İlin ədəbi tənqidi:
Zaman kontekstində
baxış
Qəribədir, həmişə tənqid haqqında
danışanda, bir ilin, yaxud illərin yekunlarından bəhs
edəndə belə, sözə birbaşa başlamaq çətin
olur, gərək əvvəlcə tənqid haqqında
düşüncələrini verəsən, "eşitdirəsən",
daha sonra konkret nümunələri analiz etməyə
başlayasan.
Bunun niyə belə olması üzərində
çox dayanmadan diqqəti sənətin mahiyyətinə
hopan psixoloji problemə yönəltmək istərdim.
Kimsə tənqid eşitmək istəmir, yaxud kimsə tənqidi
dinləmək qədər səmimi ola bilmir,
hamıya elə gəlir ki, bu anlayışı heç kəs
onun qədər düzgün anlamır, başqa sözlə,
nə qədər əli qələmli varsa, o qədər də
"tənqid" var.
Yəni bizim üçün cari ədəbi prosesə
tənqid gözüylə baxmaq çətindir. Keçən ilin sonunda
"Ədəbiyyat qəzeti"nin layihəsi
çərçivəsində çağdaş ədəbi
tənqidin problemlərindən danışmaq
üçün yığışdıq. (Mən və-!)
moderator tərəfindən nə qədər
cəhdlər olsa da, kimsə məhz bu problemə girişmədi,
hamı tənqidin yaxın və uzaq keçmişindən nələrsə
dedi və beləcə mövzu qapandı. Hamı özünü
tənqidin tarixindən danışanda rahat hiss edir, nəinki
çağdaş durumundan. Bu, Füzulinin
"miqdar" məsələsidirmi? (Kim nə miqdar
olsa, əhlin eylər ol miqdar söz...) Başqa sözlə, ədəbi
proses necədirsə, tənqid də elə o cürdür. Cəmiyyət
və onun həyatı ilə əlaqəsi olmayan ədəbi
proses bir qayda olaraq dekorasiyalara qaçır, müxtəlif
"izm"lərin arxasında gizlənir, bu gizlənpaç
oyununda uduzan şübhəsiz ki, ədəbi mətnlər
olur, bir də oxucu - müəllifin aldatdığı oxucu.
Eyni hadisə zaman-zaman ədəbi prosesdə də
baş verir. Məsələn, poeziyada.
Epik təhkiyədən fərqli olaraq (hekayə, roman)
lirikada gerçəklikdən elə məqamlar seçilib təsvir
sferasına qatılır ki, bunların sayəsində lirik qəhrəmanın
əhvalı və nəzər nöqtəsi olaraq anidən,
həm də tapılmış bir nəsnə kimi göstərilir.
Lirik əsəri
diqqətlə oxuduqda orada ölçü və fəlsəfi
məna baxımından üst-üstə düşməyən
iki hissəni ayırd etməli oluruq:
təcrübi və ümumiləşdirici. Təcrübi (empirik) hissə həcmlidir, bizə təklif
və təlqin edilən məkanın böyük bir hissəsini
zəbt edir, ümumiləşdirici hissə isə yuxarıda
qeyd etdiyimiz kimi, qəfildən, bir an içində meydana gəlir
və empirikanın kənara atılmasıyla nəticələnir.
Şeirin sonunda elə bil ki, bütün qənaətlər
bir nöqtəyə düyümlənir, lirik qəhrəman
bir baxışla hər şeyi - mətn boyunca "emal edilən"
təcrübəni mənaya çevirir. Bu
hardasa balet estetikasındakı "puante" deyilən hadisəyə
bənzəyir (balerinanın baş barmağı
üstündə durması).
Hər iki hal bizim ədəbi prosesdə
müşahidə edilir və daha çox birincisi, yəni təcrübənin
mənaya çevrilməməsi, yaxud təcrübənin
yerli-dibli olmaması. Ədəbi tənqidsə
bu hadisəyə "heç nə olmayıbmış
kimi" baxır, differensiasiya aparmır, hadisəni qiymətləndirmir,
onun içində itib-batır.
