Virtual söhbət:
"İndi və burada" İstanbul-Bakı
Əzizim,
Ülvi!
Məktub yazmağı sevirəm. Bu mənə
keçmişi, uşaqlığımı xatırladır.
Məktub yazmaqla bağlı o qədər
çox xatirəm var ki, bəlkə, bir gün bunları səninlə
də bölüşərəm.
Bir aydan çoxdur, Facebook hesabımı
bağlamışdım. Geri dönəndə ilk
axtardığım adamlardan biri sən idin! Amma
hesabını deaktiv etdiyini gördüm. Bu,
uzun müddətdir sənə yazmaq istəsəm də, hər
dəfə təxirə düşən məktub, yazmaq
düşüncəmi daha da qətiləşdirdi.
Düzü, bir az da sən vaxt tapıb
cavab yaza biləcəksənmi, ya mən davamlı olaraq sənə
yaza biləcəyəmmi deyə düşünürdüm. Araya uzun məsafələr girsə belə, bu məktubların
davam edəcəyinə ümid edirəm. Səndə
bilmirəm necədi, amma mən yazdığım zaman
anlayıram. Zaman-zaman məqalə
yazmağımın əsas səbəbini o mövzunu, mətni
anlamaq olduğunu düşünürəm. Bəzən səbəbini bilmədiyim,
izahını tapa bilmədiyim şeylərin
çözümünü yazmaqda tapdım. Mühazirə
dəftərlərinin arxasına yazdığım, qeyd dəftərçəmin
arasından səhifələr çıxır
qarşıma hərdən...
Bəlkə
də, nə vaxtsa biz bu məktubların
yandırılmasını istəsək də, kim bilir, hardansa bir Maks Brod çıxıb
bunları kitab şəklində çap edəcək. O zaman
bu kitabı oxuyanlar məktub yazmağın nə qədər
köhnəlmiş, unudulmuş iş olduğunu
düşünəcək, bizi texnologiyadan uzaq iki qoca kimi dəyərləndirəcəklər.
Ədəbiyyat fakültələrinin məzunları bir az da məsələni dərinləşdirib
bizimlə Mirzə Cəlilin Novruzəlisi arasında paralellik
də quracaq. Poçtların qızıl
erasını çoxdan başa vurduğu, poçtalyon
obrazlarının bədii mətnlərin çölündə
qaldığı, telefonun, skype-in, bu qədər sosial şəbəkənin
arasında məktub təklənmiş bir ünsiyyət
formasıdır artıq. Amma bu "tənhalığ"ın
daha çox şair V.Bayatlının "Ulduzlar içində
dünya kimi təksən, tənhasan, yalqızsan"
misrasına uyğun gəldiyini düşünürəm
saflıqla...
Qərbin ən ucqar nöqtəsindən Şərq sərhədinin
bitdiyi yerə qədər maşınla maksimum 10-12 saata
getdiyimiz bir ölkədə insanların bir-birinə məktub
yazması həqiqətən qəribə səslənir. İndi sənlə mənim
aramızdakı 3000 kilometrlik, avtobusla 36 saat, təyyarəylə
3 saatlıq məsafə bu qəribəliyi bir az da olsun
azaldar, məncə.
Bizim ilk rastlaşmağımız maraqlıdır. Səni
"525-ci qəzet"də İsa Muğannaya həsr etdiyin
yazından sonra tanımış, Lyosa barəsində məqaləni
böyük maraqla oxumuşdum. Amma səninlə
bu yazılardan bir xeyli sonra öz ölkəmizdə yox,
İstanbulda qarşılaşdıq (2015, noyabr). Sən İstanbul Kitab Fuarına gəlmişdin.
Səni mənə
məqalələrin, məni sənə şeirlərim
tanışdırdı; görüşməyimiz isə Kitab
Fuarı sayəsində oldu, dostluğumuz məktublar üzərindən
davam edir... Görürsənmi, hər şey mətnlə,
yazıyla bağlıdır...
Əslində, məktublarımız eyni şəhərdə
yaşayan, işdən, dərsdən sonra görüşən
iki adamın söhbətinin yazılı forması olacaq.
