2017-ci ilin ədəbi təqvimi – keçmiş davamedici zaman
Ümumiyyətlə, tarixi-ədəbi prosesin xarakter və
çalarlarını dərk etmədən müasir prosesi təhlil
etmək və qiymətləndirmək, onun şərhinə
və dərkinə girişmək metodoloji baxımdan
doğru deyil.
Ona görə də müasir prosesə klassik ədəbiyyatın
təcrübəsini çatdırmaq, hadisənin, faktın
etnik-tarixi tipini müəyyənləşdirmək
üçün ədəbiyyatşünasların bu gün
öz qüvvə və bacarığını birləşdirməsinə
ehtiyac dünənkindən daha böyükdür...
Ötən
ilin ədəbi mənzərəsi haqda düşünərkən,
nədənsə, türk şair və nasiri Ahmed Hamdi
Tanpınarın misralarını xatırladım: "Ne
içindeyim zamanın, /Ne de büsbütün
dışında;/Yekpare geniş bir
anın/ Parçalanmaz akışında". Yəni, bu elə
hardasa bizim geridə qoyduğumuz zaman kəsiminə aid olan
işarə sistemidi: indi nə onun içindəyik, nə də
büsbütün ondan uzaqda. Amma həm də
onun bir parçasıyıq. Axı zaman
bütöv anlayışdı. Yola
saldığımız 2017-ci il də
bütöv anın parçası kimi önəmlidir.
İl girər-girməz ard-arda eşitdiyimiz ölüm
xəbərlərinə üzüldük.
Gənc yazıçı Mövlud
Mövludun intihar xəbərinin
ağırlığını hələ də
daşıya bilmirik. Daha sonra dünya
şöhrətli azərbaycanlı alim, qeyri-səlis
çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin
banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə
Kaliforniyada dünyasını dəyişdi. İlyas Tapdıq, Camal Yusifzadə, Sabir Sarvan,
Aşıq Ədalətin ölümü də mədəniyyətimizdə,
milli idrak sferamızda böyük boşluqla səciyyələnən
itkilərdən oldu.
Müsabiqələr, mükafatlar. Ədəbiyyatı
fərdlər yaradır, əlbəttə. Müxtəlif mükafatlar, müsabiqələr və
onların fonunda aparılan dəyərləndirmələr də
ilk növbədə, bəzi qurumların ədəbiyyat
sferasına müdaxilə edib ona müəyyən
qatqılarda bulunmaq cəhdinin nəticəsidir. Ötən
il mükafatlar baxımından müəyyən
ayrıntılarla yadda qaldı. Nobel, Blutzer, Booker kimi ali mükafatlar bizdən yan ötsə də,
sahibini tapdı. 2017-ci il ədəbiyyat
üzrə Nobel mükafatınaYapon əsilli ingilis
yazıçı Kasuqo İsiquro layiq görüldü. Bir müddət sonra
TEASpress nəşriyyatında yazıçının "Məni
heç vaxt tərk etmə" romanı İlahə Əkbərin
tərcüməsində çap olundu.
Dünyanın
digər nüfuzlu ədəbiyyat mükafatlarından olan
Bukerin 2017-ci il üzrə qalibi isə
"Linkoln Bardoda" romanı ilə Corc Sonders oldu.
Bu ali mükafatlar sırasında yerimiz olmasa da,
ölkəni təmsil edən yazıçı və
şairlərimizin beynəlxalq aləmə
çıxışına rəvac verən bir sıra
uğurlarına imza atıldı. Ötən ilin
sentyabrında Azərbaycan Dillər Universitetinin rektoru,
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal
Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına
layiq görüldü. Qeyd etmək
lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən
nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk
prezidenti Boris Yeltsinin adını daşıyır.
Yazıçı
Varis Yolçuyev ötən il Fransanın "L`Autographe"
("Avtoqraf") almanaxına daxil edilmiş "İyirmi
bir" adlı hekayəsinə görə Antuan de Sent
Ekzüperi medalının nominantı elan olunaraq "Antuan de
Sent Ekzüperi diplomu"na, Elm, Təhsil və Mədəniyyət
üzrə Birləşmiş Millətlər Təşkilatının
(YUNESKO), Moskvada və Varşavada keçirilən Slavyan
Ədəbiyyat Festivalının, Beynəlmiləl
Yazıçılar İttifaqının "Adam
Mitskeviç" medalına layiq
görülmüşdür. Qeyd edək ki,
indiyədək dünya üzrə bu medala layiq görülən
101-ci ədib Varis oldu.
Gənc yazıçı Mirmehdi Ağaoğlunun
"85-ci gün" hekayəsi İslam Əməkdaşlığı
Təşkilatının keçirdiyi Birinci Qısa hekayə
müsabiqəsində qalib oldu. Pərvin Nurəliyeva
Ankarada İkinci Beynəlxalq "Dədə Qorqud" teatr əsərləri
müsabiqəsinin qalibləri sırasında yer aldı.
Gənc şairlər Şəhriyar del Gerani və Fərid
Hüseyn Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı
ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və
Ədəbiyyat Festivalında iştirak etdilər.
Ötən
il Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası
kitabın təbliği yönündə atılan mütərəqqi
addımlardan biridir. Belə mütərəqqi
addımlardan digərini Nazirliyin həyata keçirdiyi
"Qızıl kəlmə" ədəbiyyat müsabiqəsinə
də aid etmək olar. Müsabiqənin nəticələri
elan olunan günü nazir Əbülfəs Qarayevın səsləndirdiyi
çıxışı xatırlayıram:
"Mükafatın nominasiyalarının sayını
artırmaqla biz ədəbiyyatın inkişafına müəyyən
dərəcədə təkan vermək istədik". Hər
halda, mükafat alan əsərlərin
geniş ictimaiyyətə təqdim olunması
baxımından bu cür müsabiqələrin böyük rolu
olur. Elə yaradıcılığına qiymət
verilən müəlliflərin bundan stimul alıb yola davam etməsində
də.
Ədəbiyyatımız sərhəddən kənarda-xarici
nəşrlərdə. Dünyaya açılmaq, ölkəmizdən
kənarda çap olunmaq qarşılıqlı mübadilənin
əhəmiyyətli şərtlərindəndir. Yola
saldığımız il bu yöndə
mövcud olan uğurları ilə spesifik oldu. Bu
uğurlardan biri böyük Azərbaycan şairi Nizami Gəncəvinin
tədqiqi istiqamətində qazanılmaqdadır.
Bildiyimiz kimi 2013-cü ildə dünyanın ən möhtəşəm
universitetlərindən sayılan Oksford Universitetində Nizami
Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzi
yaradılmışdır. Artıq beşinci
ildönümünü keçirməyə hazırlaşan
Mərkəz akademik Nərgiz Paşayevanın təşəbbüsü
və rəhbərliyi ilə Oksford Universitetinin tərkib hissəsi
və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və
onun elmi irsi üçün xüsusi əhəmiyyət
daşıyır. Hər bir ölkənin
bədii-poetik təfəkkürünün real mənzərəsinin
yaradılması, onun tarix və mədəniyyətinin
öyrənilməsi həmin xalqın görkəmli şəxsiyyətlərinin
dünya sferasına uğurlu təqdimatından
asılıdır. Qeyd edək ki, ötən il dünya şöhrətli şərqşünas-nizamişünas
Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami"
kitabı da ilk dəfə ingilis dilinə tərcümə
olunmuş və iyunun 5-də Londonda təqdimatı
keçirilmişdir.
