ƏDƏBİYYAT ÜZRƏ 1980-Cİ İLİN
NOBEL MÜKAFATÇISI:
Çeslav
MİLOŞ
Polyak
yazıçısı, şairi, tərcüməçisi
Çeslav Miloş 1911-ci ildə Rusiya İmperiyasının
Koven quberniyasında dünyaya gəlib. Ən yaxşı romanlarını doğma polyak dilində
qələmə alsa da, uzun illər kitablarının
Polşada çapına qadağa qoyulub. Bu səbəbdən
əsərləri Fransada nəşr olunub. Onun dünya şöhrətli "İssa
vadisi" romanı xeyirlə-şərdən,
günahla-xeyirxahlıqdan bəhs edir. Əsər
itirilmiş uşaqlığı İssa çayının
sahillərində keçən Tomaşın taleyindən
söz açır. Təhsilini əvvəlcə
Sigizmund adına kollecdə, daha sonra isə
Stefan Batoriya Universitetində alan gələcək
yazıçı humanitar, sosial elmlər və hüquq
ixtisasına yiyələnib. Ədəbiyyata
şeirlə gələn Çeslav Miloşun imzası mətbuatda
1930-cu illərdən etibarən görünməyə
başlayıb. Bir neçə dəfə Parisdə
uzaq qohumu, fransız şairi Oskar Miloşla
görüşüb. 1937-ci ildə,
İtaliyadan qayıdandan sonra Varşava radiosunda
çalışıb. 1939-cu ildə radio
əməkdaşı kimi cəbhəyə gedib. Bir müddət ABŞ-da, Litvada yaşayıb.
1993-ci ildə birdəfəlik Varşavaya
qayıdıb. SSRİ dağılandan, Litva müstəqillik
qazanandan sonra Litva Yazıçılar Birliyinə fəxri
üzv seçilib. 1980-ci ildə "baş verən
iğtişaşlarda bəşər övladının
müdafiəsiz olduğunu böyük uzaqgörənlik və
cəsarətlə təsvir etdiyinə görə" ədəbiyyat
üzrə növbəti "Nobel mükafatı"na layiq görülüb. Yazıçı
2004-cü ilin 14 avqust tarixində vəfat edib.
"Ədəbiyyat qəzeti"nin
oxucularına yazıçının "İssa vadisi"
romanından bir parçanı təqdim edirik.
İssa vadisi
Romandan parça
IX
Dünyada böyük bir müharibə gedirdi,
başlanğıcda Göllər vilayəti ordusu
darmadağın edilən Rusiya imperatorunun əlindən
çıxdı. Tomaş almanları bircə dəfə
görmüşdü. Gözəl atlara
minmiş üç nəfər idilər. Onlar həyətə girəndə Tomaş qoca
Qjeqojinin yanında oturub, səbət toxuyurdu. Qadın
kimi qırmızısifət, arıq bədənli cavan zabit
atdan yerə atıldı, onun çiyninə vurub, bir
parç süd içdi. Arvadlar almanların
başına yığışdılar, bircə Qjeqoji
bıçağı əlindəki budaqdan ayırmayıb,
oturduğu yerdən tərpənmədi. Zabitin əynindəki
paltar - ot rəngində idi - onu heyrətə
gətirdi. Belindəki dəri kəmərdən
iri bir tapança asılmışdı, lüləsi
qoburadan sallanıb çıxırdı. Tomaş almanın qeyri-adi hərəkətlərinə
valeh olmuşdu. Zabit parçı
qaytardı, sıçrayıb ata mindi və
başının əsgərlərini də
götürüb, inək tövləsinin yanından, cökə
xiyabanından keçib, geri qayıtdı.
Kim deyə bilərdi ki, bu görüş taleyin
işidir və bir ömür onun yaddaşından silinməyəcək. Ginyadakı
kilsənin yanından keçdi, kürəyini divara
dayayıb, dəftərçəsində həvəslə rəsm
çəkdi. Bəlkə də
müharibəyə qədər Norveçdə
gördüyü Kirçen kəndi yadına
düşmüşdü. Belini dikəldib, yəhərdən
yapışanda İssa sahilindəki talaların təmiz
havasını ciyərlərinə çəkdi, lap bu yaxınlarda
vuruşduğu Fransanın qərb cəbhəsindəki səs-küylü
torpaqları xatırladı. O torpaqlar Tomaşı nə indi,
nə də (amma nə üçün?) 20 il
sonra, az əvvəl Fürerin işğal etdiyi Şərqi
Avropadakı şəhərdən birində, general
maşını ilə gedəndə belə hiss etmədi. Tomaş (tutaq ki) yumruqlarını cibində
düyünləyib, qəsbkara duyduğu ani xoş
duyğuların səbəbini anlamağa
çalışdı.
