Amerikada dünyaya gələn Ezra Paund (1885-1972) ömrünün çox ilini vətənindən uzaqda - Avropada yaşamışdır. Ezra Paund yapon və çin şeir üslubuna əsaslanaraq öz şair həmkarları ilə birgə imagizm hərəkatının əsasını qoymuş və XX əsr ingilisdilli poeziyasında öz yenilikləri ilə yadda qalmışdır. Onun ən məşhur əsərləri "Əks-hücumlar" və "Nəğmələr" adlı silsilə şeirləridir. Ezra Paundun həyatına və şair imicinə ən böyük zərbəni vuran onun II Dünya müharibəsi illərində göstərdiyi siyasi fəallıq və tutduğu mövqe olur. Gənclik illərini poeziyanın dərinliklərinə baş vurmaq üçün sərf edən və bu məqsədlə çin dili də daxil olmaqla bir neçə xarici dili öyrənən Ezra Paund II Dünya müharibəsi illərində faşizmi dəstəkləyən şairlərdən birinə çevrilir və İtaliyaya gedərək şəxsən Mussolini ilə görüşür. Bununla da kifayətlənməyən Ezra Paund İtaliya hökümətinin ödədiyi məvacib qarşılığında Amerika əleyhinə radioçıxışlar və anti-təbliğatlar aparır. Lakin faşizm məğlub olduqdan sonra Ezra Paund Amerikaya xəyanət ittihamı ilə İtaliyadakı Amerika qüvvələri tərəfindən yaxalanaraq düşərgəyə aparılır və polad barmaqlıqlı qəfəsin içinə salınır. Bir neçə ayını bu polad qəfəsin içində məhbus kimi keçirən Ezra Paundda getdikcə əqli pozğunluq meydana gəlir və bu səbəbdən də onu öz vətəninə göndərirlər. Bundan sonra o, 12 ilini Müqəddəs Elizabet xəstəxanasında həm məhbus, həm də xəstə kimi yatır. Ezra Pound 1958-ci ildə onu dəstəkləyən yazıçı və şair dostlarının müraciəti əsasında azadlığa buraxılır və İtaliyaya köçərək ömrünün sonunacan orada yaşayır. Lakin məhbusluq və xəstəlik dönəmi Ezra Paundu öz ideologiyasından döndərmir və o, İtaliyada onu qarşılayanlar qarşısına da faşist salamı ilə çıxır. Bununla belə qocalığın ağırlığı və ötmüş illərdə keçirdiyi mənəvi sarsıntılar, əqli pozuntular Ezra Paundu zəiflədir. Ömrünün son illərində o, bütün həyatının mənasız keçdiyini, göstərdiyi bütün fəaliyyətlərin mənasız olduğunu düşünür, hətta yazdığı şeirlərin belə zəif və boş olduğu duyğularına qapılır. Gələcəkdə heç zaman xatırlanmayacağı ilə bağlı pessimist fikirlər onu rahat buraxmır və o, 1972-ci ildə ad günündən bir gün sonra noyabr ayının 1-də həyatını sona çatdırır.

 

Rəqs və itmiş harmoniya...

 

Poeziya ilə bağlı esselər silsiləsindən

 

Poeziyada yaranmış yeni dəb haqqında son zamanlar çox yazı ortaya çıxsa da, ümid edirəm ki, keçmişə qısa bir nəzər yetirərək təkrarçılığa yol verdiyim üçün məni bağışlayarsınız.

1912-ci ilin yazında (bəlkə də yayın əvvəlləri idi) mən, H.D1  Riçard Aldinqton2  aşağıda qeyd edəcəyim üç əsas prinsiplə bağlı razılığa gəldik:

1. Subyektiv və ya obyektiv olmağına baxmayaraq "məsələni" birbaşa həll eləmək.

2. Məqsədimiz üçün yararlı olmayan əlavə bircə kəlmə də istifadə etməmək.

3. Şeiri, metronom3  səsinin yox, musiqi melodiyasının ritminə əsasən yazmaq.

