Azərbaycan romanı müasirlik aynasında

 

Əhməd Sami Elaydi. "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və

sənətkarlıq məsələləri" (1991-2005". Bakı. "Nurlar" nəşriyyatı, 2017)

 

Sevindiricidir ki, Azərbaycan romanı haqqında xarici müəllifin belə bir monoqrafiyası işıq üzü görüb. Monoqrafiya nə zamandır ölkəmizdə çalışan, ölkəmizin dostu, bizə yaxın və doğma olan, hazırda Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin Bakı Dövlət Universitetində uzun illər apardığı tədqiqatın əsasında ərsəyə gəlmişdir. Bu bizim üçün hadisədir, uğurdur, xoş və mühüm bir addımdır. Ən azı ona görə ki, monoqrafiya ərəb dilində də işıq üzü görərsə, Əhməd Saminin sözləri ilə desək, bütün ərəb dünyasında müasir Azərbaycan romanına maraq oyadacaq; burdan isə çağdaş dünya kontekstinə bircə addımdır. Necə ki, buna qədər də Əhməd Sami Elaydi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı bir sıra əsərləri, o cümlədən "Müasir Azərbaycan nəsri" antologiyasını ərəb dilinə çevirərək Misirdə nəşr etdirmişdir.

Ümumən, haqqındakı qısa bioqrafik məlumatdan belə görünür ki, 1979-cu ildə Qahirədə dünyaya göz açmış, 2006-cı ildə Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk bölümünü bitirmiş və "Qaçaq Nəbi dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişmələri" mövzusunda magistr işi müdafiə etmiş bu gənc alim, mədəniyyətşünas, diplomat hazırkı missiyasını ərəb və türk (konkret halda Azərbaycan) dünyaları arasında mədəni körpü rolunu oynamaqda görür.  Dünyaca məşhur Nobel mükafatı laureatı Nəcib Məhfuzun "Liderin qətl günü" romanını Azərbaycan dilinə çevirməsi, Misir Mədəniyyət Mərkəzinin həyata keçirdiyi çoxsaylı tədbirlərlə yanaşı, müasir Azərbaycan romanına həsr etdiyi  monoqrafiyasını da həmin qəbildən olan işlərdən saymaq olar.

"Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991-2005)" adlı tədqiqat Misir aliminin, qeyd olunduğu kimi, Azərbaycanda hasilə gətirdiyi, Azərbaycan romanına, üstəlik janrın müstəqillik dövründə gəlişməsinə həsr etdiyi aktual bir işdir. Və əslində, bu növ sanki "kənar baxışla" qələmə alınan əsərlərdən adətən mövzuya fərqli bir müstəvidən nəzər, münasibət gözləyirik. Görən, bizim daim içərisində olub izlədiyimiz, qeydə və yazıya aldığımız ədəbi-bədii prosesdə başqa, fərqində olmadığımız daha hansısa məqamlar, mövzu-məna-rakurslar, roman mənzərələri də varmı? Ki, özgə, "yad", məhz kənar müdaxilədən dərhal görünür, diqqəti çəkir, araşdırma istəyir? Doğrusu, belə bir "yadlığı" monoqrafiyadan mən görmədim, duymadım; əksinə, "müstəqillik dövrünün Azərbaycan romanı"nı Əhməd Sami Elaydi elə bizim kimi, elə yaxın distansiyadan izləyir və təqdim edir ki, sanki monoqrafiya Azərbaycan ədəbiyyatşünası tərəfindən qələmə alınmışdır.

Əhməd Sami Elaydi nəinki Azərbaycan romanının bugününə bələddir; eyni zamanda monoqrafiyada milli romanın keçdiyi tarixi yola ani nəzər salır, "əsrin birinci yarısında", "XX əsrin altmışıncı illərində", "yetmiş-səksəninci illərdə yaranan" romanları da fərqləndirə bilir və ən nəhayət, "Azərbaycan romanının inkişafında yeni bir mərhələ" hesab etdiyi "müstəqillik dövrü"nün üzərində dayanır. Müstəqillik dövrü romanlarını öz tarixinə bağlayan və hardasa ondan ayıran parametrlərə diqqət yetirir, geniş fakt mənzərəsində və seçim etdiyi ayrı-ayrı nümunələr əsasında ayırdığı cəhətləri şərh edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır.

