Tarixin və bugünün
işığında Nadir şah
İngilis şərqşünasının
kitabı üzərində bəzi düşüncələr
İngilis şərqşünası və tarixçisi Maykl Aksvörtinin "İranın qılıncı. Nadir şah tayfa döyüşçüsündən fateh müstəbidə qədər" kitabının Azərbaycan dilinə tərcüməsi və nəşri son dövrdə elmi ictimaiyyətimizin həyatında baş vermiş diqqətədəyər hadisələrdən biridir. Bunun bir neçə səbəbi var. İlk növbədə ona görə ki, bu kitab Azərbaycan və Yaxın Şərq tarixində ən dərin iz qoymuş şəxsiyyətlərdən birinin həyat və fəaliyyətinə həsr olunub. Eyni zamanda nəzərə alınmalıdır ki, bu şəxsiyyətin tarixdəki yeri, onun siyasi və hərbi fəaliyyəti istər bizim tarixşünaslıqda, istərsə də xarici, xüsusilə Qərb şərqşünaslığında ənənəvi olaraq birmənalı qəbul edilməyib.
Bu baxımdan Nadir şah kimi möhtəşəm tarixi personajın bütün əzəməti və ziddiyyətlərilə yenidən, ciddi və dərin şəkildə öyrənilməsi və dəyərləndirilməsi elmimizin ümdə vəzifələrindən biridir. Çünki Nadir şah İran və Qərbdə sadəcə bir İran hökmdarı kimi qələmə verilsə də, əslən Azərbaycan xalqının övladıdır, soykökü etibarilə oğuz-türkman mühitinin əfşar boyundan çıxmış Azərbaycan türküdür.
Nəhayət, Nadir şahın Azərbaycan xalqının tarixinə, xüsusilə dövlətçilik tarixinə aidiyyəti nədir, bunların arasında nə dərəcədə əlaqə mövcuddur - bu suallar yalnız akademik xarakter daşımır, onlar həm də bizim tarixi şüurumuzun fundamental məsələləridir. Və onların önəmini dərk etmək və ciddi elmi araşdırma mövzusuna çevirmək üçün Nadir şah haqqında dünya tarixşünaslığının, xüsusilə Qərb elminin önəmli əsərlərini dəyərləndirmək və konsepsiyalarını bilmək və təhlil etmək zəruridir. Xüsusilə nəzərə alsaq ki, dünya tarixində Sezar, Çingiz xan, Əmir Teymur, Napoleon kimi şöhrətli sərkərdə və fatehlərlə müqayisə edilən bu şəxsiyyət haqqında yazılan əsərlərin sayı nisbətən çox deyil. Sadəcə xatırlatmaq istərdim ki, Sovet şərqşünaslığında Nadir şaha həsr edilən ən fundamental əsər Marianna Arunova və Klara Aşrafyanın 1958-ci ildə Moskvada rus dilində işıq üzü görmüş "Nadir şah Əfşarın dövləti" adlı monoqrafiyası sayılırdı və uzun müddət rusdilli elmi ədəbiyyatda bu böyük şəxsiyyətə, bir qayda olaraq, qeyd edilən monoqrafiyanın bir sıra mübahisəli dəyərləndirmələri əsasında qiymət verilirdi. Son dövrlərdə Qərb şərqşünaslığında Nadir şahla bağlı işıq üzü görmüş diqqətədəyər əsərlərdən biri 2006-cı ildə M.Aksvörtinin Londonda nəşr olunmuş kitabıdır.
Zənnimcə, heç də təsadüfi deyildir ki, bu kitabın ana dilimizə tərcümə və nəşrinin təşəbbüskarı, eyni zamanda redaktoru və ön söz müəllifi akademik Ramiz Mehdiyevdir. Ramiz müəllim son illər tariximizin bir sıra fundamental problemləri ilə əlaqədar öz fikri və mövqeyini bir neçə mühüm çıxış, yazı və monoqrafiyalarında ifadə etmiş alimdir. Xüsusilə dövlətçilik tariximizdə müstəsna rol oynamış Şah İsmayıl və Nadir şah kimi şəxsiyyətlər, tarixşünaslığımızın metodoloji və konseptual məsələləri, Azərbaycanda tarix elminin inkişafı üçün zəruri istiqamətlərin müəyyənləşdirilməsi kimi problemlər onun əsərlərində önəmli yer tutur.
Bunun səbəblərini aydınlaşdırmaq üçün qeyd edilən problemlər üzərində sadəcə elmi çərçivə daxilində düşünməklə məhdudlaşmaq kifayət etmir. Məsələyə daha qlobal müstəvidə baxmaq, müasir dünyanın çağırışları kontekstində müstəqil dövlətçiliyimizin bugünü və gələcək perspektivlərini nəzərə almaq zəruridir. Son zamanlar istər dünyada, istərsə də bizim ətraf regionda və qonşu ölkələrdə baş verən dramatik hadisələr məlum həqiqəti tam çılpaqlığı ilə bir daha üzə çıxarır və qarşımızda qoyur - tarixi yaddaşı zəif və milli şüuru yetkin olmayan xalqlar öz istiqlalı və dövlətçiliyinin qədrini lazımi səviyyədə dərk edə bilmir, onları istər daxili, istər xarici təhdidlər qarşısında qorumaq iradəsinə sahib olmur və bu müqəddəs dəyərləri itirmək təhlükəsi ilə üzləşir. Bu baxımdan Yaxın Şərqin bəzi ərəb ölkələrinin acı taleyi hamının gözü önündədir. Təhdid və təhlükələr qarşısında milli həmrəylik və yüksək dövlətçilik şüuru nümayiş etdirə bilməyən cəmiyyətlər qısa bir zamanda müxtəlif sosial, etnik və məzhəb maraqları əsasında parçalanır, nəticə etibarı ilə öz siyasi suverenliyi və ərazi bütövlüyünü qorumaq iqtidarından məhrum olurlar. Öz dövlətçiliyini itirən xalqın aqibəti isə məlumdur. Bu baxımdan müstəqil dövlətçiliyin qədrini bilmək, onu daxildə və xaricdə necə qorumağı anlamaq üçün cəmiyyətin güclü tarixi yaddaş, milli şüur və vətəndaşlıq həmrəyliyi hisslərinə sahib olması son dərəcə mühüm şərtdir. Düşünürəm ki, akademik R.Mehdiyevin öz əsərlərində dönə-dönə tariximizin belə önəmli məsələlərinə diqqəti cəlb etməsi, ilk növbədə, onun təcrübəli dövlət xadimi və alim kimi müasir Azərbaycan dövlətçiliyinin keçmişi, bugünü və gələcək istiqamət inkişafına işıq tutmaq ehtiyacından irəli gəlir.
Nadir şahın bir dövlət xadimi, sərkərdə, diplomat və inzibatçı kimi fəaliyyəti, üzərindən təqribən 300 il ötsə də, bu gün də öz aktuallığını qoruyur. Nadirin qurduğu dövlətin tarixi təcrübəsi Azərbaycan dövlətçilik tarixinin düzgün dərk edilməsi üçün son dərəcə zəngin material verir. Bu təcrübəyə müraciət etmək, üzərində düşünmək və müzakirələr aparmaq dövlətçilik arxetiplərinin güclü və zəif tərəflərini doğru dəyərləndirmək baxımından önəmlidir. Çünki ot kökü üstə bitdiyi kimi, hər dövlət də öz tarixi təcrübəsinin üzərində formalaşır və inkişaf edir. Bu nöqteyi-nəzərdən keçmişlə bugünün səsləşməsini, müasirliyin üzərinə tarixin kölgəsinin düşdüyünü nəzərə almadan bir sıra önəmli ictimai məsələlərin həlli müşkül ola bilər. Akademik R.Mehdiyevin qeyd edilən məsələlərlə bağlı M.Aksvörtinin kitabına yazdığı və əslində, tarixi esse xarakteri daşıyan ön sözündə xeyli maraqlı düşüncələr yer alır. Tarixdə şəxsiyyətin rolu, dövlət qurucusu və başçısının keçdiyi sınaqlar və onların düzgün dəyərləndirilməsi, hökmdar-siyasi elita münasibəti, dövlət idarəçiliyində tutulması mühüm olan yol və tətbiq edilməsi gərək olan prinsiplər - bütün bu və digər suallarla əlaqədar ön söz müəllifinin irəli sürdüyü mülahizələr, dövlətçilik tariximizdə istər müsbət, istərsə də bəzi mənfi ənənələrin təhlili, əslində, universal xarakter daşıyır. Məsələn, Səfəvilərin son dövründə hakim feodal sinfin nümayəndələrinin öz şəxsi dar mənfəətlərini dövlətin mənafeyindən üstün tutmalarının mərkəzi hakimiyyəti necə zəiflətməsi, nəticə etibarilə Səfəvi dövlətinin çökməsi problemləri məharətlə təhlil edilir. Həqiqətən, M.Aksvörti özü də əsərində etiraf edir ki, "Şah Sultan Hüseynin hakimiyyətinin son illərində sanki məqsədli şəkildə iqtidarı gözdən salacaq hər şey edilirdi. Saray əyanlarından kimsə dövlətə təhdid törədən təhlükənin qarşısını almağa çalışdıqda, həmin şəxsin uğur əldə edəcəyindən ehtiyatlanan digər məmurlar çəkişmələrə əl atıb onu gözdən salmaq üçün bir-biri ilə yarışırdılar... Bütün bunların yekunu olaraq Səfəvi dövləti süquta uğradı. Çünki mühüm dövlət vəzifələrinin etibar edildiyi şəxslərin heç biri öz məsuliyyətini dərk etmir, əksinə, dövlətə zərər vuran fəaliyyətlə məşğul olurdular. Saray əyanları sanki başqa bir dünyanın sakini idilər və hakimiyyətin aqibəti onları qətiyyən maraqlandırmadığından hər kəs qayğısız və rahat həyat sürməyə davam edirdi".
Dövlətçilik tariximiz baxımından ibrətamiz səciyyə daşıyan bu hadisələr, onların ingilis şərqşünası tərəfindən dəyərləndirilməsi akademik R.Mehdiyevin diqqətini xüsusilə çəkir və onları bir alim və dövlət xadimi mövqeyindən təhlil etməyə sövq edir. Kitaba yazılan ön sözdə qeyd olunur ki, "Nadirin siyasi qərarlar vermək və dövlətçilik məsələlərində tutduğu qətiyyətli mövqe şəxsi mənfəətlərini güdən, mənsəbpərəst, qanun-qaydaya tabe olmaq istəməyən nüfuzlu feodalları və əyanları son nəticədə onları əməli fəaliyyət tələb edən hökmdara qarşı birləşməyə sövq etmiş başlıca amilə çevirmişdi. Həmin feodallar həmişə tayfa-qəbilə münasibətləri sistemində yaşayan, əsrlərdən bəri sərt idarəçilik üsuluna alışmış, yalnız güclü, qətiyyətli şəxsiyyətin iradəsi ilə birləşib, böyük hərbi-siyasi uğurlar əldə etməyə adət etmiş insan kütləsinin ancaq işlək qanunlarla vahid siyasi çətir altında toplaşıb bütöv bir xalq ola biləcəyini anlamaqda çətinlik çəkirdilər. Bu cür siyasi şüursuzluğun nəticəsi idi ki, dövlətçilik miqyasında düşünmək qabiliyyəti olmayan, vətən təəssübkeşliyindən uzaq ayrı-ayrı əyanlar həlledici məqamda doğma xalqın gələcək taleyini qısamüddətli fərdi mənfəətlərə qurban verəcək qədər alçala bilmişdilər!". Kitaba yazılan ön sözdə belə passajlar oxucunu düşündürür, istər-istəməz onun diqqətini Azərbaycan dövlətçilik tarixinin arxetipləri üzərində cəmləməyə və mühüm nəticələrə gəlməyə sövq edir.
