“Yaxşı ədəbiyyat
yoxdursa yaxşı dramaturgiya ola bilməz…”
Müsahibimiz əməkdar incəsənət
xadimi, rejissor, aktyor, Bəhram Osmanovdur
- Bəhram müəllim, demək
olar ki, teatr mövsümü başa çatır. Ona görə "Hazırda teatrınızda yeni
tamaşalar hazırlanırmı?" sualını vermək
bəlkə də yerinə düşməz. Amma nəzərə
alaq ki, oxucuları ən çox maraqlandıran elə yeniliklərdir.
- Teatr
mövsümünün sona çatmasına baxmayaraq,
üç tamaşa təhvil verməliyik. Bizim
Gənc Tamaşaçılar Teatrının üslubunu
bilirsiniz. Kiçikyaşlı uşaqlar,
məktəbəqədər, məktəb dövrü və
yeniyetmələr üçün tamaşalar göstərilir.
Hazırda xalq artisti Cənnət Səlimovanın
qurluşunda Fridrix Dürrenmattın "Fiziklər" əsəri
əsasında hazırlanmış "Dəlixanada qətl"
tamaşası təhvil verilib. Bu tamaşada çox maraqlı
aktyor oyunları var: Şövqü Hüseynov, Leyli Vəliyeva,
Nofəl Vəliyev, Kərəm Hacızadə və
başqalarının ifasında tamaşa həm sənət
adamları üçün, həm də
tamaşaçılar üçün teatrımızın
90 illiyi ərəfəsində böyük bir hədiyyə
kimi qəbul oluna bilər.
Uşaqlar üçün "Şirinlər" və
"Tənbəl Əhməd" adlı tamaşaları təhvil
vermək üzrəyik. Mən bu yaxınlarda Servantesin "Don
Kixot" əsəri əsasında tamaşa
hazırlamağa başlayacam. Gələn
mövsüm, yəni oktyabr ayının axırına qədər
bu tamaşa təhvil verilməlidir. İntensiv iş
gedir, teatra yeni aktyorlar cəlb olunur. 5-6 il əvvəl
teatra gələn gənc nəsil artıq formalaşır,
teatrın simasına çevrilir. Çalışırıq
ki, teatr xatirələr teatrı, vaxtı ilə
olmuşların gözəl təkrarı deyil, canlı bir
orqanizm kimi yaşasın.
Teatr gənclərin təlim-tərbiyəsində, cəmiyyətin
formalaşmasında mühüm rol oynamalıdır və
inanıram ki, bunu Gənc Tamaşaçılar Teatrı edir. Teatrın 90
illiyi bu ilin axırında təntənə ilə qeyd ediləcək.
Bizim repertuarımız həddindən artıq
zəngindir. Daimi
tamaşaçılarımız var. Tez-tez qastrollara, festivallara
gedirik. Azərbaycan dilini, Azərbaycan
teatrını Rusiyada və Avropanın bir sıra ölkələrində
təmsil etməyi bacarırıq.
- Teatırın adının -
"Gənc Tamaşaçılar Teatrı" ifadəsinin
gözləntisi işinizi sərhədləmir?
- Əlbəttə, sərhədləyir. Amma məsələ
burasındadır ki, bir tamaşaçı nəsli gedir, digəri
gəlir. Bunu anlayandan sonra işləmək
asan olur. Bilirsən ki, sən böyük,
yeni bir ordu yetişdirmisən. Teatrda təkcə
əyləndirməyi deyil, eyni zamanda düşündürməyi
bacarmaq lazımdır. İnsanın sənəti
sevməyi də məhz uşaq yaşından başlayır.
Adamlar sənəti sevirlərsə,
yaxşı ədəbiyyat oxumağı da bacarırlar.
Teatra gəlmək özü bir ənənə
olmalıdır. Bu ənənə əvvəl
ailədə, sonra məktəbdə, universitetdə
başlamalıdır. Əgər bu ənənə
həmin gənclərin yetkinlik yaşına çatandan sonra
mütləq teatra getmək həvəsinə çevriləcəksə
bu yaxşıdır. Yeni nəslin
formalaşması üçün çalışmağa dəyər.
- Adətən, bu ənənə
haqqında danışanda Azərbaycan
tamaşaçısının, oxucusunun sənətə
münasibəti üzərindən söz açırıq.
Ancaq son müşahidələr onu göstərir ki, əslində
sənət dünyanın heç bir yerində kütləvi
deyil.
