Muhsin Kadıoğlu

 

"Atlakvida" əsərində Attilanın ölümünə dair fikirlərə 800 il sonra cavab...

 

Əfsanəvi türk-hun xaqanı Attilanın ölüm səbəbi məlum olmadığı kimi ölümdən əvvəl və sonrakı hadisələri də türk tarixçiləri geniş şəkildə şərh etməmişlər.

Bir sıra türk tarixçilərinin bəlli olmayan səbəblərdən macarlara "hədiyyə etdikləri" Attila, əslində, bugün Macarıstan dövləti tərəfindən qəbul edilən bir milli qəhrəman deyil. Macar millətini formalaşdıran milli qəhrəman Arpad  hesab olunduğu üçün Budapeştin tarixi Milenyum meydanında da Arpadın nəhəng heykəli qoyulmuşdur. Arpad 845-907-ci illər arasında, Atilla isə 406-453-cü illər ərzində yaşamışdır. Klassik və rəsmi macar tarixinə görə, Arpad Magyar qəbilələrini Kan müqaviləsi vasitəsilə birləşdirdikdən sonra macar milləti ortaya çıxmışdır. Arpad macar qəbilələrini IX əsrdə Karpat hövzəsinə gətirmiş, 895-902-ci illərdə isə Karpat hövzəsi tamamilə onun başçılıq etdiyi macarlar tərəfindən fəth edilərək macar yurduna çevrilmişdir.

Qeyd olunan faktladan da göründüyü kimi, rəsmi macar tarixi Qərbi Hun İmperiyası və onun əfsanəvi lideri Attila ilə hər hansı bir əlaqəni göstərmir. Attilanın ölüm tarixi Arpadın macar qəbillələrini bir mərkəzdə birləşdirdiyi tarixdən 442 il əvvələ təsadüf edir. Arpaddan tam 442 il əvvəl Avropanı lərzəyə gətirən bir imperatorluq quran Attila Macarıstan tərəfindən "macar millətinin atası" kimi qəbul olunmur. Belə olduğu halda, apardıqları heç bir arxeoloji və ya antropoloji araşdırmaya əsaslanan qaynaq olmadığına baxmayaraq, türk tarixçiləri Attilanı "macarların atası", yaxud "macarların Attilanın nəvələri olduğu" fikrini nədən israrla söylədikləri də bəlli deyil.

Müsair dövrümüzdə Macarıstanda macar milləti ilə bağlı iki əsas tezis vardır. Bunlardan birincisi və hakim olan fikir bəhs etdiyimiz rəsmi tarixi görüşlərdir. İkinci fikir isə macar milliyətçilərinə mənsubdur və Attilanın "türk deyil, macar olduğu" iddia edilməkdədir. Bəzi türk milliyətçiləri "macarlar türkdür" fikrini müdafiə etdikləri halda, onlara zidd olaraq macar miliyyətçiləri sözügedən fikri əsla qəbul etmirlər. Onlara görə, "türklər və macarlar Attila dönəmində Avropa Hun İmperatorluğunda "qardaşcasına" və "qonşu coğrafiyada" yaşamış iki xalqdır". Bu təqdimatla da iki millət arasında irq və ya qan bağı olmadığını diplomatik bir şəkildə dilə gətirirlər.

