Daha "...bir nəzər"
Səhv nəzərləri sərf-nəzər
etmə vaxtı
Əvvəli ötən
saylarımızda
Ədəbiyyat tarixindən öyrəndiyimiz kimi, bu
dövrdə hakim çar üsuli-idarəsinin şeirə
himayəsindən danışmaq qeyri-mümkündür. Ədib və
şairlərimizin kiçik bir qismi (A.Bakıxanov, X.Natəvan
və b.) imkanlı ailələrə, zadəgan və
mülkədar zümrəsinə mənsub idilər, irsən
sahib olduqları mal-mülk hesabına (A.Bakıxanovun adı
Qubanın Amsar, Zakirin adı Qarabağın
Xındırıstan kəndi ilə bağlı çəkilir
və b.) yaşayır, hətta bəziləri (misal
üçün, X.Natəvan) başqa şairlərə də
himayədarlıq edirdilər. Bir qismi M.F.Axundov və
A.Bakıxanov kimi çar hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə
çalışır və yaşayışlarını məmurluqla
təmin edirdilər. Bu dövrün ədibləri arasında
mütərcim, həkim, mirzə, musiqiçi olanlar da vardı. Müdərrislər
və məktəbdarlar sayca üstünlük təşkil
etsə də, çarıqçı, dülgər, bəzzaz,
əttar, baftaçı kimi sənətlərlə kəsbkarlıq
edənlər də az deyildi. Əksəriyyət
isə dolanışığını əkin-biçindən,
yaxud kiçik ticarətdən "çıxarırdı".
Əlbəttə, aralarında bunu özlərinə
yaraşdırmayanlar, azad yaradıcı həyat yolu
seçib, zehni əməklə məşğul olmaq istəyənlər
də tapılırdı. Əslində,
belələri özlərinin və ailə üzvlərinin
maddi rifahını riskə atır, təsadüfi gəlirlərə
bel bağlayırdılar. Seyid Əzimin tərcümeyi-halından
gördüyümüz kimi, zehni əməklə məşğuliyyət
yolları olduqca məhdud idi. Rəsmi yazışmalar da
(mərhum professor Xeyrulla Məmmədov bəzi sənədlərdən
parçaları açıqlamışdır) göstərir
ki, Seyid Əzim 1874-cü ildə Hacı Səid Ünsizadənin
təşəbbüsü və səyi ilə "30 nəfər
dil kağızı verib məktəbi saxlamaq
üçün ayda 1 manat verəcəklərini öhdəsinə
götürdükdən" sonra Şamaxıda "ruhani
"okrujnoy" məclisinin təhti-nəzarətində"
açılmış "Məclis" adlı "camaat məktəbində"
fars dili müəllimi təyin olunmuşdu. Şair özü
H.B.Zərdabiyə yazdığı mənzum məktublardan
birində bu haqda yazır:
Əhli-Şirvan
edib hədisini səm
Şiəvü sünni oldu bir yerə cəm.
Sözlərin
etdi onlara təsir
Etdilər məktəb açmağa tədbir.
İttifaq ilə tutdular dəftər. (...)
Əvvəli-kar
o qövmi-fərzanə
Tutdular yüz mənatə bir xanə.
Məsləhətçün
dübarə oldu cülus
Manveli tutdular müəllimi-rus.
Onu
üç yüz mənata söylədilər
Mərhəba,
fikri-bikr eylədilər...
Biz də
olduq müəllimi-sani
Ta ki təlim
edək "Gülüstan"i.
Tapdılar
həm müəllimi salis
Odu Qürrai-Səbəyə varis.
Pürlətafət
kəlam, ibni-Lətif
Adı
Molla Hüseynağayi-zərif.
Verə ətfalə
dərsi-Qurani
Artıra
rövnəqi-müsəlmani...
