Ömrümün yarıdan çoxunu
atamsız yaşamışam...
Uşaq dünyasının formalaşmasında,
xəyallardakı nağılların reallaşmasında onun rəhbərlik
etdiyi məkanın zəhməti danılmazdır. Rəsmiyyəti,
konkretliyi sevdiyi qədər də, müsahibə zamanı verdiyim
hər bir sualda səmimi olan bugünkü müsahibim həm də
uşaqların ən yaxın dostudur.
Bugünkü "Dördüncü
divar" layihəsinin qonağı Abdulla Şaiq adına Kukla
Teatrının direktoru Rəşad Əhmədzadədir.
- Rəşad müəllim, Abdulla
Şaiq adına Kukla Teatrı uşaqların teatr zövqünü
formalaşdıran ilk məkanlardan biridir. 2010-cu ildən teatrın
rəhbəri vəzifəsində çalışırsınız.
Bu illər ərzində həmin zövqün formalaşması
prosesi necə yerinə yetirilir?
- Abdulla
Şaiq adına Kukla Teatrının ən ümdə və böyük
vəzifələrindən biri də uşaqları böyüklər
üçün olan teatrlara hazırlamaqdan ibarətdir. Onlar nə
qədər vətənpərvərlik mövzusunda, səviyyəli
tamaşalara baxarlarsa, zövqləri də bir o qədər düzgün
formalaşar. Müəyyən bir yaşa çatandan sonra isə
digər teatrların tamaşalarına baxanda düzgün qiymət
verməyi də bacararlar.
Teatrımızda
hər əsər bədii şura tərəfindən qəbul
olunub hazırlanır. Məlum məsələdir ki, Kukla teatrında
nağılların doxsan faizini divsiz, əjdahasız təsəvvür
etmək olmaz. Ancaq tamaşa hazırlanarkən çalışırıq
ki, div də, əjdaha da xoşa gəlsin. Bundan əlavə, tamaşalar
həm valideynin, həm də uşağın xoşuna gəlməlidir.
Əgər tamaşa valideynin xoşuna gəlməsə, uşağını
gətirməyəcək. Uşağın da xoşuna gəlməsə,
o, tamaşadan yarımçıq çıxacaq. Çünki
uşaq yeganə varlıqdır ki, ona nəyisə məcburən
etdirmək olmaz. Buna görə də biz tamaşanı təhvil
verəndən sonra iki, üç premyerada onun necəliyi barədə
məlumat əldə edirik. Əgər uşaqlar tamaşa vaxtı
bir-birləri ilə söhbət edirlərsə, səs salıb
ağlayırlarsa, bu o deməkdir ki, tamaşa onların xoşuna
gəlmir. Belə tamaşaları çalışırıq
qısa bir müddətdə repertuardan çıxaraq. Onu da qeyd
edim ki, Kukla teatrı açıq kassaya işləyən teatrdır.
Bizim tamaşaçımız biletlərimizi gəlib ancaq kassadan
ala bilirlər.
- Pyeslərin, nağılların teatra
uyğunlaşdırılması, yaradıcılıq işi
necə həyata keçirilir?
- Bizim
cari repertuarda hal-hazırda 29 tamaşa var. Bu əsərlərin
içərisində klassik şairlərdən tutmuş
indiki yazarlarımıza qədər müəlliflərimizin əsərləri
vardır. Və elə pyeslər var ki, onlar artıq
teatrımızın klassikasına çevrilib. Misal
üçün "Cırtdan", "Göyçək
Fatma", "Məlikməmməd", "Tıq-tıq
xanım" kimi tamaşalarsız kukla teatrının
repertuarını təsəvvür etmək olmaz. Lazım
olduqda isə quruluşçu rejissorlar bu kimi tamaşalara
özlərindən əlavələr də edirlər.
"Tıq-tıq və Taq-taqın nağılı"
tamaşası Abdulla Şaiqin "Tıq-tıq xanım"
pyesi üzərində hazırlanıb. Bildiyiniz kimi pyesdə
taq-taq personajı yoxdur.
