Fərid Hüseynin "Bir də heç
vaxt"ı
Fərid Hüseynin "Bir də
heç vaxt" şeirlər toplusunu oxudum və kitab məndə
gözəl hisslər, xoş təəssüratlar
yaratdı. Bu şeirləri
oxuduqca insan düşünür, misraların alt mənalarını
anlamağa çalışır. Müəllifin bəzi
şeirləri insanı keçmişə aparır, bəziləri
bugünümüzə bağlayır, bəziləri isə
gələcəkdən soraq verir...
Kitabın adı çox xoşuma gəldi
- "Bir də heç vaxt"! Böyük ehtimal, bu adı
eşidən bir çox insanın ağlına ilk öncə
neqativ fikirlər gələcək. Ümumiyyətlə,
şair kitabına ziddiyyətli bir ad seçib. Oxucuda həm
müsbət, həm də mənfi fikirlər yarana bilər.
Məsələn: Bir də heç vaxt sevməyə bilərik
və ya bir də heç vaxt hər hansısa səhvimizi təkrarlamarıq
və s. Bu fikirlərin hansının daha üstün
mövqedə duracağı isə hər bir oxucunun öz
düşüncəsinə, daxili aləminə,
yaşantılarına bağlıdır.
İnsan yaşadıqlarını,
hiss etdiklərini yazmalıdır. Çünki belə əsərlərin,
şeirlərin oxucuda oyatdığı təəssüratlar
da səmimi olur. Əgər bir şey bizi düşünməyə
vadar edirsə, deməli, oxuduqlarımızın bizim
üçün bir faydası var. Bəlkə də, Fərid
Hüseyn yaşadıqlarını, hiss etdiklərini yaza
bildiyi üçün onun şeirləri mənə
maraqlı gəldi.
"Bir də heç
vaxt" şeirlər kitabı bir neçə başlıq
altında toplanan şeirlərdən ibarətdir. Hər hissədən bir neçə
şeir nümunə göstərərək fikirlərimi
bölüşəcəm.
Şəhərlər, şeirlər...
Kitabdakı bu hissədə şair ölkə xaricində,
başqa-başqa şəhərlərdə öz dərdinə,
suallarına cavab tapmaq istəyir. Bu şeirlərdə ən
çox yaralı qəlbi, sevgidən yarımçıq
qalan birinin hisslərini və müharibələrin insanda
buraxdığı izləri görə bilərik.
Bu
dünyada bir ömrü boyu
gözəl yaşamaq çətindir deyə
çəkdirdiyimiz şəkillərdə
bircə
an gözəl olmağa çalışırıq.
hər
şəkildə gülümsəyə-gülümsəyə
ölümlə barışırıq.
Çəkdirdiyimiz şəkillərin sayı o qədərdir
ki, həqiqətən də getdiyimiz hər yerdə həyatın
dadını çıxarmaq, onu yaşamaq yerinə, həmin
anları foto çəkməklə dondurmuşuq. Şəkillər gözəldir,
baxdıqca bizə sevdiklərimizi, xatirələrimizi,
acılarımızı, sevinclərimizi xatırlada bilər,
ancaq bunları sırf həmin şəkillərə
baxdığımız an
xatırlamaqdansa, hər zaman yaddaşımızda, qəlbimizdə
daşımaq daha gözəldir. Və
doğrudan da, bəzən həyat bizi yorsa da, çəkdirdiyimiz
şəkillərdə sırf gözəl düşmək
üçün yalandan da olsa gülümsəyirik. Əslində,
bu saxta gülümsəmələrlə özümüz özümüzü
aldatmış oluruq...
"Moskva
gülləri" şeirindən bir hissəyə baxaq:
Dünya - bu qədim qəbiristanlıq gülür bizə.
Bizim bu
dünyagirliyimizə,
"ölümsüzlüyümüzə".
İnsanları gerçəklər yox, xəyallar
yaşadır.
Odur ki, ilk insan qətlini ustufca unutmuşuq.
"Qahirə
qədəri" şeirində isə müharibənin
insanda yaratdığı dəhşətlərdən
danışılır, bəşər övladının
savaşlardan çəkdiyi acılar göstərilir:
Deyirlər
gözlərin olsa da, qürbətdə korsan:
Doğrudan
da, belədir...