Yola
saldığımız il bir sıra nəsr
və poeziya nümunələrinin xaricdə nəşr
olunması, təbliği və təqdimi yönündən də
əlamətdar sayıla bilər. Azərbaycanın
görkəmli yazıçısı Mir Cəlal Paşayevin
ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən
ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun
təşkilatçılığı ilə keçirilən
tədbirdə, "Bir gəncin manifesti" romanı isə
Türkiyədə çap olundu.
Xalq
yazıçısı Anarın "İyi padişahın
masalı", şair Firuzə Məmmədlinin "Sözlərim
könlümü almağa gəlir" adlı kitabları
türk dilində, Sona Vəliyevanın
"Dünya görüş yerimiz" kitabı rus dilində,
"Qapına gəldim İlahi" şeirlər toplusu ərəb
dilində, Rəşad Məcidin, Aysel Əlizadənin, Fərid
Hüseynin şeirlər kitabı ingilis dilində çap
olundu. Məqsəd Nurun "Şəhər meri"
romanı Türkiyədə, Mübariz Cəfərlinin "Bərpaçı"
romanı "Yuxu" adıyla İranda, Vaqif
Sultanlının romanları Avropa və Amerikada çap
edildi. Vaqif Sultanlının Amerika və Londonda nəşr
etdirdiyi "Modern Azərbaycan nəsri", "Güney Azərbaycan
nəsri" kitablarını da təqdir etməyə
lüzum var.
Ötən
il Belarus şəhəri Poloçkda "Sözün
diplomatiyası" adlı beynəlxalq müzakirəyə, həmçinin
Belarus Yazı Günü münasibətilə təşkil
olunan bayram tədbirlərinə qatılan Kamran Nəzirli iki
ölkə arasında ədəbi əlaqələrin
genişlənməsi baxımından səmərəli
planlar həyata keçirib. Belə plan əsasında
gerçəkləşən işlər sırasında
ötən il Belarusun paytaxtı Minskdə
MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika
Portalı - "Sozvuçie"də müstəqillik
dövrü Azərbaycan qadın şairlərindən bir
qrupunun şeirlərindən müəyyən nümunələrin
təqdim edilməsini qeyd etmək yerinə düşər. Rus dilində yerləşdirilən şeirləri və
onların müəlliflərini MDB və Şərqi Avropa
oxucularına "Qadın poeziyadır" başlıqlı
yazı ilə təqdim edən Kamran Nəzirli olmuşdur.
Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin
ötən il iki sayı - İngiltərə
və Moldova ədəbiyyatı sayı çap edildi və
bu ölkələri təmsil edən onlarla ədibin əsərləri
topluda yer aldı. Bundan başqa Bakıda
İran ədəbiyyatı ilə bağlı silsilə tədbirlər
keçirildi. İranın ölkəmizdəki səfirliyinin
mədəniyyət müşavirliyi ilə əməkdaşlıq
əsasında İran yazıçısı Mustafa Məstur
Bakıya dəvət edildi, akademiyanın Elmi Kitabxanasında,
Səməd Vurğun adına muzeydə və bir çox
başqa yerlərdə onunla görüşlər oldu.
Ötən
il "ATV kitab" layihəsi çərçivəsində
16 kitab çap edildi ki, bu işdə də Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi yaxından
iştirak etdi. Həmin kitabların
yarısı tərcümə ədəbiyyatına aid idi.
2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin
yeni nəşri işıq üzü gördü. Qazaxıstanın
57 yeni nəsil şairinin şeirləri toplanmış,
"Yeni qazax şeiri antologiyası" adlanan nəşrin
baş redaktoru (və nəşrə məsul) Əkbər
Qoşalıdır.
Dekabrın 15-də Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə "Poeziya günü" keçirildi. Tədbir Qəbələdəki
Heydər Əliyev Konqres Mərkəzində gerçəkləşdi.
2017-ci ilin oktyabrında II "Məmməd Araz
Poeziya günü"nə həsr olunmuş tədbirlər
təşkil olundu.
Elmi həyat. 2017-ci ildə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin
təşəbbüsü və rəhbərliyi ilə bir
sıra işlər meydana qoyuldu. Cəlil Məmmədquluzadənin
Litva və Gürcüstanda kitabları çap olundu.
böyük ədəbiyyatşünas alimlərdən -
Əlyar Səfərlinin 80 illik yubileyi, Mirzağa Quluzadənin
110 illiyinə həsr olunmuş elmi sessiya, Məmməd Cəfər
Cəfərovla bağlı "Akademik Məmməd Cəfər
Cəfərov: böyük ömrün anları və
addımlar" mövzusunda tədbir, onun "Get dolangilən,
xainsən hələ" pyesinin ilk dəfə çapı
və akademik İsa Həbibbəylinin
təqdimatında elmi ictimaiyyətə təqdim edilməsi
ilin əlamətdar ədəbi hadisələri kimi səciyyələnə
bilər. Eləcə də Ədəbiyyat
İnstitutu tərəfindən "Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası" seriyası çərçivəsində
yazıçı-publisist, tərcüməçi, naşir
və ictimai xadim Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri"
çap olundu. "Elm" nəşriyyatında
çapdan çıxan kitabın baş redaktoru AMEA-nın
vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir.
Kitabın məsul redaktoru filologiya üzrə
elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön
söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə
doktoru Abid Tahirlidir.
2017-ci il həmçinin Molla Pənah Vaqif və
Hüseyn Cavid ili kimi yadda qaldı. İl boyu Molla Pənah
Vaqifin 300, Hüseyn Cavidin 135 illiyi ilə (şairin yubileyi
ötən il Sofiyada belə
keçirilmişdir) bağlı müxtəlif tədbirlər,
konfranslar, elmi sessiyalar keçirildi, məqalələr toplusu
çap olundu.
Ədəbi həyat. 2017-ci ilin mayında "Ədəbiyyat
qəzeti"nin saytı təqdim olundu, eyni zamanda, qəzetin
yayınları seriyasından mərhum şair Faiq
İsmayılovun şeirlərinin və haqqında tənqidi
məqalələrin yer aldığı "İynəboyu
böyük dünya" kitabı çap olundu, qəzetin
seçilən imzalarından bir qisminə "Əli bəy
Hüseynzadə" mükafatları verildi.
Ötən
il "525-cı qəzet"in yubiley ili
kimi də yadda qaldı. Qəzetin 25 illiyi
ölkənin müxtəlif ədəbi-ictimai məkanlarında
qeyd edildi. Elə Ədəbiyyat
İnstitutunda da o cümlədən. Qəzetlə
bağlı müxtəlif ictimaiyyət nümayəndələrinin
məqalələrinin və təbriklərinin yer
aldığı "525" - zamanın sorağında"
adlı kitab çap olundu.
Belə bir yubiley sevinci "Azərbaycan"
jurnalının da payına düşdü. Ədəbi həyatımızda
xüsusi yeri olan bu qocaman jurnalın yubiley ab-havası
geniş hiss olunmasa da bu, onunla bağlı məlum gerçəyi
dəyişmir: "Azərbaycan" jurnalı tarixi qata
vurğusu güclü, bir neçə nəsil ədəbiyyatına
şahidlik edən, yeni bədii nümunələrin ilkin ədəbi
tribunası sayılan jurnaldır.