Monoqrafiyanın tədqiqat obyektinə, demək olar ki, 1991-2005-ci illərdə yaranmış bütün Azərbaycan romanları daxil olmuşdur: İsmayıl Şıxlının, Əzizə Cəfərzadənin, Anarın, Sabir Əhmədlinin, Çingiz Hüseynovun, İsa Hüseynovun (Muğannanın), Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Seyran Səxavətin, Afaq Məsudun, Vaqif Sultanlının, Kamal Abdullanın, Ağarəhim Rəhimovun, Hüseynbala Mirələmovun, Elçin Mehrəliyevin, Elçin Hüseynbəylinin bu illərdə yazdığı romanlar bir az az, bir az çox təhlilə cəlb olunmuşdur. Doğrudur, bu qayda ilə yanaşsaq, hardasa gileylik də etmək olar; məsələn, Vidadi Babanlının, İsi Məlikzadənin, Vaqif Nəsibin, Maqsud İbrahimbəyovun, Yusif Səmədoğlunun, Nəriman Əbdülrəhmanlının, Əlabbasın, Həmid Herisçinin və b.-nın adı bu siyahıda yoxdur. Amma bu ümumilikdə mənzərənin tamlığını pozmur. Əksinə, nəzərə alsaq ki, ədəbi-tənqidi fikirdə: 1990-cı illər, 2000-ci illərin əvvəlləri ədəbiyyatımızda heç də roman janrının qabarıqlığı ilə xarakterizə olunmur, hətta bu əsnada az qala janrın "yoxluğu"ndan danışılır; monoqrafiya buna alternativ əməlli-başlı roman mənzərəsi yarada bilir.   

Əhməd Sami mövcud tənqidi fikrə rəğmən, nəinki göstərilən dövrdə bir dissertasiyalıq roman materialı üzə çıxarır, habelə: Yaşar Qarayev, Bəkir Nəbiyev, Yavuz Axundlu, Akif Hüseynov, Himalay Ənvəroğlu, Cəlal Abdullayev, Tofiq Hüseynoğlu, Vaqif Yusifli, Təyyar Salamoğlu, Almaz Əliqızı, Cavanşir Yusifli, Salidə Şərifova, Nərgiz Cabbarlı və b. bu və ya digər qədər günün "roman tədqiqatçıları"na istinad etməklə, müstəqillik dövrü Azərbaycan romanı barəsində müəyyən elmi ədəbiyyatın da mövcud olduğunu təsbitləyir. Yaxşıdır ki, elmi ədəbiyyat siyahısında məşhur ədəbi proses imzaları ilə yanaşı, akademiya dairəsi alimlərinin də yazdıqları unudulmamışdır. (Bu qeydi ona görə edirəm ki, lap son zamanlara qədər BDU-da aparılan tədqiqatlar sanki Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı işlərdən xəbərsiz görünürdü və əksinə). Bəlkə burda da müəyyən gileyə yer var; məsələn, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Elnarə Akimova kimi ədəbi-tənqidi prosesdə heç də az aktiv olmayan imzaların adına monoqrafiyada rast gəlmədim.

Bunu mən saymazlığa yozmuram; daha çox düşünürəm ki, görünür, Əhməd Sami daha çox öz müşahidələrini, araşdırmalarını, elmi qənaətlərini təsdiqləyən mənbələrə isnad etmiş, prinsipcə, digər fərqli mövqelərlə polemikadan çəkinmişdir. Məsələn, haqqında danışılan dövrün nəsr mənzərələrindən bəhs açan bir sıra məqalələrimdə, o cümlədən "Ən yeni nəsrimizdə Azərbaycan obrazı", "Ən yeni romançılıqda roman substratı" yazılarında belə bir iddia irəli sürürəm ki: bütün 1990-cı illər ərzində, 2000-ci illərin əvvəllərində "müstəqillik romanı" hələ yaranmamışdır. Bu zaman roman daha çox ətalətilə, 1970-1980-ci illər modelində gəlişir, olsa-olsa, mövzu-problem sərhədlərini genişləndirir; bəlkə hansısa motivlərdə,  ayrı-ayrı məqamlarda başlanğıclarda müstəqillik romanının təşəkkül prosesindən danışmaq olar, amma janrın yeni ideya-struktur əsası görünmür.