Bəzi məsələlərdə fikirlərimiz və zövqlərimiz üst-üstə düşməsə də, bu üç prinsiplə bağlı razılığa gəldikdən sonra düşündük ki, ən azı fransız poeziya "məktəb"ləri qədər bizim də öz poeziya məktəbimizi yaratmağa haqqımız var. Qeyd edək ki, fransız ədəbiyyatında meydana çıxmış həmin ədəbi cərəyanlar haqqında Harold Monronun redaktorluğu ilə nəşr edilən poeziya jurnalının 1911-ci ildəki avqust sayında cənab Flintin bir yazısı çap olunmuşdu.

Bu poeziya məktəbi yarandığı gündən bəri özünə çoxsaylı izləyicilər toplayıb. Lakin bu məktəbin nümayəndələri öz yaradıcılıqlarında hansı dəyərlərə əsaslansalar da, yuxarıda qeyd etdiyimiz ikinci prinsiplə bağlı heç zaman ortaq fikrə gələ bilməmişlər. Nəticədə isə, əvvəlki şeir vəznlərindəki kimi verlibrdə4 də artıq sözlərlə yüklənən uzun və cansıxıcı nümunələr çoxalmışdır. Belə demək mümkünsə, sərbəst şeir, özü ilə birgə öz qüsurlarını da gətirmişdir. Söz seçimi və dildən istifadə tərzi sələflərimizin əsərlərindəki kimi bərbad vəziyyətə düşmüşdür. Sözləri necə gəldi öz şeirlərinə dolduran bəzi verlibr şairləri əvvəlki şairlərdən fərqli olaraq bu səhvi ritm və qafiyə xatirinə etdiklərini də bəhanə gətirə bilməzlər. Bu şairlərin yazdıqlarında musiqi və melodiyanın nə dərəcədə gözlənilib-gözlənilməməsi isə oxucunun qərar verəcəyi bir məsələdir. Şəxsən mən belə şairlərin yaradıcılığında bəzən saxta Svinborn üslubuna bənzəyən çeynənmiş və şablon ritmə rast gəlirəm. Hərdən də görürəm ki, onlar heç bir ritm və melodiyadan istifadə etmirlər. Amma ümumi götürdükdə, yaxşı olardı ki, bu məsələlər təzədən bir də təhlil edilsin. Güman ki, bu yeni üslubda da yaxşı şeirlər yazılıb və əgər doğrudan da belədirsə, onda bu yaxşı şeirlərin xatirinə yeni üsluba haqq qazandırmaq olar.

             

Bəzi edilməməli şeylər

 

"Obraz", fikir və hiss vəhdətinin eyni qəlibdə ani olaraq təqdim edilməsidir. Bu cəhdimin doğruluğundan tam əmin olmasam da, burdakı "qəlib" sözünü, Hart kimi yeni psixoloqların istifadə etdiyi tərzdə, yəni termin şəklində istifadə edirəm.

Mənim fikrimcə, yaxşı obraz, fikir və hiss vəhdətinin elə bir "qəlib"də ortaya çıxmasıdır ki, ən böyük sənət əsərlərindəki kimi oxucuya ani olaraq azadlıq hissini yaşada bilsin; zaman və məkan sərhədlərindən xilas olmaq və yüksəlmək duyğusunu hiss etdirsin.

Ömrü boyunca cəmi bir yaxşı obraz yaratmaq, cild-cild əsərlər yazmaqdan daha üstündür.

Amma, təbii ki, bu fikirləri kimlərsə mübahisəli hesab edə bilər. Bu məqamda, şeir yazmağa təzə-təzə başlayanlar üçün etməməli olduqları bəzi şeylər haqqında məlumat vermək ehtiyacını hiss edirəm.

İlk olaraq, istərdim ki, yuxarıdakı üç prinsipi (məsələni birbaşa həll etmək, sözlərə qənaət, musiqi və ritm) təkrar xatırlayasınız. Bunları doqma kimi qəbul etməyin, ümumiyyətlə, çalışın ki, heç nəyi doqma kimi qəbul etməyəsiniz. Amma nəzərə alın ki, bu prinisiplər uzun müddətli düşüncələrin və baş sındırmaların nəticəsində ortaya çıxıb. Hətta bu, başqalarının gəldiyi qənaət olsa belə, diqqət yetirməyə dəyər.