Bütün bunlar əlbəttə ki, statistik məlumatlar
idi. İlin reallıqlarını, mənzərəsini
gündəmə gətirmək baxımından faktlara
müraciət zəruridir. Ədəbi
gedişat ədəbiyyata aid bütün materialların bir
axarda təqdim olunması ilə meydana çıxır. Amma həmişə
vurğuladığım və dönə-dönə qeyd
etdiyim gerçək: ədəbiyyat nə mükafat,
müsabiqələr deməkdir, nə müzakirə-disput
söhbətləri, nə də müsahibə-məqalələr
çeşidi. Ədəbiyyat ilk növbədə,
əsərlər deməkdir. Bu baxımdan
yanaşdıqda ədəbi mənzərə nə vəd
edir?
***
Nəsr.
2017-ci ildə roman sahəsində bir neçə əsər
meydana qoyulub: "Dərdin sarı çəpkəni"
(Zahir Sarıtorpaq), "Arzulardan sonrakı şəhər"
(Şərif Ağayar), "Taclı" (Nəriman
Əbdürrəhmanlı), "Akademikin ölümü"
(S.Rüstəmxanlı), "Atabəylər" (Yunus
Oğuz), "Qazi Burhanəddin səltənətinin
süqutu" (H.Mirələmov), "Həyat epiqrizi"
(Alpay Azər), "Yelkənsiz qadınlar" (Fərhad Amur)
və s.
Nəsrdə tarixi qat və bu qata vurğusu ilə
seçilən romanlara maraq dominantlığı əldən
vermək istəmir. Təsadüfi deyil ki, Elçinin "Baş" və
Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat
yolundan, XIX əsrin tarixi-ədəbi proseslərindən bəhs
edən "İşığa gedən yol" romanı əvvəlki
illərin ədəbi faktı olmasına baxmayaraq, ötən
il də elmi-nəzəri düşüncənin predmetinə
çevrilməyi bacardılar. Elçinin
romanı bir neçə dilə tərcümə olundu, Sona
Vəliyevanın romanı isə "Qızıl kəlmə"
ədəbi mükafatını qazandı. Ötən
il yazılan romanlar arasında Sabir Rüstəmxanlının
"Akademikin ölümü"ndə dərin ictimai-sosial siqlətli
nəsrin təzahürləri ilə rastlaşmaq olur. Buna
baxmayaraq, tarixə və mifolojiyə,
çoxqatlılığa və zamanlararası əlaqəyə
maraq roman
janrında aparıcı istiqamətdir.
Nəriman Əbdürrəhmanlının
"Taclı" romanında böyük dövlət xadimi
Şah İsmayıl Xətai və onun həyat yoldaşı
Taclı Bəyimin həyatından bəhs edilir. Yunus Oğuzun
"Atabəylər"ində XII əsr tarixi təsvir
predmetinə çevrilir. Yaxud Hüseynbala
Mirələmovun "Qazi Burhanəddin səltənətinin
süqutu" əsərində Uzun Həsən, Sara Xatun
obrazları ilə saraydaxili çəkişmələrə,
eyni zamanda dövlətçilik şüurunun
yaranışı proseslərinə diqqət yönəldilir.
Zahid
Sarıtorpağın "Dərdin sarı çəpkəni"
romanı "Azərbaycan" jurnalının 2014-cü il 9-cu sayında çap olunsa
da"Kül", "Qarğa marşrutu" kimi digər
iki romanı əhatələyən kitab olaraq 2017-ci ildə
işıq üzü gördü. İrfanın kodları
üzərində qurulan "Dərdin sarı çəpkəni"
romanında real və mistik dünya antitezaları,
ölümdən öncəki düşüncələr,
dini, mədəni və ədəbi mətnlərin bir araya gətirilərək
əsərin qəhrəmanı Bulud müəllimin həyatında
bağlantı yaratması oxucunu yaradılışın
mahiyyəti, son problematikası kimi məsələlər barədə
düşüncələrə sövq edir.
2017-ci
ildə yazılmış iki əsər - M.Örənin
"Ağ buludlar" povesti və Ş.Ağayarın
"Arzulardan sonrakı şəhər" romanında
mifoloji kontekst, arxetiplərlərə maraq öndədi. İnsan həyatına ritualların təsiri,
etiologiyası müxtəlif dini-mifoloji pritçalara söykənən
arxetiplər mətndə iç-içə gətirilir.
M.Örənin "Ağ buludlar" povestində müqəddəs
göl, Ş.Ağayarın "Arzulardan sonrakı şəhər"
romanında İterü çayı əsərdə müxtəlif
duyğu, düşüncə və yaddaşa şifrələnmiş
informasiya, kod daşıyıcı olmaqla yalnız mətn
qatlarında deyil, obrazların daxili dünyasında
özünə yer edir.
Ötən illərə qədər roman bumu
yaşandığı fakt idi. İstər yaşlı, istərsə
də yeni nəsil yazıçılar daha geniş, miqyaslı
təsvirlərə üstünlük verir, hətta həcm
etibarilə az görünsə belə
povesti roman kimi tədqim etməyə maraqlı idilər.
Ötən il belə tendensiya ilə
rastlaşmadıq. Əksinə, deyək ki,
M.Örənin "Ağ buludlar" əsərinin roman siqləti
daşısa da, povest adı ilə təqdim olunması nəsrin
özündə belə janr-ölçü münasibətlərində
tənzimlənmənin mövcudluğunu istisna etmir. Bu
xüsusda ötən il Kənan
Hacının "Fironun dəftəri", Günel Şəmilqızının
"Div olanda noolar" povestləri seçilən mətnlər
sırasında qərarlaşa bildilər.
Qeyd edim ki, roman janrında olduğu kimi povestlərdə
də çağın problematikasına meyil hələ hiss
olunmur. Keçmişə qayıdış povest
janrında da tez-tez istifadə olunan bədii üsul kimi
qalmaqdadır. Əlyazmalara, nağıllara dekonstuktiv müraciət,
arxetip obraz və süjetlərin aktuallandırılması mətnlərdə
fərqli formalarda əksini tapmışdır.
Ötən
il müəyyən mövzularda romanlar
meydana qoyulsa da məncə, hekayə ili kimi daha əlamətdar
oldu. Bu qənaəti həm il boyu çap
olunan hekayə kitablarının sayına və
ayrılıqda çap olunan hekayələrin sanbalına əsasən
deyirəm. ATV-nin "Hədəf
nəşrləri " ilə təsis edilən
"Çağdaş nəsrin ustaları" seriyasından
Mübariz Örənin "Balıq gülüşü"
və Əjdər Olun "Qəzənfər müəllimgilin
Şuşaya yürüşü" hekayələr toplusu
işıq üzü gördü. Vaqif Nəsibin hekayə və romanın yer
aldığı "Rəngli günlər", Həmid
Piriyevin "Sərçələr üçün
poema"sı, Seymur Baycanın "Alatoran"
yayınlarında "Gecikmiş hekayələr", Faiq
Balabəylinin məhbəs xatirələrinin
yer aldığı "Bayıldan bayıra", Ayxan
Ayvazın "Buri", Çinarə Ömrayın "Məcnunxana",
Günel Eminlinin "Cənnətdə payız",
Mövlud Mövludun"Çətirsiz"
(ölümündən sonra) adlı hekayələr
kitabları çap olundu. Alpay Azərin bu
yaxınlarda çap olunan "Yazıçı və
arvadı" hekayələr kitabını da qeyd etmək
yerinə düşər.