Bununla yanaşı, tarixi düşüncə və dövlətçilik şüurunun sağlam inkişafı üçün tarix elmimizin müasir dünya elmi səviyyəsinə yüksəlməsi, müasir elmi konsepsiya və standartlara üz tutması da son dərəcə zəruri bir məsələdir. Bu məsələ akademik R.Mehdiyevin istər "Nadir şah" kitabına yazdığı ön sözdə, istər onun Moskvada keçən il rus dilində çap olunmuş "Milli ideyanın formalaşmasında tarixin idrakının faydası haqqında" adlı monoqrafiyasında, istərsə də bir sıra digər yazılarında dəfələrlə vurğulanır. "Nadir şah" monoqrafiyasının elmi metodologiyasını və müəllifin üslubunu dəyərləndirən Ramiz müəllim xüsusi olaraq qeyd edir ki, bu kitabın Azərbaycan dilində nəşrinin faydalarından biri onun bir tarixi araşdırma nümunəsi kimi bizim elmi ictimaiyyətə təqdim edilməsindədir. Bəzən təsvirçiliyə və ya "salnaməçiliyə" meyil edən müasir tarixçilərimizin bir hissəsi "analitik tarix"in nümunəsi olan bu əsərdən mühüm metodoloji üsullar əxz edə bilərlər. Bunların arasında ilk növbədə hadisələri geniş tarixi kontekstdə təhlil etmək, onları bir-birilə əlaqəli şəkildə və səbəb-nəticə zənciri çərçivəsində dəyərləndirmək kimi cəhətlər nəzərdə tutulur. Eyni zamanda müasir Azərbaycan tarixşünaslığında mövcud olan bir sıra digər dərin kök salmış problemlərin aradan qaldırılmasının zərurəti vurğulanmaqla tarix elmi sahəsində yaradıcılığın dəyərinin artıq məlum faktlar və başqa müəlliflərin fikirlərinin təkrarlanması və ya tərcümə edilməsi ilə deyil, bu sahədə yeni, orijinal və analitik yanaşmaların ortaya qoyulması ilə ölçüldüyü bir daha xatırladılır və qeyd edilir ki, "elm saxtakarlığı, gözdən pərdə asmağı qətiyyən sevmir və belə cəhdlər edənlər başa düşməlidirlər ki, onlar heç kəsi deyil, məhz özlərini aldadırlar".
M.Aksvörtinin öz əsərində Nadir şahın şəxsiyyəti və fəaliyyəti, dövrün tarixi hadisələri ilə bağlı irəli sürdüyü bir sıra konseptual mülahizələri qəbul etmək mümkündür, bəziləri ilə isə birmənalı şəkildə razılaşmaq imkansız görünür. Bundan başqa, bu kitab sırf akademik xarakter daşımır, müəyyən dərəcə elmi-populyar üslubda qələmə alınıb. Belə ki, müəllif bir çox önəmli və yeni mənbə və araşdırma əsərlərinə istinad versə də, elmi aparat kitabda öz əksini tapmayıb. Belə olan halda ortaya sual çıxa bilər ki, bu əsərin Azərbaycan dilində nəşr edilməsinin səbəbi nə idi? Şübhəsiz, ən mühüm səbəblərdən biri, Qərb şərqşünaslığında meydana çıxan, tariximizlə bilavasitə əlaqədar olan və xüsusilə haqqında nisbətən az fundamental əsər qələmə alınmış Nadir şahla bağlı yeni əsərlərlə Azərbaycan oxucusunu tanış etməkdir. Sonuncu məqama müəllif özü kitabında düzgün qiymət verir. Nadir şahın 1739-cu ildə Dehlini fəth etməsindən sonra Hindistanda öz müstəmləkəçilik siyasətini fəal şəkildə həyata keçirməyə başlayan İngiltərə bu zəkalı hökmdarın fəaliyyəti və uğurlarını uzun müddət kölgədə saxlamağı üstün tutmuşdur. Çünki Viktorian dövrü ingilis tarixşünaslığının ənənələrinə görə, Şərq aləmi "dinamik və tərəqqiyə yönəlmiş" Avropa toplumlarından fərqli olaraq, "statik və passiv" bir cəmiyyət tipi kimi dəyərləndirilirdi. Nadir şahın enerjili və islahatçı fəaliyyəti isə bu avrosentrist ictimai-tarixi konsepsiya ilə ziddiyyət təşkil edirdi, sxemin əsas postulatlarını pozurdu. M.Aksvörti etiraf etmək məcburiyyətində qalır ki, Nadirin "Hindistanda hərbi uğurları Kliv və digər müstəmləkəçilərin şöhrətini geridə qoya bilərdi və ümumilikdə Qərbin hərbi gücünün müstəsnalığına kölgə salmış olardı".
Nadir şah şəxsiyyəti nə səbəblə bizim tarix üçün mühümdür? Axı, zahirən Nadir Azərbaycanda deyil, İranın şərq bölgəsi olan Xorasanda anadan olub, fəaliyyətinin böyük hissəsi orada keçib, hətta öz dövlətini qurduqdan sonra paytaxtını da Məşhəd şəhərinə keçirib. Yeri gəlmişkən qeyd etmək gərəkdir ki, İran və Qərb şərqşünaslığında da bu zahiri əlamətlərə üstünlük verilərək, Nadir şahı məhz İran hökmdarı, İranın xilaskarı və İran tarixinin qəhrəmanı kimi dəyərləndirirlər. Bu baxımdan M.Aksvörtinin kitabı da istisna deyil. Bu əsərdə Nadirin Azərbaycanla, Azərbaycanın tarixi-mədəni mühiti ilə əlaqəsi barədə bir kəlmə də söz deyilmir. Və bu cəhət akademik R.Mehdiyevin ön sözündə haqlı və kəskin tənqidə məruz qalır.
Bununla belə, obyektiv olaraq Nadir şahın şəxsiyyətini Azərbaycan mühiti və tarixindən bir neçə səbəbə görə ayrı tutmaq qətiyyən mümkün deyil. Bunları sadalamaq və təhlil etmək yerində olardı:
1. Yuxarıda da qeyd edildiyi kimi, Nadir əslən Azərbaycan türklərindən olub, Azərbaycandan Xorasana köçürülmüş qızılbaş oğuz-türkman boyu olan əfşarların qırxlı tayfasına mənsub idi. Bu baxımdan Nadirin nəsli etnomədəni köklə Azərbaycana bağlı idi.
2. Bu nəsil Xorasana, yəni İranın şimal-şərqinə köçürüldükdən sonra bir çoxlarının təsəvvür edə biləcəyi kimi, yabançı fars mühitinə düşmədi. Xorasan Orta əsrlərdə polietnik və türklərin də çox sayda yaşadığı bir bölgə idi. Hələ Səlcuq dövründə, yəni X əsrin sonu-XI əsrin əvvəllərində buralar bir oğuz-türkman eli idi və bu yerlərdən Azərbaycana və Anadoluya güclü türk köçləri və axınları baş verirdi. Əslində Səlcuq imperiyasının ilkin formalaşması və bərqərar olması da burada baş vermişdi. Bilindiyi kimi, Toğrul bəy özünü 1038-ci ildə Xorasanda Nişapur şəhərində sultan elan etmişdi. Xorasan islam dövründə oğuz-türk mədəniyyəti və ədəbiyyatının formalaşması və inkişafında da müstəsna rol oynamışdır. Orta əsrlər türk təsəvvüfünün ocağı Xorasan olmuş və tariximizdə "Xorasan ərənləri" kimi tanınan türk sufilərinin adı da təsadüfən meydana çıxmamışdı. Və nəhayət, biz anadilli ədəbiyyatımızın köklərini araşdırarkən, istər-istəməz üzümüzü Xorasana tuturuq, çünki XIII əsrin sonunda Azərbaycan-türk dilində ilk qəzəllərini yazan Həsənoğlu əslən Xorasanın Əsfərain şəhərindən idi. Bütün bunlar bir şeyi nümayiş etdirir: Azərbaycan məfhumu və Azərbaycan tarixi yalnız bugünün siyasi sərhədləri çərçivəsində götürüldükdə, onları qətiyyən tam dolğunluğu və mənasıyla anlamaq mümkün olmur. Keçmiş zamanlarda Azərbaycanın tarixi-mədəni mühiti bugünkündən qat-qat geniş olmuşdur, ona görə də siyasi və mədəni tariximizi öyrəndikdə bu gerçəklik mütləq nəzərə alınmalıdır.
3. Nadirin həyat və fəaliyyətinə diqqət yetirdikdə bir daha şahid oluruq ki, bu gerçəklik əsrlərlə, hər halda XX əsrdə İranda Pəhləvilər tərəfindən irqçi paniranizm siyasəti həyata keçirilməyə başlayana qədər dəyişməmişdir. Biz görürük ki, Nadir ailədə, məişətdə, öz dostları, əqrəbaları, həmyerliləri ilə həmişə ana dilində, yəni türk dilində danışıb. Fars dilini o, artıq xeyli böyüdüyü zaman öyrənib. Ordu sıralarında və hətta böyük hökmdar olduğu zaman da Nadir həmişə türkcə danışıb, müstəsna hallarda fars dilindən istifadə edib. Nadirin saray tarixçisi və yaxın sirdaşı olan Mirzə Mehdi xan Astarabadi bu dövrdə türk dilinin lüğəti və qrammatikasına həsr olunmuş özünün məşhur "Sənglax" əsərini qələmə almışdır. Nadirin dövründə sarayda, dövlət işlərində, orduda ən çox işlənən dil türk dili olub. Osmanlı səfirləri ilə və hətta 1739-cu ildə Hindistanın hökmdarı Məhəmməd şahla görüşündə o, türk dilində danışırdı. Nadir şah Hindistanın paytaxtı Dehlini tutduqda Məhəmməd şahı taxtdan endirməmiş və bunun səbəbini onunla izah etmişdir ki, onlar hər ikisi türk-türkman nəslindən gəlirlər və türkmanlıq adətinə görə Nadir Əmir Teymurun və Baburun nəslinə mənsub olan Məhəmməd şahın hakimiyyətinə qıya bilməzdi. Nadirin öz dilindən bu türkmanlıq təəssübü belə səsləndirilir: "Bu ölkənin (Hindistanın, Böyük Moğol imperiyasının - Ş.M.) vilayətlərinin fəth edilməsi və işlərin qaydaya salınması asanlaşıb təkmilləşəndən bir az sonra İlahi dərgahına möhtac olanın (Nadir şahın - Ş.M.) türkman və adı çəkilən padşahın (Məhəmməd şahın - Ş.M.) türkmaniyyə ümmətinin və cəlalətli Gürqaniyyə (Teymurilər - Ş.M.) sülaləsinin nümayəndəsi olduqlarını nəzərə alaraq, bundan əvvəl olduğu kimi, el və birlik qaydası ilə Hindistan padşahlığını adı zikr olunmuş o ali məqama həvalə etdik və xütbə ilə sikkəni onun adına düzəltdik".
