Bu çay yatağa sığmaz...

 

Bu çay - bu yatağa sığmaz,

sığmaz, canım-gözüm, sığmaz.

Axar sular - dar məcrada -

axmaz, şirin sözüm, axmaz.

 

Yatağı yandırar azı,

canı "usandırar" azı,

daşı dayandırar azı -

axmaz, qaragözlüm, axmaz.

 

Çırpınıb dözür  -

                       laldı ki,

susur, - yoxsa xəyaldı ki,

hayı-harayı qaldı ki? -

çaxmaz, səhər üzlüm, çaxmaz.

 

 

Necə qıyırsınız...

 

Allahsız uşağı Allahsız!

Bu ağaca necə qıyır əliniz?

Necə kəsirsiniz şah damarını,

Necə kəsirsiniz göy vüqarını?

 

Necə kəsirsiniz, - güclə dayanır,

güclə dayanmaqdı dünyadan payı.

Yer altda kökləri, təşnədir - yanır,

Yer üstə dəhnədən kəsilib çayı...

Göyündə şimşəklər baş-başa gəlir,

 

Tövşüyür, təntiyir yerin nəfəsi

Necə qıyırsınız -

                        daş-daşı yeyir,

Necə qıyırsınız -

                        batır su səsi.

 

Canıyla əlləşir torpaqla, suyla,

torpağın altında gücü böyüyür -

yatır dədə-baba yuxularıyla,

yatır yata-yata suçu böyüyür

bu ağaca necə qıyır əliniz?

 

Damarsız ağacdan nə pöhrə törər?

Torpağa pay edər alın tərini...

Nökər saxlayıbdı köhnə kişilər,

urvatlı tutubdu öz nökərini...

 

Nökərdi, bekardı, sağdı, ölüdü,

olub qalanımız budu -

                        nədisə.

Ondan ocaq altda kösöv də olar,

 

palıd da yetirmək olar, qadası -

Bu ağaca necə qıyır əliniz?...

                     

 

Üzündə gün işığı

 

Üzündə gün işığı,

gözündə sarı ləkə.

Mən bu geniş dünyada -

elə səninlə təkəm.

Nə bir kimsə, nə bir kəs,

yolçu,

                        yol azan.

Nə bu yarımçıq ömrü -

sənə, ya mənə yazan.

 

Heç kim yoxdu gözümdə,

heç kimsədə mən yoxam.

Yatıb durdum - beş-üç gün -

durub gördüm ki, yoxam.

 

 

İki göz gərəkdi...

 

Təyyarədən yeri seyr edərkən...

İki göz gərəkdi - tamaşa qıla,

ləldi - yaratdığın, altun, İlahi.

Nə eni bilinir,

                        də uzunu

boyda genişdi, altın, İlahi!

 

Qurtarmır torpağın yamyaşıl donu,

dağın davamı,

                        yolun sonu.

Nə böyük səbrin var -

                        bu sonsuzluğun -

Əqlimi başımdan aldı, İlahi!

 

Yerdəsən, göydəsən buludlardasan,

Yağan yağışlarda,

                        tökən qardasan,

Mənim nəzərimdə ucalardasan.

ucadan görünür sırtın, İlahi!

 

Səbrini çöllərə, dənizlərə ver,

dərdini qullara, kənizlərə ver,

lütfünü ağaran bənizlərə ver -

görünsün gerçəkdə artım, İlahi!

 

Hardasan, Xocalar xocası Tanrım,

Hardasan, ucalar ucası Tanrım,

Sıxıldım, qocalar qocası Tanrım

Yol alıb yanına yortum, İlahi!

 

 

Sevgiylə söz savaşı

 

Səni sevə bilmədim,

Sən şeirdən ağırdın.

Dan üzünün nuru tək

Üz-gözümə yağırdın.

 

Neyləyim şeiri sevdim -

sənə gücüm çatmadı.

Üzündəki nur seli -

içimi oyatmadı.

 

Gah həyat, gah söz odu -

qovruldum bu qazanda.

Sənnən qaçdım həyatda -

səni gördüm yazanda...

 

Səni gözləri yaşlı,

qoyub sözə tələsdim.

Özüm öz əllərimlə

öz işığımı kəsdim.

 

Bir-birinə uyuşmur -

sevgiylə söz yanaşı...

ya bu onu tez yenir,

ya o alışıb yanır.

 

 

Məni qorxudurdu onun sağlığı

 

Anam yaşayırdı gözümə çıraq,

sakitcə yanırdı ömür dağında.

Mənim bu dünyaya sığışmamağım -

onu göynədirdi qürub çağında.