- Bu dəqiqə
biz hamımız Avropaya inteqrasiya etməyə
çalışırıq. Amma bir şeyi
unuduruq ki, hər bir ölkənin vətəndaşı var,
onun özünün etnik xüsusiyyətləri var və həmin
ölkənin özünəməxsus musiqisi, teatrı və
ədəbiyyatı var. Teatr ən qədim və ən kamil sənət
növlərindən biridir. 2500 il
bundan əvvəl yaranıb və yarandığı gündən
bu günə qədər də çalışıb ki
elmin, texnikanın tərəqqinin ona lazım olan bütün
kəşflərindən istifadə eləsin, amma insan ruhunun
yaşantısını itirməsin.
Avropada aparılan bir sorğunun nəticəsində bəlli
olub ki, hər hansı bir ölkənin mədəniyyətini,
incəsənətini, ədəbiyyatını yaşadan həmin
ölkə əhalisinin 3-5 fazidir. Bunu bilmək kifayətdir
ki, ölkə vətəndaşları hər şeylə
maraqlanmır. Bu 3-5 faiz də incəsənətə
öz töhfəsini verir və sənət ölmür.
Həmin ölkələr 1-2 teatrı sərvət
kimi saxlayırlarsa, bizim ölkəmizdə elə
bütün teatrlar sərvətdir. Bu ənənəni
Avropa artıq bizdən götürür. Amma
incəsənətin bəzi sahələrində biz onlara
istinad edirik. Ona görə də bizdə
bu sahədə inkişaf azdır. Bir
neçə nəşriyyatı çıxmaq şərtiylə
öz kitablarımıza üstünlük verən nəşriyyatlar
azalıb. Biz ancaq xarici ədəbiyyatı
oxuyuruq. Ona görə
yazıçılarımızın üslubları da
çox vaxt avropalı həmkarlarına oxşayır. Bu üslubların da çox güman Azərbaycan
oxucusuna aidliyi olmur. Dramaturgiya ədəbiyyat
janrıdır, amma teatra işləyən janrdır.
Ümumiyyətlə, bu gün yaxşı ədəbiyyat
yoxdursa, yaxşı dramaturgiya ola bilməz.
Biz hamımız bunu deyirik. Ən çox
da gənc jurnalistlər soruşur: "Niyə dramaturgiya
yaranmır, gənc dramaturqlar yoxdur?". Yaranmasına heç ehtiyac da yoxdur. Çünki Azərbaycanda hələlik 4-5 teatr
üçün işləyən varsa, bu adamlar teatra bəs
edir. Hansı ki, onlar sənəti sənət
kimi sevirlər. Onlar birinci teatr sənətini
sevirlər, onun içində özlərini sevirlər.
Ona görə də dramaturq olublar. Elçin Əfəndiyev, Əjdər Ol, İlqar Fəhmi,
İmir Məmmədli, Pərvin və başqa
yazıçılarımızın gözəl dram əsərləri
var.
Yeni dramaturqların yetişməməsinə görə
həyəcan təbili vuranlarının heç birini bu
teatrda işlədiyim 5 ildə tamaşa salonunda görməmişəm. Kənarda demək
asandı. Içəridə olmağı
bacarmaq lazımdır.
Dramaturgiya çətin sahədi, burada seçilən
mövzular maraqlı olmalıdır. Təkcə oxucu
üçün yox eyni zamanda kütləvi baxış
üçün maraqlı olmalıdır. Oxuyanda tək olursan, amma baxanda tək olmursan. Sənin ətrafında çoxlu sayda
tanımadığın insanlar var ki, onlarla həmfikir olub səhnədə
gedən oyuna baxmalısan və bu oyundan təsirlənməlisən.
Bu çox çətindir.
- Hər halda gənc dramaturqlar yox
deyil. Müraciət edirsinizmi onlara?
- Mütəmadi.
Hər hansı bir yaxşı ədəbiyyat
oxuyuramsa, həmin müəlliflə görüşüb
fikirlərimi deyirəm. Roman yazmaq
asandır, amma 40 səhifəlik pyes yazmaq çox çətindir.
Pyesə romanda yazdıqlarını dialoq kimi gətirməlisən.
Bunun üçün təkcə həyatdan bəhrələnmək
yetmir, dramaturgiyanın janrlarını bilməlisən. Rusiya teatrları ilə əlaqəmiz çox
sıxdır. İldə 1-2 dəfə
onların teatr cəmiyyətlərinin təşkil etdiyi
laboratoriya və seminarlarda çıxış edirəm.
Mən orda görürəm 20-25 il əvvəl
yaradılan dramaturgiya seminarlarına qatılan şəxslərdən
cəmi 1-2 nəfəri dramaturq kimi yetişir. Onlar
da yenə başqa ölkələrdən bəhrələndiyi
mövzuları rusca yazır.
- Bu nə ilə əlaqəlidir?
Axı mütaliə hər zaman olub...
