Gələcəyin şəkli
fotoda yeddi nəfər:
atam, anam,
mən, qadınım
və üç uşaq.
atam, anam yaşlıdı,
qadınım və mən cavan,
uşaqlar körpə.
iyirmi beş il əvvəl çəkilib foto.
atam, anam həyatda yoxdu artıq,
mən və qadınım ortayaşlı,
uşaqlar cavan.
keçmiş zamandı
şəkillər.
gələcəkdə çəkilsəydi
bu şəkil,
təxminən iyirmi beş il sonra:
uşaqlar yaşlanıb,
atam və anam cavan,
mən və qadınım körpə.
fotoda yeddi nəfər:
keçmiş zamandı
şəkillər,
xəyallar - zaman maşını.
Gölməçə, ağ çiçək,
bəyaz kəpənək və
gün işığı
yağışdan sonra doğulan gölməçədə
çirkaba bulaşmış
ağ çiçək
üzür;
olduqca gözəl mənzərə.
köçürüb ağ vərəqə çirkli
gölməçəni
salasan dairə şəklinə: içində
füsunkar
ağ çiçək,
çiçəyin üstündə
bəyaz kəpənək.
dairə - dərindən-dərin
qapalı görünsə
də.
xəyal qırıqlığına
uğrayıram burada:
bir maşın
gölməçəni tapdayıb
keçəcəkdi az
qala.
gölməçə yerindədir
hələ,
çiçək də üzür gölməçədə.
böyüyür gölməçə xəyalımda
dənizə dönür,
çiçək ağyelkənli
gəmiyə,
kəpənəksə bəyaz libaslı
adama.
dəniz
sonsuzluğu yaşayır,
gəmi azadlığı,
adam
sonsuzluğa qərq
olmuş azadlığı.
budur, gün çıxır.
quruyacaq gölməçə,
solacaq ağ çiçək.
gün
çıxır...
"gölməçə, ağ çiçək və bəyaz kəpənək"
nağılı
yaddan çıxır.
havada vərəq
uçur.
vərəqdə şəkil;
gölməçə - qara halqalı dairə,
içində füsunkar
ağ çiçək,
çiçəyin üstündə
bəyaz kəpənək.
şəkildə
günəş görünmür
nədənsə.
Əksim və mən
gedirəm.
kölgəm - gah irəlidə,
gah də geridə.
gah da qeyb olur bədənimdə.
dayanmışam qarşısında;
güzgü - əksim
hərəkətdə.
çəkilirəm,
əksim gizlənir
zülmətdə.
oturmuşam. qarşımda
fotolar - şəkillərdə
düzbucaqlı xatirələr.
baxmıram,
yox olur hadisələr.
kölgə (gedirəm),
güzgüdə əksim
(dayanmışam),
fotolar (oturmuşam) və
mən (gedirəm.
dayanmışam. oturmuşam).
nə sirr var bunlarda,
yəni kölgədə,
güzgüdə, fotolarda?
-
həm mənəm, həm də mən deyiləm.
nə
sirr var? - birini deyim:
mən üçölçulu
- fəzada hərəkətdə,
onlar müstəvidə
- ikiölçülü təsvirim.
nə
sirr var məndə,
nə sirr var? -
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm,
şəkiləm, kölgəyəm.
Məkan cazibəsi və
ya
yeni qravitasiya qanunu
Bir iş
var:
o, nə vaxtsa olduğu məkanlara
qayıtmağı çox
sevir.
Hətta
o məkanlarda
"darıxma anları"
yaşansa da arabir.
Yaxşı
ki,
zamandan fərqli, məkan boyu
gerçək səyahət
edə bilir adamlar.
Yoxsa elə zaman kimi
məkan barədə
də yalnız
ehtimal
və fəlsəfələrlə
dolub-daşardı "düşüncə
sandıqları".
Bir iş də var:
məkan kimidi adamlar da.
Çıxıb gedəsən hərdən,
çıxıb gedəsən
təkcə məkanlardan
yox,
elə adamlardan da.
Sonra yenidən qayıdasan
getdiyin məkanlara və getdiyin adamlara.
Daha bir
iş də var:
nəsə qalır
adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır
yoxluğundan savayı.
Nəsə qalır daima geriyə səsləyən,
qravitasiya
təsirini
uzaqlıqların belə
zərrəcə
azalda
bilmədiyi nəsə -
dəqiq adını
tapmaq çətin
olur çox zaman.
Qayıtmağı
sevdiyi şəhərlərin birində
otel bələdçisi
gözəl xanım
nəzakətlə, amma yad adam kimi
qarşıladı onu əvvəlcə. Sonra
tanıyıb gülümsədi
və rəfdəki
kitabı
göstərdi;
iki il əvvəl avtoqrafla otelə
bağışladığı,
üz qabığının
arxa hissəsində
fotosu.
Əli Şirin Şükürlü
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.21.