İl
boyu Elçinin, Vaqif Nəsibin, Kamal Abdullanın, Orxan Fikrətoğlunun,
Seyran Səxavətin, Azad Qaradərəlinin, Təranə
Vahidin, Elçin Hüseynbəylinin, Vüsal Nurunun, Meyxoş
Abdullanın, Ümid Nəccarinin, Kamran Nəzirlinin, Aslan
Quliyevin, Həmid Piriyevin, Kənan Hacının, Firuz
Mustafanın, Azər Qismətin, Alpay Azərin çap olunan
hekayələri janrın ideya-məzmun keyfiyyətlərini
ifadə eləmək baxımından material verən nümunələrdir.
Onu da qeyd edim ki, yuxarıda
vurğuladığım bir məqam hekayə janrı
üçün xarakterik deyil. Belə ki, il boyu çap
olunan hekayələrdə rastlaşdığımız bəzi
hallar - nağıl süjeti, mif
başlanğıcının işləkliyi keçmişi
interpretasiyanın müxtəlif tipoloji təsnifatını
aparmağa imkan versə də, real həyat təsvirlərinin
bədii-estetik səciyyədə təqdimi, cəsarətli
müşahidələr, dövrün vacib problemlərinə
nüfuz, ciddi ictimai-tarixi qayğılarla yüklənmə
onları fərqli düşüncə sferasından dərk
etməyi və dəyərləndirməyi şərtləndirir.
Mənəvi tərəqqinin strategiyasını həmişə
ədəbiyyat hazırlayıb. Xüsusilə, nəsrin
missiyası bu yöndə digərlərindən daha fərqlidir,
baş verənlərə epoxal baxış ona zamanın səlnaməsini
yaratmaq baxımından gərək olub. Bu baxımdan
yanaşdıqda, ədəbiyyatımızın bir çox
dövrlərinə münasibətdə boşluqlar olduğu
üzə çıxır. Repressiya prosesi, 31 mart
soyqırımı, Azərbaycanlıların deportasiyası və
s. kimi məsələlər nəsrdə bədii təcəssümün
predmeti olmaqdan yan keçib. Yeri
gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 2018-ci ili Cumhuriyyət ili elan
elədi. Düzdür, müxtəlif mətbu orqanlarda tədqiqat
xarakterli silsilə yazılar əksini tapdı: "525-ci qəzet"də Vilayət
Quliyevin Cumhuriyyətlə bağlı yazıları, Şirməmməd
Hüseynovun ADR haqda məqalələrini xüsusi qeyd etmək
lazımdır. Hər hansı bir dövrün ədəbi-fəlsəfi
və siyasi proseslərinin bütün təfərrüatı,
tərkib və parametrləri ilə canlandırılması həmin
mərhələnin sistemli tədqiqat predmetinə
çevrildiyi təqdirdə əyaniləşir. Bu baxımdan, adı çəkilən müəlliflərin
məqalələri dövrün fəlsəfi dərkində,
onun xarakterinin müəyyənləşdirilməsində zəruri
önəm daşıyır.
Eləcə
də "Ədəbiyyat qəzeti"ndə "Azərbaycan
Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi
aspektləri ilə" mövzusunda müzakirə saatında
tanınmış tədqiqatçılar: Ədalət
Tahirzadə, Alxan Bayramoğlu, Vaqif Sultanlı və qəzetin
baş redaktoru Azər Turanın təqdimində dövrün
siyasi-ədəbi mənzərəsinə, müxtəlif
problemlərinə yeni metodoloji mövqedən nəzər
salındı.
Dilqəm
Əhmədin "Mühacirlərin dönüşü"
kitabı Azərbaycan Cümhuriyyət tarixinin, o dövrün
görkəmli şəxsiyyətlərinin həyat və
yaradıcılığı haqqında yeni araşdırma
tipi meydana qoyan əsərdir. Kitabda Azərbaycan
Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid 50-yə
yaxın yeni material təqdim edilib. Buna
baxmayaraq, bu önəmli hadisəyə qarşılıq verən
bədii əsərlə rastlaşmadıq. Halbuki, tarixi-ədəbi proseslərin bədii-estetik
mündəricə qazanmasına ehtiyac böyükdür.
Yazıçı istənilən hadisənin təfərrüatına
varılmasında tarixçi qədər əhəmiyyətli
rol oynayır. Yəni ədəbiyyat və
tarix yeganə sahələrdir ki, onların büllurlaşan
guşə daşında zamanın obrazı görünə
bilir.
Poeziya.
2017-ci ildə çap olunan şeir kitabları çoxluq təşkil
etsə də seçilən mətn nümunələri kimi
bunları qeyd edə bilərik: Qabilin 7 cildlik külliyatı,
Firuzə Məmmədlinin "Söz macalı", Salam
Sarvanın "Heykəl tənhalığı", Hədiyyə Şəfaqətin
"Qapı", Aqşin Evrenin "Mənfi sənsiz dərəcə",
Emin Pirinin "Sağ qalan varmı", Tural Turanın
"Tanrı qağaya ismarış", Hikmət Orhunun
"Qadın qolları dövrü", Ulucay Akifin
"Günəşə atılan mərmilər", Məhərrəm
Qasımlının "Saz başına
döndüyüm", Süleyman Abdullanın müharibə
şeirlərindən ibarət "Qara beret" kitabı və
s.
Ötən ilin ən gözəl şeirlərindən
bir qismini Musa Yaqubdan oxuduq. ("Azərbaycan"
jurnalı, ¹ 5, 2017, "Ədəbiyyat qəzeti", 13
yanvar, 2018). Ömür "ura"sına
yazılan bu şeirlər duyğuların təbiət fonunda
mənalanması, təbiəti poetik qavrayış idi əlbəttə,
amma həm də həyat, yaşanılan, yaşlanan
ömürlə bağlı ciddi poetik düşüncələrin
məntiqi bağlılığı idi. İlin son günlərində
yazdığı "Sən mənimləsən"
şeiri ilə isə 81 yaşlı Musa Yaqub gənc nəslə
belə meydan oxuya bildi. Şeirdə
metaforaların uçuşu, lirik psixoloji vüsət, mənalı
düşüncələr axarı orijinal intonasiya
çalarlarında üzə çıxdı.
Nə
yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin
nəfəsindir, sənin əllərin
Oxşayır
ruhumu, ovur alnımı-
Kövrəltdi
əlimi isti yaşların...
Var ol,
bu istəyə, təmasa görə,
Mənimçin
Allaha yalvarışların,
Nə
deyim bu nəzir-niyaza görə?..
Mən
indi bildim ki, sən mənimləsən...
Səlim Babullaoğlunun "Noyabr gündəliyi"
silsiləsindən olan şeirləri də poetik siqləti ilə
seçilə bildi. Şair anasının xatirəsinə həsr
etdiyi bu şeirlərlə, ilk növbədə
düşünürəm ki, mövzuya münasibətin
özünü təzələmiş oldu.
Düz
beş ildir demək olar heç nə
yazmıram.
Ömrün
qırx dördüncü payızında dünyam
qırx
dördün payızındakı
dünya
qədər xarabalıqdı.
Ümidsizlik
içindəyəm,
yaddaşın
saralmış xəritəsi əlimdə
uşaqlığın mücrüsünü axtarıram o
uzaq,
yaxın,
yad və tanış yerlərdə.