Burada belə bir önəmli cəhətə də diqqəti cəlb etmək istərdim ki, Orta əsrlərdə bütün islam Şərqində yayılmış türk siyasi hakimiyyətinin etnomədəni şüur ilə bağlı cəhətlərini tədqiq etmək son dərəcə mühümdür. Çünki Nadir şahın nümayiş etdirdiyi türkman həmrəyliyi hissi Azərbaycan tarixində müstəsna bir hadisə deyildi. Belə ki, hələ XV əsrin əvvəllərində Qaraqoyunlu hökmdarı Qara Yusif Ağqoyunlu bəyi Qara Yölük Osmana məktub göndərərək, sülh bağlamağı təklif etmişdi. Bu müraciətin ən önəmli tərəfi ondan ibarət idi ki, Qara Yusif barışığın zərurətini məhz onların ortaq etnik mənsubiyyəti - türkmanlığı ilə əsaslandırırdı: "Biz hər ikimiz türkman xalqındanıq. Bundan sonra bir-birimizə qarşı vuruşmamalıyıq, bundan artıq bir-birimizi əzməməliyik".
4. Ancaq məsələ yalnız Nadirin şəxsi görüşlərində, onun türk dili və mədəniyyətinə bağlılığında, hətta müəyyən mənada onun türk təəssübkeşliyində deyildi. Bu məsələni daha geniş kontekstdə, Azərbaycan dövlətçiliyi fonunda dəyərləndirmək lazımdır. Səfəvi dövləti və sülaləsinin daxili tənəzzül və xarici zərbələr, daha doğrusu, 1722-ci ildə əfqanların hücumları nəticəsində çökməsindən sonra mərkəzi müsəlman torpaqları və ya bu gün İran adlanan geniş ərazidə siyasi hakimiyyətsizlik, parçalanma, xaos hökm sürürdü. Keçmiş Səfəvi ərazilərinin şərq və cənub torpaqları İsfahanla birlikdə əfqanların, şimal-qərb torpaqları, yəni Azərbaycanın böyük hissəsi osmanlıların, Azərbaycanın Xəzəryanı əraziləri isə rusların əlinə keçmişdi. Belə bir şəraitdə bu ərazilərin siyasi birliyini bərpa etmək ağlasığmaz dərəcədə çətin, bəlkə də artıq mümkün olmayan bir məsələ idi. Ancaq bu dəfə də Azərbaycan və bütün İranın türk xalqı öz milli varlığı və dövlətçilik iradəsini ortaya qoydu, Nadir kimi həqiqətən dünya tarixində nadir bir şəxsiyyəti yetişdirdi, o, dəmir iradəsi, əzmkarlığı, hərbi və inzibati istedadı ilə ordular yaratdı və təqribən 7-8 il ərzində Amudəryadan Fərat çayına qədər əraziləri bütün yadellilərdən azad etdi. Bu təsəvvür edilməyəcək dərəcədə ağır bir işi yerinə yetirən, bu yolda olmazın əziyyətlərə məruz qalan, qurbanlar verən, əlində qılınc və tüfənglə düşmənlərə qarşı vuruşan və yenidən bu böyük ərazidə dövlətçiliyi bərpa edən xalq, ilk növbədə, məhz türklər - Azərbaycan türkləri idi. Azərbaycan xalqının bu qəhrəmanlıq dastanını yazmasının başlıca təsdiqi və Nadir tərəfindən etirafı onda idi ki, yeni dövlətin qurulması, Nadirin taxta çıxıb şah elan edilməsi 1736-cı ildə Azərbaycanda Muğan düzündə çağırılan qurultayda baş verdi. Bu Qurultay qədim türk dövlətçilik ənənələrinin davamı olaraq, yeni qurulan Əfşar dövlətinin türk xarakterini vurğulamaq üçün təşkil edilmişdi. Çünki ən əski zamanlardan bəri, hələ islamdan öncə qədim Hun imperiyası və Türk xaqanlığı dövrlərində türk xaqanlarının taxta çıxma mərasimi məhz bu şəkildə baş verirdi. Təsadüfi deyil ki, Muğan Qurultayında da qərar qəbul edə biləcək əmir və sərkərdələrin hamısı türk bəyləri idi. Heç şübhəsiz, Nadir şah Osmanlı sultanına yazdığı məktubda özünü "Tanrının inayəti ilə ... Türkman elinin böyüyü və İran ilə Türküstan məmləkətlərinin sahibi" kimi təqdim etdikdə öz ali statusunun mahiyyətini açıq şəkildə ifadə edirdi. Burada İran və Türküstan məmləkətləri daha çox coğrafi anlayış kimi işlədildiyi halda, "Türkman eli" sözü birmənalı olaraq etnosiyasi anlam daşıyırdı. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, "türkman" sözü Orta əsrlərdə islamı qəbul etmiş oğuzların etnonimi kimi istifadə edildiyi halda, təqribən XIII əsrdən etibarən Yaxın Şərq oğuzlarının, o cümlədən azərbaycanlıların xoroniminə də çevrilmişdi. Artıq XIV-XV əsrlərdə Azərbaycan və Şərqi Anadoluda yaranan dövlətlər özlərini "türkman" dövlətləri kimi təqdim edirdilər. Xüsusilə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri tarixi mənbələrdə birmənalı şəkildə "məmaliki-türkmaniyyə", sülalələr isə "səlatini-türkmaniyyə" adlandırılırdı. Mühüm bir amil ondan ibarətdir ki, bu dövlətlərin mərkəzini təşkil edən Azərbaycan və Şərqi Anadolu da tarixi qaynaqlarda "Türkman eli" olaraq tanıtdırılır. Məsələn, Osmanlı tarixçisi İbn Kamal XV əsrdə Qaramanlı bəyi Pir Əhmədin Ağqoyunlu Uzun Həsənin sarayına qaçması haqqında yazırdı ki, o, "tərki-diyar edib Türkman elinə qaçdı, çıqdı vardı Azərbaycanda qərar etdi, asitani-Həsən xanda xizmət ixtiyar etdi"; və ya Azərbaycanın paytaxtı Təbriz barədə deyirdi ki, "Şəhri-Təbriz ki, darül-mülki-Türkman idi…".
Yuxarıda Qaraqoyunlu Qara Yusifin məktubundan da göründüyü kimi, xüsusilə XV əsrdə Azərbaycan türkləri öz etnomədəni mənsubiyyətlərini "türkman" kimliyi, öz vətənlərini isə "Türkman eli" məfhumu ilə ifadə edirdilər. Bu baxımdan Nadir şahın özünü "Türkman elinin böyüyü" adlandırması onun bu etnomədəni və etnosiyasi ənənənin davamçısı kimi çıxış etdiyini təsdiqləyir.
5. Nadir şahın Azərbaycanın taleyinə biganə olmaması həm də Azərbaycanın tarixi bir bütöv olaraq torpaqlarının inzibati birliyinin təmin edilməsində özünü göstərir. Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, "Nadirin Azərbaycan tarixində müstəsna yerini şərtləndirən və Qərb şərqşünaslarının göz yumduqları həqiqətlərdən biri də onun azərbaycanlıların yaşadıqları torpaqları ilk dəfə "Azərbaycan" adlanan inzibati vahiddə birləşdirməsi faktıdır". Həqiqətən, tarixi mənbələr də Nadirin istər taxta çıxmasından öncə, istərsə də Muğan Qurultayından sonra şərti ifadə ilə "Azərbaycan məsələsini", onun torpaq bütövlüyünü diqqətdə saxladığını təsdiq edir. Osmanlı sultanı I Mahmuda ünvanladığı məktubda Nadir şah xüsusi olaraq vurğulayırdı ki, Səfəvi dövlətinin yaranmasından sonra Osmanlı-Səfəvi müharibələri nəticəsində "keçmiş zamanlarda Türkman sultanlarına bağlı olmuş Azərbaycan məmləkətlərindən bəziləri ali Osman dövlətinin tərkibinə keçmişdi". Nadir şah Əfşar iki dövlət arasında barış və dostluq şərtlərinə görə, "həmin iki məmləkətdən birini bağışlamaq qaydası ilə bu tərəfin tabeliyində olan məmləkətlərin hövzəsinə" qatılması, yəni Azərbaycana qaytarılması arzusunu izhar edirdi.
Təbii ki, bütün yuxarıda deyilənlər məsələnin birtərəfli - sırf türkmərkəzli və Azərbaycanmərkəzli tarix görüşü çərçivəsində dəyərləndirilməsi mənasına gəlmir. Şübhəsiz, Azərbaycan və İran ərazisində yaranmış dövlətlərin şərti olaraq, "etnik kimliyi" problemi daha mürəkkəb idi, tarixi gerçəklik daha əlvan, etnomədəni mühit daha rəngarəng idi. Bu dövrdə Şərqdə mövcud olan bütün böyük imperiyalar kimi Nadir şahın yaratdığı Əfşar dövləti də polietnik xarakter daşıyırdı və onun ərazisində yaşayan bütün xalqların nümayəndələri dövlətin inkişafına öz töhfələrini verirdilər. Burada söhbət sadəcə bir qisim İran və Qərb şərqşünas və tarixçilərinin əsərlərində bu dövləti yalnız İran dövlətçilik tarixi çərçivəsində təqdim etmək, bu sahədə digər xalqların, xüsusilə Azərbaycan türklərinin aparıcı rolunu inkar etmək və ya kölgədə saxlamaq meyillərinə qarşı alternativ bir nəzər nöqtəsinin ortaya qoyulmasından gedir. Və qeyd etmək gərəkdir ki, akademik R.Mehdiyevin ön sözündə bu problem kifayət qədər obyektiv və ətraflı işıqlandırılmış və qeyd edilmişdir ki, "Azərbaycanla İranın, Azərbaycan türkləri ilə farsların müştərək tarixə malik olduqları, eyni siyasi taleyi bölüşdükləri tarixi dövrlər, əlbəttə ki, olmuşdur və onların inkarı mənasızdır. Eyni ilə də həmin dövrlərin böyük əksəriyyətində farsların Azərbaycan türkləri tərəfindən qurulmuş müxtəlif imperiyaların təbəəsi olması faktı danılmaz faktdır".
Beləliklə, öz tarixini mifləşdirmiş, Pəhləvilərin paniranizm siyasəti və nəzəriyyəsi çərçivəsində bütün məziyyətləri, mədəniyyəti, dili və hətta hərbi şücaəti farslara aid edən bəzi İran millətçiləri və tarixçiləri unudurlar və ya unutdurmağa çalışırlar ki, əgər bu gün onlar "İran" adlı vahid bir dövlətin sərhədləri daxilində yaşayırlarsa, bu xoşbəxtlikləri üçün ilk növbədə Azərbaycan türklərinin fədakarlığı və qəhrəmanlığına borcludurlar. Çünki Nadir şah bu ərazidə dövlətçiliyi bərpa etməsəydi, Osmanlı və Rusiya kimi qüdrətli imperiyaların təzyiqi, baş qaldıran Avropa müstəmləkəçiliyinin zərbələri altında burada yenidən bir dövlət yaratmaq, bəlkə də bir daha mümkün olmayacaqdı. Ancaq Nadirin və Azərbaycan xalqının fədakarlığının sonrakı tarixdə nə ilə nəticələndiyi də göz qabağındadır. Nadirin ilk növbədə bir türk imperiyası kimi gördüyü və qurmaq istədiyi dövlət XX əsrdə Pəhləvi dövründə fars şovinizmi və ari irqçiliyinin hökm sürdüyü, Azərbaycan dili və mədəniyyətinin qadağan edildiyi bir ölkəyə çevriləcəkdi. Təsadüfi deyil ki, ustad şairimiz Şəhriyar vətəninin acı taleyini ürək ağrısı ilə təsvir etdiyi "Azərbaycan" şeirində yuxarıda qeyd edilən həqiqətləri dilə gətirir:
Bütün dünya bilir - sənin
qüdrətinlə, dövlətinlə
Abad olub,
azad olub
mülk-i
İran, Azərbaycan,
Bisütun-i
inqilabda
Şirin-Vətən
üçün Fərhad
Külüng
vurmuş öz başına
zaman-zaman,
Azərbaycan,
Qurtarmaqçün
zalımların əlindən
Rey
şümşadını
Öz
şümşadın başdan-başa olub
al
qan, Azərbaycan.