Şəhərlərarası məktublar. İstanbuldan Bakıya,
Bakıdan İstanbula gələn məktublar...
Səninlə
indi bir kafedə oturub çay içsəydik, mütləq hər
şeydən əvvəl şəhərlər barəsində
danışardıq...
Bu mənim üzərində durduğum, zaman-zaman
düşündüyüm mövzulardan biridir. Yəqin hər
ikimiz də İstanbulu öncə romanlardan, şeirlərdən
tanımışıq. Nə xoşbəxt adamlarıq
biz! İstanbul kimi bir şəhəri bizə
hansısa tur şirkətin bələdçisi deyil,
şairlər, yazıçılar tanıdıblar.
Bir şəhərin
ədəbi xəritəsi!
"Google
Map"dəki, coğrafiya dərslərində öyrədilən
xəritədən çox fərqlidir bu...
Gülhane
Parkı`nı, Nişantaşı`nı,
Emirgan`ı, Boğaz`ı, Eminönü`nü,
Karaköy`ü, Çamlıca`nı, Taksimi... yalnız
turistlər üçün hazırlanmış məlumat
kitabçalarından tanıyanlar, öyrənənlər nə
qədər çox şey itiriblər!
Mən
indi Rəşad Nuri Güntəkin, Recaizadə Mahmud Əkrəm,
Yusuf Atılqan, Halit Ziya Uşaqlıgil, Abdülhak Şinasi,
Halide Edib, Yakub Kadri, Peyami Safa, Tanpınar, Kemal Tahir, Orhan Kemal,
Mario Levi, Ahmet Ümit, Orxan Pamukun İstanbulda keçən
romanlarını xatırlayıram... Hekayələri də
buna əlavə etsək...
Amma ayrıca vurğulamaq istədiyim bir yazar var - Mətin
Kaçan. Bu yazıçını sənin önərindən
sonra oxudum. Dili bənzərsizdir. Həyatını da araşdırdım.
"Ağır roman" kimi roman yazmış bir adamın
taksini Boğaz Körpüsündə saxladıb
özünü aşağıya atmasından təbii,
doğal nə ola bilər ki?.. O, romanda
İstanbulun arxa məhəlləsini, kirliliyini necə də
gözəl ifadə edib (Kirli demişkən, Brodski də
İstanbulu çirkli şəhər adlandırıb). Bir dəfə
tələbə yoldaşlarımdan biri dünən iyrənc
bir film izlədiyini, hələ də özünə gələ
bilmədiyini dedi. Mən ürəyimdə sən
"Ağır roman"ı izləsən, nə deyərsən
görəsən, - deyə fikirləşdim. Və
ona bu filmə baxmağı tövsiyə etdim. Sən
demə, elə dünən axşam baxdığı, iyrənc
deyə tanımladığı bu film imiş... Filmin aktyorları arasında da çox maraqlı
adamlar var: Okan Bayülgən (uşaq vaxtları! - sən
belə demişdin), Müjdə Ar (yenə öz
ampluasında), Kiçik İskəndər...
İstanbul bədii mətnlərdə ən çox
işlənən şəhərlərdən biridir. Universitetlərdə
"İstanbul romanlarda", "İstanbul şeirlərdə"
kimi elmi işlər, dissertasiyalar yazılır. Müəyyən yazarların mətnlərdə
İstanbul şəhərinin necə işlədiyini
araşdıranlar var. Məsələn, iki həftə əvvəl
"Qara Kitab" romanı barəsində qısa mühazirələr
oxuduq. Hər kəs romandakı bir
mövzudan danışdı. Onların arasında
bir qız vardı. Mənə bir proyekt üzərində
işlədiyini dedi. Pamukun
yaradıcılığında İstanbula
baxışını işləyəcək. Uzun-uzun danışdıq. Fikirlərimi
bölüşdüm. İrihəcmli, sonradan qaynaq kimi
göstəriləcək bir kitab yazmağın mümkün
olduğunu dedim ona...
