Poeziya... Poeziya... 2017

 

...Şeir kitabları çox nadir hallarda ədəbi hadisəyə çevrilir və 2017-ci ildə hələ ki, belə ədəbi hadisənin şahidi olmadım.

1896-cı il noyabrın 3-də fransız yazarı  Jül Renar gileylənirdi ki: "Yenə şeir, hey şeir. Bir misra da poeziya olaydı!". Yüz iyirmi iki il müddətində fransız poeziyasının keçdiyi yol göz qabağındadır. Böyük, istedadlı və dünya miqyasında tanınan şairləri də olub, konyunkturaçıları da. Eynilə bizim poeziyada olduğu kimi. Lakin mən inanmıram ki, Fransada Azərbaycandakı kimi az qala bütün xalq şeirlə nəfəs ala, çobanından tutmuş akademikinə qədər şeir aludəçisi ola. Hərçənd ki, fransızlar deyilənə, yazılana görə daha hissiyyatlı xalqdılar…Hətta mən ona da inanmıram ki, fransız xalqının az qala yarısı şeir yazmaq bəlasına mübtəla olsun. Mərhum şairimiz Fikrət Sadığın bir şeirindən bu misralar sanki yaşadığımız dünənin və bu dövrün mənzərəsini əks etdirir:

 

Mən sayım, sən sadala,

Gör kimlər şeir yazır.

Mühəndislər, polislər,

Həkimlər şeir yazır.

Bunu bildim, tanıdım,

Ta kimlər şeir yazır?!

Elmdən yorulanda

Alim də şeir yazır.

Qanı qara olanda

Müəllim də şeir yazır.

Adlayıb həmdəm zilə,

Şeir yazır naz ilə.

Yalançı bəstəçilər,

Yalançı müğənnilər

Şeir yazır hacılar,

Məşədilər, mollalar.

Evin tikilsin millət,

Bu qədər şair olar?

Bir kəlmə, söz müxtəsər,

Can, ay can, bir də ay can!

Şeir yazır sərasər

Bu boyda Azərbaycan!

 

Neyliyək, biz belə doğulmuşuq, "şair xalqıq". "Yenə şeir, hey şeir, bir misra da poeziya olaydı"- az-çox ədəbiyyat aləminə qovuşandan sonra  bu sayaq şikayətləri, giley-güzarı dəfələrlə eşitmişəm. Və indi, şeir yazmağı, əksərən öz cibinin pulu, ya hansı varlı sponsorunsa köməyilə şeir kitabı nəşr etməyi heç kimə qadağan etmək olmaz. Kimə məlum deyil ki, bu şeirlər və bu şeir kitabları xalis qrafomaniyanın bəhrələridir.indi  tənqidçiləri də məcbur edib bu qrafoman şairləri bircə-bircə bəsitlikdə, qafiyəpərdazlıqda, məzmunsuz şeir yazmaqda  təqsirləndirmək də mümkün deyil. Əgər televiziya kanallarında  müğənni xanım Elza Seyidcahan bir şair kimi təqdim olunursa, şeiri gözdən salan "şeirlərini" oxuyursa, hətta ARB kanalının "Xalq şairi" şeir müsabiqəsində münsiflər heyətində yer tutursa… İzahata ehtiyac qalmır.

Ancaq bu, o deməkdirmi "bir misra poeziya" tapmaq çətindir, təbii ki, belə deyil. Lap qatı pessimist olaq: fitkirləşək ki, ötən onilliklərdə olduğu kimi, indi Azərbaycanın hər qarışında bir şeirçi bitsə belə, yenə xalqa çatası və xalqın qəbul elədiyi şairlərimiz az deyil. Bəli, biz saysız-hesabsız konyunkturaçı nəzmkarların, kitablarının üz qabığı  şeirlərindən qəşəng olan şairciklərin əhatəsindəyik, "şeir" sarıdan qətiyyən korluq çəkmirik, narahatlığımız poeziya sarıdandır.

