Güney Azərbaycan nəsri
Antologiya
Azərbaycan
müstəqillik əldə etdikdən sonra keçilməz sədlər
aradan qaldırıldı. Bu gün Güneydə gedən ədəbi
prosesi yaxından izləmək imkanı yarandı. Bu mənada
2017-ci ildə "Nurlar" nəşriyyatında çapdan
çıxmış "Güney Azərbaycan nəsri"
(Antologiya) kitabı son dövr Güney Azərbaycan ədəbi
prosesi ilə yaxından tanış olmaq baxımından maraq
doğurur. Kitabı tərtib edənlər, nəşrə
hazırlayanlar, redaktoru və ön sözün müəllifləri
professor Vaqif Sultanlı və filologiya elmləri doktoru İrəc
İsmayıldır. Tərtibçilərin də qeyd etdikləri
kimi, "Kitabın nəşri parçalanmış Vətənin
diqqətdən kənarda qalan zəngin ədəbi irsinin
sistemli şəkildə tanıdılması, bütöv Azərbaycan
bədii nəsrinin canlı mənzərəsinin
yaradılması məramına söykənir. Təbii ki, bir
antologiyada bütövlükdə Güney Azərbaycan nəsrinin
əhatəli şəkildə təqdim olunması imkan
xaricindədir. Baxmayaraq ki, Güney Azərbaycan bədii nəsri
poeziyadan xeyli cavan olsa da, özünə görə kökləri
və tarixi ənənələri vardır. Təbrizli
Əbdürrəhim Talıbovun, Marağalı Hacı
Zeynalabdinin, Məmmədəli Manafzadə Sabitin XIX əsrin
sonları və XX əsrin əvvəllərində
yaratdıqları romanlar, hekayələr, Seyid Cəfər
Pişəvərinin felyetonları, irihəcmli "Zindan xatirələri"
və s. əsərlər sonrakı dövrdə yaranan nəsr
əsərlərinin sələfi olmuş, onun
üçün ləyaqətli nümunə rolunu
oynamışdır. Mirzə Əbdürrəhim Talıbov əsərlərində
elmi maarifçiliyi, Avropa inkişaf tərzinin rasional şəkildə
Şərq həyatına tətbiqini ön plana çəkirdisə,
Hacı Zeynalabdin Marağayi də məşrutəçilik,
spesifik İran parlamentarizmi, elmi inkişaf və ehtiraslı vətənpərvərlik
ideyalarını irəli sürürdü. Həmçinin,
Məmmədəli Manafzadə hekayələrində qürbətdə
əzab çəkən həmvətənlərini bəlalardan
qurtarmağa çağırır, S.C.Pişəvəri isə
yazılarında Güney Azərbaycanın istiqlalına, millətin
dil azadlığına, ictimai ədalətsizliklərə
qarşı mübarizəyə səsləyirdi. Bu ideyalar,
çağırışlar özündən sonrakı bədii
nəsrin ideya istiqamətini formalaşdırdığı
kimi, onun növlərini, janrlarını və
inkişafını təyin etməkdə də müstəsna
əhəmiyyətə malik oldu. "Güney Azərbaycan nəsri"
antologiyasında da yuxarıda göstərdiyimiz xüsusiyyətlər
- sələf-xələf münasibəti bir daha təsdiqlənir.
Təsadüfi deyildir ki, tərtibçilər antologiyanı
"başlanğıc"dan bu günə qədər
prinsipi əsasında toplamağa çalışıblar.
Şübhəsiz ki, topluya bütün nəsr nümunələri
deyil, bədii nəsr örnəklərindən seçmələr
daxil edilmişdir. Antologiyaya Güney Azərbaycan nəsrinin
tanınmış və görkəmli simaları ilə
yanaşı, gənc yazıçıların
yaradıcılığından da örnəklər
salınmışdır. Antologiyanın diqqəti cəlb edən
ümdə xüsusiyyətlərindən biri də budur ki,
antologiya müəllifləri hər bir nasirin
yaradıcılığından müəyyən nümunələri
kitaba salmaqla, hər bir nasir haqqında da tərcümeyi-hal
xarakterli lakonik məlumat verməyə
çalışmışlar. Bu isə Quzey Azərbaycanda
Güney nəsri haqqında, xüsusilə də geniş
oxucu kütləsinin informasiya almasına xidmət edir. 569 səhifəlik
antologiya Zeynalabdin Marağayidən başlayaraq hal-hazırda
magistratura tələbəsi olan İlqar Müəzzinzadəyə
qədər olan böyük bir dövrü əhatə edir.
