Pərdeyi-əsrar - Şərq təfəkkürü
kontekstində
"Şərq Arxetipləri"
silsiləsindən
Hörmətdən reytinqə
Yaxın
keçmişimizə qədər cəmiyyətimizdə
müəyyən "hörmətli insan"lar
təbəqəsi vardı ki, öz saf, işıqlı əməlləriylə,
xalq qarşısında təmənnasız xidmətləriylə
haqlı olaraq nüfuz qazanırdılar, söz sahibi olurdular.
Belə şəxslər onilliklər boyu cəmiyyətin
aparıcı qüvvəsi kimi çıxış edirdilər... Lakin paralel olaraq, Qərb cəmiyyətlərinə
diqqət edəndə, görürdük ki, orada son yüz
ildə "hörmətli inanlar" təbəqəsini
yavaş-yavaş "reytinqli insanlar" məfhumu əvəz
edir. İlk baxışdan insana elə gələ
bilər ki, bunlar bir-birindən o qədər də fərqli
olmayan məfhumlardır, sadəcə ifadə edən termin dəyişir,
mahiyyət isə eyni qalır.
Lakin
qloballaşmanın təsiri altında, ictimaiyyət
içində "reytinqli insanlar" təbəqəsi
yavaş-yavaş bizdə də çoxaldıqca və
"hörmətli insanlar" təbəqəsini
sıxışdırıb meydandan çıxarmağa
başladıqca dərk elədik ki, əslində bu iki məfhum
arasında yerlə göy qədər fərq var (Əslində
müəyyən hallarda, reytinqlə hörmət
üst-üstə düşür. Lakin belə
hallar daha çox siyasət meydanında baş verir. İctimai-mədəni müstəvidə isə əfsus
ki, vəziyyət bir qədər fərqlidir).
Bəli, məhz bu məqama diqqət yetirəndə,
Şərq təfəkkür tərzinin ən aparıcı
arxetiplərindən olan, "Pərdə arxetipi" ilə
üzləşmiş oluruq. Bu arxetip vasitəsiylə hər iki məlum termini
izah edəndə təxminən belə bir tərif ortaya
çıxır - ictimai həyatda, mədəniyyət və
incəsənət müstəvisində "yüksək
reytinq" məhz bütün pərdələrin aradan
qalxması nəticəsində əldə edilir. Bəs pərdələrin qalxması nədir?
Əlbəttə ki, bütün hörmət-izzətin aradan
götürülməsi... Pərdələr
götürüldü, hörmət-izzət aradan getdi və
reytinq qalxdı... Budur, müasir dövrdə
qloballaşmanın flaqmanı olan Qərb mədəniyyətinin
ortaya qoyduğu fəaliyyət proqramı...
Deməli,
bir çox hallarda "hörmət" (izzət, nüfuz,
şərafət)
və "reytinq" məfhumları tərs
mütənasib görünür.
Hörmət birbaşa sevgidən yaranır və
insanın ruhunun məhsuludur. İnsanı kimisə
sevməyə zorla məcbur etmək mümkünsüz
olduğu kimi, kiməsə səmimi-qəlbdən hörmət
göstərməyə də məcbur eləmək
mümkün deyil. Deməli, toplumun
hörmətini əldə eləmək uzunmüddətli və
əziyyətli prosesdir. Bunun
üçün uzun illərin doğru-dürüst əməlləri,
təmənnasız xidməti və fəziləti
lazımdır. Reytinqi isə qısa zaman
kəsiyində əldə eləmək mümkündür.
Çünki reytinq
düşünülmüş şəkildə bütün
pərdələrin qaldırılmağı və
qalmaqalların, konfliktlərin bolluğu ilə rahat şəkildə
əldə edilə bilər. Ancaq sevgi yarada bilməz...
Stop. Burda bir incə məsələnin üstünə
gəlib çıxırıq. Hər
yerdəmi belədir? Yox... Pərdə məfhumunu
ona görə məhz Şərq arxetipi kimi təqdim edirik
ki, bizdə bunun xüsusi önəmi var. (bu barədə
geniş danışacağıq.) Məhz buna görə
də, reytinqin sevgiyə çevrildiyi Qərb cəmiyyətlərindən
fərqli olaraq, bizdə və əksər Şərq cəmiyyətlərində
müxtəlif manipulyasiyalarla pərdələri
qaldırıb toplumda özünə maraq yaradaraq yüksək
reytinq əldə edənlər, heç vaxt toplumun həqiqi
hörmətini və
sevgisini qazana bilməyiblər. Sadəcə
maraq cəlb edə biliblər.
