90-cı illərin əvvəlləri türkmən ədəbiyyatına eksklüziv nəzər

 

1980-ci illərin ortalarından keçmiş SSRİ-də geniş vüsət almış yenidənqurma siyasəti nəinki ideologiya, iqtisadiyyat, mədəniyyət, həm də ədəbiyyatın inkişafına öz fərqli təsirini göstərməyə başladı. Bu, heç də yalnız Sovetlərin mərkəz hissəsində hiss olunmur, həm də Cənubi Qafqaz, Orta Asiya və Qazaxıstan regionunda da özünü büruzə verirdi. Proses Türkmənistanda da öz milli xüsusiyyətləri ilə ortaya çıxırdı. Çünki bu dövrdə siyasətdə və ideologiyada özünü daha qabarıq şəkildə əks etdirən nöqsanlar cəmiyyətdə də susqunluqla qarşılanmırdı. Uzun zaman kəsiyində sosialist realizmi cərəyanının qəlibləri daxilində doğulub inkişaf edən ədəbiyyat artıq onun hüdudlarına sığmır, həmin qəliblərin hüdudlarından kənara çıxmağa daha çox meyillənirdi. Belə vəziyyət həm   türkmən yazıçılarının yaradıcılıq istiqamətlərinin mahiyyəti ilə bağlı olurdu.

1990-cı illərin əvvəllərindən türkmən ədəbiyyatında əksər janrlardan daha çox operativliyilə fərqlənən publisistika digər janrları önləyirdi. Bu zaman publisistikada istedadlı jurnalist Tacgəldi Qutluyevin imzası daha yetərincə və tez-tez görünürdü. Onun "Hesablı dost uzağa gedər" ("Kasaply dost uzağa gider") və digər publisist məqalələrini, "İttifaq və müstəqillik" ("Soyuz hem Qaraşsyz lyk") mövzusunda nəşr etdirdiyi kitabını oxucular böyük rəğbətlə qarşılamışdılar. Tacgəldi Qutluyevin publisistik məqalələrinə olan belə coşğun maraq ilk növbədə onun cəmiyyətdə qadağan edilmiş məsələlərlə bağlı aydın-açıq fikir yürütməsinə görə idi. O, məqalələrində SSRİ, onun struktur və məzmununda olan əyintilər, müstəqil respublikalara fərqli, ögey-doğma münasibət, mərkəzin ağalıq iddiasında olması ilə əlaqədar nəzər nöqtəsini həmin dövrdə çap etdirmək üçün özündə cəsurluq hiss etməsi ilə bağlı idi.

Ümumiyyətlə, təhlilə cəlb etdiyimiz dövrdə türkmən publisistikası həmin mərhələdə bir sıra uğurlar əldə etmişdi ki, bunun da başlıca mənbəyi B.Ankarovun, A.Nuriyevin, N.Xocagəldiyevin və başqalarının yaradıcılığına söykənirdi. Anna Paytıgin "Ədəbiyyatımızın ağsaqqalı" ("Edebiyatymyzyn aksakaly"), Şirincəmal Gəldiyevanın "Ustadlarım və özüm haqda" ("Halypalarym hem özüm haqda"), Qurbanyaz Daşqınovun "Şirin dilli ustadım" ("Şirin tilli ussaydım") "Sözlər sevişəndə" ("Sözler söyşende"), Tirkiş Sadıqovun "Xalqını ucaldan şair" ("Halkyny biraz beygeldip biljek şayır") və başqalarının bir sıra məqalələri məhz 90-cı illərin əvvəlləri türkmən publisistikasının güclənməsindən xəbər verirdi.

Bu dövrdə türkmən nəsrinin canlanması da kifayət qədər relyefli görünürdü. Belə ki, bir sıra türkmən yazıçılarının (R.Esenov "Çürümək" (Çüyremek), O.Yağmur "Duman çəkiləndə" ("Duman dağanda"),  G.Danatarov "Qara ekran", H.Meləyev "Yolunu azmış atlı" ("Melgun atly") və  başqalarının) kiçik çaplı əsərlərində doğma cəmiyyətdə yer almış nöqsanlar açıq-açığına göstərilirdi. Ömrünün əsas hissəsini sovet dövründə keçirmiş başqa bir türkmən yazıçısı B.Xudaynazarov "İnsafın yarası" ("Ynsabyn yzasy") romanında insaf, vicdan, əxlaq məsələlərini təsvir zamanı ön plana çəkirdi. Onun həm bu, həm də digər əsərləri dilindəki yeniliyi, aydınlığı və axıcılığı ilə diqqəti cəlb edirdi. Romanın baş qəhrəmanı insaf olsa da, həm də burada başqa bir baş qəhrəman Allanur ağanın insaf qarşısında pak yaşamağa çalışdığı görünməkdədir. Onun belə xarakteri oğulları Mədəminə və Atayada keçib. Onların hamısı insaf qarşısında pak olmaqda israrlıdır. Eyni zamanda həm də yerindən asılı olmayaraq, öz doğru sözlərini harada olsa deməyi bacaran insanlardır. Allanurun oğulları ədəbli-əxlaqlı olduqlarından, əsərdə onların başqalarından da əxlaq, ədəb, ədalət gözləmələri də məntiqə uyğun görünməkdədir.

