Eşq acısı...
Hekayə
Dağın ətəklərində görünən
kənd Rənagilin kəndi idi. Yamac boyu
səpələnən evlər
yaşıllıqlar içində
güclə görünürdü.
Yastı
damlı bu evlər xoşbəxtliklərlə
doluydu. Hasarları yox idi bu evlərin. Mehribanlıq
evdən-evə, qonşudan-qonşuya
süzülürdü. İnsanlar güzəranını heyvandarlıq,
əkinçilik və
meşələrdən yığdıqları
meyvələri satmaqla
çıxarırdı. Səhər süfrəsinin
balı, qaymağı, yağı
isti təndir çörəyinin ətrinə
qarışıb iştah
artırırdı. Elə bu həyat tərziydi
Rənanın gözəlliyini artıran. Beş
bacının böyüyü idi. Uzun saçları, qara
gözləri canlar alırdı. Dağların havası,
bulaqların dumduru suyu simasına xüsusi rəng
qatmışdı. Gözəl idi. Atasını erkən
itirmişdi. Anasına kömək etməklə bərabər
dərslərini yaxşı oxuyurdu. O vaxta qədər ki...
Anası
Rənaya " Hazırlaş, xalangilə gedəcəyik",-
dedi. Sevindi Rəna. Xalasıgil rayon mərkəzində
yaşayırdı. Şəhərin bərli-bəzəkli
küçələrini, hündür evlərini görəcəkdi,
xalası uşaqları ilə ünsiyyətdə
olacaqdı.
Səhər obaşdan avtobusla rayon mərkəzinə
getdilər.
Xalasıgildə hay-küy düşdü. Sevindi
xalauşaqları. Görüşdülər,
danışdılar o ki var. Axşamüstü məhlə
uşaqları ilə gəzməyə getməliydilər.
Anası icazə vermişdi. Şəhər həyatı Rəna
üçün maraqlı idi. Həm də kəndə
qayıtdıqdan sonra təəssüratlarını rəfiqələrinə
danışacaqdı.
Şəhər həyatı Rənada qeyri-adi ovqat yaratmşdı. Təbiətin füsunkar
gözəlliyindən bərq vuran kəndin sakit həyatından
fərqli olaraq insan əlinin yaratdığı ecazkar
görüntü Rənanı
valeh etmişdi. Birdən bir cüt mavi gözün davamlı
baxışlarını üzərində hiss etdi.
Yaraşıqlı, hündürboylu, mavigözlü
oğlan gözünü Rənadan
ayırmırdı. Bütün vücudu titrədi Rənanın.
Ürəyinə qəribə, həm də xoş hisslər
axdı. Gücü çatmadı bu baxışlara
müqavimət göstərməyə. Dağ
havasının təravətləndirdiyi yanaqları bir az da
allandı.
Bütün gəzinti boyunca bu hisslər müşayiət etdi hər
ikisini.
Axşam anasına yalvardı Rəna. "Nə olar, ana, bir
gün daha icazə ver xalamgildə qalım. Sabah bir az da gəzək
şəhəri". Xalaqızları da Rənanın
anasını yola gətirməyə
çalışdılar. Onlar üçün də Rəna
ilə bir gün daha bir yerdə keçirmək vazkeçilməz
idi. Anası razı oldu. Qızlar sevincdən
qışqıraraq atılıb-düşdülər.
Anasına sarılıb öpdü Rəna, ana ürəyində
icazə verdiyinə sevindi.
Səhər bir yerə toplanıb
yaxınlıqdakı parka gəzməyə
çıxdılar. Rənanın ürəyi mavigözlü oğlanın
yanında qalmışdı. Budur, bir cüt mavi göz
eşq saçdı. Ürəyi uçundu Rənanın.Tanış
oldular. Meydan idi adı. Axşama qədər əl-ələ
gəzdilər, əhd-peyman bağladılar, öz
aralarında söz kəsdilər. Səhər hərbi xidmətə
gedəcəkdi Meydan. Bu müddətdə Rəna orta məktəbi
bitirəcək, Meydan hərbi xidmətdən
qayıtdıqdan sonra evlənəcəkdilər.
Meydan hərbi xidmətə, Rəna dağ kəndinə
qayıtdı.