Bu da, yəqin ki, tariximizdən çıxarmalı
olduğumuz əsas ibrət dərsidir. Öz dilinin,
mədəniyyətinin, dövlətinin qədrini bilməyən
və qayğısını çəkməyən,
canını, qanını, varını, gücünü
özgələrin xidmətinə sərf edən xalq həmişə
uduzmağa və kiçilməyə, alçaldılmağa
və cılızlaşmağa məhkumdur. Cılız cəmiyyətlər isə Nadir kimi
möhtəşəm şəxsiyyətlər yetişdirməyə
qadir deyil. Və heç də təsadüfi deyil ki, Azərbaycan
milli mədəniyyəti və şüurunun yüksəldiyi
bir dövrdə, yəni XIX əsrin sonu-XX əsrin əvvəllərində
Azərbaycanda milli müstəqil dövlətçilik
düşüncəsi yaranmağa başladığı bir
zaman ölkənin mütəfəkkir ziyalıları bu
ideyaların rəmzinə çevrilə biləcək tarixi
qəhrəmanlar axtararkən, ilk növbədə, Nadir
şah obrazına müraciət etdilər. Bunun
ilk örnəklərindən biri Nəriman Nərimanovun
1898-ci ildə yazdığı "Nadir şah" pyesidir.
Bir önəmli
sual üzərində də diqqəti cəmləşdirmək
düzgün olardı: Nadir şahın öz fəaliyyətinin
əsas qayəsi kimi gördüyü siyasi və ictimai həyatın
hər sahəsində köklü islahatlar aparıb möhtəşəm
və cahanşümül imperiya qurmaq təşəbbüsü
hansı səbəbdən nəticə etibarı ilə məğlubiyyətə
uğradı? Nə üçün onun
yaratdığı böyük dövlət öz qurucusunun
ölümündən qısa bir müddət sonra süquta
uğrayıb parçalandı? Sualın
cavabı bu yazının formatına sığa bilməyəcək
xeyli tarixi-sosioloji təhlil, çeşidli fakt və
mülahizələrin analizini tələb edir. Ancaq məsələni qısa şəkildə dəyərləndirmək
gərək olarsa, bir önəmli məqama xüsusi toxunmaq
lazımdır. Əslində, nə qədər
acı olsada, etiraf edilməlidir ki, Nadir şahın
böyük planları öncədən uğursuzluğa məhkum
idi və bu uğursuzluğu onun yaşadığı zaman və
məkanın özü müəyyənləşdirmişdi.
Nadirin yaşadığı dövr ənənəvi
sosial struktur və həyat tərzinə malik olan Şərq
cəmiyyətlərinin çökdüyü və yeni,
müasir və dinamik Avropa burjua toplumlarının sürətlə
önə çıxdığı bir dövr idi. Burjua inqilabları mərhələsindən
keçmiş Hollandiya və İngiltərə artıq
Hind-Çindən başlamış Yaxın Şərqə
qədər əhalinin sayı və təbii zənginlik
baxımından özlərindən qat-qat iri olan ölkələri
öz iqtisadi və siyasi təsiri altına almağa
başlamışdılar. Onların
qurduqları Ost-İnd şirkətləri, əslində, yeni
bir hərbi-ticari müstəmləkə imperiyası tipini təmsil
edir və bəşər tarixində kapitalizm
dövrünün başlanğıcının müjdəsini
verirdilər.
Kapitalizm özü ilə sosial dinamizm, rasional
düşüncə tərzi və texnoloji tərəqqi gətirir
və bununla dünya tarixində möhtəşəm rol
oynamış ənənəvi tipli əngin Şərq
imperiyalarının sonunun yaxınlaşdığından xəbər
verirdi. Nadir
şahın var gücü ilə Osmanlılara qarşı
mübarizə aparıb Səfəvi dövlətinin
keçmiş qüdrətini kölgədə qoyacaq bir
imperiya qurmaq arzusu ilə çarpışdığı
zaman üç qitəyə yayılmış Osmanlı
imperiyası artıq burjua Avropasının nəzərində
"xəstə adama" çevrilməkdə idi. Nadirin Dehlini tutmasından bir müddət sonra
İngiltərə müstəmləkəçiləri
dünyanın ən zəngin və parlaq imperiyası
olmuş Böyük Moğolları diz
çökdürüb Hindistanı Britaniya
imperiyasının baş tacına çevirəcəkdilər.
XIX əsrin ortalarında isə həmin ingilislər
"tiryək müharibələri" sayəsində
Çin kimi qüdrətli imperiyanı yarımmüstəmləkə
halına salacaqdılar. Bütün bu
cahanşümul Şərq imperiyalarının Avropa müstəmləkəçiliyinə
müqavimət göstərmək cəhdlərinin süquta
uğramalarının səbəbi onların məhdud maliyyə
və ya insan resurslarına malik olmalarında deyildi. Tam əksinə, Qərb burjuaziyasını
tamahlandıran da elə onların əfsanəvi zənginlikləri
idi. Səbəb ənənəvi Şərq
cəmiyyətlərinin artıq keyfiyyətcə yeni
inkişaf mərhələsinə qədəm qoymuş
kapitalist toplumlarla yarışda rəqabətə dözə
bilməmələri, intellektual, sosial, iqtisadi və texnoloji
baxımdan geri qalmaları idi.
Avropa müstəmləkəçiliyilə ənənəvi
cəmiyyət formatında qalaraq uğurlu mübarizə
aparmaq mümkün deyildi. Yeganə yol
köklü və hərtərəfli ictimai islahatların həyata
keçirilməsi ilə sivilizasional müasirləşmənin
təmin edilməsindən keçirdi. Bütün
XIX əsr Şərq tarixində bu transformasiyanı
zamanında və lazımi qətiyyətlə həyata
keçirən və beləliklə, özünün
istiqlalını və dünyadakı yerini təmin edə
bilən ölkə Yaponiya olmuşdur. Meydzi
islahatları yaponlara kapitalist düşərgədə
özlərinə məxsus yer tutmağa imkan
yaratmışdı. Ancaq unutmaq olmaz ki, Yaponiyada baş
tutan islahatlar Nadir şahın ölümündən təqribən
120 il sonra, yəni Böyük Fransız inqilabının təsiri
ilə liberalizm və millətçilik ideyalarının
Şərqi Avropaya və Asiya ölkələrinə
yayılmasından sonra həyata keçirilmişdi.
Nadirin
dövründə isə islam aləmində
Avropa ilə Şərqin inkişaf istiqamətləri və
sürətləri arasındakı fərq artıq hiss edilməyə
başlansa da, onların dərin sivilizasional səbəbləri
hələ lazımi səviyyədə dərk edilmirdi. Belə ki, Avropa ilə bilavasitə və yaxın
münasibətləri olan Osmanlı imperiyasında ilk ciddi
islahat təşəbbüsləri XVIII əsrin ilk illərində
başlamışdır. Sultan III Əhməd
və baş vəzir Nevşəhirli Damad İbrahim paşa
kimi islahatçı Osmanlı dövlət xadimləri
imperiyanın Qərbdən get-gedə geri qalmasını
anlayır və təcili dəyişikliklərin həyata
keçirilməsini zəruri hesab edirdilər. Bu dövrdə Osmanlı cəmiyyətinin həyatında
Avropanın təsiri ilə, həqiqətən, bir sıra
önəmli yeniliklər əmələ gəlmiş,
onlardan ən ciddisi də ilk mətbəənin
yaradılması və türk kitab nəşrinin başlanması
olmuşdur. Ancaq Osmanlı elitası bu
cahanşümul proseslərin dərinliyini dərk etməkdə
hələ aciz idi və bu tarixi
çağırışlara səthi cavab verməklə vəziyyətdən
çıxa biləcəyini sanırdı. O, sürətlə
tərəqqi edən Qərblə rəqabətdə geri
qalmamaq üçün Avropanın bəzi hərbi və mədəni
nailiyyətlərini təqlid etməklə ortadakı fərqi
aradan götürəcəyinə inanırdı. Təsadüfi deyil ki, bu Avropasayağı islahatlar
dövrü Osmanlı tarixində "Lalə
dövrü" adını almışdır. Çünki Osmanlı elitası holland lalələrinin
gözəlliyinə düşkünlüklə ictimai-mədəni
həyatın bu zahiri atributlarına aludə olub Şərqlə
Avropa arasındakı dərin sosial və intellektual fərqi nəzərdən
qaçırmışdı. "Lalə
dövrü" islahatlarının uğursuzluğunun,
1730-cu ildə Patrona Xəlil üsyanı nəticəsində
III Sultan Əhmədin taxtdan endirilməsi və baş vəzir
İbrahim paşanın qətlə yetirilməsinin əsas səbəbi
Osmanlı elitasının baş verən qlobal tarixi
transformasiyaların mahiyyətini tam şəkildə dərk
edə bilməməsi və ənənəvi cəmiyyət
çərçivəsində səthi islahatların
aparılması ilə Osmanlı dövlətinin Avropadan geri
qalmasına son qoymaq cəhdləri olmuşdur.
Öz daxili siyasətində Nadir şahın nə dərəcədə
"Lalə dövrü" Osmanlı islahatlarından təsirlənməsi
məsələsi hələ də ciddi tədqiqatlara
ehtiyacı olan mövzu kimi qalmaqdadır. Ancaq bir şey aydındır
ki, Nadir şah da bir sıra tərəqqipərvər
görüşləri, reformist ruhu və qətiyyətli
siyasətinə baxmayaraq, Osmanlı elitasından o qədər
də irəli gedə bilməmiş, bütün
gücünü mərkəzləşdirilmiş və
qüdrətli, lakin eyni zamanda ənənəvi Şərq
tipli imperiyanın yaradılması və möhkəmləndirilməsinə
sərf etmişdi. Bu baxımdan, Əmir Teymurun
ömür yolunu xatırladan Nadirin həyatı bəlkə
də Maykl Aksvörti tərəfindən təsadüfi
olaraq, "tayfa döyüşcüsündən fateh müstəbidə
qədər" aparan yol kimi dəyərləndirilməmişdir.
Bu yolda dahiyanə şəxsi keyfiyyətləri
sayəsində müstəsna uğurlar qazansa da, Nadir şah
qlobal tarixin məntiqi və gedişatına qələbə
çala bilmədi. Beləliklə, onun da
islahatları ənənəvi cəmiyyət qəlibindən
kənara çıxa bilmədiyi üçün nəticə
etibarı ilə öz məqsədinə yetə bilməmişdi.
Heç
şübhəsiz, Nadirin ömrünün faciəvi sonu, onun
1747-ci ildə öz yaxın silahdaşları tərəfindən
qətlə yetirilməsi həm də bir məlum həqiqətdən
xəbər verir: cəmiyyətdə dərin və
köklü islahatlar aparmaq üçün yalnız liderin
enerjisi, qətiyyəti və zəkası kifayət etmir. Ən önəmli şərt mühitin də bu dəyişiklikləri
anlaması, onları dəstəkləməsi amili
olmalıdır. XVIII əsrin birinci
yarısında Azərbaycan və İranda belə mühit hələ
yetişməmişdi. Tarixi mənbələrin
verdiyi məlumatların sətiraltısı Nadirin enerjisinin əksər
hissəsinin xarici qəsbkarlara deyil, daxili müqavimətə
qarşı mübarizəyə sərf olunduğunu göstərir.
