İnam
Hekayə
Səmədin
ailəsi 11 il iki ayda ilk dəfə idi ki,
belə sevinirdi. Bu gün səhər məlum olmuşdu ki, Səmədin
nəvəsi Tural, dünyanın ən nüfuzlu ali məktəbinə, Amerika Birləşmiş
Ştatlarının Harvard Universitetinə qəbul olub. Təhsil
xərclərini Azərbaycan dövləti ödəyəcəkdi…
Tural Səmədin yeganə nəvəsi idi. Turalın
altı yaşı olanda atası - Səmədin yeganə
övladı Adil qəfil ürək tutmasından vəfat
etmişdi. O müdhiş vaxtdan 11 il
iki ay vaxt keçirdi. Ailə 11 il 2 ay idi
ki, yas içərisindəydi. Sevincin nə
olduğunu bilmirdilər. Adilin həyat
yoldaşı Gülşənin saçları tamam
ağarmışdı. Səmədin
arvadı Solmazı oğlunun ölümündən sonra
şəkər xəstəliyi tapmışdı, qan təzyiqindən
əziyyət çəkirdi, gözlərinin nuru
azalmışdı. İndi
aldığı xəbərdən - nəvəsinin Harvard Universitetinə
qəbul olmasından, elə bil ki, Solmazın gözlərinə
işıq gəlmişdi. Xəbəri eşidəndə
gəlinini qucaqlayıb, qəhər içərisində təkrar-təkrar:
- Allaha
qurban olum… Allaha qurban olum… - deyib göz
yaşı axıdırdı. Nisgil sevincə, kədər
fərəhə qarışmışdı…
…Telefon
zəng çaldı. Gülşən
götürdü.
- Bəli…
bəli, onların evidir… Sağ olun. Kim? Xahiş
edirəm bir dəqiqə gözləyin.
Qayınatasına tərəf döndü.
- Ata!
Səməd telefonu götürdü.
Televiziyadan idi. Rayona məxsusi olaraq Turala görə gəlmişdilər.
Zarafat deyil, rayon yerində yaşayan bir şagird elə bir
uğur qazanmışdı ki… Onun uğuru
bütün Azərbaycana səs salmışdı.
Səməd telefonu asıb.
-
Televiziyadan gəliblər, Turalı çəkəcəklər…
Bəs Tural özü haradadır?
-
Gülnar müəllimgilə gedib.
- Zəng
edin gəlsin - dedi.
Səməd yataq otağına keçdi. Qapını bağlayıb
çarpayısına uzandı… Neçə
illər əvvəl nəvəsi Turalla olan o qəribə
ağrılı söhbəti bir daha yadına saldı.
Onda Tural I sinifdə oxuyurdu. Atası 3 ay idi ki,
dünyasını dəyişmişdi. Uşaq gecə-gündüz:
- Atam hardadır? - deyib qarqaşa verirdi. Nə
qədər yalan danışsalar da, nə qədər
aldatsalar da, uşağı aram etmək
mümkün olmurdu. Uşağın
anasının əsəbləri artıq tamam pozulmuşdu.
Tural növbəti dəfə - atamı istəyirəm
- deyib ağlayanda anası Gülşən özünü ələ
ala bilmədi.
- Atan
daha heç vaxt gəlməyəcək - dedi və
hönkürtü içərisində - Birdəfəlik
başa düş, anla, atan ölüb… O heç vaxt
hönkürtüdən sözünün ardını deyə
bilmədi…
Səməd də, Solmaz da otaqda idilər. Hər ikisini
eyni anda elə bil ildırım vurdu. Uşaq hər dəfə
atasını soruşanda bir bəhanə gətirirdilər…
Amma indi birdən-birə…
Tural maddım-maddım hönkürən anasına
baxırdı.
- Atamı kim öldürüb? - Uşağın səsində qorxu
və həyəcan var idi.
Artıq
hisslərini idarə edə bilməyən Gülşən:
- Allah…
Allah… dedi… Gülşən yenə də nə
isə deyirdi. Amma nə dediyini anlamaq olmurdu…
***
O hadisədən
sonra 6 yaşlı Tural sanki dəyişdi. Daha
atası haqqında heç nə soruşmurdu. Uşaq şıltaqlığından daha onda
heç bir əsər-əlamət qalmamışdı.
Özünə qapanmışdı. Soruşulan sözlərin çoxusuna çavab
vermirdi. Məktəbdə uşaqlara
qoşulmurdu. Həkimə apardılar.
Uşaq depressiyaya düşmüşdü.