...Şeir kitabları çox nadir hallarda ədəbi hadisəyə çevrilir və 2017-ci ildə hələ ki, belə ədəbi hadisənin şahidi olmadım. Ancaq hər bir şeir kitabı səviyyəsindən asılı olmayaraq həm onların müəlliflərinə, həm də oxuculara sevinc bəxş edirsə, qoy çap işi dayanmasın, qoy nəşriyyatların dəyirmanları gecə-gündüz işləsin. Ona görə də biz 2017-ci ilin şeir mənzərəsini canlı proses kimi təsəvvür edirik, yəni yalnız 2017-ci ilin orijinal şeirləri haqqında söhbət açaq. Bu canlı prosesi izləmək üçün Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan "Azərbaycan" və "Ulduz" jurnallarına, "Ədəbiyyat qəzeti"nə, həmçinin, öz səhifələrində daim şeir dərc edən "525-ci qəzet"ə, "Ədalət" və "Kaspi" qəzetlərinə  üz tutacayıq. Statistik mənzərə belədir: "Azərbaycan" jurnalı il ərzində 73 şairin şeirlərini çap edib, orta hesabla hər şeir 20 misradırsa, bu 14000 misra  şeir deməkdir. "Ulduz" jurnalında bir il ərzində 96 müəllifin şeirləri işıq üzü görüb, əksəriyyəti cavan şairlərdir, təxminən  12000 misra şeir bəzəyir "Ulduz"u. "Ədəbiyyat qəzeti"nə boylanıram.  Bir-iki nömrəsi qoşalaşan qəzet 51 nömrəsinin hər birində orta hesabla 500, bəzən 600 misra şeir çap edir, təxminən 150-160 müəllifin 25000 misrası ilə qarşılaşıram. Mən "525-ci qəzet", "Kaspi" və "Ədalət" qəzetlərinin hər şənbə, hətta həftəiçi nömrələrində dərc edilən şeirlərini hesablamadım. Bu qəzetlərin içində "Kaspi" xüsusilə şeir çap eləməyə həvəslidir, "Ədalət" qəzeti də lap əzəldən şeirlə nəfəs alır, "525-ci qəzet" də həmçinin. Qeyd edim ki, şeir tərcümələrini bu statistikaya daxil eləmirəm...

 

Sən Allah, bu gülü yasa aparma,

Bu gül ləçəyində başqa həyat gör,

Bu qızıl güllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma.

Qızıl dan yerindən rəng alıb bu rəng,

Göylərdən nur alıb, günəşdən çələng.

Bu doğulmaq üçün, uçmaq üçündür

Qövsi-quzeyləri qucmaq üçündür,

Sən Allah, bu gülü yasa aparma...

Bu ilahi güllər qırmızı donda

Mənim də sinəmdə bitmişdi onda-

O da ilk məhəbbət alovlarıydı.

 

Bu, 81 yaşlı Musa Yaqubun şeiridir. Onu izah eləməyə, oradakı məna incəliklərini, Azərbaycan şeirinə məxsus  poetik ustalığı açıqlamağa ehtiyac varmı? Əsl poeziyadır. "Sən Allah, bu gülü yasa aparma!" - bu misra artıq bir kəlam, bir poetik ahəng kimi insanın iç dünyasına hopa bilər.

Heç də düşünmürük ki, şeirimizin yaşlı nəsli - Nəriman Həsənzadə, Fikrət Qoca, Abbas Abdulla, Musa Yaqub, Məmməd İsmayıl, Əşrəf Veysəlli, İltifat Saleh, Vaqif Nəsib, Oqtay Rza, Yusif Həsənbəy, Firuzə Məmmədli, Kəmalə Ağayeva,  Eyvaz Borçalı, Ramiz Məmmədzadə, Ənvər Əhməd, Ağasəfa Yəhyayev, Vahid Əziz, Ramiz Duyğun (mən bu sıraya Ramiz Rövşəni, Çingiz Əlioğlunu, Sabir Rüstəmxanlı da əlavə edirəm) bu gün sözlərini deyib qurtarmış şairlərdir. Əksinə, onlar  yenə cavanlıq ehtirası və şövqü ilə yazıb-yaradırlar, 60-70-ci illərin Nəriman Həsənzadəsi yenə "ürək dililə" danışır, Fikrət Qoca yenə həyatın, bu böyük dünyanın gözəlliklərinə aşiq, mənfi hallarına dözümsüzdür. Firuzə Məmmədli qadın dünyasının zərifliyini, saflığını, kövrəkliyini, həm də milli-mənəvi sərvətlərimizi vəsf edir. Məmməd İsmayıl qürbətdə yaşasa da, bütün şeirlərində "Vətən" deyir. Vahid Əzizə sanki ikinci ilham gəlib, şeirlərinin ən gözəlini bu yaşda yazır. Çingiz Əlioğlu poetik axtarışlardan yorulmur, Sabir Rüstəmxanlı altmışıncı illərdə yazdığı "Vətən" şeirini "Vətən və Azadlıq" dastanına çevirir. Ramiz Rövşən hətta təzə şeir yazmasa da, həmişə oxucuların sevimli şairi olaraq qalır.