X.Məmmədovun qeyd etdiyi kimi, cəmi ilyarım sonra
Hacı Səid və Cəlal Ünsizadə
qardaşlarının Tiflisə köçməsi ilə
"məktəb və onun 70 nəfər şagirdi Seyid Əzim
Şirvaninin öhdəsinə qalmışdır". Dilindən kağız verənlər
isə vədlərini yerinə yetirməkdən imtina
etmişlər ki, şair bu barədə yazmışdır:
...Nisfi-məbləğ deyildi cəm
hənuz
Əhli-fisqin fəsadı etdi büruz.
Vermədi
yazdığı pulun hüzzar
Hamı iqrarın etdilər inkar.
Müvafiq
çar idarəsinin rəsmi sənədlərində də
qeydə alınmışdır ki: "Məclis" məktəbi"
ancaq Seyid Əzim Məhəmməd oğlunun səyi ilə
yaşayır". Şair əlinə düşən hər
fürsətdə məktəbin dərdini dilə gətirir,
millətin başbilənlərindən yardım gözləyirdi:
İndi
Şirvanda açmışıq məktəb
Dərsimiz rusü, türkü, farsü, ərəb.
Zəhmətim
çoxdu, hiç nəfim yox,
Leyk həqqə
ümidvarəm çox -
Kim, bu zəhmətlər
olmaya zaye
Bəlkə
bu macəra ola şaye.
Şeyxül-İslamü
müftiyü-İslam
İkisi bir olub edə əncam.
Çünki
bunlar rəisi-millətdir
Mədəni-lütfü
kani-qeyrətdir...
Seyyida, bəsdi
nəzmi qıl kütah
Xatirin cəm
qıl ki, inşallah
Şeyxülislamü
müftiyi-xoşnam
Uşqola
əmrinə edər əncam!..
Göründüyü
kimi, şair "Məclis" məktəbində
çalışmaqla güzəranını keçirə
bilmədiyini gizlətmir: "Zəhmətim çoxdu,
hiç nəfim yox". Məlumdur ki, 1877-ci
ilin sentyabrında o, H.Zərdabinin köməyi ilə
Şamaxı şəhər məktəbinə də müəllim
təyin edilmişdi. Lakin görünür, bu da problemin
həlli üçün yetərli olmamışdı və
Seyid Əzim bu və ya başqa səbəbdən iki il sonra Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsində
türk dili və şəriət fənləri üzrə
müəllim yerini tutmaq üçün ərizə ilə
müraciət etmişdi (hərçənd, cəhdi nəticəsiz
qalmışdı).
Bəzi mənbələrdə şairin seyid olması məqsədli
şəkildə qabardılır və bununla seyidlərin nəzir
yığmasına işarə vurulur. Yəqin, müasirlərindən
Məhəmməd ağa Cürminin ona həcvində də
bu məsələ xüsusi vurğulandığından Seyid
Əzim cavabında yazmışdı:
Zahirən
seyyidəm, əmma nə o seyyiddən kim
Xüms
alam, mali-imam,
yox buna imkan,
Cürmi.
Deyiləm
müftəxori-gərkəsi-murdartələb
Mənə
öz rəncim olub vasiteyi-nan, Cürmi...
Şair
seyid olsa da, imam malı, xüms-zəkat
alıb dolanmadığını qətiyyətlə bəyan
edib, ruzisini "öz rənci", işi, zəhməti ilə
qazandığını yazır. Onun əsas
işi isə şairlikdir. Nə qədər
qəribə və tərəfimizdən ehtiyatsız səslənsə
də, Seyid Əzimin güzəranının böyük hissəsini
məhz şairliklə - mərsiyələri, mədhiyyələri,
şəbihxanlığı, qəzəlxanlığı
müqabilində din xadimlərindən, məscid və vəqflərdən,
şeirə-sənətə qiymət verən müasirlərindən
aldığı "ehsan" hesabına təmin etməsi
ehtimalı böyükdür. "Hacı Molla Qəniyə"
qəsidəsində "Quran" ayəsinə istinad edərək
Allahın kasıbı (burada şairi) özünə dost
bildiyini, lakin il ərzində gah şəbihxanlıq,
gah mərsiyəxanlıq etməsinə baxmayaraq, axund tərəfindən
əməyinin aşağı qiymətləndirildiyini
yazır:
...Əhli-kəsbi
eyləyib mədh şahənşahi-rüsul
Dedi
"kasibdi həbibulla", əya ruhi-rəvan! (...)
