Dərs...

 

Absurd esse

 

"Daxili nifrət, kinlə girdiyim o zirzəminin beynimdə, aldığım nəfəsdə, köksümdə nəsə dönüş yaratdığını hiss edirdim, amma hələ bunun fərqinə çox-çox sonralar varacaqdım..."

 Niyə indiyədək ora girməyə cəsarət etməmişdim?! - deyə daxilimə səsləndim.

Cavab: - Bu heç vaxt özümün belə özümə etiraf edə bilməyəcəyim qeyri-adi bir hiss idi... Həmişə qaçırdım bu hissdən, bununla belə, cavabını qaneedici şəkildə verməsəydim, məni tərk etməyəcəyini də bilirdim: "Bəlkə real kimsəsizlərlə məni nəsə birləşdirirdi?"

Dəqiq heç bir şey dəyə bilmirdim mənə ünvanlanan suallara, onları əliboş qaytarmaq məni də narahat edirdi.

Bəlkə sevgisizlik, bəlkə öz daxilinə hərislik... Ki, hər tək qaldıqca özüm üçün ayarladığım dünyama çəkilirdim.

O dünyada çoxçeşidli rənglər yox idi... sadəcə boz-qəhvəyinin çalarları, şabalıdı və qara... dünyam bu dörd rəngin diktəsilə yaşayır, nəfəs alırdı...

Məni basan bu soyuq qaragüruhla açıq səma rəngli, boyası qopmuş darvazaya yaxınlaşdım. Boyanın altındakı əsl rəng... boz idi!

İlahi! Bu nə idi, hər uğursuz yerdə daxilimlə bütünləşən bir şey görsənirdi...

Dəmir çox soyuq idi, sanki bütün ətrafa yaz gəlmiş, amma bura gözdən qaçmışdı...

Darvazanı astaca, qorxa-qorxa açdım və məni salamlayan bu yarı köhnə, yarı təmirli bina qarşıladı.

Giriş qapısının kənarındakı səkilərə basdırılmış rəngli güllər də xoş aura yaratmamağa sanki and içmişdilər...

Şəffaf şüşə ilə tamamlanan qapının sürüşkən, rəngi qopmuş köhnə dəstəyini burub asta addımlarla içəriyə daxil olanda sanki başqa qalaktikadan gələn adam təsiri bağışlayırammış deyə on dörd yaşlı,  boyu təxmini yüz əlli sm olan, sarışın, amma gözündən əlil bir oğlan və otuz altı yaşlarında olan nisbətən dolubədənli bu qadın - hər ikisi nəzərlərini dikdilər mənə.

Oğlana çox qeyri-adi gəlsəm də, qadın daxilimdəki haqq-hesabdan hali olaraq məni salamladı. Üzünə nuranilik çökmüş bu qadın (yəqin ki, təcrübəsindən irəli gəlirdi) ana nəvazişi ilə nə səbəbə gəldiyimi soruşdu.

Mən duruxmuş vəziyyətdə çox həyati şeylərə şahid olan binaya fikir yetirərkən hansısa anlamı axtarmağa çalışarkən sual məni çaşdırdı, nitqim tutuldu sanki. Haaqa məhkəməsində ac-yalavac insanların haqlarını tapdadığıma görə mühakimə olunurdum... kənara sıxışmışdım, bu həyəcanın içində boğazlı köynəyimin dərimə təmas etməsini əngəlləyirdim.

Bu fikirlərdən, nəhayət ki, binada aparılan təmir işlərinin cırıltı səsləri oyatdı məni:

- Heeeeç, heeç...

(boğazımda ilişən tüpürcəyi udqunaraq)

- Burada... sağlamlığı...

Nitqim tutulmuşdu, sözümün ardı gəlmirdi, hiss edirdim ki, bu, onları da narahat edir və bu sıxıcı ortamda son gücümü toplayaraq özümü buradan çölə atmağı fikirləşirdim, amma özümü məcbur etsəm də alınmırdı... sanki Pikassonun ən mürəkkəb hissləri köçürdüyü kətan tablo məni şoka salmışdı, dərinliyinə endikcə də bu dərinlik məni özünə çəkirdi...