Korun
qaranlığı danışmasıdır bu şeir...
İnsan nə qədər başqasının
acılarına yansa da, onu hiss etməyə
çalışsa da özgəsinin hisslərini tam anlaya
bilmir. Nə
qədər başqalarının ağrılarını,
acılarını duya bilsək də, bir o qədər bəzi
şeyləri gözardı edəcək qədər koruq...
Şairin "İstanbul sənsizliyi" şeirində
isə nakam sevgidən, eşq axtarışından bəhs
olunur. Poetik qəhrəman İstanbulda hara getsə orada
sevdiyini xatırlamaq, onu görmək istəyir. Amma heç yerdə axtardığı adamı
tapmır. İstanbula səyahət
adıyla ayaq bassa da, əslində, o, sadəcə yaralı qəlbi
ilə bura pənah gətirib.
Zindan şeirləri
Şair bu hissədə həm sevginin
açdığı yaraları, həm də həqiqi
zindana məhkum olanların yaşadıqlarını göstərməyə
çalışıb.
Həqiqətən də, sevgisiz həyat bir
zindandır. Sevginin olmadığı yer "dörd divar"dır.
Əslində, həyatımızı
"dörd divar"a döndərən də
özümüzük. Biz sevgini çox
vaxt bir insanda axtarırıq.
Bu hissədə "Sükut" şeirində
"Qaranlığa oyanıb kor olmuşam bəzən"
misrası diqqətimi çəkdi. Bəzən sevgimizə
qarşılıq ala bilmədiyimiz üçün
qaranlığın içindəki aydınlığı
görə bilmirik. Əgər gecələri
aydınlandıran Ay və ulduzlar, qaranlıq otaqları
nurlandıran bir işıq varsa, deməli, hər insanın
içində də bir ümid yaşayır. Ancaq çox zaman insanlar öz içlərindəki
bu ümid işığını görmək istəmirlər.
Azadlıqda olan insanlar öz həyatlarını
zindana döndərərkən, zindanda olan insanlar azadlıq
eşqiylə yaşayırlar. Eyni düşüncəni
şairin "Zindan haykuları" silsiləsindəki bu
misralarında da görmək olar:
Azadlıqda
sevdiyi musiqiləri
Dinləyir
hələ də
15 il cəza çəkən məhbus.
Bu
misralardan da görürük ki, dörd divar arasında olan
biri, ümidlə yaşaya bilirsə, azadlıqda olan insan da
belə ola bilər.
Liriklər və antiliriklər
Bu hissədə şair duyduğu sevgi hissindən, bu
hissin sevdiyi insanın taleyində, ömründə
buraxdığı izlərdən bəhs edir. Hər misrada,
hər bənddə yaralı qəlbin acılarını duya
bilərik. "Ömür" şeirində
poetik qəhrəmanın həyatdan küsdüyü nəzərə
çarpır. O, özünü tək hesab edir, hətta
təkliyin elə həddinə çatıb ki, hər
şey gözünə iki görünür. Belə hallarda,
insanın özü belə 2 hissəyə ayrılır:
özünü kəşf etmiş olan və özünə
belə sirr qalan adam. Özünü
kəşf etmiş olanlar çətin də olsa, bu
ağrılardan, acılardan qurtula bilirlər. Bunu
bacarmayanlar isə aynaya baxdıqda yalnız özlərini və
acılarını görürlər, aynanın əsas
funksiyası onlar üçün əhəmiyyətini
itirir...
"Ölüm deyil" şeirində
qadınlarsız kişilərin həyatının çətin
olacağı qabardılır. Poetik qəhrəman bu
şeirdə, əslində, öz suallarını özü
cavablandırır. Bir yandan qadınsız
yaşamağın rahat olduğunu desə də, sonda bunun
yalan olduğunu gizlətmir:
Ölüm deyil bir qadının yoxluğu.
Ən uzağı soyuq yemək deməkdi.
Ən
ötəsi, həvəssizcə əyninə,
Təzə, amma qırış köynək geyməkdi.