Yaxşı ki, qorxulu bir şey yox idi. Mümkün olduqca uşağı
darıxdırıcı, kədərli söhbətlərdən
uzaq tutmaq lazım idi. Sonra tədricən hər
şey keçib gedəcəkdi.
Həmin darıxdırıcı, cansıxıcı
günlərin biri idi.
Səməd indiki kimi, bax elə indi uzandığı
çarpayısına uzanmışdı. Fikri o qədər
qarışıq idi ki… Qapının səsinə
döndü. Nəvəsi idi.
- Gəl,
gəl ağıllı balam. Dikəlib
çarpayısında oturdu. Zorakı təbəssümlə
gülümsədi.
- Gəl,
gəl qucağıma - deyib nəvəsini dizinin üstünə
aldı.
- Baba.
- Can
baba.
- Baba,
səndən bir şey istəsəm mənə alarsan?
- Əlbəttə alaram.
- Baba,
mənə bir tapança al.
-
Tapançan var axı sənin…
- Yox, o
tapançadan yox… doğrucu tapança.
Səmədin
bədənindən soyuq gizilti keçdi… Amma
özünü tez ələ aldı.
-
Neynirsən doğrucu tapancanı?
-
Allahı öldürəcəm.
Səmədin eşitdiyi sözdən bədənində
qanı dondu.
Dodağının altında hansısa duanı
oxudu.
- O nə
sözdü mənim balam.
- Allah
mənim atamı öldürüb, mən də onu
öldürəcəm.
- Kim
deyir ki, sənin atan ölüb.
- Anam.
-
Ananı çox hirsləndirdin, ona görə dedi.
- Bəs
atam haradadır, niyə gəlmir?
Səməd elə çətin vəziyyətə
düşmüşdü ki, fikirlərini güclə cəm
edə bilirdi.
- Atan Allahın yanındadır, mənim balam.
- Atam Allahın yanında neynir?
- Bilirsən
mənim balam? - Səmədin öz dərdi də yadından
çıxmışdı. - Əslində
Allahın olduğu yer, dünyanın ən yaxşı
yeridir. Pis adamları ora qoymurlar…
Tural hövsələsizcə babasının
sözünü kəsdi.
- Bəs
atam bilmir mən onsuz darıxıram… Bəs atam bilmir ki, anam
onsuz darıxır…
- Bilir,
niyə bilmir - Səmədin iri ulğumu qalxıb-endi. Bir qədər gözlədi ki, səsinin
qarşısını kəsmiş qəhər ötüb
keçsin.
- Bilirsən
mənim balam. Bax, sən atanı çox istəyirsən,
elədi?
Tural başı ilə babasının dediyini təsdiq
etdi.
- Bax, sən
atanı nə qədər çox istəyirsənsə,
Allah da atan kimi yaxşı adamları o qədər çox
istəyir. Atanı da öz yanına çox istədiyindən
aparıb… Amma… - Səməd bir qədər fikrə
getdi - Amma sən istəsən Allah atanı yenidən evimizə
göndərə bilər.
-
İstəyirəm! - Tural tələsik və sevincək dilləndi.
- Bax, mən
bunun yolunu indi sənə deyəcəyəm. Amma
sən də mənə söz ver ki, mənim sənə
dediklərimi heç kəsə deməyəcəksən.
-
Söz verirəm baba.
- Bax, əgər
mənim sənə indi deyəcəklərimi kiməsə
desən, bil ki atan heç vaxt ordan qayıdıb gəlməyəcək.
- Demərəm
baba.
- Anana
da, nənənə də, məktəb yoldaşlarına da… Heç kəsə bu haqda heç nə deməyəcəksən.
Bildin?
- Bildim
baba.
-
Atanın getdiyi yerdən qayıtması üçün sən
ən əvvəl Allahı çox istəməlisən
hamıdan çox… Hətta məndən də,
nənəndən də, anandan da çox… aydındır.
-
Aydındır baba.
- Sonra
dərslərini yaxşı oxumalısan. Dərslərini nə
qədər yaxşı oxusan, nə qədər çox beş alsan, atan da o qədər tez gələr…
Hiss
olunurdu ki, uşaq babasının dediklərinə tamam
inanıb. Uşağın üzünə sanki
bir nur qonmuşdu.