Müharibə Ginyaya qədər getməyə ehtiyac
duymamışdı, çünki oralarda alınacaq bir yer yox
idi. O yerlər
Tomaşın yaddaşında bir çox xüsusiyyətləri
ilə qalmışdı. Məsələn,
sabun bişirmək. Bağçada ocaq
qalayırdılar, üçayaq üstə qazan qoyurdular,
burunlarını çəkə-çəkə qəhvəyi
rəngli mayeni ağac parçası ilə
qarışdırırdılar. İy iyə
qarışırdı, həyəcan, səs-küy baş
alıb gedirdi, görəsən, sabun necə çıxacaq.
Sonra mayeni soyudub bərkidir, lap axırda da hissələrə
bölürdülər. Ya da şam
hazırlayırdılar. Buna görə
içini piylə doldurmaq üçün başı kəsilmiş
butulka şüşələrindən istifadə edirdilər,
ortasına fitil qoyurdular. Butulka şüşəsini
kerosin hopdurulmuş qaytanla kəsmək olurdu: qaytanı
butulkaya dolayıb odlasan, şüşə elə ordan da kəsilər.
İki dənə karbid lampası
almışdılar, onların görünüşü də,
qoxusu da Tomaşı narahat edirdi. Çay əvəzinə
Surkontovun nənəsi çiyələk yarpağı dəmləyirdi,
bal da qəndi əvəz edirdi. Ümumiyyətlə,
saxarin peyda olandan sonra arvad daha heç vaxt qənddən
istifadə etmədi: o da şirin idi, həm də ucuz.
Tomaş oxumalıydı, amma evdə heç kəs bu
işi boynuna götürmədi, odur ki, oğlanı kəndə,
Yozefin (Tomaşın müəlliminin adıydı) yanına
göndərdilər. Balaca bir mülkü də vardı.
Adam özü Litva kəndlisi idi, litvalı -
Yuzapas deyirdilər, litvaca ona Qara ləqəbi vermişdilər.
Adam doğrudan da qaraydı - qaşları bir
cüt qalın, qara xətt idi, üzü arıq,
saçları yanlardan azacıq ağarmışdı.
Qardaşının evində qalır, ona təsərrüfat
işlərində kömək edirdi, üstəlik, hər
işin qulpundan yapışırdı: haradansa kitablar
alırdı, qəzet parçalarını yandırıb,
taxta lövhə üzərinə sərdiyi otları
qurudurdu, lazım olanda adamlara məktub yazır, siyasətdən
danışırdı. Nə vaxtsa elə bu siyasət
üzündən həbsxanaya da düşmüşdü,
müxtəlif şəhərlərdə işləmişdi,
ancaq şəhərlilər kimi geyinmirdi, köynəyindəki
tikmələrlə hər kəsə kəndli balası
olduğunu göstərməyə
çalışırdı. O, indiki salnaməçilərin
millətçi adlandırdıqları zümrədən
idi. Bu məsələdə onun
narazılığına səbəb vardı. Təbii ki, o, litvalı müəllim idi, Tomaş isə
hər şeydən əvvəl polyak dilində yazıb-oxumaq
öyrənməliydi. Yozef Surkontovların özlərinə
polyak deməyini satqınlıq kimi qəbul edirdi - bu yerlərdə
o cür soyadla qarşılaşmaq müşkül iş
idi. Bir də panlara nifrəti vardı -
çünki bu panlar dillərini dəyişməklə
xalqdan uzaqlaşmaq istəyirdilər. Hə,
bir də Surkontovlara nifrət hissini boğmağa
çalışırdılar. Amma uşağı məhz
ona etibar eləmişdilər, inanırdılar ki, bu adam oğlanın gözlərini açacaq. Və Tomaş müntəxəbatı vərəqlədikcə
bu qarışıq hisslər daha da çoxalırdı.
