Hekayə diskurs kimi:

Şərif Ağayar - “Cəfər əmimin yolları”

 

Hələ illər öncə Şərif Ağayarın "Haramı" romanı ilə bağlı yazdığım məqalədə qeyd etmişdim ki, "Ş.Ağayarın nəsrində müharibə insanının içindəki ağrını, daşıdığı həyat yükünü ifadə eləmək gücü var. Şərif müharibənin odunu-alovunu, yandırıb kül etdiyi arzuların insan içində doğurduğu fəsadlarını, atdığı şırımlarını göstərir. Vektorun oxunu "quşu uçan budaqlar"a yox, o quşların daldalandığı, məskən saldıqları yeni məkanların istiqamətinə tuşlayır". Şərifin sonradan ard-arda yazdığı roman və hekayələrində həmin qata vurğu bütöv xətlə keçir, mətnləri əsasən müharibə mövzusunun inikas və təcəssümündən sıralanır. Məsələ aktual problematikaya sadiqliklə ölçülmür əlbəttə, dediyim kimi, daha çox insan taleyi, insan ağrı-acısı, insan gerçəklərinin Şərifin mətnlərində bədii mənalandırma gücü kəsb etməsidir. Bizdə Qarabağ məsələsindən nəşət tapan faciəli talelər daha çox Şərifin mətnlərinə sığınıb davamlı şəkildə hekayətini anlatmadadır. V.Şklovskiyə görə proza həyat adiliklərinin təhkiyəsi, bədiiyyata gətirilməsidir. Bu mənada Şərif Ağayar həm bədii tipaj, həm də bədii əhval, psixoloji ovqat baxımından adiliklərin rəsmini cızır, kiçik isanların böyük faciələrini nəsrin hədəfində saxlayır.

"Hekayə diskursu" ilə bağlı Şərifin hekayələrini bir də nəzərdən keçirdim, mənzərənin yaratdığı ümumi təəssürat budur: ictimai-sosial problemlər Şərifin mətnlərindən nəinki aparıcı xətt olaraq keçir, bütünlükdə "müharibə insanı", "müharibə gerçəkliyi" və bundan doğan, zəmin alan hər tarixi kontekst müəllifin mətnlərində əsas problematika kimi yer alır. Bu sıradan müəllifin "Cəfər əmimin yolları" hekayəsi realist-psixoloji mündəricə və sosial problemlərə vurğusu baxımından müharibə acılarını daha bütöv təqdim edir.

Əgər desəm ki, Şərifin əksər mətnlərində "Kərpickəsən kişinin dastanı" əsərinin ovqatı, üslubu, nəfəsi, məğrur qəhrəman tipi (!) iştirak edir, yaradıcılığını əvvəldən izləyən həssas oxucu mətləbi göydə tutmalıdır. Bu hekayədə də tanış motiv və intonasiyalar özünü görükdürür: "Cəfər əmimin arvadı Mədinə bibim yüngülvari ayın-oyun, yatıb-duracaq və yeyəcək götürüb bizimlə bir maşında Hacı Süleymana gəlmişdi. Uşaqları da yanında... Köhnə yataq yerindəki uçuq-sökük daxmaları birtəhər abıra salıb içinə yığışmışdıq".

Bu, artıq "Kərpickəsən kişinin dastanı"ndan bizə tanış məkan və situasiyadır. Məkan demişkən, bura tozanaqlı düzəngahlardır. "Cəfər əmim qaçhaqaç vaxtı itkin düşmüşdü. Biz bu xəbəri Hacı Süleymanın tozanaqlı düzəngahlarına gəldiyimiz gündən təxminən bir ay sonra eşitdik". Sonradan bu məkana müəllifin "Gülüstan" romanında rast gələsiyik. Şərif nəsrimizdə məlum ikili məkan arifmetikası - kənd, yaxud şəhər nəsrinin bölgüsü üzərində qərarlaşmadı. Yeni bir yol tutdu. Səhradan, Haramı düzündən, Hacı Süleymanın tozanaqlı düzəngahlarından yazdı. Bu düzəngahlarda həyat, yaşamaq uğrunda mübarizə aparan insanları, müharibənin soldurduğu gülüstanları, parçalanan arzuları, arzulardan sonrakı şəhərin çəhrayı yuxularını yazıçı fəhmi ilə milli nəsrimizin hüdudlarına çıxara bildi.