Elə öz ətrafımıza diqqət edək. Bu gün bizdə həm
ümumi ictimai müstəvidə, həm də incəsənətdə,
mədəniyyətdə, ədəbiyyatda bu cür
"reytinq"li personalar peyda olur ki, ağzına gələni
danışmaqla, ona-buna daş atmaqla, qeyri-adi davranış və
hərəkətlərlə, əcaib geyim-keçimlərlə, bir sözlə, müxtəlif həyasız vasitələrlə
toplumun diqqətini çəkib. Çünki
hörmət-izzət, abır-həya pərdəsini
qaldırıblar.
Bəli,
faktdır ki, onları hamı tanıyır, yüksək
reytinqləri var... (Adlar çəkmək istəmirəm,
çünki belələrinini adlarının çəkilməyi
də onlarçün əlavə reklam olar) Teleekranlarda,
sosial şəbəkələrdə belələrini toplumun
çox hissəsi maraqla izləyir... Ancaq sadəcə maraq xətrinə...
Demək olar ki, heç kim səmimi-qəlbdən
hörmət eləmir, heç kim ürəkdən sevmir...
Sadəcə, məclis təlxəkləri kimi
yanaşırlar... Niyə?
Çünki Qərb mədəniyyətinin təsiri
altında, nə qədər müasirləşsək də,
nə qədər qloballaşsaq da, altşüurumuzun dərin
qatlarında bir ali, müqəddəs və toxunulmaz "pərdə"
arxetipi var. "Pərdəli davranış"ı olan
insanlar bizim xalqın nəzərində, "Pərdə
qaldıran"lardan daha yüksək statusa malikdir. Bəli, reytinqə yox, statusa. Yəni hörmətə,
izzətə və nüfuza...
Praqmatik yanaşma
Eyni sözü, cəmiyyətin bütün təbəqələrində
mövcud olan ifrat inadkar və həyasız adamlar haqqında
da demək olar. Rus dilində, bu tip insanları nişan verən
maraqlı bir məfhum var - " Probivnoy"
Kəlmənin Azərbaycan dilində dəqiq tərcüməsi
yoxdur, lakin mənasını təxminən belə izah etmək
olar - müxtəlif haqq-nahaq üsullarla, həyasızlıqla,
inadkarlıqla qarşısındakı bütün maneələri
sındırıb dağıdaraq öz məqsədinə
doğru hərəkət edən insan. (şərti
olaraq "buzqıran gəmi")
Qərbin son yüz ildə aparıcı təfəkkür tərzi olan Praqmatik-pozitivist fəlsəfəsinə görə, belə adamlar hər bir cəmiyyətin aparıcı qüvvələri - lokomotivləridir. Çünki praqmatik-pozitivist təfəkkürdə real dünyavi xeyir, mənfəət əldə etməkçün bütün vasitələr haqdır və bu yolda maneə yaradan bütün keyfiyyətlər lazımsızdır və cəhalət əlaməti kimi kənara atılmalıdır. Tutalım, pərdəli münasibətə yönəldən abır-həya hissi əgər dünyavi mənfəət əldə etməyə mane olursa, deməli cəhalət əlamətidir. Məhz buna görə də, bu hisslərə "kompleks" damğası vurularaq az qala ən böyük rəzalət kimi təqdim edilir və bu kompleksləri dəf eləməkçün çoxsaylı vasitələr təqdim edilir.