Bu günün-müasir Azərbaycan şeirinin yükü və ağırlığı, inkişaf və perspektivi "səksənincilərin", "doxsanıncıların" çiyninə düşür. Onlar bu missiyanın öhdəsindən gələ bilirlərmi? Hər halda, 2017-ci ilin şeir mənzərəsində bu suala cavab axtararıq. O nəsildən üç istedadlı şairin - ürfan düşüncəli Akif Səmədin və  modernist Adil Mirseyidin, bu yaxınlarda isə Sabir Sarvanın ölümü bizdə təəssüf hissi doğurur, amma şükür ki, bu nəslin "yarpaq tökümü" hələ seyrəkdir, onların bir çoxu indi  yaşlarının  kamillik mərhələsinə çatıb. Hiss olunur ki, şeirimizin yeni bir mərhələyə- əvvəlki onilliklərdən fərqli bir özəlliyə malik olması məhz yaşları əlli-altmış çevrəsində olanların xidməti az deyil. Onlar şeirimizin yaşarı ənənələrindən qətiyyən üz çevirməyiblər, əksinə, bu ənənələri yeni ifadə tərzi, sözün rəngarəng çalarları, bədii təsvir vasitələri, dilin poetik imkanları ilə cilalayırlar. Zirəddin Qafarlı bir şeirində yazır ki: "Bu dünya Nizami dünyası imiş, Bu dünya Nəsimi dünyası imiş, Gör hara gəlmişəm ürək eyləyib!"- deməli, ənənəyə bağlılıq zəncirini qırmaq mümkün deyil. Amma ənənə deyəndə heç də heca vəzninə, qoşmaya, gəraylıya "sədaqət" hissindən söhbət getmir. Söhbət "köhnə havalarda" yeni notlar səsləndirməkdən gedir. Biz 2017-ci ilin şeir mənzərəsində ən gözəl qoşma, gəraylı, ümumiyyətlə, heca şeiri axtarışına çıxdıq və doğrudan da, sayı-hesabı bilinməyən o şeirlərin içərisində kəmiyyətcə az olsa da, XXI əsrin poetik təfəkkürünü əks etdirən nümunələrlə də qarşılaşdıq.  Vaqif Bəhmənli, Ramiz Qusarçaylı, Əjdər Ol, Ağacəfər Həsənli, Musa Ələkbərli, Adil Cəmil, Barat Vüsal, Əlizadə Nuri, Əlirza Həsrət, Balayar Sadiq, İlham Qəhrəman, Əli Rza Xələfli, İslam Sadıq, Fərqanə Mehdiyeva, Rəşad Məcid, Zakir Fəxri, Zakir Məmməd, Fəxrəddin Teyyub, Kəmaləddin Qədim, Məmməd Qədir,  Ədalət Salman, Ağamir Cavad, Avdı Qoşqar, Yusif Nəğməkar, Əbülfət Mədətoğlu, Fəxri Uğurlu… Demək olar ki, cüzi yaş fərqini nəzərə almasaq, bir ədəbi nəslin nümayəndələridir  bu şairlər və heca şeirinin müasir durumu ilə tanış olmaq üçün onların şeirlərini oxumaq kifayətdir. Bu şairlər sərbəst şeirlər də yazırlar, amma onlar heca şeiri üzərində kökləniblər. Çoxsayda misallar gətirməkdən imtina edirəm, yalnız Ramiz Qusarçaylının "Anama" şeirdən bir parça:

 

Ürəyim üstündə şam bənövşəsi,

Ayrı nəyim var ki yanası, anam.

Sənsən gülşənimin qəm bənövşəsi,

Sənsən göz yaşımın sonası, anam.