Təbii ki, bu qədər böyük bir ədəbi
dövrün nasirlərinin əsərlərinin
hamısını bir antologiyaya toplamağın
qeyri-mümkün olduğunu dərk edən müəlliflər
daha münasib bildikləri nasirləri və onların
yaradıcılıqlarında olan bəzi bədii nümunələri
oxuculura təqdim etməyə çalışmışlar.
Yeri gəlmişkən qeyd edək ki, Güney Azərbaycan nəsri
müxtəlif ədəbi məktəblərlə zəngindir.
Bu ədəbi məktəblər içərisində Təbriz,
Ərdəbil və Zəncan ədəbi məktəbi zənginliyi,
müxtəlif ədəbi çalarları ilə
seçilir. Oxuculara təqdim olunmuş "Güney Azərbaycan
nəsri" antologiyasında təqdim olunmuş nasirlərin
sırasında Təbriz və Ərdəbil ədəbi məktəbinin
nümayəndələri üstünlük təşkil
edir. Təqdim edilmiş bədii nümunələrdən bir
daha aydın olur ki, Güney Azərbaycanın tarixi, yəni
müxtəlif dönüm məqamları onun tarixinə sirayət
etdiyi kimi, ədəbiyyatına da təsirsiz
qalmamışdır. Hadisələrin dinamik inkişafı, cəmiyyətdə
baş verən müxtəlif proses və hadisələr ədəbiyyata
da öz təsirini göstərir. Bu təsir yalnız bədii
nəsr nümunələrinin məna və məzmununda deyil,
estetik yanaşmada da hiss edilir. Aydın məsələdir ki,
yuxarıda adlarını çəkdiyimiz tanınmış
simalarla dünyanın, qloballaşma dövrünün
yazarları arasında həyata, hadisələrə
münasibət müxtəlif olduğu kimi, nəsrdə
onların bədii əksi və təsvirində də
köklü fərqlər özünü göstərir. Məlumdur
ki, sovet dönəmində (Şimalda), şahlıq rejimində
(Cənubda) sosial-siyasi və etiraz ruhlu əsərlər
yarandı. Ancaq bunlar əsərlərin alt qatında daha
çox ifadə edilirdi. 80-ci illərin sonunda Milli Azadlıq hərəkatının
başlanması ilə əlaqədar olaraq sanki, ədəbiyyatda
da bir canlanma, yeniləşmə, fikilərin
açıq-aşkar deyilməsi prosesi başlandı. Tədricən
dünyanı bürüyən qloballaşma, texnologiyanın
inkişafı ilə əlaqədar olaraq ölkələrdə
baş verən müxtəlif lokal müharibələrin təzyiq
və ağrılarına dözə bilməyən insanın
buna üsyanı, insanlığa qarşı bütün
olanlara etirazı başlanır ki, bu da ədəbiyyatda -
poeziyada və nəsrdə postmodernist düşüncənin
yaranmasına gətirib çıxarır. Məsələn,
Güney Azərbaycanın tanınmış nasiri Nazir Mənzurinin
"Qaraçuxa", "Son nağıl, son əfsanə"
romanlarında olduğu kimi. Qeyd edək ki, antologiyaya
yazıçının "Qaraçuxa" romanı
salınıb. Ümumiyyətlə, ingilis, fransız və
fars dillərini mükəmməl bilən Nazir Mənzurinin
türkcə əsərlərindən əlavə onun
"Çahar bode zəbani" adlı kitabı da son illərin
məhsuludur. Mənən və ruhən xalqına çox
bağlı olan bir şəxsiyyətdir. Mənzuri yazır
ki, "Mənim yazdığım əsərlərin
mövzusu xalqımızın həyatı ilə
bağlı olduğu kimi, həm də mənə
uşaqlıqdan tanış olduğum və bildiyim məsələlərdir".
Onu da qeyd edək ki, onu bir çox əsərlərində
düşündürən mifik düşüncədir. Elə
buna görə də əsərlərində, xüsusilə
"Qaraçuxa" romanında maraqlı məsələlərə
toxunur. Heyvanların sürgününü, maralların insan
ağlına baş əymədən əhliləşə
bilmədiklərini, ilanların ağır-əzablı
yollarla sürgünə getmələrini, hər il
sürgündən keçdikləri yollarda nə qədər
ilanların əzab-əziyyətə dözməyərək
yollarda qalaraq tələf olduqlarını gündəmə gətirməklə
çağdaş dövrümüzün problemlərini
gündəmə gətirməyi bacarır. Mənzuri o
yazıçılardandır ki, demək olar ki, əsərlərinin
bir çoxunda və ya digər dərəcədə
toxunduğu bir məsələ var. Bu da insan üçün
qan yaddaşının əsas olduğu, onun çox zaman
ölmədiyi problemidir. Bu yazıçıya görə
düşüncənin dörd yolu var. Ayin-mifik
düşüncə, elmi düşüncə, dini
düşüncə və xürafi düşüncə.
