Yaşım az olsaydı, itirdiklərim məni
bu qədər sarsıtmazdı
Onunla görüşməyi
çoxdan arzulayırdım. İfa
etdiyi muğamlara, musiqilərə qatdığı gözəllik,
ruhu dincəldən həlimlik bu arzumu həmişə təzə
saxlayırdı. Amma layihəmizin
formatı teatrla bağlı olduğundan məndə bu arzunun
mümkünsüzlüyü qənaəti
yaratmışdı. Bir gün qəfildən, lapdan
ağlıma gəldi ki, axı dəfələrlə onun
adının qarşısında Opera və Balet
Teatrının solisti sözlərini eşitmişəm. Kiçik bir araşdırma bəs etdi ki, Opera və
Balet Teatrının əvəzolunmaz solistini, Məcnununu,
Aşıq Qəribini, Kərəmini, Xanəndəsini
"Dördüncü divar"a doğru çəkim.
Beləliklə, bugünkü
qonağımız respublikanın əməkdar artisti
İlkin Əhmədovdur.
- İlkin bəy, sizin musiqiyə gəlişinizin
maraqlı tarixçəsi var. Səhv etmirəmsə,
Bakıda xanəndəlik üzrə təhsil alan
qardaşınıza həyan olmaq üçün gəlsəniz
də, iş elə gətirib ki, qardaşınız yox, siz
xanəndə olmusunuz. Bu, sizcə, istedad idi, ya
tale, alın yazısı?
- Məncə,
elə tale idi. Qardaşım Rüfət Əhmədzadə
məndən altı yaş balaca idi. İncəsənət
Gimnaziyasında oxuyurdu. O vaxtı 23 nisan
uşaq yarışmasına qatılmış, Türkiyədən
qızıl medalla qayıtmışdı. Füsunkar
bir səsi vardı. Mən hələ
indiyənə qədər kimdəsə elə səs
tutmamışam. Elə oldu ki, o, Bakıda
tək qalmasın deyə atam məsləhət gördü
ki, ona həyan kimi paytaxta gəlim. Yataqxanada
bizə bir otaq verdilər. Yaşayışımız
da elə siz deyən yaxşı deyildi. Sonra
qardaşımın səsində keçid dövrü
başlandı. Özü də bir az
tez başlandı. On iki, on üç
yaşı olanda onun səsi oturdu. Elə
onun səsi oturan kimi mənim səsim açılmağa
başladı.
- Bəs konkret olaraq necə oldu ki,
xanəndəliyi seçdiniz?
- On
birinci sinfdə oxuyanda mən indiki Azərbaycan İqdisad
Universitetinə hazırlaşırdım. Elə
hazırlıq ərəfəsində təsadüfən
Rüfətin dərsinə getmişdim. Əlibaba
Məmmədov da Rüfətin müəllimi idi. Əlibaba
müəllim məni görəndə dedi ki,
"eşitmişəm sənin də gözəl səsin
var. Bir-iki ağız oxu görüm." Mən oxuyandan sonra
dedi: "Sənin nə gözəl səsin var. Sən indi
hara gedəcəksən?" O, Milli Konservatoriyanın və
Asəf Zeynallı adına musiqi kollecinin
adlarını çəkdi. Mən də kənddən
təzəcə gəlmiş uşaq idim. Elə bilməzə-görməzə
qayıtdım ki, "yox, Əlibaba müəllim, mən
İqtisad Universitetinə hazırlaşıram. İqtisadçı olacam." Baxdı mənə,
dedi "ay oğul, dəli olma, sənin gül kimi səsin
var. İqtisadiyyat nədir? Atan-anan varmı?
Varsa, get, onlara de, səni musiqi sahəsinə,
xanəndəliyə yönləndirsinlər."
Ondan sonra
evimizə gələndə rəhmətlik atama Əlibaba
müəllimin sözlərini dedim, bu
fikir atamın ağlına batdı. Məsləhət
gördü ki, musiqi sahəsinə istiqamətlənim.