- Gənc
nəsil daha azad olmaq istəyir. Elə
düşünürlər ki, azadlıq ölkə
hüdudlarından kənardır. Gənclərdə
təsirə düşmək və təqlid etmək istəyi
daha çoxdur. Təqlid edirlər ki, tez
zamanda bir əsərlə popluyar olsunlar. Bir
rolla popluyar olmaq asandır, bir əsərlə də populyar
olmaq olar, amma onun arxasında dayanmaq çətindir. Bugünkü tamaşaçı tez bir zamanda
insanları bütə çevirir və tez də unuda bilir.
Bizim əsrimiz sürət əsridir, proseslə
qaça-qaça getmək və həmin gücü saxlamaq
çox çətindir.
- Teatr fəaliyyət göstərdiyi
zaman kəsiyində gedən prosesləri nümayiş etməyə
borcludurmu, borcludursa, bizim teatrlar bu günü sərgiləyə
bilirmi?
- Bəli.
Teatrın borcudur ki, yaşadığı
dövrdə həmin vətəndaşlarla bərabər
düşünməyi bacarsın. Əgər
bacarmırsa, heç olmasa, onları yarım pillə öz
düşüncə səviyyəsinə qaldıra bilsin.
Hər hansı əyləncənin, şounun
sonunda heç olmasa bu təqdimatın nəyin naminə
hazırlandığı bəlli olmalıdır, azından
bu mesaj tamaşaçıya mesaj kimi ötürülməlidir.
Yəni sənət səhnə təkcə əyləncə
deyil, eyni zamanda heç kəs öyrənmək
üçün öz halal zəhmətilə qazandığı
pulla bilet almır. Heç kim teatra
bu fikirlə gəlmir: "Axşam gedim tamaşaya baxım,
kimlərsə səhnəyə çıxıb məni
öyrətsin". Hər hansı bir kitabı
almırıq ki, öyrənək. Ona
görə alırıq ki, bir neçə saatlıq ətraf
mühitdən təcrid olaq, başqa mühitə meyil edək.
Əgər səhnədə baş verənlərlə
bizim düşüncələrimiz, hissiyyatımız
toqquşursa və biz ondan təsirlənə biliriksə, deməli,
onu yaradanlara əhsən düşür. Təsirlənmiriksə,
rəncidə oluruq. Həmin sənətdən
küsürük və bir müddət ora yaxın getmirik,
sonra qayıdırıq. Bununla
yanaşı hər bir ziyalının borcudur ki, o mütləq
şəhərində baş verən mədəni kütləvi
tədbirlərlə məlumatlansın. Bu,
ən azından həmin ziyalının tituluna görə mənəvi
borcudur. Ölkə özünün
ziyalılarının çox olmasına şərait
yaratmalıdır. Əbəs yerə 200 il
bundan əvvəl ölkələri idarə edənlər
buna çalışmırdılar.
Bəzən deyirik ki, insanları bütə çevirmək
lazım deyil.
Amma mənə elə gəlir ki, hər
dövrün bütü olmalıdır. Yeni
nəsil o büt kimi olmaq, ona çatmaq uğrunda
çalışmalıdır. İnsanlığın
kodu belə qoyulub. Bütlər
dağılandan sonra zərbə ən çox ədəbiyyatda,
müəllimlikdə hiss olundu.
- Bu gün tamaşaçı və
ya potensial tamaşaçı ilə teatr arasında əlaqə
qurmaqda təbliğat vasitələrinə ehtiyac varmı?
- Təbii
ki, ehtiyac var və düşünürəm ki, bu iş kifayət
qədər normal qurulub. Məsələn, son 5
ildə yaradılan mərkəzi kassalar var, hansı ki, bu
vasitə ilə tamaşaçılar rahat bilet əldə edə
bilirlər. Eyni zamanda onlayn bilet
satışı mövcuddur. Tamaşaçılar
teatrın saytı və digər saytlar vasitəsilə
repertuarla tanış ola bilirlər. Bakı böyüyür, bölgələr
böyüyür, inkişaf edir. Bölgələrimizdə
elə teatr salonları var ki, təriflədiyimiz Avropada elə
yerlər yoxdur. Sadəcə, belə yerlərdə
işləməyi bacarmaq lazımdı. Mən
həmişə əziz həmkarlarıma deyirəm,
özüm də onların içində olmaq şərtilə
- biz özümüz yaxşı anlamalıyıq ki,
tamaşaçıya nə lazımdır. Tamaşaçını tənqid eləmək
rahatdı, ancaq onunla bərabər düşünüb, onun
görmək istədiyi tamaşanı ərsəyə gətirmək
çətindir. Tənqid rahatdı, onlar
bizi, biz onları nədəsə ittiham edə bilərik.