Ədəbiyyatda yeni şey dirilik deməkdir,
yüz ilin yuxusundan ayılmaq, yeni, həm də gerçəkliyə
qarşı olan mənalara qoşulmaq, onlarla nəfəs
almaqdır. Nəticədə nə
alınır? Zəif bir şeir üstündə
dünyanın az qala bütün filoloji təcrübəsi
"sınaqdan keçirilir", şair və onun mətni
haqqında isti sözlər deyilir və yalançı tənqidlə
yalançı ədəbiyyatın bu görüşü qəzet
və jurnal səhifələrindən daşdanır. Nəsr tənqidində vəziyyət bundan da kədərlidir.
Mətn təhlil edilmir, sitatlar, təhlil etməyə borclu
olduğu mətndən qaçış və sair... Qəzetlərdə "Tənqid və mətn"
rubrikası altında gedən yazıların demək olar
hamısı bu şəkildədir. Tənqidçi
"şirəli" sözləri bir kənara qoyub mətni
təlil etmək, onun dərinliklərini kəşf etmək
istəmir, daha doğrusu bunu bacarmır.
Bu məruzədə biz ənənəvi icmal
janrının tələblərindən müəyyən dərəcədə
yan keçməyə çalışdıq, yəni
yekunlarla bağlı faktlara önəm verməkdənsə,
fikrimizcə, ədəbi tənqiddə müşahidə
etdiyimiz problemlərdən danışmaq daha sərfəli və
faydalı olardı. Əvvəlcə ilin tənqid mənzərəsini əks
etdirən bütün nəşrləri, qəzet və
jurnalları bir yerə cəmlədik, bir kiçik təpə
yarandı, düşündük ki, o təpəni vurub
aşırmaq lazımdır ki, bəlkə arasından məziyyət
və qüsurları bir cərgədə sıralaya bilən
ideyalar doğdu...
Yazıçı
Elçin Əfəndiyev də təqribən bu məsələni
son yazısında ("Söz azadlığı tənqidimizə
nə verdi?") duymuş və onu belə ifadə
etmişdi: "...Tənqidimizin ümumi mənzərəsində,
təəssüf ki, həmin aşağı hədd
özünü açıq-aşkar göstərməkdədir
və bunun bir səbəbi, əlbəttə, odur ki,
"aşağı hədd" tənqidi olduğu kimi,
"aşağı hədd" ədəbiyyatı da
mövcuddur və bu ədəbiyyat
ədəbi prosesdə öz səviyyəsindən yuxarı
qalxa bilməyən təhlilini və təqdimini tapır, o
biri tərəfdən isə "yüksək həddə"
malik tənqid həmin ədəbiyyat haqqında nəzəri-estetik
meyarlara söykənən kəskin sözünü demir. Bir
az da aydın söyləsək, tənqidimizin ümumi mənzərəsini
bədii-estetik baxımdan bəsit və sönük ədəbiyyatın
nəzəri-estetik baxımdan eyni səviyyəli təqdimatı,
ciddi (professional) tənqidin isə susması yaradır, halbuki
ciddi tənqid yalnız yüksək səviyyəli ədəbiyyat
haqqında yazmaqla kifayətlənə bilməz,
çünki onun ictimai fikirdəki missiyası səviyyəsiz
əsərlər haqqında kəsərli sözünü tələb
edir. Zəif yazılarla, bəsit və
sönük maklatura ilə inzibati mücadilə mümkün
deyil, heç kimi məhkəməyə vermək olmaz ki, niyə
zəif yazılar yazırsan - zəif əsərlərin
qarşısına dediyim həmin missiyanı boynuna
götürmüş tənqid
çıxmalıdır."
Dəqiqləşdirək:
Elçin müəllimin dediyi "aşağı hədd"
epizod deyil artıq, normadır və tənqiddən də qabaq ədəbiyyatda.
