Təbrizli Bərahəni
Rza Bərahəni türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılarımızdandır. Təbriz doğumlu olub, Kanadada mühacir həyatı yaşayan yazarın indiyə kimi əlli altı kitabı çıxıb.
İranda müasir elmi-ədəbi tənqidin əsasını qoyanlar sırasında birinci R.Bərahəninin adı çəkilir və o, "İran ədəbi tənqidinin atası" kimi tanınır. Eyni zamanda o, İranda modern və postmodern ədəbiyyatın öncüllərindəndir.
Ağlı və bacarığı ilə yaşıdlarından fərqlənsə də, yoxsul və çoxuşaqlı fəhlə ailəsində doğulan Rzanın məktəbə getməsi mümkünsüz olur. Rza Məşrutə dönəmində Şeyx Məhəmməd Xiyabaninin silahdaşı və köməkçisi olan Əli Badamçının gizli xeyirxah yardımı nəticəsində ilk və orta məktəbdə təhsil ala bilir. Təbriz Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsini bitirib, İstanbul Universitetində isə ingilis ədəbiyyatı üzrə doktorluq müdafiə edir. İrana qayıtdıqdan sonra Tehran Universitetində çalışır. Oxuduğu ibtidai məktəbin bir ilində - 1945-46-cı illərdə S.C.Pişəvərinin qurduğu Milli Demokratik Hökumət dövründə təhsilini ana dilində alır. Təəssüf ki, az keçmir, bu hökumət devrilir. Son nəticədə isə ölkədə Azərbaycan dili və mədəniyyəti yasaq olunur. Orta məktəbdən başlayaraq R.Bərahəni fars, ərəb, ali məktəbdə ingilis, fransız dilləri ilə yanaşı latın və yunan dillərini də öyrənir. İstanbul Universitetini bitirən zaman o artıq 5-6 dil bilirdi. Mütaliəyə çox vaxt ayırır, tərcümə ilə məşğul olurdu.
1965-ci ildən Tehran Universitetində
çalışmağa başlayır. Hələ şah
dövründə yazar həmkarları - Qulamhüseyn Səidi,
Cəlal Aləhməd, Əhməd Şamlu və
başqaları ilə İran Yazıçılar Birliyini təsis
edir. Yeddi ilə yaxın İranda çox önəmli
sayılan bir ədəbiyyat dərgisinin sorumlusu olur. R.Bərahəni
solçu fikirlərinə görə 1973-cü ildə Rza
şahın SAVAK idarəsi tərəfindən həbs olunaraq
üç aydan artıq işgəncələrə məruz
qalır.
İnqilabdan öncə ABŞ-a dəvət
edilib, İndiana və Baltimor universitetlərində ingilis dili
və tətbiqi ədəbiyyatından dərs deyib, professor
kimi işləyir. R.Bərahəni 1979-cu il inqilabından sonra Tehrana
qayıdır. Tehran Universtetində yenə professor köməkçisi
kimi çalışır. Amma işinə əngəl
törədilir və 1984-cü ildə universitetdən xaric
edilir. Yazdığı "Hakim və məhkum
kültür" məqaləsinə və senzuraya etiraz
etdiyinə görə təqib olunub, incidilir. Yazı
İranda yaşayan türklərin, o cümlədən, fars
olmayan başqa etnik qrupların milli-mədəni haqları ilə
bağlı idi. O, İranda İslam İnqilabından sonra da
həbs olunub və edam olunmaqdan son anda xilas ola bilib. Ədəbi
fəaliyyətini davam etdirən yazıçı artıq
İranda qala bilməyəcəyini başa düşərək,
ölkəni tərk edib.
2001-2003-cü illərdə sərbəst buraxıldıqdan
sonra yenidən universitetdə dərs deməyə başlasa
da, işləməsinə əngəllər törədilir. Yenidən Amerikaya mühacirət
etməyə məcbur olur. Austin, Utah, Baltimor, Nyu-York və
Toronto universitetlərində ədəbiyyatla bağlı dərslər
verir. Kanada "Pen Klub"unun 2001-2003-cü illərdə sədri
olur. Dünya "Pen Klub"unun üzvü, şair,
yazıçı, publisist R.Bərahəni artıq uzun illərdir
ki, Kanadanın Toronto şəhərində yaşayır,
universitet tələbələrinə müqayisəli ədəbiyyatdan
dərs deyir.