İriçınqıllı
yaş qumsal zolaq, lal qayalıq,
bir də
atılmış dəlik-deşik qayıqdı.
Sahildə
cızılmış "ana" kəlməsindən
uzaqlaşır ləpirlər.
Ləpələr
yuyur hər şeyi; Günəş yanmış
evin
arxasından qürub edir.
Şeirin
oxucu ilə baş tutan ünsiyyətinə səbəb
müəllifin daxili yaşantılarının hamıya tanış həyati detallarla ifadə olunmasındadır.
Ona görə bədii təsir qüvvəsi ilə
seçilə bilir bu şeirlər. Obrazların
reallığı, əyaniliyi poetik mənanın
yaşarılığını şərtləndirən
başlıca amilə çevrilir. Bu
şeirləri anımlar silsiləsi də adlandırmaq
mümkündür. Səlim Babullaoğlu
kamera effekti yaradır, poetik lövhələrin ardıcıl
dəyişimi bir ömrün dramasını göz
önünə gətirir. Seirin forması
həm də bununla, publisist və lirik intonasiyaların biri digərini
əvəzləməsi ilə yeni estetik təcəssüm
qazana bilir.
Ötən
il poetik üslub çalarlarının zənginliyi
baxımından seçilən bir il olmasa da, gerçəkliyi qavrayışda
yeni görünən müxtəlif duyum tərzi bir neçə
gənc şairin şeirlərində özünü göstərdi:
Hədiyyə Şəfaqət, Aqşin Evrən, Elşən
Mehdi, Faiq Hüseynbəyli, Emin Piri, Ümid Nəccari, Rəşad
Nağı Mustafa, Günel Şəmilqızı, Orxan
Bahadursoy, Tural Turan və b.
Hədiyyə Şəfaqət öz nəfəsi, ruhu
olan şairdi, yeni dövr poeziyamızda adını inamla
çəkə biləcəyimiz imzalardandı. Poeziyamızda qadın
başlanğıclı şeirlərin vüsət alması
90-cı illərdən bu yana xarakterik hal
olsa da, Hədiyyə Şəfaqətin şeirlərində
bu, feminist nöqteyi-nəzərdən mətnə gətirilmir.
Burada bütün hallarda qadın var, təslim
olmağı sevməyən, amma mübarizələrdən də
qaçan qadın. Sadəcə öz içinə
yıxılıb yaşamağı tərcih edən
qadın... Çünki bu qadının
hüzuru hansısa iddia, istəklər sırasında deyil.
Ruhun dincliyini tapdığı anda xoşbəxt
olur, tapmayanda səssizliyə çəkilib ağlayır.
Qınamır, taleyini ittiham etmir, üsyana qalxmır, sadəcə
ağlayır... Hədiyyə Şəfaqət
də poeziyamızda Elnaz Eyvazlı, Rəbiqə
Nazimqızı, Günel Eyvazlı, Aysel Əlizadə kimi sevən
qadını yazır. Bəlkə, poetik
mexanizm bütün gücüylə işləmir, amma poeziya
dalğası nəğmə kimi həzinləşdirir
insanı.
Faiq Hüseynbəylinin şeirləri poetik sistem etibarilə
tamdır, bütövdür. Onun şeirlərindəki
mətləb bir şeirin ümumi axarında, intonasiya, ritm və
ahəng vəhdətinin qarışığında
yaranır, ayrılıqda bir misranın, yaxud beytin üzərinə
yüklənmir. Sevgi hissi Faiq Hüseynbəylinin
poetik mətnlərində ovqat, yaşam kimi doğula bilir.
Sənə
gələn haqq yoludu, əfəndim,
Kölə canım xan da olsa, gələrəm.
Çağır
məni, səssizlikdən ürpəndim,
Can
üstündə can da olsa, gələrəm.
Dilə
gətir içimdəki rübabı,
Bu quluna rəva görmə əzabı.
İki
nədir, dünyaların hesabı
Beş də olsa, on da olsa gələrəm.
Elşən Mehdinin poeziyamıza yeni imza kimi gəlişi
uğurludur. Şeirlərinin ümumi əhvalında
R.Rövşən, V.B.Odər şeirinin hüznü boy versə
də, xüsusən heca vəzndə meydana qoyduğu
şeirlərində sözə yeni poetik nəfəs
ötürə bilib. O nəfəs ki çağdaş
şeirimizdə çox az hallarda təsadüf
edirik. E.Mehdinin şeirlərində yeni poetik
üslubun öz fərdiliyi, dəst-xətti, biçimi
görünür, sözlər yüklüdür, rənglər
yerindədir, təsvir israfçılığına yol
verilmir. Bədii fikrin əsas axarını həyat,
dünya və ölümlə bağlı düşüncələr
təşkil etsə də, lirik ovqat həzin və
işıqlı notlar üzərindədir:
Dünya
biraz çətin olur
Çiyninə
yük götürənə
Dost
demişik demə bizi
Məzaracan ötürənə.
Çıx
gəz axtar qarış-qarış
Bir nəfər
tap ruhu tanış
Bütün
sirlərini danış
Yaddaşını
itirənə..
Kədər
çəkib həsrət qalmaq
Nə
oyundu, nə oyuncaq
Sevgi
gözəl hissdir, ancaq
Başlamamış bitirənə.
Bir məqama da toxunmadan ötə bilmirəm. Çağdaş
şeirimizdə şeirin leksikonu bilərəkdən ibarələrlə
doldurulur, qaba erotizm, hadisələrə çılpaq,
birbaşa münasibət, prozaik ifadə meydan sulayır və
bu hallar modern düşüncənin, yeni yanaşmanın əlaməti
olaraq gətirilir poeziyamıza. Bu
çatışmazlıq yalnız ötən ilin
poeziyası üçün xarakterik deyil əlbəttə.
Lakin ilbəil gözləmə mövqeyi tutub
yeni nəfəs doğuluşuna, yeni poetik düşüncənin
estetik biçimdə təzahür məqamına təşnə
olurkən əksinə naqis olan köhnənin rişələndiyini
sezirik. Bu, xüsusən sevgi şeirlərində
daha aydın nəzərə çarpır. Məncə, mövzunun modern səviyyədə ifadəsinə
nail olmaq o zaman mümkünləşir ki, bu, təfəkkür,
düşüncə və dil hadisəsi kimi gerçəkləşsin,
poetexnik islahat əzmindən doğsun, görüntü, dəb,
psevdomüasirlik effekti sərgiləmək xatirinə
yazılmasın. Məsələn, istedadlı şair və
nasir kimi tanıdığımız Ümid Nəccarinin sevgi
himni kimi səslənən aşağıdakı şeirində
olduğu kimi:
Səni
yaşamaq lazım,
bir ağac
kimi bahar günündə,
bir qaya
kimi üzü dənizə,
bir
ümid kimi sevə-sevə!
Səni
yaşamaq lazım,
yaşıl-yaşıl
yarpaqları tökmədən,
bir
Mövlanə, Şəmsə olan kimi,
sənə Kərəm kimi yanmaq lazım,
səni
yaşamaq lazım...