Daxilimdə nəsə çözə bilmədiyim insanlıq səhnələri çarpışırdı... Ən zəif nöqtəm nədənsə təsirlənmişdi - qarşımdakının fiziki cəhətdən əngəlli olması məni mənliyimdən utandırdı. Onlar hələ ətrafdakı cismləri düz-əməlli seçə bilməyən yerdə bizlər "gözlü" və "ayaqlı" ola-ola Allaha allahlıq öyrətməklə məşğuluq - Allah kiminsə alın yazısını kiminsə həyatının sonu, kimin üçünsə başlanğıcı seçibdi...

Mən on dörd yaşlı yeniyetmənin həyat şərtləri, həyat çabası qarşısında əyik düşdüyümü hiss etdim.

Onun gözlərində heç bir zaman pozulmayacaq kədərqarışıq sevinc və saflıq tünd rənglərin içərisində əriyən günəşi xatırladırdı. Sarışın simasına çökən qızartı məsum qız utancaqlığına bənzəyirdi; təzə, amma solğun...

O baxışlar həqiqətən bir həyat məktəbi idi... sən bu solğun inci gözlərdə Ərəstunu da, Falesi də, Platonu da görə bilərdin, amma əgər bu baxışlar sənə tanışdırsa... yeganə istisna bu idi.

Əgər bir neçə, ya da onlarla uşaq görsəydim, heç biri qeyri-fikir formalaşdırmazdı - on dörd yaşlı bu yeniyetmə hamısının aynası idi...

Ürkək tavırlar, ürkək təbəssüm qarşısındakının mənliyindən asılı olaraq dəyişirdi...

Burada hər şey süni, müvəqqəti və boğucu idi...

Bu düşüncələrə dalmışkən geriyə çevrildim, bir daha yeniyetmə oğlana sanki ümidverici nəzərlərimi, şəfqət dolu, yaşla dolmaqda olan baxışlarımı bir neçə saniyə zillədikdən sonra şimşək sürəti ilə dəstəyi itələdim və özümü çölə atdım.

İlahi!!!

Həyat var... orda onlara heyvan kimi davranmasalar da, onların həqiqi azadlıqdan xəbərləri yoxdu, həbsxanadan fərqli olaraq pəncərələrin çoxluğu və bir az da yalançı, qeyri-səmimi sevgidisə də daxilləri zindandı...

Sevgiyə, daxili azadlığa vurulan qandal illər öncə: "Dünyanın ən bədbəxti mənəm, ən çarəsizi mənəm, bala, bağışla! Amma burda sənə məndən daha yaxşı baxacaqlar!" düşüncəsi ilə atılmış o körpələr indi anlaşılmaz duyğular arasında ora-bura atılırlar...

Daxili nifrət, kinlə girdiyim o zirzəminin beynimdə, aldığım nəfəsdə, köksümdə nəsə dönüş yaratdığını hiss edirdim, amma hələ bunun fərqinə çox-çox sonralar varacaqdım.

Bilməzdim ki, bir neçə saniyə ürkək-ürkək nəzərlərimi dikdiyim o günahsız məndə yeni, sağalmaz nələrsə qoyacaq.

Hiss etdim ki, yeniyetmə uşaq mənim oranı tərk etməyimə kədərləndi, çünki alışdığı simalardan fərqli olaraq məndə - kədər hopmuş gözlərimdə ümidverici nəsə hiss etdi, yəqin ki, ora daha sonra həyatdakı əsl sevgini məhdud olaraq yalnız bəlli küncləri olan bu yarı köhnə, yarı təzə bu məkana sığışdırmayacağımı hiss etmişdi...

 

Şəms

 

Pedaqoji Universitetin tələbəsi

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 iyul.- S.15.