Demək olar ki, bütün
yaradıcılığının əsasında bu
düşüncə durur.
Antologiyaya
salınan "Qaraçuxa" romanı da dediklərimizi
özündə ehtiva edən əsərlərdəndir.
Yuxarıda
qeyd etdiyimiz kimi antologiyaya klassiklərlə bərabər nisbətən
sonrakı illərdə yazıb-yaradan və məşhur olan
Pənahi Makuli, Həbib Sahir, Gəncəli Səbahi, S.Behrəngi,
Q.Sayedi, Qulamrza Səbri Təbrizi, Əli Daşqın, Rza Bəraheni,
Mərziyə Üskuyi, Əziz Səlami və digər
artıq tanınan və ədəbiyyatda öz sözlərini
demiş sənətkarların da yer alması diqqətəlayiqdir.
Bunların sırasında yalnız Azərbaycanda və
İranda deyil, həmçinin, Avropada da kifayət qədər
tanınan, əsərləri əsasında ssenariləşdirilib
filmlər çəkilən Qulam Hüseyn Sayedinin də
"Fəqir" və "Sonsuz səfər" adlı
hekayələri antologiyada yer alıb. Əslən psixiator olan
Sayedi dünyada tanınmış dramaturq, nasir, alim, həkim
kimi mürəkkəb yaradıcılıq yolu keçmiş
Gövhər Murad təxəllüsü ilə
tanınmışdır. Təsadüfi deyildir ki, 1960-cı
illər onun yaradıcılığının ən məhsuldar
dövrü kimi ədəbiyyat tarixinə düşür.
Sayedi bu illərdə "İntizar", "Gəlin",
"Dünyanın ən gözəl atası", "Vərəzil
kəndinin əli çomaqlıları", "Ev
görüşü" və s. pyeslərini,
"Ünvansız vahimələr", "Qorxu", "Qəbir
və beşik", "Təntənəli gecə",
"Bəyəldə yas" əsərlərini,
"Top", "İlxıçı", "Xiyar",
"Hava əhli" monoqrafiyalarını və bunlardan
başqa 17 romanını yazır. Bernard Şounun
"Piqmaliyon", Eliya Kazanın "Amerika, Amerika", Artort
Cerslidenin "Özünüdərk" əsərlərini
tərcümə edir. Göründüyü kimi, Q.Sayedi,
yalnız Azərbaycan, İran daxilində deyil, sərhədləri
aşıb dünya miqyasına çıxan, Avropa və
Amerikanın qabaqcıl yazıçıları ilə rəqabət
apara bilən bir sənətkar olmuşdur. Əfsuslar olsun ki,
yaradıcılığı fars dilində olan sənətkar
öz vətənində lazımı qədər
tanınmamış və məşhurlaşmamışdır.
Bundan fərqli olaraq bu böyük yazıçı Rusiya və
Avropada daha çox tanınmış, qismən rus və
Avropa dillərinə əsərləri tərcümə
olunmuşdur. Rusiyada Vera Borisovna Klyaştorina adlı bir ədəbiyyatşünas
Q.Sayedinin yaradıcılığı haqqında tədqiqat
xarakterli bir neçə məqalə də
yazmışdır. Dəfələrlə həbs olunmuş,
ağır işgəncələrə məruz
qalmışdır. İran İslam inqilabının qələbəsindən
sonra müxalif mövqe tutan yazıçı 1982-ci ildə
ölkəni tərk edərək Fransaya mühacirət
etmişdir. Fransada mühacirətdə olarkən bir neçə
ssenarilərini yazmış, "Əlifba" jurnalının
nəşrini davam etdirmiş, bədii əsərlərini
yazmaqda davam etmişdir. Ümumiyyətlə, Güney Azərbaycan
ədəbiyyatında magik realizm üslubunda yazan nasir və
dramaturq kimi tanınmışdır. Ana dilində
"Qurdlar" adlı bir pyesi var. Fransada vəfat etmiş və
orada dəfn olunmuşdur. Düşünürük ki, bu qədər
zəngin yaradıcılığa malik şərəfli və
keşməkeşli həyat yaşayan bu böyük sənətkarın
Quzey Azərbaycan oxucularına (tərcümə ilə olsa
da) tanıtdırılması çox vacib və şərəfli bir
işdir.