Bir müddət
məktubları gəldi
Meydanın.
Göyərçin qanadlı sevgi məktubları.
Yavaş-yavaş azaldı, azaldı... və kəsildi məktublar.
Daha göyərçinlər qanadlarında sevgi
daşımadı Rəna üçün, təbiət rəngini
dəyişdi, çiçəklər al-əlvan
açmadı, quşların cəh-cəhi susdu, günəşin
şəfəqləri daha sevgi çətirinə bənzəmədi,
yağışlardan torpaq ətri gəlmədi... Günəşin
doğuşunda, gecənin zülmətində, Ayın
işığında, ulduzların zərrəsində
soraqladı sevdiyini. Könlündə məskən salan
iztirab, həsrət saçlarını ağ
naxışlarla bəzədi. İlk məhəbbətin
gözləntisi uzun çəkdi, yaman uzun...
Gün-günə, ay-aya calandı. Rənanın özündən
kiçik dörd bacısı ailə qurdu. Elçilər
qapını çalsa da könlünü heç kimə
vermədi. Otuz iki yaşı vardı artıq. Paytaxtdan uzaq
qohumları gəlmişdi kəndə dincəlməyə.
Qonaqların arasında görkəmi
ilə diqqəti cəlb edən bir müəllim də
vardı. Vaqifdi adı. Universitetlərdən birində işləyirdi.
Həyat yoldaşı övladını dünyaya gətirərkən
vəfat etmiş,
uşağı xilas etmək mümkün
olmamışdı. Evlənməmişdi Vaqif müəllim.
Könlü razı olmamışdı. Saçları
ağarsa da cavan görünürdü.
Şəhərə qayıtdıqdan sonra Rənaya evlənmək təklif etdi. Artıq yaşa dolmuş
anasının sözünü yerə salmaq iqtidarında
deyildi Rəna. " Ailə qur, qızım, gözüm
arxada qalmasın, bala",- deyən anasının gözlərində
yalvarış hiss etdi. Kövrəldi, bir anda
yaşadığı iztirablı illəri xatırladı. Gəncliyini
yarpaq-yarpaq saraldan, sevgi dolu duyğularını həsrətin
qucağında dəfn etdiyi illəri... Dərindən
köks ötürüb razı oldu.
Sakit və mədəni adam idi Vaqif. Bir-birini
anlayır, hörmətlə davranırdılar. Bir
qızları doğulmuş, ailəyə xoş ovqat bəxş
etmişdi. Artıq Meydanı da unutdurmuşdı
qızcığaz.
Gecə inilti eşitdi Rəna. Uşaq qızdırmadan yanırdı. Ürəyi
uçundu. Səhərə qədər
çalışdı, birtəhər qızdırması
düşdü qızın. Səhər
yaxınlıqdakı xəstəxanaya müayinəyə
aparmağı qərarlaşdırdılar. Vaqif Rəna ilə
qızını xəstəxanaya düşürüb işə
getdi. Həkimin qəbulunda növbə idi. Nömrə
götürüb gözlədilər. Qapıda həkimin
adı, soyadı yazılmışdı. Vaqif Əhmədov.
Təsadüfə bax. Ərinin adı və soyadı ilə
eyni idi. Gülümsədi. "Hər şey yaxşı
olacaq". Tibb bacısı çağırdı. Növbə
çatmışdı. Rəna qızının əlindən
tutub həkimin otağına daxil oldu. "Buyurun",- deyib həkim
başını qaldırdı. Rənanın
baxışları bir cüt
mavi gözə əsir düşdü... O gözlərdə
eşq saçan baxışları,
gələcək üçün qurduğu ümidləri
axtardı... Həsrətə bükdüyü sevgisini, ləçək-ləçək
solan eşqini soraqladı... Puç etdiyi illər,
itirilmiş gəncliyi ilə üz-üzə
dayanmışdı... Cavabsız suallar haray çəkirdi...
"Həkim Vaqif
Əhmədov" yazılmışdı
qapıda. Qarşısında
isə Meydan idı...
Gülqədəm Mirzəzadə
Ədəbiyyat qəzeti.- 2018.-
21 iyul.- S.15.