Sistemli tədqiqatında dövrün roman mənzərəsini yaradan Əhməd Sami Elaydi sanki əksini söyləyir; amma doğrusu, bütün polemik yanaşmalarla birgə, monoqrafiyada fikir və tezislərimin təkzibini yox, əsasən təsdiqini tapıram.

Dörd fəsildə strukturlaşdırdığı tədqiqatın birinci fəslini müəllif "Tarixi yaddaş, dövrün həqiqətləri və roman" adlandırmış; və milli tarixin uzaq və yaxın əyyamlarından söz açan Kamal Abdullanın "Yarımçıq əlyazma", Əzizə Cəfərzadənin "Eşq sultanı", "Zərrintac-Tahirə", "Xəzərin göz yaşları", İsmayıl Şıxlının "Ölən dünyam" romanlarını təhlilə cəlb etmişdir. Müstəqillik illərində tarixi romanlar həqiqətən də çox yazıldı və yenə də yazılır (Məlumat üçün deyim ki, həmin mövzuda dissertantım Gülnar Babayeva "Müstəqillik dövrü nəsrində milli tarix konsepti" adlı iş yazmış və bu yaxınlarda uğurla müdafiə etmişdir). Amma 1990-cı illər üçün bu, yenə də 1970-1980-ci illərin "tarixi roman" modeli olaraq qalırdı; sadəcə romançılar milli tarixin açılmamış, əvvəllər qadağan səhifələrinə baş vurur, daha dolğun obrazını yaratmağa cəhd edirdi. Monoqrafiyada göstərildiyi kimi, İ.Şıxlının da, Ə.Cəfərzadənin də romanları bu qəbildəndir; hətta İsmayıl Şıxlının "Ölən dünyam"ı daha əvvəllər yazmaq istədiyi, yasaqlar ucbatından yaza bilmədiyi barədə etirafı vardır ki, monoqrafiyada da xatırlanır.

Belə ki, adı çəkilən romanlardan yalnız "Yarımçıq əlyazma" özündə müstəqilliyin ab-havasını ehtiva edir ki, bu da məlum olduğu kimi, 2004-cü ildə, yəni monoqrafiyada tədqiq olunan dövrün lap sonuna təsadüf edir. Deyim ki, dünyaca məşhur roman haqqında onlarla maraqlı təfsirlər olsa da, Elaydinin təhlili orijinallığı ilə seçilə bilir; o tarixin qədimlərindən mövzu alan romanı məhz müasirliyin əsəri kimi, müstəqilliyin ideyalarını təcəssüm etdirən roman kimi oxuya bilir. Öz sözləri ilə desək: "romanda sosial ədalət probleminin qoyuluşu və onun bədii həllinin ənənəvi şəkildə canlandırılmaması mətnin oxunaqlığını təmin etmişdir".

Monoqrafiyanın ikinci fəsli "Sosial-siyasi və fəlsəfi-psixoloji problemlər bədii düşüncə aynasında" adlanır; və burda müharibə tematikası ətrafında: Sabir Əhmədlinin "Ömür urası", Ağarəhim Rəhimovun "Ovlaq keçidi", Elçin Mehrəliyevin "Doxsanıncı illər" romanları, sosial-siyasi məsələlərin bədii inikası müstəvisində: Anarın "Ağ qoç, qara qoç", Sabir Əhmədlinin  "Kef", Seyran Səxavətin "Nekroloq", Afaq Məsudun "Azadlıq" romanları, fəlsəfi-psixoloji problemlərin təcəssümü istiqamətində: Mövlud Süleymanlının "Günah duası", Vaqif Sultanlının "İnsan dənizi" romanları təhlilə cəlb olunur. Mahiyyətcə, bu tip roman ənənəsi də 1970-1980-ci illərin sosial və sosial-psixoloji roman təcrübəsi ilə bağlanır. Doğrudur, material təzədir və monoqrafiyada şərh olunduğu kimi: müstəqillik illərinin çətin, təzadlarla dolu, yeni cəmiyyətə "keçid mənzərələri"ni tematik təsnifləndirə, təqdim edə bilir. Amma roman düşüncəsi əzəlki olaraq qalır və: Sabir Əhmədlinin, Anarın, Seyran Səxavətin, Mövlud Süleymanlının romanlarında: psixoloji fərd və ona yabançı (hələ bəlkə daha da yabançılaşan) sosial mühit arasındakı qarşıdurmada təzahür edir.

