QARĞA
O qalıncildi, əcaib kitabları düşünərək,
Gecəyarı oturmuşdum yorğun-arğın,
hələ oyaq.
Elə yuxu gələn anda, taqqıltı eşitdim birdən,
Kimsə döyürdü qapını
ehmallıca, çox utancaq.
"Qonaq gəlib," fikirləşdim, "Ziyarətə
gəlib qonaq,
Başqa
kim olar
ki, bu vaxt?"
Ah, dəqiq xatirimdədir, bir dekabr gecəsiydi,
Döşəmədə əks edirdi şölələnib yanan
ocaq.
Dan sökülsün istəyirdim,
ölüb getmiş Lenorumun
Buraxdığı ağrıların çarəsini
axtararaq.
Mələklərin çağırdığı
Lenorum qayıtmayacaq,
Gəlməyəcək bir də heç
vaxt.
Bənövşəyi pərdələrin
xışıltısı, əvvəllər hiss
Etmədiyim bir qorxuya saldı məni, sən işə bax!
Həyəcanım yatsın deyə,
ayağa durdum və dedim:
"Ehmalca qapını döyür, mütləq
gecikmiş bir qonaq,
Gec gəldiyiyçün utanan,
hansısa gecikmiş qonaq,
Başqa
kim olar
ki, bu vaxt?"
Tezliklə özümə gəlib
utana-utana dedim
ki:
"Qadınsınız, yoxsa kişi, bağışlayın
məni ancaq.
Elə yavaş döydünüz
ki, otağımın
qapısını,
Elə yavaş döydünüz
ki, mən yuxuya getdiyim vaxt,
Çaşıb qaldım." Mən qapını aralayıb baxdığım vaxt,
Zülmət gecə gördüm ancaq.
Gözlərimi qaranlığa dikib
baxmağa başladım,
Ürkək nəzərlərlə baxdım,
qorxub ehtiyatlanaraq.
Sükut
hakimdi ətrafda, havada tərpəniş yoxdu,
Pıçıltıyla bircə kəlmə Lenor dedim, bir söz
ancaq,
Pıçıltımın əks-sədası
qayıtdı qanadlanaraq,
Lenor eşidildi
ancaq.
Yerimə
qayıdan kimi yenə taqqıltı eşitdim,
Əvvəlkindən daha güclü, əvvəlkindən daha şaqraq.
"Əlbəttə ki," fikirləşdim, "Pəncərədən
gəlir bu səs,
Ürəyim də sakitləşsin,
baxım, qorxu düşsün uzaq,
Yəqin
küləkdir çırpılır
pəncərəyə taqqataraq,
Başqa nə olar ki,
bu vaxt?"
Pəncərəni açan kimi, müqəddəs günlərdən
qalma
Qarğa uçdu otağıma, elə bil gəlmişdi
qonaq.
Heç
mənə fikir vermədi, çox incə bir hərəkətlə,
Uçdu
qapının üstünə,
qanadlarını çırparaq,
O Palladanın büstünə
qanadlarını çırparaq
Oturub qaldı
daş sayaq.
Qara Qarğanın varlığı,
cəsarəti, görünüşü
Həyəcanımı qaçırtdı, gülümsədim
toxdayaraq.
"Baxmayaraq ki, yolunub," dedim, "Başında tüklərin,
Çox da qorxulu deyilsən,
sən gəlmisən
bizə qonaq.
Ölüm sahilində səni çağırırlar hansı
sayaq?"
Qarğa
baxıb dedi: "Heç vaxt!"
Heyrətləndim mən Qarğanın
dil açıb danışmağına,
Dediyinin mənasını başa
düşməsəm də
ancaq.
Əlaqəsiz cavab idi, burası da var insanın
Qapısına belə bir quş,
qonaq olub gəlməz hər vaxt.
Qanad çalıb
Palladanın büstü
üstə qonmaz hər vaxt.
Qarğa qonaq gəlməz heç vaxt.