Özləri hələ düzəməlli bir əsər yarada bilməmiş adamların tənqidlərinə fikir verməyin. Yunan şairləri və dramaturqlarının yazdıqları ilə, onların yaradıcılığını vəzn baxımından təhlil edən yunan-Roma dilçilərinin nəzəriyyələri arasındakı fərqə diqqət yetirin.

 

Dil

 

Lazımsız bircə kəlmə də istifadə etməyin, mənaya heç bir qatqısı olmayan sifətlərdən uzaq qaçın.

Məsələn, çalışın ki, "sülhün qaranlıq torpaqları" kimi bir ifadə işlətməyəsiniz. Belə ifadələr obrazı korlayır. Çünki mücərrədlə konkreti bir-birinə qarışdırır. Bu, təbii obyektin ən münasib simvol olduğunu müəllifin hələ dərk etməməyindən irəli gəlir.

Mücərrədlikdən çəkinin. Başqalarının keyfiyyətli nəsr vasitəsilə dediklərini ortabab poeziya ilə deməyə çalışmayın. Elə bilməyin ki, yazdığınız cümlələri misra formasında təqdim etməklə, yaxşı nəsrin tələb etdiyi əzab-əziyyətdən yaxa qurtaracaqsınız, yaxud belə eləməklə həssas oxucunu aldada biləcəksiniz.

Peşəkar mütəxəssisin bu gün bəyənmədiyi əsərdən, gec-tez kütlə də bezəcək.

Heç vaxt düşünməyin ki, poeziya sənəti musiqi sənətindən daha asandır. Yəni, elə bilməyin ki, ən azı orta səviyyəli bir pianistin çəkdiyi əziyyətləri çəkmədən poeziya sənətinin peşəkar mütəxəssisini razı salan əsər yarada biləcəksiniz.

Böyük sənətkarlardan bacardığınız qədər çox təsirlənin, amma bu təsiri ya mərdanə şəkildə etiraf etməyi bacarın, ya da gizlədin.

Bu "təsirlənmək" kəlməsini, xoşladığınız şairlərin bəzəkli sözlərlə dolu olan lüğətini kürüyüb öz şeirlərinizə gətirmək kimi başa düşməyin. Bu yaxınlarda, türkiyəli müharibə müxbiri yayımladığı xəbərdə "göyərçin rəngli təpələr" ifadəsini işlətmişdi, ya da, dəqiq xatırlamıram, deyəsən, bu cür yazmışdı: "mirvari kimi solğun".

Çalışın, ya ümumiyyətlə bəzək-düzəkdən istifadə etməyəsiniz, ya da edirsinizsə bunu ustalıqla yerinə yetirəsiniz.

 

Ritm və qafiyə

 

Gənc şair, ən yaxşı ritm və melodiyaların yer aldığı şeirləri bacardığı qədər çox oxumalıdır. Yaxşı olardı ki, bu ritm və melodiya xarici dildə yazılmış şeirlərdən axtarılsın, çünki belə olduqda sözlərin mənası şairin diqqətini şeirin ritmik quruluşundan yayındırmır. (Xarici dildə oxumağı ritmi mənimsəmək məqsədilə qeyd etdim, gənc şairin söz seçimi, əlbəttə ki, öz ana dilində olacaq.)  Nümunə üçün Saksoniya əfsunlarını1, Hibridian2 xalq mahnılarını, Dantenin şeirlərini, Şekspir lirikasını qeyd etmək olar, amma gənc şair bu mütaliəni bir şərtlə aparmalıdır ki, söz seçimi və ritm məslələrini bir-birindən ayırmağı bacarsın. Yaxşı olardı ki, Hötenin şeirlərini tələsmədən, səbirlə təhlil eləsin, misraları uzun və qısa, vurğulu və vurğusuz hecalara, saitlərə və samitlərə ayırmağı bacarsın.