Atay ədəb-ərkanlı batır olmaqla yanaşı, həm də olduqca ağıllı və cəsarətli bir igiddir. Romanda müsbət və mənfi surətlər bolluğu var. Mənfi personajlardan biri Esen oxucuda özünə daha çox hiddət yaradanlardandır. O, binamusdur, əxlaqsızdır. O, arvadının əxlaqsızlıq etdiyini bilsə də, bunu görməzliyə vurur. Onun belə davranışı Allanur ağanın ürəyini bulandırır. Esenin arvadı Artıqcəmal isə sanki haramlıq etməyi də dərk etmir. Onun öz fəlsəfi-etik, mənəvi-əxlaq dünyası mövcuddur. Çünki ona namus, halallıq kimi anlayışlar tamamilə yaddır. Bir ədəbi personaj və insan kimi onun mənəvi dünyası və həyat fəlsəfəsi yalnız dəbdəbəli geyinməkdən, bəy kimi eyş-işrətdə yaşamaqdan ibarətdir. B.Xudaynazarovun əsərində diqqət mərkəzinə təqdim etdiyi problematikalar həmin dövrdə əxlaq, insaf, mənəviyyat məsələləri və s., həm də digər çoxsaylı türkmən yazıçılarının əsərlərində geniş yer almışdır. Elə buradaca bu istiqamətdə başqa türkmən müəllifi Araz Yağmurun "Duman çəkiləndə" romanının qəhrəmanı Bayrı da ədalət uğrunda mübarizə aparan koloritli obraz kimi qeyd olunmalıdır.

Anna Paytıq da özünün "Mübarizənin qızışması" ("Darkaş") romanında dövrün səciyyəvi xüsusiyyətlərini ustalıqla təsvir mərkəzinə qoyur. Romanın başlıca problematikası türkmənlərin taleyi, türkmən əxlaqı, türkmən elmi düşüncəsi, türkmən ekologiyası, tükmənlərin bir xalq kimi təbliği və s. məsələlərlə bağlıdır. Romandakı hadisələr öz başlanğıcını XX əsrin 30-cu illərindən götürür. Əsərin baş qəhrəmanlarından biri Qumlugözəl Çərkəzovnadır. O, 30-cu illərdə Qaraquma, bu səhranın landşaftına, onun adına vurulub işləməyə gələn rus qızı geoloq Qalınanın - Qumluqgözəlin iqbalının sonrakı səhifələri məhz onun bu torpaqda kamala yetişməsini əks etdirir. Qumlugözəl türmən igidinə dönüb cəsurluq və uzaqgörənlik nümayiş etdirməklə, türkmən çölünü, türkmən səhrasını elmi nöqteyi-nəzərdən öyrənməyə səy göstərir. Əsərin mahiyyətində Qaraqum çölündə baş verən hadisələrdə insaf və insafsızlığın insanların düşüncəsində hansı şəkildə cərəyan etdiyi göstərilir. Bu problemlər romanın aparıcı personajları Ağa Ballıyevin, Ağtelpek ağanın, Qumlugözəl Çərkəzovanın, Ömər Soltanoviçin, Qara Durdıyevin, Xurmanın, Qiyasın, Ojarberdinin, Ajap ejənin, raykom katibi Palvanovun və başqalarının hərəkət və davranışlarında aydınlaşıb ortaya qoyulur. Romanda hadisələr Aşqabadda və Repetekdə cərəyan edir. Qumlugözəl Çərkəzovna Qaraqumun yerüstü sərvətlərini öyrənən yüksək intellektli qadın akademikdir. Onun qızı Xurmagözəl isə elmi-tədqiqat işləri aparmaqla məşğuldur. Əsərdə iki etik-mənəvi düşüncə daşıyıcıları üz-üzə dayanıb. Burada Qumlugözəl Çərkəzovna, Ağa Ballıyev, Qiyas insaf, vicdan və əxlaq daşıyıcıları olsa da, Qara Durdıyev, Ömər Soltanoviç və Palvanov onlara qarşı dayanan tiplərdir. Məsələn, Ömər Soltanoviçin düşüncəsi yalnız mənfəət, qazanc əldə etməyə istiqamətlənib. O, akademik Qumlugözəl Çərkəzovanın qızı Xurmayla evlənib, onun kölgəsində kölgənməyi və adlı-sanlı adam olmağı qarşısına məqsəd qoyub. Namizədlik dissertasiyasını da özü yazmayıb, başqasına yazdırmaqla, haram yol tutub. Əsərin lap sonlarında onun dissertasiyasını Qiyasın yazdığı məlum olur. Rayon partiya komitəsinin katibi Palvanovun şəxsində yazıçı sovet dövrünün nadan  partiya funksionerlərinin surətlərini ustalıqla cəmləşdirə bilib. Palvanovu pambıqdan başqa heç nə düşündürmür. Ümumiyyətlə, müəllif bu əsərdə sovet dövrünün əyintilərinin realist və relyefli təsvirdə təqdim edilməsinə nail ola bilib. Əsərin sonunda oxucu türkmən cəmiyyətində yer almış əyintilərin, roman yazılana qədər üstü bağlı qalmış cinayətlərin, təzə-tər ruhlu bədii nümunənin dünyaya gəldiyinin şahidi olur.