Çağdaş zamanımızda macar millətçilərinin türklərlə münasibətdə işlətdikləri "biz qardaşıq" sözləri irq və qan bağını istisna edən sosial mənada bir qardaşlıq vurğusunu ifadə etməkdədir. Macarıstanda 1850-ci illərdən sonra tez-tez dilə gətirilən "türklərlə macarların eyni irqdən gəldiyi" tezisi "elmi baxımdan kifayət qədər qaynaqlarının olmadığı" səbəbindən çoxdan rədd edilmişdir. Macar Turan Vəqfinin 1905-ci ildən sonra yayınladığı "Turan" dərgisində macar turançılarının türklərlə "irqi birlik" fikrini müdafiə etmədikləri, "Turan" hədəfinin "türklərin yaşadığı coğrafiyadakı yeraltı və yerüstü qaynaqlara hakim olaraq Böyük Macarıstanın qurulması" olduğu bir çox məqalələrdə aydın şəkildə ifadə olunmşdur. Müasir zamanımızda "türk aydını" və ya "milli aydın" kimi gördüklərimizin mühüm əksəriyyəti romantik turançı olduğu üçün macar turançılığının 1905-ci ildən sonra keçdiyi təkamül yolundan və yeni hədəflərindən xəbərsizdir. Bu səbəbdən türk turançılığının romantik turançılıqdan ağıla əsaslanan turançılıq fikrinə doğru inkişafının hələ də zamana ehtiyacı olduğu görünür.

Tarixə qısa səyahətimizin məqsədi budur: Çağdaş zamanımızda Avropa hunlarını rəsmi tarixi açıqlamasına görə "atası" kimi görən tək dövlət Türkiyədir. Türkiyə Cümhuriyyətinin gerbindəki on altı ulduzun hər biri böyük türk imperatorluqlarını simvolizə edir. Bu on altı imperiyadan biri də Avropa Hun İmperatorluğudur. Türklər heç bir tərəddüd etmədən Avropa Hun İmperiyası və bu imperatorluğun möhtəşəm xaqanı Attilaya sahib çıxmaqdadırlar. Bu baxımdan da Avropa hunları və Attila haqqında söyləniləcək hər sözə, ortaya atılacaq hər iddiaya qarşı, ilk növbədə, türk aydınları cavab verməlidirlər.

"Tanrının qılıncı" adı ilə anılan böyük türk-hun qəhrəmanı bir çox Avropa əsərlərinin də əsas mövzusuna çevrilmişdir. Məlumdur ki, Attilanın ölümü ilə bağlı müxtəlif fikir və versiyalar yayılmış və yazılmışdır. Hələ də tarixin olayları arasında tam aydınlığa çıxmayan ölüm faktı müxtəlif xalqların əfsanə və əsərlərində öz bədii əksini tapmışdır. Attila xristian dünyasının qəlbi olan Romaya qədər gedərək xristianlar arasında böyük bir qorxu yaratdığı üçün bir çox Avropa xalqları da onun ölümündən özlərinə pay almaq yarışına çıxmışlar.

Attilanın ölümü german əfsanələrinin də əsas mövzularından biri olmuşdur. Savaş meydanlarında Attilaya qalib gələ bilməyənlər onu zəhərləyən qadının özlərindən olduğunu iddia etmiş, "xristianların ən böyük düşmənini biz məhf etdik" şəklində fikir formalaşdıraraq bu hadisədən özlərinə pay götürmüşlər. Heç şübhəsiz ki, bu iddia yeni deyil, lakin, təəssüf ki, yüzilliklər keçməsinə baxmayaraq, həmin iddiaların çoxuna türklər tərəfindən cavab verilməmişdir.

Attilanın ölümü və ya öldürülməsi ilə bağlı ən qədim tarixi hekayələrə təsadüf etdiyimiz german ədəbiyyatında onların çox müxtəlif versiyaları mövcuddur. "Poetik Edda" əsəri XII-XIII əsrlərdə yaşamış İslandiya tarixçisi, şair və siyasətçi Snorri Sturlusonun yazdığı "Edda" əsərindən fərqli, qədim Norveç ədəbiyyatına aid müəllifsiz şeirlər toplusudur. Bu əsər XIII əsrdə yazılmış, "Codex Regius" adlanan orta əsrlər əlyazma mətinlərinin tərkibində məlum olmuşdur. Norveç mifologiyası və alman qəhrəmanlıq əfasanələrinin ən önəmli qaynağı olan "Codex Regius"un harada olması ilə bağlı 1643-cü ilə qədər heç bir məlumat mövcud deyildi. "Codex Regius" XIX əsrin əvvəllərindən etibarən skandinav ədəbiyatı üzərində güclü bir milliyətçilik təsiri yaratmışdır.