Sovet dönəmində boz ədəbiyyatın "öz
markası" vardı, dərhal bilinirdi, bir zəif əsər
haqqında (deyək ki, Cəlal Bərgüşadın
"Boz atın belində" romanı haqqında) neçə-neçə
tənqidçi yazırdı, bu əsər haqqında bu qədər
danışılmağa layiq olmasa belə. İndi
isə elə həmin tənqid şərait yaradır,
"Boz atın belində"dən də aşağı hədd
mətnləri təriflənsin. Demək, məsələ,
geniş anlamda ədəbiyyat və tənqid məsələsi
deyil,məsələnin kökü
başqa yerdədir. Yuxarıdakı sitatda Elçin müəllim
deyir ki, "Bir az da aydın söyləsək, tənqidimizin
ümumi mənzərəsini bədii-estetik baxımdan bəsit
və sönük ədəbiyyatın nəzəri-estetik
baxımdan eyni səviyyəli təqdimatı, ciddi
(professional) tənqidin isə susması yaradır, halbuki ciddi
tənqid yalnız yüksək səviyyəli ədəbiyyat
haqqında yazmaqla kifayətlənə bilməz,
çünki onun ictimai fikirdəki missiyası səviyyəsiz
əsərlər haqqında kəsərli sözünü tələb
edir." Fikrimizcə, məsələ deyildiyinin əksinədir:
ciddi (professional) sayılan (məhz sayılan-!) tənqid zəif
əsərləri tərifləməklə məşğuldur,
bunu görən, bununla razılaşmayan, ona qarşı
çıxan tənqidinsə nəzəri-estetik baxımdan
kasadlığı başqa bir problemdir. Nəzəri-estetik
baza zəif olanda isə, əlinə qamçı
götürməlisən. Onların öz adları da
yaranıb: facebook tənqidçiləri. Bildi-bilmədi,
hər şey haqqında fikir irad edən, mühakimə
yürüdən, təhdid və şantaj edən tənqidçilər.
Yəni tənqid indi mahiyyətdən
qaçmaq üçün çox danışmaq sənətinə
çevrilib.
Ədəbi prosesdə tənqidi fikir və təfəkkür
təkcə tənqidçilər tərəfindən
yaranmır, bütün dünya ədəbiyyatının təcrübəsi
də sübut edir ki, bu prosesdə yazıçılar,
şair və dramaturqlar da (hətta esseistlər belə!)
iştirak edir. Bəzi tənqidçilər
obyektiv korrelyat anlayışını personaj və ya
şairin, yaxud onların hər ikisinin emosiyasını ifadə
edən obraz və ya obrazlar sırası kimi təqdim edirlər.
Məsələn, "Prufrok" şeirində
"həyatımı kofe qaşığıyla
ölçdüm" obrazı Prufrok və Eliota xas olan
fanilik, boşluq hissini ifadə edir.
Bu mənada
müşahidələrimizə görə xalq
yazıçısı Anarın "525-ci" qəzet və
"Ədəbiyyat qəzeti"ndə dərc edilən
yazıları ədəbi prosesdə çözülməsi
vacib olan, yeni ideyaların yaranmasına təkan ola biləcək
məqamları tutan
yazılarını qeyd etmək istərdim. Onun
"Şairliyindən böyük şair" yazısı
keçən il vəfat edən
Yevtuşenkoya həsr edilsə də, başqa mətləblərə
də yön verməsi ilə seçilir. Yazıçı
qeyd edir ki, "Sovet dönəmində heç bir ədəbi
nəsil ictimai-siyasi şüura altmışıncılar qədər təsir etməyib. Buna görə
də Yevtuşenkonun "Rusiyada şair olmaq şairlikdən
böyükdür" fikrinə əsaslanaraq, onu bir az da genişləndirərək
və dəqiqləşdirərək deyə bilərəm
ki, keçmiş Sovet İttifaqında şair,
yazıçı olmaq şairlikdən,
yazıçılıqdan daha böyük vəzifə idi.