Rza Bərahəni, şeirlərində
məna və anlamdan çox, dilə
önəm verir. Bərahəniyə görə, ən
böyük zövqü dil verir. Gerçəklərə ən
yaxın olan da odur. R.Bərahəninin Azərbaycan türkcəsində
yazdığı və toplantılarda həvəslə
oxuduğu "Həh!" şeiri onun modernist
düşüncəsinin məhsuludur:
Qavalçalan
oxuyar dağ ətəyində,
Bağın dibində,
Sənin
əksini tapanda,
Bu əksi basanda bağrına gizlin,
"Dilim!", "Dilim!"
deyən
Heyf olmuşum, yazığım,
Gözəl dilim,
Necə
bağrımda yandı,
Lap külə döndü.
1968-ci ildə
yazdığı "İnsanlıq tarixi"
kitabının İranda çap olunmasına icazə verməyiblər.
Sonra E.L.Doktorov adlı bir amerikalı yazıçı kitaba
aid böyük bir məqalə yazaraq, onu ingilisdilli topluma təqdim
edib. Rza Bərahəni fars və inglis dillərində nəşr
olunmuş "Misdə qızıl" (tənqid, 3 cilddə),
"Taclı hanniballar", "Allahın kölgəsi"
(şeir və hekayə toplusu) "Yurdumun sirrləri"
(roman, 2 cilddə), "Azadə xanım" (roman), "Təbrizlilər"
(roman), "İlyas bəy Nyu-Yorkda" (roman) və s. bu kimi əsərlərin
müəllifidir. "Gənc Ayazın cəhənnəm fəsilləri"
ingilis və fransız dillərinə tərcümə edilib.
V.Şekspir, M.Kundera, O.Mandelştam və başqa bu kimi
ünlü yazarların əsərlərini farscaya
çevirib.
"Yurdumun sirrləri"
əsəri yazıçının
doğulub boya-başa çatdığı Təbriz şəhərinə
həsr olunub.
Yazıçı əsərdə Təbrizin tarixi, mədəniyyəti,
orada yaşayanların özəl xüsusiyyətləri,
xarakterləri, məşğulluq sahələri və s. qələmə
alıb.
"Yurdumun sirləri"
əsərinin özəlliyi
onun Azərbaycan gerçəklikləri ilə bağlı
olmasındadır.
Burada müstəmləkəçi
dövlətin adi bir
məmurunun kobud davranışı və xalqın ona nifrəti
əyani şəkildə bədii lövhələrlə
şərh edilir. Amerikalı alay komandiri Diovis bir hərbi məmur kimi Azərbaycan
şəhərlərinə səyahət edir, xalqa istehza ilə
yuxarıdan-aşağıya baxaraq mənəvi basqı edir.
Əsərin bir yerində o, istehza ilə tərcüməçiyə
üz tutub soruşur: - Niyə sizin fahişələr mənimlə
əylənmir, amma sovet və ya rus məmurları ilə əylənirlər?
Tərcüməçi cavabında deyir ki, sovet əsgərlərinin
çoxu türk (azərbaycan türkü - P.M.) olduğu
üçün onlar öz dildaşları ilə əylənirlər.
Aradan bir az keçdikdən sonra amerikalı komandirə üz
tutaraq soruşur ki, siz qara və ya ağdərili bir fahişənin
hansı ilə əylənərsiniz? O, cavabında - əlbəttə
ağdərili ilə, çünki o mənim soyumdandır, -
deyə söyləyir. Tərcüməçi deyir -
baxın, bizimkilər də sənin kimi
düşünür.
Əslində bu epizod onu
göstərir ki, aşağı təbəqədən olan
fahişə qadın da müstəmləkəçi məmura
nifrət edir.
Müəllif romanda milli xalq
musiqisinin bazar və dükanlarda, habelə, çayxanalarda səsləndiyindən
yazır. Təbriz-Muğan
yolunda bir çayxanada amerikalı və mütərcimlər
qramafondan bu mahnını eşidirlər:
Piyalələr
irəftədir,
Hər biri bir tərəfdədir,
Görməmişəm bir həftədir.
Yar bizə qonaq gələcək,
Bilmirəm, nə vaxt gələcək?!