"Poetik Edda"nın qəhrəmanlıq şeirləri arasında "Attilanın nəhri" mənasını ifadə edən "Atlakvida" mühüm yer tutur. Şeirin əsas obrazlarından biri Avropa hunlarının əfsanəvi kralı Atli - Attilladır.

Mənzum hekayədə Attilanın ölümünə səbəb olan Burqundiya krallarından Gunnarr və qardaşı Högninin intiqamının onların bacıları və Attilanın arvadı Gudrin tərəfindən alınması mövzusu qələmə alınmışdır. "Qədim Atlakvida" Edda nəğmələrinin ən qədim şeirlərindən biri kimi qəbul edilir və bir çox tədqiqatçıların fikirlərinə görə, IX əsr civarında ortaya çıxmışdır. Şeirdə təsvir edilən hadisələr köç dönəmi kimi məlum olan V əsrə aiddir. Onlar ilə alman mənbələri arasında oxşar xüsusiyyətlər müşahidə olunmaqdadır. "Atlakvida"nın ilk yazı versiyası 1270-ci ilə aiddir.  "Qədim Atlakvida" 176 sətir həcmindədir.  Edda nəğmələrinə aid olduğu iddia edilən ikinci "Atlakvida"da (Old Norse Atlam?l) da eyni hekayə qələmə alınmışdır, lakin təsvirlər və üslub çox fərqli xarakter daşıyır.

"Atlakvida"nın "Sophus Bugge" və "Gudni Jonsson" kimi versiyaları da mövcuddur. Digər tərəfdən əsərin Henri Adams Bellovs ilə Uilliam Morris və Eirikr Magnusson tərəfindən iki fərqli tərcüməsi də edilmişdir. Uilliam Morris və Eirikr Magnussonın uyğun olaraq "Attilanın nəğməsi" (The Song of Atli) və "Attilanın sevişməsi" (The Lay of Atli) tərcümələri və Benjamin Zorpe tərəfindən edilən tərcümə də məlumdur.

Əsərin dil məsələləri mübahisəli olduğu üçün "Qədim Atlakvida"nın müasir tərcümələrində müxtəliflik nəzərə çarpmaqdadır. Mənzumənin əsas mövzusu tarixi hadisədən götürülmüşdür. Gunnarr V əsrdə Attila ordusu tərəfindən məğlub olunmuş Burqundiya kralı Gundaharius ilə eyni tarixi şəxsiyyətdir. Alman əfsanələrinə görə, Attila alman mənşəli bir qadınla evləndiyi toy gecəsində ölmüşdür. Norveç əfsanələrində bu qadın norveçli kimi təqdim olunmuşdur. Təbii bir ölüm səbəbi mövcud olmasına baxmayaraq, Attilanın ölümünün alman arvadının intiqamı kimi göstərilməsi, qeyd olunduğu kimi, tarixdə böyük şöhrət qazanmış bir qəhrəmanın ölümündən pay almaq yarışı kimi görünməkdədir.

İsveçin Gotland qəsəbəsində olan Hanninq Rəsm Daşı (Hunninge Image Stone) üzərində Sigurd və ya Knefrodr olması güman edilən və barmağında üzük olan bir adam təsvir olunmuşdur. Sol alt tərəfdəki səhnədə isə Gunnarrın yalan söylədiyi ilan çuxurunu izləyən bir qadın rəsm edilmişdir. Bu rəsmdə "Atlakvida" əsərinə istinad edilmişdir. Alman ziyalıları daşda əks olunan simvolları tarixi bir mükafatın rəmzi kimi şərh edib göstərməyə çalışırlar. Əksinə olaraq, bunu qardaşlığın rəmzi kimi dəyərləndirmək üçün, görünür ki, alman aydınları arasında humanist düşüncənin inkişaf etməsi lazımdır.