Əlbəttə, altmışıncı illərdə ədəbiyyata gəlmiş yaradıcı
insanların arasında retroqradlar, mühafizəkarlar,
geriçilər də az deyildi, amma ədəbiyyat tarixində
termin kimi "altmışıncılar" ifadəsini məhz bu nəslin mütərəqqi, irəliçi,
açıq fikirli yaradıcılarına aid
edirlər. Bu baxımdan
altmışıncıların cəmiyyətin ictimai-siyasi
şüuruna təsirini hətta siyasi xadimlərin özləri
də etiraf edirlər." Və mətləb
əlbəttə ki, tam olaraq heç
altımışıncılarla da əlaqəli deyil. Bu
bir ədəbi düsturdur: şair o zaman şairliyindən
böyük olur ki, dərin və təsirli, sxematiklikdən və
qafiyəpərdazlıqdan uzaq ritmi və fikirləriylə
sosiuma, onun qəliz və ziddiyyətli həyatına
müdaxilə etsin, sözünü desin. Ənənəvi
janrlarda - qoşma, gəraylı biçimində yaxşı
şeirlərə qulaq asıb zövq alırıq, ancaq elə
bu şəkillərdə ictimai məzmunu dərin olan
şeirlər dünya, həyat və gerçəklik
haqqında bildiklərimizin sınırlarını genişləndirir.
...2017-ci
ildə geniş anlamda götürdüyümüz tənqidin
klassikaya münasibətindən
bir-iki söz demək lüzumu yaranır. Klassiklər-Səməd
Vurğun, S.Rüstəm, R.Rza haqqında nə qədər
ittihamçı, əsassız, fakta və əxlaqa söykənməyən
yazılar çap edilsə də, hərdən
ağıllı, bütün bu hərc-mərcliyi aradan
qaldırmaq gücündə olan yazılar da meydana
çıxır. Adını çəkdiyimiz
"Ədəbiyyat qəzeti"ndə bu kimi nadir nümunələrə
rast gələ bilərik. Məsələn, diqqət
edin: "...Universitet illərində akademik Fuad Qasımzadə
bir xatirə danışmışdı. Səməd
Vurğunun vəfat xəbəri "Kommunist" qəzetinin
birinci səhifəsində şairin böyük fotosu və nekroloqla birgə
çap edilmişdi. Qəzetin arxa səhifəsində isə
diqqəti cəlb etməyən kiçik bir xəbər
vardı: "Mir Cəfər Bağırov haqda ölüm
hökmü icra edildi". Bəli, tarix Səməd
Vurğunun ölümü ilə hər şeyi yoluna qoyurdu,
xalqın böyük şairi baş məqalə, qəddar tiran isə barmaq boyda xəbərlə tarixə
vida edirdi. Lakin tarixin bu ironiyasını anlamayan
məhdud təfəkkürlü insanlar hələ də
yaşayır. Əslinə baxsan, elə
bolşevizm də budur, stalinizm də budur, maosizm də budur.
Bu cür məhdud düşüncəli insanlar sayəsində
stalinizm mövcud ola bilmişdi".
Şair özü yazırdı ki:
Çarxını
vurduqca dövranın əli,
Bəzən
ağlar olur, bəzən gülməli,
İnsanın
ən böyük eşqi, əməli
Bəzən
aslan kimi çırpınır darda,
Bəzən
də qərq olur fırtınalarda...
Tənqidlə bağlı başqa bir qabarıq problemi
nəzərə çaprdırmaq istədik, yeri gəlmişkən
deyək, bu problem ədəbiyyatşünaslıq və nəzəri
fikrə də güclü şəkildə nüfuz edib. Araşdırmalarda
problem və ya mətləblə bağlı digər tədqiqatçılara
yalnız sitat səviyyəsində müraciət.