Başqaları yuz balı güclə
yığdığı halda mən test imtahanında iki
yüz səskən bal topladım. Əvvəl
İncəsənət Gimnaziyasına daxil oldum. Oranı bitirəndən sonra isə Milli
Konsrvatoriyaya sənədlərimi verdim. 2006-cı
ildə oranı da bitirdim. Sonra
başım işə, qastrol səfərlərinə
qarışdı. Magistraturaya vaxt
qalmadı. Nəhayət 2010-cu ildə
Milli Konservartoriyanın rəhbəri Siyavuş Kəriminin də
dəstəyi ilə magistraturaya qəbul oldum və oranı
qırmızı diplomla bitirdim.
- Hər bir sənətdə
olduğu kimi, xanəndəlikdə də bir ustad şagird
söhbəti var...
- Bəli.
Əlibaba müəllim mənim bu sənəti
seçməyimdə bir növ, belə deyək də, səbəbkar
olub. Allah rəhmət eləsin, Ağaxan Abdullayev
İncəsənət gimnaziyasında iki il
müəllimim olub. Amma mən professional səhnəyə,
sənətə gəlişimi, muğamın dərinliklərinə
yiyələnməyə Arif Babayevin sinfindən
başlamışam. Əsl sənət
yaradıcılığına Arif müəllimin
xeyir-duası, köməyi və istiqaməti ilə gəlmişəm.
- Bizdə muğam əsasən
üç məktəb üzrə inkişaf edib. Qarabağ, Bakı və Şirvan məktəbinin
nümayəndələri daha qabaqcıl olublar.
Ümumiyyətlə, regionun, xüsusilə, də təbiətin
xanəndənin səsində nə dərəcədə
rolu var?
- Sadəcə
olaraq şivə və ləhcə dəyişkənliyi rol
oynayır. İfaçılıqda və səs
məsələsində şivədən başqa heç
bir dəyişkənlik yoxdur. Eyni yol, eyni
muğam və onun şöbələridir. İstər Bakı, istər Şirvan, istərsə
də Qarabağ ifaçıları olsun, hamımız eyni
muğamı oxuyuruq. Adlar müxtəlif ola
bilər, amma muğam eynidir.
- Axı fərqli mühitlərdə
inkişaf amili də var...
-
Heç bir fərqli mühiti qəbul etmirəm. Yenə də deyirəm bircə şivə məsələsini
çıxsaq, eyni muğamdır, eyni şöbələrdi.
Muğamın istiqaməti eynidir. Muğam
sevənlər də məhz həmin istiqaməti sevirlər,
sadəcə ola bilər ki, Şirvan,
Qarabağ və başqa ləhcələrdə sevirlər. Bu
sadaladığımız məktəb nüansına başqa
mənfi yanaşmalar olur. Çoxları
elə bu məqamı tutaraq parçalanma salırlar. Bu isə doğru deyil. Hələ lap bineyi-qədimdən
Qarabağda bizim güclü səsə malik xanəndələrimiz
olub. Onlar Bakı toylarında, Abşeron kəndlərindəki
toylarda püxtələşiblər. Eləcə
də Şirvan ifaçıları da Bakı kəndlərinin
toylarında püxtələşiblər. Bakı kənd toyları bizim üçün
muğamın məktəbi, akademiyasıdır. Şəxsən mənim üçün də elə
olub. Birdən elə olurdu ki, bir toyda
dörd dəsgah ifa edirdim. Belə olanda da
nəfəs yenilənir, yeni fikirlər və improvizələr
yaranırdı. İndi xeyli vaxtdır ki,
işlərimin çoxluğu ilə əlaqədar olaraq mən
o toylarda iştirak edə bilmirəm. Hiss edirəm ki,
muğamın müxtəlif şöbələrini yaddan
çıxarıram. Bu mənada Abşeron kəndləri
mənim üçün məktəbdir. Bakı
insanları həm çörəkli olurlar, həm də sənətə,
sənətkara qiymət verməyi, diqqətli olmağı
gözəl bacarırlar.
Eləcə də Şirvan əhli və s. Bilirsiniz,
muğamı yaxşı ifa edə bilmək üçün
yerindən, məkanından, bölgəsindən asılı
olmayaraq ürək qoyaraq, xaric səs olmadan peşəkarca
ifa etmək lazımdır.