Mənzum hekayənin xülasəsini belə təqdim etmək olar: Hun Kralı Atli (Attila), Burqundiya kralı Gunnarra və qardaşı Högniyə elçi göndərir. Elçi Atlinin Gunnarr və qardaşını sarayına dəvət etdiyini və onları var-dövlətlə təmin edəcəyini söyləyir. Kral Gunnarr və Högni çox zəngin qızıl xəzinəsinə sahib olduqları üçün təklifi şübhə ilə qarşılayırlar. Şübhələrini təsdiq etmək üçün Atlinin arvadı olan bacıarına bir elçi göndərirlər. Atlinin arvadı onlara qurd tükü ilə sarılmış bir üzük göndərir. Atlinin açıq xəyanət planı olduğuna əmin olmasına baxmayaraq, Gunnarr təklifi qəbul etməyə qərar verir. Yola çıxmazdan əvvəl qızıllarını gizlədir və geri dönməyəcəyi təqdirdə sərvətindən kiminsə istifadə etməyəcəyinə dair söz alır.

Gunnarr və Högni Atlinin sarayına gəldiklərində Gudrunla qarşılaşırlar. Gudrun onların saraya gəlməklə böyük xəta etdiklərini söyləyir. Gunnarr Atlinin adamları tərəfindən ələ keçirilir, Högni ilə səkkiz adama qarşı vuruşaraq öldürülür.

Hunlar Gunnarrın qızıllarının yerini öyrənməyə cəhd edərək onun həyatının qarşılığında xəzinəsini tələb edirlər. Gunnarr öncə qardaşı  Högnini görmək istədiyini bildirir, lakin onun öldüyünü söylədikləri zaman Högninin ürəyini görməyi arzuladığını deyir. Hunlar Hjalli adlı qorxaq bir adamın qəlbini kəsib Gunnarra gətirirlər. Gətirilən qəlb qorxudan titrədiyi üçün Gunnarr onun qardaşına aid olmadığını deyir. Bundan sonra isə Högninin qəlbini kəsib ona gətirirlər. Gunnarr qardaşının qəlbini tanıyır, lakin qızılların yerindən ondan başqa kimsənin xəbərdar olmadığı üçün ələ keçirilə bilinməyəcəyinə əmin olaraq onu hunlara söyləmir. Gunnarrı verdiyi sözə əməl etməməkdə günahlandıran hunlar onu bir ilan çuxuruna ataraq arfa çalmağa başlayırlar. Gunnarrın Atlinin arvadı olan bacısını onu qızıllarının yerini söyləməyə məcbur etmək üçün ilan çuxurunun yanına gətirsələr də, Gunnarr qızılların yerini söyləmir və öldürülür.

Bundan sonra Gudrin Atli və saray əhli üçün bir ziyafət təşkil edir. Çox gözəl keçən mərasimdə Atli sərxoş olur. Otaqlarına çəkildikdən sonra arvadı Gudrun Atliyə "mərasimdə iki oğlunun ətini sənə yedizdirdim" deyərək intiqamına işarə edir. Daha sonra isə yatağında Atlini öldürür, əsir və xidmətçiləri sərbəst buraxır və sarayını yandırır.

Göründüyü kimi, bu mənzum hekayədə tarixi hadisələrə fərqli şəkildə müdaxilə edilmiş, Attilaya qarşı intiqam hiss daha ön plana çəkilmişdir.

Tarixdə türklərin izinin olduğu hər qarış torpaq Turanın əbədi bir parçasıdır. Türklər, onlara qohum olan millətlər, türklərlə qohumluq bağı olmamasına baxmayaraq, türk imperatorluqlarında və ya başqa ölkə daxilində qardaşcasına birlikdə yaşamış millətlər Turan xalqlarıdır. Turan xalqlarının maddi və mənəvi mədəniyyəti, şifahi və yazılı kültürü, dövlətçilik ənənələri qürur duyduğumuz keçmişimizdir. Bu möhtəşəm tarixə, kültürə, mədəniyyətə, onun şanlı dövlət şəxsiyyətlərinə, elm, kültür, sənət adamlarına yönəldiləcək iftiraya qarşı elmi bir şəkildə cavab vermək hər bir türk və Turan xalqları aydınlarının mənəvi borcudur.

