Sabirin sənət dünyası

haqqında monoqrafiya

 

Mir Cəlal. “Mirzə Ələkbər Sabirin Sənət dünyası” (Toplayıb, tərtib edib nəşrə hazırlayan və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu (Məmmədov). Bakı. 2017).

Görkəmli Azərbaycan şairlərindən biri, inqilabi satira poeziya məktəbinin banisi və bayraqdarı kimi tanınan Mirzə Ələkbər Sabirin şəxsiyyəti və sənəti özünün təzə-tərliyini saxladığı üçün daima diqqət mərkəzindədir. Onun haqqında zaman-zaman elmi tədqiqat əsərləri yazılmış və yazılmaqdadır. Sabir irsinə ardıcıl və sistemli diqqət göstərib onun haqqında bir-birindən dəyərli elmi tədqiqat əsəri yazan alimlərdən biri də əməkdar elm xadimi, görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevdir. O, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bir çox yazıçı və şair - C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Möcüz və b. - haqda sanballı elmi əsərlər çap etdirmişdir. Belə ədəbi şəxsiyyətlərdən biri də M.Ə.Sabirdir.

Professor Mir Cəlalın həmin ədəbi şəxsiyyətlər haqda qələmə alıb çap etdirdiyi elmi tədqiqat işlərinin bəziləri kitab şəklində oxuculara çatdırılsa da, xeyli hissəsi ayrı-ayrı məqalələr kimi müxtəlif nəşrlərin səhifələrində qalmaqdadır. Alimin Ə.Sabir haqqında tədqiqatları da bu qəbildəndir.

Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu Mir Cəlalın M.Ə.Sabirə həsr etdiyi elmi-nəzəri tədqiqatın böyük bir hissəsini bir yerə toplayıb ayrıca kitab kimi çap etdirmişdir. "Sabirin sənət dünyası" adlandırdığı həmin kitaba A.Bayramoğlu geniş bir müqəddimə də yazmışdır. Həmin müqəddimədə kitabın ərsəyə gətirilməsi səbəbləri barədə oxuyuruq: "Müşahidə və araşdırmalar göstərir ki, Mir Cəlal 1960-cı illərin əvvəllərində, Ə.Sabirin anadan olmasının 100 illiyi ərəfəsində böyük şairin yaradıcılığı haqqında da ayrıca elmi tədqiqat əsəri (monoqrafiya) üzərində işləmiş və həmin monoqrafiyadan ayrı-ayrı bölmələri müxtəlif nəşrlərdə elmi ictimaiyyətin diqqətinə çatdırmış, lakin işin çoxluğundan və vaxtın darlığındanmı, ya nədənsə, həmin elmi-nəzəri araşdırmanı ayrıca kitab şəklində çap etdirmək imkanı olmamışdır. Biz həmin elmi araşdırmanın ayrı-ayrı məqalələr halında nəşr edilmiş hissələrinin yüksək elmi-nəzəri səviyyəsini, Ələkbər Sabir yaradıcılığının dəyərləndirilməsində və milli humanitar elmi düşüncədə xüsusi dəyəri olub öz aktuallığını qoruyub saxladığını əsas tutaraq, onları bir yerə cəm edib monoqrafiya şəklində nəşr etdirməyi lazım bildik".

Monoqrafiya "Sabirin sənət dünyası" adlanır. Burada böyük alimin görkəmli şairə, onun yaradıcılığının ideya-estetik xüsusiyyətlərinin şərhinə həsr etdiyi elmi-tədqiqatları sistemli bir ardıcıllıqla sıralandırılmışdır: "Sabir şeiri haqqında", "Sabirin realizmi haqqında", "Sabirin surətlər aləmi" "Bədii sənətkarlıq məsələləri" başlıqlı həmin tədqiqatların hər biri, adlarından da göründüyü kimi, M.Ə.Sabir yaradıcılığının müəyyən bir sahəsinə həsr edilmişdir. Alxan Bayramoğlu kitaba daxil etdiyi elmi-tədqiqat əsərlərinin hər birinin məzmun ideyasını əsas götürərək, onları elə ardıcıllıqla yerləşdirmişdir ki, birlikdə Sabir yaradıcılığına həsr olunmuş monoqrafiya təsiri bağışlayır. Bütün bunlar Mir Cəlalın elmi-nəzəri məntiqinin bütövlüyündən, Sabir irsinə sistemli yanaşma bacarığından da güc alır.

Professor A.Bayramoğlu alim sələfinin - professor Mir Cəlalın elmi tədqiqatlarının mahiyyətini, daxili ideya-nəzəri bağlılığını düzgün müəyyənləşdirə bilmiş Sabir irsinə həsr edilmiş yeni, orijinal bir monoqrafiyanın meydana çıxarılmasına nail olmuşdur.

Alxan Bayramoğlunun monoqrafiyaya yazdığı müqəddimə "Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı" adlanır. Bu müqəddimədə Mir Cəlalın XIX XX  əsrin əvvəllərinə həsr etdiyi elmi araşdırmaları sistemli şəkildə təhlil edilmiş, onun elmi maraq dairəsi nəzəri təhlillərinin səviyyəsi haqda aydın təsəvvür yaradılmışdır. Monoqrafiyanın sonunda onun hazırlanması prosesində istifadə edilmiş elmi ədəbiyyatın siyahısı verilmişdir.

"Mir Cəlal. Sabirin Sənət dünyası" (Bakı, "Elm Təhsil", 2017) adlı monoqrafiya professor Alxan Bayramoğlunun həm M.Ə.Sabir irsinin tədqiqinə, həm Mir Cəlalın vətəndaş alim xatirəsinə dəyərli elmi töhfəsidir.

                              

 

Ulduz Fərhadqızı

filologiya üzrə fəlsəfə doktoru,

ADPU-nin müəllimi

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.10.