Ən faciəli fakt da ondan ibarətdir ki, bu mübarizə sadəcə
keçmiş Səfəvi dövlətinin Təhmasib
başda olmaqla İsfahanın çürük ruhunu
içinə hopdurmuş elitasına deyil, aşağı təbəqənin,
hətta öz əlləri ilə yaratdığı ordunun
nümayəndələrinə qarşı idi, həm də
bu qarşıdurma aralıqsız hər gün, hər saat və
hər dəqiqə davam edirdi. Buna kiçik bir
örnək vermək kifayətdir. Dehlinin ələ
keçirilməsindən sonra Nadir şah oğlu Nəsrullah
Mirzəni Teymurilər nəslindən olan bir xatunla evləndirdiyi
gün onun əsgərlərindən bir hissəsi itaətdən
çıxmış və Nadirin dini sahədə
yasaqlarına əhəmiyyət verməyərək, şəhərin
meydanlarında toplaşıb məhərrəm ayının ənənəsinə
uyğun şəkildə mərsiyələr deyib əzadarlıqla
məşğul olmağa başlamışdılar. Bu sahədə
ciddi islahatlar aparmaq fikrində olan Nadir hətta öz əsgərlərinin
müqavimətinə rast gədikdə son dərəcə qəzəblənmiş
və M.Aksvörtinin yazdığı kimi, itaət etməyən
adamlarını edam etdirmiş və meyitlərini
şəhər darvazasında bir ay müddətində
asılı saxlamağa əmr vermişdi ki, digərlərinə
də ibrət olsun.
Nadirin yenilikçi ruhunu əzən, onun
qol-qanadını sındıran son və başlıca amil isə
onun öz ailəsinin içində anlayış görməməsi,
öz sevimli oğlu və varisi Rzaqulu tərəfindən
müqavimətlə üzləşməsi olmuşdur. Kiçik
ehtiraslarla yaşayan, şöhrətpərəstlik və dəbdəbəyə
düşkün Rzaqulu Nadir şahın şəxsiyyətinin
dar və mühafizəkar İran mühitinə
sığmayan masştabını, onun yüksək
amalını dərk etməkdə aciz idi. Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, oğlunun saray həyatının
cah-cəlallı, qayğısız, məsuliyyətsiz,
yaramaz tərəfini seçməsi Nadiri daxilən incidirdi.
Çünki o, özü belə həyat tərzi
və dəyərlər sistemindən "qətiyyətlə
üz döndərmiş, hərbçi sadəliyini,
nizam-intizamını və ləyaqətini sarayın mənəvi
bataqlığını xatırladan rahat, isti otaqlardan, əyləncədən
üstün tutmuşdu". Rzaqulu
üçün Nadirin şücaətli və
aralıqsız mücadiləsinin sərvət, hakimiyyət və
eyş-işrət gətirən nəticələri məqbul,
lakin bu yolda verilən qurbanlar, düçar qalınan təhlükələr
və bitməyən müharibələr yorucu idi. Ona görə bir an öz
sayıqlığını itirən Rzaqulu açıq
şəkildə "Mənim atam bütün dünyanı
işğal etmək niyyətinə düşüb, ona
görə də bizə və bütün İrana zülm
edir. Hər yerdə döyüşlər
davam edir. O ölməyincə nə bizim, nə
İranın, nə də qonşu dövlətlərin dinclik
tapması qeyri-mümkündür", - deyərək,
atasını təhdid etmişdir. Klassik bir
deyim olan "Təbiət dahi insanların övladlarında
dincini alır" ifadəsi Nadirin oğluna da aiddir. Əslində, Nadir şahla oğlu Rzaqulunun
qarşıdurması dünya ədəbiyyatında dəfələrlə
əksini tapmış tarixi qəhrəmanla bayağı və
bəsit bir insanın münasibətləri mövzusunu
xatırladır. Bu baxımdan, bir ata və
dahi dövlət xadimi kimi Nadirin taleyi onun öz müasiri
olmuş I Pyotrun həyat yoluna müəyyən mənada bənzəyir.
Yeni və müasir Rusiya yaratmaq yolunda yorulmadan mübarizə
aparan Pyotr ənənəvi və mühafizəkar mühitin
tərəfdarı olan oğlu Aleksey ilə
qarşı-qarşıya gəlmiş və onu edam etdirmək məcburiyyətində
qalmışdı.
Pyotrdan fərqli olaraq, Rzaqulunun gözlərinə
İransayağı üsulla mil çəkdirən Nadir bu
hadisədən o dərəcə sarsıntı
keçirmişdi ki, əslində, sonu görünməyən
mübarizənin məğlubiyyətə
uğradığını, özünün böyük və
yüksək amallarının o dövr İran mühitinin
bataqlığında boğulduğunu anlamışdı. Həyatının
sonuna doğru artıq ümidsiz mübarizədən bezginliyə
düçar olan Nadir şah hətta taxt-tacdan əl çəkmək
və hakimiyyətini oğulları və nəvəsinə təhvil
vermək haqqında niyyətini bəyan etmişdi.
Akademik R.Mehdiyev Nadir şah şəxsiyyətini dəyərləndirməyə
cəhd göstərən bəzi tarixçiləri
bütün qeyd edilən məqamları nəzərə
almağa dəvət edir, ona birmənalı şəkildə
yalnız "qaniçən" və "müstəbid"
ünvanını verməklə elmi baxımdan məsuliyyətsiz
davrandıqlarını vurğulayır.
Biz isə bir daha təkrar etmək istərdik ki,
bütün bir cəmiyyətin mühafizəkarlığı,
fanatizmi və dözümsüzlüyü ilə
aralıqsız mücadilə hətta Nadir kimi dəmir iradəli
və müqtədir bir şəxsiyyətin imkanı xaricində
idi. Və təbii ki, belə bir cəmiyyətin mənəvi
istibdadı onu sındırdı. Mühafizəkar
bir ölkədə ictimai dəyişikliklərinin ilkin şərti
maarifçilikdən, elitanın və sonra da geniş kütlələrin
düşüncə tərzinin dəyişdirilməsindən,
cəmiyyətə müasir dəyərlərin təlqin
edilməsindən keçirdi. Yalnız
dünyanın gedişatını və özünün
mövcud halını bütün gerçəkliyi ilə
doğru dəyərləndirə bilən və yeniliyə
meyil etməyə başlayan kütlələr islahatların
təşəbbüskarlarını dəstəkləyə
və hərəkatın aparıcı qüvvəsinə
çevrilə bilər. Bu mənəvi və əqli
yenilənmə missiyasını böyük mütəfəkkirimiz
Mirzə Fətəli Axundov öz üzərinə
götürərək, "Aldanmış kəvakib",
"Kəmalüddövlə məktubları" və digər
dahi əsərlərini ərsəyə gətirməklə
Azərbaycan və İran cəmiyyətlərini yeni dövrə
hazırlamışdı. Axundovun beyinlərdə
və ruhlarda yaratdığı inqilab Azərbaycan Xalq
Cümhuriyyətinin və İranda Səttar xan fenomeni və
Məşrutə hərəkatının qələbələri
ilə nəticələnmişdi. Ancaq
unutmayaq ki, bu zəfərlərin bünövrəsində
Nadir kimi parlaq şəxsiyyətin qəhrəmancasına
mücadiləsi və həyat faciəsi durur. Heç şübhəsiz, Axundovun yolunu davam edən
Azərbaycanın böyük maarifçiləri bu mənəvi
və üzvi əlaqəni duyur və xalqın tarixinin ana
nöqtələrini dərk etmək üçün öz
axtarışlarında Nadirin surətinə təsadüfən
dönə-dönə müraciət etmirdilər.
M.Aksvörtinin
"Nadir şah" kitabı ilə tanış
olduqca tariximizlə bağlı digər son dərəcə
mühüm və konseptual suallar da ortaya çıxır və
bir daha düşünürsən ki, bizim şərqşünaslıq
və tarixşünaslıq elmləri bu problemlərin həllini
prioritet istiqamətlərə çevirməlidir.
Kitabdan meydana gələn önəmli məsələlərdən
biri tariximizdə məzhəb, sünni-şiə
ixtilaflarının yeri və rolu ilə əlaqədardır. Ümumiyyətlə,
Orta əsrlərin bir çox dövrlərində dövlət
siyasəti və ictimai-mənəvi həyatda
özünü büruzə verən ifrat dini təəssüb
hər zaman müxtəlif təlatümlərə yol
açmışdır. Bu, istər Səfəvi
dövləti, istər Osmanlı imperiyasının tarixi
üçün xarakterikdir. M.Aksvörti Səfəvilərin
son dövrlərində, xüsusilə daha çox vaxtlarını
eyş-işrətlə keçirən Şah Süleyman və
oğlu Sultan Hüseyn zamanında mərkəzi hakimiyyətin
zəifləməsi, dövlət işlərində saray əyanları
və ruhanilərin, o cümlədən tanınmış
şiə müctəhidi Məhəmməd Bağır Məclisinin
söz sahibi olmalarının necə acınacaqlı nəticələr
verməsini təsvir edir. Belə ki, Məclisinin
təsiri ilə ölkədə şiəliyə zidd kimi dəyərləndirilən
hər şeyə qadağa qoyulmuşdu. İçki məclisləri,
qəhvəxanalar, şən musiqi və rəqslərlə bərabər
islam mədəniyyəti və ədəbiyyatı
tarixində özünəməxsus və önəmli yeri
olan təsəvvüf də yasaq edilmişdir. Bundan
başqa, qadınların sərbəstliyi bir qədər də
məhdudlaşdırılmış və düşüncə
azadlığı ilə bağlı digər qadağalar gətirilmişdi.
Müəllifin ifadəsi ilə, Səfəvilərin
son dövründə "Məhəmməd Bağır Məclisi
bir növ İslam inqilabı həyata keçirmişdi".
Yeri gəlmişkən qeyd etmək gərəkdir ki, bu həmin
Məclisidir ki, onun dini görüşləri və risalələri
M.F.Axundov tərəfindən "Kəmalüddövlə məktubları"nda
kəskin şəkildə tənqid edilmişdir.
Hər şeyin olduğu kimi, dini təəssübün
də ifratı hər zaman mənfi nəticə verir. Tarixdə dini
pedantların və özünün "ilahi"
missiyasına fanatikcəsinə inanan möminlərin fəaliyyəti
görülməmiş bir şey deyil. Onlar
səmavi kitablarda buyurulan hər bir əmri mütləq şəkildə
və riqoristcəsinə tətbiq etməklə cəmiyyəti
mənəvi cəhətdən islah edəcəklərinə
inanır və bu yolda, adətən, ən sərt və qəddar
tədbirlərin görülməsindən çəkinmirlər.
Məsələn, XV əsrdə Avropanın ən qabaqcıl
Renessans şəhərlərindən biri olan Florensiyada
Cirolamo Savonarola adlı bir dominikan rahibinin hakimiyyəti ələ
keçirməsilə burada xristianlığın
"qızıl əsrini", yəni özünün təxəyyülündə
yaşayan ideal bir xristian cəmiyyətini "bərpa"
etmək arzusuna düşdüyü, bu məqsədlə sərt
və bəsit dini qanunların və yasaqların tətbiqinə
başlaması, musiqi, rəqs, karnaval və digər əyləncələrə
qadağa qoyması, şəhər əhalisinə
qarşı dini terror tətbiq etməsi tarixi ədəbiyyatda
geniş işıqlandırılmış faktdır. Savonarolanın Renessans dövrünün humanist
idealları və dünyagörüşünə zidd olan
sxolastik əqidələri və fanatik əməlləri
tezliklə şəhərin bütün ictimai-mədəni həyatının
çökməsinə və şəhər əhalisinin
üsyanına səbəb olmuşdu. Üsyan
nəticəsində rahib qətlə yetirilmiş, şəhər
sakinləri yenidən öz ənənəvi həyat tərzinə
dönmüşdülər. Dövrün
məşhur florensiyalı tarixçisi və siyasət nəzəriyyəçisi
Nikkolo Makiavelli Savonarolanı öz moizələri ilə
insanların şüurunu manipulyasiya edən riyakar bir fanatik
kimi dəyərləndirir, özünün
"Hökmdar" əsərində onun tətbiq etdiyi dini
qaydaların insanların inamını itirməsinə görə
çökdüyünü yazırdı.