- Opera və Balet Teatrının
solistisiniz. "Leyli və Məcnun", "Aşıq Qərib",
"Əsli və Kərəm", "Xanəndənin
taleyi" tamaşalarının baş qəhrəmanısınız.
Xüsuslilə "Leyli və Məcnun"
tamaşasında həm qiraət, həm canlı muğam ifa
edirdiniz. Bunlarla yanaşı bir də
teatrın estetikasna uyğuna olaraq səhnə mizanları
üzərindən aktyorluq ifasını yerinə yetirirsiniz.
Üçü bir arada yəqin ki, xeyli çətin idi?
- Allah mənə
bu xoşbəxtliyi qismət edib ki, mən Opera və Balet
Teatrına baş rolların ifaçısı kimi gəlmişəm
və hal-hazırda da elə davam edirəm. Sonuncu
"Xanəndənin taleyi" tamaşasında baş rolu ifa
etmək üçün bizim teatrımızın direktoru,
gözəl insan Akif Məlikov məni məsləhət
bildi.
Bildiyiniz kimi "Leyli və Məcnun"
tamaşasının rejissoru bizim teatrımızın baş
rejissoru, əməkdar incəsənət xadimi çox nəcib
və dəyərli insan olan Hafiz Quliyevdir.
Artıq səkkiz ildir ki, opera səhnəsində fəaliyyət
göstərirəm. Sözünüzün qüvvəti
"Leyli və Məcnun" tamaşası mənim
üçün çox çətin və məsuliyyətli
tamaşa olub. Çünki muğam
ifaçısı kimi səhnəyə çıxanda
ansamblın müşayiəti ilə qavalla musiqini ifa edib
gedirsən. Vəssalam. Bununla da bir xanəndə kimi mənim işim bitir.
Amma tamaşada vəziyyət başqa
cürdür. Böyük bir orkestrin
müşayiəti ilə oxumalı, danışmalı və
aktyor kimi mizanlara uyğun hərəkətləri yerinə
yetirməlisən. Bütün bunları
edə bilmək üçün mən on səkkiz, hətta
iyirmi ay məşq etmişəm. Bu qədər
məşqə rəğmən hələ də müəyyən
qüsurlarım var ki, məni özümdən narazı
salır.
Bu tamaşanın qüdrətli olmasına səbəb əlbəttə
ki, Füzulinin türk dilində yazdığı "Leyli və
Məcnun" əsəridi. İkinci səbəb
isə şərqdə ilk operanın təmələini qoyan
Üzeyir Hacıbəyovun musiqiləridir. Bu
operada Üzeyir Hacıbəyov yeddi muğamımızın
hamısından istifadə edib. Və
yerli-yerində, zərgər dəqiqliyilə elə
bölgülər edib ki, heç bir janr digərini
basdalamır. Əgər bu operanın hansısa hissəsində
dəyişiklik olsa, tamaşa bütünlüklə məhv
ola bilər. Burada siz qeyd
etdiyiniz kimi xanəndə üç amili əsas götürərək
böyük şöhrət qazana bilər. Səs, musiqi və mizanlar. Bu
baxımdan çox məsuliyyətli tamaşadır.
- Əslində, hər bir xanəndənin
taleyində opera çox uğurlu mərhələ
olmalıdır...
- Əlbəttə, Opera və Balet Teatrının səhnəsində
çıxış etmək həm şərəfdir, həm
də ki, çətindir. O qədər teatra gəlib
qayıdanlar, qaçanlar olub ki. Yerdə,
döşəmədə sürünməyi özünə
rəva bilməyən, məşqlərdə mütəmadi
iştirak etməyi bacarmayanlar da çox olub. Amma mən onların hamısına dözmüşəm.
Çünki bu sənəti sevmişəm.
Və sizi inandırıram ki, sevgi olmasa çətin
və məsuliyyətli şərtləri yerinə yetirmək
mümkün deyil.