Lakin yenə də yuxarıda qeyd etdiyim bir vacib həqiqətin üstünə qaydırıq ki, dediyimiz keyfiyyətlərə malik həyasız insanlar bizim cəmiyyətdə böyük hörmət sahibi olmurlar. Onların həyasızlığı, inadkarlığı bəzi işlərdə cəmiyyətin müəyyən mənada, karına gəlir, çünki belə adamlar üçün bağlı qapı, mümkünsüz iş yoxdur, hər cür vasitə ilə məqsədə çatmağı bacarırlar. Hətta bəzən onların təzyiqindən yaxa qurtarmaq üçün onların istədiklərini edirik. Edirik ki, bizdən əl çəksinlər. Ancaq hörmət-izzət sahibi ola bilmirlər. Çünki dünyavi mənfəət və xeyir naminə bütün pərdələri aradan qaldırıb, bütün haqq-nahaq vasitələrə yaşıl işıq yandırıblar....
Pərdeyi-əsrar
və niqabi-qeyb
Klassik Şərq poeziyasına bələd olanlar
yaxşı bilir ki, bizim şairlərimiz "pərdə"
arxetipini müxtəlif variasiyalarda çox işlədiblər;
Pərdeyi-əsrar, pərdeyi-həya, niqabi-qeyb və sair və
ilaxır... Bundan əlavə, pərdə məfhumu Şərq
musiqisində notları da əvəz edib. Elə indiyəcən
muğam ustaları arasında "Şur" pərdəsi,
"Segah" pərdəsi kəlmələri istifalə
olunmaqdadır. Eyni
zamanda, simli musiqi alətlərinin (tar, setar, və sair)
çoxunda da pərdələr var...
Ümumiyyətlə, alimlərimiz pərdə (niqab,
örtük, hicab) anlayışının poetik analiziylə
bağlı çoxsaylı maraqlı elmi məqalələr
yazıblar və bu obrazın klassik Şərq poeziyasında
nə cür istifadə olunmasını və hansı rəmzi
işarələr kimi təqdim olunmasını öyrəniblər. Mən
mövzunun bu tərəfi barədə çox da geniş
danışıb, yazılanları təkrar eləmək istəmirəm.
Yalnız bəzi maraqlı məqamlarını önə
çəkmək istəyirəm...
Ümumən,
bütün real və irreal pərdə obrazlarının
fövqündə ideal bir pərdə var ki, bu da
dünyanın (həyatın, varlığın) özüdü..
Başqa sözlə desək, "Dünya" özü bir pərdədir
ki, arxasında İlahi həqiqət var... Və bu Ali Həqiqət
məhz hamının gördüyü üç
ölçülü dünya ilə pərdələnib... Şərqin irfan alimləri bu məsələni
çox dərindən araşdırıblar və maraqlı
nəticələrə gəlib çıxıblar. Və ən maraqlı nəticə isə
"söz"lə bağlı olub. Yəni,
dünya pərdəsinin o tərəfiylə bu tərəfinin
arasındakı əlaqə yalnız sözdür.
İlahi, ali və müqəddəs
söz. Böyük Füzulinin orta məktəblərdə
tədris olunan "Söz" qəzəlində bu mənada
çox gözəl bir beyt var.
Bir nigari-ənbərinxətdir
könüllər almağa
Göstərir
hər dəm niqabi-qeybdən rüxsar söz...
(Söz sanki ənbər xətli bir gözəldir ki,
qeyb pərdəsinin arxasından zaman-zaman öz gözəl
rüxsarını bizə göstərir.)
Və məhz bu yanaşma tərzi sonradan irfan-təsəvvüf
simvolikasına nüfuz edərək, gözəlin
rüxsarını örtən niqab, pərdə kimi təzahür
edib. Yəni,
aşiq (salik, arif) öz eşqinin təsiri nəticəsində
ali məşuqun (məbudunun) camalını örtən pərdənin
az da olsa qaldırılmağını istəyir. Necə ki, Nəsiminin bir beytində oxuyuruq.
Çıxdı
məqribdən günəş,
Kəşf etdi
eşqin rəmzini,
Pərdəsi
açıldı hüsnün, dilbər oldu aşikar...
Sadə dillə desək, aşiq dünya pərdəsini
qaldırıb İlahinin camalını seyr etməyə
çalışır, içindəki eşq atəşi
aşiqi buna sövq edir. Çünki aşiqin içindəki
eşqin atəşi də, varlıq etibarilə məşuqun
camalının atəşiylə eyni mənşəyə
malikdir. Onun zərrəsidir. Zərrə
isə həmişə küllə meyil edir, onun tərəfindən
cəzb olunur...