Bəhs etdiyimiz dövr türkmən nəsrinin nümunələrindən söhbət düşmüşkən Q.Danatarovun "Qara ekran" povestini də qeyd etməyə ehtiyac vardır. Əsər 90-cı illər türkmən cəmiyyətinin bir sıra köklü problemlərini diqqət mərkəzinə çəkmək baxımından səciyyəvidir. "Qara ekran"la tanışlıq zamanı həmin mərhələdə türkmən cəmiyyətində yer almış neqativ halların əsaslı şahidi oluruq. Povestin bütün mətnində fəaliyyəti ilə seçilən əsas qəhrəman Juvan türkmən ədəbiyyatında yeni qəhrəman tipi kimi xarakterizə olunmağa layiqdir. Burada mənəvi müstəvidə Xeyirlə-Şər arasında gedən mübarizədə Şər Xeyirə üstün gəlir. Minilliklərin dolanbaclarından gələn bu tipik düşmənlərin mübarizəsi yazıçı tərəfindən bir qədər fərqli müstəvidə həllini tapır. Povestin dili aydınlığı, cümlə və ifadələri yapışqanlığı, üslubusa özünəməxsusluğu ilə seçılməsinə baxmayaraq, müəllifin məzmun və mahiyyət axtarışları da yetərincə novatorluğu ilə fərqlənməkdədir. Q.Danatarovun povestində Juvanın timsalında Xeyir və Şərlə bağlı mülahizələr yeni dövrün  tələbləri mövqeyindən işıqlandırılır. Burada obrazlar da fərqli üslubda göz önündə canlandırılır. Məsələn, əsərdəki personajlardan biri Məlikənin dilində müasir şəhərli qızının danışıq və davranış tərzi özünü büruzə verir. Əsərdə bütün təsvirlər canlı olmaqla, cəmiyyətdə gedən prosesləri müəllifin müşahidəli qələmi ilə ortaya qoyulması diqqət çəkir.

Yuxarıda qeyd etdiklərimiz bir daha sübut edir ki, doğrudan da 1990-cı illərin əvvəllərində türkmən ədəbiyyatında bir sıra yeni xüsusiyyətlər özünü daha aydın göstərmişdir ki, orada milli ədəbiyyat nümayəndələri öz əsərlərini sosialist realizmi qəliblərindən çıxarmaqda israrlıydılar. Siyasi publisistika daha çox işlək janr kimi ön plana keçirdi. Dramaturgiyada və nəsrdə türkmənlərin tarixi ilə bağlı məsələlər daha çox gündəmi zəbt edirdi. Sovet dövründə qadağa və senzura altında olan mövzulara xüsusi önəm verilirdi. Sənətkarlar milli ədəbi irsin yenidən öyrənilməsinə daha çox can atırdılar.

 

 

Nizami Tağısoy

                                                   

Ədəbiyyat qazeti.- 2018.- 2 iyun.- S.29.