- Tamaşada belə deyək də
tamaşanın bütün yükü sizin, yəni Məcnunun
çiyinlərində idi. Böyük partiyaların demək
olar ki, hamısında iştirak edirdiniz. Əsəri daha dərindən
hiss etmək üçün klassik ədəbiyyat nümunələrinə
müraciət etdiniz?
- Xeyr,
heç bir əlavə mənbəyə ehtiyac hiss etmədim.
Rejissor nəyi necə deyirdisə onları yerinə
yetirirdim, onun fikirlərinə kökləndim.
Çünki rejissorun mizanları çox güclü idi. Musiqi baxımından da mənim istər səs
duymum, istərsə də intonasiyam da yaxşı səviyyədədir.
Əgər aktyor diqqətli olsa, əsər
özü hər bir məlumatı verir və təxəyyülün
də inkişaf etməsinə kömək edir.
Misal
üçün: "Yandı canım hicr ilə vəsli
ruxi-yar istərəm, Dərdiməndi-firqətəm, dərmani-didar
istərəm." Və yaxud da: "Ya Rəb, bəlayi-eşq
ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən
etmə cüda məni!" Burda
anlaşılmaz nə var ki? İnsan Allaha
yalvarır ki, eşqin bəlasından onu azad etməsin, əksinə
eşqi onun canında daha da çoxaltsın ki, bütün bədəni,
cismi məhv olsun. Yəni əsərin mənasını,
sözlərini başa düşəndən sonra hissləri
çatdırmaq, hətta göz yaşları axıtmaq da
mümkündür.
- "Leyli və Məcnun",
"Aşıq Qərib", "Əsli və Kərəm"
və nəhayət "Xanəndənin taleyi". Dörd əsərdə baş qəhrəmansınız.
Bu qəhrəmanlardan və əsərlərdən
sizə ən doğması hansıdır?
- Bu sirr
deyil ki, bizim muğam operalarımızn şah əsəri
"Leyli və Məcnun"dur. Bu böyük əsəri
heç nə ilə əvəz etmək mümkün deyil.
Birincisi burada çox böyük məhəbbət
dramı var, digər tərəfdən də bayaq qeyd etdiyim
kimi yeddi muğamın hər biri bu operada istifadə olunub.
Bundan başqa da bir çox nüanslar var ki,
"Leyli və Məcnun"u bütün operalardan yüksəyə
qaldırır. Həm də bu faktı tək
Azərbaycana yox bütün Şərqə aid etmək olar.
Ona görə də bu əsəri başqa bir əsərlə
müqayisə etmək doğru deyil.
- İlkin bəy, səhv etmirəmsə
sizinlə birgə teatrda Məcnun rolunu ifa edən digər xanəndələr
də var...
- Mən
teatra təzə gələndə xalq artisti Mənsum
İbrahimov idi, daha sonra uzun illərdir teatrda fəaliyyət
göstərən əməkdar artist Səbuhi İbayevdir. Məndən
bir müddət sonra isə Elnur Zeynalov gəldi. Hal-hazırda teatrda belə deyək də dörd Məcnun
var. Amma saysız-hesabsız Leylilərimiz var (gülür).
İnşallah da, davamı olacaq.
- Amma teatrda Leyli obrazının uzun
illərdən bəri bənzərsiz ifaçısı hesab
olunan Nəzakət Teymurova artıq teatrdan uzaqlaşıb...
- Bəli.
Nəzakət xanım, hardasa bir il olar ki,
teatrdan gedib. Və onu da sizə deyim ki, Nəzakət
Teymurovanın Leyli obrazından yoxdur. Onun
Leylisi həqiqətən də şedevrdi.
- Biz sizinlə müsahibədən əvvəl
söhbət edəndə bir neçə dəfə sizə
müəllim deyə müraciət etmişdim. Sonra
araşdıranda məlum oldu ki, dörd il
pedaqoji fəaliyyətiniz olub. Ümumiyyətlə,
müəllimlik üçün müəyyən yaş, təcrübə
vacibdir, ya insanın özünü müəllim kimi hiss etməsi
kifayət edir?
- Təcrübə,
bilik hökmən lazımdır. Amma insanın
özündə də ziyalılıq olmalıdır. Mənim sənət dostum Təyyar Bayramov da
artıq yeddi, səkkiz ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur.