Belə
fikirləşirik ki, artıq Kukla teatrının səhnəsində
yeni obrazların yaradılma vaxtıdır.
Vaxtaşırı yeni obrazlar yaradılsa daha yaxşı
olar, nəinki xarici obrazları səhnəmizə tez-tez gətirmək.
- Kukla teatrının
aktyorlarını digər teatr aktyorlarından fərqləndirən
maraqlı bir cəhət var. Tamaşaçı ancaq
onların səslərini eşidib, emosiyalarını hiss
edir. Bu da təbii ki, aktyorlarda müəyyən bir həssaslıq
yaradır. Bu cür aktyor heyəti ilə işləmək
hansısa çətinlik yaratmır?
- Sizin
sualınızda böyük bir həqiqət var.
Çünki universitetdə oxuyanda heç bir aktyor
özünü kukla aktyoru kimi təsəvvür etmir. Bizim
aktyorlarımızın da böyük əksəriyyəti
dram-kino aktyorluğu fakültəsini bitiriblər. Onlar gəlib teatrımızda
işə başlayandan sonra, görünür, teatra,
uşaqlara olan məhəbbətdəndir ki, sonuna qədər
bizim teatrda işləyirlər. Ancaq bir məqamı da qeyd
edim ki, biz teatr rəhbərliyi olaraq aktyor və
aktrisalarımızın hansısa verilişlərə
çıxmasına, filmlərə çəkilməsinə
həmişə dəstək olmuşuq. Çünki aktyorun
teatrdan kənarda tanınması da teatr üçün
müsbət haldır.
- Tamaşalar hazırlanan zaman
özünüz nələrəsə nəzarət edirsiniz,
ya sizin üçün son nəticə vacibdir?
-
Bilirsiniz, misal üçün, bu gün filan tamaşa
hazırlanır və mən teatr rəhbəri kimi dərhal
gedib o tamaşaya nəzarət edirəm desəm, doğru
olmaz. İkinci bir tərəfdən də bizim teatrda
tamaşanın hazırlanma texnologiyası tam fərqlidir.
Başqa teatrlarda birinci masa arxası oxunuş olur, sonra isə
səhnə məşqləri başlanır. Bizdə isə
elə deyil. İlk olaraq kuklaların, dekorların eskizləri
qəbul olunub, hazırlanır. Bu, bəlkə də kənardan
baxana asan gəlir. Amma belə deyil. Misal üçün, bir
kuklanı hazırlamaqdan ötrü təxminən bir ay, ay
yarım vaxt lazım olur. Kuklalar hazır olandan sonra aktyorlar səhnəyə
düşürlər. Tamaşa artıq kukla ilə məşq
olunanda mən həmin məşqlərin birində iştirak
edə bilərəm. Hansısa sözüm, təklifim,
iradım varsa da onda bildirirəm. Tamaşa hazır olandan sonra
isə rəylər və fikirlər bədii şurada
bildirilir.
- Festivallara dəvətlər necə,
çox olur?
- Təxminən
on il əvvəl kukla teatrının festivallara getməsi
müşkül məsələ idi. Təsəvvür edin
ki, adi bir festivala getmək üçün biz pyesin mətnini,
tamaşanın videosunu onlara yollayırdıq. Onlar
razılıq verirdilər, bəzən də
razılaşmırdılar. Sonradan, bildiyiniz kimi, dövlət
tərəfindən teatr proqramı hazırlanıb qəbul
olundu. Bizim festivallara getmək, eləcə də xarici ölkələrdən
rejissorlar, bəstəkarlar dəvət edə bilmək
şansımız artdı. Görünür,
yaradılmış imkanlardan kollektivlə birgə
düzgün nəticə
çıxartdığımıza görə bu gün bizim
il ərzində təxminən iyirmi festivala dəvətimiz
olur. Son üç ildə isə artıq bizim
tamaşalarımız konkursdan kənar dəvət olunur. Və
çox vaxt da bütün xərcləri dəvət edən
tərəf öz üzərinə götürür. Yəni
artıq elə bir mərhələyə
çatmışıq ki, indi bizim yeni mövsüm
üçün gedəcəyimiz üç, dörd
festivalın vaxtı da təyin olunub. Sentyabr ayında
"Cırtdan" tamaşası ilə, oktyabr ayında isə
"Ağ və qara" tamaşası ilə festivallara
qatılacağıq. Nəticəyə gəldikdə isə
mən hesab edirəm ki, dövlətin bizə göstərdiyi
qayğıdan biz düzgün istifadə edə bilmişik.