 

Əlbəttə, bu gün həm heca, həm də sərbəst vəzndə yazılan külli miqdarda şeirlər içində bir şeir kimi yadda qalmayan, sadəcə, lap öncədən dediyim o qrafomaniya məmulatları az deyil. Bəzən unudulur ki, sərbəst şeirdə də ritm olmalıdır, obrazlı ifadələr işlənməlidir, sərbəst şeir adi danışıq səviyyəsinə endirilməməlidir, həmçinin şeirin yaraşığı olan qafiyəyə də yer verilməlidir. Mən 2017-ci ilin sərbəst şeirlərini diqqətlə nəzərdən keçirdim və şəxsən belə düşünürəm ki, bugünkü sərbəstçilər Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Camal Yusifzadə, Tofiq Abdin, Abbas Abdulla, Vaqif Nəsib, Çingiz Əlioğlu, Vaqif Bayatlı kimi şeirin bu "ərazisində" təzə naxışlar, çalarlar yaratmağa can atırlar. Səlim Babullaoğlu, Dəyanət Osmanlı, Əhməd Qəşəmoğlu, Qəşəm Nəcəfzadə, Emin Piri, Ramil Əhməd, Rəfail Tağızadə, Mahirə Abdulla, Tahir Taisoğlu, Qismət, Aqşin Yenisey, Zahir Əzəmət, Narıngül  sərbəst şeir məkanında məşhurlaşıblar.

2017-ci ilin şeirlərini bir başqa aspektdən nəzərdən keçirək. Bu da fərdi üslub məsələsidir. Məşhur bir kəlamı yada salaq: "Üslub - bütün üslubların yaddan çıxarılmasıdır". Əlbəttə, bizim müasir poeziyada öz fərdi deyim tərzi, başqa yazarlardan seçilən, fərqlənən, yalnız özünəməxsus poetik ləfzi ilə diqqəti cəlb edən şairlər az deyil. Müasir Azərbaycan şeiri bu mənada fərdi üslub rəngarəngliyilə diqqəti cəlb edir. Şair hansı mövzuda yazırsa-yazsın, onun özünəməxsus  səsi, nəfəsi elə şeirindəki ilk misrasından hiss edilməlidir.

 

Qız qalası

ölkəmizin daş bayrağı,

Əsrlərcə bayraqların salınmazı.

Əlincəmiz

Naxçıvanın baş bayrağı

Teymurlənglər ordusuyla alınmazı.

 

Bu son otuz ildə daha çox nəsr əsərləri yazan, amma arabir şairliyini də unutmayan və hələ altmışıncı illərin sonlarında "Tək bircə "Durna günü" şeirini yazsaydı, bu şeir ona şair deməyə yetərdi" tərifini unudulmaz Rəsul Rzadan eşidən Vaqif Nəsibin misralarıdır.

 

Quşların cəh-cəhi sökür bağrını,

Qatır nəğməsinə ürək ağrını.

Sevdasız bir ömrün görüb axırını,

Baharda sevgisiz yaşamaq olmur.

 

Hər tərəf çiçəkdir, hər tərəf güldür,

Mehrinə ürək qıy, o gülü güldür.

İlahi, sən məni baharda öldür,

Baharda sevgisiz yaşamaq olmur!

 

Bu isə Musa Ələkbərlinin bir sevgi şeirindəndir. Hər gün onlarla sevgi şeirlərilə qarşılaşırıq, ancaq görürsən ki, çox zaman hazır stereotiplər, şablonlar bizi məyus edir, nə qədər demək olar "Sevgidən ölürəm!" "Ağzımın içində dilim ağlayır", "Üzmə ürəyimi, gəl insaf elə", "Qarşında qul olum, əsir olum mən"… Amma nə yaxşı ki, insan münasibətlərinin bugünkü xaotik mənzərəsində Füzulidən gələn o ruh, o nəfəs hələ ki, sönməyib və Musa Ələkbərlinin indi də cavanlıq şövqü ilə yazdığı şeirlərində o ruhu, o nəfəsi hiss edirik.

 

Bu dağlarda Ay işığı -

çəməni bürüyən şehdir,

Bir ahıl saçında gümüşü zehdir.

Bu dağlar Ay işığında

Nəsildən-nəslə saflıq aparan

Yelkənli gəmidir.

Bu dağlar Ay işığında

üz-gözü südə bulaşmış

körpə kimidir.

 

Bu isə Rəşad Məcidin şeiridir. Onun "Çiyələk qadın" və "Bir də gəlməyəcək" şeirlər kitabının böyük əksəriyyəti sevgi şeirlərindən ibarətdir. Amma mən onun bir təbiət şeirini seçdim. Bu şeiri R.Məcid sanki Ay işığına tamaşa edərkən yazıb, elə onun sevgi şeirləri də Ay işığına bələnib və Rəşad Məcidin fərdi üslubunu səciyyələndirən onun şeirlərindəki saf romantikadır.

 

Qartal yuvasıydı bizim zirvələr,

Əyilməz dağların əzmini gördüm.

Hayanı dolaşdım, hara baxdımsa,

Tanrının sehrli rəsmini gördüm.

