Azərbaycan torpağı
Əsrlərin yaşıdır,
Əsrlərin özüdür.
Mayası
od-alovdur,
Bir də qeyrət gözüdür.
Hər qarışı bərəkət,
Bərəkəti dövlətdir,
Burda zəhmət halallıq,
Zəhmətkeşlik şöhrətdir.
Burda torpaq heç zaman
Halal işi heç etməz.
Burda çəkilən zəhmət
Heç vaxt puç olub itməz.
Torpağı insaflıdır,
Böyükdür səxavəti.
Bu torpağın olmayıb
Kimsəyə xəyanəti.
Bu torpaq görür, duyur,
İnsan kimi qəlbi var.
Bu torpağın köksündə
Böyük bir ürək vurar.
Hər neməti özünün
Bir oxşar övladıdır,
Hər neməti özünün
Şöhrətidir, adıdır.
Möcüzədir bu yerlər,
Həm də adi bir
yerdir,
Bu torpaq, od,
su, hava
Bir də qəribə sirdir.
Bu torpağın ilhamı
Daşda
çiçək bitirir,
Bu yerlər övladına
Şərəf, şöhrət gətirir.
Nəhəng bir kəhkəşandır
Elə bil Azərbaycan.
Şöhrət kimi ucalıb
Asimana cahandan.
Hər gün günəş səmadan
İş yerinə tələsir,
Ay burada hər axşam
Gecə növbəsindədir.
Bu diyarın şöhrəti
Ölkələrə bəllidir,
Neçə elin sovqatı
Bizim yurdlu, ellidir.
Halal varı, sərvəti
Ad-sanını hey bəzər,
Yer üzündə vüqarla
Bir Azərbaycan
gəzər.
***
Buludların qoynunda
Şehli,
güllü Şamaxı,
Günün gündüz çağında
A mürgülü, Şamaxı...
Üfüqlər sonsuz dəniz,
Sən qoynunda adasan.
Göydə misdən məcməyi
-
Mis naxışlı
obasan.
Qəribədir, görkəmin
Mehribandır,
Həm də sərt.
Öz ləhcənlə gələnlə
Yastı-yastı həmsöhbət.
Dünya
görmüş bir qoca
Haman, tarix, əsrsən.
Elə bil ki, göylərdən
Dam-dam dağa enmisən.
Önündə kimi səcdə,
Kimi də şahlıq edib,
Sən yenə də durmusan,
Onlar at çapıb
gedib.
Deyirəm, nə yaxşı
ki,
Cahanda sən də varsan.
Bardaş
qurub dağlarda
Babam kimi yaşarsan.
Qırçılar
Səhər-səhər dam yiyəsi yatanda
Qaynayardı qırçıların tiyanı.
Ağsaqqalı damda plan cızardı,
İş görərdi yerdə qalan cavanı.
Qırğı kimi qonardılar
damlara,
Heykəl kimi durardılar qapqara.
İşlərdilər kirimişcə,
səssizcə -
Kobud işi görərdilər çox
incə.
Qızışanda birdən işin
sürəti
Dözsün deyə cavanların
əsəbi
Ağsaqqalı başlardı şən söhbəti.
Dağlılardan söz düşəndə
fərəhlə
Eyni sözü deyərdilər
hər dəfə,
Çox
olubdu bizdən başlı adamlar -
Bir Xızıdan çıxıb
elə nə qədər…
Oxumadıq, qırçılığa biz getdik, -
Oxusaydıq ya Müşfiqdik,
ya Cəfər!
Gün əyildi, saldı dibə kölgəlik,
Qırçılar da düşərdilər
yeməyə.
Süfrə kimi açardılar
qəzeti -
Qıymazdılar "xozeynə" söz deməyə.
Nahar üçün gətirərdi
özləri
Soğan, pendir, bir də
Dağlı çörəyi.
Üç-dörd divin işin görən kəslərin
Olmazdı heç üç
sərçəcə yeməyi…
Tiyanları gəmi kimi qırçılar
Bütün yayı sürərdilər
hər yana;
Payız
ötdü - Bakıya
qış gələndə
Dönərdilər tiyanlarla yazacan
Dağlı məhlə ünvanında
limana…
Xəzər sahilində qocalar
Səhər,
axşam -
sahildə
dolaşar
qocalar
şam-şam.
Günlər,
fəsillər,
qocaların
üstə
yaş ələr.
Özləri kiçilər,
yaşları il-il
ucalıb
minarə tikilər.
Hər minarənin dibində
bir qoca oturub şam kimi -
küləkdən titrəşər,
bir az da yaşamaqçın əlləşər.
Şah ilə mat arasında
Günüm
şahmat taxtası
-
ağlı-qaralı,
xanalı-xanalı.
Taxta üstdə
güclü-gücsüz
fiqurlar içində
adi bir
fiquram mən də.
Hər gün
dayanıb
günümün axşamında,
günümə nəzər
salıram.
Xanaların
ağında, qarasında
gah
"rəqibə" şah deyirəm,
gah da
özüm mat qalıram.
Yaşayıram günlərimi
şah ilə mat arasında.
Baxın üzü yuxarı
Evində
quran saxla,
İçində iman saxla,
Allaha güman
saxla.
Allah əzəl Allahdır,
Allah gözəl Allahdır.
Göylər alçaqlaşanda,
Yerlər pıçıldaşanda.
Üstün allahlaşanda,
Qəlbini aç göylərə,
Yerə əlac göylərə.
Göy buludlu olanda,
Göy sirlənib dolanda,
Göylə bircə qalanda,
Unut hər şeyi, unut,
Fikrini göylərə
tut.
Ey Allah bəndələri,
Unutmayın göyləri.
Olur nəzər günləri
-
Aşağı baxır Tanrı,
Baxın üzüyuxarı.
***
"Göydən üç alma düşdü -
Biri mənim,
Biri sənin,
Biri də
Nağıl deyən nənənin".
Almaları
Gecə
yarı
İştah ilə yeyərdik,
Yeyə-yeyə deyərdik:
- Sağ ol, ay nənə,
Sabah da nağıl deyərsən,
Alma yeyərik yenə.
… İndi
Könlümə düşür hərdən
Nağıldan sonrakı
Göydən düşən üç
alma.
Kim nağıl danışsın
amma?
Adil RƏSUL
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.19.