Ədəbi tənqidin bədii mətnlərə
münasibətində başqa bir problem dəxli olmayan təfsirçilik
və şərhçilikdir. Bir qayda olaraq bizim ədəbi
prosesdə bu tipli yazılara "esse" yarlığı
yapışdırılır, halbuki esse dünya ədəbiyyatında
ən ciddi janrlardan biri hesab edilir. Müasir
dünyanın ən tanınmış fikir adamlarından,
poetik simalarından biri Adonisin fikrincə, "Bildiyim şeylər
haqqında düşünürəm, bildiyim şeylərdən
yazıram. İrs olaraq qəbul etdiyimiz
düşüncə və metod nəzəriyyəsinin mahiyyəti
məncə budur. Hər hansı ərəb
onun üçün özlüyündə aydın olamayan
şeylər haqqında deyil, əksinə aydın olan nəsnələr
haqqında düşünür. O, əvvəlcədən
yazılan şeylər haqqında düşünür. Ancaq biz artıq bildiyimiz şeylər haqqında
düşünəndə və yazanda, doğrudan-doğruya
düşünmürük və yazmırıq. " Bəli, məsələ
budur: əvvəlcədən məlum olan şeylərdən
danışmaq düşünməmək və
yazmamaqdır. Bu baxımdan Rahid Uluselin Vaqif
Bayatlı Odər haqqında qələmə
aldığı məqaləyə diqqət yetirək.
"Bayatlı Odər dünyadan yalnız özünəxas
bir poeziya ərsəyə gətirdiyi üçündür
ki, bu poeziyanın hər bir həssas insanda özünəxas
bir dünya yaratmaq potensialı da var. Əzəl dünya
şair dünyasında yenidən yaranıb, onu oxuyanın
dünyasında təzədən cücərdikdən sonra
özünə baxarkən, yəqin, düşünür və
öz sahmanına bir daha əl gəzdirir, - şairlə, onu
oxuyanlarla birgə... Vaqif, poeziyasında, poeziya
dilində, düşüncəsində sənə o qədər
doğmadır ki, sanki səninlə bir dam altında
böyüyüb, sənin yatdığın beşikdə
yürünüb, səninlə bir ananın döşündən
süd əmib." Belə. Alim deyir ki, şair özünəxas, orijinal bir
poeziya yaratdığı üçün bu poeziya hər bir
həssas insanda da bir ayrıca dünya yarada bilir. İlkin dünya buna tamaşa edib öz sahmanına əl
gəzdirir. Fikrimizcə, çox əcaib
fikirdir. Buna qalsaydı, Höte,
Hölderlin, Adonis, Çeslav Miloş... kimi şairlərin
inşa etdiyi dünya çoxdan qələbə
çalmışdı. Ədəbiyyatın
bu tipli lokal qələbələrlə heç bir əlaqəsi
yoxdu. Rahid Uluselin məqaləsində bizi
təmin etməyən, zahirən parlaq, xoşagələn təsiri
bağışlasa da, burada əslində prosesin ziyanına
olan, müasir tənqid prosesinin qüsurlarını səciyyələndirən
cəhətlər var. Adonisin fikrincə, "Poeziyada əvvəl
və son yoxdur. Poeziyada sərhəd yoxdur.
Buna görə də bizim vəzifəmiz onun
üfüqləri haqqında düşünməkdən ibarət
deyildir. Onu öyrənməli, yaxud əzbərləməli
deyilik, onunla bərabər getməliyik. Onu
sətirbəsətir oxumağa ehtiyac yoxdu, onu elə oxumaq
lazımdır ki, sanki açıq məkana tamaşa edirsən."
Başqa sözlə desək, Rahid müəllimin dediyi kimi,
poeziyanın məqsədində dünyaya paralellik yoxdur, ona
qarşı durma var, sualdan sual çıxarmaq, bunu sonsuza qədər
davam etdirmək var. Ən ümdəsi isə, bədii mətn,
xüsusən şeir mətni dünyanı izah etmir, şərh
vermir, onu tamamlayır, gerçəkliyə nüfuz edib onun
içində ona qarşı duran struktur yaradır.
