Xalq Yazıçısı Elçinin “Baş” romanının təqdimatı olub
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında Xalq
Yazıçısı Elçinin ərəb dilində nəşr
edilən “Baş” romanının təqdimatı olub.
Respublikanın
tanınmış elm, mədəniyyət və incəsənət
xadimlərinin, Milli Məclisin deputatlarının, diplomatik
korpusun nümayəndələrinin qatıldıqları tədbirdə
Elçinin həyat və yaradıcılığına həsr
olunan videoçarx nümayiş etdirilib.
Milli
Kitabxananın direktoru Kərim Tahirov Elçinin ədəbi və
dramaturji yaradıcılığı haqqında məlumat verərək
yazıçının əsərlərinin hər birinin ədəbi
mühitdə hadisə kimi qarşılandığından
söz açıb.
Mədəniyyət
naziri Əbülfəs Qarayev görkəmli
yazıçının zəngin
yaradıcılığından danışıb. Bu günədək
Elçin haqqında bir çox sanballı kitabların nəşr
olunduğunu deyən nazir bildirib ki, yazıçının
yaradıcılığı hər zaman diqqət mərkəzində
olub. Elçinin kitablarının hər zaman oxucunun
stolüstü kitabı olduğuna diqqət çəkən
nazir Xalq Yazıçısını böyük alim, tənqidçi
və görkəmli ədəbiyyatşünas kimi xarakterizə
edib: “Elçinin fəaliyyəti həm də böyük
alim, tənqidçi, ədəbiyyatşünas kimi
genişdir. Onun əsərləri özünün
ikinci-üçüncü həyatını yaşayır,
təkrar nəşr olunur, teatrlarda səhnəyə qoyulur.
Elçin müəllim, sözün əsl mənasında,
böyük azərbaycanlıdır. Onun yaradıcılığında
tariximiz, milli köklərimiz hər zaman geniş yer tutub. O,
daim axtarışdadır, bir-birindən maraqlı əsərlərlə
oxucularını sevindirir. Mənə nəsib olub ki,
Elçin müəllimin ilk əsərlərinin oxucusu
olmuşam. Bu gün təqdimatına
toplaşdığımız “Baş” romanı da
yazıçının digər əsərləri kimi
şedevrdir, tarixi əhəmiyyətli bir əsərdir. Mən
böyük yazıçımıza bundan sonrakı
yaradıcılıq axtarışlarında uğurlar
arzulayıram”.
Dövlət
tərəfindən hər zaman Elçinin
yaradıcılığına verilən dəyərdən
danışan nazir bir neçə gün öncə Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə onun
“Şöhrət” ordeni ilə təltif edildiyini
xatırladıb. O, ordeni Xalq Yazıçısına təqdim
edib.
Xalq
Yazıçısı Elçin deyib: “Həyatının
böyük bir hissəsini sovet dövründə
yaşamış bir insan kimi deyə bilərəm ki, bu orden
və bundan öncəki ordenlər mənim üçün
adi mükafatlar deyil. Ədəbiyyatın inkişafı ilə
bağlı “İstiqlal”, mədəniyyətin inkişafı
ilə bağlı “Şöhrət” ordeni almışam, indi
də ədəbiyyatşünaslığın və tənqidin
inkişafı ilə bağlı “Şöhrət” ordeni
aldım. Bu ordenlər mənim üçün ona görə
adi ordenlər deyil ki, bunlar müasir müstəqil Azərbaycanın
ordenləridir. Bu ordenlərlə qürur duyuram. Fürsətdən
istifadə edib bir daha Prezident İlham Əliyevə göstərdiyi
diqqətə görə minnətdarlığımı
bildirirəm”.
Milli
Məclisin deputatı, akademik Nizami Cəfərov Elçinin
“Baş” romanının ərəb dilində çap
olunmasını ədəbi hadisə kimi dəyərləndirib.
