Xaqani ömrünün yüz misli
Hekayə
Qoşa
qala qapısının şəhərə girişinin
sağında müqtədir memar Məsudun iki əl işi
var idi. Onlar memar əliylə
ram olub, naxışlarıyla göz oxşayan iki daş
taxtdan ibarət idi. Hər ikisi də küləklər
şəhərinin elçi daşına çevrilmişdi.
Birincisi ətraf
xanlıqlardan rəsmi namələrlə gələnlərin
elçi daşı idi. Arxalığına da
küfr xətlə həmin kəlmələr
yazılmışdı. Xoşməramlı
gələnlər duz-çörəklə qarşılanar,
boş məramlılar mafələrlə yola salınar.
O birisi sevdalılar
üçün idi. Qız ağacı-qoz
ağacıdı. Keçmişin
mizanını əyməməli, salbehə başına dəyməməliydi.
...Günorta
əzanı sonrası Axistana xəbər çatdı...
-
Elçi daşında bir sevdalı əyləşib... Həmin aşiq Əfzələddin Xaqanidir.
Şah qızılı saplarla işlənmiş xalatı
altdan təpədən-dırnağa heyrət əlibisəsi
geyəsi oldu.
Xaqanla Xaqani yenidən üz-üzə, göz-gözə
gələsi oldu. Şahın qəzəbli
baxışları sualını verib, cavabını gözləyirdi.
Ya Şahanəni lütf elə öz adil əlinlə,
Ya möftin ilə məhv elə öz qadir əlinlə.
Şah onu təpədən-dırnağa bir də seyr
edəsi oldu.
Qarşısında şairliyi ilə bərabər
cəsarət mücəssəməsi, yaraşıqlı bir
növcavan dururdu. Şahanəni verib onu əsilzadələr
cərgəsinə qatmaq olardı.
Elçi muradına çata bildi. Şah
qızına cehiz kimi Şirvandakı zümrüd meşələr
arasındakı gözəl köşklərdən birini də
bağışladı.
- Hələlik
bir müddət orada, güllərlə bülbüllərin
vüsala çatdığı yerdə yaşayın. Sonralar ayaqaçdınızı eyləyərik.
Günlərin bir günü həmin köskün
gündoğan səmti damına iki göyərçin
qonmuşdu. Bəxtiyarlığı
ilə məst olmuş Əfzələddinə
anasının bir nağılını
xatırladırdı:
-
Baçılı, baçılı, bilirsən burda kimlər
yaşayır?
- Kimlər?
-
Dünyanın ən nadir halda vüsala
çatdırdığı Şah qızı Şahanə,
Xaqan şairi Xaqani.
Xəlqani sürgünləri
Xəzərdə
rus gəmilərinin göründüyü və
Axıstanı dənizin tufanlı zamanlarına döndərdiyi
bir gündə ona belə bir xəbər verdilər:
-
Elçi daşında Əfzələddin Xaqani əyləşib...
Şahın içinin qəzəbindən gömgöy
kəsilmiş ən şah dalğası üzündən və
sözündən süzüldü.
- Onu
yeraltı yolla divanxanaya gətirib xalı altdakı
quyuların birinə salın.
Özünün və donanmasının rəisi Həsən
ibn Niyazın fəndgir döyüş əməliyyatı
sonrası rus gəmilərini Xəzərin sualtı qara
qayaları səmtində batıra bilmişdilər (həmin
qayaların hər birinə donanmanın sıradan
çıxmış gəmilərindən birini zəncirləyib
düşməni ora yönəltmişdilər. Bu dəfə sətrənçi
çox sevən şah dənizin mavi "taxtası"
üzərində düşmənini mat qoya bilmişdi. Gəmiləri suların itiləyib bülövə
dönmüş qayalarına dəyib parçalandıqca rus
dənizçiləri üzüb canlarını qurtarmağa
çalışmışdı. Döyüşü
seyr edən sərrast kamançılar onları oxlayıb Xəzəri
məzarlarına döndərmişdi.
Qələbə
münasibətilə sarayda düzələn ziyafətdə
"Segahı"nın sözlərini sərrafca
seçə bilməmiş xanəndə Mahin Abid Şirvani
özünü işə, unudulmuş şeir müəllifini
yada salmışdı. Ziyafət sonrası
şah müdriklərin kəlamına riayət edərək
bu gününün işini sabaha qoymamışdı.