Qəribədir, bu dəzəngahlarda qərarlaşan insanlar üçün ömür sanki o tayda qalır. Qoyub gəldikləri torpaqlarda. Həyat bitib onsuz da. Nə dəxli var, indən belə yaşayasan, ya yoxa çıxasan. Həyatı ruhən dəf edən qəhrəmanlar üçün ölüm o qədər də vahimə doğurmamalıdır, doğurmur da. "Cəfər əmimin yolları" məhz içində çoxdan bitib-tükənmiş insanların "son" problematikasını bədii təcəssüm predmetinə çevirir, üstəgəl başqa mətləbləri də içinə alır, onların natural təsvirlə psixoloji dərinlik ölçülərini bir araya, bir müstəviyə gətirməyə müvəffəq olur.

Hekayənin hadisə planı konkretdir: Hacı Süleymanın tozanaqlı düzəngahlarında qərarlaşan Cəfər kişinin mal-qarasını Yelli gədikdə qaçaqlar əllərindən alır. Bu, ailənin əsas güzəranının əlindən alınması deməkdir, əslində. Bir də kişilik qürurunun! Evdə gözləmədiyi reaksiya - arvadı Mədinənin sərt təpkisi ilə qarşılaşan Cəfər kişi mal-qaranın dalınca getmək adı ilə evdən çıxır və bir daha geri qayıtmır. Qardaşının axtarışına çıxan Ziyad iki aydan sonra Cəfərin kanalda boğulması xəbərini gətirsə də kimsə bu gerçəyi qəbullanmaq istəmir. Çünki bu iki ayda Cəfər şəhid adı ilə qələmə verilib ki, heç olmasa ailəsi hökumətdən müəyyən məbləğdə pul alıb qalan ömrü yaşamağa davam edə bilsin.

Belə... İlk baxışdan hekayənin ideya planı ironiya ilə yüklənmiş təsiri bağışlayır. Lap "Ölülər"dəki ölüləri diriltməyin mümkünsüzlüyü kimi...  Amma qətiyyən belə deyil. Hekayədə ironik modus yoxdur, əksinə bütün parametrlərində insan çarəsizliyinin dirənib qalmış reallığı, acısı, ağır duruma mübtəla insan həyatının amansız mənzərələri var. O kağız parçası ailəyə sadəcə ölməmək, yaşamaq üçün bir imkandır:

"Alpənah dayı: "Ziyad, sənin də zayın çıxdı eee... deyirəm! A kişi, biz burda icra nümayəndəsinə yalvar-yaxar eləyirik ki, Cəfoya şəhidlik kağızı alaq, sən də gəlib deyirsən, budu burda, burnumuzun ucunda kanala yıxılıb. Sən Allah, utanmırsan heç?"

Dədəmdən hənir gəlmirdi.

Alpənah dayı: "Saxlıyacaqsan Cəfonun uşaqlarını?! Bacım heç, bacımı apararam evimə, sən yiyə duracaqsan o altı yetimə? Biri də o cür xəstə, uzanılı qalıb. Allah canını da almır ki, dincələ!" - ağlamsındı - "Niyə danışmırsan, ay nadürüst? Utanıb-ölmürsən?!"

Bura "son"un başlanğıcıdır artıq.  Hekayənin süjet xətti çarəsizliyə dirənib qalmış ömürlərin dramını verir. İnsanların sonunu yetirən səbəblər nədir? Müharibə, onun fəsadları, özü ilə gətirdiyi problemlər... Hər iki səbəbin əsasında sosial çətinlik, ictimai-sosial naqislik dayanır. Cəfər əmi ona görə gedərgəlməzi seçir ki, arvadı Mədinənin ("Mədinə bibim daxmanın dəhlizinə çıxıb ötkəm səslə dedi: "Heyvansız qayıtma!". Cəfər əmim o gedən getdi".), altı baş külfətinin yanına əliboş qayıdıb üzüqara yaşamağın acısını sinirə bilməyəcək. Cəfərin ölüm səbəbini qəbullanmamağın əsasında da məhz, sosial çətinlik dayanır: "Dünyagörmüş adamsan, niyə başa düşmürsən ki, uşaqlara şəhidlik pensiyası lazımdı, sənin danışdığın nağıllar yox. Cəfo kanalda batdısa da getdi, düşmən gülləsinə tuş gəldisə də!" 

"Cəfər əmimin yolları" hekayəsində təhkiyə üçüncü şəxsin dilindən - Ziyad dədənin oğlunun nəzərlərindən aparılır. Şərifin nəsrində sözlərin psixoloji effekt yaratması obrazın gizlinlərinin, iç dünyalarının ifadə olunmasına yol açan mühüm cəhətdir. Obrazlar öz daxili intonasiyaları ilə daha çox səciyyələnirlər. Müəllifin adi insan həyatlarını ön plana gətirib ona bədii həll verməkdə qazandığı uğurun səbəbi də bununla əlaqədardır, zənnimcə. Problemi nüans səhihliyi ilə təsvir etmək, saldığı tipik situasiyada insan mahiyyətinin hər növ - məişət, sosial-ictimai, psixoloji səviyyədə  örtüksüz, boyasız, çılpaq tərəflərini üzə çıxarmaq, bədii düşüncə hədəfinə zəmanə işləklərini alıb ordan insan xislətinin intəhasız dərinlərinə yönəlmək Şərif nəsrinin əsas xüsusiyyətidir.