O, yazıçının çoxjanrlı
yaradıcılığından danışıb, onu milli ədəbiyyatımızın
təəssübkeşi adlandırıb. Akademik söyləyib
ki, “Baş” tarixi mövzudadır və müəllifin tarixi
hadisələrə nə dərəcədə riayət
edib-etməməsindən asılı olmayaraq, bu əsər
tarixi romandır. Əsər oxucunu XIX əsrin əvvəllərinə
aparır. Bakıda və Qarabağda cərəyan edən,
Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda
bəhs olunan dövrün sosial-siyasi mənzərəsini
yaradır. Bədii sözün gücündən ustalıqla
istifadə olunan romanda müəyyən tarixi dövrdə və
coğrafi məkanda baş vermiş hadisələr həm də
yazıçı təxəyyülünün məhsulu kimi
göstərilib.
Vurğulanıb
ki, “Baş” romanının müəllifi əsərdə
özünün hansı xalqa və ədəbiyyata mənsubluğunu
dərindən nümayiş etdirib. Azərbaycan
xanlıqlarının idarə olunması, əhalinin
yaşayışı və üzləşdiyi çətinliklər,
eləcə də XVIII əsrin sonu - XIX əsrin əvvəllərində
Azərbaycan mədəni-məişət həyatı zəngin
bədii koloritlə, obrazların dili ilə oxucuya
çatdırılır, bəhs olunan dövrün bədii-etnoqrafik
mənzərəsi böyük ustalıqla
canlandırılır. Belə bir əsərin ərsəyə
gəlməsi üçün yazıçıya təşəkkür
edən N.Cəfərov ona yeni yaradıcılıq
axtarışlarında müvəffəqiyyətlər
arzulayıb.
Misir
Ərəb Respublikasının ölkəmizdəki səfiri
Adel İbrahim Ahmed İbrahim çıxış edərək
romanın məziyyətlərindən danışıb. Səfir
ölkəsində nəşr edilən “Baş”
romanının misirli oxucular arasında geniş şəkildə
mütaliə edildiyini söyləyib: “Əsərdə
mövcud gerçəkliyin milli mənəviyyat
baxımından araşdırılması, milli koloritin
üstün istiqamət kimi götürülməsi onu deməyə
əsas verir ki, “Baş” romanı həm də azərbaycançılıq
ideologiyasına xidmət edən dəyərli
yaradıcılıq nümunəsidir. Belə bir əsəri
ərsəyə gətirən yazıçıya yalnız təşəkkür
düşür”. Səfir Adel İbrahim Ahmed İbrahim Misirin
Ali Təhsil Nazirliyinin ordenini Elçinə təqdim edib.
Elçinin
zəngin yaradıcılıq irsindən söz açan
ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu
bildirib ki, Elçinin romanları və ümumiyyətlə,
yaradıcılığı müasir dünya ədəbiyyatında
özünəməxsus yeri olan parlaq sənət nümunələrindəndir.
Vurğulanıb ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi
həyatında Elçinin yaradıcılığı
böyük əhəmiyyət kəsb edir.
Çıxışlarda
qeyd edilib ki, çağdaş milli nəsrimizin və
dramaturgiyamızın istedadlı nümayəndəsi,
görkəmli ictimai xadim, Xalq Yazıçısı
Elçinin bədii əsərləri təkcə Azərbaycanda
deyil, həm də dünya ölkələrində sevilə-sevilə
oxunur, əldən-ələ gəzərək neçə-neçə
oxucu nəsli arasında mənəvi körpü yaradır. Altmışıncı
illərin əvvəllərində ədəbiyyata gələn
istedadlı qələm sahibi elə ilk hekayələrindən
fərdi üslubu, özünəməxsus yazı
manerası, həyat hadisələrinə orijinal
baxışı ilə diqqəti cəlb edib.
Tədbirin
təşkilində əməyi olan hər kəsə minnətdarlığını
ifadə edən Xalq Yazıçısı Elçin
romanın nəşrində böyük əməyi olan
Misirin ölkəmizdəki səfirliyinə təşəkkürünü
bildirib.
Ədəbiyyat qəzeti.- 2018.-
2 iyun.- S.3.