Nənə bu dərslərdən çox
narazı idi, hansısa litvalının
varlığını qəbul edə bilmirdi, amma arvadın
fotosu əsrlər boyu Litvada yaşayan adamları təsvir etmək
üçün istənilən kitaba illüstrasiya kimi
yarayardı. Buna baxmayaraq evə hansısa müəllimənin
ayaq açmağına da arvad boş xülya kimi
baxırdı, fikirləşəndə ki, gədə oxuyub adam olacaq, naəlac qalıb Yozeflə
barışırdı. Tomaş bu çətinlikləri,
bu qara-qorxunu anlamırdı, elə ki, anladı, hər
şey onun üçün dəyişdi. Əgər təsadüfən
İrlandiyada böyümüş balaca bir ingilislə, ya da
Finlandiyada boya-başa çatmış balaca isveçli ilə
rastlaşsaydı, onlarla öz arasında ortaq çox şey
tapa bilərdi, amma İssa vadisindən o yana
bütün torpaqların üzərinə qaranlıq
çökmüşdü. Bildiyi nə vardısa, nənəsindən
eşitdikləri idi: ingilislər səhər yeməyində
kompot içirlər (bircə buna görə onlara hörmət
etməyə dəyərdi), ruslar Artur kişini Sibirə
sürgün eləyiblər. O isə Krakovdakı polyak
krallarını sevməlidir. Krakov nənə
üçün dünyanın ən gözəl şəhəri
idi, arvad əmin etmişdi ki, Tomaş da böyüyən kimi
gedib o gözəl şəhəri görəcək.
Arvadın bu patriotluğu, babanın milli təəssübkeşlikdən
uzaq həyat tərzi, bir də Jozefin söylədikləri -
"biz", "ölkəmiz", gerblərdən,
bayraqlardan gedən uzun-uzadı söhbətlər -
oğlanın gələcəyə inamını
azaltmışdı. İçində ikili
bağlılıq, bir növ haça-paçalıq
yaranmışdı. Bilmirdi bu ölkənin
nəyini və necə sevsin.
Yozefin yanındakı dərs illəri yeniyetməliyin
xaosu ilə yadda qaldı və o illərin içindən
balaca bir Litva respublikası çıxdı. Yozefin
israrlı cəhdlərinin sonunda Ginyada ilk məktəbin
tikintisinə başladılar və o, həmin məktəbdə
müəllim oldu.
Müharibənin səsi təzə-təzə kəsilirdi,
amma, görünür, onun qoyduğu nişanələr hələ
uzun müddət bu yerlərdə qalacaqdı. Məsələn,
aşağı, yola baxanda park kənarındakı
skamyanın köhnəliyi adamın gözünə girirdi.
Ordan tez-tez müxtəlif şəhərlərə
üz tutan səfil-sərgərdanlar keçirdi. Onlar aclıqdan qurtulmaq üçün
qaçırdılar, bellərinə düyünçə
alıb dolaşırdılar, arabir taxta arabalarında körpə
uşaqlar da olurdu. Ana və iki oğlan
uşağından ibarət belə ailələrdən biri
Antoninanın köməyilə mülkə
sığınmışdı. Oğlanlardan
yaşda böyüyü, adı Stasyok olanı ağız
qarmonunda çaldığı havalar onlara ləzzət
edirdi, şəhər mahnıları oxuyurdu, amma polyak dilində
ləhcəsiz danışırdı.
"Buna bax da, şvapettdiyr" (polyak dialektində şvapetləmək yerli ləhcədən uzaq, yəni təmiz danışmaq deməkdir) - Antonina sevincək dilləndi. Oğlan ona qundağı əsl tüfəngə oxşayan arbalet düzəltsə də, Tomaşın sallaqqulaqlı, nazik boyunlu Stasyokdan xoşu gəlmirdi. Axşamlar Stasyok Antonina ilə bir yerdə cökələrin altında oturub söhbət edəndə, ətrafdakı qızların hırıltısı baş alıb gedirdi. Belədə Tomaş da bacardığı qədər onlara yaxın oturmağa çalışırdı. Bir müddət sonra bu da onu bezdirdi və daha onlara yaxınlaşmadı. Özü də baş açmırdı nədən, amma nəsə onu narahat edirdi. Adətən günün günorta çağı günəş buludların arxasında gizlənəndə belə olur. Bir də deyəsən, sevəndə...
Tərcümə
edən:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.28.