"Sənsizlik" şeiri də nakam məhəbbət
duyğuları haqqındadır. Poetik qəhrəman burada da,
qadına yüksək qiymət verir:
Səndən
qaçmaq,
Fərarilik olmaq olmur.
Sən
göstərdin ki,
Qadın
kişiyə bir cüt qabırğa əvəzində
Bütün canını verə bilər.
"Sevgililər günü" şeirində sevdiyi
insan yanında olmasa da, qarşı tərəfin onu
unutmadığını görürük. Əsl sevgi sevdiyin yanında
olmasa belə, onu ətrafındakı hər şeydə duya,
bütün gözəlliklərlə vəhdətdə
görə bilməkdir:
Dünən
sevgililər günü idi,
Sənə
gül almadım,
Amma bir gül alıb əkdim.
Əlillərin
ayaq səsi duyulurdu -
O səslərdən
bildim ki, sevgi itmir.
Şairin "Bir anda" şeirini isə digərlərindən
fərqləndirən cəhət, mənim fikrimcə, burada
onun nikbin düşüncələrinin üstün
olmasıdır.
İnsanın
"içində" ürək,
Ürəyin
içində sevgi,
Sevginin içində sevdiyin.
İnsan
hərdən "sevirəm" deməyə
vaxt
tapmır - ölür.
Əslində,
sevmək də, ölmək də
Zamansızlığın içində gizlənir.
Saat, dəqiqə,
saniyə, şərti zaman ölçüləridir,
Sevmək
də, ölmək də bir anda olur,
Bir anda...
Qəlbin tərbiyə dərsləri
Bu hissədə şair həyatın insana
yaşatdıqlarından, onu kamilləşdirməsindən danışır. Gördükləri,
yaşadıqları onun qəlbini tərbiyə edib - həyatı
başa salıb. Artıq o, ağrı-acını hiss
etmir, əksinə onlar olmadan həyatının mənasız
keçəcəyini bilir. Bütün xoşbəxtliklərinin
uşaqlıq illərində qaldığını deyir.
O, dünyadakı bütün fəlakətlərin səbəbini
insanda görür. İnsan bu ağrı-acıların içində
yetişir, vicdanı ilə hesablaşmalı olur. Nəfsinin müəllimi, vicdanının şagirdi
olur. Bunu "Yusif Peyğəmbərə
danışdığım yuxu" şeirində də
görə bilərik:
Ürəyi
cana bərkidən sapı qırır nəfs,
Və içindəki incilər səpilir yerə.
Bir
ömür hamı vicdanın tələbəsidir,
"Qəlbin tərbiyə dərsləri" bitmir.
Yəqin
bundandır ki, insan əcələcən özüylə
"Qurd dostluğu" edir.
İnsan ömür boyu özünün
axtarışında olur. Özünü
tanımağa, kəşf etməyə
çalışır.
Yusif, sənin
xilasın səhradan eşidilən səs oldu,
Mənsə hələ də içimdəki quyuda
karam.
Nə cənnət
ülfəti görürəm,
nə
cəhənnəm nişanəsi -
...
Allahı çağırıram...
İnsan axtarışlarında doğru nəticə əldə
etmək istəyirsə, o, Allaha yönəlməlidir. Bütün
qapıların açarı yalnız Xudadadır.
"Bağışlamaq"
şeirində isə şair bildirir ki, insan ömrü boyu,
necə ki, Allahdan bağışlanmağı istəyir, eləcə
də bağışlamağı bacarmalıdır:
Tanrıya
sevgi tövbəni pozmamaqdı,
Bəndəyə sevgi hər dəfə
bağışlamaqdı.
Səni
aldadanın da,
Səni ağladanın da taleyidir günahı.
Ürəyini
açmalı, əlini uzatmalı,
Özgənin
günahına öz suçuntək ağlamaq -
Bağışlamaq
hamını,
Hər dəfə bağışlamaq.
Bağışlamaq
lazımdır, amma haqsızlıqlar qarşısında
susmaq yox...