Əfzələddini quyudan çıxarıb
hüzuruna gətirmişdilər. Şairin tük
basmış sifətinə, quyuya düşmüş
gözlərinə baxdıqda şahın ağlına Qeys
dastanı gəlmiş, qarşısında sanki dövrün
bir Məcmununu görmüşdü. Xanəgahında
yeni bir məhəbbət faciəsinin yaşanmaması
üçün əmrini vermişdi.
- Xanəndəni
də, şairi də aparıb Şabran qalasına salın. Elə bir köşəyə ki, onların kimliyindən
bir bəndə xəbər tutmasın.
Həmin əmrə görə də Xaqaniliyi ləğv
edilmiş Əfzələddinlə şahın baş
müğənnisi olmuş, zənguləsindən
endirilmiş Mahiri dustaqlardan xeyli aralıdakı ruhi xəstələr
üçün ayrılmış yarı zirzəmiyə
saldılar. Novruz bayramlarının birində veriləcək
şahın əfv fərmanlarına qədər onlar gecə
və gündüz aralığı alaqaranlıqda
ömürlərini sürməli olacaqdı.
***
- Şahanə qızdırma içərisində
yanır.
- Təbibbaşı Mütəllib baş çəkibmi?
- Pedəriylə
görüşmək istəyir.
Şah qızının hansı atəşlə
alovlandığından xəbərdar idi. Amma
qızının görüşündən boyun
qaçırası olmadı.
Son günlərdə Şahanə şam kimi ərimişdi. Gözlərinin
atəşindən həmin ərintinin davam etməsi bilinirdi.
Qız atasının dəqiqliyi sevdiyini bildiyindən
birbaşa mətləbə keçdi:
- Şah qızı olsam da, həmin yaşıma kimi
qızıl qəfəsdə yaşamışdım. Öz sevgilimlə
qanadlanıb usmaq istəyirdim. Görünür
bizim taleyimizə bunlar yazılmayıb.
Şah qızının Əfzələddinin
başına gələnlərdən xəbərdarlığını
anlamışdı. Qızına baxıb düşünürdü: yəqin
Leyli də Məcnun həsrətiylə qızı şəklinə
düşübmüş.
- Fərruxzadla
izdivaca razıyam, tək bir şərtlə...
Fərruxzad şahın qardaşı Firudinin oğlu
idi. Əslində Əfzələddinlə rastlaşana
kimi Şahanə əsilzadə övladları içərisində
bir tək onu özünə layiq hesab edirdi.
- Onu
Şabran həbsxanasından azad edin. Üstəlik
də yeni bir Novruz əfvini gözləmədən. Çünki onun günahı ancaq və ancaq məni
sevməyi olub. Üstəlik də
qızınız Şahanənin təhrikiylə. Mən
ona söylədim: "Hünərin var Şah qızına
vurul". O da vurulub, şah fərmanına tuş gəlib
qanadlarından vurulası oldu.
Şah bu dəfə də Daşdəmiri Əfzələddin
üçün Şabrana göndərəsi oldu. Şahanənin
ricasıyla ona xeyli qızıl dinar veriləcəkdi. Onu da Şirvan qəfəsindən buraxıb,
irağı-ərəbə yola salacaqdılar. Bütün bunları şahın ən sadiq
adamı Daşdəmir yerinə yetirməli idi. Şairlə təkbətək görüşlərində
daş adama bənzəyən xəfiyyədən həmin
sirr damcıladı.
- Səni
şah qızı azad etdirib. Məhəbbətini əmisi
oğlu Fərruxzadə qurban etmək hesabına...
Bax onda
Daşdəmirin yalnız özü üçün zirzəmidə
heyrətinin zəlzələsi baş verdi.
Yanındakı xanəndəni itirmiş
şair bədahətən ağlına gələn
misraları, Mahiri gözü önünə gətirib
oxumağa başladı. Demə Əfzələddinin
özünün də məlahətli səsi varmış.