Üç-dörd ay əvvəl bir kitab oxumuşdum. Kitabda
İstanbul haqqında yazılan şeirlər
toplanmışdı. Adlarını
çox yaxşı bildiyimiz və bilmədiyimiz o qədər
şair var ki, bu mövzuda şeirlər yazıblar.
Sevdiyimiz, bildiyimiz bütün şairlərin demək olar ki,
hamısı bu şəhərə şeir yazıb: Sabahhatin
Əli, Nazim Hikmət, Turgut Uyar, Yahya Kamal, Orxan Vəli, Nəcib
Fazıl, Özdemir Asaf, Attila İlhan, Ümid Yaşar
Oğuzcan...
Ülvi, necə zəngin bir şeydir. Demək,
kitabdakı şeirləri İstanbulun bir səmtinə
yazılanlar, içində İstanbul keçən şeirlər...
kimi qruplaşdırmışdılar. O kitabı əlimdə
bir xəritə kimi gəzdirərək bəlli səmtlərə
getdim və o şeirləri oxuyub, şairlərin burada nələr
duyduqlarını anlamağa çalışdım, o
küçəyə, səmtə onların gözüylə
baxdım... İstanbulu dinliyorum gözlerim kapalı...
Bakı haqqında belə kitablar nəşr olunubmu?
Heç qarşıma çıxmayıb.
İlk dəfə
İstanbulu Karaköyün arxa küçəsiylə
Eminönünə gedərkən duydum... Bir döngə, bir
məhəllə arasından sonra şəhərin səslərinin,
rənginin dəyişdiyini bütün vücudumla hiss etdim o
axşam...Çoxrəngli, çoxsəsli... Şəhərin
ruhu olduğunu duyursan burda.
Bakının
da özünəməxsus bir atmosferi var. Səttar Bəhlulzadənin
Abşeron etüdləri, Suraxanı, Əmircan (burada
doğulub), Xəzər, Neft daşlarının rəsmləri...
Elçinin Buzovnada keçən əsərləri, Kamal
Abdullanın "Bilgə əhvalatları" hekayə silsiləsi...
Kənd və şəhər. Biri
saflığın, digəri bicliyin simvolu (?). Altmışıncıların şəhərdə
özünə yer tapa bilməyən, mənəvi
deformasiyaya uğrayan obrazları. Anarın
"şəhər uşağı" qəhrəmanları
və sair. Amma...
İlk məktubumun irihəcmli olmasını istəmirəm.
Səbirsizliklə
cavabını gözləyəcəm!
Lütfən, şəhərlər üzərinə hələ
bir neçə məktub yazaq. İstanbul və Bakının
ruhundan, mətndə şəhər, kənd, ümumən məkan
məsələsindən danışacaq nə qədər
sözlər var!
Səninlə
Nazim Hikmətin Bakıya yazdığı şeirlə
sağollaşıram:
Geceleyin
Bakü
Geceleyin
yıldızsız ağır denize kadar
geceleyin
zifiri karanlıkta
güneşli buğday tarlasıdır Bakü şehri.
Tepedeyim,
avuç
avuç çarpar yüzüme ışık taneleri,
havada
rast peşrevi Boğaziçi suları gibi akar.
Tepedeyim,
uzaklaşır uçsuz bucaksız ayrılıkta
bir sal
gibi yüreğim
gider
anıların ötesine
yıldızsız ağır denize kadar
zifiri
karanlıkta.
Ramil Əhməd
İstanbul, 30.04.2016
Əziz dostum, məktubunu oxudum və nədənsə "yazmaq"
barədə düşündüm. Yazmaq və yazmamaq
get-gəli arasında qaldım. Yenə də
yazmaq ehtirası hər şeyi üstələdi. Çünki elə indicə bu işlə məşğulam.
Axı yazmağın özü də bir
mövzudu. Neçə-neçə məktubların,
esselərin, kitabların. Deyirəm, bu
söhbət çox vaxt alar. Görüləsi
günlərsə qabaqda bizi gözləyir. Tələsməyək. Yazmaq barədə
gələcək məktublarda uzun-uzadı
danışarıq.
Ancaq yazmaq kəlməsi beynimi yaman qurcalayıb. Ona görə
şəhər söhbətinin gözünə onu da qatacam.