Önəmli deyil ki, şeir öz melodiyasına əsaslansın, amma əgər artıq bir melodiya seçilibsə, müəllif bunu peşəkar mütəxəssisin zövqünü oxşayacaq şəkildə etməlidir.

Eynən bir musiqiçi öz sənətinin xırdalıqlarını, harmoniya, sintez və digər məsələlələri bildiyi kimi, gənc şair də assonans və alliterasiyanın, həm yaxın  uzaq, həm də varlı və kasıb qafiyələnmənin nə olduğunu bilməlidir. Bu məsələlərə ayırmaq üçün nə qədər vaxt lazımdırsa, sərf etməyə dəyər, hətta şair, bu anlayışlara az hallarda gərək duysa belə.

Elə zənn etməyin ki, nəsrdə həddən artıq maraqsız olan şeyi poeziyada uğurla vermək mümkündür.

Diqqəti cəlb etməyə çalışmayın, qoyun bunu xırda-xuruş fəlsəfi esseləriylə başını qatan yazıçılar etsin. Hər addımbaşı təsvirə can atmayın; yaddan çıxartmayın ki, rəssam bir mənzərəni sizdən də yaxşı təsvir edə bilər və bu təsvir işini o, sizdən daha çox bilməlidir.

Şekspir "qırmızı örpəyə bürünmüş səhər" misrasını yazmaqla elə bir şey edirdi ki, onu hansısa rəssam bacara bilməzdi. Bu misradakı bənzətməni təsvir adlandırmaq doğru olmaz. Şekspir təsvir etməyib, sadəcə, göstərib.

Sabun reklamı ilə məşğul olan reklam agentindən yox, hansısa bir elm adamından nümunə götürün.

Çünki elm adamı ortaya bir kəşf çıxarmamış kimlərinsə onu böyük bir alim kimi qəbul edəcəyini gözləmir. O, öz işinə əvvəllər kəşf edilən şeyləri öyrənməklə başlayır. Onun yolu bu nöqtədən başlayıb irəli doğru gedir. O, kənardan cəlbedici görsənib, kimlərinsə xoşuna gələcəyini ummur. Məsələn, birinci kursdakı fəaliyyətinə görə dostlarının onu alqışlayıb, təbrik edəcəyini də ummur. Lakin poeziyada "birinci kurs tələbələri"  qəti olaraq hansısa məktəbə və ya sinifə aid olmurlar. Onlar öz "təhsil"lərini nizamsız və dağınıq şəkildə, necə gəldi davam etdirirlər. Belə olduğu təqdirdə, "kütlə poeziyaya laqeyddir" fikri məgər təəccüblüdürmü?

Misraları qısa və uzun hecalara bölməyin. Hər sətrin sonunda fikrinizi bitirib, təzə sətrə yeni nəfəslə başlamayın.

Əgər məqsədli şəkildə pauza yaratmaq istəmirsinizsə, elə eləyin ki, hər növbəti sətr ritm dalğasına qoşula bilsin.

Uzun sözün qısası, musiqiçi məharəti ilə davranın. Sizin sənətinizin bəzi mərhələləri sırf musiqi sənəti ilə üst-ütə düşür. Poeziyanı da, musiqini də eyni qanunlar idarə edir və siz başqa heç bir qanuna tabe deyilsiniz.

Əlbəttə ki, şeirinizdəki ritm, sözlərinizin formasına, onların təbii səslərinə və mənalarına xələl gətirməməlidir. Onsuzda, ritm başlanğıcda o qədər güclü olmur ki, onlara xələl gətirsin, amma ola da bilər ki, misra sonlarındakı yanlış pauzaların və sətrortası fasilələrin qurbanına çevriləsiniz.

Musiqiçi öz işini orkestrin səsinə, zil və bəm notlara əsasən görə bilir. Sizin isə belə imkanınız yoxdur. "Harmoniya" termini, əslində, poeziyada doğru işlədilmir. Bu söz zil və ya bəm pərdələrdə səslərin eyni anda işlənməsi anlamına gəlir. Mükəmməl şeirlərdə bundan əlavə dinləyicinin qulağından getməyən qalıq bir səs də olur.

