Oksford Universitetində
Nizami Gəncəvi Mərkəzi: tarixi təşəbbüslərdən
tarixi uğurlara
Hər
bir insanın, hər bir xalqın, ümumən dünyanın
"tərcümeyi-hal"ındakı böyük uğurlar, heç
şübhəsiz, böyük
təşəbbüslərdən başlayır. Və
əgər mütərəqqi olub bütövlükdə cəmiyyətin
mənafeyinə
xidmət edirsə, elə ilk addımlardan öz təsir
gücünü, miqyasını, perspektiv imkanlarını
göstərən bu təşəbbüslər həyata
keçdikcə yalnız qürur doğurmur, həm də
yaradıcı təxəyyül
qarşısındakı "yol xəritəsi"nin konturlarını daha dəqiq təsəvvür
etməyə şərait yaratmaqla heç vaxt bitib-tükənməyəcək
bir müqəddəs yolçuluğun əsasını
qoymuş olur. Qarşıya maneələr də çıxa
bilər, tərəddüdlər də, ancaq Tanrı yolunun
yolçusuna zaval yoxdur…
Mayın
22-də Bakıdan Londona gəlmiş Azərbaycan nümayəndə
heyəti - akademik Akif Əlizadə, akademik Vasim Məmmədəliyev, akademik Teymur
Kərimli və mən səhəri
gün tezdən Oksforda
yollandıq. Səfirliyimizin əməkdaşlarının
müşayiət etdiyi bu yolçuluq öz böyük (və elmimizin, təhsilimizin,
mədəniyyətimizin daha da inkişafı, beynəlxalq
miqyas alması baxımından çox zəruri) məramı
ilə, yəqin ki, heç vaxt yadımızdan
çıxmayacaq. Mayın 23- ü Böyük Britaniyanın
dünya şöhrətli Oksford Universitetində beş il bundan əvvəl - 2013-
cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü
(və ardıcıl elmi- təşkilati mübarizəsi!) ilə
yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin tarixində
(artıq bu məqamda "tarix" sözünü cəsarətlə işlətmək olar!) olduqca əlamətdar
bir gün idi: tarixi bir kontrakt imzalanacaqdı… Artıq mətbuatda
xəbər verildiyi kimi, imzalanma mərasimi, protokola əsasən,
Universitetin Klarendon Kollecində keçirilirdi. Və
kontraktı Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi
tərəfindən Mərkəzin Azərbaycan tərəfdən
rəhbəri, Azərbaycan və Qafqazı öyrənən
Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva
Dövlət Universiteti Bakı filialının rektoru, akademik
Nərgiz Paşayeva, Oksford Universiteti tərəfindən isə
Universitetin vitse-kansleri, Amerika İncəsənət və
Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin
və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral
Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü, professor Luiz
Riçardson imzaladılar.
Müqaviləyə əsasən Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi
Oksford Universitetində
yüksək statuslu elmi-akademik mərkəz olaraq
universitetin ayrılmaz bir hissəsi
kimi daimi fəaliyyət göstərmək hüququ
qazandı.
Əlbəttə, belə bir mühüm sənədin
imzalanması nə Azərbaycan, nə də Böyük
Britaniya tərəfindən təsadüfi deyildi. Və xüsusilə Azərbaycan tərəfi
akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə
Oksford Universitetinin tələbkar mütəxəssislərini,
eləcə də min illik universitet idarəçiliyi təcrübəsinin
varisi olan administrasiyasını inandıra bilmişdi ki, Azərbaycan elmi, təhsili, mədəniyyəti
Oksford Universitetində təmsil olunmağa layiqdir.
Nümayəndə heyətinin üzvləri - "Nərgiz
Paşayevanın komandası" Oksford Universiteti ilə
tanışlığa onun Bodleyn kitabxanalarından
başladı.