Hə, əslində məktubunu alan
gün yaza bilərdim. Vaxtım da vardı.
Ovqatım da yerindəydi. Cavabı
olmayan o köhnə və məşhur sual qarşımı
kəsdi. Axı niyə yazırıq eyy?!
Dərhal hardasa hər kəlməsi
yaddaşıma pərçimlənən Pamukun Nobel nitqini
xatırladım. Eləmədim tənbəllik
bir də oxudum Pamuku. Artıq sözə,
bu haqda çərənləməyə ehtiyac qalmadı.
Bu səfər də yazmaq kəlməsinin məna
çalarları əl çəkmədi. Axırda xəyalım bir xatirəyə ilişdi.
Beləcə, dərə-təpə, düz
dolaşıb yenə gəldim şəhərə. Tələbəliyimin ilk günü yadıma gəldi.
Sonra Bakının Alatava məhəlləsində
yaşayan sarışın, gözəl bir qız... 157
nömrəli avtobus. Xatirələrdən
elə hey Bakı boylandı. Sarışın
qızlı əhvalata başlamazdan əvvəl Bakıdan
danışaq bir az.
Bakı qadına bənzəyir. Qadın xislətlidir.
Ərköyün və şıltaq qız
kimidi. Bir də makiyajı qədərincə olmayan, ya
çox, ya da az olan qadına
oxşayır. Fikir vermisənsə, iki fəsil
yaşanır Bakıda. Yay və
qış. Rütubətli, yapışqan
yay və küləkli, qərarsız qış. Digər mövsümlərin adı olur, dadı yox.
Payız girər-girməz qış rejiminə
keçilir Bakıda. Bu ən birinci
Bakının təbiətində göstərir
özünü. Qısaqol köynəkdən
paltoya keçid olur. Yayın gəlişi
də elədir. Paltodan birbaşa yay
geyim-keçiminə adlayırıq. Tıxacı,
səs-küyü də öz yerində. Ancaq
insanlar yenə də Bakıdan əl çəkə bilmir.
Gözəllikdən doymaq olur ki, Bakıdan da
doyasan?! Gözəl və şıltaq
qadına xas cazibəsi var Bakının. Sənin
başına nə qədər oyun açsa da, ərköyünlük
etsə də, ona bağlısan. Xeyri
yoxdu, Bakıdan vaz keçən deyilsən. Hətta, rayondan gəlib bir qarın çörəyə
işləyən insanlara fikir vermisən? Onlar
rayonda daha rahat və hüzurlu yaşaya bilərlər. Bir çoxunun buna şəraiti də var. Orda insan
görkəmində yaşamaq varkən min bir əzab-əziyyəti
seçirlər. Getmirlər. Səbəb? Bunun səbəbi təkcə
meqapolisdə yaşamaq ehtirası deyil. Bakıda,
məhz Bakıda yaşamaq vərdişidir. Gündəlik adət, vərdiş, ehtiyac kimi
öyrəşirlər Bakıya. Bakıda
elə bir cazibə qüvvəsi var ki, 9 milyonluq ölkənin
yarısı bura alışıb. Hər nə qədər
daha böyük və başqa səbəblər olsa da...
Keçək Bakının makiyajına. Bayaq dediyim
kimi bəzək-düzəyi qərarsız şəhərdi
Bakı. Bəzi yerləri ifrat dərəcədə
bəzədilmiş gəlinə bənzəyir. Bəzi yerləri də zövqsüz, köntöy
kosmetika təcavüzünə məruz qalır. Bakının ən qədim, tarixi məkanları
belə, ifrat modern memarlığın kölgəsində
it-bat olur. Eynilə gecəqonduların
göydələnlərin möhtəşəm əzəməti
yanında heçə çevrilməsi kimi. Təzadlar şəhəridir yəni. Bəlkə də İstanbulda, Parisdə, Berlində
bu qədər təzad yoxdur. Yazmışdın
ki, Brodski İstanbulu kirli şəhər adlandırıb.
Görəsən, Bakıya hansı təşbehi
qoşardı? Mən vitrinlər şəhəri
deyirəm. Hər bir nəsnənin və
varlığın vitrini.