Tərcümə. Ötən il tərcümə əsərləri
sırasında Migel Delibes
"Seçilmiş əsərləri" (Saday Budaqlı), Culian Barns "Aqibət
duyğusu (Seyfəddin Hüseynli); Qismət Rüstəmovun tərcümə
etdiyi "Ədəbiyyatsız dünya" esselər toplusu,
eləcə də Vladimir Nabokovun "Rus ədəbiyyatından
mühazirələr" kitabı, müasir İran
poeziyasını əhatə edən "Dostun evi
haradadır" antologiyasını qeyd edə bilərik.
Artıq üçüncü ilə yaxındır ki,
Əyyub Qiyas "Ədəbiyyat qəzeti"ndə Nobel alan yazıçıların əsərini
silsilə olaraq təqdim edir. Eləcə də
gözəl yazıçımız Dilsuzun təqdimatında
türk poeziyasından seçmə örnəklər oxucunun
ixtiyarına verilir. Qeyd edək ki, Nazim Hikmətin "İnsan mənzərələri"
əsəri də ilk dəfə məhz Dilsuzun təqdimatında
milli ədəbiyyatımızda əks olunma
dövrünü yaşayır. Həmçinin
gözəl şairimiz Məmməd İsmayılın
dünya yazarlarından etdiyi tərcümələr və
onların oxuculara tanıdılması yönündə xidmətləri
qeyd olunası vacib məqamlardandır.
Esse. Esse janrı bədii əsərlərin təhlili ilə
məşğul olmaq yükündən özünü xilas
edib, əvəzində ədəbiyyata daha geniş ərazidə,
ölçü və miqyasda, heç nəyin qoşqusu
olmadan, müstəqil konteksdə nəzər yetirməyin gərəkliyini
sübuta yetirməkdədir. Burada da,
başlıca predmet ədəbiyyatdır, müəlliflər
məhz ədəbiyyat müstəvisi üzərində
özlərinin ədəbi-fəlsəfi düşüncələrini
oynadır, müxtəlif mətnləri eyni kontekstə yerləşdirib
müqayisəli təhlilə üstünlük verirlər.
Ötən il janrın inkişafı
baxımından işlək bir dövr oldu. Mətanət
Vahidin elmi və ədəbi üslubunun uğurlu birgəliyindən
hasilə gələn mətnlərindəki əsas məziyyət
sehirli, duyğusal, qavramı fərqli şəkildə qoyulan
dünyanın bədii sözün axarında üzə
çıxarılmasıdır. Xüsusən,
müəllifin ədəbiyyatı intermediallıq kontekstində
təhlilə cəlb etməsi, onu daha geniş bədii-mənəvi
ərazidə dərki məqamları - kino, teatr, moda,
iqtisadiyyat kimi sahələrlə
bağlılığını araması meyilləri yenilik
ruhu ilə bərabər fərqli düşüncə
sferalarına çıxmaq baxımından əhəmiyyətlidir.
Digər müəlliflər - Sərdar Amin, Günel
Eyvazlı, Ülvi Babasoy, Cahan Seyidzadə, Xuraman Hüseynzadə,
Azər Qismət, Kənan Hacının il boyu çap olunan
esseləri də janrın dinamikliyi istiqamətində əhəmiyyəti
ilə seçildilər. Nərmin Kamalın "Küçədən
Keçən Adam haqda yazılar", Cəlil Cavanşirin
"Sola dönmək qadağandır" adlı esselər kitabı
çap olundu. Həmçinin Fərid
Hüseynin "Hər kəsin öz eşqi" və
"Ömür - doğum günü hədiyyəmiz"
kitabları meydana qoyuldu. Müxtəlif
şairlərin həyat yoldaşları ilə müsahibələrin
yer aldığı birinci kitab tanıdığımız
şair obrazlarının qadın nəzərlərindən təsvirə
çəkilməsi, onların yeni görüm bucaqları ilə
dərk olunmasına imkan yaradır. Gənc və
istedadlı şair Fərhad Metenin qısa ömür
bioqrafiyasına həsr olunmuş ikinci kitab isə öz sənət
baxışı, diri qalan xatirələri, yaddaşa
hopmuş yaşantıları ilə "işıqlı qəm
içində" yazılan poetik etüddür.
Qeyd edək
ki, yola saldığımız il kino və
teatr estetikasına yönələn baxışın
sistemliliyi və daim diqqətdə saxlanması, Azərbaycanın
müasir mənəvi mədəniyyətinə daha çox
yaxınlaşmaq baxımından əlahiddəliyi ilə
yadda qaldı. Qanturalının teatr, kino, ədəbiyyat
yönündə esseləri öz polemik ruhu ilə mövzuya
münasibətdə fərqli estetik baxış yarada bildilər.
Ən son tamaşa və kinolarla bağlı resenziya nümunələrini
Aliyə, Sevda Sultanova və Samirə Əşrəfin təqdimatında
izlədik. Sevda Sultanovanın "Kulis.az"
saytında yayımlanan "Naməlum kino" layihəsi milli
kino tariximizin uzaq, kənar qalan faktlarını dövriyyəyə
qatmaq baxımından gərəkli hesab olunmalıdır. Eləcə də "Ədəbiyyat
qəzeti"nin "Dördüncü divar" layihəsində
Samirə Əşrəfin təqdimatında incəsənət
xadimləri ilə aparılan söhbətlər, "525-ci qəzet"də
Pərvinin dərc olunan kino və teatrla bağlı silsilə
yazıları, o cümlədən, teatr görüşlərini
əks etdirən "Səhnə" kitabı kino və teatr sənətinin mahiyyətinə,
bədii-estetik qavrayışına kömək edən
nümunələr kimi səciyyəvidir.
Tənqid və ədəbiyyatşünaslıq. Çağdaş
ədəbi mühit qarışıq təsir
bağışlayır, fərdi üslublar
büllurlaşıb önə çıxmır. Yeni yaradıcılıq axtarışları
görünmür, ədəbi gəncliyin ruhunda
dağınıqlıq, pessimist əhval-ruhiyyə hakimdir.
Tez-tez rastlaşdığımız bu hal gənclərin
klassiklərdən heyif çıxma tendensiyasında
özünü daha bariz göstərir. Bunu ona görə
deyirəm ki, ötən il klassik irsə
münasibətdə bəzi ifratlar özünü göstərdi.
Daha çox isə S.Vurğuna münasibətdə
hakim oldu bu ifratlar. Əlbəttə, heç kim büt deyil, ədəbiyyatda adı,
sözü keçən hər kəslə bağlı fikir
bildirmək yasaqlanmamalıdır. Üstəlik,
klassika özü özünü mətn olaraq qorumağı
bacarmırsa, deməli, deyilənlərin hardasa həqiqət
çaları da var. Burda problem sadəcə nədə
özünü göstərir? Bir tərəfdən
əlbəttə ki, pozulan meyarların, zədələnmiş
psixi şüurun neqativlərində. Digər
tərəfdən isə müstəqillik dövrünün
yazarının keçmiş irsi dəyərləndirmədə
formalaşmış yanlış təsəvvürlərində.
Lixaçovun bir fikrinə istinad etmək istəyirəm:
"Biz keçmişin estetik mədəniyyətini müasir
təsəvvürlərdən çıxış edərək
dərk edirik. Bu həm düzdür, həm də
dərindən səhvdir". Müstəqilliyi
qazandığımız bu illərdə bizdə
yaradıcılığı mübahisə predmetinə
çevrilmiş bir çox şəxsiyyətlərin əsərləri
çağdaş dəyərlər kontekstində öz qiymətini
almayıb. Tarixi faktlar, situasiyalar,
yaddaşa münasibət məsələsi yeni reallıqlarla
dərk olunub meydana qoyulmayıb. Niyə?