Yeri gəlmişkən deyək ki, bu ilin aprel ayının 23-də yenə də Nərgiz
xanımın təşəbbüsü (və qarşı tərəfin
bu təşəbbüsə
hörmətlə yanaşması) nəticəsində
Oksford Universiteti Şərqşünaslıq
İnstitununun Kitabxanasına
dahi Nizami Gəncəvinin adının verilməsi barədə
razılığa gəlinmişdi… Şərq, xüsusilə
Azərbaycan əlyazmalarının sərgisi ilə tanış olduq. Azərbaycan MEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru Teymur Kərimlinin oksfordlu mütəxəssislərlə
fikir mübadiləsi göstərdi ki, bu sahədə məhsuldar
əməkdaşlıq üçün hər cür imkanlar
mövcuddur. Və
həmin əməkdaşlıq çərçivəsində
həm Azərbaycandakı, həm də Oksforddakı
müvafiq əlyazmalarının müqayisəli
araşdırılması istər praktik, istərsə də
nəzəri baxımdan ümumən dünya mədəniyyətinə
böyük faydalar verə bilər. Xüsusilə həmin
sahədə müasir metodlarla işləyən mütəxəssislərin
hazırlanmasına
ehtiyac olduğunu
ayaqüstü söhbət də aydın göstərirdi.
Məni
ən çox maraqlandıran məsələlərdən
biri Oksford Universitetində Azərbaycan dilinin örənilməsi
idi ki, imzalanmış
müqavilələr bu istiqamətdə də kifayət
qədər geniş imkanlar açmaqla, heç şübhəsiz,
ana dilimizin - müstəqil dövlətimizin dilinin Qərbi
Avropa elmi-mədəni mühitində daha yaxşı tanınmasını təmin edəcəkdir.
Görüşlərdə,
söhbətlərdə Nərgiz xanım tamamilə əsaslı olaraq
vaxtaşırı təkrar etməkdən çəkinmirdi
ki, illər keçəcək, biz öz missiyamızı
başa vurub dünyadan gedəcəyik, ancaq dünyanın ən
qədim universitetlərinin birində
yaratdığımız Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq Mərkəzi məhz sağlam təməllər
üzərində qurulduğuna görə əbədi
mövcud olacaq, beynəlxalq səviyyədə elmimizin, təhsilimizin,
mədəniyyətimizin inkişafına xidmət edəcəkdir.
İmzalanma mərasimi çox təntənəli oldu. Və bu təntənəlilik
yalnız ondan irəli
gəlmirdi ki, mərasim olduqca nüfuzlu (və tarixi) bir məkanda
keçirilirdi, daha çox onunla bağlı idi ki,
görülən möhtəşəm işlərin nəticəsində
qazanılmış böyük qələbə ürəyimizi
qürur hissi ilə doldurmuşdu. Hər iki görkəmli
xanım professorun - Luiz Riçardsonla Nərgiz
Paşayevanın zərif çöhrələrində sonsuz
məmnunluq
vardı, lakin həmin məmnunluq fonunda aydın
seçilən ciddiyyət, məsuliyyət hissini
müşahidə etməmək mümkün deyildi. Ən
müxtəlif səbəblərə görə Nərgiz
xanım "tərəf- müqabil"indən daha çox həyəcan keçirməli
idi, ancaq həm təbiətinə xas olan mükəmməl
(və son dərəcə mədəni-intellektual!) təmkinlilik,
həm də, görünür, son illər Oksford Universiteti
ilə ardıcıl əməkdaşlığın təcrübəsi
ona imkan verirdi ki, hisslərini çox da büruzə verməsin…
Ancaq bütün bunlar qazanılmış qələbənin
doğurduğu qürura kölgə sala bilmədiyi kimi,
ümumi həyəcanı da heç cür azaltmırdı.