Həmişə də, öz yeni qəzəllərini
hamıdan gizli, muğamın uyğun gahları üstə
özü ifa edirmiş. Son vaxtlarda düşdüyü vəziyyət
onun səsinin məlahətini bəlkə də içinə
qatdığı hüzn və kədər hesabı xeyli də
artırmışdı. Bu da içinə
düşdükləri dünya qəfəsdə, şeirdən,
musiqidən xəbərdarların əvvəl meydanını
bir az sonra da libaslarını hüzn
hesabı daratmağa qadir ola bilirdi. Çoxlarının
daş bəndə hesab elədiyi Daşdəmir əslində
Allah-taalanın bəndələrinin ruhlarının tərbiyəsi
üçün bəxş etdiyi həmin sənətlərdən
xəbərdarlardan idi. Onun şeirdən,
nəğmədən hissləri cuşə gəldiyi zaman
bütün selləri və suları içərisindən
axır, ətrafındakılardan onların
pırıltısı və şırıltısını
məharətlə gizlədə bilirdi. Elə
Şirvan şahı da əsgərləri içindən bu
cavanı həmin məharətinə görə gizli xəfiyyələri
cərgəsinə qatmış, sonralar da onların
başçısı rütbəsinə yüksəltmişdi.
Axırıncı
beytdə xəfiyyəbaşı üzünü yana çevirib şairə kövrəldiyini
göstərmək istəmədi.
Xaqani,
sevin indi, yarın rəhmə gəlibdi...
Bu dəfə də içindən axan qanların
şırıltısını Daşdəmir Allah-taala
vergili bir şairdən məharətlə gizlədə bildi. Hamı kimi qarşısındakını
daş-qaya hesab edən şair ondan əks-səda gözləmək
fikrinə düşmədi. Amma həmişə
ömrünün təsirli anlarında öz əks-sədasını
içinə verib, bir tək özü eşidə bilən
xəfiyyəbaşı bu dəfə özüylə bacara
bilmədi. İçində baş
vermiş əks-sədası dodaqlarından da qopub Əfzələddinə
yetişə bildi.
- Son
arzularınızı dilinizə gətirin yerinə yetirə
bilərəm.
Halbuki, ona şairi təcili Şirvanın Xəzər
sahilindəki qurudan Astar məkanlarının birinə
çatdırmaq tapşırılmışdı. Orda onu Təbrizin
Naxçıvandan İraqı-ərəbə duz daşıyan
karvanlarının birinə qatmalı idi.
Əfzələddin bir xeyli tutulan kimi oldu. Həmin kəlmələri
Daşdəmirin kəsdiyinə qulaqlarına inanmadı.
Onların qeybdən zühr etdiyini fikirləşdi.
Elə ona görə də üzünü
Daşdəmirə deyil, gözünü səmaya
çevirib dillənəsi oldu.
- Mənim
suçum üzrə cəzalanmış müğənni
Mahirlə vidalaşmaq istərdim.
Müğənninin
yerinə beş barmağı kimi bələd
xəfiyyəbaşı şairi həmin məkana
çatdırdı. Dili kəsilmiş
atanın əlləri havada nə qədər oynadısa,
oğlunun yerini deyə bilib qarşısındakıları
onun ünvanına doğru yerindən oynada bilmədi. Qapı qonşularından birinin yeniyetmə
balası özünü zorlayıb qocanın dilinə
çevrildi. (Halbuki, o, əvvəl bu
adamlardan xeyir gözləmədiyindən qərara gələ
bilmirdi. Buna anicə görə bildiyi Əfzələddinin
gözləri səbəb olmuşdu:
- Cəngi
meşəsində ağac basdırıb, kömür kəsir...
...Cəngi
meşəsində onları bir tək gözlərindən
Mahirə bənzəyən bir "həbəş"
qarşıladı. Demə onlardan bir az əvvəl
basdırdığı odunun kömürlərini üzə
çıxarıbmış. Kömür də
hərdəfəki kimi bu ağaclara divan tutana öz üz
qaralığını verə bilibmiş.
Onlar bir-birlərinə sarılıb bir müddət
içərilərindən alışıb yanası oldu. Həmin an
zəmanə iki bəndəsini ağacvari yandırıb sanki
onlardan kömür kəsmək istəyirdi. Yaxşı
ki, Daşdəmir gətirdiyi çeşmə suyuyla
yazıqların atəşini söndürə bildi. Bu dəfə qucaqlaşmadan ayrılmalı oldular.
Bəlkə də onlar da kömürə
dönə biləcəklərindən ehtiyatlandılar.
Mahir dostunun arxasınca səsinin qurudulmuş quyusundan
deyil, içinin alov yatağından "Mahur" üstə
bir mahnı zümzümə etdi. Və həmin an
bunu oxumağı deyil, mahnıdan kömür kəsməsi
bildi.
