Dünyanın Cavad mifi
- Azərbaycan modernizmi
"Qəddar günəş,
içimdə hər
gün
sənin kimi bir günəş doğmasaydı,
sən məni məhv
edərdin"
Uitmen
Cavad fırçasının
və düşüncələrinin
kvant gücü ilə keçmişə,
ilkə sıçradı. Sezanndan,
Van Qoqdan, Qogendən başqa aralıqdakı bütün səhifələr,
hətta renessans, hətta Antik Yunan səhifələri silindi. Tailand və Birma bütlərinin
monumentallığı (və
rəngarəngliyi), Tuva
balballarının fani
əzəməti, Acanta
və Tibet kahinlərinin
yaratdığı ikonalardan
yansıyan rəng qamması, eskimos
sənətinin ruhlar aləmi ilə irtibatı, şamanizm... hər şey, hər şey Cavadın təhtəlşüuruna
toxunub çilikləndi.
Cavad yaşadığı
zamandan tarixin ötəsinə çıxırdı. Burda isə
elm tamamlanır, ümid
təkcə təhtəlşüura,
yaxud şüurardına
qalırdı. Heç nə,
heç bir səbəb Cavadı Yerə, İndiyə cəzb edə bilmirdi. Onun rəssam fantaziyası işıq sürəti ilə keçmişə
- bu torpaqlarda yaşamış insanın
ilkin yaddaşına qanadlanırdı.
Çünki Cavad üçün
qanun - kvantlar idi.
Azərbaycan rəssamlığında modernizm
səhifəsi Cavadın
timsalında həm də yaddaş kodlarının - semiotik harmoniyanın bərpası
ilə başlayırdı. Cavad bizə
xalça və miniatür sənətimizdən
miras qalmış milli kainatımızın
kosmoqonik, paralel dünyaların isə mifoloji mənzərəsini
təqdim edirdi. Tablolarına
yüklədiyi hədsiz
simvolların bir-biri ilə mistik əlaqəsinə görə
onu Qogenin Taiti dövrü ilə müqayisə etmək olar. Nuhun, yaxud peyğəmbər-nəqqaş
Maninin, yaxud Xəzərlərin gəmisi...
Sivilizasiyalararası yaddaş köçü.
Afrikadan Pasxa adalarına kimi iri açılmış
daş və şüşə gözlər
Cavadın sənət
zövqünü və
fantaziyasını qidalandırır.
Özünün bəsirət gözü
isə uzaqlara - dünyaya və dünyalara zillənir.
Bu gözlərin optik çevrəsi Cavadı bütün iyirminciəsrlililərdən fərqləndirir
(bəlkə də çağdaşları arasında
onu ilahlaşdırır).
Cavad görüb-bildiyimiz
dağların deyil, varlığını
tarixdən öncə
yaşamış və
elə tarixin ötəsində də dağılıb getmiş
dağların əsl
formasını axtarır.
Həmin sıra dağları isə bu gün yuxusunda
(və dənizin ortasında) görsə də, o dağlar Cavada tanış
gəlirdi: "Bəlkə
də mən bunu indi yox,
əvvəlki həyatımda
görmüşəm". Paralel dünyada, yaxud metafizik bir aləmdə yaşayan öncəki Cavad bu dağları
bəlkə də milyon il
əvvəl görmüşdü.
İtirilmiş formaları bərpa
etməklə, yəni
"qayaların ruhunu,
vulkanların cizgilərini,
dağların nəhəng
formasındakı dinamaizmi"
göstərməklə o, nəyə nail olmaq istəyirdi? Cavad qızmar
Abşeron günəşinin
altında nə üçün Zərdüştün
fəlsəfəsindən izlər
axtarırdı? Öz spektrini
kəşf etmək üçünmü? Bəli, spektri
bəlirləmək, özünün
də etiraf etdiyi kimi, "aləmi hissiyyatla qavramaq, monumental və tam görmək" üçün
həm də Zərdüştün fəlsəfəsi
ondan ötrü ideal sənət qaynağı
idi. Və təkcə bu
da deyil. Cavadın rəssam təxəyyülündə islam təsəvvüfü
ilə fransız impressionizmi də qarğaşaya yol vermədən yanaşı
dayandı, bir-birinə
hopdu. O, post impressionist Sezannın
rəng sistemi ilə islam miniatür sənətindəki
"rənglərin sırasını
və intim ovqatını" da
özünün mifoloji ifadə tərzində birləşdirirdi.