Oksford
Universitetinin ayrı- ayrı qurumları ilə tanışlıq gəzintiləri,
rəsmi nahar, çay süfrəsi arxasındakı söhbətlər
məndə heç vaxt unutmayacağım zəngin təəssüratlar
yaratdı. Və həmin təəssüratların ən əsası
o idi ki, Oksfordda - dünyanın qədim Universitetində professor Nərgiz
Paşayeva öz akademik- təşkilati fəaliyyətilə
elə bir nüfuz qazanıb ki,
bu nüfuz Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin
dünya arenasına daha inamla çıxmasına həmişə möhkəm arxa-dayaq olacaq… Bir
neçə kəlmə də başqa bir təəssürat,
daha doğrusu, bu günə qədərki təəssüratlarımın
kökündən dəyişməsi barədə… Nədənsə məndə belə bir təsəvvür
vardı ki, ingilislər hər şeyə yuxarıdan
aşağı baxan, hiss- emosiyalarını gizlədən,
ünsiyyətdən qaçan insanlardır. Ancaq elə
deyilmiş…
Və
mən istərdim ki, hər bir vətənpərvər azərbaycanlı
Nizami Gəncəvi Mərkəzinə dəstək olan Oksford
Universiteti əməkdaşlarının adlarını bilsin:
Oksford Universitetinin şərqşünaslıq fakültəsinin
professoru, Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən
rəhbəri Edmund Hersiq; qədim islam tarixi üzrə
tanınmış mütəxəssis, Azərbaycanı və
Qafqazı Öyrənən
Britaniya Fonudunun Qəyyumlar Şurasının üzvü, professor Robert
Hoyland; Oksford Universiteti Bodleyn
Kitabxanasının direktoru
Riçard Ovenden; Şərqşünaslıq İnstitutunun
rəhbəri, professor Mark Smit; Azərbaycan və Qafqazı
Öyrənən Britaniya
Fondunun Qəyyumlar Şurasının üzvü, Lord
Malcolm Bryus; Vadham Kollecinin idarə heyətinin sədri, Lord Ken
Makdonald; Oksford Universitetinin
İnkişaf departamentinin direktoru, professor Entoni Qrin;
şərqşünas alim, professor Culiya Bray; Bodleyn
Kitabxanasının Şərq bölməsinin rəhbəri,
doktor Gilliyan Evison; Humanitar Elmlər
departamentinin rəhbəri Karen OBreyn…
Bu
şəxslər Nizami Mərkəzinin Oksford Universitetinin
üzvü (və daimi fəaliyyət göstərən) tərkib
hissəsinə çevrilməsinə çalışmaqla,
bir tərəfdən, Azərbaycanın dünyada
tanıdılmasına öz töhfələrini vermişlərsə,
digər tərəfdən, bu
dünyaşöhrətli Universitetin maraq dairəsini
genişləndirmək üçün də, heç şübhəsiz, tarixi xidmət
göstərmişlər.
Bizim
Böyük Britaniyaya səfərimiz (və təntənəli imzalanma mərasimi)
Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi günlərinə
təsadüf etdiyindən xüsusi məna-məzmun kəsb
eləməyə bilməzdi…
Ən çox yada düşən (və heç şübhəsiz,
böyük iftixar doğuran)
hadisələrdən biri də yüz il bundan əvvəl
dövlət müstəqilliyinə nail olan xalqın öz
uzaqgörən liderlərinin
şəxsində, olduqca mürəkkəb ictimai- siyasi
şəraitə rəğmən, dərhal ölkədə
elmin, təhsilin, mədəniyyətin inkişafına
xüsusi həssaslıqla, diqqətlə yanaşmaları,
müasir tələblərə cavab verən yüksəkixtisaslı
kadrlar hazırlamaq üçün həm dünyanın
nüfuzlu universitetlərinə tələbələr
göndərmələri, həm də ölkənin ilk
universitetini təsis etmələri idi ki, bu təşəbbüslər
yalnız tarixi cəhd olaraq
qalmadı. Və hətta Cümhuriyyət süqut etdikdən
sonra da onun ideyaları məlum maneələrə bu və ya
digər dərəcədə ardıcıl müqavimət
göstərərək nəinki yaşadı, eyni zamanda
müstəqil bir millət olaraq dünyanın üzvi tərkib
hissəsinə çevrilmək barədəki Cümhuriyyət
idealları elə bir milli nostalji kompleksi
formalaşdırdı ki, bu gün (yəni yüz ildən
sonra!) elm, təhsil və mədəniyyətimizin dünya
miqyasındakı hər hansı uğurunu görəndə
ilk növbədə Cümhuriyyət liderlərini hörmətlə,
ehtiramla (və rəhmətlə!) yad edirik.
Oksford
Universitetindəki rəsmi naharda
öz britaniyalı həmkarlarına Azərbaycan Xalq
Cümhuriyyəti barədə yığcam məlumat verən
professor Edmund Hersiq ayrıca vurğulayanda ki Cümhuriyyəti
elan edib onun uğrunda mübarizə aparanlar təkcə vətənpərvər
yox, həm də realist, intellektual və uzaqgörən şəxslər
olmuşlar, bu, əlbəttə, tamamilə təbiidir ki,
alqışlarla qarşılandı…
Universitetin hər tərəfi göz oxşayan
yamyaşıl ağaclarla, al-əlvan güllərlə,
göy çəmənliklə süslənmiş geniş həyətini
gəzəndən sonra çay süfrəsi arxasına
toplaşdıq. Və söhbət yenə də Nizami Mərkəzinin
uğurlu fəaliyyətindən, gələcək
planlarından, layihələrindən gedirdi… Qonaqlara çayı
xüsusi xidmətçinin deyil, iri sinidə professor Edmund
Hersiqin özünün gətirməsi məni təəccübləndirdi.