Əfzələddin də yeni bir qəzəlinin kəlmələrini
yandırmağa başladı. Həmin qəzəl də
zəmanənin kömürə döndərdiyi
Şirvanın bir ata və balasına həsr olundu. Əslində bu dəfə o da ilk dəfə olaraq
sözləri lələyindən süzdürmür,
torpağından yanmış odun kimi çıxarıb
kömür kəsirdi. Onlar Daşdəmirlə
yollarına düzəldi. Həmin yolçuluqlarında
Daşdəmirin özünün də Əfzələddinin
daxilində baş verənlərdən xəbərdar ola bilməsi müşküllər
müşkülü idi. Artıq, o
özünün Əfzələddinliyinə, Xaqaniliyinə
üsyanına başlamışdı. Onu başqa qərib
ellərə aparan yol üstə tamam başqa adam
olmaq istəyirdi. Dünyanın birinci dərvişinə
çevrilmək istəyirdi.
...Daşdəmir
şairi Sarvana təhvil verdi. Əfzələddin onların
danışığından xəbər tuta bilmədi.
Yollar yormuş karvanbaşı heyrətini gizlədə bilmədi:
-
Ömrümdə birinci dəfə zəncirsiz, qandalsız
sürgün olunan bəndə görürəm. Həm də hörmət-izzət və ənamla.
Demə Şirvanşah İraği-ərəbin əmirinə
Əfzələddin barədə xüsusi nanə yazmaqdan da
çəkinməməişdi. Namədə onu xanəylə
təmin etmək, hər ay Şirvan tacirlərdən tutulan
rüsumdan dolanışığı üçün məbləğ
kəsmək rica edilirdi.
Daşdəmirin zəncirsiz və qandalsız dustaq barədə
məlumatı sarvanı yüngülləşdirməli, onun
boş su tuluğunu ağırlaşdırmalı oldu. Xəfiyyə
özünün bir insan barədə ömründə ilk dəfə
bu cür həyəcan keçirdiyinin fərqinə vardı.
Həyəcanı ona şairin tuluğunu susuz qoydurub, uzun, əzablı
səyahəti müddəti təşnəsinə səbəb
ola bilərdi.
- Bu,
Şirvanın parlaya biləcək bir şeir günəşidir.
Təəssüflər olsun ki, elə günəş hərarətli
sevgisi onu şah cəzasına mübtəla etmişdi...
Sarvan bu qaradinməz, yaraşıqlı cavanın
şah qızına vurulduğundan, şahın elçi
daşına oturub qızını istəməsindən heyrətə
gəldi.
Ürəyindən keçirəsi oldu, bu adam,
əgər şah pələngxanasına atılmaqdan
qorxmayıbsa, demək şir ürəyi varmış. Səfərqabağı karvandan diqqətini əskiltməyən
bu yollar yorğunu mətləbini ürəyindən
keçirdikləri ilə əlaqələndirdi.
- Şairiniz nə qədər şirürəkli olsa
da, susuzluğa bu dəvələr kimi davam gətirə bilməz. Ona dolu su tuluqlarımdan
birini ərməğan edirəm, üstəlik, yolumuz üstəki
ehsan quyusundan öz tuluğunu da dolduracağam. Onsuz da təşnəsi
səhralarınkına bərabər bir şairi
qumsallıqlarda od tutub yanmağa
qoymayacağam.
Nə yaxşı iki insan arasındakı həmin mənzərəyə
Əfzələddinin özü də göz və qulaq
şahidinə çevrilirdi. Və həmin söhbət
Şabran qalasındakı başqa bir xeyirxah insanı yada
saldı - qalabəyini. Qalabəyi ilk
baxışdan gizlicə quşunu qondurduğu bu iki
yaraşıqlı növcavanın zirzəminin bədgurluğu
ilə gec-tez ağıllarını itirəcəklərini
fikirləşib bədbinləşirdi.
Amma bir xeyli sonra qulağına nəğmə səsi gəldi
və addımlarını həmin səmtə atıb
"Segah" üstdəki sözlərə qulaq kəsilməli
oldu. İki dərdə mübtala biçarə bəlkə
də ürəklərini partlatmamaq üçün
yaradıcılıqları vasitəsilə özlərinə
baca açmağa çalışmışdı. Biri sevgilisinə yeni qəzəlini yazmış, o
birisi ürəyi və səsinin yanğısı ilə onu
havalandırmağa başlamışdı.