- Siz on beş il Musiqili Komediya
Teatrında da işləmisiniz. Atanız Rüfət Əhmədzadənin
dramaturq, şair olması da bir çox məşhur kino və
teatr adamları ilə ünsiyyətdə
olmağınıza səbəb olub. Maraqlıdır ki, siz
incəsənətin rejissorluq, aktyorluq sahələrinə
yox, daha rəsmi sahəyə istiqamətlənmisiniz. Nə vaxtsa aktyor olmaq istəmisiniz?
- Mən
1980-ci ildə orta məktəbi bitirdim. Elə həmin ilin
dekabr ayında da Musiqili Komediya Teatrına gəldim. Sənədlərimi
də İncəsənət Universitetinin aktyorluq fakültəsinə
verdim. Amma elə oldu ki, ixtisas imtahanından kəsildim.
83-cü ildə hərbi xidmətdən qayıdandan sonra 9 il
- 1996-cı ilə qədər heç bir ali məktəbə
sənəd verməmişəm.
Ümumiyyətlə,
elə universitetdə birinci dəfə kəsiləndə
başa düşdüm ki, məndən aktyor çıxmaz.
Ona görə də istiqamətimi artıq inzibati tərəfə
doğru götürmüşdüm. Allah rəhmət eləsin
Qəzənfər Topçuyevə. Teatr sahəsində nə
öyrənə bilmişəmsə, hamısını ona
borcluyam. O, çox böyük teatr bilicisi idi.
Bilirsiniz,
inzibati idarəetmədə teatrın poetikasının və
yaxud da estetikasının idarəetməyə heç bir
aidiyyəti yoxdur. İdarəetmənin üsulu hər bir
teatrda eynidir. Bütün proses əmək məcəlləsinin
qanunlarına əsasən həyata keçirilir.
- Şair və dramaturq Rüfət
Əhmədzadənin oğlusunuz. Rüfət müəllimin
ətrafı isə xeyli geniş olub. Bəs o ətrafdan
ayrılandan sonra atanız evdə necə adam idi?
- Mənim
atam xaraktercə yumşaq adam olub. Amma o
yumşaqlığın içində həm də bir sərtlik
vardı. Yəni atam sakit, mülayim olduğu anda haqlı olan
məsələ barədə elə bir söz deyə bilərdi
ki, heç kim bu barədə təsəvvür belə edə
bilməzdi.
Biz ailədə
üç qardaş olmuşuq. Atam heç vaxt bizə
barmağının ucu ilə də toxunmayıb. Ancaq onun bir
baxışı kifayət idi ki, biz üçümüz də
özümüzü yığışdıraq. Evin ən
kiçiyi mən olmuşam. Məndən böyük
qardaşlarım mənə nisbətən sakit olublar. Evdə
ən dəcəl uşaq mən olmuşam. Amma mənə də
onun bir baxışı kifayət edirdisə, deməli ailədə
belə xeyli ciddi adam idi. Misal üçün, biz bilirdik ki,
axşam saat yeddidə hamı süfrənin başında əyləşməlidir.
Və yaxud da bizim heç birimizin ixtiyarı yox idi ki, atam evdə
olmasa belə, keçib onun yerində əyləşək.
Bu qayda-qanunu da təbii ki, anam yaratmışdı.
Yaşımızın istənilən dövrünə
uyğun bizimlə ünsiyyət qurulsa da, bu ünsiyyətin
sərhədi də bir yerə qədər idi.
- Teatra gəlişinizdə
atanızın rolu olub?
- Bəli.
Mən universitetdən kəsiləndə iyun ayı idi.