"Cəfər əmimin yolları" hekayəsindən keçən hər kəsin - Cəfər əmi, Mədinə bibi, Ziyad dədə, Alpənah dayının dialoqları onların psixoloji hissləri, ruhi çarpışmaları ilə qoşa verilir. Müəllif əsər boyu bizi iki intonasiya ladında saxlayır. Obrazların səssizliyinin belə yozumunu bilir oxucu. Məsələn, elə yuxarıdakı dialoqdakı bir cümlədəki kimi: "Dədəmdən hənir gəlmirdi"... Bu hənirsizlik, sükutun dili ilə müəllif daha çox nəsnə anlada bilir oxucuya. Belə intonasiya qütbləşməsində yolun hər iki üzü görünür: bir tərəfdə, Cəfərin ölüm səbəbi, o biri üzündə bu səbəbdən imtina etmək reallığı. Ziyad dədə deyilənlərlə barışmağa məcburdur, çünki reallıq qarşısında gücsüzdür, Alpənah demiş, "altı baş külfəti saxlamaq gücündə deyil", amma həm də ona agah olan gerçəkdən asanlıqla vaz keçə bilmir:

"Qəfil boynuna atılıb gücüm çatan qədər sıxdım:

"Ziyad dədə, bizi qoyub getmə!"

"Hara gedərəm ki, oğlum, adam heç balasını qoyub gedər?"

"Bəs Cəfər əmim niyə getdi?"

"Onu müharibədə öldürdülər, sağ olsa gələrdi, balalarını atmazdı."

"Yox, kanalda boğuldu."

"Elə demə, oğlum, sən də hamı kimi denən ki, müharibədə öldü."

"Bə sən niyə demirsən?"

"Mən doğru-dürüst bilmək istəyirəm ki, qardaşımın başına nə gəlib. Sən fikir vermə".

"Cəfər əmimin hekayəsi"ndə müəllif sosial fonu bir ailənin faciəsini yetirən əsas səbəb kimi qabarda bilir. Məsələn, o qədər ki, Cəfər əmi kimi zəhmətkeş, ailəsinə bağlı, həyat eşqi ilə dolu bir insan ("Mehriban, qılıqlı adam idi. Uşaqları başına yığıb elə şirin-şirin əhvalatlar danışırdı ki, adamın ağzı sulanırdı. Çoxlu şeir də bilirdi. Kefi lap durulanda oxuyur, stula döyüb bizi oynadır, bəzən özü də uzun qollarını yana açıb meydana girirdi. Onda biz balacalar burnumuzu qırışdırıb elə şirincə gülürdük ki, Mədinə bibim də xoşbəxt olur, evin bir küncündə durub bizim üçün əl çalırdı".) güzəran xəcilliyi ilə yaşamaqdansa ölümü tərcih edir. Yaxud Mədinə bibi əslində Cəfər kişinin ölümündən ağlını itirəcək dərəcədə sarsılır. Amma həm də qaynı Ziyad kişinin söylədiyi "özünü kanala atıb" kimi ölüm səbəbi ilə barışmaq istəmir, reallığı qəbul etmir. Niyə? Çünki bundan sonrakı aqibət onu qorxudur, bir ailənin yükünü çəkə bilmək reallığı daha güclü çıxır. Sosial-ictimai yaşam xofu qadının mənəvi sarsıntısının üstünü örtür sanki.

Hekayədə hadisələrin şəbəkəsinə uğurla bağlanan "istilik" amili var, ilk söhbət anından özünü büruzə verir: "Köhnə yataq yerindəki uçuq-sökük daxmaları birtəhər abıra salıb içinə yığışmışdıq. Bir azdan dəhşətli istilər başlayacaqdı"...

"İsti" sözü hekayə boyu assosiasiya verir, semantikləşir, hekayədəki müxtəlif  situasiyalarla əlaqədar məna vurğusu qazanır, Şərif tozlu düzəngahları, səhra istiliyini getdikcə azalan enerji, nəfəs tutulmasının əsas amili kimi təqdim edir mətndə. Vətənsizlik nəfəs kəsilməsi anlamında mənalanır. Cəfər əminin yoxa çıxdığı gündə də müəllif "istilik" məsələsini gətirir mətnə: "Səhər Hacı Süleyman torpaqlarında bir isti vardı ki, adamın bədənindən cızdıq qoxusu gəlirdi. O istinin, o bürkünün altında oba camaatı yardım üçün Qərargaha getməli idi. Cəfər əmim də maşının kuzasına qalxdı, dedi, Qarabağ kanalının yanındakı dayanacaqda düşəcək, yol maşınları ilə yoldaşlarının yanına qayıdacaq".