Esse janrı. Yuxarıda qeyd elədik ki, bu janrdaqələmə
alınan yazıların böyük əksəriyyəti həsbi-haldan
o yana getmir. İstisnalar da
var. Hətta bir kitablıq. Rüstəm
Kamalın "Güzgü günü" esselər toplusu.
Bu topluda Rüstəmin Müşfiq, Əli Kərim, Mirzə
İbrahimov, Zəlimxan Yaqub, Yusif Vəzir, Mirzə Cəlil,
Vaqif Səmədoölu, Mir Möhsün Nəvvab, Kafka, Nizami
Cəfərov, Asəf Zeynallı, Məmməd Araz...
haqqında esseləri mükəmməl tənqid nümunələri
kimi də götürülə bilər. Müəllif
haqqında danışdığı insan (sənətkar) və
əşyanı bir-iki nöqtədən elə bil (və qəsdən-!)
tələsik görüntüləyib onların həyat və
yaradfıcılıqlarını elə bir məqama
bağlayır ki, həcmcə kiçik mətndə müəlliflə
forma, insanla taleyi arasındakı sirli münasibət və
bağlar mətnə çevrilir. Yəni
sənətkarın ömür, həyat, tale mətniylə
onun yaratdığı mətnlər arasında metafizik
bağ hardadır? Əli Kərim haqqında essesindən:
"...Vaxtilə E.Benvenistdə "Ümumi dilçilik"
oxumuşdum ki, ərəb dilində 3-cü şəxs əvəzliyi
"olmayan, yox olan" mənasında müəyyən edilir. "O" həm də artıq
ölümün adıdır. (L.Tolstoyun "İvan
İliçin ölümü" povestində
"ölüm, ağrı" sözləri, "Hərb və
sülh"də Andrey Balkonskinin yuxusunda "ölüm"
üçüncü şəxsdə verilir). Əli
Kərimin məkan mifologiyası üçün
"uzaq" ayrıca dəyərə, mənaya malikdir.
"Uzaq" - qürbətin, qəribliyin, qeyb
aləminin adıdır. Taleyin mistik
işarəsidir. Bir şeirində "Qəribsədim
uzaqlarda deyir". Bu kiçik esselər sənət
adamının tale, ömür süjetinin onun özcə mətnlərinin
içindən keçirməyin gözəl nümunələridir.
2017-ci ədəbi ilində müxtəlif qəzet,
jurnal və saytlarda təşkil edilən yeni kitabların
müzakirələri, rəngarəng layihələr də
diqqəti cəlb edir. AYB-nin orqanları - "Azərbaycan", "Ulduz"
jurnalları və "Ədəbiyyat qəzetində" yer
alan ədəbi-tənqidi yazılar,
xüsusilə müzakirə məqsədi ilə təqdim
edilən layihələr fikimizcə, ədəbi prosesin canlanması
üçün stimul yaradır. "Ədəbiyyat qəzeti"ndə
"Bir şeir, iki rakurs", "Hekayə diskurs kimi"
layihələri, vaxtaşırı olaraq dünya ədəbiyyatı
ilə oçerklərin və tənqidi yazıların, habelə,
hər il "Ədəbi ilin yekunları"nın
çapı, "Azərbaycan" və "Ulduz"
jurnallarında gənc müəlliflərlə əlaqədar
təhlil yazılarının verilməsi diqqətəlayiqdir.