Bəs bu qədər paradokslar ədəbiyyatımızda
necə əks olunub? Bax, buna oxşayan bir sual da sən
vermişdin məktubunda. Bakı
İstanbul qədər ədəbiyyat şəhəri deyil.
Bu o demək deyil ki, Bakıda istənilən
aura yoxdur. Aura da var, material da, ruh da. Hələ bir romantika da. Romantika
demişkən. Bu yaxınlarda Nərmin
Kamal Bakıyla bağlı bir esse yazmışdı. Əslində, şəhərlərin ruhu barədə.
Ədəbiyyatda dünya şəhərləri
və Bakının hansı səviyyədə göstərilməsindən.
Coysun Dublinindən girib Zadi Smitin müasir
Londonundan çıxmışdı. Bəlkə
də oxumusan.
Bakı bizim ədəbiyyatda mövzu olub. Qədim
Bakıdan müasir Bakıya kimi. Ancaq yetərincə
işlənməyib. Mən əvvəlcə
müasir ədəbiyyatdan bir romanın adını çəkmək
istəyirəm. İlqar Fəhminin "Bakı tarixindən
kollajı"nı mütləq
oxumalısan. Ona görə mütləq ki,
Bakını orda duya və görə bilərsən. İlqar uğurlu Bakı dastanı yazıb. Bakının keçmiş tarixindən müasir
ab-havasınacan hər şey var romanda. İlqarın
uzun cümlələrinin dalınca qaçarkən
Bakının fərqli küçələrində, məkanlarında,
tarixlərində azıb qalırsan. Qarşına
hər zamanın öz Bakısı çıxır. Ən çoxda İlqarın Bakısı. Müəllif daha çox öz
yaşıdlarının Bakısını xarakterizə edir.
Uşaqlığında gördüyü,
yaşadığı, hiss etdiyi Bakının ruhu ilə
indiki Bakını müqayisə edir. Hər yeni nəsillə
təzədən doğulub, ardınca ölən bir şəhəri,
beləcə çoxalan şəhərləri... İstanbulda belə deyilmi? İstanbulda
da nəsillər, zamanlar dəyişdikcə şəhərin
görkəmi, yaddaşı dəyişir, həmin insanlarla
ölür və yenidən doğulur. Ancaq
ədəbiyyatın İstanbulu ruhən çox dəyişmir.
Hər zaman ədəbiyyatın, şair və
yazıçıların cazibə mərkəzində
qalır. Yəhya Kamalın "Xəyal
şəhər"indən Attila İlhanın "Nəydi
o bir zamanlar" şeirinə kimi nə dəyişdi ki.
Sadəcə üslub və məna dəyişdi,
mövzunun çaları dəyişdi. İfadə
dəyişdi. Daha doğrusu, yeniləndi.
Təptəzə oldu. O gözəlim
İstanbul öz yerindədir ki, yerində. Bu
iki şeir barədə də danışarıq. Unutma. Yaxud, Tanpınarın
İstanbulu ilə Pamukun İstanbulunun fərqləri nədədir?
Daha çox təqdimatdadır. Zaman və
mədəni dəyişilmə prosesi isə
yazıçılara material verir sadəcə... Kəsəsi, "Bakı tarixindən kollaj"
çox yaxşı nümunədi yazarlarımız
üçün. Bakı dili ilə
danışan əsərləri Maqsud İbrahimbəyov da
yazıb. Qılman İlkin və Çingiz Hüseynovun
da bu qəbildən əsərləri var. Anarla Elçini isə
sən yazmışdın deyə təkrarla(ma)dım.
Ramil, baxıram, mən yazdıqca məktub uzanır. Əgər dənizigözlü,
sarışın qızdan və Alatava məhəlləsindən
yazmağa başlasam, söhbət çox uzanar. Dənizigözlü qızdan və "yazmaq" kəlməsinin
semantikasından gələcək məktubumda yazmaq arzusu ilə
sağollaşıram.
Sevgilərlə
Ülvi Babasoy
Ədəbiyyat qəzeti.- 2018.- 21
iyul.- S.14-15.