Tələbələrindən "Qran-pri"
mükafatı qazananlar olub. Mənim
özümün tələbəm Taleh Hüseynov başqa sahədə
təhsil alsa da, televiziya muğam müsabiqəsində
onluğa düşdü. Sonra bəzi məsuliyyətsizlikləri
onu geri saldı. İndi yenidən intizamla
dərslərə başlayıb. Mən
onun üzərində çox zəhmət çəkib,
çalışdım. İstiqamətini
yönləndirə-yönləndirə axır ki, onu xanəndə
elədim. Tələbəni xanəndəyə
çevirə bilməkdən ötrü gərək müəllimin
özündə də olsun. Misal
üçün, mən Arif müəllimin tələbəsi
olanda gəlib muğamı ifa edirdim, nəsə xoşuna gəlməyəndə
saxlayırdı izah edirdi. Vəssalam, bu mənə
bəs edirdi. Növbəti dərsdə mənim
dəsgahım artıq hazır olurdu. Yəni müəllimin
aurasından da çox şey asılıdır. Elə
müəllim də var ki, nə qədər oxusan da,
çalışsan da hazır ola bilmirsən.
Yəni pedaqoji fəaliyyət də bir sənətkarlıqdır.
Həm də çətindir. Onu da gərək Allah insana istedad kimi bəxş
etsin. Və mənə belə gəlir ki,
hər bir xanəndənin pedaqoji fəaliyyəti, irsi,
davamçıları olmalıdır.
- Sizi son dövrlər heyrətləndirən
səs olub?
- Elə
siz deyən kimi heyrətimə səbəb olacaq, özüm
də daxil olmaqla, heyrətamiz səs eşitməmişəm.
Amma xoş təsir bağışlayan, ruhumu oxşayan,
mənə rahatlıq gətirən səslərimiz
çoxdur.
- Danışıq tərziniz,
fikirlərinizi ifadə etmək qabiliyyətiniz çox səlistdir.
Etiraf edək ki, hər xanəndədə bu qədər ədəbi
dil qabiliyyəti yoxdur. Ədəbiyyata münasibətiniz
maraqlıdır...
- Mənim
atam müəllim olub. Klassik ədəbiyyatımıza
da çox böyük sevgisi olub. Bu sevgi
ondan mənə də keçib. Hələ
uşaqlıqdan nağıllarla, dastanlarla
böyümüşdüm. Atam "Leyli və Məcnun"
əsərini, "Koroğlu" dastanını beş barmağı kimi əzbər bilirdi. Bizə
də o qədər nəql etmişdi ki, onları oxumağa
ehtiyacımız qalmırdı. Amma
orta məktəb dövründən mən klassik ədəbiyyatımızdan
Nizami Gəncəvinin, Məhəmməd Fizulinin, Nəsiminin əsərlərini
oxumuşam. Sonrakı dövrlərdə Cəfər
Cabbarlının əsərlərini çox oxumuşam.
Lap yetkinlik yaşlarımda isə ən
çox sevdiyim yazıçılardan biri İsmayıl
Şıxılı olub. Onun yaradıcılığına çox
böyük sevgi bəsləmişəm. "Dəli
Kür" romanını, yalan olmasın, ən azı beş dəfə oxumuşdum. Xarici
ədəbiyyatdan Daniel Defonun "Robinzon Kruzo" romanı
marağıma səbəb olmuşdu. Mən
dizlərimi yerə atıb həmin əsəri oxuyur və
yaşayırdım. Özümü kimsəsiz
adada təsəvvür edirdim.
Sonralar
hiss etdim ki, bədii ədəbiyyata maraq mənim
inkişafıma, söz bazamın çoxalmasına,
danışıq qabiliyyətimin formalaşmasına çox
yüksək səviyyədə kömək edirmiş. İndi də ifa etdiyim muğamlardakı şeirlər,
qəzəllər hamısı əzbərimdədir. Yuxulu-yuxulu da oyatsalar, hamısını əzbər
deyə bilərəm.