Bu sıraya "sim-sim.az", "artkaspi" və
"kulis.az" ədəbiyyat portalalrının fəaliyyətini
də daxil edirik. "Sim-sim.az" portalında şair
Qismətlə dünya və Azərbaycan ədəbiyyatı,
habelə, filoloji fikrinin nümayəndələri haqqında
video söhbətlərin təşkili, "kulis"də
"Azərbaycan ədəbiyyatının dünəni",
"artkaspi" portalında təşkil edilən müsahibələr
və sair layihələr müasir dövrü, onun poetik təcrübəsini
tam anlamağa yardımçı olur. Facebook
sosial şəbəkəsində ayrı-ayrı tənqidçi
və ədəbiyyat adamlarının fəaliyyəti
fikrimizcə diqqətəlayiqdir. İndi
bunu deməyimiz sizə qəribə gələ bilər, ancaq
zamanın axışı lakonik, yığcam formaların
yaranmasına doğrudur və gec-tez burada çox müsbət
dəyişikliklərin meydana gəlməsinin şahidi
olacağıq. Nəyə görə?
Sosial şəbəkədə uzun-uzadı yazılarla
sözün yaxşı mənasında effekt yaratmaq
, diqqəti bu və ya digər ədəbi problemə
yönləndirmək mümkünsüzdür. Bu şəbəkənin bir üstün cəhəti
də onun ictimai fikirlə əlaqəli olması, ona təsir
və müdaxilə etmək niyyətli olmasındadır.
Bu sosial şəbəkədə hələ
ki, dedi-qodu və anormal yanaşmalar üstünlük təşkil
edir, çox zaman ədəbi həyatdakı açıq
qalmaqallar da buraya "copy-paste" üsulu ilə transfer
edilir. Ancaq perspektiv elədir ki, bu şəbəkə
hamıya açıqdır, normal və şəffaf
münasibətlər kontekstində tənqidin "fb. janrı" kağız, monoqrafiya, sicilləmə
məqalə janrını üstələyəcəkdir.
Sonda bəzi ümumiləşdirmələr aparmaq
qalır.
Beləliklə, 1) milli tənqiddə bədii əsərlərinin
ciddi araşdırılma ənənəsi itmək üzrədir. Səbəblərdən
biri: tənqid təfəkkürü
mutasiyaya uğrayıb, müstəqilliyini itirib, tənqid
bazarlıq meydanına çevrilib. Tənqidə
bu qədər ehtiyac olduğu bir zamanda onun belə deyək,
naxələfliyi dəhşətli proqnozlar doğurur.
Əvvəllər bir əsəri tənqid edən adam ikinci təsadüfdə onu tərifləməyə
ən azı utanardı, indi utanmaq nədir, bu işi bir
neçə dəfə, təkrar-təkrar (buna karusel
üsulu deyilir), usanmadan görən adamlar var. 2) Tənqid
forma və janr spesifikası etibarı ilə da
kasıblaşıb. Resenziya janrı əsərin
təsvirinə çevrilib. Hətta
kitab-resenziyalar var. Ədəbiyyatşünaslıq əsərlərinin
bir qismi bu gündədir. Tənqiddə publisistik ton ola bilər və vacibdir, ancaq
başdan-ayağa publisistləşməsi artıq qorxulu
tendensiyadır. 3) Tənqid münasibətdir, çox ciddi
münasibətdir, onun ilkin funksiyası əsərə valeh
olmamaqdır, onun ritmi və intonasiyasını nəqarata
çevirməməkdir. Ancaq bizim tənqiddə,
tutaq ki, poeziyadan yazanda "Roma Papasından daha artıq dindar
olmaq" tendensiyası özünü göstərir.
Nəhayət,
belə bir qüsurlu tendensiyanı da xatırladım: süni
texnarlığa qaçmaq. Bu konteklstdə Marsel Prustla əlaqəli
Lidiya Ginzburqun bir mülahizəsiylə fikrimi tamamlamaq istərdim:
"... Prust o novatorlar cərgəsinə aiddir
ki, onlar ayrı-ayrı elementləri icad etmək eşqinə
düşmürlər, əksinə elementləri başqa,
tam fərqli şəkildə "danışmağa" məcbur
edirlər".
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.9-10.