ƏDƏBİYYAT ÜZRƏ 1979-CU İLİN NOBEL MÜKAFATÇISI: Odiseas ELİTİS

 

Yunan şairi, əsl soyadı Alepudelis olan Odiseas Elitis 2 noyabr 1911-ci ildə Yunanıstanın İraklion bölgəsində, kommersant ailəsində doğulub. Odiseas ailədəki 6 uşağın ən balacasıdır. Atası Panayotis Alepudelisin Krit adasında balaca bir sabun zavodu olub. 1917-ci ildə Alepudelis ailəsi Afinaya köçüb və gələcək nobelçi şair orada ibtidai və orta təhsil alıb. İlk yazıları "Yeni elmlər" dərgisində çap olunub. Radioda işləyib. 1969-1972-ci illərdə Parisdə yaşayıb. Andre Breton, Reverdi, Pikasso, Unqaretti, Cakometti, Şaqalu ilə dostluq edib. Pikasso ilə Mattis Elitisin kitablarına illüstrasiyalar çəkiblər. Yaradıcılığı klassik yunan ədəbiyyatı ənənələrindən və romantik bədii təsvir vasitələrindən qaynaqlanan Odiseas şeirlərində milli-mənəvi dəyərləri, antik yunan fəlsəfəsi və yunan mədəniyyətini qabardaraq, XX əsr ədəbiyyatının maraqlı nümunələrini yaradıb. Yunanıstanlı şair 1979-cu ildə ədəbiyyat üzrə növbəti "Nobel mükafatı"na layiq görülüb və mükafat şairə "ənənəvi yunan poeziyasından qaynaqlanan, müasir insanın mübarizəsini potensial boyalarla təsvir edən güclü və intellektual yaradıcılığına görə" təqdim olunub. Nobelli şair 1996-cı ilin 18 mart tarixində Yunanıstanın paytaxtı Afinada dünyasını dəyişib. "Ədəbiyyat qəzeti"nin oxucularına şairin esse janrında yazdığı "Yunqa" kitabından bir neçə parçanı təqdim edirik.

 

"YUNQA" kitabından

 

II

 

Bir ölkədən çıxıb, digərində qərar tutdum - real bir ölkədə, həyatımı yuxu kimi bütövləşdirən bir ölkədə. Adını Yunanıstan qoyub xəritədə işarələdim. İşarələdim ki, görə biləm. Sən demə, sezilməyəcək qədər balacaymış yuxularımın məmləkəti.

Zaman keçdikcə onu sınamağa başladım: gah qəfil zəlzələ, gah köhnə, tanış qasırğalar aldı başının üstünü. Dəyərdən salmaq üçün əşyaların yerini dəyişdim. Tufanlı təpələrin, kilsələrin, bulaqların sirrini açmaq üçün hər şeyi diqqətlə öyrəndim. Beləliklə, bir gün böyük bir sitrus bağı saldım, ətirli heraklitlər və arxiloxlar əkdim, amma onlardan gələn qoxu məni qorxutdu. Sevdiyim ölkəni vəsf etmək üçün sözləri ləl kimi, gövhər kimi bir-birinin ardınca düzmək qərarına gəldim. Qoy onun gözəlliyini heç kəs görməsin. Qoy onun varlığına şübhə etsinlər.

 

II

 

Budur, öz ölkəmdə gəzib-dolaşıram, onun kiçikliyi də mənə xoş gəlir, öz-özümə deyirəm: necə ola bilər, mümkün deyil, axı pəncərə qarşısına qoyulmuş üstü pomidor və zeytunla dolu taxta stol da nəsə bir məna kəsb etməlidir. Qoy düzbucaq formalı, bir qədər parlaq qırmızı və qapqara səth öz hamarlığı ilə ikona lövhəsi olmağa yarasın. Mən isə başqa şeylər görürəm: mənim aləmimdə hər şey dəniz maviliyində göz oxşayır, parlaq şəfəqlər o mavilikdə bərq vurur - bu kiçikliyin içində bir möhtəşəmlik mürgüləyir.

Dəlillərə güvənə bilmirəm, onların bir hakimi var - bahar; öz məsumluğumu bircə mən dərk edirəm və başa düşürəm ki, bu məsumluğun içində səxavət toxumları gizlənir: insan ağlına gələn hər şey nə vaxtsa zibilə, tullantıya çevrilir…  

 

IX

 

"Dünən əlimi quma basdıranda onun əllərini hiss etdim. Sonra gün boyu hər tərəfdən ətirşahlar mənalı-mənalı mənə baxdı. Sahilə çıxan adamlar mənə doğma və tanış göründü. Və o axşam… axşam, sırğalarını çıxardanda onu istədiyim kimi - yəni kürəyini kilsə divarına dayayıb öpmək keçdi ağlımdan. Dəniz hay-küy saldı, əlində şam tutmuş Müqəddəslər üstümə işıq tutmağa tələsdilər".

Təbii ki, hər birimizin içində məxususi, əvəzsiz duyğular var və əgər insan o duyğulara vaxtında sahib çıxmasa, gələcəkdə onunla yaşaya bilmək üçün vaxt ayırmasa, onu görmədən keçsə - demək, işlər şuluqdur.

 

XXVIII

 

Min ildir yol gedirik. Səmaya "səma", dənizə "dəniz" deyirik. Bir gün hər şey dəyişəcək, biz də dəyişəcəyik və taleyimiz Platonun əhəmiyyət vermədiyi həndəsi qanunlarla həll olunacaq. Öz adamızdakı çeşmə qarşısında əyilib ovcumuzu su ilə doldurduğumuz kimi, taleyimiz qarşısında əyiləcək, oradakı tufanlı təpələri, limanları və coğrafi burunları tapacağıq, həmin o yel dəyirmanlarını və kilsələri, bir-birinə sığınan evcikləri, körpə uşaq kimi yuxulayan üzümlükləri, günbəzləri, göyərçin damlarını…

Demirəm hər şey olduğu kimidir. Deyirəm ki, hər şey olduğu kimi səmimidir və ruhun daxili tələbatından qaynaqlanır, mənəviyyatdan və hisslərdən güc alır: eyni təkanlar və qəbul olunmuş Cənnətə doğru dartınan həvəs. Bizim gerçək "mən"imiz, hüquqlarımız, azadlığımız, bizim ikinci və gerçək mənəvi günəşimiz o həvəsin içindədir.

 

Tərcümə edən: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.11.