Haqlını-haqsızı - görmüşdü özü,

duyurdu ağrının çəkilməyini -

Sünbülün saçını hörmüşdü özü,

Bilirdi buğdanın əkilməyini...

Gözündə min illik kədər varıydı,

Qorxurdum dərd üstdən dərd gətirəm mən,

Ayını, gününü pərt gətirəm mən -

Məni qorxudurdu onun sağlığı.

Nə söz söyləyirdim sözünün üstə,

dərdlər döyülüb dizinin üstə,

Ömrünün dağına, qışlaqlarına

baxıban fələyin işdəklərinə -

yanırdım, nəzəri qoymurdu dinəm,

düz sözün qabarlı əli olardım.

Bilsə ayağıma bir daş toxunub -

Allah eləməsin, dəli olardı

Məni qorxudurdu onun sağlığı.

 

Göylə əlləşirdim - gözündən iraq,

ruhuyla gözümü sığallayırdı.

Oxlovu səhəngə salıb -

                        qurd-quşun

guya ki, ağzını qıfıllayırdı

balama xətəri dəyməsin deyə...

 

...Məktub yazdırardı - "başını qoru"

İsmarıc gələrdi - gəlib-gedəndən.

"İçini bilirəm - sakit ol, oğlum,

tünlüyə çox girmə,

                        bir azca gendən"

Məni qorxudurdu onun sağlığı.

 

...Nə bayraq qaldırdım -

                        haqqın üzünə,

kösöv rənginə döndü dan yeri,

Elə bil bir ağır daşdı götürüb

sıxdı boşluqlara Yaradan yeri,

Çəkib öz yanına - apardı Tanrı

qoymadı ağrımı-acımı görə...

 

...Yıxılıb ölsəm də

                        daha qanım yox,

qorxumu, hürkümü alıb apardı.

 

İndi daha elə bir yananım yox,

də insanlara elə inamım...

...nə vaxtsa qorxduğum bir qarı vardı,

torpaq əllərimdən alıb apardı...

məni qorxudurdu onun sağlığı...

 

 

Tellər sığalı gələndi...

 

Tellər sığala gələndi,

Gələndi dənnən savayı.

Hamı hər şeyi biləndi,

biləndi mənnən savayı.

 

Ayının yüz oyunu var,

Hər sözün - düz ayini var,

Kəndçinin yüz qoyunu var -

Kürəndi - mənnən savayı...

 

Kimi divara daş hörür,

Kimi ayağa baş hörür,

Hamı ölümcül iş görür,

öləndi - mənnən savayı.

 

 

Tanrı, məni quşa döndər...

 

Tanrı, məni quşa döndər,

Gedim quş olum dağında.

Elə bir məna görmürəm -

Mənasız yaşamağımda.

 

İnsan kimi doydum yetər,

Yaşamaq ölümdən betər,

Qaya kimi yoğur, bitir -

Kəməndin bir qırağında.

 

Boz qayaya, daşa yaxın, -

adam olmuş daşa baxın,

daş kitabə yığın-yığın -

çöküb qalım varağında.

 

 

Tanrı, nə cəzam var...

 

Tanrı!

            Nə cəzam var -

                        ver özüm çəkim,

Qoyma kənar ayaq

                        girsin bağıma!

Söylə günahımı bircə-bircə gəl,

Yığım ifçin-ifçin "öz otağıma".

İnsanın günahı qurtaran deyil,

Görüm gönü harda vermişəm suya...

O qızın göz yaşı daşdı, -

                                   elə bil,

Damcılar qəlbimə - damar, ovudar.

 

...Onu sevə-sevə,

                        özümü dandım,

Sənə sevgidəndi -

                        ona yanmağım.

Ən böyük günahım -

                        bəlkə də odu,

bir də bu həyatı anlamamağım...

 

Tanrı!

            Nə cəzam var -

                        ver özüm çəkim,   

yığ dağı üstümə -

                        götürə billəm,

Canı son mənzilə

                        yetirə billəm.

Bircə o gözəlin, o talesizin -

bircə göz yaşını göstərmə mənə

bütün varlığımı itirə billəm.

Tanrı!

            Nə cəzam var -

                        ver özüm çəkim...

  

...Mənim əmanətə - xəyanətim yox,

Ölümlük cəzam yox, cinayətim yox,

Susub yaşayıram adam içində,

əzabım, həsrətim - müdam içimdə.

Səbirdən asılan tükdü yaşamaq,

Ən ağır cəzadı, yükdü yaşamaq -

Tanrı!

            Nə cəzam var -

                        ver özüm çəkim.

 

 

Avdı Qoşqar

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.15.