Əgər qafiyə oxucuya zövq vermək üçündürsə, onun tərkibində bir təəccüb və gözlənilməzlik elementi də olmalıdır. Qafiyə əcaib formada olmamalıdır. Bir şair öz şeirində qafiyədən istifadə edirsə, onda yaxşı formada istifadə etməlidir.

Oxucunun gözləri önündə təsvir yaradan şeirlər başqa dilə tərcümə edildiyi zaman heç nə itirmir. Lakin oxucunun gözlərinə yox, qulaqlarına xitab edən şeirlər yalnız orijinalda oxunduğu zaman öz gücündə qalır.

Dantenin əsərlərindəki anlaşıqlılığı Miltonun bər-bəzəkli yazı üslubu ilə müqayisə etməyə çalışın. Nə qədər ki, sizə cansıxıcı görsənmir, Vördsvorsu1 bacardıqca çox oxuyun.

Məsələnin lap kökünə varmaq istəyirsinizsə, Sapfo2, Catullus3, Villon4 və Heyneni5 oxuyun. Sizə çox soyuq və hissiz görsənmirsə, Qutyeni6 də gözdən keçirin. Əgər sizin dillə bağlı probleminiz varsa, Çoseri7 asta-asta, səbirlə oxumağa çalışın. Keyfiyyətli nəsr oxumaqdan da sizə zərər gəlməz və belə nəsr yazmaq üçün həqiqətən də, güclü nizam-intizama sahib olmaq lazımdır.

Əgər siz hansısa ilkin ideyanızı yenidən şeirə çevirmək istəyərkən çətinlik çəkirsinizsə, məşq etmək üçün tərcümə yaxşı vasitə ola bilər. Tərcümə edilən şeirdə isə ideya heç zaman "laxlamamalıdır".

Əgər siz şeirinizdə simmetrik formadan istifadə edirsinizsə, onda ifadə etmək istədiyiniz fikri çatdırdıqdan sonra qalan boşluqları mənasız kəlmələrlə doldurmayın.

Hansısa bir hissin təsvirinə can atdığınız zaman, başqa hisslərinizi də buraya qarışdırıb işləri korlamayın. Yəni bir hissin təsvirinə digər hissləri təsvir edərək nail olmağa can atmayın. Bu, əsasən, ən uyğun sözü tapmaq üçün müəllifin göstərdiyi tənbəllikdən irəli gəlir. Bununla bağlı, təbii ki, bəzi istisnalar da var.

Əvvəldə qeyd etdiyim o üç prinsipə əsaslansaq, indi standart və klassik nümunə hesab edilən bərbad şeir mətnlərinin onda doqquzunu bir qırağa tullamalı olarıq; O prinsiplərə əməl etməklə az qala cinayət sayıla biləcək keyfiyyətsiz şeirlər yazmaqdan canınızı qurtara bilərsiniz.

"...Amma ilk əvvəl sənin şairliyin olmalıdır". Dyumel və Vildrak "Poeziyanın texnikası" adlı o balaca kitabın sonunda belə bir cümlə işlədirlər.

1913-cü ilin martında Ford Madoks Hyufer8 belə bir fikir ifadə eləmişdi ki, Vördsvors daim sadə sözlərdən istifadə etməkdə o qədər qərarlıdır ki, daha yaxşı sözü tapmaq üçün özünü heç əziyyətə də salmır.

Con Batler Yits1 də Vordsvors və Viktorian2 şairləri haqqında fikir söyləmiş, onları tənqid etmişdir. Onun tənqidi fikirləri oğluna yazdığı məktublarda yer almaqdadır və həmin yazılar indi çap edildiyi üçün artıq oxucular da onu əldə edə bilər.

 

İnanclar

 

Ritm. Mən "təmiz ritm" anlayışına inanıram. Elə bir ritm ki, birbaşa yaşantıdan, yaxud ifadə ediləcək hisslərin ab-havasından meydana gəlir. Şeirdəki ritm də oxucu üçün nə isə bir məna ifadə etməli və sonda sırf şairin özünəməxsus, saxta olmayan və saxtalaşdırıla bilməyən bir nəsnəyə çevrilməlidir.