Səfəvi dövlətinin son dövründə,
M.Aksvörtinin ifadəsi ilə, "İslam
inqilabının" baş verməsi də ağır nəticələrlə
sonuclanmışdı. Məhəmməd Bağır Məclisi və onun
davamçıları tərəfindən aşırı
şiə qaydalarının tətbiqi cəmiyyətin daha
mömin olmasına, şəriət qaydalarına uyğun
yaşamasına deyil, tam əksinə, dini
dözümsüzlüyün və fanatizmin artmasına,
daxili balansın pozulmasına, məzhəblərarası
ixtilafın kəskinləşməsinə və
ideoloji-ictimai ziddiyyətlərin açıq qarşıdurma
səhifəsinə keçməsinə gətirib
çıxarmışdı. M.F.Axundov "Aldanmış kəvakib"
əsərində Şah Abbas dövründə baş verən
hadisələri təsvir edərkən, mollabaşı vəzifəsini
tutan Axund Səməd surətinin öz ifadəsi ilə
ölkədə aparılan dini siyasətin əsas mahiyyətini
açıqlayaraq yazırdı ki, şah Məhəmməd
Xudabəndənin dövründə İran və ölkənin
paytaxtı olan Qəzvin əhalisinin yarısı sünni məzhəbində
idi; ancaq mollabaşının tutduğu yol və həyata
keçirdiyi tədbirlər nəticəsində bütün
sünnilər "isnə-əşəriyyəyə hidayət"
edilmiş, yəni şiəliyi qəbul etməli
olmuşdular. Mollabaşının sözləri
ilə "indi Allahın kərəmindən səfheyi-İranda
beş-altı nəfərdən ziyadə sünni
tapılmaz. Bu xüsusda İran
xalqından dəxi kəmali-riyazməndliyim var ki, bəmücərrədi-təklif
qədimi ata və babalarının məzhəblərindən
əl çəkib hidayətə rağib oldular". Şübhəsiz, vəzyyəti bu şəkildə
təsvir etdiyi zaman Axundov Səfəvilərin son
dövründə Məclisinin təsiri ilə aparılan dini
siyasətə də işarə edirdi. M.Aksvörtinin
qeyd etdiyi kimi, Sultan Hüseynin həmişəki kimi
başlıca məsləhətçiləri mollalar
olduğu üçün ölkənin sünnilər
yaşayan bölgələrində üsyanlar
başlamış, onların ən bariz nümunəsi də
Şirvan qiyamı olmuşdur. Bu dövrdə
hakimiyyətin ölkədə apardığı
ağlasığmaz dərəcədə uğursuz dini siyasəti
nəticəsində Şirvanda "sünnilər
öldürülür, onların kitabları yandırılır
və onların məscidləri isə tövlələrə
çevrilirdi". Öz növbəsində
qiyam qalib gəldikdən və 1721-ci ildə Şamaxıda Səfəvi
hakimiyyəti devrildikdən sonra "ətraf ərazilərdə
şiələrin kütləvi qırğını
başladı. Şiələrin
başçısı, onun qardaşı oğlu və digər
qohumları izdiham tərəfindən tikə-tikə
doğrandı, onların əti isə itlərə yem
oldu". İngilis şərqşünasının
Şirvanda məzhəb ixtilafı zəminində meydana
çıxan faciəvi hadisələrlə bağlı
verdiyi bu məlumat hər bir Azərbaycan tarixçisini və
ümumiyyətlə, vətəndaşını
düşündürməyə bilməz. Zənnimcə, gənc nəsillərin
yaddaşında tarixin ağır ibrət dərsi kimi həkk
olunması üçün bu hadisələr məktəb dərsliklərində
öz əksini tapmalıdır. Azərbaycan cəmiyyəti
tariximizdə bəzən özünü büruzə
vermiş dini fanatizm təzahürlərinin eyni xalqın
övladlarını, eyni torpağın sakinlərini bir-birinə
qarşı nə qədər qəddar və amansız
davranmaya vadar etdiyini, eyni dili danışan və mədəniyyəti
bölüşən insanların özləri özlərinə
necə düşmən kəsildiyini, nəticədə
dövlətin məhv olduğunu, vətən
torpaqlarının əldən getdiyini bilməlidir ki, belə
meyillərin təkrarlanmasına, bəzi xarici qüvvələrin
bu meyillərə gizli və açıq şəkildə rəvac
verməsinə qarşı möhkəm milli "immunitetə"
sahib olsun.
Məzhəb ixtilafı yalnız ölkənin daxili həyatına
deyil, xarici münasibətlərinə də öz mənfi təsirini
göstərmişdir. XVI əsrin əvvəllərindən
başlayan Osmanlı-Səfəvi qarşıdurması və
müharibələri istər Azərbaycan, istərsə də
ümumi türk tarixinin ən qanlı və faciəvi səhifələrini
təşkil edir. Əslində, beynəlxalq
ticarət yollarının nəzarəti və regionda hərbi-siyasi
üstünlük uğrunda aparılan bu mübarizəyə
məzhəb qarşıdurması kimi dini-ideoloji xarakter verilməsi
iki türk xalqı arasındakı münasibətləri son
Orta əsrlərdə zəhərləyən ən
mühüm amil olmuşdur. Bu ziddiyyət
və arasıkəsilməyən silahlı toqquşmalar hər
iki dövləti daxilən sarsıtmış, onların
iqtisadiyyatını və hərbi qüdrətini
çökdürmüş, minlərlə insanın
ölümünə və ya yurdlarını tərk etməsinə
gətirib çıxarmış, bir çox şəhər
və kəndlərin xarabazarlığa çevrilməsinə
və nəticə etibarı ilə Osmanlı dövlətinin
və Azərbaycanın Avropa müstəmləkəçiliyi
qarşısında zəif vəziyyətə düşməsinə
səbəb olmuşdur. Xüsusilə Səfəvi
dövləti qurulduğu dövrdə bir metropoliya, siyasi və
iqtisadi mərkəz rolunu oynayan Azərbaycanın XVIII əsrdə
artıq dövlətin sıravi bir əyalətinə
çevrilmiş olması düşündürücü
faktdır. Və Azərbaycanın maarifçi mütəfəkkirləri
bu məzhəb ixtilafını Mirzə Ələkbər
Sabirin sözləri ilə tamamilə düzgün dəyərləndirmişdilər:
Bir vəqt
Şah İsmayilü Sultan Səlimə
Məftun
olaraq eylədik islamı dü nimə,
Qoyduq iki
tazə adı bir dini-qədimə,
Saldı
bu təşəyyö, bu təsənnün bizi bimə...
Qaldıqca
bu halətlə səzayi-əsəfiz biz!
Öz
dinimizin başına əngəlkələfiz biz!
Nadir kimi zəkalı və milli təəssübkeşliyilə
fərqlənən bir liderin cəmiyyətin daxilində dini zəmində
baş verən çaxnaşmaların, eyni zamanda iki türk
dövlətinin bir-birilə məzhəb donu geydirilmiş
uzunmüddətli mübarizəsinin acınacaqlı nəticələrini
gözardı etməsi mümkün deyildi. Nadir
şahın fəaliyyətinin ən mühüm cəhətlərindən
biri bu ixtilafı aradan qaldırmaq, cəmiyyətə dini
barış və dözümlülük gətirmək təşəbbüsü
idi. O, dini sahədə həyata keçirdiyi
islahatların amalını dəfələrlə bəyan
edir, məqsədinin qətiyyən islam
dinini zəiflətmək və ya onun əsaslarını
sarsıtmaq olmadığını bildirirdi. Əksinə, məzhəb
ayrı-seçkiliyinin və ixtilafının islam
aləminə, müsəlman türk dövlətlərinin
birliyinə necə ağır zərbə vurduğunu,
onları xarici təhlükə və təcavüzlərin
qarşısında zəif düşürdüyünü
hamıdan yaxşı dərk edən Nadir müsəlmanların
mənəvi birliyi və islam dövlətləri arasında
həmrəyliyin yaranması tərəfdarı olduğunu
açıqlayırdı. Təsadüfi deyil ki, Osmanlı
sultanı I Mahmuda ünvanladığı məktubda o,
"Rum padşahını" nümayişkaranə ehtiramla
"cahan şahlarının ən əzəmətlisi,
dövran xaqanlarının ən böyüyü, Allahın
yaratdığı ölkələrin himayədarı, Allaha
ibadət edənlərin qoruyucusu, Allahın yerdə olan
kölgəsi, kafirlər ilə müşriklərin qənimi,
islam ilə müsəlmanların
yardımçısı" olan "islampənah
hökmdar" adlandırır, Əfşar və Osmanlı
dövlətlərinin arasında mehriban münasibətlər
yaratmaqda özünün "məzhəblərin
paklaşmasından, iki dövlətin möhkəmləndirilməsindən
və iki tərəfin müsəlmanlarının
dostlaşmasından başqa" bir məqsədinin
olmadığını xüsusi vurğulayırdı. Bu məqsədlə Nadir şah məsələnin
yalnız iki qüdrətli türk-müsəlman dövlətinin
əlbirliyi və həmrəyliyi ilə həll ediləcəyinin
fərqində olduğunu nümayiş etdirir və Osmanlı
sultanına öz məramını izhar edən namələr
və elçiliklər göndərirdi. İxtilafı
aradan qaldırmaq üçün o, Azərbaycan və
İranda şiəliyin radikal və açıq antisünni
təzahürlərini və mərasimlərini qadağan etməyin
və Osmanlı dövləti və üləmaları tərəfindən
də, öz növbəsində, cəfəri məzhəbinin
digər dörd ortodoksal sünni məzhəbi (hənəfi,
şafii, maliki, hənbəli) ilə yanaşı islam dininin
beşinci rüknü kimi tanınmasını zəruri hesab
edirdi. Öz niyyətlərini həyata
keçirmək məqsədi ilə Nadir şah Nəcəf
şəhərində İmam Əli türbəsində
tanınmış və nüfuzlu şiə və sünni məzhəblərinin
nümayəndələri və ruhanilərinin
görüşünü təşkil edərək, dini məsələlərlə
bağlı aralarında razılığa gəlib məzhəb
ixtilafına son qoymağı tələb etmişdi. O, Məhəmməd
peyğəmbərin və "Qurani-Kərim"in "tək
və məzhəbdə müttəhidül-üsul", yəni
eyniəsilli olduqlarını, cəfəri məzhəbinə
də digər "dörd rəvac məzhəblə bərabər
beşinci məzhəb deyilməsini" düzgün hesab
edirdi. Nadir şah Sultan Mahmuda yazırdı ki, "buna qanuni
yolla və sözlə nə mane və əngəl ola bilər", əgər "uca Osmanlı
dövlətinin bəzi məmurları bu məsələnin
çözülməsinə maneçilik törətsələr,
hər birisinin qərəzliliyi onun xatirəsinə
salınacaqdır, çünki qardaşlıq aləmində
sözügedən işlərin təkrarı ilə təzkarı",
yəni xatırladılması lazımdır.