Müasir
Güney Azərbaycan nəsrinin görkəmli nümayəndəsi,
həyatı təlatüm və keşməkeşlərlə
dolu olan, ömrünün əsas illərini millətin maariflənməsinə
həsr etmiş Səməd Behrənginin "Balaca Qara
balıq" və "Adət" hekayələri də
antologiyaya daxil edilmişdir. Çünki onun "Qalaca Qara
balıq" hekayəsi aşıladığı
ideyaları, təlqinedici fikirləri, səfərbəredici məzmunu
ilə Güney ədəbiyyatında seçilir. Maraqlı məzmunu
və süjet xətti, cəsarətli ideyaları, rəmzi
çağırışları və yüksək
poetikası ilə məşhur olan bu əsər Cənub nəsrinə
böyük şöhrət gətirmişdir. Mühitin
şaha "ləbbeyk" dediyi, mədhiyyəçiliyin, təriflərin
qəzet, jurnal, kitab səhifələrindən göyə
sütunlandığı bir zamanda belə aktual bir mövzuda
kəskin ruhlu mübariz bir əsər yazmaq və çap
etdirmək həm böyük istedad, həm də sonsuz cəsarət
istəyirdi. S.Behrənginin 1969-cu ildə İtaliyanın
Baloniya şəhərində keçirilən uşaq
kitabları müsabiqəsində birinci yer tutub qızıl
medal alan, italyan, türk, fransız, ingilis, rus dillərində
çap edilən "Balaca Qara balıq" əsəri
öz şöhrəti ilə Güney Azərbaycan nəsrinin
səviyyəsini və yeni inkişaf mərhələsindəki
mövqeyini göstərir. Bu cür kəskin əsərlər
yazmasının nəticəsi idi ki, 23 yaşında Araz
çayında müəmmalı şəkildə
boğuldu. Maraqlı və bizi razı salan məsələlərdən
biri də Güney Azərbaycan qadın yazarlarının da
antologiyada yer almasıdır. Xüsusilə, əsərlərinin
dərin sosial məzmunu, sərt realizmi ilə seçilən,
yaşadığı az zaman müddətində İran
şahlıq rejiminə qarşı mübarizə aparan, 27
yaşında rejim tərəfindən qətlə yetirilən
Mərziyə Üşkuyinin, daha çox şair kimi
tanınsa da, kiçikhəcmli hekayə və miniatürlərlə
tanınan, 2010-cu ildə Türkiyəyə mühacirət edən
Məlihə Əzizpurun, əsərlərini həm türkcə,
həm də farsca yazan, mifik qaynaqlardan bəhrələnərək
psixoloji detallara daha çox üstünlük verən Ruqiyyə
Kəbirinin, Ulduz Sadiqin, bir neçə nəsr
kitablarının müəllifi olan Fəranək Fəridin,
ana dilində təhsil almaq üçün vətənin
Güneyindən Quzeyinə gələrək Bakı Dövlət
Universitetinin filologiya fakülttəsində təhsil alan, vətəndə
hekayə, şeir və miniatürlərilə tanınan, əsərlərində
daha çox şərti-metaforik üsluba yer verən Ruqiyyə
Səfərinin ədəbi-bədii əsərlərini
çox vaxt "Zöhrə" və "Mütalib"
imzalarıyla nəşr etdirən Zöhrə Vəfainin də
antologiyada yer almaları Güney Azərbaycan nəsrinin
uğuru olduğu kimi, antologiyanın da zənginliyinə zəmin
yaradır.
Kitabın bütün müsbət xarakterli cəhətlərini qeyd etməklə yanaşı arzu xarakterli kiçik bir istəyimiz də var. N.Mənzurinin "Qaraçuxa" romanından bir parça kitaba daxil edilib. Yada salmaq istərdik ki, həmin romanı (həcmi o qədər də böyük deyil) tam şəkildə 2003-cü ildə "Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı" kitabına biz daxil etmişik. Düşünürük ki, əsərləri tərtib edərkən onun dilinin, yəni Güneyin özünəməxsusluğunu əks etdirən dialekt və şivəsinin ədəbi dilimizə uyğunlaşdırmağın o qədər də tərəfdarı deyilik. Bu, hər şeydən öncə Quzeyin oxucularına Güneyin dialekt və ləhcəsi haqqında məlumatlı olmağa xidmət edər. Dialektoloqlarımız isə bu barədə çalışmalar əldə edə bilər. Böyük zəhmətin qarşısında bunlar cüzi qüsurlardır (əgər buna qüsur demək mümkünsə).
Antologiyanı
parçalanmış vətənin diqqətdən kənarda
qalan, zəngin olduğu qədər də maraqlı olan ədəbi
irsinin öyrənilməsi, təbliğ edilməsi, tədqiqatlar
aparılması yolunda atılmış müsbət addım
kimi qiymətləndirir, tərtibçilərə uğurlar
arzulayırıq.
Almaz Əliqızı
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.10.