Azad Müzəffərli
Hekayələr
İşığa doğru
Şəhər xeyli vaxtdı yuxuya dalmışdı. Onlarsa iki dost hələ də dərdləşirdilər.
Aradabir
Ay da onların söhbətinə qoşulurdu.
- Əsl həyat,
yaşamaq nədir?
- İşığa doğru yol, həqiqət axtarışı.
- Çətin yoldu, heç də hamı bunu seçmir.
- Düzdür, razıyam...
Söhbətin bu məqamında hər ikisinin gözü binanın həyətini işıqlandıran
minlik elektrik lampasındaydı. Pərvanələr vur-çatlasındaydılar.
Özlərini lampaya çırpmaları
ilə kəlləmayallaq
olmaları bir göz qırpımı qədər çəkirdi.
Pərvanələr elektrik dirəyinin
dibində qalaqlanmaqdaydı.
Şeytanın üzrxahlığı
Şeytan
növbəti dəfə Tanrının
hüzurunu kəsdirmişdi.
Bu dəfə daha israrlıydı:
- Axı, onda nə görmüsən ki, fərmanını gecikdirirsən? O da adi adamdı da? Bu kaftarın ömürü iki yüz ilə yaxınlaşır e, icazə
ver nöqtəsini qoyum...
- Səhv edirsən, o adi insan olsa
da, tamam fərqlidir. Tək-tək adamlar var ki, onlar ziyarətgahlar
qədər müqəddəsdir.
Mənim
fəlsəfəm belələrinin
üstə qərar tutub, yoxsa, həyat
öz mizanını anındaca itirər.
Şərə-şurlar itətökdür, xeyirxahlarsa barmaqla sayagələsidir.
Tanrı
ilə heç cür razılaşmaq istəməyən Əzrayıl
ilk dəfə Uca Varlığa qarşı
asi çıxdı.
Gizlincə, tələm-tələsik gözaltı elədiyi müştərisinin başının
üstünü aldı.
- Tanıdın?
- Hə, çoxdan gözləyirdim, niyə indiyə qədər gecikdiyinə lap məəttəl
qalmışam...Sən
Əzrayılsan...
- Bilirsən də niyə burdayam?
- Təbii, Allah ölənlərinə
rəhmət eləsin,
vədəsi çatanlar
üçün sənin
əməlin savabdır...
Şeytanı tər basdı. Gönünə qədər islandı.
Günahı bağışlanası olmasa da, Tanrıdan
üzr istəməyə
tələsdi.
Mənə dəniz verin
Aylardı təcili yardım maşınları qapılarını
yağır eləmişdi. Yaşlı atası
ölüm ayağında
olsa da, hələ vədəsi yetişməmişdi. Bu halından özü də pərişandı.
Kimsəyə əziyyət vermək
istəmirdi. Di gəl, qisməti beləydi. Könlündən keçən nə
vardısa, hamısına
əməl olunmuşdu.
Doğmalarından tam razıydı. Bu dəfə bədahətən
içindən dənizə
getmək istəyi keçdi. Ayaqları yer tutmasa da, böyük oğlunu harayladı.
- Mən dəniz istəyirəm. Sahildə sakitcə oturub,
dənizin ənginliklərini
seyr etmək keçir könlümdən.
Xəzərin sahilindən
üfüq necə də gözəl görünür...
- Baş üstə, atacan. İndi gecdir, axşam
düşmək üzrədir,
sabaha maşın danışım, istədiyin
qədər dəniz sənin ixtiyarında olacaq. Yaxşı?
- Allah sizdən razı olsun...
Şər qaralan təkin yenə təcili yardım çağırmalı
oldular. Həkimlər neçə aydır
xəstəyə yardım
elədiklərindən vəziyyətindən
haliydilər. Bu dəfə gələn həkimlərdən daha təcrübəlisiydi. Nəyisə soruşmağa heç
ehtiyac da duymurdu. Əksinə, bəzən ağıllarına
gəlməyən suallarla
da qarşılaşırdılar.
Xəstənin nəbzini əllə
yoxlayıb, təzyiqini
ölçəndən sonra
həkim onun yaxınlarına müraciət
etdi.
- Bugün xəstə nəsə arzulayıb?
- Yox, elə bir
şey istəməyib,
sadəcə, axşamüstü
dənizə getmək
fikrinə düşmüşdü, gec
olduğundan sabaha saxladıq...
- Bağışlayın, həqiqəti
demək məcburiyyətindəyəm,
vədə tamam olmaq üzrədir. Hazırlıq görün, ən
çoxu bir neçə saatlıq ömrü qalıb, inşallah, Tanrı o dünyada onu dənizlə qovuşdurar.
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.-
S.14.