 

Mən orda bilmişəm sözün tamını,

Şair eləmişdi dağlar hamını.

Məmmədin, Bəhmənin o ilhamını,

Şəmşirin hikmətli nəzmini gördüm.

 

Bu misraları isə Kəlbəcər həsrəti ilə alışıb-yanan Adil Cəmil qələmə alıb. Etiraf edək ki, doğma yurd həsrətini, Kəlbəcərsiz, Laçınsız, Qubadlısız yaşayan şairlərin içində Adil Cəmilin səsi-harayı heç kiminkinə bənzəmir. Adil Cəmilin "Qarabağ" şeirini xatırlayıram: "Qarabağ-qiyamətə qalan qisas. Sulanan sulux, Qurumayan göz yaşı, Bütün dərdlərimizin başı, Yaxud, ümidimizə başdaşı. Doğanaqdan keçməyən örkən, ya da uzanan sicim"

Bu bənzərsizliklər seriyasını davam etdirib deyə bilərəm ki, müxtəlif mövzulara müraciət etsə də, şeirlərində fəlsəfi notlara, həyatın, gerçəkliyin bilməcələrini "ahəng qanunu" ilə öyrənməyə can atan Əhməd Qəşəmoğlu da, təbiətə məxsus ayrı-ayrı predmetləri obraz kimi mənalandıran, "ağac-kitabxanaların" "sirrini" açan Ağacəfər Həsənli də, aşıq şeiri havasına bürünüb Yunis İmrə, Qaracaoğlan, Ələsgər həqiqətlərini müasir təfəkkür süzgəcindən keçirən Barat Vüsal da, İbrahim İlyaslı da fərdi üslubu ilə seçilən şairlərdir.

 

Haçandır canımdan durnalar uçur,-

Mənim ürəyimdə payızmış, Allah.

Hərdən bu dünyanı yadıma salan

Mənim unutduğum o qızmış, Allah.

 

Bu ömür karvanı köçünü çəkir,

Ölümdü-kəfənin ucunu çəkir.

...Gördüm ki, bir söyüd içini çəkir,

O da mənim kimi yalqızmış, Allah.

 

Hər gecə yuxuma baş çəkir adın,

Yanım,- bir az isin, üşüyən qadın!

...Çərpələng düzəltdim, göyə uçmadı, -

Bu ömür islanmış kağızmış, Allah...

 

Bu isə Əlizadə Nurinin şeiridir. Metaforik təfəkkürlə aşılanan, yaxşı mənada "söz oyunu"nun bariz ifadəsi olan bir şeir. Hansı şeirini oxusan, Əlizadənin orijinal təşbihləri, metaforaları ilə qarşılaşarsan. Məncə, Salam Sarvandan sonra  şeirimizdə bu orijinallığı qoruyub saxlayan şairlərdən biri də  Əlizadə Nuridir.

Yenə də bu bənzərsizliklər seriyasını davam etdirib artıq öz fərdi üslubu ilə diqqəti cəlb edən - son illərdə sonetlər çələngi ilə bu poetik formanı "milliləşdirən" Balayar Sadiqin, daha çox "köhnə havalarda" təzə notlar səsləndirməyə can atan Zirəddin Qafarlının, İslam Sadıqın, İlham Qəhrəmanın, Məcnun Göyçəlinin, Əlirza Həsrətin, Sakit İlkinin şeirlərində də fərdiliyi, bənzərsizliyi hiss eləmək çətin deyil. Lirik qəhrəmanın idraki çırpıntıları, emosional həyəcanlar, psixoloji sarsıntıları əks olunan şeirlərdən söhbət düşsə, Tərlan Əbilovun, Hüseyn Bağıroğlunun, İnqilab İsaqın artıq yetkin şair kimi formalaşdığını görürük.