Böyük
ehtimalla Nadir şahın bu sahədə özünün sələfi
olmuş Fransa kralı IV Henri Burbonun 1598-ci ildə "Nant
edikti" adı ilə qanun çıxardığı və
beləliklə, Fransada böyük faciələr və
qanlı toqquşmalarla müşayiət olunan katoliklərlə
qugenotlar arasında onilliklərlə davam edən dini
müharibələr dövrünə son qoyduğu, məzhəblər
arasında barış və dözümlülük şəraitinin
əsasını yaratdığından xəbəri yox idi
(ehtimal etmək olar ki, onun son illərində şəxsi həkimi
olmuş fransalı iyezuit Pyer Lui Bazen, bəlkə də, bu
barədə şaha bir məlumat verə bilərdi). "Nant
edikti"nin Fransanın sonraki yüzilliklərdə
hərbi-siyasi, iqtisadi və mədəni çiçəklənməsində
fövqəladə yeri olmuşdur. IV Henri kimi zəka
və uzaqgörənliyi ilə fərqlənən Nadir
şah da sünni-şiə ixtilafına son qoymadan müsəlman
xalqlarının düşdükləri bataqlıqdan
çıxa bilməyəcəklərini, bu sahədə məsuliyyətli
və qətiyyətli addımların zərurətini gözəl
anladığı üçün Osmanlı sultanına belə
bir təkliflə müraciət etmişdi. O dövrdə
Nadirin irəli sürdüyü bu layihə sözün əsl
mənasında inqilabi xarakter daşıyırdı. Doğrudur, onun şəkli və ya bəzi cəhətləri
müəyyən mənada qəribə və ya qəbuledilməz
görünə bilərdi. Eyni zamanda, belə
bir layihənin XVIII əsrin müsəlman Şərqi
mühitində həyata keçirilməsinin nə dərəcədə
mümkün olması da ciddi suallar doğurur. Məlumdur ki, istər sünni üləmaları,
istərsə şiə mollaları şahın bu planına
bəzən açıq etiraz edir, bəzən də onu
üstüörtülü şəkildə sözün tam
mənası ilə sabotaj edirdilər. M.Aksvörtinin
qeyd etdiyi kimi, sünni və şiə ruhanilərinin Nəcəfdə
gəldikləri zahiri razılığa baxmayaraq, "hər
kəs evinə getdikdən sonra onlar yenə də əvvəlki
ibadətlərinə davam etdilər. Bu
razılaşma, demək olar ki, heç nəyi dəyişmədi".
Bununla belə, bir şey aydındır ki, bu sahədə
islahatların aparılması həyati önəmə malik zəruri
məsələ idi. Əfsus ki, fransız
elitasından fərqli olaraq, müsəlman xalqlarının
siyasi və dini rəhbərləri Nadirin bu təklifinin mahiyyətini
anlamaqda çətinlik çəkdilər və ya xalqın
gələcəyi üçün mühüm olan məsələni
öz dar mənfəətlərinə qurban verdilər.
Bu siyasi və strateji dargörüşlülüyün
acı nəticələrini hər iki dövlətin
xalqları və müsəlman aləmi tezliklə hiss etməyə
başlayacaqdı. Bu gün Yaxın Şərqin
bir sıra ölkələrində məzhəb ixtilafı zəminində
baş verən və minlərlə insanın həyatına
son qoyan, şəhər və kəndlərin
dağılmasına səbəb olan qanlı toqquşmalar və
dini terrorizm, əslində, Nadir şahın öz
dövrünü nə qədər uzaqgörənliklə
qabaqladığını göstərmirmi?
Bu hadisə həm də bir daha Nadirin nə dərəcədə
cəsarətli və dövlət məsuliyyətinə sahib
bir lider olduğunu nümayiş etdirən faktdır. Fransız
kralının fəaliyyətindən xəbərsiz olsa da,
Dehlini tutmuş Nadir, heç şübhəsiz, Böyük
Moğol sultanı Əkbərin dini sahədə islahat təşəbbüsləri
barədə məlumata malik idi. Polikonfessional
Hindistan şəraitində dinlərarası ixtilafları
aradan götürmək və bu sahədə ahəngdar bir cəmiyyət
qurmaq məqsədilə Əkbər şah "dini-ilahi"
adı ilə yeni sinkretik din yaratmaq təşəbbüsü
ilə çıxış etmiş, amma uğur qazana bilməmişdi.
İnsanların dini mühafizəkarlığını
aradan götürmənin, onları xürafat və
mövhumatdan azad etmənin son dərəcə ağır bir
məsələ olduğunu dərk etsə də, Nadir şah
öz xalqının və dövlətinin gələcək
inkişafı üçün həyati önəmə sahib
olan bu islahatları aparmaqda tərəddüd etmədi. Ancaq çox təəssüflər olsun ki, onun təşəbbüsləri
uğurla nəticələnə bilmədi. Sabir Nadirin
sünni-şiə qarşıdurmasına son qoymaq istəyini
nəzərdə tutaraq ürək yanğısıyla
yazırdı:
Nadir bu
iki xəstəliyi tutdu nəzərdə,
İstərdi
əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd
ilə əzm edərək girdi nəbərdə,
Məqtulən
onun nəşini qoyduq quru yerdə,
Bir
şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz,
Öz dinimizin başına əngəlkələfiz biz.
Düşünürəm ki, bizim tarixşünaslıqda
məzhəb ayrı-seçkiliyi və onun
xalqımızın tarixinə gətirdiyi faciələr məsələsi
ciddi və ətraflı şəkildə öz qiymətini
almayıb və bu sahədə də dərin
araşdırmaların aparılmasına ehtiyac vardır.
Kitabdan ortaya çıxan digər son dərəcə
önəmli problem, ümumiyyətlə, Qərb şərqşünaslığında
Azərbaycan tarixi və xüsusilə dövlətçilik
tarixi məsələsinin dəyərləndirilməsi və
ya bugünkü İran ərazisində tarixən mövcud
olmuş dövlətlərin xarakteristikasıdır. İstər
İran, istərsə də Qərb şərqşünaslığında,
bir qayda olaraq, müasir İran ərazisində və ya digər
bir istilahla "mərkəzi müsəlman
torpaqlarında" qədim dövrdən başlamış
müasir zamana qədər mövcud olmuş bütün
dövlətlər, orada hakimiyyətdə olan sülalələrin
etnomədəni mənşəyindən asılı olmayaraq,
İran (Persia) dövlətçiliyi çərçivəsində
qəbul edilir. Bu həssas problemin təhlilinə
bəzi tədqiqatçıların əsərlərində
bu və ya digər dərəcədə toxunulub. Qeyd etmək lazımdır ki, M.Aksvörtinin
kitabına yazılan ön sözün də əhəmiyyətli
hissəsi bu məsələnin dəyərləndirilməsinə
həsr olunub.
Bu sətirlərin müəllifi də özünün
"Səlcuqilərdən Osmanlılara" adlı
monoqrafiyasında və bəzi məqalələrində
problemin nəzəri əsaslarını tədqiq etməyə
səy göstərmiş və müəyyən nəticəyə
gəlmişdir. Zənnimcə, məsələnin mahiyyəti qısaca
olaraq bundan ibarətdir ki, Orta əsrlər müsəlman ədəbiyyatında,
xüsusilə İranmənşəli tarixçilərin və
onların təsiri ilə bir sıra Osmanlı tarixçilərinin
yazdıqları əsərlərdə qədim dövrlərdən
başlayaraq mövcud olan və varlığını Orta əsrlərdə
də davam etdirən "vahid İran dövlətçiliyi"
nəzəriyyəsi qəbul edilmişdir. Bu nəzəriyyəyə
görə, əfsanəvi Pişdadilər və Kəyanilərdən
başlayan bir hakimiyyət xətti Əhəmənilər,
Sasanilər və digər sülalələrdən keçərək,
islam dövründə Samanilər, Səlcuqilər, Elxanilər,
Cəlayirilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və
Səfəvilərdə öz "qanuni" davamını
tapmışdır. Yəni istər əfsanəvi Cəmşid
və Kəyumərslər, istər Keyxosrov və Daralar, istər
Xosrov Ənuşirəvan və Şapurlar, istərsə də
Məlikşahlar, Qazan xanlar, Şeyx Üveyslər,
Cahanşahlar, Uzun Həsənlər, Şah İsmayıllar -
bunların hamısı vahid İran dövlətçilik zəncirinin
həlqələri sayılırdı. Bütün
bu hökmdarların tamamilə müxtəlif dini və etnik mənsubiyyətinə
baxmayaraq, onların hamısının ortaq cəhəti
"İran hökmdarı" və ya Orta əsrlər
müəlliflərinin çox işlətdikləri ifadə
ilə desək, "Əcəm padşahları"
olmaları idi. Beləliklə, "mərkəzi müsəlman
torpaqlarında" hökmranlıq etmiş türk
sultanları və monqol xanlarını əski İran
şahları kimi "Əcəm padşahı" elan etməklə
Orta əsr tarixçiləri Yaxın Şərqin türk-monqol
dövlətlərini İran dövlətçiliyi tarixinin
içində əridirdilər.
Farsdilli ədəbiyyatda belə misallara tez-tez rast gəlmək
mümkündür. Belə ki, Qəznəvi sülaləsinin
banisi olan Səbük Təkin, şamanist türk nəslindən
gəlməsinə baxmayaraq, qədim İran şahlarının
xələfi elan edilmişdi. Səlcuq
dövrünün tanınmış şairlərindən
Əbdülvase Cəbəli Xarəzmşah titulu ilə Xarəzm
bölgəsinin idarəsinə təyin olunmuş türk əmiri
Toğrul Təkini öz qəsidəsində "pəhlivani-mülki-İran"
kimi vəsf edirdi. Və ya Anadoluda Qeysəriyyə
əyanlarına ünvanlanmış məktubunda Elxanilərin
vəziri Fəzlullah Rəşidəddin Qazan xanı
"İranın hökmranı və Kəyani
şahlarının varisi" adlandırırdı. Beləliklə, öz dövrünün türk və
monqol xanlarını qədim İran şahlarının
varisləri kimi qələmə verməklə bu tarixçilər
"vahid İran dövlətçilik zəncirinin" davam
etdiyi fikrini ictimai şüura qəbul etdirirdilər. Bu
da, əslində, şüubiyyə dövründə siyasi-mədəni
irançılıq ideyalarını canlandıran fars mütəfəkkirlərinin nəzəriyyələrinə
tamamilə uyğun idi. Ağqoyunlu dövründə özünün
"Ərznamə" əsərini Uzun Həsənin
oğlu Sultan Xəlilə həsr edən Cəlaləddin Dəvvani
oğuzların bayandur boyundan gələn bu Ağqoyunlu
şahzadəsinin səcərəsini açıq şəkildə
əfsanəvi İran-fars şahı Cəmşidə
bağlayırdı. Səfəvilər
zamanında, xüsusilə Şah Abbasın dövründə,
bu fikrin artıq ictimai şüurda kifayət qədər
özünə yer etdiyini görürük. Belə ki, İspaniyaya mühacirət etmiş Oruc bəy
Bayat öz ölkəsinin tarixini avropalılara tanıdarkən
məhz bu nəzəriyyənin müddəalarından
çıxış edirdi. O, hətta Əmir Teymuru
İran şahı kimi təqdim edərək yazırdı:
"Bizə elə gəlir ki, biz Teymurləngə
Persianın (İranın) şahlarından biri kimi baxa bilərik".
Mühüm cəhət ondan ibarətdir ki, həmin nəzəriyyə
bu gün də dünya şərqşünaslıq
mediyevistikasına təsirsiz qalmamışdır. Təsadüfi
deyil ki, Qərb tarixşünaslığında, hətta bir
sıra türk alimlərinin əsərlərində orta
çağda "mərkəzi müsəlmən
torpaqlarında" və ya "Əcəmdə" dövlətlər
qurmuş və hakimiyyətdə olmuş türk-monqol
sülalələri İran şahları kimi təqdim edilirlər.