Çünki əksər tədqiqatlarda da bu
şəxsiyyətlər "mif" kimi tədqiq olunub.
Yaradıcılıq incəlikləri deyil, rejim
mürəkkəblikləri önə keçib. Təbii ki, zaman faktoru şəxsiyyəti dəyərləndirmədə
meyar rolunu oynamalıdır, kimisə tarixi ədəbi prosesin
inkişaf kontekstindən ayırıb tədqiqat predmetinə
çevirmək metodoloji yanlışlıqdır. Amma etiraf edək ki, bəzən bu amil tədqiqatçını
inersiya ilə istiqamətləndirib. S.Vurğunun
istedadlı şair olduğunu isbat eləmək
üçün mütləq siyasi gerçəkləri
sıralayıb sanki nəyinsə bəraətini
axtarmışıq. Halbuki, S.Vurğunun
istedadı onun poetikasını incələyən mətnlər
vasitəsilə müasir mövqedən əyaniləşməli
idi. Yəqin belə olsaydı, müstəqillik
dövrünün yazarı da məhz azad ədəbi müstəvidə
dayanıb özünü ideologiyaya tabe olan, siyasi müdaxilənin
qaçılmaz etdiyi S.Vurğun şeiri ilə deyil, məhz
mətn, sənət faktı olan, bəlli bir meyar, estetika
daşıyıcısı S.Vurğunla müqayisə etməyə
lüzum görməzdi.
Ümumiyyətlə, tarixi-ədəbi prosesin xarakter və
çalarlarını dərk etmədən müasir prosesi təhlil
etmək və qiymətləndirmək, onun şərhinə
və dərkinə girişmək metodoloji baxımdan
doğru deyil.
Ona görə də müasir prosesə klassik ədəbiyyatın
təcrübəsini çatdırmaq, hadisənin, faktın
etnik-tarixi tipini müəyyənləşdirmək
üçün ədəbiyyatşünasların bu gün
öz qüvvə və bacarığını birləşdirməsinə
ehtiyac dünənkindən daha böyükdür. Bu
üzdən akademik İsa Həbibbəylinin ədəbiyyat
tarixçiliyi istiqamətində il boyu
çap olunan məqalələribu məsələyə son
dərəcə ciddiliklə yanaşaraq, keçmiş
tarixçilik ənənələrindən heç də sərf-nəzər
edilmədən obyektiv, tarixi qanunlar və qanunauyğunluqlara səriştəli
yanaşma meydana qoyur. Ədəbiyyat
tarixinin təsnifinin əsasında duran meyarları, prinsipləri
və struktur vahidlərini müəyyənləşdirmək
vəzifəsinin həllini arayan bu yazılarda Azərbaycan ədəbiyyatı
tarixinin öyrənilməsi ilə əlaqədar ədəbiyyatşünaslığın
irəli sürdüyü tədqiqat ideyalarının elmi mənzərəsi
verilir, yazılı ədəbiyyatımızın mənşəyi,
onun dövrləşdirilməsi məsələsi,
maarifçilik dövründə yaranan ədəbiyyatın
elmi təsnifatı aparılır, ümumiyyətlə,
bütün Azərbaycan ədəbiyyatı
barədə mövcud metodoloji qənaətlərə diqqət
yönəldilir.
Nizami Cəfərovun
"Afaq Məsud dünyası" və "Elçin. Yazıçının yaradıcılıq
yolu" kitablarını bir yazıçının
yaradıcılıq yolunun təhlil predmetinə çevrilməsi
istiqamətində, bütünlükdə XX əsr nəsrinə
yönələn baxışın sistemli təzahürü
saymaq olar. Daha sonra Rüstəm Kamalın
"Güzgü günü", Azər Turanın "Fəryadın
metafizikası", İradə Musayevanın "Ceyms Coysun
"Uliss" romanı və ədəbiyyatda devrim", Nərgiz
Cabbarlının "Qurtuluşdan sonrakı ədəbiyyat"
kitabları ədəbi tənqidin ötən ildəki
funksiyasını təsəvvür etməyə imkan verir.
Bura həmçinin il boyu ədəbiyyatımızın
müxtəlif yaradıcılıq problemləri ilə
çıxış edən imzaların - Vaqif Yusifli, Məti
Osmanoğlu, Cavanşir Yusifli, Tehran Əlişanoğlunun tənqidi
yazılarını da əlavə etsək yetərincə
dinamik mənzərə yaranar. Həmçinin
tənqidçi olmayan şəxslərin ədəbi proseslə
bağlı yazıları da ümumi mənzərəni ifadə
etməyə şərait yaradır. Məsələn,
Qəşəm Nəcəfzadənin "Ulduz"
jurnalında "Gənc şairlər haqqında tənqidi
qeydlər" məqaləsi müasir poetik mənzərəni
tənqidi duyumla təhlilə çəkən nümunə
kimi yaddaqalandır.
Adətən, tənqidin gücü ədəbiyyata bağlı
məsələdir. Tənqidin məhsuldar işlədiyi
bütün dövrlərdə onun fəaliyyəti məhz ədəbi
əsərlər haqqında mühakiməsinin çəkisi,
tutumu ilə şərtlənib. Bu mənada
müxtəlif ədəbi növlərlə tənqidin
gedişi sinxron rabitədə baş verib, biri digərinin fəaliyyətini
şərtləndirib. Ötən il
tənqidin fəaliyyəti meydana qoyulan müxtəlif
janrlı mətnlərə yazılan resenziyalarla, portret və
problem yazılarla yadda qalsa da, ümumən ədəbiyyatmızda
mövcud olan problemlərin çoxluğu tənqidçilərə
cari ədəbiyyata köklənməyə imkan vermir. Bunu tənqidçilərin
ötən il qələm işlətdikləri
fəaliyyət sferası da sərgilədi, bu fəaliyyətin
sonucu kimi ərsəyə gələn tənqid kitabları
da.
"Güzgü günü" Rüstəm Kamalın
"Ədəbiyyat qəzeti"ndə çap olunan esselərindən
ibarət kitab kimi ərsəyə gəlmişdir. Ədəbiyyatşünas
alim Məti Osmanoğlu kitabın ön sözündə qeyd
edir ki, "ədəbi tənqidə ədəbiyyatşünaslığın
"qeyri-rentabelli" sahəsi kimi yanaşan R.Kamalın esseləri
tənqidçi təhlilindən təmamilə fərqlənir.
Bununla belə, onun müasirlik
anlayışı ilə bağlı mülahizələri
("Müasirliyin hüdudları, yaxud ədəbiyyatşünaslığın
nəfəsi") ədəbiyyatşünaslığımız
və tənqidimiz üçün yeni görüm hədəfi
müəyyənləşdirir". Haqlı
mülahizələrdir. Məhz yeni görüm
bucağı! Rüstəm Kamal tənqidinin rəng spektrində
incələnən assosiasiya çalarları, məna
oyunları rəngarəng və çeşidlidir.
