İv Bonfua - Fransa ədəbiyyatının lirika ustaları arasında İv Bonfua fransız oxucusu üçün hər şeydən öncə kəskin və kövrək lirizmi ilə səciyyələnir. Onun poetik
haraylarının sakit
ifadəsindəki insana
qayğı, insanın
özünün böyüklüyü,
dərdin bütün
mərtəbələrindən yuxarıda durması və hətta hərdən "kimsəsiz"
qalan ölümə də "gün ağlamağı" Malarme
sənətkarlığının lirik-psixoloji məqamları
ilə boylaşır.
Esseçi, Şekspir
yaradıcılığının əvəzsiz tərcüməçisi,
italyan barokkosunun yorulmaz tədqiqatçısı,
öz xalqının,
öz ölkəsinin
uzaq keçmişdəki
mədəniyyət və
sənət qatlarının
və bu qatlardakı ölməz ruhların, ölməz yazarların dəyərli
araşdırmaçısı... İv Bonfuadan danışanda onun haqqında bu sözləri də söyləməyə borcluyuq...
Əgər inansaydıq ki,
Bonfua lirikasının
iki qanadı var, onda o qanadın
birini kədər, birini də ümid adlandırardıq.
Şairə görə,
günlərin bir günü, ömür qapını qəm-kədər
döyürsə, ölüm
adlı bir kimsədən ismarıc gətirirsə, omaxşıyıb
eləmə, sinənin
sol tərəfindəki titrəyişi
salam bilib
qonağa çatdır,
qonağı qəbul
elə, unutma ki, o "qonaq" başqa qapı da döyə bilərdi, səni sayıb gəlib... Kimsə səni sayır, yada salır... Ölüm olanda nə olar... Beləliklə, İv Bonfuanı
öz dilimizdə oxuyaq.
Yay gecəsi
Bu yay uzun çəkdi. Yorğun bir ulduz
Bu yay gecəsində meydan oxuyur
Bu yay gecəsinin anrı tayından
Fırlana-fırlana gələn Günəşə.
Bu yay gecəsinin Tanrı payından
Bir ağ gün
asılır ömrün
köçündən.
Bu yay gecəsində pıçıldaşırıq
Yarpaqlar
içindən, otlar içindən...
O sakit göylərdə yorğun bir ulduz,
Yol-yola qovuşur Ay işığında...
Bu yay gecəsində, yay işığında
Dənizdə yol azan bir gəmi kimi
Dərdlər yer axtarır gecələməyə...
Duya bilərsənmi onun qəlbini
Bu yarpaq içində, bu ot içində...
1965
Çırağa deyilən şeir
Yuxum itkin düşdü gecələr sənsiz,
Önümdə pillələr - çıxmağım
zülüm.
O dərbədər yuxum gec gələr sənsiz,
O yuxu bir yoldu,
o yol - bir ölüm.
Səninlə baxtıma gülər
deyərdim,
Gecədən qaradı dərdimin üzü.
Bu vecsiz dünyaya nələr deyərdim
Zülmətlər içində sənnən
göz-gözə...
Gecələr qaranlıq sahil
kimiydi,
Sərgərdan işıqdım o sahildə
mən.
Yığvalsız sevgimin ağır
günüydü,
Sübhü gözləyirdim sənin
kölgəndə...
1965
***
Ağaclar içində ağac
qocalır,
Quşlar şərqi deyib köçür dünyadan.
Bu yay da əynimiz
tez-tez od
alır...
Hər dərd
bir ürəyi seçir dünyada.
Aman, ağlar yurdum, axır çağındı
Zəif
bir çıraqsan, odu azalan...
Eh, bəlkə dünyanın
qaranlığıdı
Qanlı
ürəyimi əlimdən
alan.
Sən də dəlisisən, sən də sevirsən
Çıraq şöləsinin gözqırpımını.
O şölə can çəkir
səhərə sarı.
Beləcə can çəkir sənin
də qəlbin,
Sənin
də qəlbinin qaranlıqları -
Sahilə
üz tutan bir qayıq kimi...
1965
Bu kimsəsiz qəsri tək qoydun getdin,
Gecə
- sənin gecən, bəs sən hardasan...
Bu qısır torpağın
qoynunda itdin,
İldırımlar çaxır, süsən, hardasan...
Ölüm də bir eldi, köçdün o elə,
Dalınca gəlirəm, yolun
qaranlıq...
Səndən nə qalıbsa
bu gündən belə
Mən ona düşmənəm...
zalım qaranlıq!
Eh, sən gəldin, getdin, qaldı izlərin
Səninlə gün gördü
gün görən dünya...
Əlimin
yadında ağlar gözlərin,
Tufanlı qəlbimdə hönkürən
dünya...
1953
***
İlahi,
dan yeri qıpqırmızı qan,
Dan yeri od düşmüş təndir
parası.
Ulduzlar titrəyib sönür anbaan,
Daşlar arasında günün ziyası.
Sən elə kimsəsiz, elə tənhasan
O ağ paltarında
alatoranda...
1958
İv Bonfua
Fransızcadan çevirəni:
Telman Nəzərli
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.32.