Romanda müəllif sinfi ziddiyəti ictimaiyyətdə
gözəl şəkildə və bədii obrazların
timsalında izah edir. Burada mübariz insanların daha çox yoxsul təbəqədən
olduğu qabarıq şəkildə göstərilir. Hətta
qadınlar arasında da yalnız inqilabçı şəxsiyyətlər
yoxsul təbəqədən olur. Yuxarı və varlı təbəqənin
qadınları yüngül, meşşan və şəxsiyyətsiz
tanıdılır.
Romanın əsas surətləri Hüseyn Tənzifi, tərcüməçi-leytenant
Krazlidir.
Krazli Amerika müstəşarlarından (yüksək rütbəli
məmur - P.M.) biridir. Polkovnik Cəzairi və 12 nəfər
Ərdəbilin diviziyasının alay komandirləri Krazlini
kobud davranışına görə terror edirlər. Polkovnik
və alay komandirləri törətdikləri qətlə
görə edam olunurlar. Hüseyn isə ömürlük həbs
cəzasına məhkum edilir.
Müəllif romanda ictimaiyyətin bütün zümrələrinin mübarizəsini
bədii lövhələrlə çox gözəl təsvir
edir.
Türk xalqları inanc kimi bozqurdu özlərinə totem bilərək
"Qurd ata"dan gəldikləri düşüncəsi ilə
yaşamışlar. Yazıçıya görə, türklərin
xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd
psixologiyası üzərində qurulub və hardasa onu
xatırladır. Yazıçı əsərdə qədim
türklərin xilas, azadlıq, qurtuluş rəmzi sayılan
Qurd totemini - "Savalan canavarı" obrazında
canlandırır:
- Savalan canavarının adi canavarla nə fərqi var?
Qoca kişi dedi:
- Ona deyərlər əcnəbi öldürən. Hələ bir
neçə il bundan qabaq bir ingilis sərhəngini Savalan
canavarı öldürmüşdü. Yerli xalqla işi
yoxdur. Əgər Savalan canavarı olsa, Allah özü
amerikalıya rəhm eləsin. Bu canavar adamı oynadey, hətta
şeytan da şərindən xilas ola bilmey...
Rza Bərahəni
yeri gəldikcə Azərbaycan
şifahi xalq ədəbiyyatının ən gözəl
nümunələrini əsərlərinə gətirib
yararlanır.
Onun digər
əsəri isə
"İnsanlıq tarixi" essesidir. Esseni yazıçının
mövcud rejimə etiraz səsi, əlaməti kimi qəbul etmək
olar. Əsərdə təsvir olunanlar haqda təsəvvür
əldə etmək üçün bir səhnə kifayətdir;
qaranlıq gecə, dəhşətli burulğan,
dalğaların qorxusu… Sahildəki seyrçilər həmin dənizdəkilərin
nələr çəkdiyini haradan bilsinlər? Əsərin
qayəsində bu ritorik sual durur.
Amerikada çıxan "Nyu -York
tayms" qəzetinin hələ 1977-ci ildə çıxan
20 iyun sayında R.Bərahəninin "Taclı hanniballar"
əsəri haqda qəzetin əməkdaşı Jon
Leonardın geniş yazısı çap olunub. Yazıda kitaba ön söz
yazmış E.L.Doktorovun əsərə yüksək qiymət
verməsindən bəhs olunur. İrandakı şah rejimi
zamanı gizli polis xəfiyyəsinin - SAVAK-ın cinayətlərinin
izinə düşən əsər müəllifinin
özü bir zamanlar SAVAK-ın təcridxanasında
keçirdiyi hissləri və şahidi olduğu olayları qələmə
alımışdı. E.L.Doktorov yazırdı: "O bizə
dırnaqları dartan kəlbətindən, elektrik cərəyanının
cinsi orqanlara göndərilməsindən, həmçinin məhbusların
pis vəziyyətdə olub, durub və yaxud uzana bilməyəcəyindən
danışıb təsvir edir. Düzdür, bu mövzunun
balaca bir hissəsidir. Burada metaforanın imkanlarında da limit
var. Bu mövzunun həyatda var olmanın dərəcələri
ilə də birbaşa əlaqəsi var"
E.L.Doktorov daha sonra qeyd
edir ki, onun kitabındakılara, yəni bir növ SAVAK terroruna
aid olan sənədlərə nəzər salanda, həbsxana
xatirələrini, ona verilən işgəncələrin
xülasəsini görürük.
Rza Bərahəni öz əsərləri haqda yazır: "Ayazın
cəhənnəm günləri" adlı əsər
çox populyar oldu. Bu, tarixi romandır. Əsərdəki qəhrəmanımı-
yəni Ayazı Mənsur Həllaca bənzətmişəm.