O cümlədən M.Aksvörti bu nəzəriyyənin
davamçısı kimi çıxış edərək,
Nadir şahı İran hökmdarı, onun qurduğu
Əfşar dövlətini isə ənənəvi İran
dövləti kimi dəyərləndirir. Beləliklə,
Əhəməni və Sasani dövründəki qədim
İranın fars mənşəli şahənşahları
ilə türk-monqol sülalələri arasında prinsipial
tipoloji fərq nəzərdən qaçır və ya
qaçırdılmağa çalışılır. Bununla da sanki tarix boyu vahid İran dövlətçiliyi
xəttinin mövcud olduğu fikri müdafiə edilir.
Halbuki, İran qədim dünyanın bütün digər
ölkələri kimi nə din, nə mədəniyyət, nə
dil, nə də dövlətçilik baxımından tarix
boyu davamlılıq və vahid xətt nümayiş etdirməmişdir. Əksinə,
bugünki İran ərazisində minilliklər ərzində
bir sıra müxtəlif etnosların gəlib yerləşməsi
ilə burada köklü etno-mədəni və sosial-siyasi
transformasiyalar baş vermişdir. Müasir
İranın titul etnosu sayılan farslarla bu torpaqların qədim
dövr əhalisini yalnız etnonim eyniliyi birləşdirir.
Din, mədəniyyət və hətta dil bu
müddət ərzində dəyişmişdir. Bu dəyişikliklərin baş verməsində bir
sıra amillər, o cümlədən öncə ərəb-müsəlman,
daha sonralar türk-monqol fəthləri böyük rol
oynamışdır. Bu baxımdan, Orta əsrlərdə
İran ərazisini də əhatə edən və türk
sülalələri tərəfindən qurulub idarə edilən
dövlətləri "vahid İran dövlətçiliyi zəncirinin"
üzvi həlqələri kimi dəyərləndirmək
doğru deyil. Attila Hun dövləti və ya Lanqobardlar
krallığını İtaliya dövlətləri olaraq dəyərləndirmək
yanlış olduğu kimi, Ağqoyunlu və ya Əfşar
dövlətlərini də ancaq İrana aid eləmək,
onları sadəcə İran dövlətləri kimi təqdim
etmək eyni dərəcədə səhvdir. Lakin
təəssüf ki, bu fikir Orta əsrlərdə olduğu
kimi, bu gün də istər İran, istərsə də Qərbdə
özünə müdafiəçi tapmağa davam edir.
M.Aksvörtinin
kitabı ilə tanış olduqca
tarixşünaslığımızda tədqiqi önəmli
olan bir sıra digər məsələlər də diqqəti
cəlb edir. Məsələn, elə kitabın
sərlövhəsindən də göründüyü kimi,
Nadir şahın həyat yolu müəllif tərəfindən
"tayfa döyüşçüsündən fateh müstəbidə
qədər" kimi dəyərləndirilir. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Qərb
şərqşünaslığında tayfa və dövlət,
köçərilik və oturaqlıq dualizmi türk
xalqlarının tarixinin fundamental problemi kimi göstərilir.
Düşünürəm ki, bizim elmimiz də
bu nisbətən diqqətdən kənarda qalmış
problemi inkar edə bilməz və bu sahədə ciddi
araşdırmalar aparılması günün tələbi
kimi qarşıya çıxır.
Son olaraq
Nadir kimi cəmiyyətin aşağı təbəqəsindən
çıxmış, öz parlaq zəkası, cəsarəti,
qətiyyəti və istedadı sayəsində möhtəşəm
dövlət yaradıb şahlıq mənsəbinə
yüksəlmiş, həyatını böyük amal və
məqsədlərə həsr etmiş, bütün qüdrətli
fateh və hökmdarlar kimi hədəfinə yetişmək
uğrunda addımladığı yolda səbir, səxavət
və rəhmdillik nümayiş etdirməklə bərabər
qəddarlıq və amansızlıq göstərməkdən
də çəkinməmiş, adını bəşər
tarixinə yazmış Nadirin faciəli ölüm hadisəsindən
də yan keçmək mümkün deyil. Əslində, bu
böyük şəxsiyyətin mənən bu dünyanı
tərk etməsi fiziki ölümündən bir neçə
il əvvəl baş vermişdi. Və bu həqiqəti ilk dəfə səsləndirən
onun gözləri ovulmuş sevimli oğlu Rzaqulu oldu.
M.Aksvörti yazır: "Rzaqulunun gözləri kor olandan 3
gün sonra Nadir oğlunun yanına gəldi. O, şahzadənin
başını öz sinəsinə qoyaraq onu öpür və
göz yaşlarında boğulurdu. Orada olan
saray əyanlarının çoxu da göz
yaşlarını saxlaya bilmədi. Əvvəlcə
Rzaqulu danışmaq istəmirdi, lakin sonra belə dedi: "Gərək
biləsən ki, mənim gözlərimin nurunu almaqla sən
özünü kor qoydun və öz həyatını isə
məhv etdin". Bütün tarixi mənbələr
etiraf edir ki, oğlunun faciəsi, əslində, Nadirin
özünün şəxsi faciəsinə çevrildi, onun
həyatının fiaskosu oldu. Saray tarixçisi Mirzə
Mehdi xan Astarabadi şahın ölümündən bir
neçə il sonra öz keçmiş hökmdarı
haqqında yazırdı ki, hakimiyyətinin ilk illərində
Nadir şah ölkəni ədalət və qayğı ilə
idarə edir və buna görə ölkənin bütün əhalisi
onu qorumaq üçün canlarından keçməyə belə
hazır idi. Ancaq sonra o, "pisniyyətli
casusların, narazı məmurların təhriki ilə ən
yaxşı və sevimli oğlu Rzaqulunun gözlərini
çıxartdı. Tez və
axmaqcasına həyata keçirilən bu qəddar qərardan
sonra vicdan əzabı çəkən Nadir sanki
ağlını itirdi". Onun
bütün mənliyini sarsıdan bu faciə həm də həyat
və fəaliyyətinin dönüş nöqtəsi,
ömrünün son pərdəsinin başlanğıcı
oldu. Bundan sonra hərbi işlər, idarəçilik
və şəxsi güzəranında get-gedə daha
çox uğursuzluqlara düçar olan Nadir şah bu mənəvi
yükün ağırlığına dözə bilməyib
əvvəlki həyat eşqini, dinamizm və qətiyyətini
itirdi. Onun öz övladına
qarşı amansız hərəkətinin səbəbi isə
bəşər tarixində bütün taxt-tacları kölgə
kimi müşayiət edən saray əyanlarının
intriqaları, elit qruplaşmaların hakimiyyət və
var-dövlət uğrunda daxili çəkişmələri
və hökmdarla varisi arasında səpdikləri
etimadsızlıq toxumları oldu. Tədricən
Rzaqulunun təcrübəsizliyi və səbatsızlığından,
Nadirin isə təbiətində olan
çılğınlıqdan istifadə edən əyanlar
onların hər ikisini hörümçək kimi məharətlə
və səbirlə hördükləri tora salmağa müvəffəq
oldular. Atasına qarşı törədilən
sui-qəsddə Rzaqulunun birbaşa iştirakı və
günahı olmasa da, o, görünür, bu işdən
tamamilə xəbərsiz də deyildi. Lakin
Nadirin canına qıyıb onu aradan götürmək niyyətində
olan əyanların sui-qəsd cəhdi uğursuzluqla nəticələndikdə
bütün suçu Rzaqulunun üzərinə atmağı
bacardılar. Onsuz da oğlundan şübhələnən
və qəzəbindən məsələni sona qədər
araşdırmağa səbri yetməyən Nadir öz
varisinin gözlərinə mil çəkmək əmrini verməklə
həyatda öz böyük planlarının üzərindən
də xətt çəkmiş oldu.
Rzaqulunun kor edilməsi bir hökmdar ailəsinin daxili və
faciəvi bir epizodu kimi görünə bilər,
çünki Nadir tarixdə öz övladına qıyan
birinci və yeganə hökmdar deyildi. Xüsusilə
Səfəvi dövründə şahzadələrə
qarşı belə "cəza" üsulu geniş
yayılmışdı. Yenə də
M.F.Axundov "Aldanmış kəvakib" əsərində
bu qorxunc ənənəni kəskin şəkildə tənqid
edir. Dövlət əyanlarının Yusif Sərracdan
sonra taxta oturtmaq üçün namizəd axtardıqları
və Şah Abbasın harada gizləndiyini bilmədikləri
vaxt məlum olur ki, "Səfəviyyə şahzadələrinin
heç biri səltənətə şayistə deyil: tamam kəməndiş
və kordurlar. Bir parasını Şah
İsmayıl sani (ikinci - Ş.M.) kor edibdir, bir parasın
şah Abbas özü". Lakin Nadir
şahın varisinin gözlərinə mil çəkilməsi
hadisəsinə bütöv bir xalqın tarixi nöqteyi-nəzərindən
baxdıqda, onun mühüm rəmzi xarakter
daşıdığı görünür. Çünki yuxarıda da qeyd edildiyi kimi, Rzaqulunun
faciəsi Nadir şahın sonu və beləliklə, onun illərlə
böyük fədakarlıq və qurbanlar sayəsində
qurduğu dövlətin süqutu oldu. Bu
isə, nəticə etibarı ilə bütün ölkənin
yenidən parçalanması, ərazilərin itirilməsi,
daxili hərbi qarşıdurmaların və silahlı
toqquşmaların başlanması, şəhər və kəndlərin
xarabazarlığa çevrilməsi, insanların məhv
olması və öz ev-eşiklərindən məhrum
olmasına gətirib çıxaracaqdı. Bu hadisə Orta əsrlər tariximizdə mənsəbpərəstlik
və hərislik duyğuları ilə hərəkət edən
müxtəlif feodal qruplaşmalarının daxili çəkişmələri
nəticəsində dövlətçiliyin necə
çökməsinin klassik bir örnəyidir. Bu
baxımdan akademik R.Mehdiyevin xalqımızın tarixi taleyi ilə
bağlı söylədiyi fikir maraqlı və diqqətəlayiqdir:
"Dövlət maraqlarının mənsəbpərəstlik
və hərislik duyğuları ilə hərəkət edən
şəxslərin mənfəətlərindən daha
yuxarıda dayanmadığı hər bir tarixi mərhələdə
xalqımız bunun əvəzini müstəqilliyinin itirilməsi
ilə ödəmiş, məhv olmaq təhlükəsi ilə
üzbəüz qalmışdır. Müxtəlif
vaxtlarda ayrı-ayrı qüvvələrin şöhrətpərəstliyi,
vəzifə iddiası naminə yaratdıqları mənasız
çəkişmələrin nəticəsidir ki, Azərbaycan
öz tarixi torpaqlarının böyük bir qismini
itirmiş, qüdrətli dövlətçilik ənənələrinə
sarsıdıcı zərbə vurulmuşdur. İnanmaq istərdim ki, gələcək nəsillər
bu dərslərin mahiyyətini lazımi qaydada anlayacaq, ondan zəruri
nəticələr çıxarmağı bacaracaqlar".
Beləliklə, M.Aksvörtinin "Nadir şah"
monoqrafiyasının Azərbaycan dilində çap
olunmasının əsas qayəsi sadəcə Qərb şərqşünaslığının
uğurlu bir tədqiqatının Azərbaycan oxucusuna
çatdırılması ilə məhdudlaşmır. Bu nəşrin məqsədi
həm də Azərbaycan ictimaiyyətini öz tarixi və
öz gələcəyi haqqında ciddi düşünməyə
sövq etməkdən ibarətdir...
Şahin Mustafayev
Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.16-20.