Simvol. Mən bu qənaətdəyəm ki, ən uyğun və mükəmməl simvol təbii obyektdir. Əgər müəllif simvoldan istifadə edirsə, bunu o şəkildə etməlidir ki, həmin simvol şeirin başqa ünsürlərinə mane olmasın. Yəni simvoldan başı çıxmayan, məsələn, "şahin" sözünü elə "şahin" kimi anlayan bir oxucu üçün şeirdəki məna və mətnin poetik keyfiyyəti itməsin.

Texnika. Mən şeirdə istifadə edilən texnikanın şair səmimiliyinin göstəricisi olduğuna inanıram. Hüququn da iş prinsipi bu cürdür. Yəni, hüququn texnikasının da məqsədi aydındır. O, qanunu pozanlara və qanun pozuntularının səbəblərinə qarşı fəaliyyət göstərir.

Forma. Mənə elə gəlir ki, şeirin məzmunu həm "maye", həm də "bərk" formada ola bilər. Məncə, bəzi şeirlər, məsələn, ağac formasındadır, bəziləri isə güldana tökülmüş su formasında. Əksər simmetrik formaların öz işlənmə məqamları var.  Elə mövzular mövcuddur ki, onları rahatlıqla və dəqiqliklə simmetrik formaya sığdırmaq mümkün deyil.

"Saf incəsənətin yer aldığı əsər haqqında, sadəcə, fikirləşməyə belə dəyər" (Dante. "Adi danışıq qaydaları haqqında"). Mənə elə gəlir ki, sənətkar mövcud olan bütün formalara və vəznlərə yiyələnməlidir. Şəxsən mən buna nail olmaq üçün xüsusi əzmkarlıq göstərərək yeni forma və üslubların meydana gəldiyi və inkişaf etdiyi mərhələləri diqqətlə araşdırmışam. Bəzən haqlı olaraq mənə irad bildirirlər ki, mən bütün fikirlərimi necə gəldi kütlə ilə bölüşürəm. Məncə, yalnız uzun bir mübarizədən sonra poeziya istənilən inkişaf səviyyəsinə nail olacaq. Elə bir inkişaf səviyyəsinə ki, Henri Ceyms3 və Anatol Fransın4 nəsrini oxuyanlar da, Debüsinin5 bəstələrini dinləyənlər də poeziyaya maraq göstərəcəklər. Mən həmişə o fikri demişəm ki, Dante şedevri ilə tanış olmaq Provens əyalətinin iki əsr, Taskani əyalətinin isə bir əsr vaxtını aldı. Şekspirin öz üslubunu ortaya qoyması üçün isə İntibah dövrünün latın dili mütəxəssislərinin, Pleyed1 cərəyanının və öz dövründəki bəzəkli nitq üslubunun köməyinə gərək oldu. Əsas məsələ odur ki, böyük poeziya yaradılsın, kimin yaratmağı elə də əhəmiyyətli deyil. Bir şairin eksperimental cəhdləri digər şairlərin öz vaxtına qənaət etməsinə də səbəb olur. Aranut Danielə heyranlığım bu səbəbdəndir. Əgər bir şairin eksperimentləri yeni bir qafiyə formasını üzə çıxarırsa, yaxud indiyəcən qəbul edilmiş yanlış ənənələri yıxırsa, bu addım öz bəhrələrini verərkən həmin şair həm də öz həmkarlarına qarşı böyük xeyirxahlıq etmiş olacaq.

Heç bir şairin "ürəyincə" olan şeirləri çox olmur. Yəni, heç bir şair həmişə istədiyi şeirləri yaza bilmir. Elə isə, yaxşı olardı ki, şairlər arabir bəzi eksperimentlər də aparsınlar. Bu, həm sonrakı əsərlərdə özləri üçün, həm də gələcəyin şairləri üçün gərəkli ola bilər.