Bəlkə də mənasız
deyil dediyi bu iki kəlmə,
İçindəki niyyətindən
Qarğa verdi
mənə soraq.
Bunu deyib yenə susdu, mən danışdım əvəzində:
"Dostlarım getdi yanımdan, məni tək-tənha qoyaraq,
Sən də sabah gedəcəksən, məni tək-tənha qoyaraq."
Qarğa
baxıb dedi: "Heç vaxt!"
Sükutdan səksənib dedim:
"Yəqin ki, əzbərləmisən,
Bu sözlər yadigar qalıb, yaddaşına həkk olaraq
İnsafsız bir fəlakətin haqladığı sahibindən.
Sən bu sözləri deyirsən, aramsız təkrarlayaraq,
Düşünmədən, fasiləsiz, aramsız təkrarlayaraq."
Qarğa
baxıb dedi: "Heç vaxt."
Daima mənimlə olan kədər, qüssə itib getdi,
Kreslo çəkib
oturdum, balışı
rahatlayaraq.
Keçmiş əsrlərdən qalan Qarğa düz qabağımdaydı.
Qarğa
haqda fikirləşdim,
dərin xəyala dalaraq,
O dediyi kəlmələri beynimdə dolandıraraq.
Necə deyirdi o? "Heç vaxt."
Atəşli gözləri indi
sinəmi didib-dağıdan
Qarğa haqda fikirləşdim, dərin xəyala dalaraq.
Birdən
ağırlaşdı başım,
düşdü balışın
üstünə,
Məxmər üzlü balışımın,
hədsiz rahat, hədsiz yumşaq.
Daha Lenorun əlləri balışa
toxunmayacaq.
Dəyməyəcək bir də heç
vaxt.
Elə bil ki, əks-səda
verən addımları
ilə
Mələk keçdi qabağımdan,
əlində ətirli
çıraq.
Hirslənib özümə dedim:
"Tanrının yazığı
gəlib,
Göndərib mələklərini, özünə gəl deyə, axmaq!
Özünə gəl, o kədərli xatirədən qurtularaq."
Qarğa
baxıb dedi: "Heç vaxt!"
"Ey müqəddəs varlıq," dedim, "Uğursuz quşsan, ya şeytan.
Bəlkə elə cəhənnəmdən
gəlmisən yanıma
qonaq?
Danışırsan, çıxır səsin
qorxu dolu otağımda.
Mənim nicatım hardadır, nə olar ki,
versən soraq?
Dərmanım o dünyadadır, bəlkə,
mənə versən soraq."
Qarğa
baxıb dedi: "Heç vaxt."
"Başımızın üstündəki
Tanrını sevirsənsə
de,
Ey müqəddəs varlıq,"
dedim, "Kədərimi
azaldaraq.
Ruhum uçub o dünyada, gözəl cənnət bağlarında
Lenorla görüşəcəkmi,
arzu-kamına çataraq?
Mələklərin çağırdığı Lenorla qarşılaşaraq?"
Qarğa
baxıb dedi: "Heç vaxt!"
Durub qışqırdım ki:
"Uç get, tərk
et mənim otağımı,
Ölüm sahilinə qayıt, küləklərə qoşularaq.
Xatirə də qoyma burda,
bir lələyin də qalmasın.
Tənhalığımı pozma, get, uçub get, qanad çırparaq,
Dimdiyini ürəyimdən çıxart,
get, qanad çırparaq."
Qarğa
baxıb dedi: "Heç vaxt."
Palladanın büstü üstə
yerini də rahatlayıb
Sakitcə oturub Qarğa, əhvalını pozmayaraq.
Xəyal
quran bir İblisin gözləriylə
mənə baxır,
Düşür divara kölgəsi,
titrəşərək, oynaşaraq,
O kölgədə üzən
ruhum, əsarətdən
çıxmayacaq.
Çıxa bilməyəcək heç
vaxt!
Edqar Allan Po
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2018.-
2 iyun.- S.27.