Sizdən
ötrü bu il, ey dust, çəkirdim zəhmət
Gəh şəbihxan olurdum sizə, gəh mərsiyəxan.
Öz əlinlə
elədin pulları yeksər təqsim
Göftguyə ləb açıb eyləmədim
şikvə bəyan.
On manat
oldu o məclisdə bərati-Seyyid
Məndən
artıq aparıbdır pulu hər bir heyvan...
Şair burada "vasiteyi-nan"ının mərsiyə,
növhə, sinəzən, şəbih mətnləri yazmaq
(birbaşa, yaxud dolayısı ilə) olduğuna işarə
edir. Lakin düşünürük ki, türk-İslam
poeziyasının çox mühüm bir qolunu təşkil
etmiş mərsiyə şeirinin XIX əsrdə geniş
yayılmasını yalnız sırf merkantil maraqlarla əlaqələndirmək
də sadəlövhlük olardı. Bu
amil, şəksiz ki, var və nəzərdən
yayındırıla bilməz. Amma başqa, daha ciddi
amilləri də
unutmağa haqqımız yoxdur.
Mərsiyə və mərsiyəxanlıq
Öncə
qeyd olunmalıdır ki, hər il məhərrəm ayında
Kərbəla müsibətinin, müqəddəs şəhidlərin
anıldığı təziyə və təkyə məclisləri
şairlərin yaradıcı qüdrətlərini
nümayiş etdirmələri üçün əlavə
bir meydan açır, ədəbi mühitin əhatə dairəsini
genişləndirirdi. Ölkə boyunca mərsiyələrə
ehtiyac hansısa şeir növü ilə müqayisəyə
gəlməyəcək dərəcədə böyük
idi. Əgər həqiqətən də bədii
sözə ictimai sifariş deyilən şey varsa, XIX əsrə
nisbətdə bu anlayış, ilk növbədə, mərsiyəyə
aid edilməlidir. Kərbəla mərsiyələrinin
auditoriyası bütün Azərbaycanı - hər bir eli, obanı, şəhəri, kəndi, məscidləri,
bazar-dükanları, hətta, məhəllə və əza
məclisi qurulan ayrı-ayrı evləri əhatə edirdi. Əlbəttə,
belə bir miqyasda yaddaqalan
söz söyləmək, özünü göstərə
bilmək, Füzuli kimi azman bir sənətkarın hələ
"diri" olduğu bu meydanda eşidilmək kiçik
şərəf sayıla bilməzdi, şairə
şan-şöhrət, kütləvi ehtiram vəd edirdi; bir
şərtlə ki, insanların dəruni duyğularına təsir
göstərmək məharəti olsun. Şəbih
tamaşalarında hər məhəllə, hər dəstə
Kərbəla şəhidlərinin yoluna başqalarından
daha çox bağlı olduğunu isbat etmək
üçün ən qatı və qanlı üsullardan necə
istifadə edirdisə, təziyə məclislərində də
söz, təzə nəfəs qızıl qiymətində
tutulurdu. F.Köçərli "Azərbaycan ədəbiyyatı"
əsərində diqqəti mərsiyəxanlığın məhz
bu cəhətinə yönəltməkdə haqlı idi:
"Beş-on sənə bundan əqdəm artıq hörmət
və şöhrətdə olan ancaq İmam Hüseyn
müsibətinə dair növhə və mərsiyə yazan
şairlər idi ki, onların kəlamı məscidlərdə,
təkyələrdə oxunurdu və onlar öz kəlamlarını
eşidib, xalqın tərifü tövsifi ilə sərəfraz
olurdular və növhə yazmağa dəxi də artıq
şövqmənd olub bütün vaxtlarını və
qüvveyi-şeriyyələrini bu yolda sərf edirdilər".