Fərqli poe-strukturlar da var; məsələn, Afaq Məsudun "Azadlıq" romanı kimi; təəssüf ki, müəllif bu romanın üzərində ötəri dayanır. Anarın "Ağ qoç, qara qoç"u barəsində də mövcud çoxsaylı təfsirlərə isnad etməklə təhlil aparır. Amma məsələn, Sabir Əhmədlinin "Kef"inin təfsiri, romanda yazıçı obrazının tənqidi qiymətləndirilməsi mənə tamam fərqli göründü. Doğrudur, ağrılı problemlərlə yanaşı, romanda zərif bir ironiyanın da varlığına vaxtilə mən də diqqət çəkmişəm; amma tədqiqatçının fikrincə, romanda gülünclüyün hədəfi cəmiyyətlə birgə həm də onu təmsil edən yazıçı obrazıdır. Əhməd Saminin monoqrafiyada üzərində ən çox dayandığı Vaqif Sultanlının "İnsan dənizi" romanıdır; tədqiqatçıların çox da nəzərini cəlb etməyən həmin əsəri Elaydi "insanın həm sosial-fəlsəfi mahiyyətini, həm də onun bir fərd kimi gücünü və gücsüzlüyünü üzə çıxaran təkrarsız əsərlərdən biri" kimi dəyərləndirir. Tədqiqatçının fəlsəfi-psixoloji aspektdə təfsir elədiyi romanı, polemik olaraq, məsələn, mən 1980-ci illərin şərtən "şərti-metaforik üslub" adını almış əsərləri sırasına aid edərdim. Axı burda, tədqiqatçının sözlərini vurğulasaq: "insanın sosial-fəlsəfi mahiyyəti" və "psixoloji" varlığına dair roman(çı) düşüncələri başdan-başa alleqoriyalarla, qurama situasiyalarla illüstrə və təsbit olunur, heç də həyatın içində, bilavasitə "həyat mətni"ndə fəlsəfimi, ya psixoloji fəhm/kəşf/dərk olunmur...

Monoqrafiyanın üçüncü fəsli "Milli-mənəvi dəyərlərin bədii təcəssümü" adlanır və istər-istəməz, yenə də 1970-1980-ci illərin geniş yayılmış "mənəvi-əxlaqi problemlər nəsri"ni yada gətirir. Müəllif çox doğru olaraq qeyd edir ki, əslində: "İstiqlaliyyət dövründə Azərbaycan ədəbiyyatında yaranan romanların əksəriyyətində mənəvi-əxlaqi problemlər müxtəlif mövzular kontekstində işlənilmişdir". Elə bu "kontekst"dən yanaşanda, monoqrafiyada "mənəvi-əxlaqi" vurğu altına nədən məhz: Sabir Əhmədlinin "Axirət sevdası", İsa Muğannanın "İsahəq, Musahəq, yaxud Anadil ötən yerdə", Əkrəm Əylislinin "Ətirşah Masan", Elçin Hüseynbəylinin "Yovşan qağayılar" romanlarının düşdüyü çox da izahını tapmır.