Şirvanın
ən zülmlü dustaqxanasında illərlə qalabəyilik
edən, əzabkeşlərdən bircə evində
yatmağı ilə seçilən həmin adam
həmin gündən, həmin şeirlərlə və
ifası ilə dincəlməyi qərarlaşdırdı. Amma həmin şəkildəki müsamirəyə
də son veriləsi oldu. Qalabəyi ətrafınadakı
xidmətkarlardan biri (aralarında Daşdəmirin xəfiyyələri
də var idi) saraya belə bir xəbər ötürə
bilmişdi: Şah dustaqları günahlarını hər
gün bir az da körükləyir. Şair sevgilisinə yeni qəzəllər yazır,
müğənni də onları zəngülələri ilə
zilə qaldırır. Elə bil həmin
günahlarının mübtəlası olmayıblar.
Daşdəmir həmin xəbəri şaha
çatdırası oldu. Çünki şah
qızının Əfzələddinin yerini öyrənmək
istədiyindən xəbərdar idi (Cariyələrə, hətta
hərəmə yolunu sala bilən təlxəyə də ənam
verib onları da axtarışına səfərbər
etmişdi). Axistan həmin xəbərdən
tutulan kimi oldu. Ürəyindən keçirdi:
görünür artıq sevgisi Şirvanın yeni Məcnununun
qanına qarışıb. Elə qanına
qarışdığından indi damarlarından bu sevdanı əmisi
Ömər Osman da silə bilməzdi.
Hələliksə təkcə müğənnini cəzalandırmağı
qərarlaşdırdı.
- Atam, rəhmətlik
Manüçöhr müğənninin atasının asi nəğmələrinə görə
dilini kəsdirmişdi. Mən də bunu bir az
artıq cəza bilib oğlunu saraya gətirdim. Ənamımı
bəlkə əlini dilinə çevirmiş atası
üçün ikiqat eylədim. Görünür, bunlar qanqal xislətli
imiş. Köhnə qanqalın üstən
yenisi bitə bilibmiş.
Adını
çəkdiyinə görə şahın atasına arı
vızıltısına bənzər avazla yasin oxuyan Daşdəmirə
sərəncamını verdi.
- Xanəndənin
təamlarına ilac qatdırıb səs nəhrini quru
çay macərasına döndərin. Həmin cəzası
sonrası özünü azad edin...
...Günlərin
bir günü qurumuş səsinin son damlaları Mahirin
gözlərindən süzüldü. Ayrılarkən
Əfzələddinə sarılıb xırıltılı
səslə söylədi:
- Son nəfəsinə
kimi qəzəllərinizi içimdə zümzürə edəcəyəm.
Əfzələddin qarşısındakı cəzalı
müğənniyə baxdı. Bir insan
bülbülünün qarğaya çevrildiyinin yana-yana
şahidinə çevrildi. Səsinin xırıltısı
da ovqatını qara qarğaların rənginə çəkdi.
Onu ölüm xırıltısına bənzədib,
itmiş (məhv olmuş) bir avaza mərsiyə yazmağı
qərarlaşdırdı.
Mahir deyilən bir zamanın mahir xanəndəsi
özünün və alaqaranlıqda qoyduğu şairin dərdiylə
yüklənib Şamaxının Sarıtəpə səmtindəki
ata ocağına doğru üz tutdu. Yol boyu necə
dolanacağını, dilsiz atasının hayına necə
qalacağını düşünürdü. Yeniyetməlik peşəsinə qayıdıb Cəngi
meşəsində kömür yandırmaqla məşğul
olmağı fikirləşirdi. Əslində
ata-bala hər ikisinin talei də kömür rəngində
idi. Onlar da insan kösövlərinə
döndərilmişdi.
Qalabəyi iki nəhəng çaxmaq daşına bənzər
cavanın dərd qığılcımlarının atəşə
çevrilməməsinə
çalışmışdı.
Sarvanda
samanlar içindəki buzlarla saxladığı
tuluqlardakı sularla dünyanın ortasında eşqinin
ucbatından cəzalanmış bir şairi od
tutub yanmağa, insan tonqalına çevrilməyə qoymurdu. Ürəyindən keçirməli olurdu. Bu başlarının tacı insanlıqları olan
sarvan kimi adi bəndələr, şahlardan, xaqanlardan
insaflı və mürvətli imiş. Kaş
ala gözlərinin cazibəsinə düşdüyü
Şahanə Şirvanşah Axistanın qızı deyil, adi
bir sarvanın balası Sarvanə olaydı.