"Həyat çox qısadır, sənətə yiyələnməkdən ötrü isə uzun müddət lazımdır." Bir müəllif üçün öz əsərini balaca bünövrə üstündə ucaltmaq ağılsızlıqdır. Daim yerində saymaq, əsərlərini yaxşıya doğru inkişaf etdirməmək isə rüsvayçılıqdır.

"Oxşarlıq" məsələsinə gəldikdə, onu demək olar ki, hər bir rəsm ustası rəssamlığı öyrənən şagirdlərinə birinci dəfə hansısa şah əsəri köçürməyi məsləhət görür. O şagirdlər öz əsərlərini daha sonra yaradırlar.

"Hər kəs özü üçün şairdir" ifadəsi haqqında isə belə düşünürəm ki, poeziya ilə bağlı nə qədər çox bilgin olsa, o qədər yaxşıdır. Mən bilirəm ki, ürəyindən şeir yazmaq keçənlərin əksəriyyəti bunu edirlər. Yaxud musiqidən kifayət qədər başı çıxan hər kəs "Tanrı bizim evimizi qorusun" mahnısını fisqarmoniyada ifa edə bilər. Amma orası da var ki, hər kəs konsert vermək, ya da öz günahlarını çap etdirmək həddinə gəlib çıxmır.

Artıq bu qənaətə gəlmək olar ki, hal-hazırkı böhran o vaxta qədər davam edəcək ki, poeziya mühazirələri həvəskarların dilindən səsləncək; hər kəs poeziyanın bir hobbi və əyləncə yox, sənət sahəsi olduğunu dərk edəcək; şeirdəki texnika, forma və məzmun məsələləri artıq oturuşmuş olacaq və nəticədə həvəskarlar da ustalardan yaxşı olduqlarını sübuta yetirməkdən vaz keçəcəklər.

Əgər kiminsə indi demək istədiyini bir vaxtlar Atlantis adasında və ya Arkadia kəndində yaşayan bir müəllif, fərz edək ki, eramızdan əvvəl 450-ci ildə, yaxud eramızın 1290-cı ilində deyibsə, müasir dövrün yazarları onu təkrar etməməli, ya da ikinci dəfə daha məharətsiz və təsirsiz formada deyərək sələflərin adını unutdurmağa çalışmamalıdır.

Qədim və orta dövrün müəlliflərinə tez-tez qayıtmaqda məqsədim bizdən əvvəl bu sənətdə nələrin edildiyini araşdırmaq, nələrin daha yaxşı şəkildə edilə bilməyəcəyini tapmaq və bizə hansı işlərin qaldığını öyrənməkdir. Və öyrəndikcə görürəm ki, bütün edilmişlərə rəğmən bizə də çox iş qalır. Bizim hisslərimiz Troyalı Heleni xilas etmək üçün gəmilərə minib döyüşə yollananların hissləri ilə nə qədər oxşar olsa da, biz o hissləri fərqli şəkildə, fərqli situasiyalarda və fərqli intellektual mərtəbələrdə yaşayırıq. Şair üçün hər yaşın öz üstünlükləri var, lakin bəzi yaşlarda həmin üstünlüklər daha qalıcı formaya keçə bilər. Yaxşı şeir iyimi yaşda yazıla bilməz, çünki şair bu yaşında kitablara, ənənələrə və şablonlara əsaslanır, həyata əsaslanmır. İncəsənətlə həyatın fərqini hiss edən müəllif müasir incəsənətin ehtiyac duyduğu və müasir incəsənəti yenidən öz qida mənbəyinə - həyata bağlayacaq hansısa elementə rast gəldikdə, o elementin yer aldığı unudulmuş üslubu təzədən canlandırmağa çalışacaq.

