Qış... yay... yaz...
Üç fəsil yaşayıram
Gündə mən.
Biri qış,
Biri yaydı,
Biri yaz -
İçində mən.
Babam -
Qar-yağışlı qış...
Atam -
Al günəşli yay...
Mən də ki, yaz
-
Hay-haray.
Qış qarlayıb,
Soyuq məni vuranda,
Günəş doğur
Başım üstə o anda.
Nəzrin və yuxu...
-Çıq-çıq...
-Kimsən?
-Saatam.
-Qoymazsan bir az yatam?!
Yorulub, usanmışam,
İndicə uzanmışam!
-Taq... taq...
-Kimsən?
-Mənəm - İş.
-Nə var belə,
görməmiş?!
Hələ Günəş də
yatır...
Bu da məni oyadır!
-Lay...
lay...
-Kimdi?
-Mən - yuxu.
-Gəl, açıqdı
qapılar,
Gözüm üstə yerin
var!
Qar
Qar yağıb, lap tək qalıb
Evimizin damında.
Yazığı gəlir adamın da.
Ay pişik
Ay pişik, miyoldama,
Çəkilib yana dursan!
Ay it, mırıldama, keç,
Pişiyi
qorxudarsan!
O
-O nədir?
-Ulduz.
-Ata, dər, yeyim.
-Yeməzsən...
-Niyə?
-Yeməli deyil.
-O nədir?
-Bulud.
-Əl uzadıb,
tut.
-Tutsam, dayanmaz,
Od vursam, yanmaz.
Yerin barıdı -
Su buxarıdı.
-O nədir?
-Aydı.
-Gedək Aya biz,
Ordan boylanaq
Bu dünyaya biz.
Siçan... Pişik...
-Ay pişik, yeri get yat.
-Siçan yatmayıb axı.
-Ay siçan, yeri get yat.
-Pişik yatmayıb axı.
Dəh-dəh
At sürürəm:
- Dəh-dəh...
Anam deyir:
- Bəh-bəh!
Gül
Nənəm xalçaya gül
əkib,
Xalçada - güllərin ləki...
Quş
Nəzrinin əlinə
Arı qonmuşdu,
Çığırdı:
-Baxın ey,
Nə gözəl quşdu!
Çəngəl-bıçaq
-Əlini yu.
-Yumuşam.
-Haçan?
-Səhər duranda.
-Belə oturacaqsan
Nahara oturanda?
-Necə?
-Əli bulaşıq!
-Onda nəyə gərəkmiş,
Ay ana, çəngəl-qaşıq?!
Günəş
-Niyə çıxırsan,
Günəş?
-Oynayasan-güləsən.
-Niyə batırsan onda?
-Sən yatıb dincələsən!
Anarın sualı
-Ağacın balası var?
-Var. -
Budağındakı bar.
-Babam niyə dərdi bəs,
Bazara göndərdi
bəs?!
Bəs
-Küləyin ayağı var?
-Yoxdu!
-Necə qaçır bəs?
-Küləyin qanadı
var?
-Yoxdu!
-Necə uçur bəs?!
-Küləyin gözləri
var?
-Yoxdu!
- Necə görür bəs?!
-Küləyin əlləri
var?
-Yox...
-Kepkamı götürür
bəs!
Quzu
Buz kimi soyuqdu hava,
Quzuya bax, arxa girib...
-Ay quzu, ağzın üşüyər,
Dayan, gedim çay gətirim!
Yuxu
-Ay yuxu,
neyləyirdin?
-Ovlayıb-quşlayırdım.
Balaca dostlarıma
Yuxu bağışlayırdım.
Tək
Qapını küləkdi döyən,
Çöldə qalıb - təkdi, deyən?!
Ot... zəmi...
-Bu ot niyə
saralıb,
Su içməyib, deyəsən?
Bel götürüb, ay ata,
Suvarıb, bəsləyəsən!
-Bəsləməyin xeyri nə,
Yanıb-qaralıb artıq?!
Bir də yaşıllaşmağı
Bahara qalıb
artıq.
-Bu, zəmidi?..
-Hə...
-Oy... oy...
Hayıf bundan - yanacaq.
Gözləməyək suçunu,
Gəl,
suvaraq, ana can!
-Suçu verib suyunu,
Sünbülü dən bağlayıb,
Biçinçini çağıraq,
Ay oğlum, vağamlayıb!
Babam, arılar və
mən
Babam arılarla
Vurub aramı -
Yuxulu-yuxulu
Alır
başımın üstünü:
-Ağzını aç, bala! -
Bal qoyur ağzıma.
Qış
Yağdı...
Amma yağış yağdı,
Yağammadı qarı - qış.
Qar üzünə həsrət
qoydu
Bu il uşaqları
qış.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 2
iyun.- S.9.