- Sənə
bir şey də deyim mənim balam. Sənə nəzarəti
Allah özü edəcək. Onun hər şeydən xəbəri
olacaq… Sən Allahı nə qədər
çox istəsən, dərslərini nə qədər
yaxşı oxusan Allah biləcək ki, sən Atansız qala
bilmirsən. Əvvəl-axır atanı
evimizə göndərəcək. Bizim də
bütün ümidimiz sənədir Tural. Əgər sən
mən dediklərimi bacarsan, atanı evimizə gətirsən…
heç bilirsən ki, bizi, ananı, nənəni, babanı
necə sevindirmiş olacaqsan…
Söhbət bununla da bitmişdi.
***
Bu söhbətdən sonra Tural depressiyadan xilas
olmuşdu. Uşağın qəfil dəyişməsi evdəkiləri
nə qədər seivndirmişdi. Tural
sözünü tutmuşdu. Səməd də,
nəvəsi ilə olan söhbəti evdə heç kəsə
deməmişdi. Sadəcə evdə
dönə-dönə tapşırmışdı ki,
uşağın yanında qəmli-dərdli söhbət etməsinlər.
Atasının ölümü ilə
bağlı söhbətlər uşağın yanında bir
növ yasaq edilmişdi. Tural dərslərini
əla oxuyurdu. Kitablardan
ayrılmırdı. Bəzən nəvə-baba
tənha otağa çəkilib uzun-uzadı söhbətlər
edirdilər. Nənəsi Solmaz da, anası
Gülşən də, babası ilə hər söhbətdən
sonra uşağın üzündə nurlu bir təbəssüm
görürdülər. Və bu haqda Səməddən
heç nə soruşmurdular, lazım bilsəydi Səməd
özü bu haqda danışardı. Danışmırdısa,
demək soruşmaq da lazım deyildi.
***
Tural babasının müqəddəs yalanına nə
vaxta qədər inandı bunu bir Allah bilir. Bizim bildiyimiz
odur ki, Turalın 13-14 yaşı olanda o artıq
ölümün nə olduğunu bilirdi. Bəzən
evdəkilərdən gizlin, evlərinin günbatanında
yaxınlıqda olan qəbiristanlığa atasının məzarı
üstünə gedərdi. Atasının
ad günlərində, ölüm günündə. Novruz bayramı axşamlarında xəstə nənəsi
dərddən qaməti əyilmiş babası, nisgilli
anası ilə də dönə-dönə atasının məzarını
ziyarət eləmişdi.
Amma babası ilə olan söhbət də nəticəsiz
ötüşməmişdi. Turalın qəlbində
böyük bir Allah eşqi yurd salmışdı. Həm də məktəbdə ən yaxşı
oxuyan şagird idi. Neçə olimpiadanın
qalibi olmuşdu. Məktəbin
bütün müəllimləri onunla fəxr edirdi. Həm təhsildə, həm də tərbiyədə
ən nümunəvi şagird idi. Hamı
onun böyük gələcəyindən
danışırdı.
***
Televiziya işçiləri əvvəlcə Turalın
oxuduğu məktəbdə çəkiliş
aparmışdılar. Sonra çəkiliş onların evlərində
davam elədi.
Turalla söhbəti isə Səmədin böyük həyətlərində
çəkdilər. Tural özü belə istəmişdi.
Babası, nənəsi, anası onun nə
danışdığını bilmədilər…
***
Tural haqqında verilişi Tural Amerikaya - Harvarda yola
düşəndən iki gün sonra göstərdilər.
Bütün ailə televiziyaya diqqət kəsilmişdi.
Müəllimləri, şagird dostları
danışırdı. Səməd, Solmaz nəvələri
haqqında necə qürurla danışırdılar.
Anası - Dünyanın ən bəxtəvər anası mənəm
- dedi. Turalın atası haqqında da söhbət
açdılar. Aparıcı - indi Turalın atası
Adilin də ruhu şaddır - dedi.
Nəhayət Turaldan aldıqları intervünü
göstərdilər.
Aparıcı:
- Təhsilinizdə qazandığınız bu böyük
uğura görə kimlərə minnətdarsınız? - soruşdu.
- Əlbəttə ailəmə, müəllimlərimə. Amma bu uğuruma görə
ən çox minnətdar olduğum şəxs mənim
babamdır… Birinci sinifdə oxuyanda babamla mənim
aramda bir söhbət olmuşdu. Məhz həmin
söhbət mənim müqəddəratımı həll
etdi. Məni Harvarda aparıb
çıxaran da həmin söhbət oldu. Mənim taleyimi o söhbət müəyyən etdi.
- Həmin
söhbəti danışa bilərsiniz?
- …o
vaxt babamdan mənə bir silah almasını istəmişdi
Etibar ƏBİLOV
Ədəbiyyat qazeti.- 2018.- 2 iyun.-
S.8.