Əlabbasın "Yolda adam qoyma" nəsihəti

 

Hörmətli oxucular! Çoxlarımızın yaxşı tanıdığı təbrizli şair, yazıçı, tərcüməçi publisist Əkbər Əlyar Həmidi sevilən yazıçımız Əlabbasın "Yolda adam" hekayəsi ilə bağlı kiçik bir yazı göndərib. Nöqtə-vergülünə toxunmadan onu oxucuların ixtiyarına veririk. Mətndə iki mühüm məqam xüsusi əhəmiyyət daşıyır. Birincisi, İranda yaşayan soydaşlarımızın yazıb-yaratdıqlarımıza, eləcə müasir bədii ədəbiyyatımıza göstərdikləri diqqət, ikincisi isə, latın qrafikalı əlifba ilə Azərbaycan türkcəsində səlis ifadə tərzi. Xatırladaq ki, Əkbər Əlyar Həmidi böyük Azərbaycan şair dramaturqu Hüseyn Cavidin bir neçə əsərini fars dilinə tərcümə etmiş, əski əlifbaya köçürərək Təbriz, Tehran, Qum kimi şəhərlərdə nəşrinə nail olmuşdur. Bu ilin mart ayında "Ədəbiyyat qəzeti"nin səhifələrində yer alan "Yolda adam" hekayəsi Təbriz Urmiya qəzetlərində ("Məhdi-təməddün" "Dəniz") Əkbər Əlyar Həmidinin səyi nəticəsində işıq üzü görüb.

 Atalar sözü bizim milli-mənəvi dəyərlərimizin bir hissəsidir, ayrılmaz parçasıdır. Bu dəyərləri qoruyub yaşatmaqsa biz şair yazarların mənəvi borcu, milli məsuliyyətidir!

Başqa tərəfdən, bizim ideoloji inanclarımız da, üstündə bitdiyimiz köklərin bir qismi hesab olunur. Yaranış fəlsəfəsi ilə bağlı inanclarımızı da qoruyub saxlamaq bizim insani-dini görəvimizdir!

Müasir oxucu tələblərinə uyğun yuxarıda deyilən milli-mənəvi-dini dəyərləri çatdırmaq bacarığı isə öz borcunu ödəyib, yazıçılıq, yaradıcılıq missiyasını yerinə yetirmək istəyənlərin başarı rəmzidir.

Tanınmış yazıçı, artıq İran oxucularının da sevimlisinə çevrilən Əlabbasın "Yolda adam" hekayəsi onun böyük bacarığının, geniş dünyagörüşünün, mədəniyyətimizə olan yüksək qayğısının, ən əsası isə fitri, bədii istedadının göstəricisidir.

Ulu babalarımız  " tökərsən aşına, o da çıxar qaşığına" demişlər. "Qurani- Kərim"də,  insan başqalarına hər yaxşılıq edirsə, əslində özünə edir, buyurmuşdur böyük Tanrımız. Fizika elmində deyilir ki, hər əməlin əks-əməli var, yəni yapdığın təbiət tərəfindən geri qaytarılır...

Əlabbas bax, bu dediklərimizi dərindən alqışlayaraq, axıcı, şirin qələmindən süzülən bədii hekayəsində bu anlamı, bu fəlsəfi idrakı, necə deyərlər, sarı yağ kimi əridib oxucunun boğazına töküb. Məhz buna görə hekayə gündəlik İran mətbuatı oxucusunun da rəğbətini qazandı sanal dünyada, sosial şəbəkələrdə əldən-ələ, notbukdan-notbuka, telefondan-telefona gəzdi, dolaşdı.

Təsadüfi deyildir ki, Əlabbasın "Yolda adam" hekayəsi tarixin bütün dövrlərində bədii ədəbiyyatı könül xoşluğu ilə yaşadan İran oxucuları arasında qısa zamanda geniş yayılmaqla bərabər, naşirlər üçün cəlbedici oldu. Əminliklə deyə bilərəm ki, farsdilli oxucular, eləcə əski əlifba ilə türkcə oxuyan hekayəsevərlər Əlabbasın başqa əsərlərini həsrətlə gözləyirlər.

Əlabbasa daha artıq nailiyyətlər diləyir, cansağlığı arzusu ilə hər bir cümləsindən hikmət süzülən yeni-yeni hekayələr yazmasını arzulayıram.

Hörmətlə       

 

Əkbər Əlyar Həmidi

 

Ədəbiyyat qəzeti.- 2018.-  21 iyul.- S.11.