Ancaq bizi çox vaxt elə şəxslər tənqid
edir ki, onlar ümumiyyətlə teatrlara getmirlər. Onlar ölkədə baş verən mədəni
hadisələrdən xəbərsizdirlər. Onlar hər şeyi televiziya kanallarında
gördüklərilə ölçürlər. Halbuki, televiziya kanalları tamam başqa missiya
daşıyır, sərgi salonları, ədəbiyyat, teatr,
kino tamam başqa missiya. Bu fərqi görməyi
bacarmaq lazımdır. Mükəmməl təhsili
olan adamlar əsl sənətin harada olduğunu yaxşı
bilirlər.
- Bəhram müəllim,
televiziyaların az öncə dediyim təbliğat
sisteminə qoşulması effektiv olarmı?
- Əlbəttə, olar. Qəzetlər, saytlar
təbliğat reklam işlərində bizimlə işləyir,
amma mənim sahəm olmasa da, televiziyaların bu prosesə
qatılmadığını bilirəm. Biz
işimizi yetərincə yaxşı görməyə
çalışırıq, tamaşaçıların
müsbət reaksiyasını görürük və
gücümüzü sərf edirik ki, onların bu rəğbəti
itməsin. Teatrımızın müxtəlif
yaş kateqoriyasına aid tamaşaçıları var.
Repertuarımızda klassik, müasir, bu günün tələblərilə
uzlaşan, sosial problemlərin həlli üçün həyəcan
təbili vuran çox maraqlı publisistik
tamaşalarımız da var.
Tamaşaçılarımızın bizə münasibətini,
eyni zamanda Azərbaycan teatr sənətinin uğurunu biz
ölkədən kənara çıxanda da aydın
görürük. Bəzən Azərbaycan teatrı ilə
bağlı pessimist fikirlər deyirlər, bu heç də
belə deyil, əksinə bizim teatr sənətimiz yüksək
səviyyədədir.
- Yeni estetik cərəyanların
teatra gəlməsinə necə baxırsız?
- Teatr bu
cərəyanlarsız inkişaf edə bilməz. Teatrda səhnələşdirilən hər
tamaşa dediyiniz cərəyanlara bir istinaddır,
eksperimentdir. Eksperiment bəzən
alınır, bəzən yox. Kinoda bu
eksperimentlər və yeni cərəyanlara istinad etmək daha
asandır, çünki müəllif kinosu
anlayışı mövcuddur. Teatrda isə
nadir hallarda müəllif tamaşası əmələ gəlir.
Buna görə də Mədəniyyət Nazirliyinin dəstəyilə
direktorumuz Mübariz Həmidov başda olmaqla teatrımızda
ayrı bir səhnə hazırlamışıq, həmin səhnədə
bizim teatrımızın gəncləri, yaxud dəvət
olunan rejissorlar bu tip eksperimentlər edir. Alınanda biz
bu uğuru tamaşaçılarla
bölüşürük, alınmayanda bunu normal qəbul
edirik, çünki eksperimentin alınmaması faciə deyil.
- Teatra gələn gənc
yaradıcı heyət sizi qane edirmi?
- Gənclərin
teatra gəlməsi, mütləqdir. Qane edib-etməmək
məsələsi, sonrakı məsələdir.
Çünki bir aktyorun özünü yetişdirməsi, təqdim
etməsi üçün 10 il vaxt
lazımdır. Gənc aktyor, aktrisanı səhnədə
etdiyi səhvə görə tamaşaçı da
bağışlayır, işdə də
bağışlayırıq, rejissorlar da bunu nəzərə
alır. Çünki onun təhsilini başa vurduqdan
sonra 10 il öyrənmək haqqı var. 10
ildən sonra onun necə sənətçi olduğunu
müzakirə etmək olar. Onu da deyim ki, Azərbaycanda
ən güclü gənc nəsil bizim teatrda toplaşıb.
Biz onları zərrəbinlə
yığmışıq və o uşaqlar səhər saat
10-dan bəzən axşam saat 10-a qədər bu binadan
çıxmayıb məşq salonlarında müxtəlif
rollar üzərində işləyirlər. Biz Azərbaycandan kənarda olan müəllim heyəti
də dəvət edib gənclər üçün treninqlər
təşkil edirik. Ən
yaxşısı budur ki, deməkdən daha çox görməyi
bacarmaq lazımdır. Bu gün onların
oynadıqları tamaşaların yad millətlər
qarşısında da uğur qazandığını görəndə
özlərinə inamı artır. Mən
əminəm ki, XXI əsrin teatrı möhkəm əllərdədir.
Onlar əsrin ortalarına çatanda çox
güclü sənət adamları olacaqlar.
Söhbətləşdi: Sərdar
Amin
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.18-19.