Sizə deyim ki, mən nə orta məktəbə, nə
də Konservatoriyaya elə belə, necə gəldi getməmişəm. Çox məsuliyyətli
şagird olmuşam. Verilən tapşırığı
yerinə yetirməyəndə özümü mənasız,
maraqsız adam kimi hiss edirdim.
- Sizin məktəb illəriniz həm
də müharibə, qaçqınlıq dövrü ilə
üst-üstə düşüb...
-
Doğrudur. Amma inanın ki,
qaçqınlıqdan sonra daha da məsuliyyətli
olmuşdum. O ağrı-acılar məni daha da
mübariz və prinsipial etmişdi. Düşünrüdüm
ki, mən hökmən yaxşı oxuyub bir tərəfə
çıxmalıyam.
- Dediyiniz o ağrı-acılar,
müharibə illərinin çətinlikləri sizin istər
sənətkar, istərsə də insan kimi
formalaşmanızda yəqin ki, müəyyən rol
oynadı...
- Həmin
çətin, məşəqqətli günləri görən,
ağrıları yaşayan bir insan kimi mənim həyat təcrübəmdə,
inkişafımda çox şeylərə təsir etdi, dəyişdi.
Amma bir şeyi çox dərindən dərk etdim ki,
insanın doğulduğu torpaq, ilk dəfə göz
açdığı ocaq, ev əvəzsizdir.
Sən istər yaşadığın ölkənin,
istərsə də dünyanın harasına getsən də
oranı, doğulduğun məkanı hər zaman
arzulayacaqsan. Bəlkə də rayonumuz işğal
olunanda mənim dünyanı dərk etmək yaşım az olsaydı, baş verənlər, itirdiklərim
məni bu qədər dərindən sarsıtmazdı. Amma rayondan çıxanda mənim səkkiz
yaşım vardı. Doğulduğum, səkkiz il yaşadığım, yaddaşıma hər
anını yazdığım o yerləri mən necə unuda
bilərəm?! Heç cür. Və bir
şeyi də zaman keçdikcə dərindən dərk etdim
ki, bizim torpaqlarımız, gözəlmiş, zənginliklərlə
doluymuş...
Azərbaycanın bütün bölgələri gözəldir. Amma niyə bu
gün Cəbrayılın çinarlı, qozlu meşələri,
gurhagurla axan kəhrizləri, yeraltı dəryalardan
aralanıb nazik damar kimi sızan buzlu bulaqları olmasın?
Bütün bu olmayanlar məni sıxan,
içimdə daim qövr edən bir yaraya, ağrıya
çevrilib. Həmin yaralar ancaq o torpaqların qayıtması ilə
qapanıb, sağala bilər.
Biz tez-tez dostlarla Fizuliyə, Cəbrayılın bizdə
olan kəndlərinə səfər edirik. Cocuq Mərcanlının
aşağısındakı post sonuncu postumuz idi. Gedirdik ordan, sıxıla-sıxıla, həsrətlə
rayona baxırdıq. Cəbrayıldakı
telestudiyanın qülləsi açıq-aydın görsənirdi.
Görün, bu mənzərə adamı nə
qədər dağlayır, necə duyğulandırır.
Və həmin məqamlarda insanın əli həyatdan
tamam üzülür. İnsan fikirləşir
ki, axı nəyə görə yaşayır,
yaşamalıdır? İki saatlıq məsafəsi
olan torpağa əlin uzalı qalır, gedə bilmirsən.
Amma mənim içimdə belə bir inam var ki,
bizim torpaqlarımız hansı yolla olur olsun tezliklə azad
olunacaq. Bizim Ali Baş Komandanımız
torpaqlarımızı hər vasitə ilə geri qaytara bilər.
Hərb lazım olsa, bununla da edə bilərik.
Aprel döyüşləri də bunu sübut
etdi. Amma bizim itkilərimiz, şəhidlərimiz
çox olub. Minlərlə ana, bacı
gözü yaşlı qalıb. Buna
görə də inanıram ki, torpaqlarımız sülh yolu
ilə geri qayıdacaq.
Söhbətləşdi: Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.24-25.