Ənvərdən keçən dünya
Elat həyatı, yaylaq xatirələri, dağ-aran arası dolanıb keçən, yanı güllük olan, çiçəklik olan yollar barəsində oxuduqlarım saya-hesaba gəlməz… Əhvalımın indiki məqamında isə illər boyunca fikrimi, düşüncəmi daha çox məşğul edən mövzuları bir kənara qoyub tanınmış şair Ənvər Əhmədin hər bir halıyla ruhuma Çöl havası, tərəkəmə nəfəsi yansıdan şeirlərində yaşayıram. Günün, saatın bu vədəsində, işlərin bu qədər çoxluğu içində Ənvər Əhmədin "atamın 24 yan keçəsindən tikdirdiyi muxru mənim ilk mərmər sarayım, ilk möhtəşəm həyat beşiyim olub" xatırlamasına dirənib qalmışam...
Bəlkə bu xatırlanan aləmin doğmalığı, tanışlığı və unudulmazlığıdı məni ilin-günün, yaşın bu çağında Ənvər Əhməd yaradıcılığına çəkən? Bəlkə yaradıcılığında elə mənim öz taleyimi, ömür-gün yaşantılarımı əks etdirib Ənvər Əhməd? Hər nədisə, vaxtın və baxtın bu məqamında, pərakəndə düşüncələrin adamı yelkən kimi dəryada qərq etdiyi bir zaman kəsiyində Ənvər Əhməd yaradıcılığı çox məhrəm, eyni zamanda da pünhan tutalğa kimi dayanır gözlərim önündə (Və Ənvər Əhmədin öz misraları ilə bəraət istəməyimdən də qalmıram heç: "məni bağışlayın, söz adamları!")
Hesabını heç özüm də bilmirəm ki, Ə.Əhmədin şeirdən daha çox təbiətin bir parçaçı kimi duyğulu, daha çox görümlü tablonu xatırladan əsərlərinin havasına xəyalən nə qədər gəzib-dolaşmışam indi əlimiz çatıb-ünümüz yetməyən "yönü bəri baxan dağlar"ı. Həmin ovqatın havasındaca hər dəfə yaddaş valımda için-için közərib onun bu kövrək misraları:
Şoran torpaq üstə qəbir qazılmaz,
Qəbirçi, o qəbri
get Şuşada qaz!
Eyni
təəssüf, vətəndaş etirazı ilə qələmə
alınıb aşağıdakı misralar; 1968-ci ildə… O
illərdə ki, Təbriz mövzusu, Təbriz
xatırlatması üstünə ciddi basqı vardı. Ancaq
Ənvərin ürəyinin vətən, yurd sevgili
antenaları Təbriz havasını tuturdu eyzən:
Təbrizə
"durbin"lə baxdım -
Təbriz
mənə yaxınlaşdı.
Təbrizə
gözümlə baxdım,
Təbriz
məndən uzaqlaşdı.
Üstündən
2 il keçəndən sonra qələmə
aldığı "Badalaq" şeiridə isə Ənvər
bu qəribə təzadın "balabanda
qandırılan" pünhan, eyni zamanda da müşkül
çıxılmazlığından yazırdı:
Ay
qanı qanımdan olan qardaşım,
Ay
mənim qəsdimə duran qardaşım...
...Həsrət
alovunda yanır köksümüz,
Badalaq
atmağın məncə nahaqdır.
Badalaq
yarasın çox görmüşük biz,
Hər sərhəd
dirəyi bir
badalaqdır.
Bu
badalaq ustalarının arxasında dayanan siyasət
bayquşlarını "üçüncü əl"
adıyla nişan verir, yamanlayırdı Ənvər
Əhməd hələ ötən əsrin 60-cı illərində:
Üçüncü əl gəzir başımız
üstə,
Üçüncü əl gəzir yaşımız
üstə...
Bu, əsl şair-vətəndaş
narahatlığının bəlirtisiydi. Ənvər elə həmin
illərdə bir qələm adamı kimi
"kökümüzü min yerə yozan, bütövlük
himnimizi pozan" aləmə asiydi və elə bu asiliklə
də həlledici məqamda ötən əsrin 90-cı illərinin
əvvəllərində yağı döşündən
yayınanlara təpkisini ifadə edirdi.
Sən
hara qaçırsan, qeyrətsiz oğul?-
Tökülən qanlara heyrətsiz oğul.
Dərs
verirdi, anladırdı ki, "vətən öz
ömrünü uzadar min il, qoynunda Babəklər
doğulan zaman".
Unudulmaz
romantik Abbas Səhhət də, rus poeziyasında sərbəst
şeir formasının gəlişməsinə təməl
atan B.Mayakovski də yazırdı: "Mənim tərcümeyi-halım
mənim şeirlərimdir". Ola bilsin ki, dünyanın hər
hansı bir yerində yaşayıb-yaradan başqa bir şair
bu fikri bir az fərqli, başqa cür ifadə
edib, ancaq nəticə eynidi… Bu baxımdan Ənvər
Əhmədin eyzən elat, tərəkəmə həyatının,
Çöl mədəniyyətinin havasını yansıdan
poeziyası ilk növbədə onun tərcümeyi-halının
ən parlaq səhifələridi. Hələ ötən
əsrin 60-cı illərində qələmə
aldığı "Metro" şeiri indi onun bütöv
şair tərcümeyi-halının, yaşamının mənəvi
pasportu kimi oxunur:
Ciyərlərim
dolusu
Saf kənd havası ilə
Girdim nəhəng evlərin
Ayağının altına...