"Codex Regius"da mühafizə edilən "Atlakvida" əsərində şeirlə təsvir edilən hekayəyə əsrlər sonra şeirlə cavab veririk:

 

 

Dinlə məni Edda!

 

Doğruluq genindən başqası yox qılıncımızda,

Üzüyümü daşıyan xəbərçi göndərdim sənə.

Nə ilan, nə çayan, nə qorxu hürküdür bizi,

Bizim ölkəmizdə ər kişi kimidir hər kadın.

 

Ey Kral Gunnarr və qardaşım Högni,

Bacınız uşaqları sizi çox özlədi. Bəs siz?

Gudrun hər süfrəyə qoyar içkinizi,

Huzur olarmı, qardaşlardan xəbərsiz!

 

Xəbər ver Gudrun! Eyni anadanıq biz,

Hətta eyni qandan, eyni candanız.

Nədən dəvət edir söylə, Attila bizi?

Düşünürük ki, istəyir xəzinəmizi!

 

Gəlirsə sizə, qurd tükünə sarılmış üzük,

Bil ki, təhlükə var canınız üçün çox böyük.

Verəmədim deyə Attilaya oğul qəhrəman

Gecə-gündüz gözlərimdən qan axır hər an.

 

Xoşgəldiniz qardaşalarım deyə sarıldı Attila,

Lakin nədən gizli əsgərlə gəldiniz söylə mənə!

Mən sizə güc verdim adımla və sanımla,

Sizdən xəyanət gözləməzdim xalqımla!

 

Hesab vaxtı gəldi söylə mənə Högni

Kürəkəninə xəyanət nədən, danış indi.

Ey kral Gunnarr, səni çağırdım nədən?

Xristian hücumu gəlir güneydən.

 

Doğruysa sözlərin, Högninin göstər qəlbini mənə

Canım fəda olsun bacımın ərinə!

Mən ki, bacının əriyəm, doğrudur

Lakin kralın deyilmiyəm, qorxaq Gunnarr?

 

Atın bu pisliyi bir dərin ilan çuxuruna

Arfa çalınsın qorxaq Gunnarrın şərəfinə!

Çağırın Gudruni razı salsın qardaşını,

Yoxsa ilanlara yedirərəm çuxurda leşini.

 

Deyir ki, kralım deyil, zatən mən kralam

İstərsə verərəm, qızılla doludur xəzinəm.

Hər kəsə şirindir canı, mənə də şirin, əlbət!

Altunla çözülür hər bəla, hər zillət!

 

Örtün üstünü yoxsa, üzrü tək kəlmə!

Toplansın bütün saray xalqı şölənə…

Qan qırmızısı şərablar qorxar Romadan

Və qadınların ən gözəli Skandinaviyadan.

 

Sən əsirkən kraliça oldun, vəfasız Gudrun

Vəfasız kim varsa, anında kəlləsini vurun!

Yaxalandı Högnis, Hniflungun alçaq oğlu

Bilirəm Gudrun sənin suç ortağın oldu!

 

Diz çökdürən mənəm Avropanı hər yöndən

Can verərmiyəm səndən, bir qadının əlindən!

Canı verir Tanrı, ömür boyu əmanət üçün

Payıma düşən deyilmi, qəhrəmanca ölüm!

 

Gələcəkdə yazacaqlar qəhrəmanlıqlarımızı

Amma olmasın qələmin ucunda bir sızı!

 

 

Tərcümə edən: Bəsirə ƏZİZƏLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.20-21.