Şair köynəyi
yaxud bir parça gil...
Olur!
Şairin köynəyi sözdü! Şair onu "geyinəndə"
köynək adama yaraşır, adam
köynəyə!
Şair
qardaşım Sərvaz Hüseynoğlunun da belə bir
köynəyi var: Şair köynəyi! İlhamı,
istedadı, qələmi alıb o köynəyi ona.
Yalnız özü geyinəndə hamının köynəyi
olur elə bil...
Adamlara soyunub verə bilər şair o köynəyi. Amma istəsələr
quşlara da verə bilər, daşlara da... bu bəxtiyar (eyni
zamanda bəxtsiz, talesiz) şair köynəyinin
ağrısını Sərvaz Hüseynoğlu hələ
illər öncəsi, 19-20 yaşında olarkən belə ilmələyib
yaddaşlara:
Sürünür
tinlərlə axşam kölgəsi,
Sürünür Dantesin çuxası kimi.
Günəş
qürub edir, qızarır hava
Şair köynəyinin yaxası kimi.
Güllə
nişan alıb, nizə teyləyib,
Geyib-sonulmaqdan kam almayıbdı.
Şair
köynəkləri macal eyləyib,
Bir qız əllərində yamanmayıbdı.
Şair
köynəyidir hər yeni söz də,
Hər
yeni nəğmə də şair köynəyi...
Hələ
isinməmiş bir xoş nəfəslə,
Dinər yaxasında güllə göynəyi.
... Baxanlar
baxıb görürlər ki, bu, adi köynək deyil... Şairin özüymüş,
sözüymüş. Ən böyük əsəriymiş
həyatının, ömrünün gününün əsas
mənasıymış! O köynəyi hamı geymək istəyir.
O köynəyi hamı geyəmmir!
Sərvaz
Hüseynoğlu ömür boyu "imkanımız arzumuzdan
balaca olduğu bir vaxt kəsiyində" həmişə bəxtindən
bircə şey arzulayıb: Xoşbəxtlik! Özü də
təkcə özü üçün yox, hamı
üçün! Ancaq o da bəxtinə üz tutub təəssüflə
Onda
ayıldım, qapımı
Haçansa
döyüb keçmisən...
- deməyindən də qalmayıb. Qulağı yenə də haçansa yenidən
döyülə biləcək qapıda qalıb. Təsəllisini
doğma balasına ünvanladığı misralarda tapıb
və əslində bu misralarla o, özünəməxsus
insanlıq kodlarını ələ vermiş olub:
Doğru-yalan,
yol ikili, yol haça,
İmkanımız arzumuzdan balaca.
Belə
keçdi bu ömür-gün, balacan,
Yaxın
otur, tanı məni, gör məni...
...Uman
yerdən ağrıdım mən, küsdüm mən,
Qəm sarıdan Məcnundan da üstünəm.
Hardan
soyuq-sazaq əssə üstünə,
Sən o
səmtdən divarına hör məni!
Sərvaz
doğrudan da məhz belə deyəcəkdi bu dəfə
öz bəxtinə! Görəcəkdi ki, düz edibdi onu
"içəri" çağırmaqda... Bəxtin
özünə bəxt lazımmış...
Sərvazın
ovcundakı gil özünə bəs etməsə
də, yarısını böyüb bəxtinə verəcəkdi
ki, özünə gəlsin (özünə bir gün
ağlasın). Və bəxtinin üşüdüyü səmtdən,
ona sazaq gəldiyi tərəfdən onun "divarına"
hörülməyə razı olacaqdı... Ağlına gəlməyəcəkdi
ki, xoşbəxtlik deyilən şey elə budu da!
Zənn
elə pərvanə yanıb kül olub,
Hələ
şölələnir şam şam yerində!
Müdrik
Konfutsi o şəxsləri kamil insan hesab edirdi ki, hansı
faydanı əldə edəcəklərini düşünmədən
nə qədər çətin olursa-olsun, xidmət etməyi
ön plana keçirirlər... Qələm
dostum Sərvaz Hüseynoğlunun zəngin və
çoxşaxəli yaradıcılığının
ümumi mənzərəsini göz önünə gətirəndə
istər-istəməz bu müdrik kəlamı
xatırlayıram. Başlıca səbəb,
uyarlıq isə, onunla bağlıdır ki, mənim
tanıdığım Sərvaz Hüseynoğlu ədəbiyyat
işinə, söz sənətinə ləyaqətlə xidmət
edib. Eyni zamanda fərqindəyəm ki, o,
poetik istedadı ilə elmi-publisistik qabiliyyəti bir-birini bənzərsiz
bir gəlişmə isə tamamlayan azsaylı qələm
adamlarındandır.
Özünün
yazdığı kimi, Sərvazın gözlərinin dərinliyində,
yaddaşının lap alt qatında "bir cıdır
meydanı, boş bir səhra var... Ora yollar getməz,
getməz, göz işləməz, könül yetməz".