Mənsur Həllac o adamdır ki, 1200 il bundan əvvəl
Bağdadda xalqın gözü qarşısında tikə-tikə
edilib. Mən bu şəxsin yaşadığı həyatdan,
üzləşdiyi çətinlikdən istifadə edib, yeni
bir qəhrəman yaratmağa çalışmışam. Bu
roman çap olunduqdan 35 il sonra İranda hamısını
barbarcasına yandırdılar. Təsəvvür edin ki,
kitablardan böyük bir tonqal düzəltmişdilər.
Sonra mən əsəri bir Fransız naşirə verdim və
2000-ci ildə yenidən çap olundu. Rejimin xoşuna gəlməyən
əsərlərim çox olub."
Rza Bərahəni
İranda xüsusi bir
ədəbi hərəkat yaratmışdır. Bu barədə yazır:
"Mən şeirdə başqa bir stil yaratmışam. Məsələn,
belə bir suala cavab tapmaq istəmişəm - modernizmin o tərəfinə
necə getmək və post-modernizmdən necə istifadə
etmək olar? Postmodernzm İkinci Dünya müharibəsi
başa çatdıqdan və üçüncü dünya
ölkələri adlandırdığımız ölkələrin
yaranması ilə meydana gəlib. Bu cərəyan
dünyanı kamil surətdə görür. Bizim zehnimiz Qərbin
təsiri altında parçalanıb və bu fonda Qərbin də
zehni tikə-tikə olub. Bunun da içindən tikə-tikə
yazmaq meydana çıxıb. Zehin parçalayır, sonra
yazır. Birdən zehin 25 səhifə dalbadal yazır. Sonra
yenə parça-parça olub, ayrı yerə gedir. Zehn
şüurla yox, naşüurla yazır. Məsələn,
bir ölkənin tarixi stabil davam etmir. Müəyyən vaxtda
parçalanır, yenə davam edir. Bu üzdən roman və
ya şeir tikə-tikə olur. Post-modernizmin modernizmdən sonra
gəlməsi doğru fikir deyil. Hər ikisi eyni zamanda meydana gəlib.
Biz həm modern, həm də postmodern olurduq. Məsələn,
şairlərin yazdıqları şeirlərdə bir məzmun
var: həmin məzmun struktur kimi qurulub və siz də
bilirsiniz ki, şair nə demək istəyir. Bu, əvvəlcədən
müəyyən edilmiş bir struktura bənzəyir. Amma mən
romanı və şeiri parça-parça olmuş formada
yazıram. Məsələn, belə bir əsərim var:
"Dismemberment" (Tikə-tikə etmək). Bu əsər
İran tarixi ilə bağlıdır. Tarixdə bir-birilərinə
bənzəyən müxtəlif adamları bir xarakterdə təccəssüm
etdirməyə çalışmışam. Bu əsər mənim
içimdən gəlib."
"Nyu-York tayms" qəzetində gedən
yazının sonluğundan: R.Bərahəni indiki zamanda 3-4
dildə yazır. Fransız dilini saymaq şərti ilə.
Onun birinci dili türk, yəni öz doğma Azərbaycan
dilidir. O zamanlar şah belə bir fərman qəbul etmişdi
ki, bütün yazılar şahin danışdığı
dildə olmalıdı. İndi onun ən çox işlətdiyi
dil ingilis dilidir.
Dünyanın bir çox yerlərində işlənən bir ədəbi
termin var. Postkolonial (müstəmləkədən sonrakı) ədəbiyyat. Və əslində bu
sözün ədəbi-bədii irsinin əksəriyyəti
farsca olan Cənubi Azərbaycan ədəbiyyatına aidiyyəti
var. İranın tanınmış tənqidçi alimlərindən
Cəlal Aləhmədin söylədiyi kimi, əsl müstəmləkə
olmasa da, "mədəni müstəmləkə" olan Cənubi
Azərbaycan. Bərahəni kimi yazarlar müəyyən yolla
bu "mədəni müstəmləkəçiliyə"
qarşı çıxır, buna öz etirazlarını
bildirirlər. Və bu protesti əsərlərindəki surətlərin
geopolitik məkanlarını, onların
yaşantılarını, mücadilələrini,
ölüm-dirim savaşlarını, keçirdikləri hiss,
duyğularını göstərməklə ifadə edirlər.