Hətta Nərgiz xanım ayağa durub ona yardım etmək
istədisə də, "ev sahibi" qəti etiraz elədi… İlk baxışdan nə qədər təəccüblü,
qeyri- adi görünsə də, böyük alimin bu jesti,
heç şübhəsiz, onun nəcibliyindən, daxili zənginliyindən
irəli gəlirdi.
Və əlbəttə, Nərgiz xanım həmin
səmimi münasibəti tək özü üçün
deyil, "komandası", başlıcası isə, ümumən
mənsub olduğu xalq üçün qazanmışdı.
Oksforddakı həm rəsmi, həm də yarımrəsmi
görüşləri bitirdikdən sonra Londona
qayıtdıq. Və öz "komanda"sının qayğısına qalan, səfərin
hər cəhətdən uğurla keçməsi
üçün əlindən gələni əsirgəməyən
Nərgiz xanım məsləhət bildi ki, axşam yeməyini birlikdə yeyək…
Təbii ki, məqsəd
sadəcə şam eləmək deyildi, Oksford Universitetindəki
görüşlərdən aldığımız zəngin
(və isti!) təəssüratları bölüşdürməyə, fikir mübadiləsi etməyə ehtiyac
vardı.
Xudmani məclisdə "komanda" bütün heyətlə
iştirak edirdi. Ancaq Nərgiz xanımın oğlu
Ülvi bizə qoşulmasaydı, heyətə tam demək, yəqin
ki, çətin olardı.
Ülvini mən Londona əvvəlki səfərdən
tanıyırdım. Nə qədər gənc olsa da,
intellektli, yaşına uyğun olmayacaq dərəcədə
təmkinli, müdrik, həmçinin təvazökar,
qayğıkeş bir oğlandır. Londonda
Universitet tələbəsidir. Orta təhsilini Bakıda
ana dilində - azərbaycanca alması ilk tanışlıqdan
məndə ona qarşı nə isə böyük bir rəğbət
yaratmışdı… Budur, ingiliscə menyü
kitabçasını vərəqləyib ev yiyəsi kimi qonaqlara məlumat
verir, xidmətçi ilə danışıb yeməklərin
tərkibini dəqiqləşdirir, Azərbaycancadan ruscaya, ingiliscəyə keçir,
kim ona hansı dildə müraciət edirsə, müsahibinə o dildə də
cavab verir. Adətən, indiki gənclər
yaşlı adamların məclisində onların
"sxolastik" söhbətlərindən darıxırlar,
ancaq Ülvi onun ixtisas
seçiminə münasibətimizdən başlamış
necə bir ailə quracağı barədəki "məsləhətlər"imizə
qədər diqqətlə dinləyib ciddi sözə ciddi,
zarafata da zarafatla cavab verdi.
Hər işi yerbəyer edəndən sonra xudahafizləşib
ayrıldı.
Necə olsa tələbədir, sabah tezdən
qalxmalıdır…
Əlbəttə, məclis çox maraqlı
keçdi. Xüsusilə böyük təcrübəyə
malik akademiklər - Akif müəllimlə Vasim müəllimin
söhbətlərini dinləmək tez- tez (və hər kəsə)
nəsib olacaq bir şey deyildi.
Səhəri
gün Nərgiz xanımın tövsiyəsilə Teymur Kərimli
ilə mən "ustadi- kamil"imiz Vasim Məmmədəliyevin
başqanlığı ilə məşhur Viktoriya - Albert
Muzeyini ziyarət edib Şeyx Səfi xalçasına, ümumən
şah babalarımızdan miras qalmış qiymətli əşyalara
baxdıq. Və Vasim müəllim öz gözəl
ərəbcəsi ilə fatihə
oxudu.
Londondan
Bakıya ürək dolusu qürurla qayıtdıq… Bu
qüruru bizə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi
(və onun yaradıcısı akademik Nərgiz Paşayeva)
bağışlamışdı…
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.4.