Universitetinin professoru Andre Giyo (Andry Guyaux) ilə müsahibə
Andre Giyo 1951-ci ildə anadan
olub, 1994-cü ildən Paris-Sorbonn universitetində XIX əsr
fransız ədəbiyyatı professorudur. 2014-cü ildən Belçikanın kral
fransız dili və ədəbiyyatı akademiyasının
üzvüdür. Rembonun
yaradıcılığı üzrə mütəxəssisdir
və şairin tam külliyyatının Pleyad Kitabxanasında
nəşrini hazırlamışdır. Eyni
zamanda Bodler yaradıcılığı ilə də məşğul
olur. Bodlerşünaslığa alimin ən böyük
töhfəsi onun "Şər çiçəkləri"nin
əsr yarım oxusu" əsəridir (2007). 2017-ci ildə o, "Bodlerin Parisi" kitabını
nəşr etdirib.
- Şarl Bodleri bir sözlə
necə xarakterizə etmək olar?
- Bir
sözlə xarakterizə etmək olmaz, ancaq xatırlatmaq olar ki, o, ikinci
Romantizmin böyük fiqurudur. O, 1821-ci ildə, Viktor
Hüqodan iyirmi il sonra
anadan olub və bütün
yaradıcılığında
romantizmin tədqiq etmədiyi sahələrdə öz
yolunu tapmağa çalışıb. Hələlik
poeziya deyil, incəsənətə aid məqalələr olan
ilk əsərlərindən romantizmi dəqiq təyin etmək
axtarışında olub.
Onun təyini belədir: " Məhrəmlik,
rəng, ruhanilik, sonsuzluğa canatma". O, romantizmə "gözəlliyin ən
cari ifadəsi" kimi baxır və onunla müasir sənət
arasında fərq görmür.
- O, həmçinin, şərin fəzasını
tədqiq edirdi ki, bu da o qədər də xoş
qarşılanmadı...
- Onun
mühümlüyü çox tez tanındı, ancaq onun əsərləri
çox polemik idi və şeirləri çox hücumlara məruz
qalırdı. "Şər çiçəkləri"nin nəşri ilə bağlı məhkəmə
prosesi bəzi magistratların qəfil qeyzinin yox, əsəri
"əxlaqsız" adlandıran mətbuatın
düşünülmüş kampaniyasının nəticəsi
idi. Bodler çox tez məşhurlaşsa da,
onun dühasını tanımaqdan imtina edənlər onu təhlükəli
sayırdılar. Və onlar az deyildilər: Bodler nə xoşniyyətli
burjuanın, nə də
proqressistlərin tərəfində idi.
- Miszantrop, dendi, toksikoman, əyyaşlıq
müğənnisi... Onun dövrü onu qalmaqallı adam kimi görürdü. Bu
gün də belədirmi?
- Qalmaqal
və prosesə səbəb olan əsasən onun libertin və
lesbian əsərləridir. Onun şəxsiyyətinin
qalmaqallı aspektləri ya da süni behiştləri daha az narahatlıq doğururdu. Ancaq biz həmişə
olduğundan qətiyyətlə ondakı qalmaqal
ölçüsünü (dimension - X.X.) təsdiq etməliyik:
Bodler mütləq dissidentdir. O, anlanılması çətin
olan lənətlənmiş şair olaraq qalır. Bu məsələ onun əsərlərinin
tədqiqi ilə məşğul olanları birləşdirir:
onlar onun nə yazdığının başa düşməyə
çalışırlar.
O, ziddiyyətlər
yaradırdı, onda paradoks duyğusu var idi,
qırışıqlı xətləri sevirdi, biz isə
düz xətlər axtarırıq. Ancaq biz
hamımız onun dərinliyinə heyranıq.
- Parisdə sentyabrda keçirilən
və Bodlerin ölümünün 150 illiyinə həsr
olunmuş kollokvium niyə "Bodler fikri" adlanır?
- Bəli,
biz
qarşımıza sual qoyduq ki, əgər biz
şairin əsərlərində fikir əlaqəsi
görürüksə, onun arxasında filosof
dayandığını deyə bilərikmi? Bu, əlbəttə,
debat doğurdu. Bəziləri
üçün şair rəngarənglik, xəyal,
müşahidə adamıdır, ancaq o, filosof deyil. Başqaları üçün o, mütəfəkkirdir.
O özü heç vaxt sözün ciddi mənasında fəlsəfi mətnlər
yazmayıb, ancaq o, bir neçə
nəzəri essenin müəllifidir ki, bunlardan biri komediyaya həsr
olunub. O, XVII və XVIII əsrin moralistlərini qiymətləndirirdi
və özü də həvəslə aforizmlər işlədirdi.
İstənilən halda aşkar görünən bir şey
var ki, o da XVIII əsr ideologiyasından və Jozef de Meysterdən
gələn fikirdir, lakin bu fikir məzmunca dəyişilib,
mahiyyətcə dissidentdir.
- Jozef de Meystr, 1790-cı illərdə
əksinqilabçı cərəyanıın təcəssümü?