...Yerin altda
Yerin üstünü
düşündüm.
Bir baxım səhər gözlü
İşıq arzuladım mən.
...İçində olmadığım
Çinar boylu evlərin
Ayaqları altında
Yaşaya
bildim bir az.
Şair müşahidəsinin dəqiqliyi, mənalandıra
bilmə ustalığı göz önündədi və bu
ustalıq Ənvər Əhmədin şair obrazını
şərtləndirən başlıca məziyyətdi. Ən gözlənilməz,
izaholunmaz müşahidələri poeziyanın şirin dilinə
çevirmək, unudulmaz təəssürat yaşada bilmək
ustalığı Ə.Əhməd qələminin boyuna
biçilib. Məsələn, belə:
Ən işıqlı bir ulduz gördüm göy üzündə,
- O, mənim ulduzumdur, keçdi - dedim.
Birdən
ulduz uçdu göy üzündən,
- Yazıq, kimsə bu dünyadan köçdü - dedim.
Bu da 1968-ci ilin şeiridi… Hələ ədəbi
həyatın kəndarına yenicə qədəm
basdığı illərdə qələmə alıb Ə.Əhməd
bu misraları. Ancaq o ilk qələm təcrübəsinin
özündə belə özünəməxsus poetik dəst-xəttini
ömrün gələcək onilliklərinə heyrətamiz
bir dünyagörmüşlüklə daşıya bilən
söz adamının ahıllığı özünü əlbəəl
büruzə verir:
Götürün
yolları üfüqdən asın -
Bir ana izi də tapdalanmasın.
Belə yığcam, ancaq yetərincə qapsamlı olan
poetik mənalandırmalar Ə.Əhmədin
yaradıcılığında küll halındadı. Hələ
1967-ci ildə qələmə
aldığı "Tapşırıq"
şeirində olduğu
kimi:
Atasını
Ayağının ucu ilə dürtmələyən,
Anasının başına od ələyən
Bir alim tanışım var -
Görüşüb-ayrılanda
Atamı mənə tapşırır.
Ənvər Əhməd öz ritmi, öz avazı, özünəməxsus
ruh əsintisi olan şairdi və onu gərək "həmin
ritmlə, həmin avaz, həmin əsintiylə oxuyasan". Ənvərin
poeziyası sakini olduğu dünyanı, insanı əhatələyən
aləmi, fərqli taleləri sevməkdə oxucuya kömək
edir. Onu oxuduqca əlbəəl hiss edirsən ki, taleyindən,
gələcək aqibətindən nigaran olduğun dəyərlərin
yanında olan bir qəmxarın var, tək deyilsən və
arxayınlayırsan. Onun poeziyası yaşadığı
mühitlə, tale, bəxt yaşantıları, milli itkilərdən
yana təəssüf, kədər hissilə
sıx şəkildə bağlıdır. Yəni,
oxucu haradasa özünün münasibət bildirmək istədiyi
həyat problemlərinin surətini Ə.Əhmədin
yaradıcılığında yetərincə izləyə
bilir. O, bir qələm adamı kimi, qloballaşma
mühitinin əsintilərinə biganə deyil. Yaxasını kənara çəkib durmur, görməməzliyə,
bilməməzliyə varmır. Ən
yaxşısı odur ki, Ə.Əhmədin şair ruhu öz
ilkinliyinə sadiqdi. Hələ 1964-cü ildə
hansı həzinliklə, səmimiyyətlə aşağıdakı
sətirləri yazırdısa:
Ana,
dağlar uca, dərələr dərin,
Zirvədən yel əsir hey sərin-sərin...
Mənə bircə parça
sal buz göndərin
Qəlbimin yanğısı soyusun
barı.
...Güllər
nə gözəldir, örpəyi jalə,
Yamacın döşünü bəzəyər
lalə.
Çaylara qoşulub axar şəlalə
Kaş bir də gedəydim
o yerə sarı -
eyni səmimiyyət
və zərifliklə də günümüzün şeirlərini
yazır. Yazdıqca da təzələnir, yeni forma və ifadə
axtarışlarını ənənəvi poeziyamızın
boyuna yetərincə biçə bilir:
Məni
atın göy üzünə,
Göylərin gömgöy üzünə...
Yaxud:
Mən
yolların göz yaşıyam,
Məni buludlar ağlasın.
Oğrun-oğrun yellər əsib
Məni o yurdlar ağlasın.
Zirvələrin buzu, qarı
Axıb gəlir mənə sarı.
Çıxıb Şuşadan yuxarı
Məni
Boz qurdlar ağlasın...
Ənvər
Əhmədin qan yaddaşımızdan süzülüb gələn
ruhudur bu; həmişə olduğu kimi saf və səmimidi,
özümüzünküdü…
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qazeti.- 2018.- 2 iyun.- S.21.