Sentyabr ayında isə "İskra" deyilən bir zavodda
çilingər köməkçisi işləyirdim. Atamla
Hacıbaba Bağırov isə o zaman "92 dəqiqə
gülüş" tamaşası üzərində işləyirdilər.
Mən işdən gəlib Hacıbaba müəllimlə
görüşəndə o, əlimdəki qabarları
görüb soruşdu ki, "hardan gəlirsən?". Atam
dedi ki, "gedib zavodda işə düzəlib". Onda
Hacıbaba müəllim məni Musiqili Komediya Teatrına radio
sexinə işə dəvət etdi. Mən də qəbul
etdim. Elə o gündən bu günə qədər də
teatr aləmindəyəm. Radio-texnik vəzifəsindən
başlamışam. Sonra butafor, baş səhnə
maşinisti, inzibatçı, bədii quruluş hissə
müdiri, direktor müavini və nəhayət, direktor vəzifəsinə
qədər çatmışam.
- Fəhləlik etdiyiniz dövrlər
sonrakı illərdə sizdə hansısa kompleks yaratmadı
ki?
- Mən
belə hesab edirəm ki, kişi xeylağının əlindən
hər bir iş gəlməlidir. Hansısa işə əmək
sərf edilibsə, fikirləşmirəm ki, o, insanda kompleks
yaratmalıdır. Əksinə, həmin zəhmətkeşlik
kişiyə ucalıq gətirməlidir. Əmək sərf
olunan heç bir işə məndə kompleks yoxdur. Mənim
bu yerə qədər gəlib çatmağımda əsas
amil də tapşırılan işi vaxtlı-vaxtında
öyrənməyim olub. Sovetin dövründə belə bir
söz vardı. Əmək insanı ucaldır. Əslində
zəhmət çəkməsən, sonra hansısa vəzifədə
oturanda bilə bilməzsən ki, kimdən nə tələb
etmək lazımdır. Və belə hesab edirəm ki, idarəetmədə
çalışan hər bir adam bu proseslərin
hamısından bir-bir keçməlidir.
- Atanız ailədə üç
oğlundan hansı ilə daha yaxın idi. Ümumiyyətlə,
Rüfət Əhmədzadə ilə dost ola bilmişdiniz?
- Mən
belə hesab edirəm ki, biz üçümüz də atamla
dost idik. Çünki o, öz övladları ilə dostluq
qura bilən insan idi. Ancaq bu o demək deyildi ki, aradakı
hansısa sərhəd götürülürdü. Xeyr. Sərhədlə
o, bizim hər birimizlə dost ola bilirdi. Amma məncə, ən
yaxın dostluğu böyük qardaşımız
Zülfüqarla olub. Çünki onunla bizim aramızda
beş yaş fərq vardı. Həm də müəyyən
vaxtdan sonra atam bilirdi ki, hansı işi hansı
övladına tapşırmaq olar. Zülfüqarla ona görə
daha yaxın idi ki, o, həm də atamın sahəsi üzrə
davam edirdi. O, da lap uşaqlıqdan şeir yazırdı,
müəyyən qəzet və jurnallarda fəaliyyət
göstərirdi.
- Sizin ata babanız Zülfüqar
Əhmədzadə 37-ci il repressiya qurbanlarından biridir.
Atanız çox balaca olanda onu sürgün ediblər.
Rüfət müəllim sağlığında bu barədə
nələrsə danışırdı?
- Atam
heç vaxt ayrı-ayrılıqda bu barədə
danışmağı xoşlamayıb. İndi yaşa
dolandan sonra özüm də başa düşürəm ki,
o, çox güman ki, həmin ağrılı, çətin
illəri yada salmaq istəməyib. Babam həbs olunanda atamın
heç beş yaşı da olmayıb. Bundan sonra xalq
düşməninin oğlu, ailəsi kimi paytaxt şəhərdə
yaşamaq artıq müşkülə çevrilib. Əslən
Balakəndən olan nənəm uşaqlarını da
götürüb ora köçür. Bir-iki ildən sonra
babam bəraət alır və onlar yenidən Bakıya
qayıdırlar. Hər halda xalq düşməninin
uşağı elə də xoşbəxt həyat yaşaya
bilməzdi. Yəqin ki, atamın gənc yaşlarından qan təzyiqi
xəstəliyindən əziyyət çəkməsi və
həyatdan erkən köçməsi bu əzab-əziyyətlərin
nəticəsi idi.