Fəridənin ölümünü tezləşdirən səbəb də "istilər" olur: "Ziyad dədəm qayıdıb gələndə Fəridə artıq yataqdan qalxmırdı. Üstü Ay-ulduzlu ambulansda arabir Hacı Süleyman torpaqlarına gələn yardım həkimlərinin dediyinə görə, istilərdə damarları genişlənmiş, qanın bədəndə hərəkəti daha da çətinləşmişdi".

Hekayədə belə anlam yaradan  detallar, mətnaltı fikirlər, informasiya yüklü ifadələr çoxdur. Qardaşının ölümü ilə bağlı düzənlənən yalana göz yummağa məcbur olan Ziyad dədənin ruhi-psixoloji sarsıntıları hekayədə dərin təcəssümünü tapa bilir. Şərif həqiqətin susdurulması, onun reallıq önündə çöküş məqamını əsl yazıçı məharəti ilə inikas etdirir: "Ziyad dədəm boğazını üç-dörd kərə arıtlayıb içinin dərinliklərində itmiş səsini axtardı. Amma, deyəsən tapa bilmədi. Bu məni yaman qorxudurdu. Üşənirdim. Mənə elə gəlirdi ki, Ziyad dədəm içində itmiş səsini bir daha tapa bilməyəcək və bundan sonra ömrü boyu danışmayacaq. Beləcə boğazını arıtlayıb udqunmaqla keçinəcək".

Hekayədə hər kəs qoruya bilmədiyi daha böyük gerçəyin acısını çəkir, əslində: Cəfər əmi qürurunun, Mədinə bibi xəstə qızının, Ziyad dədə içinin "həqiqəti"nin. Yekun olaraq itirilən və bütün faciələrin səbəbi sayılan yurd yerinin...

Bir də zavallı Fəridənin taleyi keçir hekayədən. Hər şeydən xəbərsiz, məsum, uşaq dünyasının rəngləri doğuluşdan əlindən alınmış Fəridə:  "Fəridə anadan ürək qüsuru ilə doğulmuşdu və dodaqları həmişə gömgöy, əlləri bumbuz olurdu. Böyüdükcə bu göyərti, bu soyuqluq daha da artırdı. Həkim deyirdi, bədəni iriləndikcə ürəyi qan çatdıra bilmir, ona görə vəziyyəti ağırlaşacaq". Bu motiv hekayəyə sıradan salınmayıb. Hadisələr artan, gərginləşən xətt üzrə inkişaf etdikcə Fəridənin xəstəliyi şiddətlənir. Son anına qədər gözlərini atasının şəklinə zilləyib onun qayıtmasını gözləyir, qayıdacağına inanır çünki. Onu ölüm yox, atasının varlığı düşündürür. Hekayədəki bütün çarpışmalar Fəridənin ölüm səhnəsində, onun yaşatdığı sarsıntılarda təcəssüm olunaraq xüsusi bədii effekt yaradır. Mətnin psixoloji dramatizmlə gedən axarı qızcığazın ölümü ilə sonuca varır. İnsan həqiqəti istəyirik! Bax, bu da bizə əsl insan həqiqəti...  O həqiqət ki, hamını bir məxrəcə cəm edib akkord sonluq yaradır:

"Mədinə bibim Ziyad dədəmi görən kimi Fəridəni onun üstünə atıb qışqırdı: "Qoyma balam ölsün, Ziyad! Cəfo gəlsə nə deyəcəm ona?! Necə deyəcəm ki, istəkli balanı qoruya bilmədim?!"

Bu haray-hıçqırıqların arasından Fəridənin son pıçıltısı eşidildi: "Atam gəlsin..."

"Gəlsin də, ay bala, qoymuram bəyəm?" - bunu da Ziyad dədəm dedi və Fəridənin cansız bədənini sinəsinə sıxıb çiyinlərini ata-ata ağladı".

"Cəfo gəlsə nə deyəcəm ona?!"... Əslində müharibə ilə bağlı bütün əsərlərdə Yol simvolikasına yer var. "Gedənlərin qayıtmağı"na ümid kimi. Amma bu yoldan dönüş varmı?! Sabir Əhmədlinin "Ömür urası" romanının sonluğunu xatırlayıram: "Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər".

Cəfər əmi də şəhiddir. Müharibənin qurbanı...

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.6-7.