Və təkcə bu da deyil. "Əcdadlarımızın bütün dünyada Meksika incəsənəti
kimi tanınan və öz əksini daş və rənglərdə tapan dünyabaxışlarını
və dünyaduyumlarını
Alyaska vasitəsilə
Amerika qitəsinə keçirdiklər"i sənətin
ruhu da Cavadın
diqqət mərkəzindəydi.
Cavadın rəsmlərindəki alov
dilimlərinin önündə
heyrətini gizlədə
bilməyən Oljas Süleymenov "Bütün
bunlara siz özünüz fiziki cəhətdən necə
dözürsünüz. Elə bil bu beş metrlik dinamikanın içində
hər şey od tutub yanır"
- demişdi. Sonra Çingiz Aytmatov "Mircavadın işləri mənimçün yeni bir kəşf oldu. Mən hələ bu
vaxta qədər rəssamlıqda bu qədər faciə və demonik bir şey görməmişəm"
- deyib onu bütün dünya üçün kəşf
etdi. 64 yaşlı
Cavadın ilk fərdi
sərgisi də ölümündən 5 il əvvəl Moskvada (və Çingiz Aytmatovun təşəbbüsü) ilə
açıldı. "Qızıl
dəvə" Aytmatovun
və "Somnambula"
(lunatik) tablosu isə Aytmatov vasitəsilə Qabriel Markesin iş otağının divarına
qondu. Sonra Artur Miller... Və Cavad dünyanın rəssamına çevrildi...
Markesə həsr etdiyi
"Somnambula" tablosundakı
rəmzlər vasitəsilə Markesin magik realizmi ilə Mircavadın elə eyni miqyasda
magik olan abstraksionizmi birləşir.
"Əcdadlarımızın Alyaska yarımadasına keçib, o yanda böyük mədəniyyətin
təməlini qoyduqlarına"
inanmalı olursan... İndi o mədəniyyət o tərəfdə
Markesin, bu yanda isə Cavadın təhtəlşüurunda
işıqlanıb sənətdə
yeni möcüzə yaradır. Cavad inandırır ki,
paralel dünya əslində vahid dünyadır. Beləcə,
ötən əsrin səksəninci illərində
ədəbiyyatımız dünya
ədəbiyyatı ilə
həmahəng olmasa da, sən demə,
Cavadın rəsmlərinin
timsalında təsviri
incəsənətimizin qəlbi
dünya ədəbiyyatı
ilə eyni qütbdə və eyni
Cavad haqqında
yazımı tamamlamaq
istəyirəm. Çünki onun barəsində
ən gözəl yazını elə Cavadın özü yazıb və bu yazını yazdıqca anladım ki, elə mən
də Cavadın yazdıqlarını təkrar
edirəm. Hətta epiqrafda
oxuduğunuz Uitmen misrası da Cavadın tapıntısıdır.
Özüylə söhbətində (əslində ölümqabağı
qələmə aldığı
gecikmiş manifestində)
Şeytanla söhbətini
xatırladır. Şeytan ona
inandırmağa çalışır
ki, Nəsiminin laməkan, "kövni məkana sığmayan"
insanı boş və mənasız söhbətdi. Cavadın
cavabı: "Bəs
Cordono Bruno? Bəs...
Van Qoq, Arto? Onlar öz odlarına
yanıb kül olublar..." Sonra Cavad Leonardo da Vinçinin sözlərini
xatırlamışdı: "Minilliklər keçəcək, haqqımızda
yaranan əfsanələrdən
başqa bizdən heç nə qalmayacaq". Özü də dərhal əlavə etmişdi:
"Qoy ruhunu şeytana satmış
Faust haqqında yox, Prometey haqqında əfsanələr yaşasın!". Cavad da bir Prometey idi. Odu mifoloji Olimplərdən qaçırıb öz bənzərsiz sənətinin
spektrinə əlavə
etmşdi.
Çingiz Aytmatov onu 1985-ci ildə kəşf etdi. Lakin artıq ölümün havası
- Cavadın
özünün də
dediyi kimi, "pəncərə arxasında
qulyabanı kimi soyuqdan üşüyən
külək ulamağa"
başlamışdı.
Cavad isə hər gün içində necə günəşlərin
doğduğunun fərqindəydi...
İndi 1985-ci ilin yanvarı deyil, 2018-ci ilin iyuludur. Rəsmləri öz vətənində
belə qəbul edilməyən infarkt və tənha sənətçi Cavad dövrü keçmişdə
qalıb.
Dünya isə artıq özünün Cavad mifi dövrünü
yaşamaqdadır...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.3.