- Hacıbaba Bağırov atanız rəhmətə
gedəndən sonra onun öz ölümünü hiss etdiyini
deyirmiş. Evdə necə, ölümündən əvvəl
atanızda hansısa narahatlıq vardı, ya hər şey qəfildən
baş verdi?
-
Bilirsiniz, əgər valideynin özü ilə bağlı
hansısa belə hissi olursa, inanmıram ki, o gəlib onu
övladı ilə bölüşsün. Atamın da səhhətində
elə ciddi bir problemi olmayıb. Sadəcə olaraq Hacıbaba
müəllimin qohumunun yasında atam belə bir ifadə
işlədib ki, "deyəsən, mənim də
yaşamağıma çox qalmayıb". Biz bunu təbii
ki, sonralar bildik.
Ölümü
isə gözlənilməz oldu. Yeddiyə on beş dəqiqə
işləmiş atam işdən evə gəldi. İyirmi dəqiqədən
sonra isə o, artıq həyatda yox idi.
- Siz özünüz həmin anda evdəydiniz?
- Bəli,
mən də, ortancıl qardaşım da evdəydik. Mən
soyuqlamışdım deyə işə getməmişdim.
Anam da evdəydi. Ortancıl qardaşım ezamiyyətdə
idi. Həmin günü o, tez gəlməməliydi. Amma niyəsə
o da saat üçdən evə gəlmişdi. Atam keçinəndə
bircə Zülfüqar evdə yox idi. O da Rəşid
Behbudovdan müsahibə götürməyə getmişdi.
Atam rəhmətə gedəndən bir saat sonra o da gəldi.
Sevincək gəlmişdi ki, atama Rəşid Behbudovdan
müsahibə aldığını desin. Amma evə girəndə
artıq bütün məsələ ona aydın idi.
- Ananıza, ümumiyyətlə,
valideynlərinizə yaxşı övlad ola bildiniz?
-
Sözün düzü, mənim özümü də bu sual
həmişə düşündürür. Elə bu
yaşımda da. Təbii ki, övlad yüz faiz valideynin istədiyi
kimi olmur. Amma istər mən, istərsə də digər
qardaşlarım çalışmışıq ki,
onların istədiyi kimi övlad olaq. İndi nə dərəcədə
buna nail olmuşuq, onu deyə bilmərəm. Hərdən bu
barədə mən özümə də sual verirəm ki,
görəsən, bu gün atam və ya anam sağ olsaydı,
bizdən razı olardımı? Anam dörd il bundan əvvəl
rəhmətə gedib. Bacardığım qədər
çalışmışam ki, onun nazı ilə oynayım,
istəklərini yerinə yetirim. O da mənim nailiyyətlərimin
müəyyən bir hissəsini görmüşdü. Atam isə
rəhmətə gedəndə iyirmi beş yaşım
vardı. Artıq ömrümün yarıdan çoxunu
atamsız yaşamışam. Hər halda öz adıma deyə
bilərəm ki, mən həmişə
çalışmışam ki, onlara layiq insan olum. Nə dərəcədə
buna nail olmuşuq, bunu artıq, yəqin ki, onlar daha
yaxşı bilərdilər...
- Aradan otuz il keçməsinə
baxmayaraq atanız haqqında qəribə bir yanğı və
həvəslə danışırsınız. Sanki o, dünən
dünyasını dəyişib. Rüfət Əhmədzadəni
unudulmağa, xatirəsinin solğunlaşmağa qoymayan nədir?
- Atam rəhmətə
gedəndən bir il sonra anam təxminən belə bir fikir
işlətdi ki, "nə qədər istəyirəm
atanın bir pis cəhətini yadıma salım ki, bəlkə
bir az onun itkisindən yaranan yanğım soyusun. Amma nə qədər
fikirləşirəm, heç nə tapa bilmirəm."