Poeziyada fərdi üslubla bağlı söhbəti uzatmayıb bir başqa məsələyə də münasibətimi bildirmək istəyirəm. Musa Ələkbərli "Yaddan çıxır Qarabağ" adlı bir şeir yazıb, deyir ki: "Aman Allah, yaddan çıxır Qarabağ". Təbii ki, daha çox öz şair dostlarına müraciət edir. Əlbəttə, bu fikrə bir kimsə haqq qazandıra bilər.. Doğrudanmı, son illərdə, elə 2017-ci ildə də əvvəlki illərlə müqayisədə şeirimizdə Qarabağ havası çatışmır?..  Çadır düşərgələri də neçə ildir ki, ləğv olunub. Amma bir milyon soydaşımız səbirsizliklə doğma yurd-yuvalarına qayıtmaq həsrətini yaşayırlar. Təbii ki, Qarabağ mövzusu şeirimizdə yenə  səslənməkdədir və bu mövzuda ən çox yazıb-yaradan Ramiz Duyğunla, Ənvər Əhmədlə, Rəfail Tağızadə ilə yanaşı, neçə şairimizin də adını çəkə bilərik. İstərdik ki,  Qarabağa həsr olunan şeirlərdə şablonlar, artıq qulaqları döyənək eləyən sözlər, ifadələr, epitetlər olmasın. Nisə Bəyimin bir şeirindən bu misraları misal gətirirəm:

 

Vətən göylərində şəhid tabutları uçur

sevgi qanadlarında…

Addımlayan xatirələr

cəbhəboyu döyüşlərdə ön sırada yeriyir,

zəfərlərdən-zəfərlərə çağırıştək

inam kimi, uğur kimi

qalib kimi yürüyür...

 

...İndi uğurludu, ya uğursuzdu, baxın: "Tək qalsan otaqda, götür şam yandır, qaranlıq otaqda şam da adamdır" (Aybəniz Əliyar), "Bu tapmaca sərçə məndən böyükdü, Tutub dimdiyində  bulud çörəyi" (Qəşəm Nəcəfzadə), "Dağılıb göylərə əlçim buludlar, Günəş yun əyirən cəhrə kimidir" (Əlirza Həsrət), "Bu gün şəhərdə şeirimi gördüm, su içirdi, siqaret çəkirdi, ağac sulayırdı körpə bir qızın ürəyində" (Zahir Əzəmət),  "Gedir bir qadın, bətnində körpəsi, kürəyində ayağını itirmiş əri" (Ramil Əhməd), "Hər əsgər tabutu, bir ağ gəlinliklə köçər. Əsgər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan güllə" (Emin Piri),  "Sənə sarı dartılmaqdan tikə-tikə olmuşam. Bədənim ki, uçuşan məktub parçalarıdı" (Şəhriyar del Gerani). "Vaxt qapını döyür əski əlifbayla. Üzünə Allahın təbəssümü düşməyən sözlər küçənin ortasında cırır yaxasını" (Balayar Sadiq), "Külək buludları kart kimi qarışdırır. Vicvicə keçir gölməçələrdən, suların üzü qırışır" (Qismət) və onlarla belə misallar gətirmək olar. Əgər bunların bir qismi şeirdə doğrudan da mənanı qüvvətləndirirsə, çox yaxşı, yox əgər şairin "söz oyunu"ndan doğursa, heç bir məna ifadə etmirsə, çox pis.

...Şeirimizdə bəzi istisnaları nəzərə almasaq, fəlsəfi ruh, fəlsəfi düşüncə arealı zəifləməkdədir. Əvəzində isə  publisistika müasir şeirin vücudunu sarmaqdadır. Təbii ki, XXI əsrin həm milli, həm də bəşəri duyğularla nəfəs alan insanı şeirin əsas qəhrəmanına çevrilməlidir, yəni bu insan nə düşünür, təkcə sevgi iləmi nəfəs alır, təkcə günün reallıqlarınımı, narazılıq və şikayətlərinimi şeirdə səsləndirməlidir? Vaxtilə  Səməd Vurğun deyirdi ki: "Niyə şeirimizin baş qəhrəmanı, gah İrandan gəlir, gah da Turandan, Bəs mənim ölkəmin varlığı hanı?" İndi şairlərimiz İrandan da yazırlar, Turandan da, Azərbaycandan da, Amerikadan da, Avropadan da, amma biz əksər hallarda XXI əsr Azərbaycan insanının öz obrazını şeirlərimizdə görə bilmirik.

2017-ci ilin şeirləri haqqında söhbəti heç də bədbin notlarla bitirmək istəmirəm. Xalq şairi Fikrət Qocanın  keçən il "Azərbaycan" jurnalında çap olunmuş "Dağınıq duyğular" poemasının son misraları ilə sözümü sona yetirirəm:

 

Uğrunda ölüb-dirilmişik.

Azadlığın dadını

Hələ indi bilmişik,

Bir də ölən deyilik!!!

Biz hamımız bir canda

Bütöv Azərbaycanda

Yaşamağa gəlmişik!

 

 

Vaqif YUSİFLİ

filologiya üzrə elmlər doktoru

 

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.8-9.