"Rübai karvanı, dördlük çələngi"

silsiləsindən nümunələr

 

Çətin məqamlarda özünü sına,

Qütbü dolaşıb gəz yana-yana;

Gör necə yaraşır doqquz cür iqlim

Sərvətlər ölkəsi Azərbaycana.

 

Göz kədər yaşı ilə dolmasın, Vətən,

Qüssə-qəm qismətin olmasın, Vətən!

Təbiət füsunkar yaradıb səni,

Bircə çiçəyin solmasın, Vətən!

 

Ərzin yaxasında daim gül olsun,

Bəd əməl, pis toxum yanıb kül olsun!

İnsanlar, görüşək meridiantək,

Əqidə yolumuz paralel olsun!

 

Göz verib sənə bu, mənə bu dünya,

Gərək Gülüstana dönə bu dünya;

Qədim zamanlarda sərhədsiz imiş,

Sərhədsiz olacaq yenə bu dünya!

 

Azərbaycan öyrədir...

 

Karpatın haçabel başından asdıq,

Nəğməm bələdçinin xoşuna gəldi;

Dunay sahilində səhəri açdıq,

Nağıllı günümüz sanki gödəldi.

 

Yunan gözəlinə qərənfil verdim,

Çexlər bayatımı əzbərlədilər;

Macar mətbəxində plov bişirdim,

Yedilər, "afərin", "əhsən" dedilər.

 

Tatar şairləri məclis qurdular,

Söz düşdü Vurğundan, Musa Cəlildən;

Bir neçə rübai oxutdurdular,

Qorqudu soruşdum türkdilli eldən.

 

Qarmonda çaldığım "Bayatı-Şiraz"

Dolaşdı Bişkekin küçələrini;

Çində dilləndirib "Cücələrim"i,

Alqış yağışında islandım bir az.

 

Başlanır haradan, nədən yollarım?

Sərddə qırılır hərdən yollarım;

Məni millətimə bağlayan teldir

Bakıdan hər yana gedən yollar.

 

Duyğular bəzəyir könül bağımı,

Görüb-götürməyə hazıram yenə;

Ay dost, bildiyimi, bacardığımı

Anam Azərbaycan öyrədir mənə!

 

Gec deyil...

 

Nə hörmət qanansan, nə qılıq,

Öndədir orta yaş, ahıllıq.

İçində pas atıb paxıllıq,

tez-tez üzə çıx, nə gizlən,

Gec deyil - təmizlən, təmizlən!

 

Hamının anası Vətəndir,

Pislik cücərib bitəndir;

Xisləti dəyişmək çətindir -

Xoş xəbər yayanla əvəzlən,

Gec deyil - təmizlən, təmizlən!

 

Sözün yaşarmadı dəfndə,

Zəif işıqlanan evində

Qonaqla gül, danış, sevin də!

Bir qədər doğmalaş, əzizlən,

Gec deyil - təmizlən, təmizlən!

 

Qısqanc olmasaydın lap əvvəl,

Dönməzdi kölgənə bəd əməl;

Millətin getdiyi yola gəl!

Silib köhnəliyi, təzələn,

Gec deyil - təmizlən, təmizlən!

 

Maqadanda

 

Hüseyn Cavid müsabiqəsi üçün

 

Uzaq Şərqin yayda da

Bir az soyuq günləri.

Salamladım xeyirxah

Koryakları, nenləri,

Salamladım sürücü

Qarayanız çukçanı;

Şəkili mühəndisi,

Bakılı balıqçını...

Lerikli baş həkimə,

Daha bilmirəm kimə

Rast gəldim Maqadanda.

 

Qarlı qütbə çox yaxın

Məşhur qızıl mədəni -

Əzablar, işgəncələr,

Faciələr məskəni.

Min günahsız dustağın

Torpağa hopub qanı;

Yana-yana dolaşıb

Gəzdikcə Kolımanı.

 

Soruşdum: - Bəs ustadın

Sözləri həkk olunmuş

Möhtəşəm qaya hanı?

Dahini xatırlayan,

Sürğündə ömür sürən

Doxsan yaşlı qocanı

Dost bildim Maqadanda.

 

Səsi o vaxt çatmayıb

Obasına, elinə;

Gah külüng, gah da qələm

Götürərmiş əlinə.

Gözü, özü yol çəkən

Cavidin heykəlinə

Çevrildim Maqadanda!

 

Maqadan-Bakı

 

Vətəndən uzaqda

 

Biri astaralı,

Biri şəkili,

Doğulub Bərdədə, Qazaxda onlar;

Qorumaq istəyib mahalı, eli

Vətəndən qədər uzaqda onlar.

 

Birinin Qubadır doğulduğu yer,

Birinin beşiyi qədim Gəncədir;

Qayğılı-qayğılı axır Dnestr,

Görəsən kim onu Kürə bənzədib?

 

Həsrətin alovu gəzir canımda,

Uzaq yol, dərə, dağ,bərə keçmişəm;

Neçə kənd, qəsəbə qəbristanında

Doğma ad axtarıb-aramaq peşəm.

 

İsmayıl, İbrahim, Məhərrəm, Hacı...

Bir vaxt asimandan, göydən eniblər;

Nakam oğulları Azərbaycanın

Qürbətə ulduztək səpələniblər.

 

Ayrılıq harayı qopur sinəmdən,

Necə axıtmayım göz yaşlarımı?

Elə bil çiynimdə gəzdirirəm mən

Qədim Qobustanın sal daşlarını.

 

Oqtay Rza

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.21.