XX əsr poeziyası və növbəti onillikdə ortaya çıxacaq yeni poeziya haqqındakı fikirlərimə gəldikdə, düşünürəm ki, bu poeziya yersiz sözlərə və mənasız cəfəngiyatlara boyun əyməyəcək, bu poeziya daha sərt, daha sağlam yetişəcək və Cənab Hyuletin adlandırdığı kimi "daha çox iliyə işləyən" olacaq. Yeni poeziyanın gücü onun çatdırdığı həqiqətdə və ifadəetmə səriştəsində özünü göstərəcək. (Poetik güc, əlbəttə ki, elə bu məqamla bağlıdır). Yəni, onu demək istəyirəm ki, gələcək poeziya oxucuya təmtəraqlı sözlərlə, bər-bəzəkli üslubu ilə təsir etməyə çalışmayacaq. Poeziyanın gücünü azaldan o bəzəkli sifətlər daha istifadə olunmayacaq. Ən azından mən özüm onun çılpaq, bəzəksiz, birbaşa və emosional çırpıntılardan uzaq olmasını istəyirəm.

 

Verlibr

 

Mənə elə gəlir ki, verlibrin yaranmasına səbəb illər sonra keyfiyyət çatışmazlığının təzədən üzə çıxmasıdır. Amma bu məqamda əmin deyiləm ki, biz latın dilçiləri tərəfindən yunan və latın dilləri üçün qoyulan keyfiyyət kriteriyalarını ingilis dilinə də tətbiq edə bilərik, yoxsa yox.

Məncə, şair yalnız bu vəzndə "yazmalı" olduğu an verlibrə müraciət etməlidir . Yəni, o an şair hiss edir ki, onu məcbur edən səbəb ənənəvi vəzndən daha gözəl, daha həqiqi, yaşantıya daha yaxın ritm ortaya qoyacaq və o, öz duyğularını ənənəvi vəznə nisbətən bu üslubda daha münasib, daha səmimi, daha aydın şəkildə ifadə edə biləcək. Bu ritm üçün artıq yam2 və anapestik3 ölçülər kifayət etmir.

Bir vaxtlar Eliot sərbəst şeir haqqında gözəl bir fikir demişdi: "Məqsəd yaxşı əsər yaratmaqdırsa, heç bir şeir sizin üçün sərbəst olmayacaq."

Bir az dərininə varsaq, verlibrdə elə şeirlər var ki, sözdəki vurğunu təbil səsi kimi aşkar eşitmək mümkündür (misal üçün, mənim "Rəqs edən qız" şeirimi yada sala bilərsiniz). Mən bir tərəfdən də düşünürəm ki, bu şeirdə əlimdən gələn qədər başqa istiqamətə (yəqin ki, çox uzaq istiqamətə və yaxşı tərəfə) yönəlmişəm. Onu demək istəyirəm ki, verlibrdə yazanlar ritmi mənim bu şeirdə istifadə etdiyimdən daha az və daha hissedilməz dərəcədə istifadə etməməlidirlər. Mənə elə gəlir ki, uğur qazanmaq üçün klassik vəznlərə qarşı laqeyd olmaq yox, onlarla hesablaşmaq (onları köçürməmək şərti ilə) lazımdır.

Poetik gözəlliyin dəqiqliklə əlaqəsi baxımından Con Yitsin fikri ilə razılaşıram.  Mən saxta hisslərə əsaslanan şeirdənsə, səmimi hisslərlə yazılan satiraya üstünlük verirəm.

...İncəsənət haqqında yazmaq bütün zamanlarda çətin olub. Əgər başqa birinin yazısını müxtəlif formalarda təqlid etməyəcəksinizsə, belə bir yazı yazmaq, ümumiyyətlə, mümkünsüzləşir. Bununla belə, istərdim ki, əlimdəki imkandan yararlanaraq Vindham Luisin həm rəssamlıq, həm də ədəbiyyat sahəsində olan dühasını bir daha təkrarlayım. Bu məqamda otağıma qonaq gəlib gözlərini kitab rəfimə zilləyən yad bir oxucuya bəzi başqa kitabları da, məsələn, Frederik Manninqin diqqətdən kənarda qalmış "Mənzərələr və portretlər" romanını, Ceyms Coysun qısa hekəyalərini, "Dublinlilər" kitabını və hal-hazırda məşhurluq qazanmış "Rəssamın portreti" romanını, Luisin "Tarr" əsərini məsləhət görə bilərəm.

 

Ezra Paund

 

Tərcümə edəni:

Təvəkgül BOYSUNAR

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.30-31.