Təbii
ki, hər bir insanın atası ona əzizdir. Biz ondan lazım
olan dəstəyi, dayağını da
görmüşük. Və insanın valideyni onun
üçün hər şeydir. Allah bütün valideynlərə
ömür versin. Amma mənim fikrimcə, ata olmayanda
insanın bir qolu düşür, ana olmayan da isə,
ümumiyyətlə, şikəst kimi olursan.
- Bayaqdan bir neçə dəfə
uşaqlıqda dəcəl olduğunuzu
vurğuladınız. Dəcəlliyiniz böyüdükcə
tədricən hansı xüsusiyyətə çevrildi?
- Atam həmişə
deyərdi ki, "Rəşad zəhmətkeş
uşaqdır." Gəncliyimdə də o qədər
cüssəli adam olmamışam. Amma yadıma gəlir ki,
Hacıbaba Bağırovla qastrollara gedəndə, özüm
boyda iki səs aparatını tək daşıyırdım.
Mənə belə gəlir ki, dəcəlliyim məni zəhmətsevərliyə
doğru apardı. Həm də dəcəllik də elə
bir normada olmalıdır ki, axırı gedib
abırsızlığa çıxmasın. Yəni lazım
olanda əyləci basmağı bacarmalısan.
- Hacıbaba Bağırov
atanızın yaxın dostu olub, sizinlə də münasibəti
çox yaxşı olub. Hacıbaba müəllimi necə
xatırlayırsınız?
- Mən
Musiqili Komediya Teatrına işə düzələnə qədər
ona əmi demişəm. Çünki anam bizə belə tərbiyə
vermişdi ki, hansısa qonşu qadını görəndə
də ona xala yox, xanım deyə müraciət edin.
Atamla
Hacıbaba müəllimin dostluğunun tarixçəsi
uzundur. Onların uşaqlıqları birlikdə keçib,
birinci sinfə də birlikdə gediblər. Gənclik illərində
ayrı düşüblər. Atam həmişə deyirdi ki,
"biz onunla jımıx yemişik". Yəni həm
yaxşı, həm də pis günün dostu olublar.
Atam rəhmətə
gedəndən sonra o, təxminən on yeddi, on səkkiz il
yaşadı. Və elə bir vaxt olmadı ki, Hacıbaba
müəllim hansısa verilişdə qonaq olanda,
çıxış edəndə mənim atamdan bir kəlmə
söz deməsin. Hacıbaba Bağırov da, Emin Sabitoğlu
da hər bir zaman bizimlə ünsiyyətdə oldular, həmişə
də nəzərləri üzərimizdə idi. Allah hər
birinə rəhmət etsin.
-
"Yuğ" Teatrına bir ilə yaxındır ki, müvəqqəti
rəhbərlik edirsiniz. Fərqli bir teatrda iş prosesi,
atmosfer necə idi?
- Bilirsiniz,
bu barədə məni bəxti gətirən insan hesab etmək
olar. Çünki istər "Yuğ", istərsə də
Abdulla Şaiq adına Kukla Teatrı çox böyük
yaradıcı potensiala malikdir. Yəni burda ən kiçik
texniki işçidən tutmuş, aktyoruna qədər hər
biri teatrı sevən, istedadlı adamlardılar. Doqquz aya
yaxın işlədiyim dövrdə "Yuğ"
Teatrında kənardan gözə görünməyən
çox işlər görülüb. İki yeni tamaşa təhvil
verilib, üç köhnə tamaşa əsaslı şəkildə
bərpa olundu. "Yuğ" Teatrının saytı
yaradıldı. Bu teatr mövsümündə bir çox
çətin işlər həyata keçirildi. Bu da bir məsələdən
xəbər verir ki, hər iki
teatrın kollektivi öz işi ilə məşğul olan
istedadlı insanlardılar. Buna da mən ancaq sevinə bilərəm.
Və hər iki teatrın kollektivinə təşəkkürümü
bildirirəm.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S. 22-23.