O gün uzaqda deyil
Təəssürat
Mən müəllifindən, yazının janrından
asılı olmayaraq yaxşı şeirə, yaxşı nəsr
nümunəsinə imkanım daxilində reaksiya verən
qocaman bir qələm sahibiyəm. Mənə bir köynək
daha yaxın, daha doğma müəlliflərin orijinal, həyati
ədəbi-bədii məhsulları ilə mətbuat səhifələrində
rastlaşanda ürəyim daha çox atlanır, qələmim
sözünü - təəssüratını bildirməyə
vərəq axtarır.
Xosrov Natilin "Ədəbiyyat
qəzeti"ndə (18 aprel 2018-ci il) dərc olunan "Mənim yazdıqlarım
işğalda qalıb" şeirini ancaq ürək dərmanı
içərək oxumaq olar. Şeirlə tanış
olduqdan sonra məlum olur ki, şairin dəftərinin də, qələminin
də, misralarının da orijinalı əsirlikdə
qalıb. İndiki halda ona məxsus olanlar əslin - orijinalın "kserekopiya"larıdır.
Səhifədə Xosrov Natilin diqqətçəkən başqa şeirləri
də yer almışdır. Söz demək, təəssürat
bildirmək üçün birini - "Mənim
yazdıqlarım işğalda qalıb" şeirini
seçdim.
Zəngilanlılar (o cümlədən, erməni
işğalında olan başqa rayonlular) necə bir
düşmənin hədəfinə məruz
qalmışdılar? O qanlı səhnələri Xosrov belə təsvir
edir:
Onda ki
çiçəklər, güllər ölürdü,
O gün ki yamaclar
güllələnirdi...
Arılar
ölürdü, quşlar
ölürdü,
Yamyaşıl ağaclar güllələnirdi.
Qeyri-insaniliyin, amansızlığın dərəcəsinə
bax ki, canlılarla bir sırada cansızlar da güllələnirdi. Onların bu
sahədə təcrübələri vardı. Şuşa işğal olunarkən
işğalçı ermənilərin canlıları qətlə
yetirməklə ürəkləri soyumamış, habelə,
Natəvanın, Bülbülün heykəllərini də
gülləbaran etmişlər. Vəhşilər
bu üsulu Zəngilanda da tətbiq etmişdilər.
Ölən
küçələrin, ölən səkinin
Üstündə ləpirlər güllələnirdi.
Şəhid məzarlığı dağıdılırdı,
Abidə qəbirlər güllələnirdi.
Arxalı,
hazırlıqlı düşmənlər qəfil
yaxaladıqları dinc adamlar içində çaxnaşma
salırdılar ki, məqsədlərinə asanlıqla
çatsınlar:
Onda ki,
adamlar, onda ki, hərə,
Torpaq itirməyin
hayında idi.
Sağ qalmaq birinci yerdə dururdu,
Adamlar başının
hayında idi.
Qəbir
qazmağa da vaxt tapılmırdı,
Həyətlər, bağçalar məzarlaşırdı.
Çoxdan unutmuşdu adamlar
şeiri,
Güllü qafiyələr ağılaşırdı.
Qışdan sonra açılan gül-çiçəklər
baharın gəlişini xəbər verir. Şair təbinin,
həvəsinin baharı da ilhamdır. İlhamı
güllələyiblərsə, qandallayıblarsa, dar
ağacına, çarmıxa çəkiblərsə,
şeir necə doğulacaqdı?!
Şeir
misra-misra dəfn olunurdu,
Şeir qan qusurdu, qan
qoxuyurdu.
Yasin oxuyurdu hər gün adamlar,
Əruz şikəstiydi, heca koruydu.
Tarix söz-sənət adamlarının belə güllələnmələrinin
dəfələrlə şahidi olmuşdu. İspan
faşistləri Federiko Qarsiya Lorkanın, alman faşistləri
Musa Cəlilin, erməni faşistləri Nizami Aydının
özləri ilə birlikdə sözlərini də güllələmişdilər.
Bu qətl serialına "dur!" deməyin
vaxtı çatmayıbmı?
Əsgər olmalı ikən şair olmaq iddiasına düşmək
çətin məsələydi. Əsgərin gecikən
komandiri haradaydısa, şeirin müəllifi də
oradaydı. İlham çağlaya bilməsə də,
sərt qayanın bağrından su kimi damcı-damcı
süzülürdü:
Adam
utanırdı şeir yazmağa,
Hər gün yas yeriydi, hər yer
izdiham.
Qanla yazılırdı şeirin
tarixi,
Qanı bahasına gəlirdi ilham.
Haqlı yaratmaqdan doymadığı kimi, düşmən
də məhv etməkdən bezmirdi. Bunlar bu gün
işğal altında olan torpaqlarımızı azad etməyə
and içən Azərbaycan əsgərinin yaddaşına
yazılmalıdır. Və elə o məqsədlə
də Xosrov o günlərin gerçək tablosunu sözlə
çəkir:
Hələ
qızdırmırdı günün istisi,
Hər axşam
işıqlar söndürülürdü.
Hər gün sətirlərim girov düşürdü,
Hər gün şeirlərim öldürülürdü.
Bu deyim gerçəyin
poetik təcəllasıdır. İndi poetik
düşüncə iki halda bədii məhsula çevrilir:
şəklə baxıb yazmaq və bir də həyata
baxıb yazmaq. Nə yaxşı ki, Xosrov Natil
ikincilərin - həyata baxıb yazanların sırasındadır.
Bu şeir şüarçılıqdan
uzaq olan vəziyyətdən
doğulur. Ağır da olsa, sən gerçəyi göstər.
Məğlubiyyət acısı dadan gerçək oxucunu
ruhdan salmır, əksinə, ev sahibinə
pozulmuş haqqını, hüququnu bərpa etmək
üçün güclü stimul verir, azadolmanın müqəddəs
vəzifəsini yadına salır. Bu vəzifə
mütləq yerinə yetirilməlidir. Çünki…
Mənim
yazdıqlarım işğalda qalıb -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim
şeirlərim didərgin
düşüb,
Mənim misralarım əsirlikdədi.
Bu məqamda ünlü
şairimiz Məmməd
Arazın böyük müğənnimiz Bülbülə həsr
etdiyi məşhur şeiri yadıma düşdü. Bülbül
Misri qılınclı, Qıratlı xalq qəhrəmanı
Koroğlunun əvəzolunmaz ifaçısı olmuşdur.
İndi dahi opera müğənnisi cismani cəhətdən
yoxdur. Lakin onun lentə alınmış
tamaşası vaxtaşırı efirdə göstərilir.
Özü olmayanın səsi əbədiyaşardır.
Dağlara, daşlara haray salan, insanların qəlbini lərzəyə
gətirən səs, sahibini axtarır:
İndi
yoxdur, özü yoxdur,
Qulağımdan getmir səsi,
Haray çəkib səsi onu, onu gəzir...
Elə bil ki, yol
üstündə
Düşüb qalan Misri qılınc,
Yüyənsiz bir Qırat olub
Onun səsi, -
Onu gəzir,
Onu gəzir...
Xosrov Natilin də işğalda qalan, girov
götürülən, güllələnən, didərgin
salınan, əsir götürülən şeirləri nicat
üçün onu səsləməkdədir.
Vaxt gələcək
harayda, çağırışda
olan səs - sahibinə, şeirlər - müəllifinə
qovuşacaq.
O gün uzaqda deyil.
May-2018
Qərib MEHDİ
Ədəbiyyat qazeti.- 2018.- 2 iyun.- S.25.