Hamımızın süjet, mövzu, problematika məsələlərinə
aludə olduğumuz mətn müstəvisində onun
axtarışları özgə səmtləri nişan
alır, ağlagəlməz paralelliyə yol açır. Bəzən
mətnlərdəki ilğım kimi görünüb yoxa
çıxan nəsnələr, baxıb önəmsəmədiyimiz
məqamlar Rüstəm Kamalın yaradıcı zəkası
üçün əsl təhlil predmetinə çevrilir,
onlardakı ahəng və məna düzümü, səs və
rəng polifonizmi tənqidçinin duyğu və
düşüncələr axarına vahid məcra verən bədii
fabula rolunu yerinə yetirir. Məqalələrin adları belə
artıq fikirlərimizin təsdiqidir: "Molla Pənah Vaqif və
Səməd Vurğun: felin karması", "Mirzə Cəlilin
teleqraf poetikası", "Əbdürrəhim bəyin
stomatoloji fantaziyası", "Yuxudan oyanma qorxusu: Frans Kafka və
Mirzə Cəlil", "Fonoqraf: Mikayıl Müşfiq və
Asəf Zeynallı", "Üç Aleksandr, yaxud
"dekabrist" gülü qışda açır",
"Repressiya yuxuları" və s.
Azər Turanın "Fəryadın metafizikası" əsərində
modernizm cərəyanı, onun dünya ədəbiyyatında
qoyuluşu və təzahür şəkilləri modern bir təfəkkürlə
araşdırılır. Kitab
bütünlükdə XX əsrin estetik dalğası üzərindədir,
onun tarixini, inkişaf meyillərini, çağdaş milli və
dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək
baxımından zəngin material verir.
Ədəbiyyat tarixi həm də cərəyanlar
tarixidir. Bu kontekstdə araşdıranda tipoloji baxımdan XX əsr
Azərbaycan ədəbiyyatı XIX-XX əsr dünya ədəbiyyatına
nəzərən səciyyələnir, xüsusilə əsrin
birinci iki onilliyi həmin faktların təzahürünü
verir, Avropada əsası qoyulmuş cərəyanları,
ideya-estetik fəlsəfə sistemlərini təcəssüm
etdirir. Azər Turanın hər iki
qütbün ədəbiyyatına, onların özünəməxsus
inkişaf qanunauyğunluğuna vaqif olması ona beləcə,
müxtəlif analogiyaları yanaşı verməyə zəmin
yaradır. Müəllif iki onildən
artıq bəhs edilən məsələyə problemin
qoyuluş şəklindən başlamır, onun səbəbləri
deyil, nəticələri üzərinə diqqət çəkir.
Boşluq hardadır, milli ədəbi-ictimai
düşüncənin hansı qatında? Modernizmin mövcud kontekstini müəyyənləşdirmək,
dünyabaxış sistemində mövzuya müraciətin
imkanlarını meydana çıxarmaq, yeni paradiqmaların
fonunda qərarlaşan prinsipləri
qarşılaşdırmaq yolu ilə cərəyanlar məsələsini
dövriyyəyə qatmaq. Beləcə, Avropa ədəbiyyatında
gedən modernizm prosesinin üzün və sürəkli
yolunun Cənab Şihabəddin, Əhməd Haşim, Yəhya
Kamal Bayatlı, Nazim Hikmət, Orxan Vəli, Cahit Sıtkı
Tarançı, Edip Cansevər, Cəmal Sürəyya və
başqa şairlərin yaradıcılığı əsasında
mənzərəsini verir.
İradə Musayeva boşluqlar üzərində dayanan,
təhlil sferasını o istiqamətə yönəldib
araşdırmalara meyil göstərən tənqidçidir. Ötən il
müəllifin repressiyanın 80 illiyi münasibətilə
silsilə olaraq yazdığı "Sözlərin rəng
assosiasiyası... Qara rəngli
"repressiya"..." məqalələri dövrün
ictimai-siyasi ab-havasını görükdürmək, diqqəti
məşum faciə qəhrəmanlarının ömür
bioqrafiyaları üzərinə yönəltmək, 1937-ci
ildə yaşanan ümummilli iztirabın sosial miqyasını
və şiddətini öz məzmununda ifadə
baxımından əhəmiyyətli sayılmalıdır.
Eləcə də tənqidçinin "Ceyms
Coysun "Uliss" romanı və ədəbiyyatda devrim"
kitabı. Ədəbiyyat aləmində təlatüm
yaratmış və nəsrin yeni istiqamətini müəyyən
etmiş "Uliss" romanı bu gün də birmənalı
olaraq qəbul edilmir. Bildiyimiz kimi,
"Uliss" çətin oxunan romandır. Yəni əsəri oxumaq oxucudan yalnız səbr
deyil, həm də elmi-intellektual səriştə, nəzəri
hazırlıq tələb edir. Digər tərəfdən,
Coysun romanı bizim öyrəşdiyimiz klassik romanlardan fərqlənir,
izahat metodu fərqlidir. "Uliss"lə
bağlı isə bədii düşüncənin
özündə bir boşluq vardı. Oxucu
ilə əsər, tərcüməçi ilə əsər,
yaradıcı insanla əsər arasına
qarşısıalınmaz bir sədd çəkilmişdi.
İradə Musayeva ilk növbədə bu səddi
aradan götürməyə çalışdı. Bu əsərin qayəsində dayanan əsas mürəkkəblik
nədən ibarətdir? Mövzu, mündəricə
nədir? "Ceyms Coysun "Uliss"
romanı və ədəbiyyatda devrim" kitabında bu
suallara cavab aranır. Həm də Şərq
ədəbiyyatı ilə müqayisəli kontektdə,
oxşar tipoloji təsnifatı aparmağa imkan verən mətnlərin
bir estetik müstəviyə gətirilməsi ilə.
Ötən
ilin tənqidlə bağlı yekun sözünü zənnimcə,
Elçinin "Söz
azadlığı tənqidimizə nə verib?" silsilə
məqalələri dedi. Bu məqalələrdə
bədii təcrübənin müxtəlif təmayüllərindən
doğan və elmi-tənqidi düşüncənin mərkəzinə
çəkilən köklü problemlər
qaldırıldı. Həm də
üslubunun məziyyəti sayəsində prosesə
münasibətdə həm əhatəlilik, həm də
ciddi elmi-nəzəri qanunauyğunluqdan çıxış
edildi, ciddi elmi polemikaya yol açıldı. Belə ki,
İradə Musayevanın "Xalq yazıçısı
Elçin Əfəndiyevə cavab...",
Qanturalının "Söz azadlığında düşən
dolu və ya ədəbi sətəlcəmlik diaqnozu" və mənim "Polemikaya
sözardı, yaxud öyünə biləcəyimiz ədəbiyyat"
məqalələrim Elçin məqalələrinin
doğurduğu təsir nəticəsində ərsəyə
gəlmişdi.
Bu məqalələrin
əhəmiyyəti onda idi ki, yalnız müsbət məqamlara
istinad etmirdi, problemləri dilə gətirirdi, ədəbi tənqidimizdə
mövcud olan bir sıra çatışmazlıqlarla
bağlı məsələlərin mahiyyətinə enirdi, tənqidlə
çağdaş ədəbi proses arasında ögeylik,
qarşıdurma hallarının olması, tənqidin yeni
yaranmış mətnlərə dəyər vermək
missiyasından uzaqlaşması, klassik ədəbi irsin milli dəyərlər
işığında çağın dövriyyəsinə
qatılmaması kimi hallar bu məqalələrdə qabaran
başlıca amillər idi.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-
2018.- 2 iyun.- S.5-7.