Bax, o əlyetməzlikdən boylanıb yazır bu misraları
da:
Gülü-çiçəyi
tapdayıb
Namaza tələsən
adam...
Düşündüm,
cavab tapmadım
Sən
niyə beləsən, adam?
Qıvrılıb qında yatırmı?
Doğulmağa
can atırmı?
Tanrım,
gümanım çatırmı
Mən Səndən
diləsəm adam?
Sərvaz Hüseynoğlu canı xəyallarının
qanadlarında olan bir şair ömrü yaşayır. Bilir ki, aşıq olan,
şair olan usanmaz! Deyir ki:
Canım
xəyalımın qanadlarından,
Enməz,
torpaq olub çürüməyincə!
Belə şeyləri, belə həqiqətləri və
reallıqları bilməyinə baxmayın Sərvazın.
Sərvaz yaman "unutqandı".
Sərvaz özünü unutmuş adamdı.
Elə
ovcumdakı gili də!
İndi baxsan onun (bu bəni-adəmin yox, insan
oğlunun!) ovcunda gilmi taparsan? Olsa-olsa onu da bir başqasına-kimsəsizin
birinə vermiş olar!
Ona
çox dedim, özünü yada sal. Sərvazı
qınamıram! Atalar düz deyib: "Atıcı atar,
tayını tapar". Mən də elə
unutqanın biriyəm. Mən də elə
özünü unudanın biriyəm. Görünür,
xoşbəxtlik deyilən şey ovcumdakı bir parça gil baxmadan, tale məsələsiymiş,
alın yazısıymış.
...1969-cu
ildə bacılarımdan biri 10-cu sinfi bitirmək ərəfəsində
Bakıya gəlmişdi. onu Bakının
görkəmli yerləri ilə tanış etməyi qərara
aldım. AZİ-nin yanında qəfəsdə
bir bülbül gəzdirəni gördük. Qəfəsdə bülbüllə yanaşı
bükülü, balaca kağızlar da vardı.
Kağızların içində gələcəkdən
xəbər verən sözlər varmış. Bacım
üçün bülbülün dimdiyilə verdiyi
kağızda belə yazılmışdı ki, yaxınlarda
sevinəcəksən, dövlət kağızı alacaqsan
(Bu, düz çıxdı. Bacım ali
məktəbə imtahan verdi və qəbul oldu, qəbul
kağızı aldı).
Vay mənim
halıma! Bülbül mənə
çıxardığı kağızda nə
yazılmış olsa yaxşıydı? -
"Sən həmişə öz xoşbəxtliyinlə
üz-üzə gəlirsən və ondan yan keçirsən".
(Sonra zaman göstərdi ki, bu elə beləymiş!) Sərvazın
qələm dostu başqa nə cür olmalıydı ki?!
...Ona özünü unutma, deməkdən yoruldum. O,
özünü unutmaqdan yorulmadı! "Özünü
unutma" dedikcə daha da unudur özünü, unudur hər
şeyi... Hər şey deyəndə, nəyi
deyirəm, bilirsinizmi? Təzə şeirlər
yazmağı. Təzə kitablar çap
etdirməyi.
Ancaq ətini
də kəssən, unutmadığı (və unudulmaz!) nəsnələri
də ona unutdura bilməzsən! Məsələn,
Yaxşılığı! İnsanlığı! Vətənpərvərlik
hissini! Kövrəkliyi! Sevgini! İpək
yumşaqlığını!
Bir
ayağı Arandadı (İmişlidə), bir ayağı
"Bağda" (Bakıda) İstədiyi vaxtda, istədiyi
saatda Gəncədə, Qazaxda, Borçalıda da, Təbrizdə,
Türkiyədə də görünə bilər.
Əynində başqa paltar görə bilməzsən. Şair köynəyindən
başqa!
Sərvaz
Hüseynoğlu da o köynəyi mətə mindirən
şairlərdəndir, az yazır, amma
şair kimi yazır.
Ustadların qədir-qiymətini biləndi. Anardan da, İsa
Muğannadan da, Söhrab Tahirdən də, Nəriman Həsənzadədən
də, Elçindən də, İmamverdi Əbilovdan da, Məmməd
Arazdan da, Fikrət Qocadan da, Qəzənfər Paşayevdən
də, Sabir Rüstəmxanlıdan da, Qərib Mehdidən də,
Ənvər Əhməddən də... öz əzizi,
doğması (millətin əzizi, doğması kimi)
yazıb, söhbət açıb M.Araza, N.Həsənzadəyə
poemalar həsr edib.
Sərvazın
pərvanə duyğusallığı ilə yazıb
çap etdirdiyi "Məşədi Məmməd Fərzəliyev",
"Keçəçi oğlu Məhəmməd",
"Ülvi Rəcəb", "Sidqi Ruhulla",
"Möhsün Sənani", "Şəkili Ələsgər",
"Segah İslam" kitablarını, neçə-neçə
şeir toplularını oxumaq sənətlə
baş-başa bir ömür, bir dünya yaşamaq məqamıdır.