...Karvan
özünün qırx gündüzlük, qırx gecəlik
yoluna düzəldi. Və biçarə Əfzələddinin
kürəklərinə, Sarvanla tanışlığı
sonrası ürəyinə bir az su səpilmiş
Daşdəmirin gözləri dikildi. Və ürəyindən
həmin sözləri keçirməli oldu: Yeri gəldikdə
ən zülmkar şahların da ürəyinin
buzlarını əridə bilən Allahım! Ey
yeri, göyü bəndələrinə yaşam
üçün münbitləşdirən ulu Tanrım, bu bəndəyə
rəhmin gəlsin. Onu dəvə üstdə
əqrəb çala bilən biçarələrə
çevirmə. Gündüz günəşin,
gecə Ayın vasitəsilə gözlərin üstündə
olsun.
Və həmin
an Daşdəmir özünü də
karvan yolu üstə ehsanlıq su quyusuna bənzədirdi. Ona elə gəlirdi ki, həmin dualarından
şairin boş tuluğuna çeşmə suyu
süzülür.
... Şirvanın dərdini dəvələr çəkə
bilməyən bir şairinin dəvə üstə qürbət
yürüşü başladı. Gündüzlər
şair səhraların günəş şəfəqləri
ilə qızılı zərrəciklərə çevrilən
qum danələrini qurumuş
damçılara bənzədirdi. Təşnəsinin
özünü də özü boyda qurumuş şair danəsinə
çevirə biləcəyini fikirləşirdi. Və eşqi yolunda bunu fədakarlığı
hesab edirdi. Karvan onu Şahanədən
uzaqlaşdıra-uzaqlaşdıra səhra atəşinə
tutur, öz qızmarı ilə körükləyirdi. Gündüzlər, səhra dəmirçi kürəsində
bir şairi əridib, ondan yeni bir məxluq düzəltməyə
çalışırdı. Artıq o özü də
Şahanəsiz miskin bir şair, bir aşiq kimi
yaşamını davam etdirmək istəmirdi.
Ona dağ çəkən səhra gecələri
olurdu. Həmin gecələrdə ölü bildiyi səhranın
səs-səsə vermiş saysız-hesabsız
canlılarına heyrət kəsilirdi. Qumrovların
səsi onu daha çox təsirləndirirdi. Onların səsi yüksələndə
başqalarınkı avazıyırdı. Əfzələddinə
elə gəlirdi ki, gecələr səhra
canlılarının hamısı ölmüş qum danələrinə yas tutur. Qumrovlar
da səhranın özünə, - ölü dənizə
dil deyir.
İkinci
gecə onların avazında dəyişiklik hiss etdi. Şairə elə gəldi ki, bu torpaq qınına
çəkilmiş canlılar dəvə üstəki bədbəxt
bir aşıq və şairdən də xəbər
tutmuşlar. Onun nakam eşqinə, eşqin qurbanına
çevrilə biləcək canına səhra boyda
ağılarını səsləndirirlər...
Yollar qırx-gün, qırx gecə uzandı və
Əfzələddini öz eşqində cahanın ən uzun
karvan yollarının biriylə uzaqlaşdırdı. Həm də
onu Xaqaniliyindən Xəlqaniliyinə apardı.
...İnsanların ömürləri də onların
uzunlu, qısalı karvan yollarına bənzəyir. Və günlərin
bir günü Əfzələddinin karvan yolu Təbrizdəki
Xabi-şüara qəbristanlığında son mənzilinə
yetişdi.
Ölümünün üçüncü günü
şairin məzarı üstə iki bayquş qonmuşdu. Onların bayquş
ulaşı belə eşidilirdi:
- Bəyim,
bəyim, üç gündür niyə bu bəndənin məzarı
üstə qonur, ulaşırıq?
- Bəyquşum,
bəyquşum, çünki burda vətənindən və
sevgisindən ən uzaq məsafəylə
uzaqlaşmış bir aşiq, bir şair yatır.
- Kimdir o?
- Əvvəli Xaqani olmuş Əfzələddin Xəlqanidir. Ama nə
yaxşı şair kimi ölməyib, əlindən
qanadına çevrilmiş lələyini
salmamışdı. Həmin lələkdən
süzülən misraları ard-arda düzülüb
Şahanəsinə və sevgili Şirvanına calana
bilmişdi...
Vaqif Nəsib SARIHÜSENOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 14
iyul.- S.14-15.