Bu elə bir ədəbiyyatdır ki, müstəmləkəçiliklə
mübarizə aparır
Bərahəni iranlılar arasında bir azərbaycanlı və radikal siyasətçi
kimi tanınmışdır. 40-50 il milli demokratik haqlar uğrunda
çalışan R.Bərahəni dil azadlığı,
senzura ilə mübarizə, qadınların kişilərlə
bərabər haqlara sahib olma məsələsi əsas məqsədlərindən
və məsləklərindən olub.
Dr.Bərahəninin romanlarında, şeirlərində
və digər əsərlərində həmişə
Azərbaycan mövzusuna geniş yer verilir. Bu əsərlərdə azərbaycanlı
obrazı və Azərbaycanın təbiəti
canlandırılır. R.Bərahəni yazdığı əsərlərində
bəzən bir neçə səhifəni, bəzən
şeir parçalarını, bəzən də müəyyən
məqamları (məs. yuxugörmələri) türkcə
verir. Romanlarındakı bütün surətlər demək
olar ki, azərbaycanlıdır, istər Təbrizdə,
Tehranda yaşasın, istərsə də Nyu-Yorkda. Ana dili onun
damarlarında axan qanı, bədəninin bir parçası
olub. Uşağlıq dostu və məsləkdaşı
tanınmış dramaturq, istedadlı yazıçı
Qulamhüseyn Saidiyə həsr etdiyi "Araba" şeiri
çox təsirlidir:
Sökdülər
yerindən qarmaladılar qapıyı
Atdılar bir araba üstünə, apardılar
Gözümüz görə-görə, evimizi
də apardılar.
İndiysə
duygularımız azgın düşən arılar kimi, bir-bir
itkin pətəklərini arıyırlar
Sıra
Savalana gəldikçə,
Biz çocuqlar dağın ətəğində
Əl-ələ verib seyr edirdik
Bizi saymadan, işlərinə
başlamışdılar
Bitirdilər ləhləyə-ləhləyə,
Savalanı da qarmaladılar,
arabanın üstünə atdılar
R.Bərahəninin üç əsəri
fars dilindən
fransız dilinə tərcümə edilib və
"Fayard" nəşriyyatında çapdan
çıxıb. Fransa mətbuatında onun əsərləri
haqqında yazılan fikirləri bilmək maraqlı olardı.
Onlardan birilə tanış olaq: "Tyerry Bodarın Nyu-Yorkda
Bərahəni haqqında müsbət rəyləri bizdə
onunla tanış olmaq istəyi oyatdı. Bərahəninin aləminə
qədəm basan oradan təəssüratsız
çıxmır..."
Bərahəni kifayət qədər
dəhşətli, bəzən
dözülməz zorakılıqları təsvir edir və
burada emosiya heç vaxt intellektdən uzaqlaşmır:
yazıçı daima intuisiya və refleks arasında olur. Bərahəni
kifayət qədər sürətlə mürəkkəb
fikirləri ifadə edir, onları hadisələrə
çevirir. Onun aydın təxəyyülü var, burada bəzi
XX əsr referentləri sufizmin və ya üç monoteizmin
yaranmasında rol oynamış, qəddarlıqla nəzərə
çatdırılan bir sıra fikirlərlə
rastlaşırlar. Bərahəni hadisəni
parçalayır, o, hissələrə bölmə ifadəsini
həm konsepsiya, həm də metod mənasında işlədir..."
Dr.Bərahəni hazırda Kanadanın
Toronto şəhərində yaşayır və York Universitetində müasir ədəbiyyat və ədəbi tənqiddən
dərs deyir.
Dr.R.Bərahəni "Kanada İran azərbaycanlılarının Dil və Ədəbiyyat Cəmiyyəti"nin təsisçilərindəndir və bir neçə il cəmiyyətin sədri vəzifəsini yerinə yetirib. Son illər isə Cənubi Azərbaycandan olan və mühacirətdə yaşayan ziyalıların "Sürgündə Cənubi Azərbaycan qələm əncüməni"nin əsas yaradıcılarından biri olmaqla bərabər, bu qurumun fəxri başçısı seçilmişdir. Ədəbi fəaliyyəti və insan haqları uğrunda mübarizəsinə görə bir çox beynəlxalq mükafatlar alıb. Dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunub.
Pərvanə Məmmədli
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.26-27.