Pərdə-ev-ocaq
Əlbəttə yuxarıda haqqında
danışdığımız poetik məqamlar "pərdə"
(niqab, örtük) arxetipinin poeziyada müxtəlif formalarda təzahürü
idi. Bəs görəsən bu arxetipin yaranmasının
həqiqi mənşəyi hardadır? Bu xüsusda
araşdırmalarımız bizi iki nöqtəyə gətirib
çıxartdı ki, bunlardan biri dünyavi (coğrafi), digəri
isə səmavi (sakral) mənşəyə malikdir...
Əvvəl dünyavi-coğrafi nöqtədən
başlayaq.
Əgər dünyadakı bir neçə tarixi superetnosun
yaşadığı areala diqqət yetirsək, görərik
ki, xristian superetnosu daha çox Avropada, Rusiyada və az miqdarda Şərq ölkələrində
yayılıb. Onlar daha çox meşəlik,
dağlıq və düzənliklərdə
yaşayıblar. Doğma ev, ocaq mənasında
isə qədim dövrlərdə ya dağlardakı
mağaralardan istifadə ediblər, ya da meşələrdə
taxta komalar, daxmalar tikiblər... Sonralar da
yavaş-yavaş şəhərlər yaranıb.
Lakin Şərq-müsəlman superetnosunun əsas
yayılma arealı daha çox çöllüklər və
səhralıqlar olub. Ələlxüsus ərəb dilli və türkdilli
xalqların uzaq keçmişinə, hətta deyərdim şəhərlərdən
əvvəlki tayfa-qəbilə dövrünə diqqət edəndə,
"ev", "sığınacaq", "ocaq" kimi, məhz
müxtəlif formalı alaçıqlardan istifadə
edildiyini görürük. Alaçıq isə müəyyən mənada elə
"pərdə" kimi qəbul edilir. Yəni insan
öz ocağının ətrafına müvəqqəti pərdə
çəkir, öz evini, ailəsini ətraf aləmdən pərdələyir...
Bu pərdənin yeri dəyişdirilə də bilər,
böyüdülə də bilər, kiçildilə də
bilər... Bəli, o zaman ev də, pərdə
də eyni materialdan hazırlanırdı... Məhz bu mənada
"pərdə çəkmək" məfhumu, həm
özünü, həm də ailəni, ocağını
şər qüvvələrdən, təbii fəlakətlərdən
qorumaq məqsədi daşıyıb...
(Elə ədəbiyyat-incəsənət tarixinə
diqqət edəndə görərik ki, bunların da mənşəyində,
sadəcə reallığı əks elətdirmək cəhdləri
dayanmayıb.
Qədim rəssamlığın kökündə
nə dayanır? Müxtəlif sakral simvollar və şəkillər
vasitəsiylə öz evini,ocağını,
ailəsini şər qüvvələrdən qorumaq... Ədəbiyyat, musiqi, rəqslər və sair barəsində
də alimlər qeyd edir ki, bunların ilk nümunələri
məhz qədim şaman ayinlərində avazla oxunan dualardan,
müxtəlif mistik rəqslərdən, ümumilikdə
sakral müqədəs hesab olunan ayinlərdən yaranıb.
Hətta bəzi alimlər teatrın mənşəyini də
qədim tayfa-qəbilə dövründə müxtəlif
formalarda səhnələşdirilmiş şaman ayinlərində
görürlər... Deməli, mənşə etibariylə ədəbiyyat
və incəsənət özü də pərdə kimi
yaranıb - İnsanı (ailəsini, ocağını)
dünyadakı şər-qara qüvvələrdən gizlətməkçün,
qorumaqçün yaradılan və getdikcə zənginləşdirilən,
gözəlləşdirilən bir pərdə...
)
Beləliklə,
bu nəticəyə gəldik ki, Şərq xalqlarının
yaşadığı coğrafi şərait onların
çoxminillik təfəkküründə "pərdə"
arxetipinin yaranıb möhkəmlənməyində əhəmiyyətli
rol oynayıb...
ARDI VAR...
İlqar Fəhmi
Ədəbiyyat qazeti.-
2018.- 21 iyul.- S.24-25.