Fədakardır mənim dostum! Təkcə şair köynəyi
geydiyinə görə yox, həm də ədəbiyyatımız
üçün uzun illərdir sərf etdiyi böyük əməyinə
görə!
İşlədiyi "Ədəbiyyat qəzeti"ndə
şöbə müdiri kimi ləyaqətlə
çalışanlardan biri olduğuna görə. Yazıçılar
Birliyinin Aran bölməsindəki rəhbərliyinə,
ziyalılığına görə! Həm gözəl
redaktor, şair, həm də gözəl ada olduğuna
görə!
Ac qalar, təki
şair köynəyində olsun! Ölər - (Allah eləməsin!)
şair köynəyi yaşasın, deyə!
Xoşbəxtliyi axtarmaş, ovcunda öz "Gil
payı" olmasına baxmayaraq. Heç gözünün ucu ilə
də dönüb baxmaz bircə dəfə, ovcuna bu adam. Qələminə göz olar, sözünə
baxar, şair köynəyinə baxar gözləri! İstər
ki, həmişə nəyi olmasa da şair köynəyi
olsun! Bir də qana bələnməsin, qanı qana qərq
etsin o köynək!.. Onda...
onda bəşər axır ki, xoşbəxt olar. Onda hər
insanın ovcundakı gil ömründə
ilk dəfə glümsəyər?!
...Vaqif Bəhmənlinin
60 yaşına həsr olunmuş yubileyə televiziyada
baxdıqdan sonra zəng edib onu təbrik etdim. Bir çox
sevinc dolu fikirlər qarşılıqlı olaraq, telefon
söhbətimizdə yer alsa da, şairin bir nagahani fikri məni
bərk silkələdi:
- Sizinlə
genişlənirik!
Telefon söhbəti başa çatdı. Ancaq
gördüm ki, ürəyimdə deyilməmiş bir söz
qalıbmış. Gərək mən də ona deyəymişəm:
- Sizinlə
böyüyürük!
Sərvaz Hüseynoğlunun özü və sözü
haqqında düşünəndə hər iki fikir yenidən
yadıma düşdü. Gördüm ki, Sərvaz Hüseynoğluya da
çox yaraşır həmin sözlər:
- Sizinlə
genişlənirik. Sizinlə
böyüyürük.
Altay
mifologiyasına görə, insan müdriklik kitabı
"Hom"un gücüylə
yaradılıb, yəni, əslində insan kitabdan xəlq
olunub?!
Bəlkə insanlar (şairlər, yazıçılar,
alimlər, ziyalılar) ona görə kitab yazmağa başlayırlarmış
ki, ilk yaradılışlarına qayıtsınlar, xəlq
olunduqları ilkinliyə (kitaba!) oxşasınlar?!
Yəqin
ki, şair Sərvaz Hüseynoğlu da öz kitablarını
bu məqsədlə araya-ərsəyə gətirir...
...Səhərdən
bəri insan ovcundakı bir parça gildən-xoşbəxtlik
iksirindən danışıram.
Sərvaz Hüseynğlunun "Şairlərin ən
gözəli" adlı şeirlər kitabındakı
"Xoşbəxtlik" şeirini bir daha oxuyuram və
baxıram ki, buş air xoşbəxtliyin nə olduğunu
bilirmiş.
Öz taleyini (xoşbəxtliyini) çoxdan unudubmuş və
çoxdan tapıbmış!
Ona görə də yazırmış (yaza
bilirmiş!).
Məleykə
oluram yuxularda mən,
Dostum, bu yuxunun tarixi qədim.
Olur ki,
Tanrıyla dil tapıb hərdən
Enirəm çiyninə Məlikməmmədin.
Çəkib
qanadımın bir lələyini,
Yetim Fatmalara tale yazıram.
Qəriblər,
yandırın bir lələyimi,
Sizin
yanınızda vallah, hazıram!
Bir lələk
sal deyib çağırır məni
Təbrizin tarixə şahid yolları.
Barmağı
tutmur ki, lələklərimi,
Yandıra
Babəkin şəhid qolları!
Məleykə
donunda özüm-özümə
Baxıb görürəm ki, susuzam, acam.
Hanı,
bir pak ağac dəymir gözümə
İlahi,
yorulsam hara qonacam...
...Bu
yazıyla qələm dostuma demək istərdim ki, soyunma
köynəyini.
Bu köynək sənə daha yaxşı yaraşır.
Ona bir daha xatırlatdıq ki, şair olduğunu heç vaxt unutma (özünə də, oxuculara da yağızın gəlsin).
Ona bir də öz sözləri ilə onu dedik ki:
Əfəndim,
gözəl bir gün yaşadıq,
"İçdik" və xatırladıq.
Uzaqlara dikildiyindən
üzləşmədi baxışlarımız...
Barat Vüsal
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.8.