Əlbəttə, müəllifin də qeyd etdiyi kimi, bütün təsnifatlar şərtidir; bu və ya digər romanı bu və ya digər növə müncər etdikdə, əsas olaraq roman düşüncəsində hansı motivin aparıcı olması götürülür. Mənimcə, bu nöqtədən baxdıqda, tədqiqatçının qabartdığı mənəvi aspektləri də danmadan, Sabir Əhmədlinin, İsa Muğannanın romanları daha çox əvvəlki fəsildə söhbət gedən fəlsəfi qatlı romanlara uyğun gəlir. "Axirət sevdası"nda roman düşüncəsi dünyəvi həyatın fənalıqlarında gəzişərək, əvvəldən axıra "Məni Ölüm düşündürür" motivi üzərində qərar tutur. İsa Muğannanın (İsa Hüseynovun), doğrudan da, mənəvi-əxlaqi ağrılarla süslənmiş əsərlərinə qayıdıb, hər birisini dekonstruksiyaya uğratmaq cəhdlərini də, uğurlu, ya uğursuz, yazıçının "əbədiyyət axtarışları"na yozmaq daha düz olar. Əkrəm Əylislinin aşkar "mənəvi nihilizm" mövqeyindən qələmə alınmış "Ətirşah Masan"ı da, mənəvi-əxlaqi problemlər müstəvisindən çox, sosial-siyasi pamfletə çəkir...

Monoqrafiyanın dördüncü fəsli müstəqillik dövrü Azərbaycan romanının "Bədii-sənətkarlıq xüsusiyyətləri"ndən bəhs edir və məhz bu yerdə biz "müstəqillik romanı"nın özəlliyini, tipoloji fərqini, yeni ideya-məzmun və forma-ifadə planında təşəkkül poetikasını görməyə çalışırıq.  Və aşkar görünür ki, bu məqamda da, nəzərdən keçirilən dövrün (1991-2005) materialları onu ("müstəqillik romanı") axıracan görməyə şans vermir. Belə ki, tədqiqatçı araşdırdığı romanlarda "mövzu seçimi, süjet və bədii konflikt"i, "bədii obraz, xarakter, tip və tipiklik problemi"ni, "janr özünəməxsusluğu və dil-üslub fərdiliyi"ni heç də konkret təzahür müxtəlifliyi zəminində deyil, ümumi roman nəzəriyyəsinə söykənərək şərh etməli olur.

Misir aliminin Azərbaycan romanı, üstəlik həm də müstəqillik dövrü romanı haqqında tədqiqatından daha bir gözləntimiz müqayisəli mənzərələrə aid ola bilər. Həqiqətən də, monoqrafiyanın hər fəslində bu və ya digər mövzudan söhbət gedərkən, müəllif paralel olaraq neçə-neçə ərəb romançısı və romanının adını çəkir. O cümlədən: Məhəmməd Həsən Hikal, Nəcib Məhfuz, Əli Əl-Cərmi, Əli Bikasi, Əbdülkərim Nasif (Suriya), Məhəmməd Abdulla Əl-Hadi, Camal Əl-Gitanı, Yusif Əl Qaid, Mahmud Əl Vardani və b.-ları. Amma müqayisəli baxış, sadalamadan uzaq getmir; halbuki Nobel mükafatı qazanmış bir ədəbiyyatın işığının müasir Azərbaycan romanının üzərinə salınması ümumən faydalı ola bilərdi. Görünür ki, Əhməd Sami Elaydi Azərbaycan oxucusunda Misir romanı haqqında geniş təsəvvür yaratmağı daha sonrakı əsərlərinə saxlamışdır.

Şəksiz ki, bu gün təqdim və təqdir etdiyimiz "Müstəqillik dövrü Azərbaycan romanı" monoqrafiyası müasir Azərbaycan romanı haqqında ciddi və dəyərli bir tədqiqatdır. Müstəqillik dövrü romanının təşəkkül yolunu bütün əyaniliyi ilə qarşımızda canlandıra bilir. Monoqrafiyanın Azərbaycan mədəniyyətinin dostu və pərəstişkarı Əhməd Sami Elaydi tərəfindən qələmə alınması önəmini ikiqat artırır. Amma ən önəmlisi, vurğuladığım kimi, o olar ki, əsər ərəb dilində də nəşr olunsun; bu, Azərbaycan romanının müasir dünyada tanıdılmasına bir vəsilə ola bilər. Bu işdə və ümumən Azərbaycan-Misir mədəniyyət əlaqələrinin möhkəmlənməsi yolunda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydiyə böyük uğurlar diləyirəm.

 

Tehran Əlişanoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.12-13.