Yaddan çıxarmayaq ki, mərsiyələrin
meydanı əza məclisləri ilə məhdudlaşmır,
gündəlik yas mərasimlərinə qədər
uzanırdı. Hüzr yerlərində
ağıçılar, adi günlərdə küçə-bazarda,
çayxanalarda dərviş və qissəxanlar tərəfindən
mərsiyə söylənilməsi adi hal almışdı.
Belə demək mümkündür ki, mərsiyə
şeiri ictimai-kütləvi həyatın ayrılmaz tərkib
hissələrindən birini təşkil edir və
toy-düyün məclislərində xanəndələr tərəfindən
muğam üstündə oxunan qəzəllə belə rəqabətdə
uduzmurdu. E.Sultanovun "Azərbaycanlılar
nə oxuyurlar?" məqaləsində mərsiyənin
yüksək populyarlığını xüsusi
vurğulaması təsadüfi deyil. Maraqlıdır
ki, yenilikçi təmayüllərin başında gələn
mətbuat da mərsiyəyə "dəyib-toxunmurdu".
"Əkinçi"nin kimliyi bu gün də mübahisə
mövzusu olan anonim müxbirlərindən (cəsarətinə
görə anonimliyi vacib idi) Əhsənül-Qəvaid belə
baş yarmaq, qan tökmək kimi vaxtı keçmiş Aşura adətlərinə
münasibətdə göstərdiyi radikallığın
onda birini mərsiyə şeirlərinə münasibətdə
göstərməmişdir. "Ziyayi-Qafqaziyyə"
isə 1881-ci ilin sonlarında Qumrinin "Kənzül-məsaib"ini
"Məcmuəyi-mötəbər" adlandırır,
kitabın ədəbi aləmdə rəğbətlə
qarşılandığını yazırdı (Zaman Əsgərli).
Bu amil Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim
Şüai, Mirzə Cəbrail Sipehri, Əbülhəsən
Raci, Mirzə Həsən Qüdsi, Məhəmmədəmin
Dilsuz, Seyid Rza Sərraf, Hacı Əli Pərişan, Hacı
Şıxəli Tuti kimi bir
çox şairlərin, istedadlarını məhz bu sahəyə
yönəldərək, belə demək mümkünsə, mərsiyə, sinəzən,
növhə üzrə ixtisaslaşmasına əlverişli
imkan yaratmışdı. Seyid Əzim bu
şairləri məhz mərsiyə ənənələrini
yaşatdıqlarına görə təqdir edirdi. Qumriyə münasibəti bu cəhətdən
xüsusi maraq kəsb edir. Seyid Əzim qəsidələrinin
birində onu Şərq şeirinin ən görkəmli
nümayəndələri ilə müqayisə və tərif
edir. Bir neçə şeirində ortabab şair kimi qiymət
verdiyi, bəzi hallarda şeirin qayda-qanunlarını kamil bilmədiyinə
görə tənqid etdiyi Qumrini bu mərtəbəyə nədən
layiq gördüyü də qəsidədə açıq
göstərilmişdir:
Əgər
olsaydı Həssani-ərəb bu əsrdə zində
Fəsahət kəsbinə səndən edərdi iltica,
Qümri.
Sipehri gərçi
xurşidi-sipehri-nəzmdir, lakin
Olur xurşid nəzmin ərzgahında Şüha,
Qümri.
Xəlilin
gülşəni-təbi yetirməz bir güli-ziyba
Əgər
ol gülşən içrə olmasa
lütfün
səba, Qümri. (...)
Məcalislərdə,
məclislərdə təqrir etdim ol nəzmin
Oxundu hər
tərəfdə mədhinə
yüz
mərhəba, Qümri.
Olubdur cəddimin
övsafına çün təbiniz guya
Müin
olsun sənə daim Əliyyül-mürtəza, Qümri!
Səni mən
vəsf qıllam ta ki dünyada həyatım var
Neçin
kim olmusan
vəssafi-şahi-Kərbəla,
Qümri...
Davamı gələn sayımızda
Nizaməddin Mustafa
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.11.