"Qocayla söhbət" şeiri - burada qoca və
cavan arasında dialoq təsvir edilib. Burda gənc həyatı
anlamaq üçün qocaya suallar verir. Qoca ona həyatda
düzgün yaşamağın yollarını nişan verir: "Elə yaşa, kəsilmiş
ağaclar girməsin yuxuna, sular ağlamasın
ağacların ardıyca".
İnsan elə yaşamalıdır ki, kimsənin
haqqına girməsin, hətta bircə qarışqanın belə. Vicdanı ilə
yaşamağı bacarmalıdır ki, elədikləri onun
qorxulu yuxusuna çevrilməsin. Cavanın "illər
unudurmu heç?" sualına Qoca: "Sənə baxanda
özümü xatırlayıramsa, bunun harası oldu
unutmaq?" cavabını verir. Keçmiş hər
zaman bizimlədir. Keçmişini unutmaq
istəyən insan gələcəyə sağlam
körpülərlə gedə bilməz. Keçmişini
xatırlayıb ondan nəticə çıxaran insanlar bu
körpüdən ayaqları büdrəmədən keçə
bilərlər.
Müharibə
Bu hissəyə
3 şeir daxil edilib: "Müharibənin sözü",
"Müharibənin göz yaşları",
"Müharibə sükutu". Həmin
şeirlərdə şair müharibənin fəlakətlərindən,
ağlasığmaz dəhşətlərdən ürək
ağrısı ilə danışır. Beşgünlük oğlu ölmüş ata,
sevdiyi oğlanın məzarı üstündə ağlayan
qız, bətnində ölmüş körpəsini
ağlayan ana və s. Böyük ehtimal şair müharibəni
gördüyü üçün bu hissləri dolğun təsvirlərlə
verə bilib. Oxuduqca həmin
acınacaqlı səhnələr göz önünə gəlir.
Minimalist poeziya
Bu hissə isə həcmcə
kiçik, aforizmi xatırladan poetik silsilə toplanıb:
Bir saat əvvəl
əzizlənən uşaq
Bir saat
sonra döyüləndə
Anladı ki, sevgi müvəqqətidir.
***
Kağızdan
gəmi düzəldəndə bilirdim,
Uzaqlara
getməyəcəyəm
Kağızdan gül düzəldəndəsə
bilmirdim.
Sevgimiz
oyuncaq olacaq...
***
Böyüklüyünə
şükür, Tanrı,
Şeytanı da mələk yaratmısanmış.
***
Saçlarına
rəng qoy deyirik, ana,
Bəlkə
bu, səni çox sevdiyimizdən deyil,
Biz öz günahlarımızı ört-basdır etmək
istəyirik.
Gördüyümüz
kimi, bu hissədə şair həyatın bir çox məqamlarına
- sevgiyə, anaya, Tanrıya, dinə və s. dair fikirlərini
qısa poetik lövhələr şəklində oxucuya
çatdırılıb.
Sonda...
Şair bu kitabda həyatın demək olar ki, hər dönəminə toxunub. Oxuduqca bəlli olur ki, o, bu şeirləri dərin hissiyyatla yazıb. Yəni qələmə aldığı duyğuların çoxu onun şəxsi hissləridir. Fəqət o, bunu elə bir şəkildə qələmə alıb, elə məharətlə ifadə edib ki, bu şeirləri hər kim oxusa mütləq öz daxili dünyasına enəcək və oradakı şəxsi qənaətləri, fikirləri haqqında düşünməyə başlayacaq. Onun qələmə aldığı şeirlər, hər üç zaman forması ilə - həm keçmiş, həm bu gün, həm də gələcəklə səsləşir. Şair bu kitaba daha çox kədər dolu şeirlərini cəm edib, amma bunları həyat həqiqətlərinə uyğun olaraq, heç bir rəngə boyamadan yazıb. Əgər bu şeirləri oxuyarkən düşünməyi bacarırıqsa, deməli, onları oxunmağa dəyər. Və ən əsası da budur ki, biz bu şeirləri oxuduqca dünya, həyat haqqında fikirlərimiz yeni, maraqlı məcraya yönəlir.
Nərminə Həsənova
Bakı Mühəndislik Universiteti
pedaqoji fakültəsinin II kurs tələbəsi
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.31.