- Bəli,
Bodler onu "görücü" adllandırırdı və
deyirdi ki, o, Edqar Po ilə birlikdə "düşünməyi
öyrənmişdi". Lakin Jozef de Meystrin ona
təsir etmiş bütün cazibəsiylə yanaşı,
Bodler əsas tənqidini tərəqqiyə qarşı
yönəldir. O, əsasən
antriproqressistdir (antitərəqqiçidir). O, "tərəqqi
dini" adlandırdığı proqressist
xülyasının törətdiyi ziyanı göstərməkdən
yorulmur, Bu, həqiqətdir ki, bir neçə onillik ərzində,
lokomotivlərin və qazla işıqlanmanın şahidi
olmuşdu, o, böyük bulvarların
yaradıldığı vaxtlar Parisin necə
dağıdıldığını görmüşdü. Bütün bunlar onu qeyzləndirir və narahat
edirdi. 1855-ci ildə Birinci Ümumdünya
sərgisi üçün III Napoleon hər yerdə
maşınlar görmək istəyirdi. Ancaq
Bodlerin tamamilə əleyhinə olduğu şey proqressizmin bədii
yaradıcılığa tətbiq olunmağı idi. Onun fikrincə, gözəllik heç bir xronologiyaya
cavab vermir. Sənətkar təkdir, fərdidir,
onun nə sələfi, nə də xələfi var.
- Bodler öz dövrünün
adamı olsa da, ona çoxlu tədqiqatlar həsr olunur. İndi onun təsirini nədə görmək olar?
- XX əsr
alman filosofu və incəsənət tarixçisi Valter
Benjamin deyib ki, onun əsərlərində "heç nə
köhnəlmir". Əslində də onun əsərləri
köhnəlmir. Ona görə də biz həmişə
ona müraciət edə bilərik ki, dünyanı başa
düşə bilək. Bir neçə
yazıçı nəsli özünü onun
ardıcılı sayıb: Verlen və Mallarme, sonra Valeri,
Klodel, sürrealistlər, İv Bonnefoya qədər. Bizə daha yaxın zamanda Mişel Uelbek Bodlerin
böyük oxucusudur. Bizim kollokviumda bütün nəsillərdən
olan tədqiqatçılar, həmçinin İtaliyadan,
Almaniyadan, Böyük Britaniyadan olan alimlər iştirak ediblər.
Və onu Çində, Yaponiyada, Braziliyada
öyrənirlər, mövzu etibarı ilə Paris şairi
olan Bodlerin ümumdünya auditoriyası var. Yalnız Paris
şəhəri və onun mədəniyyət xidmətləri
bu sahədə heç bir ölçü
götürmür.
- Onun təsirinin öz ədəbiyyat
çərçivəsindən
çıxdığını demək olarmı?
- Bodler
daim müasirlik ideyası ətrafında vurnuxub. Bu sözə onun daşıdığı mənanı
verən məhz Bodler olub. Çox erkən
öldüyündən o, impressionist məktəbinin
doğulduğunu görməyib, ancaq Konstantin Ginin akvarellərinə
münasibətdə onun belə bir düsturu var:
"Müasirlik müvəqqəti, ötəri, təsadüfi
olandır ki, sənətin yarısını təşkil
edir, sənətin qalan yarısı isə əbədi və
dəyişilməz olandır".
Bu konsepti izah etmək çətindir.
Bodler üçüm müasirlik tərəqqinin
pozitiv kontrapunktudur, əgər sənət əbədidirsə,
o həmçinin bütün yeni olanla qidalanır, məsələn,
yarandığını Bodlerin gördüyü fotoqrafiya
kimi. Müasirlik, sənətin tuta bildiyi
bütün ötəri, keçici elementlərdir.
- Ancaq o, elə mürəkkəbdir
ki, anlamaq çətindir?
- Bodler gələcək
oxucularına
bütün, bəzən ədəbiyyat
dünyasından çox uzaq üfüqlərdən
müraciət edir. On dörd yaşında "Albatros"u oxumaq və
"onu getməyə qoymayan" "nəhəng
qanadlarla" çırpınmaq olar. Eyni
şeyi onun kütlə və böyük meqapolislərin
transpormasiyası haqqında yazdığı şeirlər
haqqında da demək olar, dövrünün bu fenomenləri
ona konkret olaraq toxunmuşdur. O, sosiologiya ilə maraqlanan
hər kəsə düşüncə qidası verir. Bu mətnlər, onların ambivalentliyinə
baxmayaraq, parlaq sosial tablo təklif edir. Məsələn,
mən "Petites Viellies" ("Xırda qarılar")
düşünürəm: Bodler rəhmdillik və
qəddarlıq arasında dolaşır və həmişə qərarsızlıqdadır.
- Hər halda əsəsən həmişə
qaraya meyilli insan surəti qalır ki, bu da indiki vaxtın
ovqatına uyğun gəlmir?
- "Səyahət"də ("Voyage") səyyahlar
dünyanı iqlimi dəyişmək üçün
dolaşırlar. Ancaq onlar hər mərhələdə yalnız "ölməz
günahın qüssəli nümayişi"ni görürlər.
Bodler optimizmə nifrət edirdi və bu
özü onu hərəkətə sövq edirdi. O, bizə
təhlükə olan sadəlövhlük nəfsinə
qarşı keşikçidir. Atüstü qeyd etmək
lazımdir ki, bu, teoloji debatların mövzusu da ola bilər. O, ilkin günaha inanırdı. O, əmin
idi ki, şərin kökü var və insana əbədi
olaraq nişan qoyulub. "Şər
çiçəkəri" də bu inamdan gəlir və
Bodler istəyirdi ki, kitabının frontispisindəki şəkil
Adəmlə Həvvanın günaha batmaları ilə
bağlı olsun.
Sentyabr 2017,
"CNRS" jurnalında
CNRS - ildə
dörd dəfə çıxan və 50 min nüsxə ilə
yayılan, müasir elmi tədqiqatlara, proqramlara həsr olunan
jurnaldır.
Fransız dilindən tərcümə
etdi:
Xeyrulla Xəyal
Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.8.